Nigar Həsənzadə, “Ədəbiyyat və incəsənət”
Bu günəcən kimsəyə fanatlıq etməmişəm, sadəcə uşaqlıq illərimdə bir il yeni çıxmış bir gənc musiqiçi var idi, onu çox bəyənərdim, amma o istək də bir müddət sonra yox oldu. Və bir daha nə ona, nə kimsəyə belə bir duyğu hiss etdim.
İstənilən yaş dövründə başqalarına qəribə baxardım. Onlar hansısa musiqiçini çox bəyənər, fanatlıq edər, mahnılarını əzbərə oxuyar, onun geyimlərindən almaq istəyər və s. Həqiqəti desəm, bu mənim üçün də maraqlı bir şeydir. Bu hissi yaşaya bilməmişəm deyə bəlkə də məyusam.
Heç “hansısa bir janrı daha çox sevirəm” anlayışı da yoxdur məndə. Musiqi ilə bağlı yazılarımda da hər zaman yazmışam ki, mənə görə ən sevdiyim janr yoxdur, ən sevdiyim əsər var. Elə bir muğam olar ki, doymadan dinləyərəm, elə bir klassika olar ki, çox bəyənərəm, bəzən də elə ritmik mahnı olar ki, elə bilərəm ki, ən çox onu bəyənirəm. Bu xüsusiyyətimi həm bəyənirəm, həm də yox. Amma fanatizmdə ən bəyənmədiyim bilirsiniz nədir?!
Fanatı olduğun insanın düşüncəsi ilə həyata baxmaq. Bax bu insanları mən sadəcə "dünyaya kiçik pəncərədən baxanlar" adlandırıram. Həmin o fanatları qatığa qara desə hamıyla dava edib qatıq qaradır deyəcək qədər düşüncəni mənimsəmiş insanlar var. Adını çəkmək istəmədiyim bir reper var. Bu gün əksər uşaqlar, yeniyetmələr, gənclər onun fanat ordusudur. Məncə də o insanın düşüncələri fərqli və maraqlıdır. Amma unutmayaq ki, bu onun düşüncələridir. Bizim yox. Biz sadəcə dinləməli, oxumalı, bəyənəriksə, alqışlamalıyıq, amma bizim düşüncəmiz kimi dərk edib öz düşüncəmizə təsir etməyinə imkan verməməliyik. Çünki həyatı öz beynində analiz etməyib, öz düşüncələrini formalaşdırmayıb, hansısa bir şəxsin dilindən həyatı eşidirmiş kimi davranıb, həyatı onun həyatından öyrənmək mənə görə heç də doğru deyil. Onun çətinliklə yaşadığı həyatdan çıxardığı nəticələrdən kifayətlənib həyatı kar, kor, lal kimi yaşayıb həyatdan qaçmaq, mücadilə aparmamaq, həmin şəxsi həyatın mərkəzinə qoyub, ondan başqa həyat yoxmuş kimi davranmaq sadəcə psixoloji problemlərin olmağından xəbər verə bilər.
Fanatizm bəzən bir xəstəlikdir. Əsas da yeniyetmələrin çox tez xəstələndiyi xəstəlik.
“Ədəbiyyat və incəsənət”
(14.05.2024)