“YÜK” – Orxan Fikrətoğlunun film ssenarisi (2-ci paylaşım) Featured

Ölkəmizdə Kino ssenarilərini dərc edən bir mətbu orqan, dərgi yoxdur. Ümumən, son illərdə heç dramaturji kitablar da nəşr edilmir. Kinoşünaslıq, kinotənqid sahələri də öz qürub dövrünü yaşayır. Bu da kinomuzun inkişaf strategiyasının ziddinədir.

Hazırda həm Mədəniyyət Nazirliyinin, həm də Kino Agentliyinin reallaşdırmaq istədikləri geniş fəaliyyət spektrində bu nöqsanların aradan götürülməsi də aparıcı rol oynayır.

Bu günlərdə “Elm və təhsil” nəşriyyatı tərəfindən tanınmış kinodramaturq, yazıçı, Azərbaycan Kini Agentliyinin direktoru Orxan Fikrətoğlunun “Kinocizgilər” adlı kitabı işıq üzü gördü.  Kitabda həm tammetrajlı, həm qısametrajlı bədii və sənədli film ssenariləri, ekran həlli üçün uyğunlaşdırılmış qısa hekayələr və novellalar yer alıb.

Oxucularımızın “Kinocizgilər” kitabındakı yazılarla tanışlığı davam edir. Xüsusən, kino sahəsi ilə maraqlananlar üçün, gənc ssenaristlər və rejissorlar üçün düşünürük ki, bu dərclər faydalıdır.

 

 

YÜK

 

Tammetrajlı bədii filmin ssenarisi

 

2

 

Səhər yenicə açılıb. Elşad qaçqın şəhərciyinə aid olan tipik evlərdən birinin qapısı ağzında dayanıb. Qoltuğunda tutduğu, durmadan qaqqıldayan iri ağ qazı kiritməyə çalışır. Qaz kirimək bilmir ki, bilmir. Elşad, nəhayət, qazı ayaqlaırnın arasına salıb qapının zəngini basır.

Qapı bir az gec açılır. Doqqazda arıq, altmış yaşlı bir qadın görünür. Gözləri həyat eşqi ilə yanan qadın diqqətlə Elşada baxır.

Qadın: – Leyləkdir əlindəki?

Elşad: – Qazdır. Oğru görəndə səs salandan! Seyidə gətirmişəm. Evdədi?

Qadın: – Bu yaşdan sonra harda olacaq? Daha bütün günü evdədir. Keç görək. Ayaqqabını çıxartma. Döşəməni onsuz da yuyacam!

Elşad qazı qadına uzadır: – Sağlıqla yeyin! Amma yaxşı gur səsi var!

Qarı: – Səsini neynirəm? Toyda oxudub nəmər yığacam? Sağlıq da ki, qalmayıb daha! Əvvəl yavanım yox idi yeyəm, indi yavan var, dişim yoxdur!

Elşadla qadın Seyidin otağına keçirlər.

Xalçalarla döşənmiş otaq. Seyid Əhməd xalça üstə oturub.

Elşad keçib Seyid Əhmədlə qabaq-qənşər oturur.

Seyid Əhməd əlindəki telefonda kiməsə uzun-uzadı mesaj yazır.

Eyni zamanda əli ilə Elşada danışmasını işarə edir.

Seyid: – Buyur, oğlum, dərdini de!

Seyid başını qaldırmadan Elşada qulaq asır.

Elşad: – Seyid Əhməd dayı, səninlə məsləhətə gəlmişəm. Atam bildir öldü də, bilirsən. Özün basdırdın! Üstünü də götürmədik. Rəhmətlik vəsiyyət eləmişdi ki, məni Ağdamda basdırarsan. İndi olmadı da. Gec aldılar Ağdamı. Kişi burda öldü. Çatdırmadı. Deyirəm, indi Ağdam alınandan sonra şəriətə görə atamı qəbirdən çıxarıb Ağdama aparsam olar? Orda onu dədə-baba qəbiristanlığında babamın böyründə basdırmaq istəyirəm. Olar belə bir şey? Kitab belə işlərə nə deyir?

