Türkiyənin “Ağçağ” nəşrlər və yayım evində Saxa (Yakutiya) ədəbiyyatının klassiki Platon Oyunskinin “Qırmızı şaman” kitabı işıq üzü görüb.
“Ədəbiyyat və incəsənət” portalı kitabın tərcüməçisi Aida Eyvazlıya istinadən xəbər verir ki, ədəbiyyatımızın son yarıməsrlik dövründə Saxa yakutlarının klassiklərinin və müasirlərinin kitabları türk və Azərbaycan dilinə tərcümə edilməyib. “Qırmızı şaman” kitabının nəşri ilk dəfə 2019-cu ildə Dünya Türk Yazarlar Birliyinin layihəsi ilə reallaşıb.
Aida Eyvazlının tərcüməsində Platon Oyunskinin 6 hekayə, povest və mənzum dramı Azərbaycan dilinə tərcümə edilib. Kitaba ”Ön söz”ü Saxa (Yakutiya) Respublikasının deputatı, azərbaycanlı Əliş Məmmədov yazıb. Kitab Azərbaycanda işıq üzü görəndən sonra Saxa (Yakutiya) Respublikasında dövlət səviyyəsində kitabın məsləhətçisi Əkbər Qoşalı və tərcüməçi Aida Eyvazlının iştirakı ilə təqdimatı keçirilib.
“Qırmızı şaman” kitabı Türkiyədəki ədiblərin və ədəbiyyat mənsublarının da diqqətini cəlb etdiyindən bu günlərdə eyni adla, eyni məzmunda Ankara şəhərində “Ağçağ” nəşrlər və yayım evində işıq üzü görüb.