Super User
DİLİMİZDƏ İLK DƏFƏ - İordaniyalı şair Məhəmməd Əli Taher Miqdadinin “Göyün qapısı” şeiri
“Ədəbiyyat və incəsənət” portalı İordaniyalı şair Məhəmməd Əli Taher Miqdadinin “Göyün qapısı” şeirinin Azərbaycan dilinə tərcüməsini təqdim edir. Şeiri İngilis dilindən çevirən Rəsmiyyə Sabirdir.
Qeyd edək ki, bu iordaniyalı şairin şeirinin dilimizə ilk çevrilməsidir.
74 YAŞLI ŞAİR
Məhəmməd Əli Taher Miqdadi – 1952-ci ildə İordaniyada dünyaya göz açıb. 1974-cü ildə Şam Universitetinin bakalavr, 1988-ci ildə isə İordaniya Universitetinin magistr pilləsini bitirib.
1994-cü ildə ABŞ-da “Beynəlxalq iqtisadiyyat” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 1987-ci ildən İordaniya Yazarlar Birliyinin üzvüdür. 2006-cü ildə İordaniya Yazarlar Birliyinin Baş katibi olub. 2007-ci ildə isə Ərəb İnternet Yazarlar Birliyinin sədri seçilib. Ərəb dili Beynəlxalq Şurasının, Ərəb Yazarlar Birliyinin, Tunis Yazarlar Birliyinin və Amerikan İqtisadçılar Birliyinin üzvüdür.
GÖYÜN QAPISI
Sehrli bir əldən axan gümüş kimi
suyu gurhagur axır bu şəhərin.
Tanrının dərgahına çox yaxın kralları
göyüzündən alırlar
müqəddəsliyi, igidliyi...
Burda küçələrin necə boğulduğu
şəhərin divarlarından,
qara zamanın işgəncəsindən,
yoxsulluğun pəncəsindən
və bir də
miqrantların üzündən bəllidir...
Qara fəhlələrin alın təri
hər şeyi izah edir.
Bu qəriblərdən biri də mənəm.
Yalvarıram, nə olar,
aç mənə qucağını.
Qədim incinin işiltısına
heyran olum.
Məni də al qucağına.
Bitməyən nağılların
alsın yorğunluğumu.
Küçələrin aparsın məni
qəlbimin gərilmiş tellərinin
çalınacağı yerə...
İzin ver,
param-parça olmuş xəyallarımı
ağ mərmərlərin boşluğuna düzüm...
Mən qəribəm.
Yaraşmaq istəyirəm bir lavanta çiçəyinə.
Və mələklərin, peyğəmbərlərin
həyat üçün
yeni bir tablo yaratdığı
o uca aləmə...
Mən qəribəm.
Sal daşların,
qızmış qumların,
qayadan yonulmuş yastıqların
tikanın və tükün dilini öyrənə bildim.
Lakin hələ də
bir işıq şüası kimi
aşiqlərin üzünə
və təzə çiçəklərin
tac yarpaqlarına düşən
dilini öyrənə bilmədim.
Mən qəribəm.
Qar qədər yalnızam.
Gecə və gündüz
bağlı qapıların arxasındayam.
O başa-bu başa
gedirəm-qayıdıram.
Sənətkarlardan başqa
heç kim fərq etmir məni...
Mən qəribəm.
Ayaqlarım
sərt yoxuşlarda yoruldu.
Qan dondu damarlarımda.
Ac qarğalar
xarabalıqlarımda
yaralı arzularını
hayqıraraq uçuşurlar.
Küləyin şiddətindən dilim tutuldu.
Oynaqlarımı gəmirən soyuq
məğlub oldu.
Və yenidən
aylı gecələrdə bədənimdə,
sümüklərimdə dolaşır o musiqi.
Elə buna görə də
Tanrıdan
uzun kölgəni qorumağı
diləyirəm.
Böyütsün zəhmətkeş Günəşini.
Və şəfqətli əlləriylə
xəyallara hamilə üfüqləri
genişləndirsin.
“Ədəbiyyat və incəsənət”
(20.06.2024)
“TÜLU” – Orxan Fikrətoğlunun fantastik hekayəsi (2-ci paylaşım)
Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.
TÜLU
Fantastik hekayə
Atama ithaf
– Bəs sənə nə var?
Ayağa qalxıb ucadan: – Bəsdirin! – qışqırdı.
Dalaşanlar qorxub bir-birinin yaxasını buraxdılar.
– O kimdir?.. Bu, nə səsdir? – dedilər.
Yaxınlaşıb dalaşanların qolundan tutdu: – Axırıncı dəfə almanı haçan görmüsüz? – soruşdu.
Dalaşanların ikisi də bir ağızdan: – Biz heç zaman alma görməmişik, – dedi.
– Bəs onda niyə dalaşırsız? – soruşdu.
– Məsələ almada deyil ki, – dalaşanlardan biri dilləndi.
– Bəs nədədir? – xəbər aldı.
– Məsələ dalaşdığını özünə tabe etməkdədir.
– Axı niyə?
– Necə yəni niyə? Mən dünyanın yiyəsi olmaq istəyirəm. İstəyirəm bütün insanlar ayaqlarımın altından öpsün!
O bir şey demək istərkən digər dalaşan çəmkirdi:
– Dünyanın yiyəsi mənəm! Dünya mənimdir! Mənim də olacaq!
Dalaşanlar yenə bir-birinin yaxasından tutub söyüşə-söyüşə qaranlığın içinə qayıtdılar. Gördüklərinin yuxumu, gerçəkmi olduğunu heç cür anlaya bilmirdi. Axı onun zirzəmisində bu qədər adam neynirdi? Bəlkə onu qara basır? Zəlzələ olduğunu dəqiq xatırlayırdı. Ondan sonra özünə gəlməsi də yadındaydı. Külünglə zirzəminin dəmir qapısını açmağını da unutmamışdı. Ondan sonra baş verənlərin doğru olub-olmadığını isə bilmirdi. Ətraf zülmət qaranlıq olduğundan səsləri gələnlərin üzləri görünmürdü. Onlar ilğım kimiydilər. Varlıqları, yoxluqları seçilmirdi. Vaxtı, zamanı qarışdırmışdı. Bilmirdi hardadır. Ölçülər də gözündə dəyişmişdi. Uzağı, bir evin altı boyda olan zirzəminin ucu-bucağı görünmürdü. Nal tappıltısı eşidildi. Tappıltı get-gedə yaxınlaşıb qənşərində səngidi. Qaranlığın içindən sıyrılmış qılınc kimi sərt adam səsinə diksindi:
– Qarşımda baş əy!
– Sən kimsən ki? – soruşdu.
– Mən fatehəm. Buranı qılıncımla fəth etmişəm!
– Fəth etdiklərinin üzünü görmüsən? – soruşdu.
– Onların üzü də var? Mən elə bilirdim, onlar ancaq mənə tabe olmaq üçündür! Onların üzü məni maraqlandırmır!
– Onlarla heç olmasa bir dəfə danışmısan?
– Nəyə görə danışım?
– Bax gör bir kimdilər də. Nə danışırlar, nə düşünürlər? Səni sevirlər, sevmirlər?
