Super User

Super User

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında fransız dramaturqu Pyer Bomarşenin 1784-cü ildə yazdığı “Fiqaronun toyu” pyesi əsasında hazırlanan eyniadlı tamaşanın premyerası olub.

 

AzərTAC xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımovdur. Motsartın eyniadlı operasının musiqilərindən istifadə olunan tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, musiqi tərtibatçısı Zaur Rəşidovdur.

Tamaşanın quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov AzərTAC-a açıqlamasında bildirib ki, teatr milli status alandan sonra təhvil verdiyi birinci böyük tamaşadır. Azərbaycanda sözügedən əsərə 1940-cı ildə, yəni 84 il bundan əvvəl müraciət olunub: “Pyer Bomarşenin “Fiqaronun toyu” əsəri bütün dünyada çox məşhur olan əsərlərdən biridir. Varlı və zəhmətkeş təbəqənin qarşıdurması ilə başlanan tamaşada hadisələr müxtəlif formalarla cərəyan edir. Foyedə də tamaşanın bir hissəsi olaraq, toy ab-havasını yaratmaq məqsədilə oğlan və qız evi zərfləri də düzülüb. Bunu etməkdə məqsəd tamaşaçıların öz ürək sözlərini yaza bilmələri üçün şərait yaratmaqdır. Düşünürəm ki, Azərbaycan tamaşaçısının yaxşı bir dinamik komediyaya ehtiyacı var idi. Həmçinin aktyorların da. Çünki teatrımızda ard-arda dramatik və faciə janrında əsərlər oyananılırdı. “Fiqaronun toyu” isə fərqlilik gətirdi. Səhnə əsərində teatrın iki heyəti çıxış edəcək. Bu tamaşanın bir parçası olaraq səhnəni dəyişməyi də məhz aktyorlar özləri edir. Tamaşa bu il üçün artıq teatrda səhnələşdirilən beşinci premyeradır.

Bundan sonra dekabra kimi daha iki tamaşa təhvil vermək planımız var. Bunlardan biri “Cırtdan”, ikincisi isə İlqar Fəhminin “Şahnamə” əsərləri olacaq".

Tamaşada Qrafinya rolunu ifa edən Əməkdar artist Kəmalə Müzəffər komediya janrında özünü heç zaman sınamadığını qeyd edib: “Mənim canlandırdığım obraz həyat yoldaşını itirmiş və geri qayatrmaq üçün saysız planlar fikirləşən saray xanımıdır. Bu, daxili aləmi qəmgin olan obrazdır. Reallaşdırdığı planlar bəzən uğurlu, hərdən isə, tamamilə uğursuz olur. Amma nəticədə onun taktikası öz nəticəsini verir. Tamaşada rol almaq mənim üçün çox xoşdur”,- deyə Əməkdar artist əlavə edib.

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2024)

Xəbər verdiyimiz kimi, Özbəkistanın Cizzax vilayətinin Zamin rayonunda II Beynəlxalq Maqom Sənəti Forumu keçirilib. Forumda  Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli də iştirak edib. 

 

İyunun 27-də forumun təntənəli açılış mərasimi olub. Mərasimdə Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, UNESCO-nun 42-ci sessiyasının sədri Simona Mirela Mikulesku, ICESCO-nun baş direktoru Salim əl-Malik, TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotu Raimkulova, TürkPA-nın sədri Mehmet Sürəyya Ər, Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu, Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev, Tacikistan Prezidentinin köməkçisi Abdullo Rahmonzoda, Qırğızıstanın mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov, MDB baş katibinin müavini Nurlan Seytimov, Asiya Regionu üzrə Beynəlxalq Folklor Təşkilatının baş katibi Mun Hön Suk, Adil Kərimli və digər rəsmilər, Özbəkistanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, açılış mərasimində çıxış edən Özbəkistan Prezidenti Şövkat Mirziyoyev maqom sənətinin tarixi və əhəmiyyəti haqqında danışıb: “Qədim tariximizin, zəngin mədəniyyətimizin və ilkin dəyərlərimizin rəmzi olan, dərin fəlsəfəsi, özünəməxsus bədii texnikası, yaradıcılıq ənənələri ilə maqom sənəti mənəvi həyatımızda mühüm yer tutur. Maqom ümumbəşəri dəyərləri ən ülvi notlarla tərənnüm edən unikal sənət növü kimi qiymətlidir. Maqom müsəlman Şərqində sürətlə inkişaf etmiş, Birinci və İkinci İntibah dövründə zirvəsinə çatmışdır. Əbu Nəsr Fərabi özünün “Böyük musiqi kitabı”nda ud alətindən istifadə etməklə musiqinin nəzəri və praktiki cəhətlərini qeyd etmişdir. Əbu Reyhan əl-Biruni, İbn Sina, Əlişir Nəvai, Zəhirəddin Məhəmməd Babur kimi böyük alimlər nadir musiqi əsərləri yaratmış, maqomun inkişafına böyük töhfə vermişlər. XX əsrdə bu ənənələr sənətşünaslar Abdurauf Fitrət, Yunus Rəcəbi, xanəndələr Xojixon Boltayev, Komiljon Otaniyazov, Turqun Əlimətov, Fəttoxxon Məmədəliyev və başqaları tərəfindən layiqincə davam etdirilib”.

