Könül, “Ədəbiyyat və incəsənət”
“Mirvarid Dilbazi Poeziya Məclisinin daha bir uğuru şair Brilyant Atəşlə əlaqədardır”. Mən yazıma altbaşlıq bunu seçdim. Niyə? İndi əsaslandıracağam.
Mirvarid Dilbazi Poeziya Məclisinin üzvü, şair Brilyant Atəşin məclisə qatqıları çoxdur, bunlar öz yerində, bu dəfə onun verdiyi töhfə isə çox möhtəşımdir. Brilyant Atəşin “Nənəmin kəlağayısı'' adlı şeirlər kitabı işıq üzü görüb. Nəzərə alaq ki, Brilyant xanımln təmsil olunduğu qurum ölkəmizdə qədim baş örpəyi olan kəlağayının bir nömrəli təbliğatçısıdır.
Kitabın redaktoru və ön söz müəllifi Mirvard Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, şəxsi “Kəlağayı Ev Muzeyi”nin direktoru Güllü Eldar Tomarlı, məsləhətçi Əməkdar İncəsənət Xadimi, AYB Qazax bölməsinin sədri, ictimai xadim, şair, publisist Barat Vüsal, rəyçilər - Mirvarid Dilbazinin qızı Xatirə Dilbazi və Mirvarid Dilbazi Poeziya Məclisinin müşaviri Vüsal Sehranoğludur.
Kitabda şairin son illərdə yazdığı esseləri, şəhidlərimizə həsr etdiyi şeirləri, milli dəyərlərimizin tərcümanı olan kəlağayı haqqında şeirləri cəm olub.
Və biz bu gözəl kitabla bağlı ən yaxşı məhz Güllü Eldar Tomarlının dabışacağını düşünüb sözü Güllü xanıma veririk.
“Alman filosofu Martin Haydeggerə görə, poeziya varlığın sözlə yaradılmasıdır. Yaratmaq, həqiqətə, ədalətə, haqqa, Vətənə, ilahi sözə xidmət müqəddəs işdir. Müqəddəs işi də Yaradan sevimlilərinə həvalə edir.
Orta məktəb illərindən sözə könül verən, sonra da şagirdlərinə sözün möcüzələrini anladan Brilyant Atəş də Tanrısına tapınan yaradıcıdır. Onun yaradıcılığının qayəsi ömür səhifələrinin duyğularını poetikləşdirb sözsevərlərə çatdırmaqdır. Sözə, xüsusilə aşıq ədəbiyyatına dərindən bağlılıq və bələdlik onun söz dünyasının çəkisini artırır, məna məzmununu tamamlayır.
Brilyant xanım vətəndaş şairdi, böyük ustad Məmməd Arazın təbiriylə desək, saz, söz ömrü yaşayan və yaşayacaq Vətən daşıdır. Fəxrlə “Dünya aşiqiyəm!” bəyanatını bəşərə yayan xanım şair haqqa tapınandı, ən qatı düşməni nahaqdı, ədalətsizlikdi, haqqa baş əyəndi, qibləsi Vətəndi, Vətən torpağı onun ibadət yeridi. Hər gün yuxudan oyanan kimi narahatlıq və nigaranlıqla Vətənin, elin-obanın ovqatı, durumu ilə nəfəs alır, “Yurdum, sabahın xeyir” deyəndə də şairanə gözəl təbiət lövhəsi yaradır:
Dan gecənin gözünü ovub yerə nur saçır,
Oyanmış al ləçəklər düşən jaləni içir.
Bir kəndçi baba durub otunu vər-vər biçir,
Yurdum, sabahın xeyir.
Dörd misradakı sirli-sehirli dan yerinin ağarması, yeni sahahımızın doğulması, çiçəklərin, yarpaqların şeh sırğası, vər-vər biçilmiş otun ətri həyat eşqimizi, inamımızı artırır, bizi yeni sabahlara, uğurlara səsləyir. Budur, duyğuların ilahiliyi!
Onun şeirlərində doğulduğu, yaşadığı yurdun ətri ilə həqiqi sözün ətri bir-birinə qarışıb bütöv Vətən yaradır ki, bu müqəddəs yurdun “torpağının hər qarışı yenilməz qala kimi toxunulmazdır, yad nəfəs - ürəkdən deyilməyən söz bu qalaya yaxın gələ bilməz. Bu qalanın ən sayıq keşikçilərindən biri də qəhrəmanı Mübariz İbrahimovdu. Onun vətənsevər ruhu bu qalanı əbədi qoruyacaq. Hətta Brilyant xanıma görə Mübariz bütöv Vətəndir:
Zaman öz hökmünü verib də getdi,
Gədələr susdular, sözləri bitdi.
Deməyin ki, xalqı ona həsrətdi,
Bir Vətən ünvanlı yerdi Mübariz.
Brilyant Atəşin lirik düşüncələri sanki yurdumuzun yal-yamaclı, güllü-ciçəkli qoynunda elin bir çoban oğlunun həzin “Çobanbayatı” üstündə öz dünyasına qovuşub çaldığı nəğmələrdir. O həzin “Çobanbayati” şair xanımı el nəğməkarı edib:
Təbiət qucağı mənim loğmanım,
Nərgiz “Yallı” gedə, tuta hər yanım.
