Super User
Mostar şəhərindəki divar rəsmləri dünyanın ən yaxşıları sırasında yer alıb
Divar rəssmlərini çəkən küçə rəssamları estetik gözəlliklərin əsl yaradıcıları hesab edilirlər. Bosniya və Herseqovinanın cənubundakı Mostar şəhəri bu cür divar rəsmləri ilə çox zəngindir. Buradakı divar rəsmləri dünyanın ən yaxşıları sırasında yer alıb, Mostar şəhərinin küçələrini bəzəyən gördüyünüz bu maraqlı divar rəsmi "Street Art Cities" adlı platforma tərəfindən dünyanın ən yaxşı 25 küçə rəsmi siyahısında qərarlaşıb.
Qeyd edək ki, sıravi həvəskarlarla yanaşı, dünyaca məşhur rəssamlar öz əsərlərini Mostardakı divarlara çəkiblər və həmin rəsmlər şəhərin simvoluna çevrilib. Şəhərin küçələrində Serbiya, Xorvatiya, Makedoniya, Kosovo, Bosniya kimi qonşu Balkan dövlətləri ilə yanaşı, ABŞ, Argentina, İspaniya və İtaliyadan olan rəssamların əsərləri də yer alıb. Bir sözlə, təkrarsız gözəllikdir.
“Scream” (Qışqırıq) filminin 5-ci hissəsinin treyleri çıxıb
ABŞ-ın “Paramount Pictures” şirkəti çoxdan gözlənilən “Qışqırıq” filminin 5-ci hissəsinin treylerini yayımlayıb.
TASS agentliyi xəbər verir ki, filmin rejissorları Tayler Cillett və Met Bettinellidi.
Ekran əsəri əvvəlki 4 hissədən tanıdığımız manyakın yeni macəralarından bəhs edir. Filmdə Niv Kempbell, Kortni Koks, Devid Arkett, Kayl Qallner, Melissa Barrera, Meyson Qudinq və başqaları çəkilib.
Londonda başa çatan “Yaz-yay 2022” moda həftəsinin əsas tendensiyası
Bu payız günlərində dünya modasının əsas hadisəsi, şübhəsiz ki, Londonda keçirilən yüksək moda həftəsi oldu ki, bu barədə sizlərə məlumatlar çatdırdıq. 2022-ci ilin yaz, yay trendlərinin nümayişindən ibarət olan bu qrandioz şouda baş verənlər barədə “Ədəbiyyat və incəsənət” portal Vogue dərgisinə istinadən sizlərin xahişi ilə daha geniş məlumat verir. Modasevərlər, yaxın əyləşin!
Nensi Doyaka
Moda Həftəsində ilk nümayiş LVMH Prize 2021-in qalibi Nensi Doyakanın qismətinə düşdü. Bu şouda Nensi prinsipcə yeni bir şey göstəmədi. Əksinə, bütün ən əlamətdar əşyalarını bir yerə yığdı: düyünlərlə kolqotka, qarının üzərində həndəsi kəsiklər olan platya, yarımşəffaf parçalardan toplar. Doğrudur, maraqlı nələrsə hər halda var idi. Dizaynerin debüt nümayişində biz ilk dəfə onun rənglə necə işlədiyini gördük - kolleksiyada çəhrayı rəngin müxtəlif çalarlarda bir neçə obrazı var idi.
David Koma
Gürcü əsilli London dizayneri David Koma bu dəfə öz nümayişi üçün qeyri-adi yer seçdi - Su İdman Növləri Mərkəzi. Zaha Hadidin (Bakıda Heydər Əliyev Mərkəzinin layihə müəllifi – red.) layihəsi üzrə 2000-2010-cu illərdə inşa edilən arenada Koma su idmanı üçün avadanlıq mövzusunu bütün kolleksiyasının leytmotivinə çevirdi. Neopren çıxacaqlı axşam ətəkləri idman aksessuarları ilə müşayiət olunurdu, payetkalardan olan don kapüşönlə zənginləşdirilmişdi, hidrokostyumu xatırladırdı. Paltarları nümayiş etdirən modellərin saçları, əlbəttə ki, nəm idi - qızlar sanki suyun içindən indicə çıxmışdılar və dərhal podiuma qalxmışdılar.