Özbəkistan Prezidenti görkəmli dövlət xadimi Şərəf Rəşidovun maqom sənətinin qorunub saxlanmasında mühüm xidmətləri olduğunu bildirib. Deyib ki, maqom sənətinin elmi tədqiqi və beynəlxalq aləmdə təbliğinin başlanğıcı Daşkənd Dövlət Konservatoriyasında qoyulub, maqom ansamblı yaradılıb. “Şaşmaqom”un ölməz şedevrləri notlara yazılaraq altı cilddə çap olunub. Klassik musiqi sənətinin incisi olan Özbəkistanın unikal maqomları UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. Bu gün maqom sənəti Özbəkistanın hər yerində, təhsilin bütün pillələrində davamlı olaraq öyrənilir. Daşkənddə maqom mərkəzi tikilir. Bu sənətə həsr olunan müsabiqələr təşkil olunur.

Şavkat Mirziyoyev ömrünü belə şərəfli və məsuliyyətli işə həsr etmiş sənət adamlarına bütün özbək xalqı adından minnətdarlığını bildirib. “Forum, şübhəsiz ki, sənəti ürəkdən sevən, xeyirxahlıq və humanizm idealları ətrafında cəmləşən yaradıcı insanlar üçün böyük bayramdır. Qoy maqom həmişə bütün dünya sənətsevərləri üçün tükənməz güc və ilham mənbəyi kimi xidmət etsin!” – deyə dövlət başçısı vurğulayıb.

Mərasimdə UNESCO Baş Konfransının 42-ci Sessiyasının prezidenti Simone Mikulesku və ICESCO-nun Baş direktoru Salim Məhəmməd əl-Malikin də çıxışları dinlənilib.

Çıxışlardan sonra geniş konsert proqramı təqdim olunub. Konsertdə ayrı-ayrı kollektivlər bir-birindən maraqlı musiqi və rəqs nömrələri ifa edib, kompozisiyalar nümayiş etdiriblər.

Qeyd edək ki, 80-dən çox ölkədən 400-ə yaxın qonağın iştirakı ilə gerçəkləşən forumun keçirildiyi “Zaminsay” kompleksi bayramsayağı bəzədilmişi. Burada geniş ərazidə Özbəkistan xalqının zəngin mədəniyyətini, möhtəşəm tətbiqi sənətini nümayiş etdirən sərgilər təşkil olunmuşdu. 

Forum çərçivəsində iyunun 28-dən 29-dək “Maqom sənətinin inkişaf perspektivləri: nəzəri və praktiki əsaslar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Həmçinin maqom ifaçılığı müsabiqəsi təşkil olunub. Müsabiqədə ölkəmizi gənc xanəndələr Nisbət Sədrayeva və Səfalı Mirzəliyev təmsil ediblər. Onları Ruslan Zərbəliyev, Pərviz Fərhadov və Siyavuş Fərhadov müşayiət ediblər. 

Müsabiqə iştirakçılarını Azərbaycan, ABŞ, Misir, Türkiyə, Özbəkistan və Hindistandan musiqi xadimlərinin yer aldığı münsiflər heyəti qiymətləndirib. “Ən yaxşı maqom ansamblı”, “Ən yaxşı instrumental solo”, “Ən yaxşı vokal solo” nominasiyalarının qalibləri forumun Təşkilat komitəsi tərəfindən pul mükafatı, diplom və heykəlciklərlə təltif olunublar. 

İyunun 30-da forumun bağlanışı və müsabiqə qaliblərinin mükafatlandırılma mərasimi reallaşıb. 

Bu barədə daha geniş növbəti buraxılışlarımızda danışacağıq. 

Xatırladaq ki, I Beynəlxalq Maqom Sənəti Forumu 2018-ci il sentyabrın 6-dan 10-dək Özbəkistanın Şəhrisəbz şəhərində təşkil olunub və ölkəmizi təmsil edən “Muğam” instrumental qrupu birinci yerə layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2024)

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Ədəbiyyat Fondunun təşkilati dəstəyi ilə həyata keçirdiyi “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə güneyli şair Məhdiyə Mehracinin yaradıcılığı təqdim edilir. 

