Medalın iki üzü - MÜƏLLİF SENSASİYA İDDİA EDİR Featured

“Ədəbiyyat və incəsənət” portalı Yunis Xəlilovun öz dilindən onun yazdığı “Medalın iki üzü” adlı romanı barədə şərhi diqqətinizə çatdırır. 

 

Mən yazıçı deyiləm. Amma uzun müddət bundan əvvəl, təxminən 9 il öncə mövuzusu maraq dairəmə aid olan iki məsələnin sintezinə həsr etdiyim bir roman yazmağa başladım. 

Bəli, roman! Özü də cəsarətlə qələmə aldığım bu romanda şahmat oyunu və Möminə Xatun türbəsi ilə bağlı son dərəcə yeni və maraqlı məlumatları oxucuya sadə dillə çatdırmaq istəyirdim. Bəlkə də, qəribənizə gələcək? Şahmat və Möminə Xatun türbəsinin bir-biri ilə nə əlaqəsi?!

64 fəsildən ibarət olacaq romanımın bütün məzmununu ağlımda gəzdirsəm də, son 8 ildə onun cəmi 1 fəsilini yazıb kənara qoymuşdum. Amma son 1 il ərzində çoxsaylı sublimesajlarla və batini anlamlarla zəngin olan romanımı yazmağa davam etdim və demək olar ki, bitirdim.

Den Braunun “Da Vinçi şifrəsi” stilində yazdığım romanımın oxucuya həyəcan dolu anlar yaşadacağını düşünürəm.

Romanımı yazarkən yerli və xarici bir sıra müxtəlif sahələrin (tarix, politologiya, riyaziyyat, fizika və s.) alimlərindən, din xadimlərindən, ezoterikaçı mütəxəssislərdən, hətta diplomatlardan çoxsaylı köməkliklər və məsləhətlər aldım. Əsərin yazılmasında elmi araşdırmaya bu gün belə cəlb edilməyən mühüm dəyərə malik olan tarixi sənədləri mənim üçün əlçatan edən dəyərli dostlarımın böyük yardımları danılmazdır. Onlardan bəziləri roman yazmağımdan xəbərdar olsa da, bir çoxları bundan xəbərsiz idi.

Bu günədək bir dostuma əsərimin ilk iki fəslini təqdim edib ondan dəyərli fikirlərini öyrəndim. Onun başdan sonadək tam mətni isə yalnız digər bir dostuma məlumdur.

“Medalın iki üzü” adlı bu romanım kiçik redaktələr xaricində demək olar ki, tam hazırdır, lakin indi də çap etmək niyyətim yoxdur! Bunun özümə görə ciddi səbəbləri vardır. Bunların başında romanda əksəriyyət insanın doğru bildiyi, lakin əslində yanlış olan, tamamilə sensasiya yaradacaq həssas tarixi faktları dilə gətirməyim və hadisələrə yanaşma tərzimdir. Əsərin dərci mütləq çoxlu suallara cavab verməyimə və qalmaqal yaradacaq məqamlara aydınlıq gətirməyimə səbəb olacaq. Buna tam əmin olsam da, bundan qətiyyən qorxmuram! Sadəcə mənbələrimi hələ ki, açıqlamaq niyyətində deyiləm. Çünki uzun illər boyu çətinliklərlə əldə etdiyim qiymətli mənbələri elmi tədqiqata cəlb etmədən roman halında təqdim etmək fikrimdən daşınmışam.

Əsərin bir neçə fəslini məhz facebook hesabımdan bölüşəcəyəm. Bunu etməkdə məqsədim həm də ictimai təsirin gücünü ölçməkdir.

 

“Ədəbiyyat və incəsənət”

(15.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.