Super User

Super User


Oktyabrın 23-dən 30-dək İstanbulda 9-cu Boğaziçi Beynəlxalq Film Festivalı keçiriləcək.
Gənc prodüserlərə və rejissorlara yeni filmlər çəkmək üçün maddi və mənəvi dəstək yaratmaq məqsədi daşıyan festivalda Azərbaycan da təmsil olunacaq.
“Beynəlxalq qısametrajlı bədii film” bölməsində Teymur Hacıyevin “Axşama doğru” filmi mükafat uğrunda yarışacaq. Bu bölmədə Fransa, Çin, ABŞ, Rumıniya və digər ölkələrdən 9 film yer alıb. “Beynəlxalq qısametrajlı sənədli film” bölməsində isə Fariz Əhmədovun “Sonuncu” filmi mübarizəyə qoşulub. “Sonuncu” filmi də öz kateqoriyasında müxtəlif ölkələrdən 9 filmə qarşı yarışacaq.
Qeyd edək ki, festivalın “beynəlxalq bədii film” kateqoriyasının münsiflər heyətində azərbaycanlı rejissor Hilal Baydarov da var.

Şənbə, 16 Oktyabr 2021 12:47

Ölkəmizdə yeni teatr yaradılıb


Azərbaycanda “Səhnə” adlı yeni teatr yaradılıb. Teatr “1 Səhnə” prodüser mərkəzinin nəzdində açılıb. Mərkəzin direktoru, aktyor Elçin Hacı bu barədə mediaya məlumat verərək teatrsevərləri təbrik edib.
“Səhnə” teatrının bədii rəhbəri Xəqani Əliyev yaradıcı kollektivin insanlarda teatra marağı daha da artıracağına inandığını bildirib.
Teatrın ilk işi Mirzə Fətəli Axundzadənin “Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur” əsərinin motivləri əsasında hazırlanan “Bir dəfə Qarabağda” adlı etno-muzikl janrında tamaşa olacaq. Tamaşa oktyabrın 30-31-də Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində təqdim olunacaq. Biletləri iticket.az saytından əldə etmək olar.
Tamaşanın rejissoru Elvin Mirzəyev, bəstəkarı Azər Hacıəsgərli, şeirlərin müəllifi Eminquey Akifdir. Rolları Elçin Hacı, Əhliman Ərşadlı, Ramil Məmmədov, Mətanət Eres, Abdulla Elşadlı, İranə Kərimova, Ülvi Haşim və Ruhiyyə Yəhyayeva canlandıracaq. Tamaşada səsləndirilən musiqilər qədim milli musiqi alətlərindən ibarət “Əsrlərin sədası” ansamblına məxsusdur. Ansamblın bədii rəhbəri Məmmədəli Məmmədovdur.

Şənbə, 16 Oktyabr 2021 12:39

Ramiz Qusarçaylıdan payız lövhəsi


Ustad şair Ramiz Qusarçaylının yeni yazdığı “Payız şəkli” şeirini oxucularımıza təqdim edirik. İlmə-ilmə toxunan bu payız lövhəsi, düşünürük ki, oxucularımızın xoşuna gələcək.

PAYIZ ŞƏKLİ

Nə gözəl əsərdi bu,
Boyalar yumru-yumru.
Zirvələr yastı-yastı                             
Qayalar yumru-yumru.

Boz talada göy yamaq,
Kövşən sarı, yol dümağ,
Cığırlar yumaq-yumaq
Tayalar yumru-yumru.

Xəzəllər xışıl-xışıl,
İlğımlar işıl-işıl,
Mürgülər mışıl-mışıl
Röyalar yumru-yumru.

Burda hər şey tül kimi,
Daş da açıb gül kimi,
Çıxarıb ürəyimi
Soyalar yumru-yumru.

Gözü dolub payızın,
Rəngi qaçıb bir qızın,
Sevgilər uzun-uzun
Dünyalar yumru-yumru.