Halpern
Maykla Halpern də Londonda Moda Həftəsinin elə ilk günündə yeni kolleksiyasını göstərdi. Nəql edirlər ki, Halpern uşaq olanda tez-tez Nyu-York SaPerforming incəsənət mərkəzinə gedirmiş və Nyu-York City Ballet truppasının məşqlərinə heyranlıqla baxırmış. Halpernanın baletə olan sevgisi dizaynerin yeni kolleksiyasında öz əksini tapıb. Parlaq ipəkdən, lələklərdən və rəngarəng fırçalardan hazırlanmış kostyumları Böyük Britaniyanın Kral balet rəqqasları təqdim ediblər. Offline nümayiş yox idi. Onun yerinə Maykl Royal Opera House səhnəsində beş dəqiqəlik film çəkmişdi.
Edvard Kratçli
Edvard Kratçli təkcə Louis Vuitton-un keçmiş və çox qiymətli əməkdaşı deyil, həm də Mərkəzi Saint Martins Universitetinin məzunudur ki, burada keyfiyyətli reserç hər bir tələbə üçün əsas qaydadır. Yaz-yay kolleksiyası üçün Edvardın başı arxivlərə qarışdı. Nəticədə biz podiumda XVIII əsrin Britaniya modasından və ingilis LGBT icmasının tarixindən ilhamlanan 15 obrazı gördük. Əlbəttə ki, parçalar xüsusi diqqətə layiqdir — dizayner uzun illərdir ki, Louis Vuitton-da onlar üçün məsuliyyət daşıyırdı.
Metti Bovan
Bu il Metti Bovan iki əhəmiyyətli mükafat almışdı: Beynəlxalq Qadınlar mükafatı və İnnovasiya üçün Karl Lagerfeld mükafatı. Londonda keçən moda həftəsində isə dizayner növbəti dəfə nümayiş etdirdi ki, bu cür dəfnə çələnglərini əbəs yerə almır. Onun Yaz-Yay kolleksiyası pandemiyaya özünəməxsus reaksiya idi, buna görə də çox parlaq və hətta müəyyən dərəcədə inanılmaz çıxdı. Onun içində narıncı ətəklər konfet sarğılarını xatırladır, qolflar "parıldayan" dini xalça ruhunda qara-qırmızı printlərə boyanmışdır, paltarlar isə qalın qayışlarla dartılıb və bantla bütün bədən boyu bağlanmışdır. Ümumiyyətlə, Mettinin yaratdıqlarını təsvir etmək çətindir — baxmaq lazımdır.
Molli Qoddard
Molli Qoddardın Yaz-Yay kolleksiyası London moda həftəsində ən çox müzakirə ediləndir. Əsasən, ona görə ki, Molli hətta İtalyan l ' Uomo Vogue tamaşaçısını da qızışdıran bir yenilik - düyünləri olan kişi baletkası təqdim edib. Paltarlara gəldikdə, dizayner özünü aldatmadı. Modellər podiuma uzun mavi cins üzərindən geyilən tüldən hazırlanmış zövqlü paltarlarda və bluzlarda çıxdılar. Hər şey brendin ən yaxşı ənənələrində idi.
Simon Roşa
Simon Roşa markasının yaz-yay kolleksiyasını ikinci qızının doğulmasına həsr edib və kolleksiyanı yeni uşaq dünyaya gətirmiş ana libasları ilə zənginləşdirib. Paltarlara uşağı rahat əmizdirmək üşün döş hissəyə lif bərkidilib, modellərin qulaqlarına süd dişləri şəklində sırğalar asılıb, yaxalar isə hipertrofik (onlar doğumun müqəddəsliyini simvollaşdırırlar) iri alınıb.
