“YÜK” – Orxan Fikrətoğlunun film ssenarisi (1-ci paylaşım) Featured

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü.  Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.

 

 

YÜK

 

Tammetrajlı bədii filmin ssenarisi

 

Daşkəsən qızıl mədəninin daş tağlı tuneli statik planda monumental abidəni xatırladır.

Pas atmış dəmir relslərin üstüylə tunelin çıxışına doğru gələn qatar sərt döngənin arxasında görünməsə də, səsi eşidilməkdədir.

Gələn qatarın yeli dəmir relslərin kənarında qızaran tənha lalə çiçəyini mazutdan qaralmış torpağa tərəf əyir. Lalənin qəddi əyilsə də, qırılmır.

Tunelin içində yanıb-sönən işıq dəmir relslərin gah üstünə düşüb onları parıldadır, gah da ətrafa yenə zülmət qaranlıq çökür.

Nəhayət, küləyi laləni əymiş üstüaçıq qatar-vaqoncuq da görünür.

Mədən fəhlələri vaqoncuğun içində ayaq üstə dayanıblar. Onlar gecə növbəsindən geriyə, fəhlə baraklarına doğru qayıdırlar.

İri planda yorğun, eyni zamanda sərt fəhlə üzləri görünür. Vaqoncuğun içindəki fəhlələrin arasında Elşad da var. Ancaq onun üzündə canlı insan işığı oynaşır. Digər fəhlələr sankı tunc heykəllərdir. Əyinlərindəki mədənçi geyiminə, üzlərinə, saçlarına hopmuş qızılı tozun altından ancaq kirpiklərinə qədər qızılı rəngə boyanmış diri gözləri görünür.

Elşad əlindəki telefona baxır.

O, ciddi və sərt fəhlələrdən seçilir. Onlardan yaşca da çox kiçikdir. Əsgərlikdən yeni qayıdıb. Əynindəki kiteli də oradan yadigardır.

Yanında dayanmış fəhlə Elşaddan: – Bir xəbər yoxdur? – soruşur.

Elşad “Yox” bildirən hərəkətlə başını yellədir.

Həmin fəhlə: – Pənah Allaha! – deyir.

Vaqoncuq tuneldən gün işığına çıxır.

Vaqoncuğu daşıyan kiçik parovoz fəhlə baraklarının qarşısında dayanır.

Fəhlələr vaqoncuqdan bir-bir düşüb fəhlələr üçün tikilmiş xüsusi baraklara daxil olurlar.

Elşad da vaqoncuqdan düşüb səyyar fəhlə hamamının qapısından içəri keçir.

Elşad tələskənliklə iş paltarlarını soyunub dəhlizdə sıra ilə düzülmüş duş kabinlərdən birinin içinə girir.

Duş kabinlərin arxa divarında göy üzünə açılan iri nəfəsliklər var.

Elşad kranın puçunu burub çiləkdən axan suyun altına girir.

Su Elşadın üzündən, çiyinindən üzüaşağı süzülür.

Elşad suyun altında dayanıb nəfəslikdən görünən göy üzünü görür.

Göyün üzündə pəncərədən və çiləydən axan suyun şırıltısından səsləri eşidilməyən hərbi təyyarələr uçur.

Suyun yaxından eşidilən şırıltılı səsi təyyarələrin səsini Elşad üçün eşidilməz etsə də, göydə yaşanan real gərginlik və hərb xofu onun gözlərində qorxu yaradır...

Elşad kranın puçunu burub suyu bağlayır...

Elşad ayaqları üstə dikəlib nəfəsliyi açır.

Duş kabinin içinə havayla birlikdə təyyarə səsləri də dolur...

Göy üzündə uçan həmin hərbi təyyarələrin birinin içindən sıra ilə paraşütçülər atılır.

Paraşütçülərin göydə açılan paraşütləri uzaqdan ağ çiçəkləri xatırladır...

Paraşütçülərin sonuncusu Xaçbulaq yaylağının arxasındakı Ermənistan dağlarına endikdən sonra Elşad asılqandan asılmış can dəsmalını götürüb duş kabindən çölə çıxır.