16 oktyabr. Ümumdünya anestezioloq günü
Ağrıya qarşı hamı həssasdır. Ən mürəkkəb tibbi müdaxilələrdə “narkoz” deyə tanıdığımız anestezioloji preparat ağrının şiddətini azaldaraq, yaxud tam kəsərək bizim bu müdaxilələrə tab gətirməyimizə yardımçı olur. Bu prosesi icra edən mütəxəssislər anestezioloqlardır ki bu gün də onların günüdür. Tarixin ilk belə mütəxəssisi qədim yunan təbibi və filosofu Dioskorid hesab olunur, o, eramızdan əvvəl 1-ci əsrdə Roma ordusunda təbiblik edərkən imperator Nerona məruzə edib ki, mandraqordan hazırlanmış yuxugətirici və ağrıkəsici məlhəmləri yaralı əsgərlərə içirdəndən sonra onların üzərində cərrahi əməliyyat aparmaq daha rahat və asan olur. 1846-cı ilin 16 oktyabrında isə amerikalı stomatoloq və cərrah Uilyam Morton ümumi narkoz düzəltmək üçün anesteziyadan ilk dəfə istifadəni publikaya göstərib.
Anestezioloqları təbrik etməyəkmi? Edək. Yetər ki onu da deyək ki, mədəniyyət xadimləri də cəmiyyətin anestezioloqlarıdır, onlar ədəbiyyat, musiqi, kino kimi janrlarla mənəvi insan ağrılarını keyləşdirməyə borcludurlar. Keyləşdirə bilirlərmi, bax bu ayrıca söhbətin mövzusudur.
16 oktyabr. Ümumdünya sağlam qidalanmaq günü
Həmən bu gün fəst-fud yeməkdən, qazlı şirin içkilər içməkdən, tütün və alkoqoldan uzaq durun. Bircə günsə bunu edin. Süfrələrdən uzaq düşmüş təbii ərzaq düzün süfrəyə. Nehrə yağı, camış qaymağı, şanı balı, kənd yumurtası, xaş-xaşlı şor yeyin səhər-səhər, günortaya unudulmuş dədə-baba yeməklərindən hazırladın, məsələn, birinciyə əvəlikli isti. İkinciyə səbzi-qovurma. Üstündən təzə sıxılmış nar, yaxud üzüm çirəsi için. Bəh-bəh. Şam yeməyinə də bir cam camış qatığı ilə təzə inək südünü qarışdırıb təzə təndir çörəyi ilə birlikdə doğramac edib gözünüzə təpin. Bundan sağlam qidanı ağlınıza belə gətirməyin. (Bunları əldə etməyin göydən ulduz qoparmaq qədər çətin olduğunu üzümə vurmayın, siz öz canınız).
16 oktyabr. “Sonuncu mogikan”
Ümumdünya ərzaq günüdür həm də bu gün. Soyuducusu ərzağa tamarzı insanlara yetər ki, bir-iki ərzaq alıb verəsiniz. Şef günüdür. Müdirləri təbrik etmək təvəqqe olunur. Bunu etməsəniz də olar. Əksər müdirlər onsuz da tabeçiliklərində olan işçilərinin hüquqlarını pozub özləri üçün cənnəti bu dünyada təmin edirlər. Allerqoloq günü. Pis bəladır, Allah qorusun sizi, allerqoloqlara işiniz düşməsin. Mən burdaca sizə bu mərəzin ən ağlagəlməz növü barədə danışmaq istəyirəm. Çiyələkdən, sitrusdan, göbələkdən allergiyası olanlar var, tozdan, günəşdən allergiyası olanlar var. Deməzsənmiş, pul əskinaslarından da allergiya mümkündür. Adam var ki, əli pula toxunanda bədəni səpib alışıb-yanır. Mən bu mövzuda bir hekayə də yazmışam, “Sonuncu mogikan” adlanır. İnternetdə adını yazsanız çıxacaq, oxuya bilərsiniz.  Ümumdünya onurğa günüdür. Onurğanızı qoruyun mütləq. Evsiz pişiklər günüdür. Rastınıza çıxan küçə pişiklərinə bir şey verin yesinlər. Bədnam qonşularımızda mətbuat günüdür. Qaraya ağ, ağa qara yazmaq üzrə ixtisaslaşmış erməni mətbuatı bu gün ən böyük yalançıları mükafatlandıracaq. ABŞ bəs neynəyəcək? Milli likyör gününü qeyd edəcək. Vur ki vurasan.
Varisin “11-20 oktyabrın təqvimi” yazısından


