Super User
Elçin: “Doğrusunu deyim ki, dünya bu gün qorxulu görünür”
Xalq yazıçısı Elçinin BakuPost.az saytına müsahibəsini “Daycest” bölümündə oxucularımıza təqdim edirik. Müsahibəni Günel Musa götürüb.
"O vaxtlar məndən anonim məktublar yazırdılar"
- Söhbətimizə yaradıcılığınızdakı yeniliklə başlamaq istəyirəm. Bu yaxınlarda Rus Dram Teatrında "Stalin" pyesiniz səhnələşdirilib. Niyə Stalin? Nə üçün illər sonra yenidən Sovet rejimi mövzusuna müraciət etmək gərəyi hiss etdiniz?
- Mənim ömrümün çox hissəsi Sovet İttifaqında keçib və mən bu mövzuya ancaq üzdən baxmaq yox, bir az dərinə getmək istəyirəm: Bu necə ölkə idi? Lenin, Stalin, Trotski, Zinovyev, Dzerjinski, Kamenev, Buxarin, Molotov, Yaqoda, Yejov, Malenkov, Beriya, Jukov, Xuruşşov, Brejnev, Qorbaçov və başqaları - Sovet İttifaqını quran, onu nəhəng bir imperiyaya çevirən, sonra da şərəfsiz bir süquta aparan bu adamlar kim idi? Onlarla tanış olduqca qəhrəmanlıq və satqınlıq da görürsən, inqilabi fanatizm və karyerizm də, mədəniyyət və mədəniyyətə qənim kəsilmək də, əqidə və riya, əqidə uğrunda yox, hakimiyyət uğrunda ölüm-dirim mübarizəsini də, bir sözlə, xislətin hansı təzadlarına desən, rast gəlirsən. Sovet İttifaqı bir tərəfdən qururdu, yaradırdı, o biri tərəfdən, güllələyirdi, insanın azadlığını əlindən alırdı, qapalı bir cəmiyyətin sərhədlərini cidd-cəhdlə qoruyurdu. Bir sözlə, Sovet İttifaqı paradokslar imperiyası idi. Düzdür, rus dili hakim dilə çevrilmişdi, "böyük qardaş" siyasəti aparılırdı, ancaq Sovet İttifaqı rus imperiyası olmaqdan daha artıq dərəcədə, Sistem imperiyası idi, xalqlar rusun müstəmləkəsi yox, rusların özləriylə də bərabər, sistemin müstəmləkəsi idi. Stalinə gəldikdə isə, o, dərin dərrakəli və bacarıqlı nəhəng bir tarixi sima idi. İndi dahi sözünü yeri düşdü-düşmədi işlədirlər, Stalin isə həqiqətən dahi idi, ancaq qəddar, rəhmsiz, hətta cəllad dahi idi. Stalin, ətrafı və dövrü haqqında Əsəd bəyin (Qurban Səid), əsl soyadı Bronşteyn olan Lev Trotskinin "Stalin"lərindən üzü bu tərəfə, bəlkə də yüzdən çox kitab oxumuşam. Mən bu fikirdəyəm ki, Stalin bəşəri tarixin ən qüdrətli, ağıllı, bacarıqlı və qorxunc diktatoru olub. Onun Şou, Romen Rolan, Uells kimi Qərb intellektuallarıyla söhbətlərinin stenoqramını oxuyanda, adam mat qalır ki, universitet görməyən, əməlli-başlı orta təhsili də olmayan, həyatın dibindən çıxan bu adam nə qədər savadlı və məlumatlıdır.
- Sovet dövrü sadə vətəndaşların bir çoxu üçün ideal rejim hesab olunurdu. Çünki onlar ziyalı təbəqə kimi o rejimin arxa planındakı çirkinlikləri görmürdü. O dövrün pis tərəflərini bilirik. Bəs sizə görə Sovet hakimiyyətinin yaxşı tərəfi nə idi?
- Sovetin aldığı aydındır və faciəlidir: güllələmə, Sibir, azdırılmış istedadlar. Ancaq verdiyi də mühümdür: yeni janrların yaranması və formalaşması, Azərbaycan ədəbi-bədii dilinin sürətlə inkişaf etməsi, bədii və ictimai fikirdə milli mənliyin güclənməsi. Bütün bunlar həmin dövrün böyük, taleyüklü hadisələridir. Hətta XX əsrin əvvəllərində belə "Leyli və Məcnun" kimi sırf milli bir operanın türk dilində yox, Azərbaycan dilində yox, "müsəlman dilində" olduğu deyilirdi. Yaxud siz XX əsrin elə 40-50-ci illərdəki ədəbi dilimizi "Füyuzat"ı demirəm, hətta "Molla Nəsrəddin"in belə dili ilə müqayisə edin, nə qədər inkişaf var.
- Sizinlə bağlı tez-tez səslənən bir fikir var: Elçin Azərbaycanda teatrları monopoliyaya götürüb. Niyə sizin haqqınızda bu düşüncə formalaşıb?
- Teatr satılıb-alınan bir şey deyil ki, monopoliya yaransın. Teatra yad və teatrdan bixəbər olanda, bəlkə bir az kobud deyirəm, teatra kartof-pomidor meyarları ilə yanaşanda bu cür dedi-qodu yaranır. Mən bir-iki dəfə bu barədə demişəm, daha uzatmaq istəmirəm. O başqa məsələ ki, ümumilikdə götürəndə, bir janr kimi bizim dramaturgiyada durğunluq var. Əli Əmirov, Firuz Mustafa, Elçin Hüseynbəyli... daha kim? Olsun ki, daha iki-üç ad da çəkmək olar, bəsdir? Əlbəttə, yox. Ancaq elə bilirəm ki, bu, müvəqqəti bir durğunluqdur. Mən "YUĞ"da Mehriban Ələkbərzadənin çox maraqlı quruluşunda İlqar Fəhminin Nəsimi haqqında yazdığı pyesin tamaşasına baxdım. İstedadlı, maraqlı əsərdir, istedadla da tamaşaya qoyulub, xoşuma gəldi. Bir qeydim də var idi, İlqarın özünə dedim. Bir müddət əvvəl Mirmehdinin hekayələrini oxumuşdum. İstedadlı qələmi var. Bu cavan yazıçıda aşkar dramaturji potensial hiss etdim. Ancaq bu, əlbəttə, mənim hissiyatımdan asılı bir şey deyil. Gərək onun özündə dramaturgiyaya təbii bir istək, daxili bir ehtiyac yaransın. Bunsuz "zorən təbiblik" olar. Cavan bir qız var, Ülviyyə Heydərova. Əlyazmasında pyesini vermişdi, oxudum. İstedadlı qızdır. Və yəqin, belə gənclər az deyil. Hər halda, ümid edirəm ki, belədir. Mən bir dəfə demişdim, ədəbiyyat okean kimidir, çəkilməsi və qabarması var. Ədəbiyyatda da belədir, durğun və coşqun dövrlər bir-birini əvəz edir. Mən inanmıram elə bir teatr olsun ki, gənc, ya yaşlı bir müəllifin istedadlı pyesini geri qaytarsın. Əgər elə bir teatr varsa, ora heç pyes vermək də lazım deyil.