–Düşünmək və danışmaq olmaz. Fəth etdiklərin düşünməməlidirlər.
– Düşünməsələr, sənə necə tabe olacaqlar?
– Qorxuyla... ancaq qorxuyla. Onlar məndən qorxurlar. Onların yaltaqlıq, tamah, nəfs və kiçik fateh olmaq istəklərindən istifadə edirəm. Onlar bir-birinin qənimidir. Hərəsinin qabağına bir tikə şörək atdın, bəsidir. Düşünmək nədir? Onlar düşünə-düşünə yaşamaq üçün çox qorxaqdırlar.
– Fateh olmaq sənə nə verir?
– İstədiyimi edirəm!
– Mənim zirzəmimdə?
– Səltənətim gözünə zirzəmi kimi görünür?
– Heç səltənətini görmüsən?
– Xeyr, görməmişəm. Mən buranı fəth etmişəm!
– Bəs özünü necə, görmüsən?
– Özümü də görməmişəm. Məni öyənlər deyir ki, ayaqlarım at ayaqlarıdır. Başım isə məğrur adam başıdır. Əlimdə sıyrılmış qılıncım var. Qəddar və ağıllıyam. Gözələm. Kəsəsini desəm, fatehəm də!
– Sən kentavrsan! Dastan qəhrəmanısan! Çoxdan mənim zirzəmimdə yaşayırsan?
– Burda doğulmuşam!
– Daha haranı fəth etmisən?
– Ancaq buranın siçanlarını! İki dənə də it fəth etmişəm. Bir də səni!
– Arvadın var?
– Öldürdüm!
– Neynəmişdi?
– Taxt-tacımı əlimdən almaq istəyirdi. Xəbər tutan kimi qılıncı soxdum qarnına. Qarnında uşağı var idi. Onu da öldürdüm.
– Sənin uşağın deyildi?
– Elə ona görə öldürdüm də. Başa düşmədin?
– Yox.
– O da böyüyyb mənim kimi fateh olmaq istəyəcəkdi. Sən qan zəhirmarı az bilmə. O, məni öldürməsin deyə, doğulmamışdan başını kəsdim. İndi anladın mən kiməm?
– Bəlkə doğulandan sonra uşağını sevəcəkdin?
– Sevmək qadağandır. Sevən də, sevilən də öldürüləcək. Qılıncımın altından keç! Səni “suküt naziri” təyin etdim. Bu gündən zirzəmidə sevgi haqqında danışmağı qadağan edirəm!
Ayağa qalxıb sıyrılmış qılıncın altından keçdi.
Əlini uzadıb at adamın sinəsinə toxundu.
At adam təmasdan şahə qalxdı.
– Bəlkə mənə kömək edəsən yuxarı qayıdım? Nazir olmaq istəmirəm.
– Sənin yuxarın buradır!
At adam toz qaldıra-qaldıra qaranlığa doğru çapdı.
İşıqlı divar tərəfdən səs eşidildi. Elə bil kimsə iri çəkiclə divarı döyəcləyirdi. Bəlkə onu xilas etməkdən ötrü divarı yarırlar?! Karın könlündəki. Acmışdı. Yeməyini bıçaqlı aparandan heç nə yeməmişdi. İşığa doğru süründü. Bir qədər sürünmüşdü ki, başı kiminsə yumşaq dizinə dəydi. Diz sahibi divara söykənib oturmuşdu. Dodaqlarının altında nəğmə oxuyurdu.
– Burda niyə oturmusuz? – diz sahibi ilə tanış olmaq istədi.
– Mən burda yaşayıram, – yumşaq dizin sahibi qadın imiş.
– Tənha? – soruşdu.
Qadın ağrılı-ağrılı: – Ərim öləndən sonra tənha! – cavab verdi.
– Cavan idi?
– Eyni yaşda olardıq!
– Onun üçün darıxırsan?
– Darıxıram! Sən bura necə düşmüsən? Səsini birinci dəfədir eşidirəm!
– Yuxarıda zəlzələ oldu. Evim baışıma uçdu. Bura mənim zirzəmim idi. Daşların altında qalmayım deyə aşağı düşdüm. İndi yuxarı çıxa bilmirəm. Sən heç yuxarıda olmusan?
– Orda nə itim azıb. Ora öləndən sonra qalxırlar.
– Siz ölülərinizi torpağa basdırmırsız?
– Biz ölülərimizi yuxarı qaldırırıq!
– Təsadüfən telefonun yoxdur?
– Var, niyə yoxdur?! Danışmaq istəyirsən, verim. Amma bir nəfərlə danışa biləcəksən. Daşı zəifdir.
Qadın çantasından çıxartdığı əl telefonunu ona uzatdı.
Bir xeyli düşünəndən sonra polisi yığdı. Növbətçi dəstəyi qaldırıb: – Altmış yeddinci polis bölməsi, serjant Allahyarov, – dedi.
– Cənab serjant, sizinlə danışan Məxfi sənədlərin mühafizəsi idarəsinin rəisi Niyazi Namazovdur. Əlibəy Hüseynzadə küçəsi, əlli doqquz ünvanında bir neçə gün bundan qabaq zəlzələ olub. Mən bu ünvandakı evin dağıntıları altındayam. Xahiş edirəm dediyim ünvana xilasedicilər göndərəsiniz. Səbrim, gücüm daha qalmayıb. Acam, susuzam. Nə olar məni xilas edin!
– Bura polis idarəsidir, cənab! Sizdən xahiş edirəm, dəstəyi yerinə qoyasınız! Axırı yaxşı olmaz. Rəsmi dövlət idarəsinə zəng edib ələ salmağa görə Cinayət Məcəlləsində xüsusi maddə var, – polis serjantı çox quru danışırdı.
– Nə ələ salmaq... Mən burda ölürəm e..., – deyib bağırdı.
– Cənab Namazov, dediyiniz o zəlzələ doqquz il bundan qabaq olub. Şəhər əhalisinin əlli faizi həmin o zəlzələdən çıxmadı. Dediyiniz ünvanı mən yaxşı xatırlayıram. Rəhmətlik babam orda yaşayırdı. Onu da daşların altından çıxara bilmədik. Hələ də ordadır. Babam çox hörmətli adam idi. Keşişdi. Kilsəsi qarışıq yerin altına batdı!
– Belə çıxır ki, mən doqquz ildir bu zirzəmidəyəm? – soruşdu.
Polis serjantı hirslə: – Danışığınızı bu dəqiqə kəsməsəniz, yaxın doqquz ili tamam başqa bir zirzəmidə keçirəcəksiniz! – dedi.
Telefonu söndürüb qadına uzatdı.
Qaranlıq olsa da, qadın ağladığını anladı. Araya sükut çökdü. Toxtayandan sonra sakit səslə qadından: – Mənimlə evlənmək istəmirsən? – soruşdu.
Qadın ayağa qalxıb: – İstəyirəm, – dedi.
Qadını qucaqlayıb bağrına basdı: – Səni də itirəcəyimdən qorxuram! – söylədi.
Qadın əllərindən tutub: – Daha yuxarı getməyəcəksən? –soruşdu.
– Məni orda gözləyən olmaz! – cavab verdi.
