Super User
Vokalçılar festivalında “Azərbaycan operetta inciləri” təqdim olunub
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən İkinci Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı çərçivəsində “Azərbaycan operetta inciləri” adlı konsert proqramı təqdim olunub.
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında keçirilən tədbirdə teatrın orkestri, balet truppası, Əməkdar artistlər Şövqi Hüseynov, Nərgiz Kərimova, Səidə Şərifəliyeva və başqaları iştirak ediblər.
Tədbir tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
Bu gün Zəngilan rayonunun işğaldan azad edildiyi gündür
1993-cü il oktyabrın 29-da Zəngilan rayonu Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildi. 1988-ci ildən 1993-cü ilin noyabrınadək düşmənə baş əyməyən, yağı hücumlarına sinə gərən, yüzlərlə şəhid verən Zəngilan işğala məruz qalan ən sonuncu rayon oldu. Qonşu Qubadlı və Cəbrayılın işğalı nəticəsində mühasirəyə düşən rayon əhalisi çıxış yolunu Araz çayından İran ərazisinə keçməkdə gördü. Əks təqdirdə ikinci bir Xocalı hadisəsinin baş verməsi qaçılmaz olacaqdı.
XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası hicri tarixinin 15-ci ilində, yəni 636-cı ildə qoyulub. “Zəngilan şəhəri” dedikdə əslində Pircavan şəhəri nəzərdə tutulmalıdır. Çünki Zəngilan şəhərinin əsl adı Pircavan olmuşdur. Zəngilan isə həmin şəhərin və ətraf kəndlərin yerləşdiyi tarixi mahalın adı idi. Lakin sözün kökündə “Pir” sözü olduğu üçün, yaxud da tariximizi təhrif etmək məqsədi ilə rayоna 1930-cu ildə Zəngilan adı verilmişdir. Zəngilan rayonunda bir şəhər, 5 qəsəbə (Ağ oyuq, Mincivan, Bartaz, Ağbənd, Həkəri) və 79 kənd olmuşdur. Zəngilan şimaldan Qubadlı, şərqdən Cəbrayıl, cənubdan İran İslam Respublikası, qərbdən Ermənistan ilə həmsərhəddir. Zəngilan Birinci Qarabağ müharibəsində 188 şəhid verib, bu günədək rayonun 44 sakini itkin düşmüş sayılır. Bakı-Culfa-Naxçıvan dəmiryolunun üzərində yerləşən bu rayon mühüm strateji əhəmiyyətə malikdir. Ərazisi 707 kvadrat km, əhalisi isə 35 mindən çox olub. İşğal olunmazdan əvvəl Zəngilanda 9 məktəbəqədər müəssisə, 19 ibtidai məktəb, 15 orta məktəb, bir texniki peşə və musiqi məktəbi, 35 kitabxana, 8 mədəniyyət evi, 23 klub müəssisəsi və 22 kinoqurğu var idi. Bütün Avropada ən böyük çinar meşəsi də bu rayonda idi və ermənilər onu doğrayaraq xarici ölkələrə satmışlar. Digər qiymətli ağaclar, molibden, mərmər, qızıl, qranit və digər yeraltı sərvətlər də ermənilər tərəfindən talan edilmişdir.
Zəngilan meşə təsərrüfatının Topmeşə sahəsinin qoz, şərq çinarı və digər qiymətli ağacları ermənilər tərəfindən tamamilə qırılaraq işlik materialı kimi daşınıb. Ermənilər dəfələrlə Bartaz və Vejnəli sahələrində olan ardıc meşələrində güclü yanğınlar törədiblər, 2 hektara yaxın ərazidəki çoxillik qoz, çinar və şam ağaclarını məhv ediblər. Daş-başı və Leşkar meşələrində 55 hektar ərazini əhatə edən qoz meşəsinin 40-50 illik qoz ağacları, həmçinin Top və Şükürataz meşə sahəsində olan 350-400 illik yaşlı palıd ağacları da qırılıb daşınıb və ərazi yandırılıb.
