Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.
Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.
Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü. Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.
Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.
N E Y
Avanqard qısametrajlı film ssenarisi
Boş şəhər küçəsi...
Alatoranlıq...
Qara kəlağayılı qarı zivədən qara rəngli paltarlar asır.
Qarı əyilib dəmir ləyəndən qara köynəklə bərabər günəşi də götürür...
Qarı zivədəki paltarları əliylə bir kənara çəkib günəşi əvvəlcə zivədən asır. Sonra nə düşünürsə, paltar tutacaqlarından asılmış günəşi zivədən açıb göydən asır...
Göydən paltar tutacaqlarıyla asılmış günəş...
Titr... “Günəş”...
Ağ-qara kadrlar...
Günəşli bir gündür... İri şüşəli vitrin önündə dayanıb ney çalan oğlan... O, neyi şüşə arxasından görünən maneken qız üçün çalır. Maneken qızın üzündə heç bir ifadə yoxdur. Adi vitrin manekenidir. Yol ilə keçənlər neyin yanıqlı naləsinə ayaq saxlayırlar. Bəziləri neyçalan oğlanın asfalt örtük üstündəki papağına pul da atırlar. Bəziləri də qulaqlarını tutub vitrinin önündən sürətlə keçirlər. Neyin səsinə uşaqlar da toplaşıb. Onlar üçün daha çox daldada durub uzaqdan neyçalanı izləyən polisin işə qarışacağı an maraqlıdır. Hələ ki neyin mehri polisi də susdurub...
Qəfil neyçalan oğlan çalğısını saxlayıb maraqla göyə boylanır. Sanki oğlan orada kiminsə olduğunu bilir. Göydən aşağı bir dəstə gül atılır. Sonra kimsə aramla ney səsinə əl çalır...
Neyçalan oğlan dodaqlarını neydən ayırıb...
Oğlan: “Gün üçün iyirmi dörd saat çox azdır. Gözünü yumub-açırsan, gecə düşür”.
Titr. “Günəş tez batır”.
Gecə. Boş, kimsəsiz şəhər küçələri ilə qaçan neyçalan...
O, vitrinin önünə çatıb dayanır.
Maneken qız ifadəsiz baxışlarla bir nöqtəyə baxır.
Neyçalan oğlan nədənsə əsəbidir...
Neyçalan oğlan: “Kim deyib sənə? Yalandı... Səndən savayı heç kəsim yoxdur. Sadəcə, səhər yuxudan pis oyanmışdım. Ürəyim əsirdi. Bura necə gələydim? Üzünə necə baxaydım? Halım yox idi. Bura bax... sən heç biçənək görmüsən? Bax, içim elə uralanmışdı... Boş idim... Başa düşmürəm e sənə nə olub? Yaxşı, bağışla məni... Vallah, içimdən səs gəlmirdi. Gəlsəydim, sənin də qanını qaraldacaqdım. Yaxşı, sənin üçün səhəri geri qaytarıram”.
Neyçalan oğlan kürkünün cibindən neyi çıxarıb çalmağa başlayır...
Boş, kimsəsiz küçənin işıqları bir-bir yanır...
Yaxınlıqdakı evlərin də işıqları get-gedə yanmağa başlayır...
Get-gedə küçədəki adamların sayı da artır... Və gecənin içində qəfil səhər açılır.
Titr yazı... “Səs günəş kimidir”.
Dizi üstünə qoyduğu taxtaya mıx çalan neyçalan... O, çəkici əlinə vura-vura çərpələng düzəldir.
Neyçalanın əlləri qanayıb...
Neyçalan çərpələngin ipini manekenin qoluna bağlayır...
Oğlan çərpələng əlində dükanın içindən eşiyə çıxır.
Oğlan çərpələngi əlindən göyə buraxır.
Göydə süzən çərpələngi görən maneken qızın üzündə gülüş var...
Oğlan dükana girib maneken qızın əyninə qırmızı paltar geyindirir...
Maneken qız utanıb başını aşağı salır...
***
Gecə... Boş küçə ilə velosipedlə şütüyən neyçalan. O, üç-dörd dəfə vitrinin önündən keçib gedir. Sonra yenə geri qayıdır. Maneken qızın üzündə bir təlaş var. Nəhayət, neyçalan oğlan velosipedini vitrinin önündə əyləyir.
Neyçalan oğlan: “Mən də təkəm. Tök bu daşı ətəyindən. Onsuz da hamımız oyuncağıq... İnanmırsan mənə? Düz sözümdür, vallah. Ancaq səndən ötrü yaşayıram... Sənə köklənmişəm... Gedək sənə günəşi göstərim... Gəl gedək də... Burda nə qədər yaşayacaqsan? Gördüklərin yalandır axı... Mən səni başqa bir günəşin altında yaşadacam. İnanmırsan mənə?..”
Polis maşınının həyəcanlı səsi eşidilir.
Titr... “Başqa bir günəş varmı?”
Qaranlıq... İzdihamlı meydanda insanların arasıyla harasa qaçan neyçalan...
Titr... “Vərdişi az bilmə... Babaların ləpirlərini basa-basa təkrar bir ömür yaşamadıqmı?”
Gecə. Neyçalan əlindəki iri daşla vitrin şüşələrini sındırır. O, qırılmış şüşə qırıntılarının arasından dükana girir. Maneken qızı qucağına götürüb eşiyə çıxır. Neyçalan maneken qızı velosipedinin arxa oturacağına oturdur. Onlar şəhərdən çıxırlar...
Titr... “Sevgi xilasdırmı?”
Boş səhnə... Neyçalan oğlan maneken qızla rəqs edir... Maneken qızın boynundan və əllərindən qırılmış kəndirlər sallanır. Oğlan bu kəsilmiş kəndirlərdən birini dartır... Qəfil səhnənin işıqları yanır...
Kadrda neyçalan oğlanla maneken qız şüşəsi qırıq vitrində dayanıblar. Artıq neyçalan oğlanın da üzündə heç bir ifadə yoxdur... Şüşə qırıqları arasında qırılmış ney də görünür.
Titr... “Haqq gedilən yoldadır...”
Polislər vitrinin önündə dayanıblar... Polis maşınlarının həyəcanlı sirenaları eşidilir. Şüşə kəsikləri arasından işıq gah neyçalan oğlanın, gah da maneken qızın üzünə düşür. Onların üzündə heç bir ifadə yoxdur; ikisi də donuq üzlüdür. Polislərin dəvət etdiyi süpürgəçi şüşə kəsikləri ilə birlikdə ney qırıqlarını da süpürüb zibil qutusuna atır...
Titr... “Başqa günəş yoxdur”
Vitrinin qırıq şüşələri arxasından neyçalan oğlanla maneken qız görünür. Onlar iri şar kimi üflənmiş saxta günəşi əllərində tutublar. Hər ikisi boynundan vitrinin kənarlarına bərkidlimiş qalın kəndirlərlə asılıb. Qəfil üflənmiş günəş göyə doğru uçmaq istəyir. Neyçalan oğlanla maneken qız günəşi yuxarı qalxmağa qoymurlar. Onların ağırlığı və vitrinə bağlı olmaları saxta günəşi aşağı endirir. Göydən aşağı minlərlə ip, kəndir asılıb. Kəndirlərlə yuxarı dırmanmağa çalışan minlərlə insana doğru göydən aşağı bircə əl uzanıb... Və o əldə “ney” görünür...
Titr... “Növbə kimindir?”
“Ədəbiyyat və incəsənət”
(08.05.2024)