JW Anderson
Jonatan Anderson bu mövsüm bir şou nümayiş etməmək qərarına gəldi, lakin uzun müddətli dostu və tərəfdaşı Yurgen Teller tərəfindən çəkilmiş lukbuku təqdim etdi. Teller özü də lukbukda oynadı. Şortda, boynunda bir kamera və əlində avtomobil şinləri. Bütün çəkilişləri Pirelli təqviminə keyfiyyətli və məzəli parodiya kimi qiymətləndirmək olar. Yurgenə kampaniyanı isə Mona Tuqaard və Abbi Çempionun modelləri etdilər.
Riçard Kuinn
Şounun əvvəlində Riçard Kuinn bahar-yaz 2022 modasını nümayiş etdirərkən qonaqlar, ümumiyyətlə, onun dizayner olub-olmadığına şübhə edirdilər. İlk yeddi monoxrom görünüş tamaşaçıları təəccübləndirdi, çünki Quinn hər cür printlərin (əsasən çiçək printlərinin ) modada əsas fanatı olmasını təsdiqlədi. Ancaq sonra hər şey öz yerinə qayıtdı və podium çiçək açdı. Bu, təkcə dəvət olunanların deyil, həm də şounu açan Lili Makmenamla Lila Moss üçün də əsl həyat bayramı oldu.
Harris Rid
Harris Rid yalnız keçən il Central Saint Martins-dən sərbəst buraxıldı və Met Gala-da Amerika Vogue və Iman çəkilişləri üçün Harry Styles hazırlamağa vaxtı oldu. "Harris Reed — bu sizə orta statistik yeni başlayan dizayner deyil", — Anders Kristian Madsen Ridin debüt şousunda bax belə bir revü yazdı. Harrisin cəmi on obrazdan ibarət kolleksiyası - müasir qenderfluid toy dəbi mövzusunda refleksiya idi. Və onun yaradılması prosesində dizaynerə David Boui tərəfindən böyük təsir olmuşdu.
COS
London moda həftəsinin final akkordu isə COS brendinin tarixində ilk moda nümayişinə qatılması oldu. Roundhouse adlı Londonun konsert salonunda tünd-göy, qəhvəyi və qara obrazlar mavi, sarı platyalarla və köynəklərlə qarışdırılmışdı. Banan və bordo rəngli çantalar, tüklü limon rəngli klatçlar isə zövqləri oxşayır, dekorasiyanı tam tamamlayırdı.
Diqqət: Yazını dərc edərkən portalımıza istinad zəruridir, bütün hüquqlar qorunur.
Dünya memarlıq inciləri: Yaponiyadakı Matsumoto qəsri
Dünyada elə memarlıq inciləri var ki, qızıl fondu təşkil edirlər. İllər keçir, amma bu möhtəşəmliyi yeni tikililər, ultramüasir, modern dizaynlar kölgədə qoya bilmir.
“Ədəbiyyat və incəsənət” portalı Boredranda.com saytına istinadən dünyanın ən çox təqdir edilən arxitektura incilərini təqdim edir.
Növbəti foto Yaponiyaya aiddir. Möcüzəli Matsumoto qəsri.
Mədəniyyət Nazirliyi kitabxanaların kitab fondu üçün alınan kitabların siyahısını təsdiqləyib
Mədəniyyət Nazirliyi tərəfindən tabeliyindəki kitabxanaların kitab fondlarını yeni nəşrlərlə zənginləşdirmək və komplektləşdirmək məqsədilə elan olunmuş “Nəşrlərin satınalınması müsabiqəsi”nin nəticələri müəyyənləşib.
Nazirlik bildiririk ki, “Nəşrlərin satınalınması müsabiqəsi”nin təşkilində şəffaflığı, səmərəliliyi və obyektivliyi təmin etmək məqsədilə müsabiqəni nazirlik tərəfindən yaradılan “Nəşr Planının Tərtibi və Nəşriyyat Məhsullarının Satınalınması üzrə Komissiya” həyata keçirib.
