“HAFİZ PAŞAYEV – bir ömrün manifesti” Featured

Varis yazır

 

 

“Ədəbiyyat və incəsənət” portalı Ümumdünya Yazıçılar Təşkilatı – WOW platformasında “Ədəbiyyatın dostu olan dünyanın tanınmış şəxsiyyətləri” layihəsi üçün Varisin hazırladığı təqdimatı nəzərinizə çatdırır.

 

0.

ÖN SÖZ

 

İnsan təfəkkürü daima hər hansı bir məfhumu müəyyən bir çərçivə daxilində şərh etməyə can atır. Təbiidir. Yeni fikrin özəyi formalaşmış fikir olur. Məfhumun müəyyən bir hissəsi həmin çərçivədən və ya formalaşmış fikirdən kənara çıxdıqda, ya ictimai təfəkkür tərəfindən rədd olunur, ya da ki, qızğın ehtiraslarla üzləşməli olur. Aqibəti heç vaxt qabaqcadan bəlli olmaz. Mahiyyətini isə yalnız zaman anlada bilər.

 Hafiz Paşayev

 

Mənə Ümumdünya Yazıçılar Təşkilatı – WOW platformasında “Ədəbiyyatın dostu olan dünyanın tanınmış şəxsiyyətləri” layihəsinin Azərbaycan üzrə kuratorluğu həvalə ediləndə öz ölkəmdən kimi təqdim edəcəyim barədə əsla düşünüb-daşınmadım. Çünki həmin şəxs bu adı çoxdan özünə haqq eləyib.

Tanınmışlığına gəlincə, öz diplomatik və elmi fəaliyyəti ilə dünyada kifayət qədər tanınır.

Ədəbiyyatın dostu olmasına gəlincə isə…

1.

DÜNYA VƏTƏNDAŞLIĞI

Ondan başlayaq ki, o, görkəmli bir yazıçının övladıdır.

Davam edək ki, o özü də kitablar yazıb. Özü də bol oxucusu olan, maraqla qarşılanan kitablar.

Ardını gətirək ki, rəhbərlik etdiyi təhsil müəssisəsində tələbələr yazı mədəniyyətini ən yüksək dərəcədə əxz edə bilirlər, üstəlik, mütəmadi olaraq dünyagörüşlərinin, mütaliə mədəniyyətlərinin yüksəlməsi üçün tanınmış yazarlarla görüşürlər.

Üstəlik, o, gənc yazarları stimullaşdırmaq üçün ölkədə keçirilən ən nüfuzlu ədəbiyyat müsabiqəsinin qurucularından və əsas simalarından biridir.

Və hətta onu da deyək ki, xalqın ədəbi elitasına daxil olan bir çox məşhur adların yetişdirilməsində rol oynayan, amma zamanın hökmü ilə fəaliyyətsiz, baxımsız qalan bir təhsil ocağının tam bərpasının ağırlığı altına da məhz o çiyinlərini qoyaraq oranı müasir, komfortlu bir təhsil kompleksinə çevirib…

Hörmətli xanımlar və cənablar!

Qarşılayın, Hafiz Mir Cəlal oğlu Paşayev.

Böyük hərflərlə azərbaycanlı!

Daha böyük hərflərlə dünya vətəndaşı!

2.

ƏDƏBİYYAT SEVGİSİ

“Ədəbiyyat dərsinə sadəcə dərs kimi baxmaq lazım deyil. Yaradıcı vətəndaş yetişdirməyin ən təsirli yolu gəncləri bədii ədəbiyyata həvəsləndirməkdədir” – deyir Hafiz Paşayev.

“Mənim bir üstünlüyüm var idi ki, evdə Mir Cəlal müəllim bizə daim ədəbiyyat barədə danışardı. Xüsusən ədəbiyyat xadimləri haqqında məlumatım var idi. Mir Cəlal müəllim ədəbi məktəblər barəsində doktorluq dissertasiyası yazmışdı. O zamanlar yazıb-yaratmış şəxslər haqqında məlumatı ilk dəfə Mir Cəlal müəllim toplamışdı” – deyir Hafiz müəllim.

“Yazıçılardan kimsə demişdir ki, yazmaq məcburiyyətini hiss etməyən yazmamalıdır. Mən də həmişə bu fikirdə olmuşam ki, oxucuya çatdırılası mövzunun həqiqi dəyərinə güclü inamın yoxdursa, gərək yazmayasan.”

Bu cümlələr isə mənim qəhrəmanımın yazdığı “Bir səfirin manifesti” kitabının önsözüdür.

Bəs niyə “Bir səfirin manifesti”?

