Qara Qarayev adına VI Respublika elmi-ifaçılıq müsabiqəsinə start verilib

Qara Qarayev adına VI Respublika elmi-ifaçılıq müsabiqəsinə start verilib.

“Ədəbiyyat və incəsənət” portalı AzərTAC-a istinadən xəbər verir ki, ümumilikdə müraciət edən 150-yə yaxın gənc ifaçıdan 67-si müsabiqənin ikinci turunda iştirak etmək hüququ qazanıb.

 

Professor Tərlan Seyidovun müəllif layihəsi əsasında həyata keçirilən müsabiqənin münsiflər heyətinin və təşkilat komitəsinin sədri Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ-nin və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəylidir.

Artıq 6-cı dəfədir həyata keçiriləcək elmi-ifaçılıq müsabiqəsinə Bakı şəhər məktəblərindən əlavə respublikanın Ağdam, Ağdaş, Bərdə, Biləsuvar, Gəncə, Goranboy, Göyçay, Quba, Qubadlı, Neftçala, Samux, Sumqayıt, Şamaxı, Şəki, Şirvan, Zaqatala və sair şəhər və rayonların musiqi təhsil müəssisələrindən 3 nominasiya üzrə gənc musiqiçilər qatılıblar.

İlk turda iştirakçılar ifa etdikləri əsərlər barədə elmi məruzə ilə çıxış edib və proqramın təfərrüatlı təhlili əsərlərdən seçilən fraqmentlər əsasında nümayiş olunub.

İkinci mərhələdə iştirakçı proqramı bütövlüklə ifa etməlidir.

Professor Tərlan Seyidovun müəllif layihəsi və birbaşa rəhbərliyi ilə 1983-cü ildən etibarən keçirilən elmi-ifaçılıq silsilə müsabiqələri ölkəmizin mədəni həyatında mühüm hadisə kimi yadda qalıb. 2010-cu ildə isə böyük bəstəkar Qara Qarayev adına Birinci Beynəlxalq elmi-ifaçılıq müsabiqəsi uğurla keçirilib və sədası ölkə hüdudlarından kənarda da marağa səbəb olub.

Bu kimi müsabiqələrin keçirilməsi gənc musiqiçilərin ifaçılıq bacarığı ilə yanaşı, nəzəri biliklərinin, habelə ifadəli nitq qabiliyyətlərinin hansı səviyyədə olmasını açıq aşkar nümayiş etdirməklə, həm də mövcud nöqsanlarla bağlı ölçü götürməkdə və yeni metodların hazırlanmasında yardımçı rolunu oynayır.

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.