Müəlliflər və müəlliflik hüququ sahibləri tərəfindən müsabiqəyə təqdim olunan kitablar Komissiya tərəfindən bir ay müddətində qiymətləndirilib, eyni zamanda nəşrlərin dəyərləndirilməsi zamanı kitabxanaların təqdim etdiyi oxucuların sorğu kitabçasına əsasən hazırlanmış statistik məlumatlar da nəzərə alınıb.
Komissiya tərəfindən müsabiqəyə təqdim olunan nəşrlər arasından 235 adda kitabdan 14.679 nüsxəsinin satınalınması qərara alınıb, seçilən nəşrlər kitabxana fondlarının komplektləşdirilməsi baxımından məqsədəuyğun hesab edilib.
Kitabxana fondlarının oxucuların tələbatına uyğun komplektləşdirilməsi məqsədilə komissiyanın seçiminə əsasən “Altun kitab” nəşrlər evindən dəyəri 7.038,50 (yeddi min otuz səkkiz manat əlli qəpik) manat olan 44 adda 2855 nüsxə kitabın, “Parlaq İmzalar” nəşriyyatından dəyəri 11.360,00 (on bir min üç yüz altmış) manat olan 29 adda 1495 nüsxə kitabın, “Qanun” nəşriyyatından dəyəri 10.335,70 (on min üç yüz otuz beş manat yetmiş qəpik) manat olan 19 adda 1345 nüsxə kitabın, “TEAS Press” nəşriyyat evindən dəyəri 13.815,35 (on üç min səkkiz yüz on beş manat otuz beş qəpik) manat olan 35 adda 2125 nüsxə kitabın, “Xan” nəşriyyatından dəyəri 6745 (altı min yeddi yüz qırx beş) manat olan 22 adda 1000 nüsxə kitabın alınması həyata keçiriləcək.
Azərbaycan filmi Asiya və Sakit Okean Hövzəsi Ölkələri Ekran Mükafatlarının nominantları arasında
On dördüncü Asiya və Sakit Okean Hövzəsi Ölkələri Ekran Mükafatları (Asia Pacific Screen Awards) namizədləri elan olunub. 25 ölkədən 38 filmin nominant olduğu mükafatların qalibləri noyabrın 14-də Avstraliyada keçiriləcək tədbirdə açıqlanacaq.
C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasından AzərTAC-a bildirilib ki, İlqar Nəcəfin “Suğra və oğulları” filmi ən yaxşı ssenari nominasiyasında namizəddir.
Film İkinci Dünya müharibəsi zamanı ucqar dağ kəndində - arxa cəbhədə baş verən hadisələrdən bəhs edir.
Ucqar kəndin kişiləri müharibəyə gediblər. Suğra da kəndin digər qadınları kimi ağır məişət işləri görür, övladlarını böyüdür. Suğranın böyük oğlu Musanı cəbhəyə çağırırlar. Bu xəbərdən sonra Suğranın həyatında dramatik dönüş başlanır.
Filmin çəkilişləri 2019-cu ilin noyabr-dekabr aylarında Daşkəsən rayonunun Suqovuşan kəndində aparılıb.
Filmin baş prodüseri İlqar Nəcəf, prodüserləri Orman Əliyev və Ayhan Salar, rejissoru İlqar Nəcəf, ssenari müəllifləri Asif Rüstəmov, Roelof Jan Minneboo və İlqar Nəcəfdir. Əsas rolları Günəş Mehdizadə, İlqar Cahangir, Hümbət Əhmədzadə və Paşa Məmmədli ifa edirlər. Filmin təsvir rejissoru Ayhan Salardır.
“Butafilm”, Bakı Media Mərkəzi, “Arizona Production” (Fransa) və “Salarfilm”in (Almaniya) birgə istehsalı olan “Suğra və oğulları” bədii filmi hazırda A kateqoriyalı Busan Beynəlxalq Film Festivalının müsabiqə bölməsində iştirak edir.