Uzun müddət düşmən tapdağında qaldıqdan sonra 20 oktyabr 2020-ci ildə Zəngilan şəhəri və Havalı, Zərnəli, Məmmədbəyli, Həkəri, Şərifan, Muğanlı kəndləri Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Var olsun Müzəffər Ordumuz!
Parisdə azərbaycanlı gənc fotoqrafın fotoları sərgilənib
Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində azərbaycanlı fotoqraf Maya Bağırovanın fotolarından ibarət sərgi açılıb.
AzərTAC xəbər verir ki, “Bakı otelləri” sərgisi “Prix Villegiature 2020-2021” - ən yaxşı otel, otel dizaynı və memarlığı, spa, xidmət kimi nominasiyalar üzrə mükafatlandırma tədbiri çərçivəsində təşkil edilib. Sərgidə gənc fotoqrafın çəkdiyi Bakıdakı otellərin fotoları nümayiş olunub. “Absheron”, “Four Seasons”, “Fairmont “ kimi tanınmiş otellərin fotoları tədbir iştirakçılarının diqqətini cəlb edib.
Qeyd edək ki, “Prix Villegiature 2020-2021” tədbirində bir çox ölkələrin səfirləri ilə bərabər, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, dünyanın müxtəlif ölkələrindən otel rəhbərləri, məşhur dizayner şirkətlərinin nümayəndələri iştirak ediblər. Otel sektorunun nümayəndələri otellərimizlə maraqlanıblar. Onlara Azərbaycan tarixi, otelçiliyi haqqında ətraflı məlumat verilib.
Xatırladaq ki, “Prix Villegiature 2020-2021” münsiflər heyəti “Fairmont Baku” otelini 5 otel arasında Avropada ən yaxşı daxili dizayn və arxitektura nominasiyası üzrə mükafatlandırıb. 2014-cü və 2017-ci illərdə “Four Seasons Baku” və Qəbələdəki “Chenot Palace Health Wellness Hotel”i otellər arasında Avropada ən yaxşı spa, kurort və otel nominasiyaları üzrə qalib olublar.
Dünya memarlıq inciləri: İspaniyadakı Saqrada familiya qəsri
Dünyada elə memarlıq inciləri var ki, qızıl fondu təşkil edirlər. İllər keçir, amma bu möhtəşəmliyi yeni tikililər, ultramüasir, modern dizaynlar kölgədə qoya bilmir.
“Ədəbiyyat və incəsənət” portalı Boredranda.com saytına istinadən dünyanın ən çox təqdir edilən arxitektura incilərini təqdim edir.
Növbəti fotodaİspaniyaya keçid alacağıq. Foto katalonların tarixi vətəni Barselonaya aiddir.
Ağlasığmaz gözəlliyə malik Saqrada familiya qəsrinin interyeri.
Hüseynqulu Sarabski: “1908-ci ildə “Leyli və Məcnun”un premyerasını pozmaq istəyirdilər” – Əyyub Qiyasın təqdimatında
“Azərbaycan aktyorlarının həyatlarından maraqlı anlar “ layihəsində Əyyub Qiyas bu dəfə aktyor Hüseynqulu Sarabskini (1879-1945) təqdim edir.
Ustalıq edir, su satır, dəmirçi, daşyonan işləyirdim, arabir kefim yaxşı olanda səsimi başıma alıb özüm üçün oxuyurdum. Sən demə, Üzeyir bəy Hacıbəyli mənə göz qoyurmuş. Bir gün “Nicat” cəmiyyətinə getdiyim yerdə yolda rastlaşdıq. Məni görəndə üzü güldü. Dedi:
– O gün teatrda idim, nə gözəl “Hicaz” oxuyurdun. Çox bəyəndim. Mən bir “Leyli və Məcnun” operası yazıram.
– Oynaram, – dedim, – Sən piş şey yazmazsan.
