Super User

Super User

Çərşənbə axşamı, 02 İyul 2024 12:36

Fələyin əlindən ahu-zar edən MÜCRİM KƏRİM VARDANİ

Imran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” üçün.

 

 

Mücrim Kərim Vardani Oğuz (keçmiş Vartaşen) rayonunun Kərimli (keçmiş Vardanlı) kəndində anadan olmuşdur. Doğum və ölüm tarixləri bəlli deyil. Şeirlərində toxunduğu mövzular və tarixi hadisələr onun XVIII yüzilliyin sonlarında doğulduğunu və XIX əsrin ortalarına qədər həyatda olduğunu göstərməkdədir.

 

Əlyazmalarda şairin həyatı və əsərləri barədə çox az məlumat verilir. Əsərlərinin cüzi bir hissəsi bizə gəlib çatmışdır. Şairin şəxsiyyətinin başqa şairlərlə eyniləşdirilməsi və ya əsərlərinin başqalarının adına çıxılması hallarına da təsadüf edilmişdir.

M.Kərimin şeirlərini ilk dəfə S.Mümtaz özünün "El şairləri” kitabında çap etdirmişdir. Ötən əsrin 60-70-ci illərində isə Ə.Cəfərzadə onun haqqında bir neçə məqalə yazmış və əldə olan şeirlərini "Sünbülstan” adı ilə 1978-ci ildə "Gənclik” nəşriyyatında cap etdirmişdir. Sonralar Ə.Cəfərzadənin tədqiqatları akademik F.Qasımzadənin "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi” kitabına daxil edilmişdir. Son dövrlərdəki tədqiqatlarda da M.Kərimin həyatı və əsərləri barədə müəyyən məlumatlara rast gəlmək mümkündür. Məsələn, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən tərtib və nəşr olunan "Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları" kitabında digərləri ilə yanaşı M.K.Vardaninin də multukultural dəyərləri özündə əks etdirən, dünyaya sülh, barış və qardaşlıq mesajları verən yaradıcılığı barədə məlumat verilmişdir.

Əsərlərindən və müasirlərinin yazdıqlarından belə anlaşılır ki, Mücrim Kərim öz dövrünün mədəni və savadlı şəxslərindən biri olmuş, ərəb-fars dillərini mükəmməl bilmişdir. Təsadüfi deyildir ki, dostu Ə.Qarağani onu "sahibkamal, alim, şair, haqq aşığı, şairlər şahı və tamam məclislərin yaraşığı” kimi təqdim edir.“M.K.Vardaninin həyat və yaradıcılığı” monoqrafiyasının müəllifi G.Pənahın tədqiqatlarında M.Kərimin bir müddət ikisinifli rus dilli məktəbdə müəllimlik etdiyi də qeyd olunur. O, müasirləri və həmyerliləri olan A.Padarlı, P.Qarağani, M.R.İltica, Q.Cəbrayıl, M.Rövşən və Ə.Salami ilə sıx əlaqə saxlamışdır. Adları çəkilən şairlər M.Kərimin öz evində təşkil etdiyi musiqili-ədəbi məclisin fəal üzvləri olmuşlar. M.Kərim başda olmaqla onların Şəki və Şirvanda fəaliyyət göstərən digər ədəbi məclislərdə, o cümlədən Şamaxıdakı "Beytüs-Səfa” ədəbi məclisində iştirak etdikləri də istisna olunmur.

Şair səyahət etməyi çox sevmişdir. Əsərlərindən də göründüyü kimi, o, Türkiyə, İran, Rusiya və ərəb ölkələrini gəzib dolanmış, Həcc ziyarətində olmuş, bir müddət Türkiyə sultanının sarayında yaşamışdır (G.Pənah). Qoşmalarının birində Ərəb, Əcəm, Dağıstanı, Gürcüstanı gördüyünü, Təkə-Türkmən çöllərini seyr etdiyini, türklərlə çörək kəsdiyini, Noğay, Çərkəz və Rusiyanı gəzdiyini söyləyir. "Peterburq” rədifli natamam qoşmasında isə şair burada olduğunu bildirir və "Dəryada gövhər tək daşdı Peterburq”, Hamı vilayətdən başdı Peterburq” söyləyərək şəhəri tərif edir. Peterburqla İranı qarşılaşdıran M.K.Vardani Peterburqun timsalında Qərb həyat tərzinə və Qərb mədəniyyətinə öz münasibətini bildirir.

