Muzey Mərkəzində unudulmaz gecə - VAQİF VƏLİYEV ANILDI Featured

Könül, “Ədəbiyyat və incəsənət”

 

Ötən gün Bakı Muzey Mərkəzində Azərbaycnın görkəmli folklorşünas alimi, professor Vaqif Vəliyevin 100 illiyinə həsr olunmuş təntənəli gecə keçirildi.

 

Gecədə Vaqif Vəliyev barədə xatirələr söylənildi, onun sevdiyi simfonik musiqi parçaları səsləndirildi. 

Əslən Qazax mahalından olan Vaqif Vəliyev unudulmaz ziyalı, dərs dediyi Bakı Dövlət Universitetində tələbələrinin sevimli müəllimi olub. 

Saz-söz sevgisi, Səməd Vurğuna olan rəğbəti onu ədəbiyyata gətirib. Elə namizədlik dissertasiyasını da Səməd Vurğunun yaradıcılığı barədə yazıb. 

Folklorumuzun ən dərin tədqiqatçısı kimi o, özündən sonra yadigar olaraq bir neçə tədqiqat əsəri, çoxlu kitablar qoyub.

Vaqif Vəliyev Azərbaycan Respublikasının Xalq artisti Ülviyyə Hacıbəyovanın atası, Azərbaycan Ordusunun Baş Qərargah rəisi Kərim Vəliyevin əmisi, tanınmış jurnalist Aytac Carçıyevanın babasıdır.

Musiqi nömrələri gecəyə xüsusi gözəllik qatdı. Ülviyyə Hacıbəyovanın fortepianoda səsləndirdiyi Soltan Hacıbəyovun “Adajio”su isə xüsusi rəğbətlə qarşılandı.

Yeri gəlmişkən, dahi bəstəkarımız Üzeyir Hacıbəyovun qardaşı, görkəmli bəstəkar  Soltan Hacıbəyov Vaqif Vəliyevin qudası olub. 

Tədbirdə bir çox tanınmış şəxslər, o cümlədən dahi Qara Qarayevin qızı Züleyxa Qarayeva, “Qazax” Xeyriyyə İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, ədəbiyyatşünas Məti Osmanoğlu, publisist İlqar Əlfioğlu, yazıçı Varis, böyük Səməd Vurğunun nəticəsi, pianoçu Vurğun Vəkilov, Xalq şairi Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova və digərləri iştirak edirdi. 

 

“Ədəbiyyat və incəsənət”

(17.05.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.