O vaxtlar Üzeyir bəy “İslamiyyə” mehmanxanasında qalırdı, ünvanını verib söylədi:
– İki gündən sonra gələrsən, bir görüşərik.
Dediyi vaxt getdim, görüşdük, məşqə başladıq. 1908-ci ildə “Leyli və Məcnun” operasını səhnəyə qoyanda məni Məcnun oynamağa dəvət etdi. Bu hadisə bütün həyatımı dəyişdi. Amma tamaşanın baş tutmaması üçün çalışanlar da çox idi. Orkestrə dirijorluq edəcək adam son anda gəlməkdən imtina etdi. Orkestrin özü pərən-pərən idi. Biletlər satılmışdı, tamaşaya az qalmışdı. Üzeyir bəy çaş-baş qalmışdı. Tamaşaya 2-3 saat qalmış Üzeyir bəy tamaşanı tar üçün nota yazdı. Dirijor məsələsinə gələndə:
– Əbdürrəhim bəy, hazırlaş, tamaşaya dirijorluğu sən edəcəksən, – deyib, üzünü Əbdürrəhim bəy Haqverdiyevə tutdu.
Əbdürrəhim bəy çaşıb qaldı.
– Üzeyir bəy, mən necə dirijorluq edə bilərəm? – yazıçı etiraz etmək istəyirdi, amma Üzeyir bəy onu inandıra bildi.
– Şuşada hər kəs musiqidən baş çıxarır, sən də şuşalısan, üstəlik, musiqi savadın da var, notu bilirsən, sadəcə, orkestrə kömək elə, qalanın mən edərəm, – Üzeyir bəy, qətiyyətlə fikrini tamamladı.
Möhtəşəm tamaşa oldu.
Azərbaycan poeziyası məşhur Rusiya ədəbiyyat portalında
Rusiyanın məşhur “45parallel.net” elektron ədəbiyyat portalı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” (ADTM) layihəsi çərçivəsində Azərbaycanın tanınmış şairləri – Xalq şairi Məmməd Arazın rus dilinə tərcümə olunmuş “İlhamım”, “Od kimi, su kimi” və Əliağa Kürçaylının rus dilinə tərcümədə “Etiraf”, “Elə bil dəniz də insandır”, “Yoluma işıq çıxdı” şeirlərinin və şairlərin yaradıcılığı haqqında məlumatın yayımına başlayıb.
Dövlət Tərcümə Mərkəzindən AzərTAC-a bildirilib ki, portal, həmçinin səhifədə gənc, istedadlı Azərbaycan şairi Leyla Əliyevanın “Unuda bilmirəm gözlərini mən...”, “Bədənə hopmuş arzu”, “Gecə, Günəş səni tərk edəndə...” şeirlərinə və şairin yaradıcılığı haqqında məlumata geniş yer ayırıb.
Qeyd edək ki, daim yenilənən portal, mütəmadi olaraq səhifələrində İohann Höte, Vladimir Nabokov, Boris Pasternak, Osip Mandelştam kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.
Akademik Milli Dram Teatrı uzun fasilədən sonra pərdələrini açdı - mədəniyyət naziri açılışda iştirak etdi
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı pandemiyanın doğurduğu ilyarımlıq fasilədən sonra pərdələrini teatrsevərlərə açdı.
Kollektiv yeni mövsümə ənənəvi olaraq “Qarabağnamə” tamaşasını təqdim etdi. Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında səhnələşdirilən tamaşaya bu dəfə teatrsevərlər Qarabağda tarixi Zəfərdən sonra bir başqa ovqatla gəlmişdilər.
Mədəniyyət Nazirliyinin rəsmi saytı xəbər verir ki, tamaşanın nümayişindən əvvəl teatrın direktor müavini Hacıbaba Məmmədov qonaqları salamlayaraq 149-cu mövsümdə yenidən tamaşaçıları bir-birindən maraqlı səhnə əsərləri ilə sevindirəcəklərini bildirdi. O, “tamaşaçılar teatr üçün necə darıxmışdısa, teatr da tamaşaçı üçün eyni dərəcədə darıxmışdı” deyərək qonaqlara xoş seyrlər arzuladı.