“Ölkəmizin mədəni həyatında Azərbaycan klassik vokalçılar festivalı bir bayrama çevrilib. Festival ilk dəfə 2019-cu ildə Azərbaycan Vokalçılar Festivalı adı ilə təşkil olunub. Dövlətimizin dəstəyi ilə baş tutan budəfəki festival artıq beynəlxalq statusu alıb. Bu, o deməkdir ki, müstəqil Azərbaycanın klassik ifaçıları artıq dünyanın tanınmış musiqiçiləri ilə eyni səhnəni bölüşəcəklər.”
AzərTAC xəbər verir ki, bu fikirləri Heydər Əliyev Sarayının rəhbəri, Əməkdar artist Ramil Qasımov oktyabrın 15-də Heydər Əliyev Sarayında II Azərbaycan Beynəlxalq Vokalçılar Festivalına həsr olunmuş konfransda deyib.
Bildirib ki, ölkəmizdə keçirilən irimiqyaslı festivallar, müsabiqələr dövlətimizin diqqət və qayğısı sayəsində gerçəkləşir. Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən Qəbələ Beynəlxalq Musiqi Festivalı, Şəki İpək Yolu Festivalı ilə yanaşı, digər festivalların hər biri klassik musiqimizin təbliğinə xidmət edir. İnanıram ki, beynəlxalq vokalçılar festivalı da neçə-neçə istedadlı gəncin üzə çıxmasına və bu janra məhəbbətin daha da artmasına xidmət edəcək.
Festivalın proqramı barədə məlumat verən Ramil Qasımov bildirib ki, Mədəniyyət və İncəsənət Universitetində Rəşid Behbudovun repertuarından mahnılar dinləniləcək, Bakı Musiqi Akademiyasının tələbələrinin ifasında klassiklərimizin musiqiləri səslənəcək, Dövlət Xor Kapellasının çıxışı olacaq. Festivalda bir neçə mədəniyyət ocağının iştirak edəcəyini bildirən Əməkdar artist bağlanış mərasiminin Heydər Əliyev Sarayında keçiriləcəyini söyləyib.
Tədbirdə Vətən uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Sənətşünasıq üzrə fəlsəfə doktoru, dosent Nərgiz Hüseynova “Azərbaycan vokal sənətinin inkişaf mərhələləri” mövzusunda çıxış edib. Bildirib ki, Azərbaycanda vokal ifaçılıq sənəti XIX əsrin sonu XX əsrin əvvəllərinə təsadüf edir. O zamanlar Bakıda Rusiya və digər ölkələrdən gələn truppalar çıxış edirdi. Onların çıxışları Azərbaycanda vokal sənətinə də marağı artırırdı. Azərbaycan Opera və Balet Teatrının fəaliyyəti sonradan vokal sənətinin inkişafına səbəb olub. Yeni-yeni vokalçıların meydana gəlməsinə təsir edib. Bunun nəticəsində Azərbaycanda bəstəkarlıq məktəbi formalaşmağa başlayıb, opera tamaşaları səhnəyə qoyulub. Bu səbəbdə də Şərqdə ilk opera tamaşası məhz Azərbaycanda yaranıb.
Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı “Bülbül Azərbaycan vokal sənətinin banisidir” mövzusunda çıxış edib. Bildirib ki, böyük sənətkar Bülbül zəngin yaradıcılıq yolu keçib və özünün çoxşaxəli fəaliyyəti ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində silinməz izlər qoyub. Onun Şərqlə Qərbin musiqi ənənələrinin qovuşuğunda novatorcasına yüksək məharətlə canlandırdığı rəngarəng obrazlar ifaçılıq sənətinin bənzərsiz nümunələridir. Milli musiqi xəzinəsi incilərinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasında Bülbülün müstəsna xidmətləri vardır.
Bülbülün böyük şəxsiyyət, böyük sənətkar, Azərbaycan professional vokal sənətinin banisi olduğunu deyən S.Təhmirazqızı bildirib ki, onun ifasında səslənən xalq mahnıları, muğam, klassik opera partiyaları Azərbaycan musiqisinin qızıl fondunu təşkil edir.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru Məryəm Babayeva Rəşid Behbudov yaradıcılığına toxunub. Onun xalq mahnılarının mahir ifaçısı olduğunu söyləyib.
Konfrans məruzələrlə davam edib.