Seyid Əhməd Elşadın üzünə baxmadan, başını belə qaldırmadan mesaj yaza-yaza deyir:

– Əslində, dinə görə, insan harda öldü, orda basdırılmalıdır. Amma vəsiyyəti varsa, iş dəyişir. Niyə olmur? Əmanət qəbirdir də! Atanı bura müvəqqəti olaraq, amanat kimi basdırmışdın. İndi öz vəsiyyətinə görə qəbrindən çıxarıb arzuladığı yerdə basdırmağa aparırsan. Burda pis heç nə yoxdur. Onu qarət etmirsən ki? Niyyətin də təmizdir. Allah belə işlərə heç zad demir! Əksinə, yol açır! Xeyirli olsun!

Elşad: – Mən ona söz vermişəm, Seyid dayı. Bu mənim oğulluq borcumdur. Eləyəcəm də. Amma belə eləməklə Allahın, ya hökumətin qanununu pozmuram?

Seyid Əhməd: – Nə qanun, a kişi? Öz atandır da. Başqasının atasını Ağdama aparıb zorla basdırmırsan ki? İstəyirsən, sənə dilimdən kağız verim ki, düz eləyirsən. Rəhmətliyin “Yasin”ini də burdan ora havayı oxuyacam! Ağdama çatan kimi mənə zəng vurarsan! Get... Daha yubanma. Allah əgər yolunu açıbsa, işini tez həll elə. Siyasət çox köpəyoğlu işdir. Sən bilmirsən! Bir də gördün işlər yenə çevir oldu! Kişi də qaldı ömürbillah amanat qəbrində!

Elşad: – Allah səndən razı olsun, Seyid dayı! – deyib ayağa qalxır.

Bayaq qapını Elşad üçün açmış Seyid Əhmədin arvadı əlində iki çay dolu fincan otağa girir.

Seyid Əhmədin arvadı: – Hara gedirsən, a bala? Otur, çay iç də!

Elşad: – Sağ olun, tələsirəm! Gələn dəfə içərəm!

Seyid Əhmədin arvadı: – Gələn dəfə sən gələnə çay soyuyar axı, a bala!

Seyid Əhməd tərs-tərs arvadına baxır.

 

 

***

 

Elşadgilin evinin önü. Şər yenicə qarışıb.

O, iri dəmir beli və külüngü çiyni üstündən aşırıb maşınına doğru gəlir. Yüklüyü açıb külüngü və beli maşının arxadakı yüklüyünə yerləşdirir.

Elşadın anası qırmızı rəngli iri yorğanı və iri taxt döşəyini gətirib maşının arxa oturacağını döşəyir. Sonra ağlamsına-ağlamsına maşına oturub başını aşağı salır.

Elşad, nəhayət, maşının sükanı arxasına keçir.

Qonşu qadın maşının pəncərəsini döyüb Elşadın anasına pəncərəni açmasını işarə edir. Elşadın anası maşının pəncərəsini açır.

Qonşu: – Hara belə, Gülbəs bacı?

Elşadın anası: – Kişini Ağdama aparırıq!

Qonşu: – Hansı kişini?

Elşadın anası: – Elşadın atasını da! Qafarı!

Qonşu salavat çevirir...

Qonşu: – O da gedir?

Elşadın anası: – Hamıdan qabaq o gedir!

Elşad maşının mühərrikini işə salır....

 

Elşad qəbiristanlıqda atasının qəbrini qazır.

Tər içindədir.

Nəhayət, o, son dəfə əlindəki külünglə atasının sinə daşını vurub sındırır.

Kəfənə bükülü atasının sümüklərini qucağına alıb maşına tərəf gətirir.

Atasının ağ kəfənini maşının arxa oturacağındakı döşəyin üstünə uzadır. Sonra yorğanı atasının üstünə çəkir. Bayaqdan bəri oğluna dinməzcə tamaşa edən anası üzünü ərinə tutur.

Anası: – Sağ-salamat get, a Qafar, gözün arxada qalmasın! Mən də bir-iki ilə gəlirəm yanına. Qoy uşaqları yerbəyer eləyim, gəlirəm!

Elşad: – Dayan görüm sən də! Gəlirəm... Biriylə düz-əməlli bacarmıram... o biri də deyir, gəlirəm. Bu bahalıqda ölmək olar? Hara ölürsən köçhaköç vaxtı!