M.K.Vardani sözə, sənətə böyük qiymət verir, yazarlardan elm, bilik, yüksək mədəniyyət, qavrama qabiliyyəti, ariflik və şeirdə dürdanəlik tələb edirdi. "Bu yerlər” adlı müxəmməsində bu barədə deyirdi:

 

Şairi-fərzanə gərək şeirdə,

Arifi-hər nəzmü nəsəq nəsrdə.

 

"Bir mənəm ancaq ki, olan şəhrdə, dürri-girənmayə kimi bəhrdə” deyən M.Kərim hələ sağlığında özünü əsl şair kimi təsdiq etmiş, həm mənzum, həm də mənsur (qismən) əsərlər yazmışdır.

M.Kərimin Əlyazmalar İnstitutunda saxlanılan və 121 vərəqdən ibarət olan A-347 şifrəli əlyazmada "Sünbülstan” adlı divançası qorunur.Bu divança avtoqrafdır, müəllif tərəfindən 1840-1841-ci illərdə köçürülmüşdür. Divança dibacə (müqəddimə) ilə başlanır və 23 qəzəli əhatə edir. Dibaçədə isə nəzm və nəsr bir-birini izləyir. Divançanın adı barədə müəllif belə bir qeyd vermişdi: "... gahi giley-güzarlıq bina qılıb, gahi həmdü səna qıldım və ol məcməi "Sünbülstan” adlayıb şakər isminə tapşırdım. Qərəz bu ki, rəğbət olunub məhafil və məcalisdə oxunsun və "Sünbülstan” adlanmaqda qərəz odur ki, mənim mürği-ruhum onun daimi təsxirində müqəyyəddir”.

Onun yaradıcılığının əsasını xalq (aşıq) və klassik şeir tərzində yazdığı əsərlər təşkil edir. Xalq (aşıq) şeiri tərzində olan əsərləri qoşma, təcnis, gəraylı, bağlama və bayatı, klassik şeir tərzində olan əsərləri isə qəzəl, müxəmməs, müstəzad və mürəbbe şəkillərindədir. O, klassik şeir tərzində yazdığı əsərlərdə əruzun 6 bəhrindən istifadə etmişdir. Şairin yaradıcılığına xalq (aşıq) ədəbiyyatı, M.Füzuli və M.P.Vaqifin təsiri daha çox duyulur.

M.Kərimin yaradıcılığında müxtəlif mövzulara müraciət olunsa da, aparıcı mövzu məhəbbətdir.

Şairin əsərlərində saf və təmiz məhəbbət tərənnüm olunur. Təsvir olunan gözəllər real həyatda yaşayırlar.Amma bu gözəllərin heç cənnət bağında da tayı bərabəri yoxdur, onların hüsnü göydə Günəşi və Ayı utandırır.

 

Camalın artıqdır şəmsü qəmərdən.

Yolunda keçmişəm can ilə sərdən,

Biçarə Kərimi salma nəzərdən,

Əgərçi kafərəm, gəldim imanə.

 

M.K.Vardaninin məhəbbət mövzusunda olan şeirlərində sevən ürəyin döyüntülərini, aşiqin çəkdiyi ahu zarı və intizarı aydın görmək mümkündür:

 

Fələyin əlindən qılan ahu zar,

Birimənəm, biri, yarəb, kimola?

Gülü-rüxsarınaçəkənintizar,

Birimənəm, biri, yarəb, kimola?

 

Şairsevdiyigözələ "şahüsərvərim”, "şahi-zəmanə”, "sultanım, sərdarım, ağam”, "sonam”, "təbibim” deyəmüraciətedir, "Şahbazi-aləmmənsənibilləm” söyləyir. Sevdiyinin "fəraqühicrindəqalan” aşiqindiliilədeyilir:

 

Ey ağalar, könlüm çapdı ələmlər,

Sultanım, sərdarım, ağam gəlmədi.