- Siyasət və ədəbiyyat bir-birinə bənzədiyi üçün təmsilçilik paradoksları ilə həmişə mübarizə aparmaq məcburiyyətindədir. Ədəbiyyatın siyasi sərhədləri varmı?
- Ədəbiyyatla siyasət həmişə bir yerdə olub. Yalnız bu mənada yox ki, ədəbiyyatın yaratdığı bir çox qəhrəmanlar var ki, Markesin patriarxı kimi siyasət adamlarıdır. Eyni zamanda, tarix boyu bir çox yazıçılar olub ki, əsərləri bilavasitə öz siyasi düşüncələrinin, istəklərinin, arzularının ifadəsi olub, yəni siyasi mövqelərini ifadə ediblər. Mən hələ Qazi Bürhanəddindən, Osmanlı sultanlarından, Baburdan, Xətaidən tutmuş, bir çox Şərq şahlarını, sultanlarını, vəzir-vəkillərini demirəm. Avropada da klassiklərdən müasir dövrümüzə qədər bir çox yazıçılar var ki, həm də tanınmış siyasi-ictimai xadim olublar. İndi yadıma düşür ki, 60-cı illərdə Andre Malro həvəslə oxuduğum və izlədiyim fransız yazıçılarının sırasındaydı, uzun illərdə De Qoll hökumətində mədəniyyət naziri işləmişdi. Əlbəttə, daha çox yazıçılar var ki, heç bir vəzifədə işləməyiblər, siyasətlə də araları olmayıb.
Ədəbiyyatda yazıçının yerini onun siyasi mövqeyi, harda işləyib-işləmədiyi, necə adam olduğu, xəsisliyi, ya əliaçıqlığı, alicənablığı, ya xudbinliyi, neçə dəfə evlənib-boşandığı və ilaxır yox, əsərlərinin səviyyəsi müəyyən edir. Klassik nümunələr: kommunist Şoloxov və faşizmə rəğbət bəsləyən Hamsun. İkisi də XX əsr dünya ədəbiyyatının böyük nümayəndələridir.
- Belə çıxır ki, siyasət ədəbiyyatdan istifadə edir?
- Əlbəttə, istifadə edir. Uzağa getməyək, elə Sovet İttifaqında ideoloji siyasət ədəbiyyatı özünün təbliğat vasitəsinə çevirmək istəyirdi və bir çox hallarda buna nail də olurdu. Sistem siyasəti ilə birlikdə iflasa uğradıqda isə həmin təbliğat məmulatını da özü ilə aparır. Konyunktura həmişə ədəbiyyatla yanaşı addımlayıb. Bizim Sovet dövrü ədəbiyyatımız da bunsuz deyildi. Bəzən də o ideoloji siyasət istedadı şikəst edib. Bax, bu, faciədir. Sovet İttifaqında, o cümlədən, elə bizim öz ədəbiyyatımızda belə bədii faciələr az olmayıb.
- Ədəbiyyatda erotizm mövzusu da həmişə aktual və müzakirəyə açıq mövzulardandır. Ədəbiyyatda erotizm mövzusunu necə işləmək lazımdır ki, bayağı görünməsin?
- Erot, Kupidon, Amur, nə bilim, Eros, kim necə adlandırır adlandırsın, geniş mənada ədəbiyyatın yarandığı dövrdən etibarən onun əsas mövzularından biridir. Elə ancaq Apuleyi xatırlasaq, kifayətdir. Sadəcə, əvvəllər də bunu demişəm, erotika erotika naminə qələmə alınarsa, bayağı və vulqarcasına yazılırsa, bunun ədəbiyyata dəxli yoxdur. Erotika, yazdığın əsərin bədii məntiqindən doğmalıdır. O yerdəki, əsərin bədii məntiqi bunu tələb edir, əlbəttə, yazmalısan. Erotikanı əsərə yamaq kimi yamamaq olmaz. Emil Zolyada naturalist təsvirlər çoxdur, ancaq onlar dediyim həmin bədii məntiqdən doğur. Elə rus ədəbiyyatını götürək, Mixail Şoloxovun təsvir etdiyi erotika bədiiyyatın yaratdığı erotikadır, Eduard Limonovun, ya da Nataliya Medvedevanın təsvir etdiyi erotika isə, mənim fikrimcə, antibədii erotikadır. Erotika həssas mövzudur, onu gərək qatı yağlı boyalarla yox, akvarellə işləyəsən.
- Bilirəm ki, "məmur" sözündən xoşunuz gəlmir. 25 il Baş nazirin müavini vəzifəsində olmusunuz. Məmur sözünə qarşı antipatiyanızın xüsusi bir səbəbi var?
- Elədir, xoşum gəlmir. "Məmur" deyəndə mənim gözümün qabağına Qoqolun, ya Çexovun məmurları gəlir. Ancaq bu o demək deyil ki, bütün məmurlar o cür tiplərdən ibarətdir. Şərəflə işləyən və şərəflə də vəzifədən ayrılan məmurlar da az deyil.
- Vəzifə, şöhrət sizə nə vaxtsa istəmədiyiniz şeyləri etdiribmi?
- Yox. Mən özümlə bağlı elə bir şərait yaratmamışam ki, istəmədiyim nəsə olsun.
- Vəzifədə olanda ən çox nədən qorxmusunuz?
- Heç nədən. Sadəcə, tutduğum vəzifələrdə həmişə səlahiyyətlərim daxilində işimi yerinə yetirməyə çalışmışam. Məsuliyyəti də həmişə hiss etmişəm, eyni zamanda da tələb etmişəm.
- "Özümü niyə bu şeydən məhrum etdim" dediyiniz anlarınız oldumu?
- Hansısa xırda məsələlər yəqin ki, olub. Yəni misal üçün, filankəsə gərək o cür bozarmayaydım, ya filankəsin xahişini gərək yerə salmayaydım, filankəsin, deyəsən, ürəyinə dəydim və s. Bu cür anlar olub, ancaq qlobal mənada yox.
- Yazıçı üçün zaman nə deməkdir?
- Yazıçı üçün vaxt ən mühüm anlayışlardan biri, bəlkə də birincisidir. Hər halda mənim üçün həmişə vaxt çatışmazlığı olub. O biri tərəfdən isə, məndə elə bir təəssürat var ki, vaxtın sürəti əvvəlki dövrlərə nisbətən çox artıb. Səhərin açılması ilə axşamın düşməsi bir olur. Bəlkə mənə belə gəlir? Ola bilər.
- Deyirlər, insanın yaşı artdıqca darıxma hissi də böyüyür. Ən çox nə üçün, kim üçün darıxırsınız?
- Günel, gəl belə edək: bu suala mən yaşlanandan sonra cavab verərəm (Gülür).
- Yaşlanmaqla bağlı kompleksiniz var?