Çünki qəhrəmanımızın atasının – Azərbaycanın görkəmli yazarı, Xalq yazıçısı Mir Cəlal Paşayevin ən məşhur əsəri “Bir gəncin manifesti” adlanır. Adların energetikası öz rolunu oynayır.

Bəs niyə səfir?

Axı qəhrəmanımız 1992–2006-cı illərdə səfir olub, Azərbaycanın ABŞ-da, eyni zamanda Meksika və Kanadada  ilk Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsini layiqincə yerinə yetirib. Kitab da bax bu diplomatik missiya barədədir.

Bu gün dünyada ən çox oxunan non-fikşn janrında olan kitablardır. Bəhs etdiyimiz bu kitabı da sənədli prozanın ən gözəl nümunələrindən hesab edə bilərik.

3.

83 İİLİK ÖMÜR YOLU

Layihənin tələbi ilə öncə qəhrəmanımın tərcümeyi-halını təqdim edirəm:

Hafiz Mir Cəlal oğlu Paşayev 1941-ci il mayın 2-də Bakı şəhərində anadan olub. 1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) fizika fakültəsini bitirib, 1964–1967-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fizika İnstitutunda çalışıb. 1971-ci ildə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində Kurçatov adına Atom Enerjisi İnstitutunun aspiranturasını bitirib.

1971–1992-ci illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda elmi işçi, laboratoriya müdiri olub. 1984-cü ildə Doktorluq dissertasiyasını müdafiə edib, fizika elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. 1975–1976-cı illərdə ABŞ-da - İrvin şəhərində yerləşən Kaliforniya Universitetində tədqiqatlarını davam etdirib.

1992–ci ildə yenicə müstəqillik əldə etmiş Azərbaycan Respublikasının ABŞ, Meksika və Kanadada ilk Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsinə təyin edilərək tarixə düşüb, 2006-cı ilə kimi bu vəzifədə çalışıb. Azərbaycan Prezidentinin Sərəncamı ilə həmin ildən xarici işlər nazirinin müavini –Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasının rektoru təyin edilib.

100-dən artıq elmi əsərlər, iki monoqrafiya, həmçinin yerli və dünya mətbuatında dərc edilmiş müxtəlif ictimai-siyasi mövzuları əhatə edən onlarla məqalələrin müəllifidir. Və qeyd etdiyimiz kimi, “Bir səfirin manifesti” ilə kitab xəzinəsini zənginləşdirə bilib. Xarici dillərdən ingilis və rus dillərini mükəmməl bilir. Evlidir, iki övladı, dörd nəvəsi var.

Mükafatları da yetərincədir: ölkənin ən ali "Şöhrət", "Şərəf", "Vətənə xidmətə görə" ordenləri ilə təltif olunub...

4.

AİLƏ DƏYƏRLƏRİ

Hər halda, şəxsiyyətin formalaşmasında ailə müstəsna rol oynayır. Skeptiklər məni təkzib etsələr, konservatorlar ənənəvi məktəb və tədris faktorlarını ortaya qoysalar belə mən sözümdən dönmürəm.

Sübut istəyirsiniz?

Ailə tərbiyəsi hər bir uşağa təvazökar olmağı öyrədir. Gündəlik həyatda müsbət bir xüsusiyyət kimi qəbul olunan təvazökarlığa isə siyasətdə yer yoxdur və əslində olmamalıdır. Kiçik və ya böyüklüyündən asılı olmayaraq hər bir işin nəticəsi dərhal kütləvi informasiya vasitələrilə ictimaiyyətə çatdırılmalı və nəyin bahasına olursa-olsun ictimaiyyətin həmin işə müsbət qiymət verməsinə nail olunmalıdır. Etiraf edim ki, bürokratiyanın bu mühüm xüsusiyyəti həmişə mənim ailə tərbiyəmlə və şəxsi prinsiplərimlə ziddiyyət təşkil etmişdir.”

Bu Hafiz Paşayevin fikridir.

“Etiraf edim ki, hökumət məmuru olmaq əvvəlcə insanda şərəf hissi doğurur. Sonradan məlum olur ki, bu təyinat eyni zamanda insana müəyyən hakimiyyət hüququ da verir. Bu hissiyyat bəzilərində məsuliyyət hissini gücləndirir, bəzilərinin isə başım gicəlləndirir. Başı ayıqlar başı gicəllənmişlərlə bir araya gələndə qəribə bir vəziyyət yaranır. Hakim dairələrdə xüsusi davranışla rastlaşmalı olursan. İnsanlar bir neçə cildə girirlər. Gördüklərin bəzən ikrah hissi doğurur.”