 

 

***

 

Elşad sovet dövründən qalma köhnə “QAZ 69” markalı maşınının sükanı arxasındadır. O, işlədiyi Daşkəsən qızıl mədənlərindən Gəncə altında yerləşən qaçqın şəhərciyindəki evinə tərəf gedir.

Maşının radiosundan ənənəvi musiqi səsi gəlir. Qəfil musiqi kəsilir. Xəbərləri oxuyan qızın radiodalğaların xırıltısı altından boğuq səsi eşidilir: “Müdafiə Nazirliyinin verdiyi məlumata görə, müzəffər Azərbaycan Ordusu bu gün axşam saatlarında Ağdam şəhərinə daxil olub. Erməni hərbi birləşmələri şəhəri tərk ediblər. Ağdam Azərbaycan Milli Ordusunun tam nəzarəti altına keçib!”

Elşad eşitdiyi xəbərin həyəcanından maşının əyləcini basır.

Maşın yolun ortasında tükürpədici səs çıxara-çıxara əylənir.

Bir müddət sükandan əlini çəkmədən yerindəcə donub qalır.

Sonra maşının qapısını açıb aşağı enir.

Heç nə ifadə etməyən boş gözləri ilə sanki harasa uzağa baxır...

O, indicə eşitdiyi şad xəbərdən sanki reallığı itirib.

Yolla Azərbaycan və Türkiyə bayraqlarını əllərində tutmuş sərnişinlərlə dolu, müxtəlif markalı maşınlar onun saxladığı maşının sağından və solundan “Qarabağ, Qarabağ!” qışqıra-qışqıra keçib gedirlər.

Elşad bir az toxtayandan sonra yenidən maşına minir.

O, bir müddət sükanın arxasında keyimiş halda oturur.

Əl telefonuna uzun-uzadı gələn zəng səsi sanki onu yuxudan ayıldıb reallığa qaytarır.

Nəhayət, o, yuxudan ayılıbmış kimi, əlini cibinə salıb cib telefonunu çıxarır.

Əlləri əsə-əsə telefonun ekranına baxır.

Telefonun ekranında əlli beş-altmış yaşlı bir kişinin şəkli görünür. Həmin şəkli iri planda biz də görürük. Çalınan zəngdən telefonun titrəməsi ekranda görünən kişinin şəklini də sanki titrədərək canlandırır. Bu qəribə effektdən bircə anlıq ürpənən Elşad tələm-tələsik telefonun düyməsini barmağıyla basıb qulağına tutur.

Elşad ona zəng vurmuş adamı dinləyir.

Sonra: “Sənin də gözün aydın olsun! Yəqin, sabah! Sağ ol... Mən də!” – deyir.

Danışığını bitirsə də, Elşad telefonu hələ bir neçə saniyə qulağından çəkmir.

Sonra nə düşünürsə, telefonu qabaq oturacağın üstünə atıb mühərriki işə salır.

Maşını yerindən tərpədib uzaqdan görünən işıqlara tərəf yol alır...

 

 

***

 

Gəncə altı. Qaçqın şəhərciyi.

Evləri sıra ilə düzülü, tipik qaçqın şəhərciyinin yuxarı nöqtədən ümumi görüntüsü.

Şəhərciyin, demək olar ki, bütün sakinləri çöldədirlər. Tonqallar qalanıb. Küçədə samovarlar qaynadılır. Kabab çəkilir. Sakinlər özləri çaldıqları müxtəlif alətlərin müşayiəti ilə “Yallı” rərsini ifa edirlər.

Uşaqlar hamıdan çox əylənirlər. Əllərində Azərbaycan bayrağı küçə boyu qaçırlar.

Qadınlar iri ləyənlərdən tanımadıqları adamlara belə şərbət paylayırlar.

Sıra ilə düzülmüş evlərin qarşısındakı maşın dayanacağına girib dayanan “QAZ 69” maşını.

Elşad maşından aşağı enir.

Ümumi bağçadan keçib geniş meydana çıxır.

Elşad sevinən insanların arasından yeyin-yeyin keçib evinə doğru gedir.

Bir qoca qarı Elşadın boynuna sarılıb üzündən öpür.

Elşad özü yaşında bir oğlanla əl tutub görüşür.

Nəhayət, düşərgədəki tipik evlərdən birinin qapısını açıb içəri keçir.

