M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Türkiyə Elm və Ədəbi Əsər Sahibləri Birliyi (İLESAM) tərəfindən gətirilmiş 10 min nüsxə kitabın Azərbaycana hədiyyə edilməsi mərasimi keçirildi.
Tədbir Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə həyata keçirdiyi “Qarabağa kitabla gedək” layihəsi çərçivəsində reallaşdı. Təqdim olunan kitablar Qarabağda fəaliyyəti bərpa ediləcək kitabxanaların fonduna veriləcək.
Tədbirdə çıxış edən Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov bildirdi:
-Prezident İlham Əliyev Füzuliyə səfər edəndən sonra biz qərara aldıq ki, kitabtoplama kampaniyasına başlayaq. Məqsəd Prezidentə dəstək olmaq və işğaldan azad edilən torpaqlarda kitabxanaları bərpa etmək idi. Bu kampaniyaya ilk olaraq Azərbaycan Yazıçılar Birliyi qoşuldu, sonradan Xalq yazıçısı Elçin Əfəndiyev kitabxanaya 500 kitab hədiyyə etdi. Bu gün isə “İLESAM” təşkilatı kitabxanaya 10 min kitab bağışlayır. Bizim “İLESAM” təşkilatı ilə əməkdaşlığımız 2017-ci ildə başlayıb. Ümid edirəm, yaxın gələcəkdə topladığımız kitabları Qarabağdakı kitabxanaların fondlarına təqdim edəcəyik.
Mədəniyyət naziri Anar Kərimov söylədi:
-Türkiyənin Azərbaycana çox isti münasibəti var. Bizə qardaş ölkə həm müharibə dövründə, həm də dağıdılmış şəhərlərin yenidən qurulmasında, tarixi-mədəni abidələrin bərpa edilməsində dəstəyini əsirgəmir. Qarabağda 900 kitabxana dağılıb, bu, ən çox ziyan çəkən mədəni abidələrimizdir. Ölkə rəhbərinin çağırışına qoşulmaq üçün Mədəniyyət Nazirliyi bu dəfə “Qarabağa kitabla gedək” layihəsinə başlayıb. Hər bir vətəndaş bu layihəyə qoşularaq özü ilə kitab gətirə bilər. Artıq bir çox ziyalılarımız bundan əvvəlki kitabtoplama kampaniyasında iştirak edib. Qardaş Türkiyənin kitabxanaya verdiyi kitablar bizim üçün böyük hadisədir.
Tədbirə qoşulmuş Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı dedi:
-Bu gün bizim Milli Kitabxanaya kitab hədiyyə etməyimiz Türkiyənin Azərbaycanla olan sıx əlaqələrinin daha bir göstəricisidir. Bu əməkdaşlığı möhkəmləndirmək üçün kitab ən gözəl vasitədir.
“İLESAM”ın rəhbəri Mehmet Nuri Parmaksız söylədi:
-Əgər təmsil etdiyim təşkilatı dəstəkləyən qurumlar olmasaydı belə bir tədbiri keçirmək mümkün olmazdı. “İLESAM”ı dünyanın aparıcı qurumları dəstəkləyir. Təşkilat nəinki türkdilli ölkələrə, eyni zamanda bütün müsəlman dünyasına kitablar hədiyyə edir. Biz, həmçinin Azərbaycandan da Türkiyəyə kitab aparmaq istəyirik. Bizim türkiyəli oxucular Azərbaycanı daha yaxından tanımaq üçün qardaş ölkənin tarixini bilməli və yazıçılarını oxumalıdırlar.
Çıxışının sonunda Mehmet Nuri Parmaksız mədəniyyət naziri Anar Kərimova “Alim, şair, yazar və sənətçilər ensiklopediyası” kitabını hədiyyə etdi.
Tədbirin sonunda iştirakçılar Milli Kitabxanaya hədiyyə olunan kitabların sərgisi ilə tanış oldular. Bir daha xatırladaq ki, söhbət 10 min kitabdan gedir.
Qeyd: Türkiyə Cumhuriyyəti Dövlət Departamenti, Türkiyə Cumhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “İLESAM” ümumilikdə 80 000 kitabı ianələr kimi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Şimali Makedoniyaya hədiyyə edib.
Bu il həmin layihə çərçivəsində yenə təşkilat Azərbaycana (Bakı) və Kosovoya (Priştina) ümumilikdə 20 000 kitab hədiyyə edir.
İLESAMIN MƏNZİL-QƏRARGAHI
Ünvan: İzmir 1. Küçə nömrəsi: 33/16 aydın çoxmənzilli ev, mərtəbə: 4 qızıl / Ankara
Tel: 0312 419 49 38 / Faks: 0312 419 49 39
Web: www.ilesam.org.tr
E-mail :
Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.