Tanınmış aktyorumuz gizli birliyə dəvət alıb Featured

 

“Ədəbiyyat və incəsənət” portalının bugünkü şənbə həmsöhbəti aktyor Ruslan Sabirlidir. “Sənə inanıram” teleserialından sonra məşhurlaşan Ruslan hazırda bir neçə cəbhədə fəaliyyət göstərir, onu ən müxtəlif tədbirlərdə görmək olur.

 

Aktyora bir neçə sual ünvanladıq və oxucularımız üçün onları maraqlandıran bu suallara cavab aldıq.

 

Beləliklə, buyurun, qəhrəmanınızın hazırkı gündəmi ilə tanış olun.

 

 

 

-Ruslan bəy, hər vaxtınız xeyir. Son fəaliyyətinizdən az-çox xəbərdarıq. Özünüzü necə təqdim edərdiniz? Sadəcə aktyormu?

 

 

 

-Hər vaxtınız xeyir. Tamaşaçılar məni əvvəlcə aktyor kimi tanıdılar, düzdür, amma sonra “Buktreyler” Festivalının rəhbəri kimi gündəmdə oldum, hazırda prodüser, rejissor və mentalist kimi fəaliyyətimi davam etdirirəm. Necə deyərlər, istedadlı insan hər sahədə istedadlıdır. Amma hər halda, düşünürəm ki, kinoaktyor Ruslan Sabirli kimi təqdimat daha uyğundur, çünki, geniş auditoriya məni məhz belə tanıyır.

 

 

 

- Hal-hazırda nə ilə məşğulsunuz?

 

 

 

-Bir ssenari üzərində çalışıram, hazır olanda çəkməyi düşünürəm. Çox danışa bilməyəcəyəm bu barədə, amma onu deyim ki, qısametrajlı bir film olacaq və bu, bir sinema hadisəsinə çevriləcək. Bundan əlavə “Buktreyler” Festivalı və CineMo Mobil Film Festivalını reallaşdırmaq istiqamətində işlər aparılır.

 

Daha çox zamanımı mentalizmə ayırıram desəm, yanılmaram, çox vaxtımı ona həsr edirəm. Yəqin oxucularda sual yaranacaq ki, mentalizm nədir? Ona görə də bu suala da yerində cavab verməyi düzgün hesab edirəm. Mentalizm sözünün kökü ingilis dilindən olan “mental” sözüdür. Yəni, beyin, fikir, zehin. Yəni, bunun mahiyyəti bir insanın fikirlərini oxumaq, onun fikirlərinə təsir etmək kimi bacarıqlardan ibarətdir. Yeri gəlmişkən, mən mentalizm seanslarımı YouTube kanalımda yerləşdirirəm, üstəlik, orda mən mentalizmin sirlərini açan master-klasslar da keçirirəm.

 

 

 

-Demək, siz insanların fikirlərini oxuya bilirsiniz. Bunu necə edirsiniz?

 

 

 

-Texnikası var bunun. Ən elememtarını deyim, insanların gözlərindən, əşyaların energetikasından. Məsələn, kartlarla, Rubik kubiki ilə maraqlı seanslar həyata keçirirəm.

 

 

 

-Çox maraqlıdır. Ən maraqlı seanslarınız kimlərlə olub?

 

 

 

-Mən bir neçə teleproqramda canlı seanslar göstərmişəm. Eldar Qasımov, Nigar Camal, Afaq Gəncəli, Oksana Rəsulova və sair, və illaxır. Çoxdur.

 

 

 

-Hamı mentalist ola bilərmi?

 

 

 

-Bunun üçün xüsusi istedad lazımdır, telepatik qabiliyyət, intuisiya lazımdır.

 

 

 

-Mentalist kimi perspektivləriniz varmı?