Səhnəyə dəvət olunan mədəniyyət naziri Anar Kərimov yeni mövsümün başlanması münasibətilə teatrın kollektivini və tamaşaçıları təbrik etdi. Teatrın cəmiyyətin inkişafında müstəsna əhəmiyyət kəsb etdiyini söyləyən nazir dedi: “Teatr çox güclü sənətdir, təsirli bir alətdir. Bu sənət yaşayan bir irs olaraq cəmiyyətimiz üçün çox önəmli incəsənət növüdür. Azərbaycan teatrının çox zəngin tarixi və ənənələri var. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı da bu proseslərdə bir avanqard rolunu oynayır”.
Dövlətin teatrlara göstərdiyi diqqət və qayğıdan danışan nazir bildirdi ki, bu istiqamətdə bir sıra əhəmiyyətli addımlar atılıb, teatrların maddi-texniki bazası gücləndirilib, dövlət proqramları həyata keçirilib.
Nazir qeyd etdi ki, tamaşanın Qarabağda tarixi Zəfərdən sonra nümayişi xüsusi əhəmiyyət kəsb edir. “Bu tamaşa Azərbaycan xalqının tarixi və bu günü ilə bağlıdır. Artıq torpaqlarımız azad olundu, Qarabağımız qayıtdı, şanlı Ordumuz Zəfər çaldı. Çox istərdik ki, Azərbaycanda formalaşan qələbə ruhu, qürur bizim teatrların ərsəyə gətirdiyi tamaşalarda öz əksini tapsın”, – deyə Anar Kərimov vurğuladı.
Daha sonra səhnə əsəri nümayiş olundu. Tamaşa XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. Xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.
Tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur. Rolları Xalq artistləri Kazım Abdullayev, Firəngiz Mütəllimova, Rafiq Əzimov, Hacı İsmayılov, Ramiz Məlik, Əli Nurzadə, Əməkdar artistlər Məsmə Ağaverdiyeva, Kazım Həsənquliyev, Elxan Quliyev, Elşən Cəbrayılov, Rəşad Bəxtiyarov, Elnar Qarayev aktyorlar İlyas Əhmədov, Elnur Qədirov, Ramin Şıxəliyev, Ləman İmanova, Rada Nəsibova, Cavidan Novruz, Firuzə Balayeva və Fəridə Şahbazova ifa edir.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində “Ölülər” tamaşası nümayiş olunub
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanmış eyniadlı ikihissəli tamaşa nümayiş olunub.
Tamaşa Xalq artisti Nurəddin Mehdixanlının 65 illiyinə həsr edilib.
Mədəniyyət Nazirliyinin məlumatına görə, səhnə əsərinin nümayişindən əvvəl Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri maddi mədəni irs şöbəsinin müdiri Fərəh Acalova mədəniyyət naziri Anar Kərimovun, Akademik Milli Dram Teatrının direktor müavini Hacıbaba Məmmədov teatrın bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovun Nurəddin Mehdixanlıya ünvanladığı təbrik məktubunu oxuyub.
Qeyd olunub ki, Nurəddin Mehdixanlı yaratdığı obrazlarla tamaşaçı qəlbini fəth edib. O, Akademik Dram Teatrın səhnəsində bir-birindən maraqlı obrazlar qalereyası yaradıb. Nurəddin Mehdixanlının sənəti dövlət tərəfindən hər zaman yüksək qiymətləndirilib və o, bir sıra mükafatlarla təltif edilib.
Nümayişdən sonra Nurəddin Mehdixanlı diqqət üçün Mədəniyyət Nazirliyinin və Akademik Milli Dram Teatrının rəhbərliyinə təşəkkür edib.
Xalq artisti Azər Paşa Nemətovun quruluşçu rejissoru olduğu tamaşada görkəmli bəstəkar, Xalq artisti Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim edilib.
Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin elmi məsləhətçisi akademik İsa Həbibbəylidir.
“Ölülər”in Şeyx Nəsrullahı Xalq artisti Nurəddin Mehdixanlı, Kefli İsgəndəri isə Əməkdar artist Anar Heybətov olub.
Tamaşada digər rolları xalq artistləri Laləzar Mustafayeva, Rafiq Əzimov, Hacı İsmayılov, Kazım Abdullayev, Sabir Məmmədov, Əli Nur, əməkdar artistlər Aslan Şirin, Elşən Rüstəmov, Elxan Quliyev, Məzahir Cəlilov, Kazım Həsənquliyev, Mirzə Ağabəyli, aktyorlar Elçin Əfəndi, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Canəli Canəliyev, Elnur Qədirov, Rüstəm Rüstəmov, Mətləb Abdullayev, Xədicə Novruzlu, Ləman İmanova, Rada Nəsibova və Firuzə Balayeva məharətlə canlandırırlar.
Əsərdəki mənəvi əsarət, fanatizm və cəhalət böyük cəsarətlə aktyorların ifasında özünəməxsus çalarlarla açılır. Belə ki, yaradıcı heyət Cəlil Məmmədquluzadə düşüncələrini yüksək məharətlə ifa edərək XX əsrin əvvəllərində Azərbaycanda baş verən prosesləri, mövhumat və cahilliyin poetik və dramatik lövhələrini dolğun ifadə edə biliblər.
“Squid oyunu” “Netflix"ə 900 milyon dollar gəlir gətirəcək
Hər bölümünə ayrılıqda təxminən 2.4 milyon vəsait ayrılan Cənubi Koreya serialı “Squid oyunu”nun ümumi istehsalı 21.4 milyon dollara başa gəlib.
Xarici KİV-lər xəbər verir ki, dünyada 117 milyondan çox izləyici qazanan serialın “Netflix”ə 900 milyon dollar gəlir gətirəcəyi gözlənilir.
“Netflix”in 17 sentyabrda təqdimatına başladığı “Squid oyunu” serialı qısa müddətdə platformanın ən populyar yayımlarından biri olub.
Cənubi koreyalı rejissor və ssenarist Hvang Dong-hyukun çəkdiyi ekran əsəri bir dram serialıdır. Filmin konsepsiyasına görə, ailəsindən ayrılmış, borclu bir sürücü olan Seung Gi-hun böyük pul mükafatı qazanmaq üçün bir sıra uşaq oyunları oynamağa dəvət olunur. Təklifi qəbul edərək naməlum bir yerə aparılır və bir-birinə oxşar böyük borcları olan 455 digər oyunçu arasında özünü tapır. Oyunçular qırmızı kombinezonlu maskalı mühafizəçilər tərəfindən hər zaman nəzarət altında saxlanılır. Oyunçular tezliklə bu oyunlarda məğlubiyyətin ölümlə nəticələndiyini kəşf edirlər.
Varlıları ağladan Veronika Kastronun günü
19 oktyabra təsadüf edən əlamətdar hadisələri qeyd edirik:
19 oktyabr. “Öz həyatınınzı qiymətləndirin” günü
Hər kəs bir cür yaşayır, amma öz həyatımıza qiymət verərkən sankı pessimist və optimist olaraq iki yerə bölünməyimiz öz sözünü deyir. Hətta əla yaşayan pessimist belə narazılıq edir, pis gündə yaşayan optimist isə əla yaşadığını dilə gətirir. Bu da insanların öz həyatlarına obyektiv qiymət verməsini əngəlləyir.
