Respublika Gənclər Kitabxanasında Elm və Təhsil Nazirliyinin tabeliyində olan 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi PHŞ ilə birlikdə görkəmli dramaturq, şair, nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, jurnalist, rejissor Cəfər Cabbarlının 125 illik yubileyi münasibəti ilə “Cabbarlının ədəbi irsi -varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib.
“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, Cəfər Cabbarlı yaradıcılığının yeniyetmə və gənclər arasında təbliği, əsərlərinin müzakirəsi məqsədilə təşkil edilən tədbirdə mərkəzin pedaqoji heyəti, dərnək üzvləri, məktəblilər, tələbə və gənclər iştirak edib.
Tədbirə Ulu Öndər Heydər Əliyevin və dövlətin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman Azərbaycan oğullarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanılıb.
Kitabxananın Tədbirlərin təşkili və çap məhsulları üzrə iş şöbəsinin müdiri Qənirə Mustafayeva 1937-ci ildən Cəfər Cabbarlının adını daşıyan Respublika Gənclər Kitabxanasında Azərbaycan mədəniyyətinin, ədəbiyyatının görkəmli nümayəndələrinə həsr edilən tədbirlərin keçirilməsi zəruriyyətini vurğulayaraq, Cəfər Cabbarlının həyat və yaradıcılığına həsr edilən, kitabxananın hazırladığı elektron məlumat bazası və ədibin 125 illik yubileyi ilə əlaqədar yenidən çap edilməsi nəzərdə tutulan biblioqrafiya haqqında məlumat verib. Azərbaycan xalqının milli – mədəni sərvətinin, yüzilliklərlə ölçülən qədim tarixə malik mədəniyyətininin, ədəbiyyatının təbliği, gələcək nəsillərə ötürülməsi istiqamətində kitabxanaların rolunun əvəzsiz olduğunu bildirib.
4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Bədii yaradıcılıq şöbəsinin metodisti Məhsəti Məmmədova Cəfər Cabbarlının ədəbiyyatımıza, mədəniyyətimizə verdiyi töhfələr haqqında danışaraq onun XX əsr Azərbaycan ədəbiyyatının ən parlaq simalarından biri olduğunu, ədəbiyyatın milli ənənələrini qorumaqla yanaşı, daim yenilik və müasirlik uğrunda mübarizə apardığını, qadın azadlığı mövzusuna həssas münasibət bəslədiyini, çoxşaxəli ədəbi və ictimai fəaliyyəti boyunca xalqımızın maariflənməsi, onu cəhalətə, ətalətə sürükləyən məhdudiyyətlərdən azad olması yönümündə əzmkarlıqla çalışdığını bildirib.
Ümummilli Lider Heydər Əliyevin görkəmli dramaturqun bədii yaradıcılığını, ictimai fəaliyyətini daim yüksək qiymətləndirdiyini, Cəfər Cabbarlı ədəbi irsini qorunub saxlanılması, xatirəsinin əbədiləşdirilməsinə xüsusi qayğı ilə yanaşdığını vurğulayaraq, bu ənənənin cənab Prezident İlham Əliyev tərəfindən də uğurla dava etdirildiyini bildirib.
Tədbirdə İnkişaf Mərkəzinin “Bədii qiraət” və “Məktəb teatrı” dərnəklərinin üzvlərinin iştirakı ilə Cəfər Cabbarlının “Firuzə” hekayəsi əsasında hazırlanan tamaşa nümayiş etdirilib şeirlərindən parçalar səsləndirilib.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.
“Ədəbiyyat və incəsənət”
(13.05.2024)