- Məndə heç bir kompleks yoxdur. Yaş yaş üstünə gələndə sağlamlıq nöqteyi-nəzərindən bir az dəyişiklik olur orqanizmdə. Bu da təbii bir şeydir. Mən daxilimdə heç vaxt öz yaşımla barışmamışam və barışmaq fikrim də yoxdur (gülür). O xatirələr ki, məndə var, onların aurası yenə də mənim içimdədir.
- Əkrəm Əylisli bu yaxınlarda müsahibə verib. Deyib ki, bizi Elçin və Anarla zaman ayırdı. Bir də bir ifadəsi məni çox təsirləndirdi. Deyir ki, uzun illər Anar və Elçinlə çox şeyə gülmüşdük. Amma heyif ki, sonralar heç nəyə birlikdə ağlaya bilmədik.
- Günel, mən bir müddət əvvəl bu barədə sözümü demişəm, yenə də o fikirdəyəm. Gəl, bu söhbəti təzələməyək. Oldu?
- Əkrəm Əylislinin söylədiyi bir fikrə də münasibətinizi alım, sonra bağlayaq bu mövzunu. Əkrəm Əylisli deyir ki, Anar da, Elçin də, mən də, heç birimiz arzuladığımız kimi böyük yazıçı ola bilmədik. Bu sözdə həqiqət payı varmı?
- Dünya çapında məşhur olmaq üçün sən gərək dünya ədəbi prosesinə daxil ola biləsən. Dünya ədəbi prosesinə daxil olmaqdan ötrü isə gərək sənin əsərlərin yüksək səviyyədə orijinaldan tərcümə olunsun. Mənim xaricdə 45-50, bəlkə də çox kitabım çıxıb, amma onlardan 3-4-ü orijinaldan tərcümə olunub. Dörd romanımdan yalnız biri, "Baş" romanı bəzi dillərə orijinaldan tərcümə olunub, qalan dillərə isə rus dilindən. Eləcə də "Mahmud və Məryəm", "Ağ dəvə", "Ölüm hökmü", hekayələr, povestlər, pyeslər türkcədən savayı, başqa dillərə orijinaldan yox, rus dilinə tərcümədən tərcümə olunub. Bu, ciddi problemdir. Azərbaycan dili bir çox tarixi səbəblərə görə dünya səviyyəsində özünü hələ göstərməyib. Bizim Mirzə Cəlil, Axundov kimi yazıçılarımızı Avropada mütəxəssislərdən başqa tanıyan yoxdur. Halbuki Axundovun "Dərviş Məstəli Şah" pyesi dünya səviyyəli bir pyesdir. O ki qaldı arzuladığım əsərlər məsələsinə, mən nəyi istəmişəm, onu da yazmışam. Amma ədəbiyyatdır da, yazdıqca yeni istəklər yaranır, bütün istəkləri yazmağı çatdırmırsan. Bu, mümkün deyil. Bu mənada Əkrəmin dediyində hardasa həqiqət də var. Amma eyni zamanda bu fikri təkzib edən səbəblər də çıxır ortaya.
- Dünyada bir neçə böyük yazıçı Nobel mükafatından imtina edib. Maraqlıdır, sizə bu mükafat verilsə alarsınız, yoxsa imtina edərsiniz?
- Nobel mükafatı özlüyündə çox gözəl hadisədir. Əgər mənə sabah zəng gəlsə ki, Nobel mükafatı almısınız, niyə istəməyim (gülür). Böyük yazıçılar Nobel mükafatı alıblar, amma bununla bərabər, Nobel mükafatı ədəbiyyatın keyfiyyət göstəricisi deyil. Hələ 10-15 il əvvəl yazmışdım ki, Nobel mükafatı alanlarla almayanların siyahısına baxanda bunu daha yaxşı görmək olar. Mən "Tarixi-Nadiri" yarısına kimi oxumuşam, Muratovun rus publisistikasında, jurnalistikasında sanballı bir yazısını görməmişəm. Amma təəccüb də etmirəm. Putinin əleyhdarısan, ala, bu da sənə Nobel mükafatı. Bax, belə. Builki mükafatçı Abdulrazak haqqında isə heç nə deyə bilmərəm, çünki heç bir yazısını oxumamışam. Ümumiyyətlə, onu tanımıram. Təkcə o yadımda qalıb ki, Nobel xəbərini alanda deyib, elə bildim mənimlə zarafat ediblər.
- Ədəbiyyatda nəsillərin toqquşması məsələsinə də toxunmaq istərdim. Bu gün yeni nəsil yazıçıların, şairlərin sizin nəsil ilə ulduzu barışmır. İllərdir Azərbaycanda aqressiv bir ədəbi mühit formalaşıb. Bu sizi narahat edirmi?
- Qətiyyən narahat etmir. Əgər söhbət konkret olaraq məndən gedirsə, mən ədəbiyyatda öz yerimi görürəm və heç nədən də narahat deyiləm. Hansısa bir namərdlik mənə ötəri təsir edə bilər, tez də keçib gedər. Ancaq obıvatel mülahizəsinin, cürbəcür komplekslərin yaratdığı qərəzliyin, dedi-qodunun təsiri mənim üçün sıfırdan artıq deyil. O başqa məsələ ki, indicə dediyim kimi, dünyanın aqressivləşməsi təhtəlşüur olaraq insanları, o cümlədən, gəncliyi də aqressivləşdirə bilər. O aqressiyanın alt qatında istedad varsa, keçib gedəcək, istedad yoxsa, həmin mənəvi aqressiya, kin-küdurət də həmişə onlarla bir yerdə olacaq, mənəvi şikəstliyə çevriləcək. Belələri indi də göz qabağındadır. Mən indi deyirəm, amma həmişə belə olub. Uzağa getməyək, Mirzə Fətəliyə, Sabirə, Mirzə Cəlilə, Üzeyir bəyə, Ərəblinskiyə hələ sağlıqlarında nələr deməyiblər? Mən bunu elə həmin 60-cı illərdən üzü bəri görə-görə gəlmişəm. O vaxtlar məndən anonim məktublar yazırdılar, indi isə o komplekslərin ifadəsi mətbuata adlayır. Bayaq dediyin o monopoliya dedi-qodularının da səbəbi elə bununla bağlıdır.
- 60-cı illərdən söhbət düşmüşkən, illər əvvəl Rasim Qaraca "60-cılar" ədəbi nəslini ədəbiyyat tarixi baxımından ən cinayətkar nəsil adlandırmışdı. Mənim üçün maraqlıdır, siz də gənclik illərinizdə özünüzdən əvvəlki nəsillə bağlı bu cür kəskin düşüncələrdə olmusunuz?
