“Niyə türk dünyasına elm günəşi Azərbaycanda doğmasın?” - MÜSAHİBƏ Featured

 

I Türk İnteqrasiya Olimpiadasının finalının Bakıda keçirilməsi xəbərini alınca “Ədəbiyyat və incəsənət” portalı Türk İnteqrasiya Olimpiadasının ideya müəllifi və layihə rəhbəri, dosent Şəmil Sadiqə müraciət edərək ondan açıqlama aldı.

 

-Şəmil bəy, olimpiadanı keçirnək ideyası haradan yarandı? 

 

-Andiçmə mərasimində cənab Prezident İlham Əliyevin dediyi tarixi fikirlər Türk İnteqrasiya Olimpiadasının mayakı oldu: “Biz beynəlxalq təşkilatlarla bağlı bundan sonra da öz addımlarımızı atacağıq, ilk növbədə, Türk Dövlətləri Təşkilatı çərçivəsində səylərimizi davam etdirəcəyik. Bu bizim üçün prioritetdir”.

Azərbaycan Respublikasının yürütdüyü dövlət siyasəti Türk Dövlətləri Təşkilatına baxışımızı çox aydın şəkildə göstərməkdədir. Məhz bu məqamı vurğulayan dövlət başçımız Türk Dövlətləri Təşkilatını yeganə ailəmiz adlandırdı: “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır”.

 

-Bəs niyə inteqrasiya olimpiadası?

 

-TİO 10 ildən çoxdur ki, Hədəf Şirkətlər Qrupu tərəfindən keçirilən Fənlərin Dostluğu Olimpiadası (FDO) əsasında yaradılıb. Bir sualın şərtində və cavab variantlarında 2 – 5 fənnin inteqrasiyası öz əksini tapır. TİO-da hər sualda inteqrasiya olunacaq fənlərdən biri mütləq türk dünyasının coğrafiyası, ədəbiyyatı, tarixi, mədəniyyəti və ortaq elmi haqqındadır.

Bu gün dünyada elmin bütün sahələrində inteqrasiya prosesi gedir. Hazırda fənn kurikulumlarında inteqrativ yanaşma üstünlük təşkil edir. Bu proses elmlər arasında olduğu kimi xalqlar arasında da vacib şərtlərdəndir.

 

-Əsas məqsədi nədir bu olimpiadanın?

 

-300 milyonluq türk xalqının ortaq dilə, elmə, mədəniyyətə, tarixə, coğrafiyaya, sahib olduqlarını nəzərə alaraq bu ortaqlığı elmlə vəhdətdə təqdim etmək məqsədilə yolan çıxıb bizim olimpiada. 

Olimpiadanln dörd əsas məqsədi var:

1. Türk xalqlarının ortaq dil, əlifba və dərslik ideyasına dəstək;

2. Türk dünyasında orta məktəb şagirdlərinin ortaq bilgisinin formalaşması və paylaşılması;

3. Türk xalqlarının yeniyetmələri arasında TİO vasitəsilə əməkdaşlığın qurulması;

4. Türk xalqlarının “işdə, dildə, əməldə birliy”in fərqində olmaları və ortaq mədəniyyətə sahib olduqlarını əyani təqdim etmələri.  

 

-Olimpiadanın əhatə dairəsi çoxmu genişdir? 

 

-Olimpiadanın əhatə dairəsi – Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan, Cənubi Azərbaycan, Quzey Kıbrıs, Tatarıstan, Krım, Qaraçaylar, Qaqauziya, Çuvaşıstan, Bolqarıstan, Başqırdıstan, Altay, Tuva, Saxa-Yakutiya, Xakasiya, Qərbi Trakiya, Kərkük türkləridir.

 

-Demək, ümdə vəzifəniz Azərbaycanın bu bilik yarışmasına paytaxt olmasıdır. 

 

-Bəli. Amma tək bu yarışmaya yox, daha geniş anlamda. Ölkəmizin regionda elm mərkəzi olmaq şansı çoxdur və belə addımlarla biz bunu sürətləndirə bilərik. Niyə türk dünyasına elm günəşi Azərbaycanda doğmasın və bunda bizim də dəstəyimiz olmasın?!

 

-Hazırda olimpiada hansı mərhələdədir?

 

-Artıq TİO-nun ölkə mərhələləri bitib, 27 may tarixində Bakıda final turu və Türk Dünyası Ortaq Mədəniyyət Festivalı keçiriləcək; olimpiadada 10-dan çox ölkədən 100-ə yaxın şagird iştirak edəcək.

Qeyd edək ki, Türk İnteqrasiya Olimpiadası (TİO) türk dövlətləri və milli qurumlarının məktəbliləri arasında keçirilən olimpiadadır.

 

-Uğurlar sizə!

 

“Ədəbiyyat və incəsənət”

(14.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.