Qadının boyu balaca idi deyə barmaqları ucunda dikəlib onun dodaqlarından öpdü. Öpüş bircə anda içini dəyişdi. Yuxarıda tapa bilmədiyi sevgini qadının dodaqlarında tapdı. Balaca boylu qadının boynunu-boğazını öpə-öpə döşəməyə çökdü. Balaca qadının böyük sevgisi varmış. Altı-yeddi gün döşəmədə “bal ayı” yaşadılar. Bu altı-yeddi günün içində zirzəmiyə tam öyrəşdi. Qaranlığın soyuğu da qadının sevgisindən isindi. Qadının mehri qaranlığı yumşaltdı. Ayağa qalxandan sonra qadın qaranlığın bir hissəsini süpürgəylə süpürüb: “Bura bizim evimiz olacaq”, – dedi. Və onlar qaranlığın bir küncünə yerləşdilər. Qadın onu puluna, adına görə deyil, özünə görə sevirdi. Onu yaşadan da bu idi. Onun üzünün olmasını qadın ağlına belə gətirmirdi. Adamın üzü necə ola bilərdi? Qaranlıq sevgisinin içində rəngbərəng çaylar, yaşıl meşələr, cik-cik cikkildəyən sarı quşlar necə ola bilərdi? Üzünün olması qadını çaşdırardı. İnsan ancaq sevdiyini düşünməlidir. Ondan savayı heç nəyi, heç kimi görməməlidir. Hətta sevdiyinin üzünü belə görməməlidir! Qadın ondan başqa heç kimi, heç nəyi görmürdü. Ancaq onunla nəfəs alıb, onunla düşünüb, onunla sabahlarını açırdı. Beləcə, onlar altı il bir dam altındakı qaranlıqda yaşadılar. Qadın onu qaranlıqda görürdü. O da qadını qaranlıqdan seçirdi. Sən demə, zirzəmidə də tale varmış. Onların bu qaranlıq tənhalığı uzun çəkmədi. Günlərin bir günü əli qılınclı At adam qara bəxt kimi çapa-çapa qaranlığa qayıdıb onları sevgidən oyatdı. “Sükut naziri” təyin etdiyi adamın danışa-danışa kimisə sevməsi ona yer eləmişdi. Çox həyəcanlıydı. Dırnağı ilə qaranlığı eşirdi. At adam sevgililəri divara söykəyib əl-qollarını qalın kəndirlə bağlayandan sonra qılıncını sivirib qadını qarnındakı uşağıyla birlikdə öldürdü. Sonra da peşman olub: – Sən daha sükut naziri deyilsən. Get, ürəyin istədiyi qədər danış! – dedi. Və onu qaranlıqda tənha qoyub yenə haranısa fəth etməyə getdi.
İçini didən fikirləri ilə yenə baş-başa qaldı. Daha yemək yemirdi, su içmirdi. İçini didən ancaq düşüncələriydi. Zamandan, vaxtdan çıxmışdı. Heç kim üçün narahat deyildi. Sabahından qorxmurdu. Zirzəmidə zaman bölgüsü yox idi. Nə dünən vardı, nə sabah. Burada bütöv bir ömür yaşayırdın. Buranın təqvimi yox idi. Zaman aya, ilə, günə, saata bölünməmişdi. Kimi gözləyirdin ki, gəlib-gəlməyəcəyindən narahat da olasan. Burada heç kəs yox idi. Görəsən, onun “yuxarıdakı” ömrünü kim aylara, günlərə, illərə bölmüşdü? Niyə özünü çərçivəyə salmışdı? Yuxarıda nəylə öyündüyünü xatırladıqca özündən nə qədər uzaq düşdüyünü də anlayırdı. Qadının sevgisi onu dəyişmişdi. Sən demə, insana ancaq sevgi gərək imiş. İndi qaranlığın qarasını belə sevirdi. Görəsən, yuxarıda sevgisiz necə yaşamışdı? Yuxarını düşünən kimi yuxarıdan səs gəldi. Kim isə elektrik külünglə beton döşəməni deşirdi. Qazılan betonun tozu saçlarına töküldü. Yəqin, xilasedicilərdir. Onu axtarırlar. Yuxarı qayıdacağını anladı. Geri qayıtmaq istəmirdi. Özünə təzəcə öyrəşmişdi. Tapdıqlarını yenə orada itirəcəkdi. Sevdiyi qadının xatirəsini yuxarı çıxara biləcəkdimi? Haradansa lap yaxından quş səsi eşidildi. Səsə doğru qaçdı. Zirzəmidə bitmiş kiçik çinar ağacının koğuşunda qaranquş yuva qurmuşdu. Cikkildəyən də yuvadakı balasıydı. Yaxınlaşıb quşcuğazın başını tumarladı. Dimdiksizdi. Caynaqsızdı. Qayğısına qalınmalıydı. Quşcuğazı yuvadan götürüb geri döndü. Onun üçün içməyə su, yeməyə dən tapdı. Ayla, günlə quşu sevə-sevə yedirib böyütdü. Sevgisini quşa saldı. Quşu quşa qondu. Sevgi həm də kiminsə qayğısına qalmaqdır. Qayğısına qalınmalı dimdiksiz, caynaqsız quşdan yaxşı nə ola bilərdi?
Günlərin bir günü At adam gəlib quşu da öldürdü. Yenə tənha qaldı. Sevgisi qəribsədi. Beləcə, bir neçə gün üzü yuxarı sevgisiz oturdu. Sonra birdən-birə anladı ki, At adam sevə bilmədiyi üçün belə qəddardı. Zirzəmini ondan, onu özündən qurtarmaq üçün At adama sevməyi öyrətmək lazımdır. O, zirzəmiləri deyil, sevgini fəth etməlidir. Özü də yazıqdır axı. Belə nə qədər yaşamaq olar?! Ayağa qalxıb At adamın qaranlığın harasında yaşadığını öyrəndi. Fatehin qaranlığına gəlib onu səslədi. At adam qarşısına qılıncla çıxıb: – Niyə gəlmisən? – soruşdu.
– Sənə sevməyi öyrədəcəm! – dedi.
At adamın hirsindən rəngi avazıdı. Əlini qılıncına atıb: – Sevgi sözünü söylədiyin üçün səni öldürəcəm! – dedi.
– Sevgidən niyə belə qorxursan?
– Fəth etdiklərim sevəndə məni unudurlar!
– Özünü qayğınla, şəfqətinlə sevdirə bilsəydin, səni də sevərdik! Qorxu olan yerdə sevgi olmur!
– Olanları unudub məni sevə bilərsən?
– Mən o qadından sonra hamını sevirəm!
– Məni də?
– Hətta səni də!
– Səni alçaldıb üzünə tüpürsəm də, məni sevəcəksən?
– Mən başqa cür yaşaya bilmirəm!