Anası: – Bə nə deyim daha? Soruşum necəsən? Orda nə var, nə yox? Sən get qəbrin üstünü ört ki, boş qalmasın. Boş qəbir müharibə gətirər!

Elşad qaça-qaça qəbiristanlığa tərəf gedir ki, açıq qəbrin üstünü tələsik torpaqlasın.

 

 

***

 

Səhərdir. Anası ağlamsına-ağlamsına Elşadın maşınının arxasınca su atır.

Elşad şəhərcikdən sağa dönüb Gəncə dairəvi yoluna çıxır.

Yağışlı bir gündür.

Elşad qabaq güzgüdən arxa oturacağa baxıb ucadan “atası” ilə danışır.

Elşad: – Allah işimizi xeyirli, uğurlu eləsin, ay ata! Allah səni tezliklə dədə-baba torpağımıza basdırmağa mənimçün yol açsın. Anam deyir, doğulanda məni Ağdamdan ta kəndə qədər əlindən yerə qoymamısan. Sənə gözaydınlığı verənlərə də “Oğul düşmən çəpəridir. Özümə dayaq daşıyıram, oğul daşımıram ha” demisən. İndi növbə mənimdir. İndi mən səni qucağımda özümə dayaq olsun deyə daşıyıram son mənzilinə!

Elşad geniş yoldan Ağdama tərəf dönür.

Yol ayrıcındakı iri banerin üstündə “AĞDAM. ŞUŞA. XANKƏNDİ” yazıları yazılıb.

 

 

***

 

Hərbi hospital.

Elşadın bacısı palatada bir yaralı əsgərin ayağının sarğısını dəyişir. O, hospitalda tibb bacısı işləyir.

Əsgərin ayağını sarımağı bitirdikdən sonra bir başqa əsgərə iynə vurur.

Palatada işlərini bitirdikdən sonra dəhlizə çıxır.

Hospitalın dəhlizi ilə gedir. Dəhlizin divarları boyu yaralı əsgər və zabitlər çarpayılarda uzanıblar. Yaralı çoxdur deyə palatalara sığmır.

Dəhlizi keçib ağır xəstələrin yatdığı reanimasiya şöbəsinə girir.

Reanimasiya şöbəsinin həkimi onunla görüşür.

Həkim: – Xoş gəldin!

Elşadın bacısı: – Salam, İmran həkim!

– Sən növbədə olanda arxayın oluram!

– Mən də sizi görəndə arxayın oluram, həkim!

Onlar iri şüşə arxasından görünən, indicə əməliyyat olunmuş xəstələrə baxırlar.

Həkim: – Müharibə bitsə də, yaralılar gəlməkdədir. İki saat əvvəl yenilərini gətiriblər. Ən ağırı əsgər Rüstəmzadədir. Hadrutda əsir imiş. On doqquz yaşı var. İnanmıram sabaha sağ çıxa. Əməliyyat elədim. Bədənindəki qəlpələri də çıxartdım. Ürəyi dözməyə bilər. Dili də tutulub. Bu gecə onu gözdən qoyma... səhərə çıxara bilsən, yaşayacaq.

– Çıxararam!

– Sabaha qədər! İki gecədir yatmıram. Gedim bir az mürgüləyim. Lazım olsam, zəng vur!

– Arxayın gedin, İmran həkim!

Reanimasiya şöbəsinin həkimi palatadan çölə çıxır.

Elşadın bacısı şüşənin o biri tayında çarpayıda huşsuz vəziyyətdə uzanmış əsgər Rüstəmzadəyə baxır.

Əsgər Rüstəmzadə ağır-ağır nəfəs alır...

Elşadın bacısının gözündən bir damçı yaş axıb yanağına doğru süzülür.

 

 

***

 

Elşad geniş magistral yolla Ağdama doğru gedir.

Qəfildən arxadan gələn avtoinspekter ucadandanışanla Elşadın maşınını saxladır.

Avtoinspektorun səsi: “QAZ 69”, sağa ver, saxla!”

Elşad maşınını yolun kənarına verib saxlayır.