Layihənin koordinatoru Təbrizdə yaşayıb yaradan şair Əli Çağladır. 

Məhdiyə Mehraci şeirlərini farsca yazırmış. Bu layihəmizdən həvəslənərək o da Azərbaycan dilində şeirlər yazmağa başlayıb. 

 

I.

Otuz yaşında bir qadınam

Bir zaman çox qorxdum

Qorxduğum an əllərim qorxdu

Ayaqlarım qorxdu

Qaçdı

Gözlərim qorxdu

Qaçdı

Bir iki gün sonra

Üzüm də qorxdu

Qaçdı

Mən heç nə deyiləm

Heç bir şey

Qorxuram yazam səni bilsinlər

Baxam

Baxışlarımdan bilsinlər

Bir gündüz

Gün batan çağı

Məni tapacaqlar

Və səni görəcəklər.

 

II.

Yağış yağır

Yağış ilə

Pəncərənin şüşələri

Ağaclar

Ağlayırlar

Mən səninlə bərabər

Xiyabanları

Küçələri

Sənsiz gəzirəm.

Son bahar havasıdır,

Yarpaqlar

Bizi birlikdə görəndə düşürlər

Qarğalar bağırırlar

Bilmirəm

Mənimi çağırırlar?

Yoxsa səni?

Səni tapmaq istəyirlər

Bilmirəm

Bu arada

Yarpaqlar qopduqca

Əlim sənin əlindən qopub itdi

Və mən daha sonra

Səni xiyaban-xiyaban,

Küçə-küçə,

Qapı-qapı

Aradım.

Qapılar açıldıqca

Gözüm səni axtarırdı.

Son bahar havası idi

Ağaclar

Bir quş kimi

Ayaqları

Torpağa bağlanmışdı

Və yel əsdikcə

Qanad çalıb lələkləri tökülürdü

Mən bir qaranlıq yerdəyəm

Adamlar mənə baxdıqca dişlərini ağardırlar.

Qaçıram...

Ağlayıram...

Çığırıram...

Bağırıram...

Dəhşətlə

Səni bir işıqda gördüm

İşığa sarı

Addım

Atdım.

Amma o işıq

Tutuqlanmışdı nərdələrin dalında.

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2024)

 

Məşhur fotoqraf Reza Deqatinin təşəbbüsü və UNESCO-nun təşkilatçılığı ilə yaradılan “İpək Yolları Gənclərin Gözü ilə” (Youth Eyes on the Silk Roads) adlı fotomüsabiqə artıq 6-cı ildir ki, keçirilir. Bu il müsabiqəyə may ayında start verilib.

AzərTAC xəbər verir ki, iyulun 14-də başa çatacaq müsabiqədə fotoşəkillər “Həyatın vacib anları” və “İpək Yollarını aşkara çıxarın” mövzularını əks etdirməlidir.

Müsabiqəyə 14-17 və 18-25 yaş kateqoriyasında olan yeniyetmə və gənc fotoqraflar müraciət edə bilər.

Müsabiqə qaliblərinə qiymətli hədiyyələr təqdim olunacaq və müsabiqə ruhunu ən yaxşı şəkildə əks etdirən fotoşəkillərin səyyar sərgisi müxtəlif ölkələrdə nümayiş etdiriləcək, fotoşəkillər peşəkar fotoalbomda nəşr olunacaq.

Əlavə məlumat üçün https://unescosilkroadphotocontest.org/en/participate linkə keçid edə bilərsiniz.

 

“Ədəbiyyat və incəsənət”

(28.06.2024)

 

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şair, Əməkdar mədəniyyət işçisi Çingiz Əlioğlunun 80 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb.

 

“Ədəbiyyat və incəsənət” portalına kitabxanadan verilən məlumata görə, elektron məlumat bazasında çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Çingiz Əlioğlunun çoxşaxəli bədii yaradıcılığı, Azərbaycan xalqının zəngin ədəbiyyatının tədqiqi və təbliği sahəsində əvəzsiz xidmətləri haqqında məlumat verilib.

 

Bazada görkəmli şəxslərin şair haqqında söylədikləri fikirlər, müəllifi və redaktoru olduğu əsərlər, tərtib etdiyi kitablar təqdim olunub. Həmçinin onun tərcümələri, sözlərinə bəstələnən musiqi əsərlərinin siyahısı, izonəşrlər də yer alır. Məlumat bazasında müəllifin filmoqrafiyası, video və foto qalereyası, virtual kitab sərgisi də təqdim edilir.