At adam: – Sevilənləri öldürəcəyimə söz vermişdim! – deyib qılıncını öz qarnına soxdu. Nəhayət, özü özünü fəth edib öldürdü. Bir həftə qaranlıq “qılıncsız” qaldı. Bir həftədən sonra qaranlıqda ara qarışdı, məzhəb itdi. Hamı təzə At adam olmaq istədi. Di gəl, qaranlıqda heç kəsin At adam olmaq üçün qılıncı yox idi. Qılıncsızların hamısı özü üçün At adam oldu. Amma heç kimin “At adamlığı” uzun sürmədi. Sonda qaranlıq adamları belə qərara gəldilər ki, hər gün biri At adam olsun. Bir gün də onun At adam olmaq növbəsi gəldi. Qaranlığın ən hündür yerinə qalxıb: – Mənimlə işiniz olmasın. O siz, o da sizin qaranlığınız. Mən hamınızı sevmək istəyirəm! At adam olmaq istəmirəm! – qışqırdı.
Üç gündən sonra qaranlığın ən dərin yerində yaşayan şair yoluna çıxıb qarşısında diz çökdü. Bir ay ağır-ağır nəfəs alandan sonra qucağında tutduğu sarışın “söz”ün başını tumarladı. Ondan sonra ayağa qalxıb yeni misrasını dedi.
– Qara qaranlığın səssizliyini gördünmü?
Şairdən: – Sən səssizliyi görürsən? – soruşdu.
Şair: – Əlbəttə görürəm! – dedi.
– Mənim səssizliyim hansı rəngdədir?
Şair sualını cavabsız qoyub: – Yuxarıdan gəlmisən! Mənə orda gördüyün işıqdan danış! – söylədi.
– Nə danışım?
– İşıq necə olur?
– İşıq olmayanda heç nə görünmür.
– Sən mənə işığı göstərə bilərsən?!
Yadına düşdü ki, soyuducunun altından kibrit çöpü tapmışdı. Şairi sevindirmək üçün çöpü sürtgəcə çəkib alışdırdı. Yanan çöp bircə anda zirzəmini işıqlandırdı. İşıq altında adam bildiyi şair gözünə hörümçək kimi göründü. Bir nəfərin güclə yerləşdiyi darısqallıqda At adamın cəsədi də çürüyürdü. Zirzəminin amansız fatehi adicə yaşıl çəyirtkə imiş. Ondan bir qədər kənarda sevib evləndiyi yumşaq dizli qadının “ağ qanadlı mavi kəpənək” bədəni ağarırdı. Kibrit çöpünün işığı sönən kimi şair ayaqlarını qucaqlayıb: – Sən Allahsan? – soruşdu.
Qolundan tutub şairi ayağa qaldırdı. Hörümçək olsa da, şair qaranlıqda yenə insan kimi danışırdı.
– Sən Allahsan!
– Allah-zad deyiləm! – dedi.
– Məndən gizlənmə, Allahım! Sən möcüzə göstərdin! Bunu ancaq Allah edə bilərdi!
Şair əsasına söykənə-söykənə qaranlığın dərinliyinə qayıtdı. Kibrit çöpünün işığı altında şair qədər o da möcüzə görmüşdü. Demə, zirzəmidə ondan başqa heç kəs yox imiş. Bəs keşiş? Bəs bıçaqlı adam? Axı yumşaq dizli qadının həniri, mehri, şəfqəti vardı. Hər gecə bu qadını qucaqlayıb yatan zaman isti canını hiss edirdi. Bunu necə anlasın? Axı o qadın var idi. Onlar sevgiliydilər. Yəni bütün bunlar ilğım idi? Yalan görüntü idi? Bəs yaşadığı hisslər? Bəs bəsirət gözüylə gördükləri? Zirzəmidə gördüklərini ağlıyla dərk edə bilmirdi. Yəqin, yuxarıdakı insanlar da haçansa gördükləri möcüzəni anlaya bilməyəndə Allahı uydurublar. Onda belə çıxır ki, Allah insana gördüyünü anlaya bilməyəndə görünür? Ən düzü Ona kor-koranə inanmaq imiş. Onda lazımsız suallar beynini yormur. Nəyi başa düşmürsən, atırsan Allahın üstünə. Deyirsən, mən bilmirəm, O bilir. Şairin onu Allah bilməsi də həmin məntiqlədir. Axı şair işıq görməyib. Allahı da tanımır. Heç zaman görmədiyi işıq onun üçün ağlının kəsmədiyi möcüzədir. Möcüzə edə bilən isə ancaq Allahdır. Allahı dərk etmək üçün şairin başqa dəlili yoxdur. Allah ancaq möcüzə göstərən zaman Allah ola bilər. Yəqin, Məsihin möcüzələri də bizdən “yuxarı” aləmlər üçün kibrit çöpü qədər adidir.
Şair ona Allah deyəndən özünü xilaskar sanırdı. Zirzəmidəkiləri özüylə birgə “yuxarı” çıxarıb onlara möcüzə göstərmək istəyirdi. “Qaranlıq adamları” hələ özlərini görməmişdilər. Tanımırdılar. Onlara özlərini tanıdacaq yolu göstərməyin vaxtıydı. Qəfil canında yorğunluq hiss etdi. Xatırladı ki, zirzəmiyə düşəndən fərli-başlı yatmayıb. Dincəlmək üçün başını dizinin üstünə qoydu. Haçansa özünün gördüyü möcüzə gözünün qarşısına gəldi. Altı yaşı vardı. Babası onu dənizi “seyr etməyə” aparmışdı. Bir az sahildə gəzişəndən sonra babası əlini qayalığa uzadıb: “Göydə bitən ağaca bax!” – demişdi. Sərt daşların çiynində kökü açıq havada gözlə görünən əncir ağacı bitmişdi. Kötüyü torpaqdan qidalanmayan ağacın bu qədər bəhər verməsi möcüzə idi. Həmin ağaca illərlə su verilməmişdi. Kökü torpaqdan qidalanmırdı. Bəs necə olmuşdu ki, budaqlarında meyvəsi bitmişdi? Uşaq vaxtı gördüyü möcüzəni, nəhayət ki, anladı. Həmin ağac kimi, o da kökündən uzaq düşmüşdü. Yuxarı ilə təmasda deyildi. Bununla belə, gözünə ancaq oranın təsvirləri görünürdü. Həmin ağacın da torpaqla eyni cür “yaddaş bağlılığı” varmış. Ağacın kökü gözlə görünməyən bağlarla yadında qalmış torpağın dadından qidalanırmış. Deməli, harada olursan-ol, gördüklərin səninlədir. Səninlə əbədi yaşayacaq ruh dedikləri də həmin bu təsvirlərdir. Gözünün içindəkilərdir.
Qəfil qaranlığın içindən keşişin tanış səsi eşidildi.
– Hardasan, ey müqəddəs ruh?
Başa düşdü ki, şair “kibrit məsələsi”ni zirzəmiyə yayıb.
Keşiş: – Hardasan, ey yeri, göyü altı günə yaradan İlah. Gözümə görün. Məni bir də sınağa çəkmə! Özümü anlayandan Sənə ibadət etmişəm! Niyə mənə deyil, o hərdəmxəyal şairə göründün? – deyib ayaqlarına yıxıldı.
– Mən Allah deyiləm, müqəddəs ata. Tövbə elə! – dedi.
Keşiş qarşısında diz çöküb dua oxumağa başladı: – Müqəddəs ruh, nəhayət ki, hakimiyyətin qaranlığa gəldi. Gecə-gündüz sənə ibadət edirdim ki, sevdiklərini işığa çıxarasan. Nurunu üzümə çilə. Doğrudan da sənin nə etdiyin qabaqcadan bilinməz. Ağıllara sığmazsan. Axı kim deyə bilərdi ki, sən Allahsan?