- "Cinayətkar nəsil"? O zaman prokurorluğa şikayət etmək lazım idi (gülür). "60-cılar"dan əvvəlki nəsil yazıçılarının Azərbaycan ədəbiyyatının inkişafında, yeni janrların yaranmasında, nəinki yaranmasında, Azərbaycan ədəbiyyatının milli faktoruna çevrilməsində böyük xidmətləri olub. Ötən əsrin yazıçılarına bugünkü dövrün tələbləri ilə baxmaq olmaz. O zaman çox güclü hakim ideologiya var idi. Bu ideologiyaya inananlar, inanmayıb da o ideologiyanı tərifləyənlər və inanmayıb heç nə yazmayanlar var idi. Əsas budur ki, "60-cılar" yalan yazmadı. Bu çox mürəkkəb bir məsələdir. O ki qaldı bizim münasibətimizə, mən öz münasibətimi deyirəm. Misal üçün, İsa Hüseynov bizdən əvvəlki nəslin nümayəndəsi idi. Mən həmişə İsa Hüseynovun əsərlərini yüksək qiymətləndirirdim və bu gün də qiymətləndirirəm. O zaman ki, İsa o kiçik povestləri yazırdı, Çingiz Aytmatov da "Cəmilə"ni yazırdı. Amma bədiilik baxımından İsanın povestləri Çingizin əsərindən daha güclü görünürdü. Bu barədə əvvəllər yazmışam, təkrar etmək istəmirəm. Mehdi Hüseynin, Əbülhəsənin, Süleyman Rəhimovun, Mirzə İbrahimovun romanları, başqa əsərləri çox zaman ideoloji cəhətdən bu günlə uyuşmur. Bədii çatışmazlıqlarla rastlaşırıq. Amma bu gün o romanların üstündən xətt çəkmək olmaz. O romanlar Azərbaycan dilini inkişaf etdirib, dediyim kimi, janr yaradıblar. Bir şeyi deyim ki, məndə, güman edirəm ki, digər qələm dostlarımda da bizdən əvvəlki nəslə kin-küdurət olmayıb. Bəyənib, bəyənməmək olub. Biz ədəbiyyatda özümüzü axtardıq, tapdıq və təsdiq etdik.
- Bəlkə səbəblərdən biri də sizin nəslin nümayəndələrinin uzun illər yüksək vəzifələrdə olmasıdır? Belə deyək də, haqlı olaraq ədəbiyyatın məmurlaşmasını qəbul edə bilmirlər.
- Günel, bu, düzgün yanaşma deyil. Bizdən əvvəlki nəsillər arasında vəzifə sahibləri daha çox idi. Qıcıqlanırlarsa, bunun səbəbi yəqin odur ki, onlar özlərini təsdiq etməkdə çətinlik çəkir. Elələri var ki, artıq özlərini təsdiq ediblər. Elələri də var, özlərini bədii cəhətdən təsdiq edə bilmədiklərinə görə təqsirkar axtarırlar. Bəziləri istədikləri səviyyədə olmadıqlarını təhtəlşüur olaraq başa düşərək, başqalarını inkar etməklə özlərini sakitləşdirirlər. Ədəbiyyatda inkar yalnız zamana bağlıdır. Zaman ədəbiyyatı ələkdən keçirir. Hansını saxlayırsa saxlayır, hansını atırsa atır. Bizim yazı-pozularımızın zamanın süzgəcindən keçib keçməməsi dediyin həmin qıcıqlananların kin-küdurətindən, "obıvatel" söz-söhbətindən, giley-güzarından asılı bir şey deyil. Biz ədəbiyyatda özümüzü təsdiq edə bildiyimizə görə o dövrün məşhur, nüfuzlu yazıçıları da artıq bizim yazı-pozularımıza qiymət verməyə başladılar. Təsəvvür elə, mən cavan oğlan idim, ilk kitablarım çıxırdı, Akademiyanın vitse-prezidenti Məmməd Arif mənim haqqımda məqalə yazmışdı. Eləcə də Məmməd Cəfər Cəfərov, Mir Cəlal, Həmid Araslı, Mirzə İbrahimov, Abbas Zamanov və başqaları.
- Əminliklə deyə bilərsinizmi sizin yaradıcılığınıza bu diqqət atanıza olan münasibətdən doğmurdu?
- Sənin deməyindən belə çıxır ki, İlyas Əfəndiyevə görə mənim haqqımda yazırdılar (gülür). Bizim cəmiyyətdə belə bir fikir var ki, sən yazıçı ailəsində böyüdüyünə görə yazıçı olmusan, ona görə də məşhursan.
- Elə deyil?
- Elə deyil və bu, çox səhv düşüncədir. Heç bir ailə heç bir qələm sahibini yazıçı edə bilməz. Yazıçılıq istedaddır. Mən bunu əvvəllər də demişəm, indi də deyirəm, dünyadakı böyük yazıçıların 99 faizinin atası yazıçı deyil. Sadəcə, Azərbaycanın payına, deyəsən, çox düşüb. Səməd Vurğunun uşaqları şairdir, yazıçıdır. Rəsul Rzanın oğlu yazıçı, İlyas Əfəndiyevin oğlu yazıçı, Əbülhəsənin oğlu yazıçı. Amma bu tək ədəbiyyatla bağlı deyil. Musiqidə də, rəssamlıqda da, teatr, kino sahəsində də var. Amma görünür, ədəbiyyatda daha güclü hiss olunur.
- Sizin ədəbi mühitdə dəstək olduğunuz qələm adamları çoxdur?
- Günel, mənim elədiklərimi bir-bir sadalamaqla aram yoxdur. Ancaq onu deyim ki, bu gün tanınan bir çox yazıçıların, tənqidçilərin ilk yazıları, ilk kitabları Bakıda da, Moskvada da mənim təqdimatımla, ön sözümlə, redaktəmlə çap olunub.
- Xalqımızın yaşadığı faciələr qarşısında bir yazıçı olaraq aciz qaldığınız zamanlar olub?
- Yazıçı kimi yox, ancaq bir insan, bir vətəndaş kimi 30 illik erməni işğalı ilə bağlı acizliyimi, bəli, bəzən hiss etmişəm və bu, mənə baha başa gəlib.
- Həmişə soyuqqanlı və sərtsiniz?
- Baxır kimə qarşı və nə üçün.
- Şəxsi həyatınızda və ictimaiyyət arasında nə qədər səmimisiniz?
- Sən elə bir adam tanıyırsan özü haqqında desin ki, "mən səmimi deyiləm"? Bəzən də səmimiyyətsiz adamlar özləri haqqında deyir "mən çox səmimiyəm". Belə çıxmasın ki, mən qeyri-səmimiyəm (gülür). Qeyri-səmimi olmağım üçün münbit zəmin olmayıb, yəni ehtiyac olmayıb. Mənim xasiyyətim belədir ki, kim xoşuma gəlməyibsə, onunla oturub-durmamışam. Heç vaxt qeyri-səmimi olmamışam. Hər-halda bu suala məni tanıyanlar daha dolğun cavab verə bilər.
- Gəncliyinizdə Nazim Hikmətlə görüşmüsünüz. Nazim Hikmətin Azərbaycan sevdası və azərbaycanlıların Nazim Hikmət sevgisi barəsində nə deyə bilərsiniz?