Ramiz Hacı oğlu Mustafayev 1926-cı il oktyabr ayının 16-da Türkmənistan Respublikasının Cərcou şəhərində anadan olub. Bir il sonra ailəsi Bakıya köçüb. Uşaq yaşlarından teatra böyük həvəs göstərən Ramiz Mustafayev 15 yaşına qədər müxtəlif özfəaliyyət dram dərnəklərində fəal iştirak edib. 1941-ci ildə Bakı teatr texnikumunun aktyorluq şöbəsinə daxil olub, əvvəl Gənc Tamaşaçılar Teatrında, texnikumu bitirdikdən sonra isə Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyorluq edib. Vokal sənətinə olan həvəsi onu 1948-ci ildə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına gətirib, burada professor Bülbülün vokal sinfində sənətin sirlərinə yiyələnib. Ardınca bəstəkarlığın da sirlərinə yiyələnib. Seçimi elə bəstəkarlıq olaraq da qalıb. 50 ildən artıq yaradıcılığı dövründə bəstəkar musiqinin müxtəlif janrlarında dəyərli əsərlər yaradıb. O, 6 opera, 5 musiqili komediya, 9 oratoriya, 7 kantata, 5 vokal-simfonik poema, 8 simfoniya yazıb, 500-ə qədər mahnı və romansların, 200-dən artıq xalq mahnılarının xor üçün işləmələrinin müəllifi olub. Bəstəkarın ən uğurlu səhnə əsəri Səməd Vurğunun eyniadlı dramı əsasında yazılmış “Vaqif” operası sayılır. Bu operaya görə bəstəkar 1962-ci ildə Gənc Bəstəkarların Ümumittifaq Müsabiqəsində laureat adını qazanıb.
Görkəmli bəstəkarın yaradıcılığı dövlət tərəfindən yüksək qiymətləndirilib, o, 1973-cü ildə Azərbaycanın “Əməkdar incəsənət xadimi”, 1987-ci ildə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2001-ci ildə “Şöhrət” ordeni ilə təltif olunub. Ramiz Mustafayev 2008-ci il aprel ayının 10-da Bakı şəhərində vəfat edib. Ruhu şad olsun!

Azərbaycan Yazıçılar Birliyi (AYB) katibliyinin növbəti toplantısında birliyin pandemiya səbəbindən təxirə salınmış XIII Qurultayının tarixi müzakirə edilib.
AYB.az saytı xəbər verir ki, toplantıda qurultayın 2022-ci ildə, yaz aylarında Şuşada, Vaqif Poeziya Günləri ərəfəsində keçirilməsi qərara alınıb. Qurultaya hazırlıq işləri ilə bağlı təkliflər səsləndirilib. Seksiyalara məruzələrin hazırlanmasının tapşırılmasına və məruzələrin yanvar ayında müzakirə edilməsinə, qurultay nümayəndələrinin yanvar ayından etibarən seçilməsinə qərar verilib. Toplantıda seksiyalara yeni təyinatlar da müzakirə edilib. Səyyad Aran nəsr seksiyasının, Kamran Nəzirili tərcümə seksiyasının sədri, İbrahim İlyaslı isə poeziya seksiyası sədrinin müavini təyin edilib.
Daha sonra Yazıçılar Birliyi üzvlərinin üzvlük haqlarının vaxtında ödənilməsi məsələsi müzakirə edilib. Qeyd edilib ki, üzvlük haqları borcunun silinməsinə baxmayaraq, 2020-2021-ci il üçün üzvlük haqlarını ödəməyən çoxsaylı üzvlər var. Bu üzvlərə xəbərdarlıq edilməsinə, üç il üzvlük haqlarını ödəməyən üzvlərin birliyin sıralarından xaric edilməsinə, üzvlük haqlarının ödənilməsinin asanlaşdırılması üçün Yazıçılar Birliyinin bank kartının elanlarda qeyd edilməsinə qərar verilib.