 

Məlumat bazasında Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın “Səslərin mənası”, akademik Nizami Cəfərovun “Çingiz Əlioğlu – çərçivənin çərçivəsizliyi, yaxud çərçivəsizliyin çərçivəsi”, filologiya elmləri doktoru, professor Rüstəm Kamalın “Çingiz Əlioğlu şeiri: Dilin magik təcrübəsi” məqalələrinin tam mətni yer alıb.

 

Elektron məlumat bazası kitabxananın rəsmi saytında https://ryl.az/melumat-bazalari/Cingiz_Elioglu_el_melumat_bazasi/index.html yerləşdirilib.

 

“Ədəbiyyat və incəsənət”

(28.06.2024)

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycanın teatr və kino aktyoru, Xalq artisti Barat Şəkinskayanın yaratdığı rollar əsla unudulmayacaq. Bu gün görkəmli aktrisanın anadan olmasından 110 il ötür.

 

Barat Şəkinskaya 1914-cü il iyunun 28-də Şuşada bəyzadə ailəsində anadan olub. Anası Gövhər xanım Əbdürrəhim bəy Haqverdiyevin əmisi qızı olub. Atası Həbib xan 1920-ci il aprelin 28-də bolşeviklər Bakını zəbt edərkən qaçaq düşüb. Barat Şəkinskaya, hələ uşaq ikən 1920-ci ildə Şuşada göstərilən “Şəbih” tamaşasında Səkinə rolunda iştirak edib. O, ilk təhsilini Şuşada alıb. 1920-ci il avqustun 21-də anası uşaqları Barat, Səriyyə və Süleymanla birlikdə Şuşanı tərk edərək Ağdamın Göytəpə kəndinə gedirlər. 1923-cü ildə isə Gəncəyə köçüblər. Həmin il sentyabrın 1-də Gəncədəki 2 saylı birinci dərəcəli qız məktəbində dərsə başlayıb. 1927-ci ildə Gəncədə pedaqoji məktəbə qəbul olunub. Həm məktəbin, həm də şəhərin müxtəlif dram dərnəklərində həvəskar aktrisa kimi çıxış etməyə başlayıb.

Yaradıcılığının əsas dövrü 1935-ci ildən etibarən Akademik Milli Dram Teatrı ilə bağlı olub. Barat Şəkinskaya həm də Azərbaycanın ilk travisti - oğlan rolları oynayan aktrisası olub. 1937-ci il yanvarın 14-də milli teatr tariximizə “Azərbaycan səhnəsinin Cülyettası” kimi şərəfli əbədiyyət səhifəsi yazıb. Onun Gəncə teatrında Kostya, Bakıda 1939-cu ildə oynadığı Napoleon obrazları yüksək bədii-estetik məziyyətləri ilə Azərbaycan teatrı tarixinə yazılıb. 1943-cü ildə Gəncəyə qayıtdıqdan sonra buradakı dövlət teatrının yaradıcı kollektivinə üzv olur və Bahar ("Bahar") və Hürü ("Məhəbbət") rollarının ifaçısı olur. 1944-cü il dekabrın 18-də Barat Şəkinskaya köçürmə yolu ilə Gəncə teatrından Akademik Milli Dram Teatrına keçir.

 

Daha sonra dörd il “Azərbaycanfilm” kinostudiyasında aktrisa, filarmoniyada aparıcı, yenicə açılan televiziyada diktor işləyib. Daşkənddə keçirilən beynəlxalq kino festivalı günlərində iştirak edib. 1960-cı ildə Mehdi Məmmədov Akademik Teatra baş rejissor təyin edildikdən sonra teatrdan getmiş bir neçə sənətkar, o cümlədən Barat Şəkinskaya Moris Meterlinqin "Göy quş" (Tiltil), Şekspirin “Kral Lir” (Kardeliya), “Romeo və Cülyetta” (Cülyetta), “Otello” (Dezdemona), “On ikinci gecə” (Viola), Şillerin “Məkr və məhəbbət” (Luiza), Karlo Haldoninin “Mehmanxana sahibəsi” (Mirandalina), Lope de Veqanın “Rəqs müəllimi” (Florela), Aleksandr Ostrovskinin “Günahsız müqəssirlər” (Kruçinina) pyeslərinin tamaşalarında əsas rolların ifaçısı olub. Aktrisa çoxlu sayda uşaq rolları da oynayıb. Bu, Məhəmmədhüseyn Təhmasibin “Çiçəklənən arzular” pyesində 7-ci sinif şagirdi Nazlı rolu olub.