- Türkiyədə Nazim Hikmətə dünən də, bu günün özündə də Azərbaycanın məhəbbətini düzgün qiymətləndirmirlər. Vaxtı ilə Türkiyədə sağa meyilli olanlar deyirdi ki, Nazim Hikmət xəyanət edərək Sovet İttifaqına qaçdığına görə, sola meyillilər isə deyirdi Nazim Hikmət kommunist olduğu üçün Azərbaycanda məşhur idi. Əslində isə elə deyildi. Azərbaycan xalqının daxilində Türkiyə həsrəti var idi.
Sovet İttifaqı kapitalist ölkələrini düşmən hesab edirdi. Türkiyə də bu ölkələrin sırasında öndə gedirdi. Nazim Hikmət Azərbaycana gələndə, tribunaya qalxıb orda gözəl türk dilində şeir oxuyanda ki:
Mən bir ceviz ağacıyam Gülhanə parkında
Nə sən bunun farkındasan, nə polis farkında...
Ona qulaq asan Azərbaycan xalqı bunun fərqində deyildi ki, Nazim Hikmət sağçıdı, ya solçudu. Onun fərqində idi ki, yaraşıqlı bir türk insanı çıxıb tribunada doğma türk dilində gözəl bir şeir oxuyur. Buna görə Nazim Hikməti sevirdilər və Nazimin yaradıcılığı da bu sevgiyə layiq idi.
- Nazim Hikmət qadınlarla bağlı verilən "gözəl qadın, yoxsa intellektual və zəkalı qadın" sualına belə bir cavab vermişdi ki, "qadın at deyil ki, saçının uzunluğu, qısalığı mövzu olsun. Heç birinə qapılmadım". Siz bu suala necə cavab verərdiniz, maraqlıdır?
- Təbiətin gözəlliyinə biganə ola bilərik? Əlbəttə, yox. Gözəl qadın kimdir? O da təbiətin bir parçası, bir hissəsidir. İntellektuallıqdan asılı bir şey deyil. O ki qaldı intellektuallığa, zəkaya, mənim ümumiyyətlə, kal adamla aram yoxdur.
- Anarla münasibətlərinizdə bir ara soyuqluq yarandığı deyilirdi. İndi vəziyyət necədir, əvvəlki kimi davam edirmi münasibətiniz?
- Anarla münasibətimiz, bəli, əvvəlki kimi davam edir. Tədbirlərdə, məclislərdə görüşürük. Hərdən zəngləşib, görüşüb, ikilikdə nahar edirik, bir-iki qədəh də qaldırırıq. Gözəl bir hadisə də o oldu ki, Şuşaya da bir yerdə getdik, Orda başqa dostlar da bizimlə idi, Şuşanı birlikdə gəzdik. Bu 30 ildə Şuşa haqqında, Qarabağ haqqında danışdıqlarımızı bir yerə yığsan, bəlkə də neçə kitab olar. Bu Şuşa səfəri əvəzsiz səfər idi. Bilirsən, dostluğun, isti münasibətin yaşı 55 ilə gəlib çatanda, əlbəttə, bu qədər illər boyu umu-küsü də mümkündür, bir də görürsən arada soyuqluq yaranır. Bu da təbii bir işdir. Dost olmaq müqəvva olmaq deyil ki. Ancaq mühüm məsələ odur ki, dostluğun düz ortasında qırmızı bir xətt də var, onu keçmək olmaz. Keçərsən, hər şey bitər.
- Sizin pəncərənizdən dünya bu gün necə görünür?
- Doğrusunu deyim ki, qorxulu görünür. Dünyada aqressivlik çox artıb. Cəhalət, nadanlıq azalmaq əvəzinə, daha da çoxalıb. Böyük dövlətlərlə kiçik dövlətlər arasındakı qradasiya daha da böyüyüb. İkili standartlar dünyanı idarə etməyə başlayıb. O biri tərəfdən də gözümüzün qabağında yeni rəqəmsal sivilizasiya yaranır. Bunun axırı hara gedib çıxacaq? İnsani istəklər, arzular, insani hisslər elə bil ki, insandan uzaqlaşmağa başlayıb. Belə olacaqsa, ədəbiyyatın aqibətini nə gözləyir? Ədəbiyyatın yerini nə əvəz edəcək? Və sair və ilaxır.
- Mətbuatımızın hazırkı vəziyyəti sizi bir yazıçı və ictimai şəxs olaraq nə dərəcədə qane edir?
- Söz azadlığı bizim mətbuatda bir bum yaratdı. Qəzetlər çıxmağa başladı, yeni telekanallar açıldı. Amma bir sual verək özümüzə ki, Azərbaycan mətbuatı söz azadlığı sınağından çıxdımı? Bayağılıq, primitivlik, dedi-qodu, şayiəçilik, kin-küdurət müqabilində bu sualın cavabı necə ola bilər?
- Söhbətimizi möhtəşəm Şuşa səfəri ilə bağlı təəssüratlarınızla yekunlaşdırmaq istəyirəm. 30 il sonra yenidən Şuşada olmaq necə bir hiss idi?
- Günel, sən yaxşı dedin də: "Möhtəşəm Şuşa səfəri". Hissiyyat da eləcə möhtəşəm və zəngin idi. Şuşa, şübhəsiz ki, çox gözəl bir şəhər olacaq. Nəinki Azərbaycanın, ümumiyyətlə dünyanın mədəni mərkəzlərindən biri olacaq. Amma mənim Şuşam o Şuşanın yanında bir az ibtidai Şuşa idi. Tutaq ki, sənin uşaqlığın bir məhəllədə keçib. Altında oturduğun ağac, oynadığın, dostlarınla gəzdiyin, söhbətləşdiyin yerlər daha yoxdur. Sənin gözəl xatirələrinin məkanı dağıdılıb. Əlbəttə, yerində gözəl müasir binalar tikiləcək. Mən çox sevinirəm ki, bu gün gələcək nəsillərin Şuşası tikilir. Gələcək nəsillərin çox gözəl Şuşası olacaq. Ona görə də nostalgiyaya qapılmayaq.
69 yaşlı Tatlısəs və 30 yaşlı Eekin yeni sevgi hekayəsi başlayıb
Haberler.com-a istinadən bildiririk ki, Azərbaycanda on minlərlə izləyicisi olan ünlü türk sənətçisi İbrahim Tatlısəsin gündəm xəbərləri bitmir ki bitmir.
69 yaşlı İbrahim Tatlisəs yaxın vaxtlarda özündən 43 yaş kiçik olan sevgilisi Gülçin Karakayanı tərk etmişdi. Yeni sevgili tapmaq özünü çox gözlətmədi. Tatlisəsin Eek adlı bir xanımla yeni bir məhəbbətə başladığı xəbəri gəldi. Tatısəsdən 39 yaş kiçik olan bu sarışın xanımla fotolar sevişən cütlüyün sosial media hesablarını bəzədi.
Mədəniyyət nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti Xorvatiyada səfərdədir
Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 25-də Xorvatiya Respublikasına səfərə gedib.