Dağların döşündə açıla danım,
Bir “Çobanbayatı” düşüb yadıma.
“Həqiqəti başının tacı kimi” qoruyan, “kasıblıqdan, yoxluqdan utanmayan” Brilyant xanım “qarşısında peyda olan dağ-dərədən, ağdan, qaradan” heç vaxt qorxmayıb. Çünki onun güvən yeri, arxadaşı əlahəzrət həqiqətdi. Şair xanım azad söz adamıdı. Qəlbinin hökmündən başqa heç kim ona nəyisə diktə edə bilməz. Onun üçün “qəfəsdə yaşamaq ölmək kimidi”. Haqqı danmadığından özünəinamlıdı, üzüağdı, başıucadı. Ona görə də “dünyanın malından gözü doymayan”lara şeirinin Ərəbzəngisi kimi meydan oxuyur:
Deyim, qudurğanlıq itə yaraşır,
Var yığanın başı pula qarışır.
Qarışqalar sonda nəşə daraşır,
Əriyib bir torpaq olacaqsan ha...
Brilyant xanımın böyüyüb boya-başa çatdığı söz, saz mühiti ona aşıq şeirimizin müxtəlif janrlarına cəsarətlə müraciət etməyə imkan yaradır. Onun qoşmaları, təcnisləri, gəraylıları, divaniləri, dodaqdəyməzləri, qıfılbəndləri, deyişmələri ona görə mükəmməldir ki, cinasları, rədifləri, qafiyələri ilə yanaşı, məna, fikir tutumu da yerindədir. “Ay inlər, inlər”, “Oyana”, “Çalxalanıb bir mələktək”, “Dağlara, dağlara”, “Sayılmaz, sayılmaz”, “İstəməz”, “Dərdin dağı” və digər şeirləri sayılıb-seçilən aşıq ədəbiyyatı nümunələri səviyyəsindədir:
Səfər etdim irfanıma, mələklərlə görüşdüm,
Qatdan-qata ayaq açdım, yoxdan vara sürüşdüm.
Yolum üstə duranlardan sabahımı soruşdum,
Mən bir sönməz Atəş olub, hər an zordan çıxmışam.
Şair xanım milli ruha, milli kökə, milli mənəvi dəyərlərə bağlı, onlara xüsusi önəm verən, yaşadan, mənəvi saflığı insanın ali xisləti kimi təqdim edən Azərbaycan qadınıdır. Yeni kitabına “Nənəmin kəlağayısı” adınının verməsi də təsadüfi deyil. Min illərin yadigarı namus, qeyrət, abır-həya rəmzi kəlağayını vəsf edən şeirlərində əsas meyar milli baş örtüyümüzün ötürdüyü mənəviyyat dərsləridir.
Qeyd etdik ki, Brilyant xanım Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin və şəxsi “Kəlağayı Ev Muzeyi”nin təşkilatçılığı ilə keçirilən müxtəlif tədbirlərin fəal iştirakçısı, milli dəyərlərin təbliğatçısıdır. Xalqımıza Zəfər sevinci yaşadan 44 günlük Vətən müharibəsinin şəhidi Zaur İsmayılzadənin xatirəsinə həsr etdiyi “Qəmli kəlağayı” şeirində şəhidin nənəsinin nəvəsinin nişan xonçası aldığı, nişanlı el qızına qismət olmayan kəlağayının indi etibarlı əllərdə - şəxsi “Kəlağayı Ev Muzeyi”ndə qorunması şəhidin ruhunun, nənənin, şəhid anasının, Brilyant xanımın təsəlli yeridir. Axı o kəlağayı muzeyin bəzəyidir, ən müqəddəs yerdədir.
Brilyant xanım “nazlı bir gəlinə bənzəyən, davanı, dalaşı, qanı yatıran” kəlağayıya həsr etdiyi digər şeirində milli baş geyimimizi tərənnüm etməklə yanaşı, xalqımızın qədim yaşayış tərzini, məşğuliyyətini - döşək üstündə oturan nənəni, kirkirəni, cəhrəni, darağı, evdəki qara çırağı şeir dili ilə qələmə almaqla bizi şərəfli keçmişimizə, saf mənəvi dünyamıza aparır:
Boz ayğırın kişnəməsi səda salır dağa, daşa,
Başda burma qara papaq babam çıxır yalçın qaşa,
Qara qartal görkəmində boz atıyla durub qoşa,
Cana gəlir örtüləndə, qoyulanda dürüst başa,
Nənəmin kəlağayısı, babamın qara papağı.
“Qəlbi nur, yaxşıya saray, zalıma gor” Brilyant Atəş əmindir ki, “ömrünü yelə verməyib”. Bilir ki, “qoymasa arxada söz qatar-qatar, haqqın dərgahında danarlar onu”. “Keçmişi kök bilib sabaha çatsa, söz, qələm sahibləri” sırasında özü və sözü yaşayacaq.
Geniş əhatəli yaradıcılığı ilə buna bizi də inandırır...”
“Ədəbiyyat və incəsənət”
(17.05.2024)