“Azərbaycan səhnəsinin Cülyettası” deyə çağırılan Barat Şəkinskaya 1935-ci ildən Xalq artisti Mustafa Mərdanovun təşəbbüsü ilə radio verilişlərinə cəlb olunub. Aktrisanın iştirak etdiyi “Arxip baba və Lyonka”, “Ad günü”, “Köhnə qala”, “Çippolino”, “Buratino”, “Sirk gəlir” və onlarca bu səpkili tamaşalar teleradio şirkətinin qızıl fondunda qorunub saxlanılır. Barat Şəkinskaya Azərbaycanın bir sıra məşhur, dillər əzbəri olan filmlərində maraqlı obrazlar canlandırıb. “Görüş”, “O olmasın, bu olsun”, “Qızmar günəş altında”, “Kölgələr sürünür”, “Qəribə əhvalat”, “Telefonçu qız”, “Azəri teatrının ustaları”, “Evin kişisi”, “Onun bəlalı sevgisi”, “Üzeyir ömrü” filmlərində Barat xanımın oynadığı rollar film tariximizin qiymətli incilərindəndir. Barat Şəkinskaya 23 yaşında, 4 may 1940-cı ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 21 iyul 1949-cu ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 

Xalq artisti 1999-cu ilin yanvarın 14-də 84 yaşında dünyasını dəyişib. Bakıdakı İkinci Fəxri xiyabanda dəfn olunub.

Ruhu şad olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(28.06.2024)

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Koreya Respublikasında keçirilən Birləşmiş Millətlər Təşkilatının (BMT) Dövlət Xidmətləri Forumu çərçivəsində baş tutmuş nazirlər toplantısında çıxış edib. 

 

“Ədəbiyyat və incəsənət” portalına Dövlət Agentlyindən verilən məlumata görə, agentliyin sədri dövlət xidmətlərinin göstərilməsi sahəsinin daha da təkmilləşdirilməsi üçün süni intellekt və digər qabaqcıl texnologiyaların tətbiqinin əhəmiyyətinə toxunub. Eyni zamanda Dayanıqlı İnkişaf Məqsədlərinə, eləcə də “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə nail olunması istiqamətində həyata keçirilən layihələr barədə tədbir iştirakçıları məlumatlandırılıb.

 

Toplantıda həmçinin BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini, Koreyanın, Özbəkistanın, İndoneziyanın, Kambocanın, Gürcüstanın, Hondurasın, Zimbabvenin və Palaunun müvafiq dövlət qurumlarının rəhbərləri çıxış ediblər.

 

BMT Dövlət Xidmətləri Forumu çərçivəsində "ASAN xidmət"in, Afrika Birləşmiş Şəhərlər və Yerli Hökumətlər Təşkilatının, BMT-nin Fəlakət Riskinin Azaldılması Ofisinin, Koreya Respublikasının İnçeon Şəhər Meriyasının və Qazaxıstan Respublikasının Dövlət Qulluğu Məsələləri üzrə Agentliyinin təşkilatçılığı ilə “Dövlət Xidmətlərinin Transformasiyası üçün İnnovasiya, Gender və İqlim Elementlərinin Yayılması” adlı sessiya təşkil edilib. 

 

Dövlət Agentliyinin nümayəndəsi müvafiq sessiyada “ASAN xidmət”in fəaliyyəti, dövlət xidmətlərinin göstərilməsi sahəsində həyata keçirilən layihələr, əldə olunmuş nailiyyətlər barədə geniş təqdimat edib. “ASAN xidmət” modelinin ixracı istiqamətində hazırda 20-dən çox ölkə və beynəlxalq təşkilatla əməkdaşlıq edildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

 

Bundan əlavə Forum zamanı 2024-cü il BMT Dövlət Xidmətləri Mükafatının qaliblərinin təltifetmə mərasimi keçirilib.

 

Xatırladaq ki, “ASAN xidmət” 2015-ci ildə BMT Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə isə BMT-nin innovativ həllərin tətbiqi vasitəsilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına layiq görülüb.

 

“Ədəbiyyat və incəsənət”

(28.06.2024)

Onu səhnəmizin “ağ çiçəyi” adlandırırlar. Doğrudan da, milli rəqslərimizin sədaları altında qanad açıb quş kimi süzən ürkək baxışlı, zərif yerişli bu xanımı ağ göyərçinə, qağayıya, durnaya bənzədənlər, bənövşə ilə müqayisə edənlər də olub. Rəqs meydançasında özünü suda balıq kimi hiss edən milli rəqslərin gözəl və bənzərsiz ifaçısı özü də çox rəqsə quruluş verib. Bəstəkar Cahangir Cahangirov “Ağ çiçəyim” mahnısını məhz onun şərəfinə yazıb.