Səfərin məqsədi Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə Birgə Komissiyanın Zaqrebdə keçiriləcək ikinci iclasında iştirak etməkdir.
Nümayəndə heyətinin tərkibinə aidiyyəti qurumların təmsilçiləri daxildir.
Birgə komissiyanın Azərbaycan tərəfdən həmsədri mədəniyyət naziri Anar Kərimov, Xorvatiya tərəfinin həmsədri bu ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri Tomislav Coricdir.
Səfər çərçivəsində nazir Anar Kərimovun Xorvatiyanın paytaxtında bir sıra görüşləri də nəzərdə tutulub.
YARAT”dan multidistiplinar layihə - “Mədəni yenilənmə”
“YARAT” Müasir İncəsənət Mərkəzi Mədəniyyət Nazirliyi il birgə "Mədəni yenilənmə" adlı yeni multidisiplinar layihəsinə başlayır.
“YARAT”dan AzərTAC-a bildirilib ki, layihənin başlıca məqsədi xaricdə yaşayan, musiqi, teatr, kino, ədəbiyyat və elm sahəsində peşəkar uğurlara imza atmış istedadlı soydaşlarımızın fəaliyyəti ilə Azərbaycan tamaşaçılarını tanış etməkdir. Maarifləndirici xarakter daşıyan bu təşəbbüs tanınmış və istedadlı azərbaycanlıların yaradıcılığını gənclərimizə daha yaxın və daha anlaşılan edəcək. Fəaliyyət növündən asılı olaraq, layihənin hər bir iştirakçısına müxtəlif formatlı tədbirlərdə (ustad dərslər, mühazirələr, yaradıcılıq görüşləri, konsertlər, film nümayişləri, monotamaşalar və s.) iştirak imkanı təqdim olunacaq. Layihənin ilk qonağı teatr prodüseri, rejissor, Rusiya Dövlət Teatr Sənəti Akademiyasının (QİTİS) ifaçılıq sənətləri üzrə prodüserlik və menecment kafedrasının rəhbəri, sənətşünaslıq elmləri namizədi, dosent Elşən Məmmədov olacaq.
Oktyabrın 28-də reallaşacaq layihənin ilk tədbiri Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında gerçəkləşəcək.
“Leyli və Məcnun” Frankfurt Beynəlxalq Kitab Sərgisində
Yaxın günlərdə Almaniyanın “Hans-Jürgen Maurer” nəşriyyatında işıq üzü görmüş “Leyli və Məcnun” kitabı dünyanın ən böyük kitab sərgilərindən olan Frankfurt Beynəlxalq Kitab Sərgi-Yarmarkasında – Dövlət Tərcümə Mərkəzinin təşəbbüsü ilə sərgi çərçivəsində açılmış “Azərbaycan ədəbiyyatı” bölümündə sərgilənir.
Tərcümə Mərkəzindən bildirilib ki, kitabın alman dilinə tərcümə müəllifi – tanınmış alman mütərcimi Rudolf Qelpke, ön sözünün müəllifi – görkəmli nizamişünas-alim Rüstəm Əliyev, redaktoru – Hans-Jürgen Maurerdir.
Kitabın yaxın günlərdə Almaniya, Avstriya, İsveçrə, Lixtenşteyn və Lüksemburqun mərkəzi kitabxana və kitab evlərinə yerləşdiriləcəyi, ölkələrin ədəbi ictimaiyyətinə təqdim ediləcəyi nəzərdə tutulur.
Pinokkio Avstriyalı olsaydı...
Bu günə təsadüf edən əlamətdar hadisələri diqqətinizə çatdıırırıq
26 oktyabr. Avstriyanın milli bayramı
Planetin ən xoşbəxt və qayğısıs əhalisi zümrəsinə avstriyalılar da daxildilər, vaxtı ilə hərb tarixində əsas rol oynayan bu dövlət 1955-ci ilin 26 oktyabrında tam neytral mövqü tutacağını elan edərək bundan sonra yalnız quruculuqla, əhalisinin rifahı ilə məşğul olacağını bəyan elədi. Ölkə ərazisində 2-ci dünya müharibəsindən sonra lövbər salmış SSRİ, ABŞ, Britaniya və Fransa qoşunları dərhal ölkədən çıxarıldı. Neytralitet Avstriyanın Konstitusiyasına da salındı. Təsəvvür edin ki, dörd ətrafda Avstriya yeganə dövlətdir ki, NATO üzvü deyil. Milli bayram da məhz bu tarixi özündə ehtiva edir.
Avstriyanın böyük hissəsi ərazicə dağlardan ibarətdir, Alp dağı əzəldən bu ölkəyə qucaq açıb. Əhalinin dörddə biri paytaxtda – Vyanada yaşayır. Milli bayram günündə bütün ölkə boyu Avstriya bayraqları dalğalanır. Yeri gəlmişkən, Avstriya bayrağı dünyanın ən qədim bayraqlarından hesab edilir. Əfsanəyə görə, 1191-ci ildə Hersoq V Leopold döyüş zamanı yaralanır, onun ağ libası qanına bələnir. Yalnız kəmər yeri ağ qaldığından, üzərində ağ zolaq olan al qırmızı libas bayraq rəmzinə çevrilir.
Avstriyanın ən məşhur yerləri dünyaca şöhrətli Vyana Dövlət Operasıdır, dünya musiqisi korifeyi hesab edilən hər kəs mütləq burada konsert verir. Buradakı Kriml şəlaləsi Avropadakı ən hündür şəlalədir, su 380 metr yüksəklikdən tökülür. 1752-ci ildə salınmış Şönbrunn zooparkı dünyanın ən qədim zooparklarından hesab edilir. Zalsburq şəhərində isə dünyanın ən birinci açılmış oteli fəaliyyət göstərir, Sankt Peter Bezirk adlı bu otel 1218 il bundan əvvəl – 803-cü ildə rəsmən açılıb.
Milli bayramda Heldenplatsda – Qəhrəmanlar meydanında rəsmi dövlət mərasimi keçirilir. Ölkə başçısı, yüksək ranqlı məmurlar mərasimə qatılır, kilsədə ibadət edir, Mərkəzi qəbristanlıqdakı memorial kompleksdə naməlum əsgərin məzarı önünə əklillər qoyurlar. Maraqlı bir faktı deyim ki, bu qəbristanlıqda 2,5 milyon insan uyuyur, şəhər əhalisindən xeyli çox. Vyana qəbristanlığı bu cəhətdən dünyada yeganə qəbristanlıqdır. Bayram günü Nazirlər Soveti iclas keçirir, əsgərliyə yeni gedənlər hərbi and içirlər. Ən möhtəşəm tədbir Vyana Dövlət Operası binasında olur. Avstriya opera ölkəsi kimi tanınır axı. Klassik musiqinin dörd nəhəngi - Motsart, Haydn, Şubert və Ştraus avstriyalı olublar, Bethoven isə ömrünün böyük hissəsini burada yaşayıb. Hətta ən məşhur avstriyalı olan, Kaliforniya qubernatoru Arnold Şvarsenegger də çalışır hər il 26 oktyabrı Vyanada keçirsin.
