Poetik Qiraətdə bu gün sizlərlə Lənkəranda yaşayıb yaradan Əyyub Türkay görüşəcək, “Yalnızların qatarı”ndan danışacaq.
Şikayətnamə motivlidir. Sadəcə yazara demək qalır ki, kədər elə poeziyada qalsın, həyatda rastına çıxmasın.
Xoş mütaliələr!
YALNIZLARIN QATARI
Bilirsənmi, mən də tənha biriyəm,
Yalnızların qatarına minəndən.
Qara bəxtim qaranlığa yol alıb,
Qismətimin üzü məndən dönəndən.
Bu qatarın qəm qoxuyur şüşəsi,
Xatırladır qazamatı, qəfəsi.
Burda qalmır yaşamağın həvəsi,
Ümidlərim öləziyib sönəndən.
Burda çoxdur mən çəkəni çəkənlər,
Ağ gününü göy əskiyə bükənlər.
Ürəyinə qəm toxumun əkənlər,
Bilirsənmi, yaşamırlar dünəndən?
Bundan sonra kim qəlbimi ovudar,
Kim olacaq, dərd əhlinə havadar?
"Gedər-gəlməz" yolundadır bu qatar,
Fələk məndən üz döndərib gedəndən...
“Ədəbiyyat və incəsənət”
(08.05.2024)