 

 

 

-Bəli. Hal-hazırda Dünya Mentalistlərinin Gizli Birliyinə dəvət almışam. Qeyd edim ki, birliyə daxil olmaq açıq deyil. Birlik özü dünyada olan mentalistləri tapır və  üzvlüyə dəvət edir. Qəbul üçün isə müəyyən bacarıq tələbləri var, yəni sınaq imtahanı keçmək var. Onları vermişəm, hal-hazırda cavab gözləyirəm, göstəricilərim yüksəkdir, özümə inanıram, inanıram ki, “mentalist” titulunu almış olacağam.

 

 

 

-İnanmaqdan söz düşmüşkən, siz ”Sənə inanıram” serialı ilə məşhurlaşdınız. Hazırda bu sahədə fəaliyyət davam edirmi, hansısa yeni serialda rol almısınızmı?

 

 

 

-Bəli elədir, həmin serialla məşhurlaşdım. Onu da qeyd etmək lazımdır ki, ”Sənə inanıram” serialındakı Həmid obrazı 5-ci baş rolum idi. Ondan sonra Almaniyaya köçdüm, bir müddət aktyorluq və rejissorluq üzrə təhsil aldım, sonra Azərbaycana qayıdar-qayıtmaz biznes layihə təklifi gəldi və bu dəfə Gürcüstana köçməli oldum. 3 il Tiflisdə yaşadıqdan sonra geri – vətənə döndüm. Serial çəkilişlərinə təkliflər təbii ki, gəldi və gəlir, amma hər layihəyə razılaşmıram. Ən son, keçən ilin sonunda dostum Oksana Rəsulovanın “Yalan həqiqət” serialında kiçik bir obraz canlandırmışam. Hazırda yenə bir neçə təklif var, düşünürəm, götür-qoy edirəm, hələ nəsə demək tezdir.

 

 

 

-Ruslan bəy, ölkənin serial bazarının hazırkı durumunu necə qiymətləndirərdiniz?

 

 

 

-Əfsuslar olsun ki, tərbiyəm BƏRBAD sözündən də bərbadını deməyə imkan vermir, yoxsa səsləndirərdim. Səviyyəsiz və cılız məişət mövzuları ilə doldurulub seriallar. Nə deyəsən.

 

 

 

-Amma bu arada dünyanın, elə qardaş Türkiyənin serial industriyasında ardıcıl şedevrlər ortaya çıxarılır. Budur, bu günlərdə ABŞ-ın ən nüfuzlu Emmy mükafatı nominantları da elan edildi. Bu hadisəyə necə şərh verərdiniz?

 

 

 

-Bəli, bu xəbəri izlədim. "Tac" (The Crown) və "Mandalorian" (The Mandalorian) serialları bu il 73-cü dəfə veriləcək Emmy televiziya mükafatına  əsas namizəddirlər. Uğur siyahısına düşən digər gözəl işlərin də adlarını qeyd edərdim, "Oğlanlar" (The Boys), "Bridcertonlar" (Bridgerton), "Qulluqçu hekayəsi" (The Handmaid's Tale), "Lavkraft ölkəsi" (Lovecraft Country), "Poza" (Pose) və “Bu bizik” (This) serialları da diqqətçəkəndir. Bilirsiniz, hazırda serial industriyası yüngül macəra dalınca getmir, sabun operalarının zamanı arxada qalıb. Seriallar əksərən psixoloji trillerlərdən mövzu alır. Onlarda bol informasiya, maarifləndirici bilgilər yer alır, didaktika da öz yerində. Yəni, bizdəki kimi, cinayət-xəyanət manipulyasiyası meydanda at oynatmır.

 


-Ruslan bəy, sizin ideyanızla ortaya qoyulan “Buktreyler” Festivalı qısa müddətdə ölkədə çox populyarlaşdı. Bu layihə ona görə əlamətdar idi ki, birdən-birə iki sahəni – kinonu və ədəbiyyatı gündəmə gətirirdi. Neçə-neçə parlaq istedadlı gənci də ortaya çıxardınız. Festivala Mədəniyyət Nazirliyinin dəstək olması onun nüfuzunu xeyli artırmış oldu. Nazirlikdə kadr dəyişikliyi oldu, bəs festivalın necə, davamı olacaqmı?