Bu da onun fikridir. Növbəti gətirəcəyim isə onun kredosudur:

“Məslək və məhəbbət güclü hisslərdir. Bu cür hisslərə qapılan insan rahatlıq tapmaz, amalı uğrunda çalışar, əksər hallarda kölgədə qalar, özünü təbliğ etməyə ehtiyac duymaz. Onun ən böyük mükafatı əməllərindən aldığı mənəvi zövq olar.”

Mən heç bir şərh vermirəm. İndi özünüz nəticə çıxarın.

5.

MİR CƏLAL PAŞAYEV

Təbii ki, mənim əcnəbi oxucularım qəhrəmanımızın atası - Mir Cəlal barədə daha dolğun məlumat almağa səbirsizlənirlər.

Bəlkə də çoxunuz heç bilmirsiniz də, Azərbaycan ikiyə bölünübdür. Onun Şimal hissəsində – hansında ki, ində bizlər yaşayırıq, müstəqil Azərbaycan dövləti bərqərar olub. Cənubu isə hazırda İranın ərazisi hesab edilir. Orada – 5 inzibati ərazi bölgüsündə qərarlaşan İran Azərbaycanında 50 milyon civarında azərbaycanlı yaşayır. Bax Mir Cəlal 1908-ci ildə, aprelin 26-da İran Azərbaycanında – Xalxal şəhərinin Əndəbil kəndində anadan olub. Kiçik yaşlarında atası Gəncəyə - Şimali Azərbaycanın ən böyük şəhərlərindən birinə köçdüyündən uşaqlığı orada keçib. İbtidai təhsilini orda alıb, sonra Gəncə Müəllimlər Seminariyasını oxuyub bitirib, Gədəbəy rayonunda müəllimlik edib, 1 №-li Gəncə şəhər məktəbində direktor vəzifəsində işləyib.

Ədəbiyyata tükənməz sevgisi onunKazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində (1930–1932) təhsil almasına səbəb olub. 1932-ci ildə Bakıya qayıdaraq Azərbaycan Dövlət ElmiTədqiqat İnstitutunun aspiranturasına daxil olub, tezliklə ilk kitabı olan "Sağlam yollarda”çapdan çıxıb.

Mir Cəlal "Füzulinin poetikası" mövzusunda namizədlik dissertasiyasını 1940-cı ildə, "Azərbaycanda ədəbi məktəblər" mövzusunda doktorluq dissertasiyasını isə 1947-ci ildə müdafiə edib. Onun ədəbiyyat nəzəriyyəsinə dair araşdırmaları, xüsusilə məşhur "Ədəbiyyatşünaslığın əsasları" dərsliyi Azərbaycan filoloji mühitində diqqətəlayiq yer tutur. Elmi fəaliyyətində sonrakı dönəmlərdə Azərbaycan Dövlət Universitetində dosent, 1948-ci ildən professor kimi fəaliyət göstərməsi, 1961-ci ildən Azərbaycan ədəbiyyatı kafedrasının müdiri olması var. Yazıçılıq fəaliyyətində isə irili-xırdalı onlarca əsərlər ortaya qoyub, onların hər biri haqqında danışmağa dəyər, amma mən ona böyük şöhrət gətirən və günü bu gün də oxunduqca oxunan bir əsərinin adını çəkmək istəyirəm: “Bir gəncin manifesti”. 1940-ci ildə işıq üzü görən bu roman niyə bunca sevilib?

Mir Cəlalın yaradıcılığının kulminasiyası, zirvəsi sayılan, XX əsr Azərbaycan ədəbiyyatının şedevrləri sırasında qərar tutan bu romanda müəllif son dərəcə səmimiliyini, insanlıq adına ləkə gətirən tüfeyli ünsürlərə güclü nifrətini, sadə, sıravi zəhmət adamlarına sonsuz sevgisini təcəssüm etdirir. Sıravi insana bu məhəbbət ədibin xüsusilə Sona və balaca Bahar surətlərinə münasibətində özünün canlı ifadəsini tapır. Əsərin qəhrəmanı Mərdan isə qüvvətli, iradəli olduğu qədər də mübarizliyi ilə seçilən, yenilməzliyi ilə fərqlənən bir gənc kimi milyonlarla gənclərə məhz bu xüsusiyyətləri aşılayır.

Razılaşın ki, bu günümüzdə dünyada məhz bu sayaq – insanlıq faktoruna önəm verən əsəsrlərin trenddə olması vacibdir.