 İçəri keçən kimi dəhlizdə oturub onun yolunu gözləyən anasını görür.

Anası Elşadı görən kimi ayağa qalxıb uşaqtək üstünə qaçır.

O, artıq yır-yığış edib. Evlərində olan-qalan nə varsa, dəhlizdəki iki meşin çantaya yığıb. Bayaq Elşadın telefonunun ekranında gördüyümüz yaşlı kişinin böyüdülüb qara ramkaya salınmış şəklini də əlində tutub, yola düşəcəyi anı gözləyir.

 Anası Elşadın boynuna sarılıb hönkür-hönkür ağlayır. Göz yaşlarının arasından fürsət tapıb ağlaya-ağlaya sözlərini də Elşada deyir: – Bütün əşyalarımızı yığmışam. Səni gözləyirəm ki, çıxaq! Bacına zəng vurmuşam. Dedim, gələndə çörək də alsın. Birdən yolda acıyarsan!

Elşad: – Hara gedirik?

Ana: – Ağdama da... Hara gedəcəyik? Hospitala o qədər yaralı gətiriblər ki, bacın iki gecədir evə gəlmir. Ona sənin adından yalan demişəm. Demişəm, Elşad deyir ki, “Ağdama gedirik, tez gəlsin!” Sözümüz bir olsun ha, yalanımı çıxarma!

Elşad bir müddət susur.

Anası Elşadın boynunu buraxıb geri çəkilir. Dəhlizin divarına söykənib sual dolu gözləri ilə oğluna baxır.

Ana: – Getmirik?

Elşad: – Tələsmə, ay ana. Qoy görək hələ nə deyirlər. Oranın işığı, qazı nətərdi? Evimiz dururmu, durmurmu? Erməninin hamısı çıxıbmı?

Ana: – Nə işıq, a bala? Oranın qaranlığı da işıqlıdır. Bəxtin də dəyişəcək orda... görəcəksən. Gedən kimi səni orda evləndirəcəm!

Elşad: – Əvvəl qoy atamı aparıb orda yerbəyer eləyim. Sonra özümüz köçərik!

Ana: – Atanı?

Elşadın anası əlində tutduğu qara ramkadakı şəklə baxır. Şəkildəki kişini biz artıq Elşadın telefonunun ekranında görmüşük.

Elşad: – Ona söz vermişəm. Gözü yoldadır. Burda yeri narahatdır. Oranı istəyir!

Anası gözlərinin yaşını silir: – Bəxtəvar başına! Qafar məndən qabaq gedəcəkmiş Ağdama?

Elşad: – Ay ana!

Ana: – Yemək yeyəcəksən?

Elşad: – Toxam!

Ana qanı qaralmış halda keçib dəhlizin küncündəki kətilə əyləşir.

Başını aşağı salıb susur.

Elşad anasını küsdürdüyünü anlayır. Yaxınlaşıb qarşısında diz üstə oturur.

Başını anasının dizləri üstünə qoyur.

Elşad: – Küsmə, sən Allah... mənə Ağdamdan danış!

Ana başını yuxarı qaldırıb titrəyən əlləri ilə Elşadın saçlarını tumarlamağa başlayır: – Səndən küsmürəm ki, a bala... Allahdan küsürəm... Ağlımla başa düşürəm e, hələ getmək tezdir... ürəyim tələsir.

Elşad: – Elə mənim də!

Qapı açılır.

Elşadın bacısı sevincindən hoppana-hoppana içəri keçir.

Dəhlizdə oturmuş anasını və başını anasının dizləri üstünə qoymuş Elşadı görən kimi qapını belə bağlamadan qaça-qaça anası ilə qardaşına yaxınlaşır.

Elşadın bacısı da dizi üstə döşəməyə oturub başını anasının dizləri üstünə qoyur.

Ana hər iki uşağının saçlarını eyni qayğı ilə tumarlayır.

Elşad: – Bizə Ağdamın nağılını danış!

Elşadın bacısı: – Atamı ilk dəfə məktəbdə gördüyün günün nağılını danış...

Elşadın anası: – Ömrümüz başdan-ayağa nağıldı da elə... daha nə nağıl danışım?

 

“Ədəbiyyat və incəsənət”

(13.05.2024)

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.