 

AzərTAC xəbər verir ki, iyunun 27-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti "Şərəf" və "Şöhrət" ordenli xoreoqraf Roza Cəlilovanın 95 illik yubileyinə həsr olunmuş konsertin əvvəlində bu barədə danışılıb.

 

Tədbirdə rəqs sənətinin əfsanəsi hesab olunan Roza Cəlilovanın yaradıcılığından bəhs olunub, onun keçdiyi sənət yolu xatırlanıb.

 

Məşhur rəqqasənin keçdiyi sənət yolunu əks etdirən videoçarx nümayiş olunub.

 

Tədbir konsert proqramı ilə davam edib.

 

Konsert proqramında “Suita”, “Sarı gəlin”, “Buleyli”, “Qaytağı", “Uzundərə", “Süzən qızlar”, “Günəşin doğuşu”, “Çayçı” və digər milli rəqslər ifa olunub.

 

Rəqs sənətinin korifeyi Roza Cəlilovanın nəvəsi Lalə Aslanovanın ifasında “İlk bahar” rəqsi və digər rəqs nömrələri görkəmli ifaçının sənət estafetinin layiqli davamçısı olduğunu nümayiş etdirib.

 

Qeyd edək ki, Roza Cəlilova 1929-cu ildə Qubada anadan olub. 1947-ci ildə Bakı Xoreoqrafiya Məktəbini bitirib. İki il Opera və Balet Teatrının balet truppasında çalışıb. 1949-cu ildə M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Mahnı və Rəqs Ansamblında fəaliyyətini davam etdirib. 1965-1975-ci illərdə ansamblın rəqs qrupuna rəhbərlik edib.

 

O, uzun illər xoreoqraf kimi də fəaliyyət göstərib. 1989-cu ildə yaratdığı "Gülüstan" Mahnı və Rəqs Ansamblı ilə populyarlaşaraq xarici ölkələrdən ardıcıl dəvətlər almağa başlayıb. Sənətkarın repertuarında Azərbaycanın milli rəqsləri ilə bərabər ərəb, fars, hind və bir sıra başqa xalqların rəqsləri də böyük yer tutub. Roza Cəlilova milli xoreoqrafiya sənəti tarixində peşəkar təhsil alan ilk azərbaycanlı rəqqasələrdən biridir.

 

“Ədəbiyyat və incəsənət”

(28.06.2024)

Özbəkistanın Cizzax vilayətinin Zamin rayonunda UNESCO və ICESCO-nun himayəsi ilə II Beynəlxalq Maqom (Muğam) Sənəti Forumu keçirilir.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, 80-ə yaxın ölkədən 400-dən çox qonağın iştirak etdiyi forumun məqsədi özbək milli maqom sənətinin nadir nümunələrini qoruyub saxlamaq, inkişaf etdirmək və beynəlxalq səviyyədə təbliğ etmək, eləcə də xalqlar arasında dostluğu və yaradıcı əməkdaşlığı genişləndirməkdir.

 

İyunun 27-də II Beynəlxalq Maqom Sənəti Forumunun açılış mərasimi olacaq. Mərasimdə UNESCO-nun 42-ci sessiyasının sədri Simona Mirela Miulesku, ICESCO-nun Baş direktoru Salim əl-Malik, TÜRKSOY-un Baş katibi Sultan Raev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti A.Raimkulova, TürkPA-nın sədri Mehmet Sürəyya Ər, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, MDB baş katibinin müavini Nurlan Seytimov, Asiya Regionu üzrə Beynəlxalq Folklor Təşkilatının baş katibi Mun Hön Suk və digər rəsmilər, xarici ölkələrin Özbəkistanda akkreditə olunmuş diplomatik korpusunun nümayəndələri iştirak edəcəklər.

 

Forum çərçivəsində iyunun 28–29-da “Maqom sənətinin inkişaf perspektivləri: nəzəri və praktiki əsaslar” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

 

28-29 iyunda isə forumun sənətçi iştirakçıları arasında ifaçılıq müsabiqəsi təşkil olunacaq. Azərbaycan, ABŞ, Misir, Türkiyə, Özbəkistan və Hindistandan mütəxəssislərin yer aldığı beynəlxalq münsiflər heyəti ifaçıları “Ən yaxşı maqom ansamblı”, “Ən yaxşı instrumental solo”, “Ən yaxşı vokal solo” nominasiyaları üzrə qiymətləndirəcək. Qaliblər forumun Təşkilat komitəsi tərəfindən pul mükafatı, diplom və heykəlciklərlə təltif olunacaq.