Sağlığında Mir Cəlal SSRİ-nin nüfuzlu mükafatlarına (1967-ci ildə “Qırmızı Əmək Bayrağı” ordeni, 1968-ci ildə Lenin Komsomolu mükafatı, 1978-ci ildə “Oktyabr inqilabı” ordeni) layiq görülüb. 2 dəfə ona Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri fərmanı təqdim edilib.

Görkəmli yazıçı 1978-ci ilin 28 sentyabrında vəfat edib, Bakının İkinci Fəxri Xiyabanında dəfn edilib.

Nəhayət, onu deyim ki, Mir Cəlaldan bir dəfə soruşublar ki, sizin şah əsəriniz hansıdır. Cavab verib ki, həyatımda yaratdığım ən böyük əsər ailəmdir.

Və demək, onun şah əsəri, həm də oğlu Hafiz Paşayevdir.

6.

NÜMUNƏVİ İNSAN NECƏ OLMALIDIR?

Hafiz Paşayev üçün bir şəxsiyyət etalonu var. O deyir: “Mir Cəlal ailəsində bir sıra prinsiplər daima ali tutulardı: qürur yaltaqlığa yer verməzdi, sözün qiyməti baha idi, o, boş yerə havaya atılmazdı, işin nəticəsi ona verilən qiymətdən daha önəmli idi və nəhayət, şəxsiyyətin bütövlüyü hər şeydən üstün tutulardı”.

Qəhrəmanımın fikrincə, savadlı olmaq, vətəni sevmək və daxilən zəngin olmaq – bu 3 şərt müasir gəncliyin daşımalı olduğu ən ümdə xüsusiyyətlər olmalıdır: “Hamının gənc nəsildən gözlədiyi kimi, mən də, onları savadlı və gələcək həyata hazırlıqlı görmək istərdim. Məqsədlərində və bu məqsədlərə necə çatacaqlarında aydın olsunlar. İlk növbədə, bağlı olduqları torpağa, ailələrinə layiq olsunlar. Xüsusilə də, müstəqilliyimizin möhkəmlənməsi naminə daim çalışsınlar. Unutmasınlar ki, onlardan əvvəl gələn nəsillər bu müstəqilliyi əldə etmək üçün çoxsaylı qurbanlar veriblər. Hətta onların aid olduğu nəsil topaqlarımızın azad edilməsində həlledici rol oynayıb. Elə təhsil alsınlar ki, həmyaşıdlarının həyatlarını qurban verərək qurduqları Azərbaycana dayaq olsunlar, daxilən zəngin həyat yaşasınlar və bu zənginliyi bütün cəmiyyətimizlə bölüşsünlər”

Hafiz Paşayevin tərbiyəedici nəsihətlərinə də tez-tez rast gəlmək olur. Rastıma çıxan növbəti nəsihətinə diqqət edək: “Hərdən, mən zahirən dırnaqarası müasir görünmək istəyən gənclərimizə rast gəlirəm. Məsələn, dərilərində döymə vuran cavanlara. Əvvəlki nəsillərdə bu dəb həbsxanada olanlara məxsus idi. Onlar da, həbsxanadan çıxandan sonra döydürdükləri yazıları silməyə tələsirdilər, çünki keçmişləri ilə assosiasiya olmaq istəmirdilər. İnsanın gözəlliyi onun təbiiliyindədir. Təbiətin bəxş etdiyi özlüyündə ən böyük hədiyyədir. Ona süni müdaxilələrin tərəfdarı deyiləm, çünki bizim ən böyük və cəlbedici sərvətimiz daxili dünyamızda toplanmalıdır”.

7

ADA UNİVERSİTETİ

Qəhrəmanımız rektoru olduğu ADA Universitetini ən qabaqcıl, reytinqli dünya universitetləri səviyyəsinə qaldırıb və bu gün burada tək azərbaycanlılar deyil, əcnəbilər də təhsil alır. Əsas dəyərləri: 1.Akademik mükəmməllik; 2.Cavabdehlik və birgə idarəetmə; 3.Hörmət, dürüstlük və şəffaflıq; 4.Müxtəliflik, əməkdaşlıq və ünsiyyət; 5.Sosial məsuliyyətdir bu təhsil ocağının.

