Şəhidlər barədə şeirlər – Dmitri Solntsev

“Ədəbiyyat və incəsənət” portalı Azərbaycan Yazıçılar Birliyinin üzvü Coşqun Xəliloğlunun “Şəhidlər barədə şeirlər” silsiləsini təqdim edir. Bu gün Dmitri Solntsevə həsr edilmiş şeirlə tanış olacaqsınız.

 

 

DMİTRİ ALEKSANDROVİÇ  SOLNTSEV

(15.04.1995.-24.10.2020.)

 

Bakı şəhərində doğulmuş, Rus əsilli,  Nəsimi rayonundakı 240 nömrəli orta məktəbin və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsinin şəhidi

Şəhid olduğu yer:  Qubadlı rayonu

Dəfn yeri:  İkinci Fəxri Xiyaban

 

 

Dmitrinin bacısına xəyali məktubu:

 

-Millətim rus olsa da mən bu yurdun oğluyam,

Bakı mənim ürəyim, Azərbaycan canımdır.

Bakıda doğulmuşam, Vətənimə bağlıyam,

Çörəyi bal kimidir, havası dərmanımdır.

 

Bakının küçələrin dostlarımla  gəzmişəm,

Neçə azərbaycanlı mənə mehriban sirdaş

Birlikdə  göy Xəzərdə fərəh ilə üzmüşəm,

Onlara söyləyirəm, ürəklə, “Brat”, “Qardaş”.

 

ADNSU-nun fərqlənmə diplomunu almışam,

Heç zaman tərk etmərəm mən anamı-Vətəni,

Meylimi bu  şəhərə, Bakımıza salmışam.

Cavabın verəcəklər törədənlər fitnəni.

 

Bacım, salamat qalın, gedirəm Qarabağa,

Paşamızın1 qisası tezliklə alınacaq.

Az qalıb, qovuşacaq yurdimuz gözəl çağa,

Xankəndində, Şuşada himnimiz çalınacaq.

 

1-Paşamız-General Polad Həşimov

 

 

           ƏHSƏN, DMİTRİ

 

Könüllü əsgər oldun əhsən, Dmitri, sənə,

Döyüşdün Füzulidə, Hadrutda, Zəngilanda.

Necə ürəklisənmiş, bağlısanmış Vətənə,

Ürəkdən sevinirdin yurd yerlərin alanda.

 

Bu torpaqda şəhidlik özü də səadətdir,

Qubadlının uğrunda candan keçdi Dmitri.

Şəhidlər müqəddəsdir, isanlığa zinətdir,

Onlar qurban gediblər doğma diyardan ötrü.

 

Həmişə dürüst idin, söylərdin həqiqəti,

Fəxri bir sakin oldun sən “Fəxri Xiyabana”.

Gözləyirdin inamla müqəddəs ədaləti,

Unudulmaz oğulsan doğma Azərbaycana.

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.