“Xarıbülbül”ün sorağı dünyaya yayılır - XARİCİ İŞTİRAKÇILARIN RƏYLƏRİ Featured

 

Möhtəşəm mədəniyyət hadisəsinə çevrilən “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalında Azərbaycanla yanaşı Birləşmiş Ərəb Əmirlikləri, İndoneziya, İran, Qazaxıstan, Qətər, Qvineya, Mərakeş, Özbəkistan və Türkiyə təmsil olunurdu. 

 

Cıdır düzündə qurulmuş səhnədə, açıq səma altında təqdim olunan konsert proqramlarında müxtəlif ölkələrdən tanınmış ifaçılarla yanaşı, musiqi qrupları, rəqs kollektivləri də çıxış edirdilər. 

Festivalın iştirakçılarından AzərTAC əmıkdaşları müsahibə almışlar və çox maraqlı məqanlara toxunulmuşdur. 

Məsələn, qardaş Özbəkistandan gəlmiş “Abbos” qrupunun yaradıcısı Abbos Qasımov artıq 3-cü dəfədir ki, Azərbaycanda olduğunu söyləyib. 

 

2015-ci ildə Şəkidə beynəlxalq zərb alətləri festivalında iştirak etdiyini xatırladan qrupun rəhbəri deyib ki, elə həmin vaxtdan onda Azərbaycan milli musiqisinə böyük maraq yaranıb. Şuşaya ilk dəfə gəldiyini məmnunluqla dilə gətirən həmsöhbətimiz deyib ki, burada füsunkar təbiət qoynunda çıxış etməsi ona xüsusi zövq verib.

“Abbos” qrupunu 1998-ci ildə yaratdığını söyləyən A.Qasımov dünyada bir çox beynəlxalq festivallarda uğurla çıxış etdiklərini söyləyib. Onun sözlərinə görə, bu sırada Şuşada keçirilən festival xüsusi yer tutur.

İndoneziyanın “Sendja Community” qrupu da festivalda öz milli musiqi nömrələri ilə çıxış edib. Qrupun üzvü Fariz bin Daniali 

  

Azərbaycana gəlməsindən və belə beynəlxalq festivalda iştirak etməsindən məmnunluğunu bildirib. O deyib: “Biz İndoneziyadan olan böyük icmayıq. İlk dəfədir ki, Azərbaycanda çıxış edirik.

Azərbaycanda dinlədiyim musiqi əsərləri çox gözəldir. Burada olarkən Şuşa haqqında da geniş məlumat əldə etdik. Öyrəndik ki, bu qədim diyar böyük musiqiçilərin vətənidir. Xüsusilə buranın mənzərəsi heyrətamizdir. Ölkənizlə bağlı maraqlı mədəni təəssüratlarım var. Qismət olarsa, yenə də gəlib böyük məmnunluqla Azərbaycanda keçirilən festivallarda iştirak edərik”.

Özbəkistanın “Navbahor” Mahnı və Rəqs Ansamblının solisti Şerzod Kenjebaev 

isə xalqımızın qonaqpərvərliyini yüksək dəyərləndirib.

“Belə möhtəşəm dağları ilk dəfə Şuşada görürəm. Bu yerlərin çox füsunkar təbiəti var. Bu gözəlliyi sözlə ifadə etmək çox çətindir”, - deyə həmsöhbətimiz bildirib. O qeyd edib ki, “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalı iştirakçılara digər xalqların da adət-ənənələri ilə yaxından tanış olmaq imkanı yaradıb: “Burada olarkən Azərbaycanın qədim “Yallı” rəqsini də öyrənmək imkanımız oldu”. Azərbaycan və Özbəkistan xalqlarının qardaş olduğunu söyləyən rəqqas deyib ki, bu qardaşlığın əbədi olması üçün birlikdə çalışmaq lazımdır.

Qeyd edək ki, hər bir əcnəbi iştirakçı festival haqqında, ölkəmiz barədə ağızdolusu danışır. Onlar burada çox doğma, əziz adamları kimi qarşılanıb qəbul edilirlər. Çünki xalqımız hər zaman öz qonaqpərvərliyi ilə seçilib, fərqlənib. Bunu onların hər biri ayrı-ayrılıqda xüsusilə qeyd edirlər. Bu da bizə dünyada yeni dostlar qazandırır. Bütün bunlar bir daha göstərər ki, qarşıdakı illərdə festivalda iştirak edəcək qonaqların sayı, sözsüz ki, artacaq. Çünki illər ötdükcə “Xarıbülbül”ün sorağı dünyaya daha geniş yayılır.

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.