ADA Universitetinin müəllim potensialı hazırda on iki bakalavr və səkkiz magistr ixtisası üzrə yüksək səviyyədə təhsil verməyə imkan yaradır. Ali dərəcələrlə yanaşı, Universitetin İnkişaf və Diplomatiya İnstitutu müxtəlif sahələrdə ixtisasartırma proqramları həyata keçirir. Daim yeniliklər sorağında olan universitetdə ixtisas sayları da artır, 3-cü minilliyin təlabatlı olan sahələri prioritet qazanır. Məsələn, təzəlikcə orada kommunikasiya və rəqəmsal media ixtisası tədris edilir. Mövzumuz “söz və yazının vəhdəti” olduğundan, bu barədə danışmaya bilmərik. Qəhrəmanımız özü bu yeni ixtisas sahəsinin yaranma zərurətini belə şərh edir:

“Son illərin rəqəmsal texnologiyalar inqilabı jurnalistlər üçün geniş imkanlar açdı. Onların araşdırma, ictimai vəkillik, maarifləndirmə missiyaları qlobal vüsət aldı. Lakin bu prosesdə onların rəqabəti də artdı. Sosial media hər bir istifadəçiyə öz həqiqətini deməyə, rəyini bölüşməyə imkan yaratdı. Beləliklə, media mühitində subyektivlik artdı.

Mənə elə gəlir ki, jurnalistika sahəsinə maraq həm də Azərbaycanın özünün beynəlxalq səhnədə dəyişən rolu ilə bağlıdır. Kommunikasiya və media ilə maraqlananlar ən başlıcası maraqlı məzmun axtarışındadılar. Bu gün Azərbaycanın dünyaya təqdim edə biləcəyi məzmun surətlə zənginləşir və şaxələnir. Universitetimizdə artıq ənənə halını alan “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda illik beynəlxalq forumda çıxışında Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Qafqazda yeni eranı - sülh və əməkdaşlıq erasını fəal şəkildə təşviq edir. Ölkəmizin bu yeni hekayələrini müasir dünyaya anlaşılan dildə çatdıracaq yeni kommunikasiya mütəxəssislərinə ehtiyacımız var ”

8.

XALQIN TALEYÜKLÜ MƏSƏLƏLƏRİNƏ MÜNASİBƏT

Hafiz Paşayev bütün vəzifələri və ictimai fəaliyyəti ilə yanaşı, hər şeydən əvvəl bir vətənpərvərdir.

Sirr deyil ki, mənim ölkəmdə ən müqəddəs mövzu Qarabağ mövzusu, ən müqəddəs insanlar müharibədə canlarını Vətən yolunda qurban vermiş şəhidlərdir. Bir baxın, gəncliyə tövsiyyəsində Hafiz Paşayev bunu necə vurğulayır: “Hər bir işin əsasında təhsil durur. Hərə öz işində effektiv olmalı, öz işini ləyaqətlə, şəhidlərin öz  vəzifələrini yerinə yetirərkən göstərdikləri ehtirasla görməlidir. Biz hər birimiz öz yerimizdə elə işləyək ki, ümumi işə töhfə olsun.  Axı biz Azərbaycanın inkişaf tarixinin ən vacib mərhələsindəyik”.

İndisə 1918-ci il qətliamı, 20 yanvar faciəsi barədə düşüncələrinə diqqət edək: “Xalqımızın azadlıq mübarizəsi tarixinə "oyanış” günü kimi düşən Qara Yanvar hadisələrini gənclər heç zaman unutmamalıdır. Tarixi unutmaq xalqların qarşısına yeni faciələr çıxara bilər. Millətimizin 1980-ci illərin sonunda başladığı azadlıq uğrunda mübairzəsində bu qədər ağır hadisələrdən keçməsinin səbəblərindən biri də 1918-ci ilin faciəvi hadisələri barədə kifayət qədər məlumatlı olmamağımız və onları düzgün qiymətləndirə bilməməyimiz idi. Biz, həmişə müstəqilliymiz uğrunda mübarizəyə hazır olmalıyıq”.

Bu isə onun tarixi zəfərimizə - Qarabağ müharibəsindəki qalibiyyətimizə münasibətidir: “Müharibə 44 gün davam edib, çox şərəfli bir Qələbə ilə yekunlaşıb. Zəfərin bizə verdiyi imkanlardan istifadə etməliyik. Biz görürük ki, Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan proqram üzrə işlər necə məharətlə, sürətə gedir. Qələbə, əlbəttə, ilkin addımdır, ondan sonra biz gərək o həyatı bərpa edək, sülhün üzərində çalışaq. Biz Azərbaycan xalqı kimi, xüsusilə cavanlar bu Qələbəyə, şərəfli Zəfərimizə layiq olmalıyıq, onu möhkəmləndirməliyik”.

9.

QAZAX SEMİNARİYASININ BƏRPASI

Xanımlar və cənablar. İndi mən sizə ədəbiyyat, ümumən mədəniyyət, elm adına çox böyük bir fədakarlıqdan söhbət açacağam.