Keşişin qolundan tutub qaldırmaq istəyirdi ki, qulağının dibindən bıçaqlının xırıltılı səsi eşidildi: – Bağışla məni, Allahım, vallah, Səni tanımamışam! Soyuducunu geri qaytarıram. Yediyim alman sosislərini halal elə. Pendirə toxunmamışam. Baxa bilərsən. Mənə əzab vermə. Xəbərim olmayıb ki, Sən Allahsan. Bilsəydim, Sənin soyuducunu heç oğurlayardım? Tövbəmi qəbul et. Qarnına soxduğum o bıçağı da özümə qaytar. Özümü onunla öldürəcəm. Taxsır din adamlarındadır. Sənin gələcəyini bizə başqa cür tərif eləmişdilər. Məni də onlar çaşdırıb. Qulaq günahkarıyam.
– Mən Allah deyiləm!
– Allahsan, Allahsan. Bizi çaşdırma, – deyən bıçaqlı ona yaxınlaşdı.
Əlində tutduğu bıçağını qarnına dayayıb: – Allah olmasan da, olacaqsan! Başa düşdün sənə nə deyirəm? Allah oldun, olmadın, fərqi yoxdur. Möcüzə göstərmisənsə, bu gündən Allah ol! Bizə Allah lazımdır! – dedi.
Səslərini ilk dəfə eşitdiyi “qaranlıq adamları” onun şərəfinə ucadan dualar edirdlər.
Bıçaqlının bıçağını əlindən alıb “qaranlığa” atdı. Özünü toparlayıb bərkdən: – Susun! – qışqırdı.
Qaranlıq adamları susdular.
Həzin səslə: – Mən sizi işığa çıxaracam. Arxamca gəlin! – dedi.
Zirzəmidəkilər sevinə-sevinə: – Bizi xilas edir! – qışqırdılar.
Bıçaqlı hönkür-hönkür ağladı.
Keşiş səsi əsə-əsə: – Bizə “yuxarı”dan danış, – dedi.
Gözlərini yumub: – Yuxarı”ya gedən yol beyninizdən başlayır. Oranı qaranlıqda ikən düşünməyi öyrənin. Yuxarı işıqlıdır. İşıq altında hər şey sizə möcüzə kimi görünəcək. Orada insan adlı mələklər yaşayır. Onlar da sizin kimi nə etdiklərini bilmirlər. Özlərini tanımasalar da, onların üzü var. Görünürlər! Bir-birini tanıyırlar. Bunun özü də bir möcüzədir. Mən onları bir-bir sınağa çəkirəm. Yaxşısını bir tərəfə, pisini başqa tərəfə göndərirəm, – pıçıldadı.
Bıçaqlı: – Yaxşı nədir? – soruşdu.
– Yaxşı – yaxşı düşünəndir. Pis – pis düşünəndir, – dedi.
– Mən orda yaşaya biləcəm! – deyən bıçaqlı “yuxarı”nı bəyəndi.
“Ədəbiyyat və incəsənət”
(20.06.2024)
İcazə GÜLÜŞ KLUBUNDA
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
TV-də müsahibə.
Müxbir: - Cənab deputat, siz 30 ildir ki deputatsınız. Özünüzü bu ampluada necə hiss edirsiniz?
Deputat: -Pis. 30 ildir ki, katorqa həyatı sürürəm. Stresslə dolu, istirahətsiz bir ömür, ailəyə və özümə bircə dəqiqə də ayıra bilməməyim. Heç düşmənimə də belə iş arzulamaram.
Müxbir: - Övladınız bu il abiturient oldu. Onu hansı mənsəbdə görmək istərdiniz?
Depuatat: -Əlbəttə istərdim ki, deputat olsun!
2.
İnternet vasitəsilə yaxşı pul qazanmaq olar. İnterneti söndür, get özünə pullu iş tap və işlə.
3.
Yumor hissi mənə şər mərasimlərində yaman mane olur.
4.
-Rəis, icazə olar, mən bu gün işdən bir neçə dəqiqə tez çıxım?
-Olar. Neçə dəqiqə?
-480.
5.
Korrupsiya hqqında filmi ifşa etmək üçün deyil, təcrübə mübadiləsi üçün göstərirlər.
6.
İntim sözünün ingiliscə tərcüməsi in-team (komandada).
“Ədəbiyyat və incəsənət”
(20.06.2024)
Digər finalçıların şeirləri - CEYHUN ÖTKƏM
“Ulduz" aylıq ədəbiyyat dərgisi və Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondunun unudulmaz Xalq şairi Vaqif Səmədoğlunun 85 illik yubileyinə həsr edilmiş, 35 yaşa qədər qələm adamları arasında keçirdikləri poeziya müsabiqəsi başa çatdı, qaliblər mükafatlandırıldılar.
“Ədəbiyyat və incəsənət” portalının da xəbər verdiyi kimi, müsabiqənin mükafat yerləri aşağıdakı kimi bölüşdürüldü:
I yer:
Cavid Qasımov;
II yer:
Rəşad Nağı Mustafa,
Allahşükür Ağa;
III yer:
Eminquey,
Seyyidəli Sübhi,
El Roman
Beləliklə, 10 finalçıdan 6-sı mükafatlandırıldı. Amma digər 4 finalçının da şeirləri diqqətçəkən idi və ən azından portalımızda dərc edilərək geniş oxucu kütləsinə təqdim edilməyə dəyər.
Bu gün Ceyhun Ötkəmin şeirlərini təqdim edəcəyik.
Ceyhun Ötkəm
“Noyabr səhəri”
Yenə qəddar bir noyabr səhəri...
Saat altıya qalır, zar-zor...
Səhərin bu qərib,
Şəhərin bu qərib soyuğu...
Vücudum işə gedir,
Könlüm sənə...
Günlük ritualım-dayanacaqda durmaq,
Siqaret çəkmək,
Düşünmək...
Canımda doğma bir üşümək...
Bu üşüməyi hardansa xatırlayıram...
ən son məhz, belə üşümüşdüm...
şütümüş
asfalta yapışmış
pişik cəsədi üzərindən maşınlar...
xəzəl süpürə-süpürə deyinir arıq bir ana:
xəzəl kimi sovrulur aldığımız maaşlar...
əlində kitab, avtobus gözləyən qız
gələcəyə ümidlə baxır
eynəyinin altından...
soyuq isə yeddidən-yetmişə,
keçir hər kəsin yeddi qatından...
“isti perajki” satan xala görünmür hələ...
Perajkiləri soyuq olsa da,
Yeyəndə adamın canı isinir...
“pozqazan” pozan o dayı bir daha
“Bismillah” deyərək bəxtini “sınır”...
Bu şəhərin bitməz şıltaqlıqları...
Bəlkə də, ən gözəl musiqini pıçıldayır
Satıcı oğlanın manatlıq qulaqcıqları...
Yenə qəddar bir noyabr səhəri...
Səhərin bu qərib,
Şəhərin bu qərib soyuğu...
Canımda doğma bir üşümək...