 

Qeyd edək ki, müsabiqədə Qran-Pri üçün 15 000 ABŞ dolları, I yer üçün (solo ifa və ansambl nominasiyaları) 10 000 dollar, II yer üçün (solo ifa və ansambl) 7 000 dollar, III yer üzrə (solo ifaçı və ansambl) 5 000 dollar məbləğində mükafat nəzərdə tutulub.

 

Bundan əlavə, iştirakçıları dəstəkləmək və həvəsləndirmək məqsədilə “Ən yaxşı solist – maqom ifaçısı”, “Ən yaxşı musiqiçi – maqom ifaçısı”, “Maqom sənətində ən yaxşı müəllim”, “Ən yaxşı maqom təbliğatçısı”, “Ən yaxşı gənc maqom ifaçısı” və “Ən yaxşı maqom bəstəkarı” kimi nominasiyalar üzrə iştirakçılar üçün də hədiyyə və mükafatlar təqdim olunacaq.

 

Forum gedişində, həmçinin Özbəkistanın 14 regionunun mədəniyyət nümunələrinin yer aldığı pavilyonlarda müxtəlif səpkili sərgilər keçiriləcək.

 

İyunun 30-da II Beynəlxalq Maqom Sənəti Forumunun bağlanışı və müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi olacaq.

 

Qeyd edək ki, I Beynəlxalq Maqom Sənəti Forumu 2018-ci ildə Özbəkistanın Şəhrisəbz şəhərində təşkil olunub və ölkəmizi təmsil edən “Muğam” instrumental qrupu birinci yeri qazanıb.

 

“Ədəbiyyat və incəsənət”

(28.06.2024)

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

        

 

Motivasiya ədəbiyyatı içərisində oxucularıma nümunə gətirəcəyim daha bir təlim Rusiya siyasətçisi və publisisti İrina Xakamadaya məxsusdur.

Atası yapon, anası rus olan İrina Rusiya kimi mürəkkəb bir ölkədə uğurlu siyasi karyera qurması ilə məşhurlaşaraq Rusiya tarixində seçkidə ən çox səs toplayan prezidentliyə namizəd qadın olması, Rusiya Federasiyası Dövlət Dumasının sədrinin müavini postunadək yüksəlməsi, aparıcı bir siyasi partiyaya həmsədrlik etməsi kimi uğurlar əldə edib, bunlar ona nə qədər nüfuz gətiribsə iqtisadiyyat üzrə elmlər namizədi mərtəbəsinədək yüksəlməsi, məşhur teleradio aparıcısı olması, Moskva Beynəlxalq Munasibətlər İnstitutundakı pedaqoji fəaliyyəti, yazdığı populyar roman və pyeslər, «uğurlu insan olmaq» mövzusunda oxuduğu master-klasslar da ona bir o qədər nüfuz gətirib. Təsəvvür edin ki, «Taym» jurnalı onu dünyanın XXI əsrdəki 100 ən məşhur qadınları reytinqinə daxil edib. Bu «uğurlu» qadın barədə onun, hədsiz nüfuzu barədə bircə fakt söyləmək istəyirəm: 2002-ci ildə Moskvanın Dubrovka adlı ərazisindəki Teatr mərkəzində terrorçular dinc insanları girov götürərkən İrina onlarla danışıqlar apararaq üçü uşaq olmaqla dörd girovu azad etməyə müvəffəq olub.

 Onun, xüsusən, uğurlu karyera qurmaqla bağlı fərqli və kreativ məsləhətləri çox maraqlıdır. (Məsələn, Təqribən ayda bir dəfə ölüm haqqında bədii filmlərə baxın ki, həyatı qiymətləndirə biləsiniz).

Gəlin bunlara diqqət yetirək:

 

13

İqtisadi böhran gec-tez qurtaracaq. Onu sakit keçirmək üçün, çökməmək üçün özünüzü qoruyun, öz şəxsiyyətinizi hansısa müvəffəqiyyətdən, karyeradan daha çox sevin. Pullar isə mütləq gələcək.

 

Bu isə öncəki gün paylaşdığımdır:

1.

Hədəfə, məqsədə doğru deyil, özünə tərəf hərəkət etməlisən. «Məqsədə doğru nə qədər sürətlə getsən, o sürətlə də məqsəd səndən kənarlaşacaq. Səadətə doğru irəlilə», - deyə öyrədirlər daosistlər. Eynən serfinqist kimi səni yuxarı qaldıracaq öz dalğanı tapmalısan. Buna görə də mütləq axından qopub özünü dinləməlisən.

2.