Azərbaycanın Qazax adlı bir bölgəsi var. Ölkənin qərb sərhədlərində yerləşir. Buranı ədəbiyyat və elm diyarı adlandırırlar. Bura müstəsna əhəmiyyətli Qazax Müəllimlər Seminariyasının vətənidir. Seminariyanın tarixi 1876-cı ildə Qoridə yaradılmış Zaqafqaziya Müəllimlər Seminariyası ilə bağlıdır. Ümumilikdə 250 azərbaycanlı, o cümlədən Azərbaycan mədəniyyətinin, o cümlədən də ədəbiyyatının Cəlil Məmmədquluzadə, Firidun bəy Köçərli, Nəriman Nərimanov, Süleyman Sani Axundov, Müslüm Maqomayev, Üzeyir bəy Hacıbəyli kimi ən görkəmli simaları Qori Seminariyasını bitirib.

1918-ci ildə Çar rejiminin dağılmasından sonra Zaqafqaziya Müəllimlər Seminariyası parçalanıb və onun Azərbaycan bölməsinin bazasında Qazax Müəllimlər Seminariyası yaradılıb. Azərbaycan bölməsinin Qoridən Azərbaycana köçürülməsini görkəmli ziyalı Firidun bəy Köçərli həyata keçirib. Qazax Müəllimlər Seminariyasının təntənəli açılışı qazaxlı Məşədi İbrahimin seminariyaya hədiyyə etdiyi evdə 1918-ci il noyabrın 10-da baş tutub.

Və daha sonrakı illərdə bu məktəb Səməd Vurğun, Osman Sarıvəlli, İsmayıl Şıxlı, Mehdi Hüseyn kimi görkəmli şair və yazıçılara təhsil verib. Amma sonradan bütün dünyada olduğu kimi, Azərbaycanda da sivilizasiya iri şəhərlərə qaçma meyillərini artırıb, bölgələr kölgədə qalıb. Nəticədə seminariya fəaliyyətini dayandırıb, gözdən-könüldən iraq düşüb, binası yarıtmaz hala gəlib. Onun haçansa bərpa ediləcəyi artıq bir xülyaya dönüb. Amma Hafiz Paşayev bu xülyanı reallaşdırdı.

Qazax Müəllimlər Seminariyası - ADA Universiteti Qazax Mərkəzinin yaradılması qərarına Hafiz Paşayev 2018-ci ildə - Azərbaycan Xalq Cümhuriyyətin 100 illiyi ərəfəsində gəlib. O, bunu belə xatırlayır: “Düşündük ki, cavanlara o dövr haqqında məlumat verək, imkan olsa bəzi nəşrlər edək. Təəssüf ki, o dövr haqqında bizim o qədər məlumatımız olmayıb. Mən Şəmistan Nəzərlinin “Qoridən gələn qatar” adlı kitabını oxuduqdan sonra gördüm ki, Qori Seminariyasında böyük mütəfəkkirlər  oxuyub. Bu adları oxuduqda öz-özümə utanırdım ki, bu mütəfəkkirlər haqqında çox eşitsək də harada oxuduqlarını bilmirdik”.

Seminariyanın bərpa işlərinə  2021-ci ilin oktyabrında ADA Universiteti Fondu və onun tərəfdaşları - Heydər Əliyev Fondu, “NEQSOL Holding”, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, “PMD Group” və Amerika Azərbaycan Cəmiyyəti cəlb olunub. Seminariya binasının tarixi əhəmiyyətli obyekt olduğu nəzərə alınaraq, bərpa işləri xüsusi yanaşma ilə aparılıb. 2022-ci il yanvarın 26-da isə Qazax Müəllimlər Seminariyası - ADA Universiteti Qazax Mərkəzində artıq Firidun bəy Köçərlinin 160 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Oktyabrdan isə orada tədrisə başlanılıb.

Hafiz Paşayev deyir: “Biz qarşımızda təhsil, maarif missiyasını qoymuşuq, amma yeni üslubda, yeni səviyyədə. Qazax Seminariyasının məqsədi ibtidai sinif müəllimləri hazırlamaq idisə, bizim məqsədimiz rayon müəllimlərinin səviyyə və keyfiyyətlərini artırmaqdır. Təhsilin idarə edilməsi, təhsilin metodikası sahəsində mütəxəssislərimiz var. Onlara arxayınlaşaraq dedik ki, rayon müəllimlərinin keyfiyyətini artıran poroqram hazırlayaq. Bilirsiniz ki, mənim manifest sözündən xoşum gəlir, ona görə proqramın da adını “Bir müəllim manifesti” qoyduq. 500 nəfərdən seçilən 40 nəfəri Amerikaya göndərdik. Orada inkişaf etmiş təhsil adamları oldular”.