“Sənsizlik”
Bilirəm ki, “sənsizlikdi”
Deyirəm ki, “ömürdü!”
Sənsiz doğan günəşin
Doğduğu kömürdü...
Bir gün məni soruşsalar
Deyərsən ki,
Deyərsən ki,
Sahibini itirmiş eynək kimiydi-
Görmürdü...
Sənsizliksə-çiçəklərin,
Böcəklərin,
Küləklərin qarşısında üzüm yoxdur...
Qollarımın əlindən al məni,
Üstümdə bu boyda boşluğa lüzum yoxdur...
Kəpənək nə istəyər ki,
Təkcə hüzurdan başqa?!
Səndən heç nə istəmirəm,
Təkcə üzrdən başqa...
“Ədəbiyyat və incəsənət”
(20.06.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Döşəmə balıq
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Döşəmə balığın hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR:
§ Balıq – 119 qr
§ Pomidor – 40 qr
§ Soğan – 22 qr
§ Tərxun – 11 qr
§ Cəfəri – 11 qr
§ Yağ – 10 qr
§ Duz – 4 qr
§ İstiot – 0,05 qr
HAZIRLANMASI:
Yağlı Göyçə balıqları seçilir. Iri tikələrə bölünür, duzlanır. Qazana bir qat balıq, üzərinə fal-fal doğranmış soğan, onun üstünə fal doğranmış po- midor, tərxun, cəfəri yığılır. Üstünə yarım stəkan su əlavə olunur. Balıq elə də yağlı deyilsə, üzərinə ərinmə- miş yağ da əlavə oluna bilər. Zövqə görə fal-fal doğranmış Göyçə kartofu da əlavə etmək olar. Balıq vam odda 20-25 dəqiqə müddətində hazır olur. Xörəyi ocaqdan yağa düşmədən bir qədər sulu götürmək lazımdır.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(20.06.2024)
Təhsilalanların musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbulu üzrə imtahanlar başlanır
Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə 2024/2025-ci tədris ili üzrə təhsil alanların növbəti imtahan mərhələsi başlanır.
Nazirlikdən AzərTAC-a bildirilib ki, qeydiyyatdan keçmiş namizədlər iyunun 20-dən başlayaraq əyani şəkildə keçiriləcək qəbul imtahanlarında iştirak edə biləcəklər. İmtahanın keçirilmə tarixi və məkanı barədə namizədlərə “MyCulture” vahid şəxsi kabinet (my.culture.az), elektron poçt və SMS vasitəsilə müvafiq bildirişlər göndərilib.
Bununla yanaşı, namizədlər vətəndaş məmnunluğunun və məlumatlandırma səviyyəsinin yüksəldilməsi məqsədilə alternativ kimi yaradılmış https://imtahan.culture.az resursuna daxil olaraq imtahan bildirişini əldə edə bilərlər.
“Ədəbiyyat və incəsənət”
(20.06.2024)
Azərbaycan Pekin Beynəlxalq Kitab Sərgisində ilk dəfə milli stendlə təmsil olunur
Dünyanın bir çox ölkəsindən kitab sənayesi nümayəndələrinin qatıldığı 30-cu Pekin Beynəlxalq Kitab Sərgisi iyunun 19-da işə başlayıb.
“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, sərgidə ölkəmiz Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Çin Xalq Respublikasındakı səfirliyimizin dəstəyi ilə bu il ilk dəfə Pekin Beynəlxalq Kitab Sərgisində milli stendlə təmsil olunur.
Stenddə ölkəmizə dair yeni çap olunan, ümumilikdə, 133 adda 309 nüsxə nəşr nümayiş etdirilir.
Qeyd edək ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494–1556) anadan olmasının 530 illiyi qeyd edilir. Mədəniyyət Nazirliyi tərəfindən yubileylə əlaqədar silsilə layihə və tədbirlər təşkil olunur. Sərgidəki stendimizdə Məhəmməd Füzulinin həyat və yaradıcılığına dair nəşrlər də yer alıb. Burada Azərbaycan nümayəndə heyəti tərəfindən ölkəmizin tarixi, mədəniyyəti, kitab sənəti, o cümlədən Şuşa şəhərinin 2024-cü ildə "İslam dünyasının mədəniyyət paytaxtı" missiyasını yerinə yetirməsi barədə sərgi iştirakçılarına və ziyarətçilərə ətraflı məlumat verilir.
Sərgi çərçivəsində Azərbaycanın bir sıra yerli naşirlərinin iştirakı ilə milli stenddə Çin tərəfi ilə əməkdaşlıq görüşləri keçirilir.
Sərginin açılış mərasimindən sonra Azərbaycan nümayəndə heyəti Pekin Milli Kitabxanasında olub, kitabxana ilə əməkdaşlıq imkanları müzakirə edilib.
Səudiyyə Ərəbistanının fəxri qonaq ölkə olduğu Pekin Beynəlxalq Kitab Sərgisi iyunun 23-dək davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(20.06.2024)
Kino salnaməsi fotolarda
Aysel Fikrət, “Ədəbiyyat və incəsənət” üçün
Həyatın anlarını lentə köçürmək istəyən insanları həmişə çox yaxşı başa düşmüşəm. Yalnız bu yaradıcı şəxslər anı tutmaq və onu əbədiləşdirməyə qadirdilər. Qalan heç bir qüvvə bunu bacarmir. Ömürdən insanlar gəlib gedir…
Sintetik incəsəsənət növlərinin içində Kinematoqrafiya sənəti qədər maraq doğuran və sevilən ikinci bir sahə yoxdur. Kinematoqrafiya ikinci dünyadı və yaradıcı qüvvələr bu gözəl və gərəkli sənət dünyasının inkişafında çox böyük əmək sərf edir.
Bu gün mən sizə ömrünün 60 illini kino rəssamı, fotoqrafı kimi çalışan, fəaliyyət göstərən gözəl insan Pərviz Quliyevdən söz açacam. O, Kinostudiyanın çəkdiyi filmlərin əksəriyyətinin foto sınağında çəkiliş meydanında olan fotoların müəllifidir, demək ki, O, kadrlardan boylanan və gülümsünən, kədərlənən sənətkarların işığını, nurunu öz göz nuruna qatan bir qocaman sənətkarımızdır. Bir ömrü yaradıcılığa, sənətkarlığa pay vermək, fəda etmək nə deməkdir?
İş əsnasında çəkdiyi fotolar diqqətimi çəlb etdi.
Pərviz Quliyevin ötən illərdə 80 illik yubileyi qeyd olunub. Yubileydə sənət adamları, aktyorlar, rejissorlar iştirak edib. Eyni zamanda həmin gün nadir fotolardan ibarət fotosərgi də olub. Bir neçə dəfə film fondda Pərviz Quliyevin çəkdiyi nadir fotoların sərgisi olub. Bu barədə Film fondun rəhbəri Cəmil Quliyevın çıxışını da dinlədim. Ömrünün nə az, nə çox, 60 ilini kino sənətinə bağlayan Pərviz Quliyev Azərbaycan Kinosu dedikdə gözümüzün önünə gələn və adını çəkdiyimiz, indi kino sərvətimiz olan filmlərimizin rəssam fotoqrafı olub.