Bayram günü ölkə əhalisi müxtəlif mədəni və idman tədbirlərinə qatılır, sağlam həyat tərzinə çağırış məqsədi ilə fitnes-marşlar təşkil olunur. Xarici ölkələrdəki səfirliklər də oradakı avstriyalıları başlarına toplayıb bayram törəni keçirirlər. Bir sözlə, eyni zamanda şəhər mərkəzində 100000 insan bayram edir.
Avstriyanın neytrallığa belə meyl etməsi, müharibəyə qarşı bu qədər nifrətə sahib olmasının bir köklü səbəbi də var, bəşər tarixində ən çox can almış, ən qəddar müharibə olan 2-ci dünya müharibəsində Avstriya təcavüzkar ampluasında çıxış edib. Bundan da başqa, tarixin ən qanlı siması olan Adolf Hitler də avstriyalı olub, o, 1938-ci ilin 15 martında məhz Heldenplatsdakı Yeni qəsrin eyvanından 3-cü Reyxin fəaliyyətə başlamasını elan edib.
26 oktyabr. Məşhur Neftçi Qurbanın 95 illiyi
Bu adam ölkəmizdə sosializm kultunun təbliğ etdiyi ən məşhur simalardan olub. Qurban Abasqulu oğlu Abbasov 1926-cı il oktyabr ayının 26-da Naxçıvan Muxtar Respublikası Babək rayonunun Payız kəndində anadan olub. Əmək fəaliyyətinə 1944-cü ildə Artyomneft trestində fəhlə kimi başlayan Qurban Abbasov sonra Azərneft Birliyinin qazma idarəsində qazmaçı, buruq ustası, Gürgənneft NMİ-nin şimal qazma sahəsi idarəsinin rəisi vəzifəsində işləmişdir. Neft və qaz quyularının qazılması ixtisası üzrə AzNKİ-nun (indi ADNSU) neft-mədən fakültəsini bitirmişdir. 1951-ci ildə Qurban Abbasov alim, geoloq, mühəndislərlə birgə Neft Daşlarının kəşfinə görə I Dərəcəli Stalin Mükafatına layiq görülmüşdür. O, 9 dəzgahı olan sahəyə rəis təyin olunub, hər bir dəzgahın qazma sürətini 1400 m-ə çatdırmağa nail olmuşdur. Q, Abbasov 1958-ci ildə Sosialist Əməyi Qəhrəmanı Qızıl Ulduzu ilə təltif edilmiş, ömrünün sonunadək yüksək vəzifələr daşımışdır. Son vəzifəsi Azərbaycan Dövlət Neft Şirkətinin baş müşaviri vəzifəsi olmuşdur.
O, 4 dəfə SSRİ Ali Sovetinin və Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmişdir. Neftçi Qurban əmək fəaliyyətinin 50 illik yubileyi münasibətilə Azərbaycanın ən yüksək mükafatı – Şöhrət ordeni ilə təltif olunmuş və bu adı alan ilk neftçi olmuşdur. Qurban Abbasov 1994-cü il sentyabr ayının 14-də Bakı şəhərində vəfat etmişdir. Onun adının əbədiləşdirilməsi məqsədi ilə Titan-2 üzən kranına, Bakı Şəhəri 288 nömrəli tam orta məktəbə Neftçi Qurbanın adı verilmişdir. Lökbatan qəsəbəsində onun adına mədəniyyət sаrаyı, küçə, məktəb, körpü, Bayıl qəsəbəsində küçə vardır. Tələbə və аspirаntlаr üçün “Nеftçi Qurbаn” təqаüdü təsis еdilmişdir. Bəstəkаr А.Rzаyеvаnın məşhur “Nеftçi Qurbаn” mаhnısı оnа həsr оlunmuşdur. 1970-ci ildə onun həyatından bəhs edən “Neftçi Qurban” filmi çəkilmişdir. Ruhu şad olsun!
26 oktyabr. Nəsli kəsilən naurulular
Bu gün Nauruda Anqama günü qeyd edilir. Okeaniyada yerləşən bu cırtdan dövlət təhlükə ilə üz-üzədir. Yür üzündən silinməkdə olan nauru xalqı hazırda cəmi 1500 nəfərdən ibarətdir, məqsəd bu xalqı qorumaqdır. Tunisdə mühəndislik, Liviyada İtaliya müstəmləkəçilərinin qurbanlarının xatirəsi, Hindistanda Kəşmir əyaləti ilə birləşmə, Benində silahlı qüvvələr, Amerikada isə ət farşı ilə piroq günüdür.
1938-ci ildə Du Pont firması yeni sintetik materialın – neylonun təqdimatını edib. 1900-cü ildə Nyu-Yorkda metropolitenin ilk xətti aşılıb. 1863-cü ildə Londonda İngiltərə Futbol Assosiasiyası yaradılıb. 1861-ci ildə alman ixtiraçısı Filipp Reys Frankfurtda telefon adlı kəşfini üzə çıxarıb. 1636-cı ildə Harvard kollecinin açılışı olub.
26 oktyabrda Hillari Klinton (1947) və Fransua Mitteran (1916) kimi siyasi xadimlər dünyaya gəlmişlər, “Pinokkio” nağılının müəllifi, italyan yazıçı Karlo Koloddi isə dünyasını dəyişmişdir (1890).
Varisin “21-27 oktyabrən təqvimi” yazısından seçmələr
Bu gün Moskvada Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunmuş konsert keçiriləcək
Bu gün P.İ. Çaykovski adına Moskva Dövlət Konservatoriyasının Böyük salonunda Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinə həsr olunmuş qala-konsert keçiriləcək.
Heydər Əliyev Fondunun, Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin təşkilatçılığı ilə keçiriləcək konsertdə Azərbaycanın tanınmış ifaçıları, o cümlədən Fərhad Bədəlbəyli, Yalçın Adıgözəlov, Fuad İbrahimov, Murad Hüseynov, Murtuza Bülbül və başqaları iştirak edəcəklər. Konsertin proqramına rus, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir.
Azərbaycan Avropanın Aparıcı Mədəni və Aparıcı Ekskursiya destinasiyaları nominasiyalarında qalib olub
Azərbaycan “28-ci Dünya Səyahət Mükafatları” tədbirində 2021-ci il üzrə Avropanın Aparıcı Mədəni destinasiyası və Avropanın Aparıcı Ekskursiya destinasiyası nominasiyalarında birinci yerə layiq görülüb.
Dövlət Turizm Agentliyindən bildirilib ki, qaliblərin elan olunması mərasimi virtual formatda keçirilib.
Qlobal turizm və səyahət sənayesinin ən nüfuzlu mükafatlarının qalibi olmaqdan məmnun olduqlarını qeyd edən Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid bildirib ki, Azərbaycan ekskursiya və mədəni turizm üçün ideal destinasiyadır:
“Biz bütün bu gözəllikləri kəşf etmək üçün səfər edəcək turistləri ölkəmizdə qarşılamağı səbirsizliklə gözləyirik”.