Tanınmış Azərbaycan maarifçisi Şəfiqə Qaspıralının anadan olmasının 135 illiyidir
Çox maraqlı bir şəxsiyyət olub Şəfiqə xanım. O, 1886-cı il oktyabr ayının 14-də Krımda - Bağçasarayda məşhur türk ziyalısı İsmayıl bəy Qaspıralının ailəsində anadan olub. Mətbuata 1903-cü ildə atasının rəhbəri olduğu “Tərcüman” qəzeti vasitəsilə gəlib. Qadınlara qarşı sərgilənən kobud, laqeyd münasibətlər onu qadın azadlığı uğrunda mübarizəyə cəlb edib. 1906-cı ildən 1910-cu ilə kimi o, “Tərcüman”ın mətbəəsində qadınlar üçün Rusiya müsəlmanlarının “Qadın dünyası” adlı ilk qadın jurnalının çapına nail olub. 1906-cı ildə sonralar Azərbaycan Xalq Cümhuriyyətinin baş naziri olmuş tələbə Nəsib bəy Yusifbəyli ilə ailə həyatı qurub. Şəfiqə xanım Nəsib bəy təhsilini başa vurduqdan sonra onunla Gəncəyə gedib, lakin 3 il keçəndən sonra Nəsib bəyin ondan əvvəl başqa bir qadınla dini nikahda olduğunu öyrənərək ondan ayrılıb, övladları ilə birlikdə Krıma qayıdıb. Atasının ölümündən sonra Şəfiqə xanım “Tərcüman”ın nəşrinə diqqət yetirib, siyasi fəaliyyətini artırıb. 1917-ci ildə o, Kazan şəhərində keçirilən Rusiya müsəlman-türk qadınları konqresinə nümayəndə seçilib. Krımda “Qadın komitələri” təşkilatını yaradıb. Moskvada keçirilən Rusiya müsəlmanlarının konqresində Krımı təmsil edib.
Krım türklərinin siyasi və ictimai işlərdə fəallaşması təbii ki, hökumətin xoşuna gəlmirdi. Məhz bu səbəbdən də 1918-ci ilin fevralında “Tərcüman” qəzeti bağlandı. Şəfiqə xanım repressiya dalğasını görüb 1918-ci ilin əvvəllərində övladları ilə birlikdə Gəncəyə, 1919-cu ildə isə Bakıya gələsi oldu. Cümhuriyyət dövründə o, Bakıda Xalq Maarif Nazirliyi yanında uşaq bağçaları üçün tərbiyəçilər hazırlayırdı, dövri mətbuatda qadın azadlığı mövzusunda yazıları ilə çıxış edirdi. Ayrılsalar belə Nəsib bəy övladlarına və keçmiş həyat yoldaşına hər cür dəstək göstərirdi. 1920-ci ildə bolşevik istilası və Nəsib bəyin müəmmalı qətli Şəfiqə xanımı bir daha Azərbaycandan uzaq saldı. Bolşeviklər onu övladları ilə birlikdə yaşadığı mənzildən çıxardılar. Ailənin gələcək taleyindən narahat olan, o zaman Bakıda işləyən bir türk diplomatı Şəfiqə xanımı və övladlarını türk hərbçiləri ilə birlikdə Türkiyəyə yola saldı. Bir müddət Şəfiqə xanım Türkiyədə maddi çətinliklə üzləşdi, övladları ilə sıxıntı çəkdi. Sonra İstanbulda “Qızıl ay” beynəlxalq xeyriyyə cəmiyyətində tərcüməçi kimi işə düzəldi. 1930-cu ildə Türkiyədə Krım Qadınlar Cəmiyyətini təsis etdi. “Şəfiqə Qaspıralı və Rusiyada türk qadın hərəkatı (1893-1920)” adlı Azərbaycan tarixi üçün maraqlı olacaq bir kitab çap etdirdi. Taleyinə əzablı günlər yazılan bu fədakar xanım uzun ömür yaşadı. 1975-ci il avqust ayının 31-də İstanbulda vəfat edərək Zəncirliquyu qəbiristanlığında dəfn edildi. Ruhu şad olsun!