Və mütləq onu da qeyd edim ki, seminariyanın bərpası tək təhsillə, elmlə məhdudlaşmır, Qazax rayonuna daha böyük dividendlər gətirir. Məsələn, ADA Qazax Mərkəzinin tədris kompleksinə daxil olan XIX əsrə aid yerli əhəmiyyətli tarixi İsrafil Ağa hamamının təmirindən sonra onun daxilində Qazax xalçaçılıq məktəbi nümunələrindən ibarət muzeyin və rəsm dərnəyinin açılması nəzərdə tutulur. Bura, həmçinin kiçik həcmli musiqili ədəbi-mədəni tədbirlərin keçirilməsi üçün ideal məkandır.

Mərkəzin nəzdində elmi-tədqiqat şöbəsinin fəaliyyəti və müxtəlif tipli təhsil və mədəniyyət yönlü beynəlxalq tədbirlərin təşkili planlaşdırılır. Bu fəaliyyət çərçivəsində 1918-1920-ci illərdə nəşr olunmuş “Azərbaycan” qəzetinin ərəb əlifbasından latın qrafikasına transliterasiyası həyata keçirilir.

HafizPaşayev vurğulayır ki, "Azərbaycan" qəzetinin ərəb əlifbasından latın qrafikasına keçməsi ən böyük işlərdən biridir: “Kaş tələbə vaxtı bu qəzeti oxuya bilərdik. Mən təsəvvür etməzdim ki, o dövrdə qəzetdə Azərbaycan xanımı elan verib ki, Holqins küçəsində diş həkimiyəm, gəlin, dişlərinizə baxacağam. Bu, bizim o dövrdə nə qədər inkişaf etdiyimizi göstərir”.

10.

SİTATLAR

Bu gün – İnformasiya Kommunikasiya Texnologiyalarının inqilabi inkişafı dövründə internet və mobil telefon asılılığında olan insanlara qalın kitablardakı bilikləri daha effektiv yollarla, məsələn, aforizmlərlə çatdırmaq labüddür. Əgər bir şəxsin kəlamları aforizm funksiyası daşıyırsa, ondan sitat kimi istifadə edilirsə, bu artıq o şəxsin şəxsiyyət olmasına dəlalət edir. Mənim qəhrəmanımın bu sayaq aforizmləri çoxdur.

-Qırılmaz etimad və inam siyasi xadimin ən böyük kapitalıdır.

-Mürəkkəb bir problemin həllinə başlamazdan əvvəl prioritetləri aydınlaşdırmaq, onların sıra düzülüşünü düzgün müəyyən etmək daha məqsədəuyğundur.

-Geopolitik mənzərə burulğanlı dəniz təəssüratı bağışlayır. Bu mənzərəni təmin edən faktorlarsa coğrafiya və geologiyadır.

-Yaşa dolduqca, bütün zahiri müdaxilələr solub gedəcək, daxili dünyanız isə günü-gündən zənginləşəcək.

-Siyasət eyni zamanda ikrah və istehza toplusudur. Kim deyə bilər ki, siyasətdə prinsiplər maraqlardan üstün tutulur?

-Bir gəncin dövlətinə verə biləcəyi ən böyük töhfə onun təhsilli olmasıdır. Güclü kadrları olan ölkənin mövqeyi də güclüdür.

-Dünyaya övlad gətirən hər bir şəxsə valideyn demək olmaz. Valideynlik yenicə dünyaya göz açmış körpənin qorunub saxlanması, böyüdülüb-yetişdirilməsi, boya-başa çatdırılması deməkdir.

-İctimaiyyətə çatdırılan mesajın çəkisi şəxsiyyətin bütövlüyü ilə eyni mütənasiblikdə olmalıdır.

-Demokratiya ikitərəfli yoldur. Bu yalnız dövlət başçısına və iqtidara aid ola bilməz, kütlə də demokratiyanı eyni qaydada oynamağı bacarmalıdır.

-Hər bir xalqın özünəməxsus mentaliteti, mədəniyyəti və tarixi inkişaf yolu vardır. Bu cür rəngarəngliyi bir klişe vasitəsilə ifadə etmək qeyri-mümkündür.

-Məmləkətin milli təhlükəsizlik və strateji maraqları formalaşmış fikir çərçivəsində həll oluna bilməz. Bunun üçün uzaqgörənlik, dünyagörüşü, ən başlıcası isə, çərçivələr arxasındakı dünyanı görməyə qadir olan təfəkkür lazımdır.

