Poetik Qiraətdə bu gün sizlərlə gənc şair Cavid Qasımov görüşür, “sonuncu əl işi”ndən danışır. Deyək ki, lirika mükəmməldir şeirdə. Bəyənəcəyinizə əminik. Yeri gəlmişkən, Cavid tanınmış şairə Nigar Həsənzadənin SÖZ layihəsinin ən ümidverici gənclərindəndir.
Xoş mütaliələr!
SONUNCU ƏL İŞİ
Kim nə deyirsə, desin,
Üzümün qırışına,
Saçlarımın ağına.
Hər ötən gün güzgüdə
Özümü oxşadıram
Ölümə məhkum olmuş
Katorqa dustağına.
Bəlkə də bu qırışlar
Dəmir barmaqlıqların
Üzümdəki əl izi?
Bəlkə bu ağ saçlarım
Evinə yolun azmış
Qağayının dənizi?
Kim nə deyirsə, desin,
Gözüm görmək istəmir
Gecə boylanan Ayı,
Gündüz çıxan Günəşi.
Nə yaxşı ki, mən idim
Allahın yaratdığı
Ən gözəl, ən sevimli,
Ən sonuncu əl işi.
“Ədəbiyyat və incəsənət”
(17.05.2024)