İnspektor maşınından düşüb Elşada yaxınlaşır.

Kök inspektor yaxınlaşa-yaxınlaşa maşının köhnəliyinə işarə edərək:

– Maşını muzeydən qaçırmısan, ya tapmısan? – soruşur.

Elşad: – Atam bu maşınla Ağdamdan qaçqın gəlib. İndi mən sürürəm! Öz maşınımızdır! O da mənim kimi qaçqındır!

– Texosmotrdan keçirmisən?

Elşad  pəncərədən maşının sənədlərini inspektora uzadır.

– Bəli!

İnspektor sənədləri alıb baxır, sonra Elşada qaytarır.

– Nə aparırsan?

– Heç nə!

İnspektor maşının qabaq pəncərəsindən içəri boylanır:

– Maşında səndən başqa kimsə var?

– Bir atamdır, bir də mənəm! Ağdama gedirik. Şelli qəbiristanlığına!

– Oralara hələ heç kəsi buraxmırlar axı!

– Bizi buraxarlar. Qalmağa getmirik ha!

– Atan yatıb? Heç səsi çıxmır...

– Atam çoxdan ölüb. Ağdama basdırmağa aparıram. Doğulduğu kəndə. Bir-iki aya özüm də anamla bacımı götürüb ocağa qayıdacam!

– Necə yəni atam ölüb, ə? Neçə ildir onu harda saxlayırdın? Ölüm kağızı var? Bəlkə sən özün öldürmüsən atanı? Bir də, mən hardan bilim bu adam sənin atandır? Düş maşından görüm!

– Kağızı da var, sənədi də var! – deyə maşından aşağı düşür.

İnspektor arxa qapını açıb Elşadın atasının artıq sarımtıl rəngə çalan kəfəni üstündən yorğanı qaldırır.

Köhnə kəfəni və kəfənin içindən ancaq sümükləri sezilən “cəsədi” görən inspektor çevrilib tərs-tərs Elşadın üzünə baxır:

– Ə, sən nağayrırsan? Belə olar eləmək?

– Bizimki də belə gətirib də, neynəyim, rəis? Elə bilirsən mən niyyət eləmişdim belə olsun? Atam yazıq... nə ürəyi istədiyi kimi yaşadı, nə də ürəyi istədiyi kimi öldü. İndi də qismətinə bax. Kim istəyər dədəsini belə maşına qoyub mollasız, “Yasin”siz basdırmağa aparsın? Elə bilirəm arxa oturacaqda min ton yük aparıram, bir ucu da gəlib ürəyimi deşir!

İnspektor təəccüblə Elşadın üzünə baxır.

Elşad: – Bax buranı! – deyə əliylə ürəyini göstərir.

İnspektor: – Mənim işim ancaq maşındı, qardaş. Amma sənə yazığım gəldi deyə söyləyim. Başına iş açmamış qayıt dön geri. Atanı hardan çıxarmısan, qaytar ora da basdır. Sən şir ürəyi yemisən, ə. Günün günorta vaxtı adam da dədəsini gordan çıxarar ki, bəs aparıram hələ çölləri minalarla dolu olan vətəninə. Ə, dədən ağacdır? Adamdır e bu! Bəs qanun, kitab?

Elşad “cəsəd”in üstünü yorğanla örtür.

Atasının ölüm kağızını çıxarıb inspektora uzadır.

İnspektor Elşadın əlini geri itələyir: – Allah rəhmət eləsin! Get! Mən səni görməmişəm! – deyir.

Elşad maşına oturub mühərriki işə salır.

Maşın bir göz qırpımında uzaqlaşır.

İnspektor hələ də şokdadır...

 

 

***

Elşad geniş magistral yol ilə maşın sürür.

Yol kənarına düzülmüş insanlar cəbhə zonasına gedən hərbi maşınları saxlatdırıb içindəki əsgərlərə yemək, siqaret və su paylayırlar.