 

 

 

-Təbii ki olacaq. Nə qədər ki, tələb var, bu festivalı keçirmək niyyətindəyəm.

 

Buktreyleri həm anlayış, termin olaraq həm də Festival olaraq Azərbaycana 2016-cı ildə gətirdim və uğurla 5 il keçirdim. Buktreyler – ingilis sözü olub Book (kitab) və trailer (anons) sözlərindən ibarətdir, kitabın video anonsu deməkdir. Hal-hazırda Festivalın facebook, instagram səhifələrinə və email ünvanına suallar gəlir, növbəti festival nə vaxtdır və s. Bildiyiniz kimi biz festivala hər il 2 Fevral – Gənclər Günündən start verib onu 23 aprel – Beynəlxalq Kitab Günündə bitirirdik. Keçən il pandemiya ilində 5 illik yubiley Festivalını keçirdik, ondan sonra gözləmə rejimindəyik. Mədəniyyət Nazirliyindən təşkilati dəstək barədə məlumat gələcəyini gözləyirik. Ümid edirəm ki, tezliklə müsbət cavab alacağıq və gec də olsa bu il 6-cı “Buktreyler”  Festivalını keçirəcəyik.

 

 

 

-Kann kinofestivalını izləyirsinizmi?

 

 

 

-Xeyr, izləmirəm. Çünki ölkədə medianın mədəniyyət tədbirlərinə münasibəti yanlışdır, heç bir möhtəşəm mədəniyyət hadisəsi bizim media üçün sıravi kriminal xəbərdən üstün ola bilməz. Xarici mediayla təmas imkanları isə çox məhduddur. Məhz belə bir məqamda ölkəmizdə ixtisaslaşdırılmış mədəniyyət portalının fəaliyyətə başlaması sevindiricidir. Fürsətdən istifadə edib “Ədəbiyyat və incəsənət”ə uğurlar arzulayıram.

 

 

 

-Çox sağ olun. Bəs ölkənin mədəniyyat həyatında yeni nazirin təyinatından sonra nə kimi dəyişikliklər hiss edirsiniz?

 

 

 

-Bu, mənimçün çətin sualdır. Amma mən ölkənin mədəni həyatında olan bir ictimai fiqur kimi öz layihələrimin timsalından çıxış etsəm, fikrimi aydın izah etmiş olaram. Məlumdur ki, keçən il pandemiyanın başlanması və ardınca yeni nazirin təyinatı kimi proseslər start vermiş olduğum 5-ci “Buktreyler” Festivalının işini dondurdu. Amma artıq payız aylarında nazirliyə müraciət etdim ki, festivalın yarımçıq saxlanılması düzgün deyil, iştirakçılar da, təşkilatçılar da gözləmə rejimindəyik, zəhmət olmasa bitirək başlanılmış işi. Yeni nazir də çox sağ olsun, sözümüzü dinlədi və lazımi dəstəyi verəcəyini bildirdi. Hərçənd, bu il bir neçə dəfə müraciət etsək də, nazirlik rəsmilərindən konkret cavab ala bilmirik. Amma yenə də müsbət cavab alacağıma ümidliyəm. Çünki, tanıdığım bəzi yoldaşlar yeni naziri çox tərifləyirlər, onun həqiqətən də lazımlı və gözlənilən kadr olmasını söyləyirlər. Onun ortaya qoyduğu işlər də göz önündədir. Bundan əlavə, CineMo Mobil Film Festival layihəm də var, onun üçün də Mədəniyyət Nazirliyində müvafiq əməkdaşlarla bəzi söhbətlərim olub, bu layihənin də gerçəkləşəcəyinə inamım böyükdür.

 

 

 

-Təşəkkür edirik suallarımızı cavablandırdığınız üçün, Ruslan bəy.

 

 

 

Şəkildə: “Sənə inanıram” teleserialından bir görüntü.

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.