“Vətən mənə oğul desə, nə dərdim” deyən Məmməd Arazın bu gün doğum günüdür
Xalq şairi, Azərbaycanın Dövlət mükafatı laureatı, “İstiqlal” ordenli Məmməd Arazın bu gün doğum günüdür.
Məmməd Araz (Məmməd İnfil oğlu İbrahimov) 14.10.1933- cü ilin 14 oktyabrında Şahbuz rayonunun Nursu kəndində dünyaya göz açıb. Şahbuzda orta məktəbi bitirdikdən sonra, Azərbaycan Pedaqoji İnstitutunda ali təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi Ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak edib. Burada bəyənilən “Yanın, işıqlarım” şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb, Azərbaycan Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959-1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub. Sonra “Ulduz” jurnalının məsul katibi, “Ədəbiyyat və incəsənət” qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini vəzifələrində çalışıb.
1974-cü ildən ömrünün sonuna kimi “Azərbaycan Təbiəti” jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının (indiki AYB) Poeziya bölməsinə başçılıq edib.
Mənalı, keşməkeşli və şərəfli şair-vətəndaş ömrü yaşamış Məmməd Araz, əsl istiqlal şairi olaraq əbədi şöhrət qazanıb.
Şübhəsiz, poetik ilhama malik sənətkarın yaradıcılığının baş qəhrəmanı Azərbaycandır! Onun “Vətən mənə oğul desə”, “Məndən ötdü, qardaşıma dəydi”, “Ata ocağı”, “Ana yurdum, hər daşına üz qoyum” şeirləri Vətən mövzusunda ən yaxşı əsərlər kimi dillər əzbəridir.
Məmməd Araz poemaları ilə də təkrarsızdır. Onun “Üç oğul anası”, “Araz axır”, “Mən də insan oldum”, “Paslı qılınc”, “Əsgər qəbri”, “Atamın kitabı” poemaları hər şeydən öncə insan mənəviyyatının mürəkkəbliyi, tarix və çağdaşlıq kimi fundamental məsələlərə həsr olunub.
Xalq şairi Məmməd Arazın əsərləri Sovet dövründə də, müstəqillik illərində də kütləvi tirajlarla dəfələrlə nəşr edilib.
Məmməd Araz ədəbiyyat qarşısında xidmətlərinə görə Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı (1975), “Əməkdar mədəniyyət işçisi fəxri adı (1979), “Əməkdar incəsənət xadimi” fəxri adı (1984), Azərbaycanın Dövlət mükafatı (1988),”Xalq şairi” fəxri adı (07.12.1991), Hacı Zeynalabdin Tağıyev adına Milli mükafat (1992), “İstiqlal” ordeni (15.04.1995)
və bir sıra başqa təltiflərə layiq görülüb.
Şair 2004-cü il dekabrın 1-də uzun sürən ağır xəstəlikdən sonra Bakı şəhərində dünyasını dəyişib, Fəxri Xiyabanda dəfn edilib.
Şairin adına “Məmməd Araz” mükafatı təsis olunub.
Paytaxt Bakının Nərimanov rayonunda, eləcə də, Sumqayıt, Naxçıvan, Xaçmaz və Qax şəhərlərində şairin adını daşıyan küçələr var. Doğma Nursu kəndində Məmməd Arazın Ev muzeyi fəaliyyət göstərir.
Məmməd Arazın 80 illik yubileyi Azərbaycan Prezidentinin 27.09.2013-cü il tarixli Sərəncamı ilə dövlət səviyyəsində keçirilib.
Allah rəhmət eləsin!
Vətən desin!
Bu gün gərək
Hər anımız Vətən! – desin!
Qılıncımız, qalxanımız
Vətən! – desin
Ölənlərin əvəzinə
Qalanımız Vətən! – desin.
Vətən! – desin
Qəlbimizin hər duyğusu,
hər vurğusu
Vətən! – desin.