“Ədəbiyyat və incəsənət” portalı TASS agentliyinə istinadən xəbər verir ki, İtaliya və Rusiyadan olan ədəbiyyat və incəsənət xadimləri Beynəlxalq Puşkin mükafatı laureatları olmuşlar.
Cümə axşamı onların adları Romada, Respublika Senatının iqamətgahı Palazzo Madamada elan edilib. Bu gün Romada dördüncü dəfə Rus evində keçiriləcək mükafatların təqdimedilmə mərasimi  Fyodor Dostoyevskinin anadan olmasının 200 illiyinə həsr olunub (1821-1881).
Rejissor Andrey Konçalovski, Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Tsereteli, aktyor Sergey Bezrukov və rəssam İqor Ladojanin - Beynəlxalq Puşkin mükafatının Rusiyadan olan laureatları bu şəxslərdir. Və hər dörd laureatın mükafata layiq görülən işinin motivində İtaliya dayanıb.
Konçalovski 2019-cu ildə çəkilmiş "Günah” filminə görə mükafata layiq görülüb. 14 həftə ərzində çəkiliş Roma, Florensiya və Karrara da daxil olmaqla İtaliyanın müxtəlif şəhərlərində aparılıb.
Sereteli mükafata İtaliyada ucaltdığı  üç heykələ görə, Bezrukova ifa etdiyi rollarına görə, Ladojanin isə italyan peyzajları olan bir sıra rəsmlərinə görə layiq görülüb.
İtaliyalılardan isə şair Françeska Mariya Ricky "Həyat addımları" kitabına görə, həmçinin tərcüməçilər-slavistlər Culiya de Florio, Aliçe Farina və Elena Fred Pireddin Dostoyevskinin əsərlərini italyan dilinə tərcümə etdiklərinə görə mükafata layiq görülmüşlər.
Qeyd edək ki, bu xəbər bu gün üçün dünya üzrə əsas art xəbərlər sırasında ön yerdədir.

Dünyada elə memarlıq inciləri var ki, qızıl fondu təşkil edirlər. İllər keçir, amma bu möhtəşəmliyi yeni tikililər, ultramüasir, modern dizaynlar kölgədə qoya bilmir.
“Ədəbiyyat və incəsənət” portalı Boredranda.com saytına istinadən dünyanın ən çox təqdir edilən arxitektura incilərini təqdim edir.
Növbəti fotoda Asiyadan Avropaya keçid alacağıq. Foto Fransaya aiddir.
Ağlasığmaz gözəlliyə malik Mon-Sen-Mişel qəsri.

Beləliklə, o, Elvis Presli, Şer, Kliff Riçard, Maykl Cekson və Devid Boui kimi musiqiçilərin nailiyyətlərini kölgədə qoydu
Britaniyalı dahi musiqiçi, Bakıda çıxışları ilə canlı gördüyümüz Elton Con (əsl ad-soyadı Recinald Kennet Duayt) öz kompozisiyaları ilə altı onillik ərzində Britaniya musiqi çartlarının Top-10-na daxil olmuş ilk musiqiçi olmuşdur. Bu barədə Britaniya musiqi hit-paradlarının tərtibinə və nəşrinə görə məsuliyyət daşıyan Britaniyanın rəsmi Charts Company şirkəti çərşənbə günü məlumat verib.
74 yaşlı bəstəkar və ifaçıya rekord təyin etməyə kosovolu müğənni Dua Lipa ilə birgə yazılmış Cold Heart (Pnau Remix) kompozisiyası kömək edib. 13 avqust tarixində satışa buraxılan trek hal-hazırda Britaniya hit paradında ikinci sırada yer alır və hazırkı liderin - Ed Şiranın Şivers mahnısının yerinə keçərək siyahıda liderliyə yiyələnmək üçün bütün şanslara malikdir. Beləliklə, Elton Con Elvis Presli, Şer, Kliff Riçard, Maykl Cekson və Devid Boui kimi musiqiçilərin uğurlarını üstələməyi bacarıb.
Ümumilikdə isə Elton Conun 33 dəfə kompozisiyaları onun vətənində Top-10 hit-paradlarına düşüb. İlk dəfə bu, 1971-ci ildə Your Song mahnısı ilə baş verib. Onda yeddinci, 30 ildən sonra, 2002-ci ildə isə Elton Con dördüncü yeri tutub. 1970-ci illər Elton Conun karyerasında onun əsərlərinin musiqi çartlarında tutduğu mövqelərə görə ən uğurlu illər olmuşdur. Musiqi reytinqlərində birinci sətrə Elton Con yeddi dəfə ucalmışdır. Onun karyerasının şah əsəri isə 1997-ci ildə Parisdə şahzadə Diananın avtomobil qəzasında faciəli ölümdən sonra yazdığı sinql olmuşdur. Something About The Way You Look Tonight adlı bu sinql Britaniya musiqi sənayesinin tarixində ən çox satılan sinql hesab edilir. 4,94 milyon nüsxə tirajla disk satışı tarixdə bir də təkrarlanmamışdır.


Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.