Və Pərviz Qiliyev bu filmlərdə heç yerdə görünməyən, montajda itib batan səhnələri və kadrarxası çəkilmiş əsərlərini yığaraq Film Fonda hədiyyə edib.
Bu canlı ensiklopediya olan insanı kino sənətı aləmində tanımayan və onun səmimi, məzəli, maraqlı söhbətlərini sevməyən yoxdur.
Pərviz Quliyev xatirlərində deyirdi: "Məktəbdən gəlib çantamı atıb qaçırdım film çəkilişlərinə baxmağa. Bu sənəti ta uşaqlıqdan sevirdim".
Onun bu sənətə gəlməyində qonşusu, kino rəssamı Nadir Zeynalovun da rolu olub. O zamanlar "O olmasın bu olsun" filmi üzərində işləyən rəssam balaca Pərvizdə kinematoqrafiya sənətinə böyük maraq yaradıb. Kino elə bir sevgidir ki, ona tuş gələn insan heç zaman bu möcüzəli dünyadan əl çəkmir.
Pərviz Quliyev bu barədə deyir. "Artıq böyük marağımı görüb, mənə film çəkilişlərinə baxa bilmək üçün propusk yazmışdılar. O zaman yaxşı yadımdadır ki, “O olmasın bu olsun" filminin qonaqlıq səhnəsi çəkilirdi".
Arif Babayev haqqında da gözəl xatirələrini bölüşən sənətkarımız bütün bu xatirələrin içində tez- tez Ceyhun Mustafayevdən söz salır. Onu ilk "Ögey ana" filmində gördüyünü vurğulayır və bir ömür onunla dost olduğunu, son "Fəryad" filmində də birlikdə işlədiklərini dilə gətirir.
Pərviz Quliyev canlı əfsanəyə çevrilmiş bir sənətkar fotoqrafıdır.
Ta balaca yaşlarından kinoya bu möcüzəli sənət növünə marağı onu foto sənətinə gətrdi. Düşünürəm ki, balaca Pərvizin gördüyü həmin təkrarsız, möhtəşəm, əvəzedilməz anları dondurmaq, sənətkarları və tarixi görüntüləri xatirəyə çevirmək arzusu buna vadar edib.
- "O zaman ilk fotolarımı atam beşinci, ya altinci sinifdə oxuyanda mənə aldığı "Smena" fotoaparatıyla çəkirdim" deyir artıq o günləri bir xoş yuxu kimi xatırlayan qocaman sənətkar.
Həyatından keçən kinematoqrafiya haqqında böyük sevgiylə tükənməz maraqla yenidən söz açır.
O filmfonda özünün ilk kameralarını da hədiyyə edib. 1961-ci ildən bu sənətlə məşgul olan Əməkdar Mədəniyyət İşçisi Pərviz Quliyev bu sənəti çox sevib. Bütün yaradıcılığının əvvəlindən ta indiyə qədər bu sevgiylə gəlib. Azərbaycan Kino tarıxındə böyük əməyi olan gözəl sənətkarımızın Azərbaycan incəsənətində, kinematoqrafiyasında rolu danılmazdır. Kino sahəsində uzun illər çalışan aktyorlar, rejissorlar onun haqqında sevərək söz açır. Onu hamı sevir. Belə ki, görkəmli kinorejissorlardan Şamil Mahmudbəyov, Muxtar Dadaşov, Tofiq Tağızadə, Arif Babayev, Eldar Quliyev və digər kinorejissorlarla çalışan fotoqraf rejissorların ideyasını, təfəkkürünü, operatorların baxış bucağını həssaslıqla duyub, filmlərə aid olan kadrları və kadrarxası məqamları fotoların yaddaşında əbədiləşdirib.
Pərviz Quliyev 40-a yaxın bədii filmdə “Yaşamaq gözəldir, qardaşım”, “Şərikli çörək”, “Arşın mal alan” (1965), “Cazibə qüvvəsi”, “Birisigün, gecəyarısı…”, “Biri vardı, biri yoxdu”, “Bizi bağışlayın”, “Gün keçdi”, “Mən ki gözəl deyildim”, “Fəryad”, “Ləqəbi “İKA”dır”, “Tərsinə çevrilən dünya”, “Sübhün səfiri” və digər ekran əsərlərində rəssam-fotoqraf kimi çalışıb. Kinostudiyada çalışdığı illər ərzində şəxsi təşəbbüsü ilə zəngin fotoarxiv yaradıb. Həmin arxivdə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan filmlərin fotokadrları və neqativləri bu gün də qorunub saxlanılır. Bu onun Kinoya olan böyük marağ və sevgisinin təzahürüdür.
2008-ci ildə kino sahəsindəki xidmətlərinə görə Əməkdar mədəniyyət işçisi fəxri adını alıb. Kinoda və ümumiyyətlə Azərbaycan incəsənətində əvəzedilməz rolu olan Pərviz Quliyevin yaradıcılığı və xidmətləri daha yüksək qiymətləndiriləcək. Çünki uzun illər kinomuzu lentlərdə əzizləyib saxlayan Azərbaycan kino tarıxının yaşadılmasında müstəsna rolu olan sənətkarımızı bizlər qorumalı və dəyərləndirməliyik. Sənətkarlarımızın qədrini bilək. Azərbaycan olaraq mədəniyyət sahəsində tanınmaq və bu sferada inkişaf etmək kökümüzü, tariximizi, sənət fədailərini unutmamaqdan keçir.
Qocaman və gözəl sənətkarımız Pərviz Quliyev. Bu yazını təsadüfən sizin foto sərginizi internet səhifələrinin birindən izləyərkən yazıram. Siz Azərbaycan Mədəniyyətinə və İncəsənət işçilərinə o qədər doğmasız. Düşünürəm ki, bunu bilməyiniz çox vacibdir. Sizə daha gümrah yaşamağınızı diləyirəm. Kino tarixini fotolarda yığıb qoruyan adam - Əməkdar Mədəniyyət İşçisi Pərviz Quliyev.
Dünyann ən gözəl foto anı.
Hər kəs bura baxsın.
An Çəkildi.
Təşəkkürlər.
“Ədəbiyyat və incəsənət”
(20.06.2024)
Mənəvi dünyamıza yeni töhfə
Lalə İsmayıl, “Ədəbiyyat və incəsənət” üçün
Araşdırmaçı, yazar, ədəbi təhlilçi Vaqif Osmanlının yenicə çapdan çıxmış “Sözün, sazın kəlağayılı Güllüsü” kitabı xalqımızın əsrlərdən bəri keşiyində dayandığı, saflığını qorumağa çalışdığı, bəzən bu yolda qanına qəltan olduğu çağdaş dünyamızda üzərində bəzi xoşagəlməz çatlar görünməyə başlayan Türkün mənəvi dünyasını yad nəfəslərdən xilas etməyə hesablanmış bir söz töhfəsidir.
Müəllif əslində xalqımızın dünənindən bu gününə, bu günündən sabahına körpü salmağı qarşısına məqsəd qoyub. Mənə elə gəlir ki, bunu uğurla edib, məqsədinə çatıb.