Realda insanlar arzuladıqları kimi ömür sürə bilmirlər amma. Xüsusən onları məişət problemlərinin girdabına atan hakimiyyətlər ağ günlərini qara etməklə bir dəfə yaşanan həyatdan doyunca zövq almalarına imkan vermirlər. Yadıma bir rus lətifəsi düşdü:
Bir dəfə Mənzil İstismar Kontorunun əməkdaşı gəlib bir mənzilin qapısını döyür, soruşur, Sidorov burda yaşayır? Qapını açan deyir, yox. Ertəsi gün həmin əhvalat yenidən təkrarlanır, qapını açan kəs Sidorovun bu mənzildə yaşamadığını bildirir. Üçüncü dəfədə əməkdaş dəqiqləşdirmə aparıb fotoşəkillərinə də baxdıqdan sonra tam əminliklə həmin mənzilə gəlib yenidən qapını döyür. Növbəti “Sidorov bu mənzildə yaşayır” sualına qapını açan “yox” cavabı verəndə əməkdaş onun üstünə bozarır;
-Vətəndaş, siz niyə yalan danışırsız? Siz Sidorov deyisiz ki?
Deyir, Sidorovam.
-Bəs niyə soruşanda ki, Sidorov bu mənzildə yaşayır, deyirsiniz yox?
-Məgər bu yaşamaqdır?
19 oktyabr. Napoleonun qara günü
Bu gün farmasept və aptek işçiləri günüdür. Allah bizimkilərə insaf versin. Böyük Britaniyada elm bayramıdır, Oksfordşir günüdür, Oksford universitetinin yaradıcısı Müqəddəs Fridesvidin doğum günü şərəfinə bir gündür. Bədxah qonşularımız bu dəfə də raket-artilleriya qoşunları gününü qeyd edirlər. Ayə, qoymayın, üstümə İrasim gəlir. O ki qaldı ABŞ-a, onlarda bu gün Milli dəniz məhsulları ilə hazırlanan biskvit günüdür. Nuşi can.
1947-ci ilin bu günündə Ukrayna xalqı ağır bir gün keçirib, “satqın benderlər” adı altında 150 min ukraynalı Sibirə sürgün edilib. 1943-cü ildə Albert Şvarts streptomisin adlı məşhur antibiotiki kəşf edib. Fransız sərkərdəsi Napoleon Bonapart üçün 19 oktyabr xüsusən ağır gün olub. 1812-ci ilin bu günündə onun ordusu əlində saxladığı Moskvanı tərk etməli olub, 1813-cü ilin bu günündə isə onun ordusu Leypsiq altında “xalqlar döyüşü”nü uduzub.
19 oktyabr. Veronika Kastro günü
Veronika Kastro kimdir? Meksika aktrisası, müğınniisi, teleaparıcısı. Dünyanın bir çox yerlərində, o cümlədən Azərbaycanda evdar qadınların və əlbəttə ki, kmişilərinin sevimlisi. Bəli, söhbət uzun illər teleekranları zəbt etmiş “Varlılar da ağlayır” teleserialının baş rolunu – Marianna rolunu ifa edən şəxsdən gedir.
1952-ci ildə Meksikanın paytaxtı Mexiko şəhərində anadan olan Veronika ilk dəfə 16 yaşında "Caballero" jurnalında çılpaq göründü. Amma sonradan daha sivil parıldama yolunu seçdi. Marianna rolunu oynadığı “Varlılar da ağlayır” teleserialından sonra onun ulduzu parladı. Şöhrəti bütün Latın Amerikasına, İspaniyaya, Fransaya yayıldı. On il sonra isə daha bir serialla – bir zamanlar “Varlılar da ağlayır” teleserialı qədər sevib baxılan “Yabanı qızıl gül” serialı ilə şöhrətlənən Veronika artıq keçmiş SSRİ-də də bütün kişilərin sevimlisinə çevrildi. Kastro 1992-ci ildə Rusiyaya gələndə isə onu burada təntənə ilə qarşıladılar. On minlərlə pərəstişkarı başına toplaşmışdı.
Aktrisanın bir oğlu olmasına baxmayaraq, o, heç vaxt ərə getməyib, hələ də subaydır. Marianna rolundan götürdüyü dividentləri isə hələ də xərcləyir. Onun böyük biznesi var.
Varisin “11-20 oktyabrın təqvimi” yazısından