Fərqi yoxdur, harda olaq,
Zamanımız, məkanımız
Vətən! – desin
Çox yatdıq, çox mürgülədik,
Qoca millət!
Mürgülədik: qoşa-qoşa
Dağlarımız oğurlandı.
Çaylarımız, göllərimiz
oğurlandı.
Düzlərimiz, çöllərimiz
oğurlandı.
Oğurlatdıq!
İndi saysaq saya sığmaz,
Daha nələr, nələr oğurlanıb.
Yer üstündə xəzinələr,
Yer altında dəfinələr
oğurlanıb!
Qoca millət, hər andımız,
Amanımız,
Əgər varsa,
Zərrə qədər imanımız,
İmanımız Vətən! – desin
Hər yaxşımız, yamanımız
Vətən! – desin
Əli kəsik, dili kəsik
Uşaqlar var – hələ dustaq,
Körpə dustaq Vətən! – deyir.
Bu nə külək, bu nə bulud,
Bu nə yağış, bu nə qardı?
Didərginlər üzərində
susub durdu,
Vətən! – dedi,
Mürgülüsən, qoca millət:
Daha möhkəm, daha ötkəm
gəlsin səsin,
Vətən! – desin
Qoca millət, Bu gün gərək
Hər anımız Vətən! – desin.
Bu gün Joze Saramaqonun “Korluq” romanı aktual olacaq
Bu günə təsadüf edən əlamətdar hadisələri nəzərinizə çatdırırıq:
14 oktyabr. Ümumdünya görmə günü
Müasir tibb göz xəstəliklərinin 80 faizini sağalda bilir, amma bəzən elementar tibbi avadanlıqların və mütəxəssislərin çatışmazlığı ucbatından vaxtında xəstəliyə müdaxilə edilmir və insan görmə qabiliyyətini itirir. Məsələn, ÜST 2017-ci ildə belə bir məlumat yaymişdi ki, Afrika qitəsində 26,3 milyon insan görmə qabiliyyətinin müxtəlif fəsadları ilə yaşayır. Bunlardan da 5,9 milyonu artıq tamamən kordur. Ümumən, Afrika qitəsi göz xəstəliklərinə görə dünya birincisi olmaq kimi kədərli liderliyi özündə saxlayır, dünyadakı kor əhalinin 15,3 faizi burada yaşayır. Tibb müəyyən edib ki, korluq yaradan hallar sırasında traxoma, onxoserkoz kimi infeksion xəstəliklər aparıcı yer tutur. Ən geniş yayılmış göz xəstəlikləri katarakta, qlaukoma və diabetik retinopatiyadır. Göz xəstəliklərinin statistik yaşı isə 50 və daha yuxarı yaşlardır.
Yəqin Nobel mükafatçısı Joze Saramaqonun “Korluq” romanını oxuyanlar var. Gözəl əsərdir, oxumağa dəyər.
Biz fiziki korluqdan danışırıq əlbəttə, bu qeyd edilən gün fiziki korluğa həsr edilib. Mənəvi korluğu özündə ehtiva edən gün, əlbəttə ki təqvimdə yoxdur. Bununla belə, ətrafdakı adamları, binaları, maşınları, ağacları, bir sözlə, hər şeyi görsələr belə HƏQİQƏTİ görməyən korlar da var, bu cür görən korlar, çox təəssüf ki, əksəriyyətdir.
14 oktyabr. Keçəllər günü.
Saç tökülməsindən əziyyət çəkən saçı seyrəklər, artıq dazlaşmaya məruz qalanlar, anadangəlmə keçəllər və s. və i. Bu gün belələri diqqət mərkəzində olacaq. Saç əkən mütəxəssislər, dazlaşmanın əleyhinə kosmetik vasitələr və müalicə vasitələri istehsal edən nəhəng industriya, hətta “başa tük gətirən eleksir” adı altında pasientlərə mənşəyi bəlli olmayan preparatlar sırıyan işbazlar bu gün gündəmdə olacaq. Amma keçəllər gününün mənşəyində tək belələri dayanmır, saçını ülgüclə dibdən qırxdıran keçəllər də bu günün qəhrəmanları sayılır. Hətta bir çox ölkələrdə ənənə var, məhz bu gün saçların köklərinə fayda gətirilsin deyə insanlar başlarını keçəl eləyirlər.