Baş icraçı direktor Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin turizmin inkişafı istiqamətində yeni səhifə açdığını, Qarabağa xas turizm məhsullarının inkişaf etdirilməsinin, həmçinin bu regionda daxili və beynəlxalq turistlər üçün təcrübə və infrastrukturun təkmilləşdirilməsinin ATB-nin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, Azərbaycanın zəngin mədəni müxtəlifliyi, tolerantlıq və multikulturalizm kimi dəyərlərinin turistlər arasında təbliğ edilməsi Azərbaycan Turizm Bürosunun əsas fəaliyyət istiqamətlərindən biridir.
ATB UNESCO-nun mədəni və qeyri-maddi irsi siyahısında olan mədəni və tarixi abidələrin, təcrübələrin təbliğatı, eləcə də dayanıqlı və ekoloji turistik məhsulların hazırlanması istiqamətində çoxsaylı layihələr həyata keçirməkdədir.
Bunlar arasında Qafqaz dağlarında piyada turizm marşrutlarının işarələnməsi, “Slou Fud” konsepsiyası çərçivəsində orqanik məhsulların üzə çıxarılması, ornitoloji turizm (quşların müşahidəsi), həmçinin infrastruktur layihələri var.
Qürurvericidir həqiqətən!
52 dilə tərcümə edilmiş “Əkizlər necə böyüdü” kitabı barədə
Səs-küy qoparan, “ən çox satılanlar” reytinqində yer alan kitabların təqdimatını davam etdiririk. Bu dəfə sizə İlahə Nəccarinin Milutin Djuriçkoviçin “Əkizlərin macəraları” kitabına yazdığı rəyini təqdim edirik.
Milutin Djuriçkoviç “Əkizlərin macəraları”
(Милутин Ђуричковић “Како су расли близанци”)
Əkizlər dünyaya cüt gəlirlər, buna görə də onlar arasında xüsusi bağlar olur. Əkizlərin hamiləlik dövrü, böyüdülməsi, hətta qidalanmaları da fərqli olur. Əkizlər anası olduğumdan dolayı harada onlar haqqında informasiya görsəm, dərhal öyrənməyə çalışıram, çünki mənimçün xüsusi önəm kəsb edir.
Əkizləri necə böyütmək lazımdır?! Onlara seçim etməyi necə öyrətmək olar? Onlar arasındakı bağlılığa şərait yaratmaq düzgündür, yoxsa uzaqlaşdırmaq? Onları necə geyindirmək lazımdır, cüt yoxsa fərqli? – bütün bu suallar əkiz valideyinlərini hər zaman düşünüdürür.
Əkizlər doğrudan çox maraqlıdırlar. Elə lap kiçik yaşlarından bir-birlərini dəstəkləyirlər. Misal üçün, mən Tuqaya hündürdən hirslənsəm, Altunay tez öz reaksiyasını bildirir. Və ya bir həftə biri sakit olur, digəri çılğın, növbəti ay biri daha çox yeyir, digəri az. Elə vaxtlar olur, hətta günbəgün öz hərəkətlərini bir-birlərinə ötürürlər.
Daim “Əkizləri necə böyütmək lazımdır?” – sualı ilə üz-üzə qalan əkizlər anası üçün “How the twins grew up” kitabının sadəcə adı nə qədər cəzbedicidir, artıq deməyə gərək yoxdur. Çox böyük maraqla səhifələdiyim bu əsərin ana dilimizə tərcümə edilmiş adını görəndə, açığı çox təəccübləndim. Nəşriyyat əsərin adını “Əkizlərin macəraları” kimi verib. Halbuki “Əkizlər necə böyüdü” adı daha gözəl idi. İstər orijinal serb dilində (Како су расли близанци), istər ingilis dilinə tərcümədə (How the twins grew up) kitabın adı daha uğurlu və uyğundur, nəinki tərcümə edilmiş formada. Bu Mənim subyektiv fikrimdir və oxucu rəyidir.
Gələk əsərin özünə: Əsərdə Milutin və Milan adlı əkiz qardaşların yaşantıları çox pozitiv və əyləncə dolu çalarlarla təsvir edilir. Bu kitab əkizlərin uşaqlıqları və ailəsi haqqında yumor dolu xatirələr toplusudur. Qısa hekayələrdən ibarət bu xatirələr oxucu üçün əkizlərin baxça, məktəb, gəzinti və ev xatirələrini canlandırır. Hekayələr qısa, amma təsirlidir, eyni zamanda oxucunu rahatlıqla güldürə bilir. Yumoru sevən və əkiz valideyinləri üçün əla mütaliə əsəridir.
Əkizlərin hiss və duyğularını, hadisələrə yanaşmalarını öyrənməyə xeyli dəstək olur. Bu hekayənin mütalisəindən sonra bir daha əmin oldum ki, əkizlər baş-başa qalmaq istədiklərinə görə, bir-birilə darıxmadıqlarına görə valideyinlərinə çox da bağlı olmurlar. Hətta əkizlərin ana-ata qucağında çox qalmamaqlarının səbəbi də onların əkiz olmasındadır.
Müəllif Milutin Djuriçkoviç milliyətcə serb əsillidir. Serb yazar əsərdəki əkizlərin bir tayıdır və özü də əkizlər atasıdır. Aydın olur ki, “Əkizlər necə böyüdü” kitabı orijinal bioqrafik nümunədir. 2011-ci ildə qələmə alınan bu kitab dünyanın 52 dilinə tərcümə edilib. Bir çox beynəlxalq mükafatlara layiq görülüb.
Müəllifin “Какав отац, такви близанци” və “Близанци и породични циркус” kitabları da ana dilimizə tərcümə edilsə çox sevinərdim.
İlahə Nəccari
“Oyaq gözəl” tamaşası yenidən səhnədə
Oktyabrın 29-da Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Oyaq gözəl” tamaşası nümayiş edilib.
Rusiyalı uşaq yazıçısı Vladimir İlyuxovun fransız yazıçısı Şarl Perronun “Yatmış gözəl” nağılından bəhrələnərək qələmə aldığı ikihissəli “Oyaq gözəl” pyesi əsasında hazırlanan eyniadlı tamaşa maraqlı nümunələrdəndir.
Teatrın gənc rejissoru Anar Məmmədovun quruluşunda hazırlanan səhnə əsərinin əsas qayəsini böyükləri dinləmək, qəhrəmanlıq, güclə ağlın bərabərliyi və məntiqə əsaslanmaqla bütün maneələrdən keçmənin mümkünlüyü təşkil edir.
Komik elementlərlə zəngin nağıl-tamaşa müasir üslubda hazırlandığından burada dövrün uşaqlarının yaxından tanıdığı və sevdiyi nağıl qəhrəmanlarının sintezinə nail olunub.
Birhissəli uşaq tamaşasının bəstəkarı Əməkdar incəsənət xadimi Cahangir Zülfüqarov, rəssamı Əfşan Əsədovadır.