Kitabın redaktoru kimi çox fərəhliyəm ki, bu kitaba mənim də imzam düşüb. Onu da deyim ki, “Elm və təhsil” nəşriyyatında işıq üzü görən bu nəfis və qiymətli kitabın rəyçisi Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədr müavini Vüsal Sehranoğludur.
Yeni kitabın Azərbaycan kəlağayısının UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınmasının 10 illiyi ərəfəsində işıq üzü görməsi də əslində kəlağayını başa tac edənlərə dəyərli hədiyyədir. Kəlağayının təbliğində, milli dəyər kimi dünyaya tanıdılmasında Azərbaycan Respublikasının birinci vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeyevanın Azərbaycan mədəniyyətinə misilsiz xidməti danılmazdır. 2024-cü ildə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin və şəxsi “Kəlağayı Muzeyinin “Azərbaycan Kəlağayılarının təbliği” layihəsi çərçivəsində Vətənimizin müxtəlif bölgələrində, ən ümdəsi, işğaldan azad olunmuş Şuşada tədbirlər keçiriləcək.
“Sözün, sazın kəlağayılı Güllüsü” şair, publisist, fəal ictimai insan, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, ilk şəxsi “Kəlağayı Muzeyi”nin direktoru, hamımızın sevimlisi Güllü Eldar Tomarlının ömür yoluna bir baxışdır. Həmin ömür yolunun anlaqlı hissəsində Güllü xanımın fəaliyyəti hamımıza örnəkdir. Güllü xanımın yeniyetməlik, gənclik dövründən bu günə kimi yorulmaz fəaliyyəti ayrı-ayrı bölümlərdə çox maraqlı və səlis dillə təhlil olunur, Güllü xanımın özünün, anası Gülüstan ananın, onu yaxından tanıyanların söhbətləri, xatirələri ilə oxuculara çatdırılır.
Hər bölümün başlanğıcında Güllü xanımın şeirlərindən seçilmiş bir bənd bölümə güzgü tutur, onun məqsədinə aydınlıq gətirir. Bu, müəllifin uğurlu yanaşması kimi təqdir olunmalıdır.
Hər bölümdə Güllü xanımın sözə, saza, mənəvi dünyamızın ayrı-ayrı dəyərlərinə vurğunluğu təkrarolunmaz fakt və dəlillərlə yanaşı, təxəyyülünün söz inciləri ilə təsdiqlənir.
Güllü xanımı tanıyanlar yaxşı bilir ki, onun bir dünya ana sevdası var - Gülüstan ana dünyası. O, Gülüstan ana ilə nəfəs alır, o ana onun zəngin mənəvi aləminin, uğurlarının memarıdır. Kitabda Gülüstan ananın bəzən kövrək, bəzən də baməzə söhbət və xatirələrinə tez-tez müraciət olunması oxucunu yormur, əksinə, əhvalını təravətləndirir.
Güllü xanım Vətən qızıdı, anadı, nənədi, Türk xanımıdı. Həm də şəhid analarının, bacılarının, bütün şəhid ailələrinin kədərinin ortağıdır, təsəlli verənidir. Bu yaxınlarda bizimlə birlikdə Zəngilana getməyi də özünə borc bildi. Zəngilanda biri mənim qardaşım İsmayıl olmaqla yeddi məzarsız polisin şəhid olduğu yeri ziyarət etdik, ruhlarını şad etdik.
Vaqif Osmanlı Güllü xanımın vətənpərvərliyini, insansevərliyini, qədirbilənliyini, qayğıkeşliyini məhz buna görə önə çəkir ki, Vətənə belə analar, bacılar lazımdır. Vətən belələrinin sayəsində ana Vətənə dönür. Vətənin dar günündə də, şad günündə də ömrünü xeyirxahlığa, mərhəmətə xərcləyən Azərbaycan xanımıdır Güllü xanım. Güllü xanımın rəhbərlik etdiyi İctimai Birliyin keçirdiyi şəhidlərin anım tədbirləri, qazi yazarların kitab təqdimatları, “Sazlı, Sözlü Kəlağayı Günləri”, respublikada ilk “Kəlağayı Festivalı” qazi və şəhid oğulların tanıdılmasına, Azərbaycan xalqının mənəvi dəyərlərinin təbliğinə xidmət edir. Kitabın müəllifi də belə tədbirlərin mənəvi, tərbiyəvi önəmini xüsusi vurğulayır. Çünki Vaqif müəllim də Vətən , millət, yurd, el-oba, mənəviyyat məsələlərinə həssas yanaşan söz, fikir adamıdır.
Kitabın adı çox incə anlamlardan xəbər verir: “Sözün, sazın kəlağayılı Güllüsü”. Saz, söz ulu Türk yaranan gündən onunla birgədir, onun yaşam və fəlsəfi düşüncə tərzidi. O ki qaldı kəlağayıya, bu milli baş örtüyü Türk xanım-xatınlığının, abır-həyasının, ismətinin, namusunun, bir sözlə mənəvi aləminin qədim-qayım rəmzidir. Nənələrimizdən bizə miras qalan zərif baş örpəyini sandıqlardan çıxarmaq, başımıza tac etmək Güllü xanımın işinin əsas məqsədidir.
Gəlin “Sözün, sazın kəlağayılı Güllüsü” kitabını oxuyaq, nəticə çıxaraq, gələcək nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam böyüməsinin təməlinin möhkəmlənməsinə nənə, ana, bacı töhfəmizi əsirgəməyək. Vaqif müəllimin yeni çapdan çıxmış kitabı bunları bizə aşılayır.
Vaqif Osmanlını və Güllü Eldar Tomarlını təbrik edirəm, yeni yaradıcılıq uğurları arzulayıram.
“Ədəbiyyat və incəsənət”
(20.06.2024)
Mahirə Nağıqızının şeirləri Qazaxıstanda yayınlanıb
Qardaş Qazaxıstanın “Bilim Times” jurnalı filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru, şair-publisist Mahirə Nağıqızının şeirlərini yayınlayıb.
“Ədəbiyyat və incəsənət” portalına
Dünya Gənc Türk Yazarlar Birliyinin qurucusu, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti Əkbər Qoşalının verdiyi məlumata görə, qazaxıstanlı şair-tərcüməçi, Dünya Gənc Türk Yazarlar Birliyi Məsləhət Şurasının üzvü, professor Gülnaz Feyzullanın çevirdiyi şeirlər jurnalın ilk səhifələrində yer alıb; habelə müəllifin şəkli jurnalın bu sayının üz qabığında verilib.
“Bilim Times” jurnalı Qazaxıstanın ümumrespublika səciyyəli pedaqoji, elmi və metodik jurnalıdır. Jurnalda əsasən təhsil və elm və ədəbiyyat sahəsi ilə bağlı məqalələr dərc edilir. Dünya Gənc Türk Yazarlar Birliyinin Qazaxıstandakı təmsilçisi, yeni nəsil qazax yazarlarının istedadlı nümayəndəsi Erkinbek Serikbayın qurucusu olduğu “Bilim Times” jurnalının ilk sayı 2017-ci ildə gün üzü görüb; jurnalın indiyədək 89 sayı nəşr olunub.
Jurnal Qazaxıstanda məktəblərə, kolleclərə və universitetlərə paylanır.
“Ədəbiyyat və incəsənət”
(20.06.2024)