Mayın 15-də “Azərbaycan Bəstəkarlar İttifaqı - 90” silsiləsindən Bəstəkarlar İttifaqının Ü.Haclbəyli Konsert salonunda Gənc bəstəkarların yaradıcılığına həsr olunmuş plenumun açılış mərasimi keçirilib.
“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, Bəstəkarlar İttifaqı plenumun ilk gününün gənc bəstəkarların kamera musiqisindən ibarət əsərlərinə həsr olunduğunu bildirib.
Açılış mərasimində çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə 2007-ci ildən etibarən gənc bəstəkarların yaradıcılığına həsr olunmuş doqquz plenumun keçirildiyini qeyd edib. Bununla yanaşı, Bəstəkarlar İttifaqında gənc bəstəkarların yaradıcılığına dair tədbirlərin, onların əsərlərindən ibarət konsertlərin təşkili, İttifaqın digər tədbirlərində fəal iştirakı, görkəmli sənətkarların yubileylərinin keçirilməsi və bu kimi məsələlərdən söhbət açıb. Firəngiz Əlizadə onu da vurğulayıb ki, gənc bəstəkarların təqaüdlərlə təmin olunması, Gənclər Günü ilə əlaqədar olaraq mükafatların verilməsi və bu işdə Bəstəkarlar İttifaqının gənclərə göstərdiyi qayğı və diqqət onların yaradıcılığının inkişafı üçün mühüm əhəmiyyət daşıyır.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri plenumun iştirakçılarının fəal olmasını tövsiyə edib. Sonra plenumun proqramına uyğun olaraq gənc bəstəkarların əsərləri ifa olunub.
Proqrama İlahə Qismət-Abdullanın “Rəngli lövhələr” – fortepiano məcmuəsindən pyeslər, Sevinc Əliyeva-Qəmbərovanın “Payız gecəsində düşüncələr” romansı, 3 hissəli Sonata, Vəfa Bağırzadənin “Mərhəba” romansı, “Bir ümid işığı” violin və piano üçün pyesi, Fərid Fətullayevin “Ay üzlü nigarım” romansı, Tural Məmmədlinin “Ay işığında” piano üçün pyesi, Elvin Quliyevin Skertso-vals (tar, kamança və piano üçün) kimi kamera-instrumental əsərləri daxildir.
Gənc bəstəkarların musiqisini tamaşaçılar da rəğbətlə qarşılayıblar.
Üç gün davam edəcək plenumun növbəti günlərində “Gənc bəstəkarların yaradıcılığı” mövzusunda gənc musiqişünasların çıxışlarından ibarət elmi konfrans (Azərbaycan Bəstəkarlar İttifaqının Konfrans salonu) və gənc bəstəkarların əsərlərindən ibarət simfonik konsert (M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyası) olacaq.
Mayın 20-də isə plenumun nəticələri ilə bağlı Azərbaycan Bəstəkarlar İttifaqında dəyirmi masada müzakirələr keçiriləcək.
“Ədəbiyyat və incəsənət”
(16.05.2024)