Şifahi ədəbiyyatımızdakı Kosanın dostu Keçəli xatırlayıb bu gündən saçlara qayğı göstərin. Unutmayın, irsi amillər dominantlıq təşkil eləsələr belə, kimyəvi, ekoloji təsir, iş və qida rejimi də saçların tökülməsində aparıcı faktordur. Saçlarınızı qoruyun!
14 oktyabr. Eyzenhauer və Maldelbrot
Beynəlxalq standartlaşdırma günü. Ekoloji təhsil günü. Lukoşenkogildə Ana, Baydengildə desert günü. Gürcü qonşularımızda bu gün dini bayramdır – Mtsxetoba günü. Cənubi afrikalılar isə polşalılarla bəhsə girib onlardakı təhsil gününün qarşılığında keys-menecer həftəsi keçirirlər. O ki qaldı bu gün dünyaya gələn tarixi şəxsiyyətlərə, 34-cü ABŞ prezidenti Duayt Eyzenhauerin adını niyə çəkməyək ki? 1890-cı ilin bu günündə doğulan bu şəxs 1953-61-ci illərdə superdövlətə başçılıq edib, ondan əvvəl isə 2-ci dünya müharibəsində faşistlərə qarşı vuruşan müttəfiqlərin (ABŞ, Britaniya və Fransa) ordusunun Baş komandanı olub. Amma bu gün dünyadan gedənləri də xatırlamaq lazımdır, insafsızlıq etməyək. 2010-cu ilin bu günündə dünyaşöhrətli fransız riyaziyyatçı, fraktal cəbrin banisi Benua Maldelbrot dünyasını dəyişib.
Varisin “11-20 oktyabrın təqvimi” yazısından
Bakı Marionet Teatrı yeni mövsümün açılışına hazırlaşır
Oktyabrın 16-da Bakı Marionet Teatrı “Leyli və Məcnun” tamaşası ilə yeni mövsümünün açılışını edəcək.
AzərTAC xəbər verir ki, tamaşa insan və marionetlərin dili, Üzeyirin sehrli musiqisi və Füzulinin yanıqlı sözləri ilə gözləmədiyiniz səhnə quruluşunda təqdim olunacaq.
Tamaşanın quruluşçu rejissoru və rəssamı Tərlan Qorçu, musiqi aranjemançısı Salman Qəmbərov, kukla ustası Tengiz Xalvaşı, işıq işləri üzrə rəssam Azər Muxtarov, səhnə qurğularının müəllifi İlkin Mirzəyevdir.
Tamaşa ürkək, vəfalı, dünyalara sığmayan bir eşqin taleyindən bəhs edir. İki gənc – Leyli və Məcnun bir-birini canından artıq sevsələr də, bu dünyada arzularına qovuşmaq onlara nəsib olmur. Klassik Avropa ədəbiyyatının Tristan və İzolda, Romeo və Cülyetta kimi obrazlarının Leyli və Məcnun ilə birbaşa analogiyası da diqqət çəkir.
Qeyd edək ki, dahi bəstəkar Üzeyir Hacıbəyli 1907-ci ildə Şərq muğamı və Qərb klassik musiqisinin sintezi əsasında “Leyli və Məcnun” operasını yazıb. Opera Marionet Teatrının repertuarında xüsusi yer tutur. “Leyli və Məcnun” muğam operasının 14 pərdəlik marionet tamaşası üzərində 3 il ərzində işlənilib. Tamaşanın bədii-təsviri estetikasında Azərbaycan intibahı dövrünə təsadüf edən Qacar incəsənəti nümunələrindən bəhrələnib. Dekorasiya, kukla və rekvizitlər bir çox ölkələrin teatr ustalarının iştirakı ilə tərtib olunub.