Rəsmi TV kanallara az baxın, orada göstərilənlərin real həyatla əlaqəsi yoxdur. Daha yaxşısı – əyləncəlilərdir. Əgər mütləq informasiya lazımdırsa, onu da internetdən götürün. Ümumən isə informasiyanı ətrafdakı insanlardan alın. Taksi sürücüsüylə, zərgərlə ünsiyyət qurmaqla heç bilirsiniz, nə qədər informasiya ala bilərsiniz? Dünyanı dinləyin ki, öz dalğanızı tutasınız.

3.

Cəsur olmanız üçün sizə yeni fəlsəfə kömək edə bilər: bu həyatda sizin cəmi bir arxanız var. Vəssalam. Bu nə ailədir, nə ölkədir, nə sosial-müdafiə fondudur, nə məmurlardır. Yalnız özünüzsünüz.

4.

Uğurlu olmaq istəyirsinizsə hansı zəmanədə yaşadığınızı dərk etməli, bunu öz fəaliyyətinizdə əks etdirməlisiniz. Biz elə bir anlaşılmaz, şərholunmaz zamanda yaşayırıq ki, yeni texnologiyaların hesabına informasiya və hadisələr elə sürətlə dəyişir ki, sabitlik itir.

Sabitlik arzulayan hər kəs uduzur. Amma epoxanı qeyri-sabit, dəyişkən görməyə alışıb yeni çağırışlara uyğun olaraq hər gün yenidən doğulanlarda da, həyatın sürpriz və hədiyyələrinə istehza ilə yanaşanlarda da hər şey alınar.

5.

Riskli insan olun, amma riskləri xırda addımlarla atın ki, yıxılmayasınız. Yıxılmalara, pauzalara, depressiyalara hazır olun, çünki həyat büsbütün xalça döşənmiş yollardan ibarət deyil. Risk – problemsiz olmur.

6.

İnsanı öyrənmək istəyirsinizsə, melodramlara, kino dramlarına tamaşa etməli,  klassik ədəbiyyatı oxumalısınız.

7.

İnternet və televizordan üstünüzə tökülən bütün informasiyaları qəbul etsəniz keyləşəcəksiniz, ümumiyyətlə nə investisiya, nə idarəçilik, nə şəxsi həyatınız üzrə bircə düzgün qərar verə bilməyəcəksiniz.

8.

Əgər siz sonsuz dərəcədə varlısınızsa, amma həm də qulsunuzsa, xoşbəxtlik duyğularınız itəcək. Amma siz tam azad şəkildə karyera üstünlükləri qazanmısınızsa bundan həzz duyacaqsınız. Karyera xoşbəxtliyinin bax belə bir metodikası var: drayv, kayf və karyera.

9.

Hədsiz uğurlu olmaqçün fasilələr seçməyi bacarmalısınız. Bəzən hiss edirsiniz ki, bir yerdə dayanmısınız. Bu o deməkdir ki, öz potensialınızı xərcləmisiniz, beyninizi «cari məsələlərlə» doldurmusunuz. Belə vəziyyətdə pauza götürmək, necə deyərlər, «valı dəyişmək» lazımdır. Bağa getmək, kitab oxumaq, tam gərginlikdən çıxmaq lazımdır. Təklik çox faydalıdır. Bax belə bir pauza prosesində siz düzgün yolu seçə bilərsiniz.

10

Əgər siz ölüm döyüşündə qalib gəlmək istəyirsinizsə qabaqcadan ölməlisiniz. Çünki ölünün əsəbləri olmur.

11.

Həyat imtahanı verməkdən, vacib kontrakt imzalamaqdan öncəki gün çalışın beyninizə tam rahatlıq verib fikrinizi həmin vacib imtahan və kontraktdan kənarlaşdırasınız. Ertəsi gün – imtahanqabağı tam dincəlin, filmə baxın, yaxşı musiqi dinləyin, dadlı çay için. Az ünsiyyətdə olun, sadəcə orqanizmə və şüurunuza dinclik verin. Nəticədə tam harmoniyada olacaqsınız. Siz artıq uduzmağa da hazırsınız, amma udacağınıza tam əminsiniz. Əsəblər möhkəmdir, səhv etməyəcəksiniz.

12.

Özünüzü və ailənizi təmin edəcəyiniz qədər qazanmağa çalışın. Daha çox pul qazanmağa meyl etsəniz daha çox zaman itirəcəksiniz pul idarəçiliyinə. Artıq pullar enerjinizi aparacaq. Ona görə də tamahınızı boğun.

 

Bazar ertəsi davamı olacaq.

 

“Ədəbiyyat və incəsənət”

(28.06.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.