-Məhz nüfuz, strategiya, iş planı, komandaya malik olan və biznes diasporuna arxalanan bir struktur lobbi mədəniyyətinin tələblərinə cavab verər və effektiv lobbi mexanizminin yaradılmasına gətirib çıxarar.

-Hansı səbəb üzündən doğulduğu məmləkətdən çıxıb getməsinə baxmayaraq, insanlar  daima həsrətin bır hissəsini öz qəlblərində saxlayırlar. Yeni həyatın axarı onların hərəsini bir istiqamətə aparır, amma keçdikləri körpü nə qədər uzun olsa da, heç vaxt qırılmır

-Siyasi sistemin çatışmazlığı ədalət və həqiqəti kölgədə qoya bilər.

-Bədbinliyin ən böyük düşməni zamandır. Tarixin səhifələri yazıldıqca, müsbət faktorlar sətirlər arasından daha qabarıq görünməyə başlayır.

-Aysberqin suyun altında qalan hissəsi nə qədər böyük olarsa, onun təsir qüvvəsi də bir o qədər güclü olar. Həmin hissəni təşkil edən iki kütlə vardır: elektorat və beyin.

-Artıq kifayət qədər hüceyrə vardır. Sadəcə olaraq, bu hüceyrələri prioritetlər səviyyəsinə qaldırmaq lazımdır.

11.

P.S.

Qeyd etdiyim kimi, Hafiz Paşayev 2006-cı ildə Vaşinqton həyatına son qoyub Bakıya döndü. ABŞ-da Azərbaycanın səfiri kimi o, ictimaiyyət qarşısında son çıxışını 28 iyun 2006-cı il tarixində Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunda etdi. Vida nitqinin vida cümlələri belə oldu:

“Mən Vaşinqtona iki uşaq atası kimi gəldim və onu dörd nəvəsi olan baba kimi tərk edirəm. Qayıdan zaman nə edəcəyimi məndən soruşanlara sadəcə olaraq deyirəm: mən əvvəlcə babalıq vəzifəsini yerinə yetirəcəyəm. Sonra isə qarşımdakı digər tapşırıqlara nəzər salacağam.”

Və deyim ki, bu gün tək öz nəvələri yox, bütün tələbələri, müxtəlif illərdəki məzunlar, ümumən, dəstək durduğu, əl uzatdığı gənclər Hafiz Paşayevi özlərinin babası hesab edirlər. Bu isə, razılaşın ki, çox şərəfli bir missiyadır.

Hörmətli xanımlar və cənablar!  Siz mənə “Ədəbiyyatın dostu olan dünyanın tanınmış şəxsiyyətləri” layihəsinin Azərbaycan üzrə təqdimatını həvalə etdiniz, mən də sizlərə Hafiz Paşayev barədə danışdım.

O ki qaldı yazıma qoyduğum ada, atası – görkəmli yazıçı Mir Cəlal Paşayevin milyonlarla oxucu qəlbini riqqətə gətirmiş “Bir gəncin manifesti” romanına sevgisinin təsirindən mənim qəhrəmanım öz əsərini “Bir səfirin manifesti”, həyata keçirdiyi tədris  proqramını “Bir müəllim manifesti” adlandırıbdır. Qazax Müəllimlər Seminariyası - ADA Universiteti Qazax Mərkəzinin açılışı zamanı Hafiz müəllim nitqində daha bir manifestdən bəhs etdi, bu möhtəşəm layihənin reallaşmasını maddi cəhətdən təmin edən milli sahibkarlığımızın hünərini alqışlayaraq "Bir sahibkarın manifesti" ifadəsini işlətdi.  Yeri gəlmişkən, Hafiz müəllimin oğlu Mir Camal da sahibkardır, "Paşa Holding!"n Direktorlar Şurasının sədr müavinidir, bu layihənin reallaşmasında onun da payı var.

Mən də yazımın adını “Hafiz Paşayev – bir ömrün manifesti” qoyuram. Çünki “manifest” sözü “həmişəyaşar” anlamını daşıdığını sübut edib artıq.

Bu qədər, xanımlar və cənablar!

Mən burda nöqtəni qoyuram. Amma bu, sonu bildirən bir nöqtə yox, davamı bildirən üç nöqtə olacaq…

 

Hörmətlə: Varis Yolçiyev,

 Avrasiya materikinin ədəbiyyat üzrə 3-cü LiFFt festivallar festivalının qızıl laureatı

 

“Ədəbiyyat və incəsənət”

(08.05.2024)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.