Elşad güzgüdən arxa oturacaqdakı atasının ruhsuz bədəni ilə danışır: – Əsgərlərdir! Yəqin, Ağdama gedirlər. Hayıf, öz ayağınla geri qayıtmaq sənə qismət olmadı. Seyid Lazım ağanın cəddi haqqı, kəntdəki evini dişimlə, dırnağımla təzədən qaldıracam! Pul qazanıb tikəcəm! Sənə saray tikəcəm e... elə belə yox... Sən məni ölü bit bilmə ha. Dedimsə, deməli, eləyəcəm. Sonra özüm də dönəcəm kəndə. Demə ki, əlindən bir iş gəlmir. Abrım qoymur, ay ata... yoxsa mən də çox iş görərdim. Amma yox, istəmirəm. Elə sənin kimi sadə ömür yaşayacam. Qaçqınlıq ölümdən də betər imiş. Bilirsən niyə? Burda doğulsan da, xatirən yoxdur e... Üstünə getməyə qəbirlərimiz də burda yoxdur. Tarixim sən idin də burda. Sənin də tapınağların Ağdamdaydı. Ona görə də geri dönmək istəyirdin. Üşümürsən? Bir az da döz! Az qalıb, çatırıq. Elə bilirəm ki, bədənin yoxdur deyə həmişə üşüyürsən!

Yol kənarındakı bir adsız kafenin qarşısında maşını saxlayır.

Maşından düşüb içəri girir.

Kafedə ofisiantdan savayı heç kəs yoxdur.

Elşad keçib boş masalardan birinin arxasında oturur.

Ofisiant yaxınlaşır: – Çay içəcəksən?

Elşad: – Səhər yeməyi yeyəcəm.

Ofisiant: – Yumurta da olsun?

Elşad: – Gətir!

Ofisiant: – Necə olsun? Suda, ya qızardım?

Elşad: – Suda olsun!

Ofisiant mətbəxə gedib kiçik pəncərədən aşpaza yemək sifariş verir.

Yeməkxananın divarından asılmış böyük ekranlı televizorda futbol oyunu nümayiş etdirilir.

Kafenin tavanında qaranquş yuva salıb. Balaları civildəşir. Hərdən ana qaranquş yem dalınca açıq qapıdan çölə uçur. Tez də geri qayıdıb dimdiyindəki yemi civildəşən balalarının ağzına qoyur.

Elşad ofisiantı səsləyir: – Xəbərlərə baxmamısan? Nə deyirlər, Xankəndiyə girdik?

Ofisiant: – Daha inanmıram. Ruslar gəlib bölgəyə. Deyir, böyük sülh olacaq. Qarabağda ermənilərlə birlikdə yaşayacağıq.

Elşad: – Ağdama buraxırlar, bilmirsən?

Ofisiant: – Hələ yox! Mina çoxdur, deyirlər. Həm də şəhərin daşı daş üstündə qalmayıb. Lap tutaq ki, getdin Ağdama. Neynəyəcəksən orda? Deyir, şəhərdə ruhlar adamın üstünə gəlir. Ermənilər şəhərin daşını da, ağacını da daşıyıblar İrəvana. Bircə məscid qalıb. Bir də itlər ora-bura qaçırlar.

Elşad: – Allaha gücləri çatmayıb da. Görürsən? Məscidi Allah qoruyur axı. Seyid Lazım ağanın cəddi qoyar məscidə xətər dəysin?!

Ofisiant mətbəxə gedib sinidə səhər yeməyini gətirir. Yeməyi masanın üstünə qoyur.

Elşad ucadan “Bismillah” deyib yeməyə başlayır.

Ofisiant: – Ağdamlısan, deyəsən. Geri qayıdırsan?

Elşad: – Hələ ki atamı qaytarıram. Yaya doğru, inşallah, özüm də köçəcəm. İş yerləri açsalar, günü bu gün qayıdaram. Maaşsız yaşamaq olmur da!

Ofisiant: – Sənətin nədir?

Elşad: – Heç nə. Dəvə dalı yağlayıram. Fəhlə.

Ofisiant: – Fəhləyə hər yerdə iş var. Qarabağı sıfırdan tikəcəklər. Burda hamballıq eləyənə qədər elə get öz evinin daşını at da! Düz eləyirsən qayıdırsan. Mən də qayıdacam!

Elşad: – Sən haralısan?

Ofisiant: – Zərdablı!

 

“Ədəbiyyat və incəsənət”

(14.05.2024)

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.