Dərdü qəm tapdağı olmuşam həmin,

Göz qaldı yollarda, sonam gəlmədi.

 

Lirik qəhrəman çəkdiyi əzab-əziyyətdən usanmır, "Əritdi canımı atəşi hicran”, "Gözüm yaşı oldu dəryayi-ümman” desə də, qətiyyən bədbinliyə qapılmır, şükr edir, gələcəyə nikbin baxır:

 

Ağlamazar, ey Kərim, şükr elə allahına,

Rəyin ilə dövr edər gərdişi-dövran bu gün.

 

M.Kərim gözəlin daxili və xarici aləmini vəhdətdə götürür. Şairə görə, zahiri gözəllik gözün, daxili gözəllik ruhun sevdiyi, dəyərləndirdiyidir.

 

Görsəm günəş cəmalın zahidlərə nümayən,

İbadətin unutsun hər alimi-abidat....

Göftarə gəl, həbibim, şəkkər fəşanlıq eylə,

Ta heyrətə boyansın həraqi lukamilat.

 

O, İ.Nəsimi kimi kamil insanı “canımın cananəsi” hesab etməklə “insan yer

üzünün əşrəfidir” hökmünü bir daha təsdiq edir. M.Kərim yüksək qiymət verdiyi

insanın alçaldılmasına, onun əzablara qatlaşmasına, amansız istismara məruz

qalmasına, cahilliyə,”dərbədər” və “qəmxar” olmasına dözə bilmir, acı-acı

şikayətlənir:

 

Mənə ol qədr təğafül elədi munca zaman,

Az qalıbdır ki, olam dərbədər, avarə, sabah.

Kərimin kimsəsi yoxdur ki, deyə, hali-dilin,

Həmdəm ol bir neçə dəm mən kimi qəmxarə, abah.

 

      “Çıxıbdır” adlı qoşmasında isə şair “Bizim zəmanənin zayı çıxıbdır”

deyərək konkret içtimai nöqsanlardan və yaramazlıqlardan söz açır:

 

Naçalniklər alıb qoyun-quzunu,

Kafər görsün pristavın üzünü,

Demək olmur bircə sözün düzünü,

Gərilmiş kamanın yayı çıxıbıdr.

Yüzbaşı aparır dəni, samanı,

Kəndxuda söyləyir hərzə, yamanı,

Mollanın, qazının çıxıb yalanı,

Əfəndilər lap hərcayı çıxıbdır.

 

Şairin yaradıcılığında vətən gözəlliklərinin təsviri, vətənin tərənnümü və

vətənə məhəbbət qırmızı xətlə keçir. Bunu onun 16 bəndlik naməlum bir şairə

qarşı yazılmış hərbi-zorba səciyyəli “Bu yerlər” rədifli müxəmməsində daha

aydın görmək mümkündür.Bu əsər Vətənə özünəməxsus ekskursiya təəssüratı

oyadır.

Müxəmməs şairin doğma yurduna və onun şanlı tarixinə məhəbbət hissi ilə

yazılmışdır. M.Kərim fəxrlə bu yerləri – Vətəni “gürz ilə qalxan”, “sahibi

ürfan”, ”ünbülü reyhan”, “baği gülüstan”, “sərvi xuraman”, “pələngü aslan”,

“Mücrimi Vardan” yeri adlandırır. O, məmləkətin qədim tarixə malik olduğunu,

bilikli adamların, ürfan sahiblərinin diyarı olmasını, vətən övladlarının böyük

qəhrəmanlıqlara qadir olduğunu nəzərə çatdırır. Yadelli işğalçılara, “şahi-

firəng”lərə nifrətini bildirir, onlara "it kimi üstümüzə hürmə, gürz ilə başını əzərik” deyir. Ə.Cəfərzadənin qənaətinə görə, bu müxəmməs M.F.Axundzadənin “Hekayəti-Molla-İbrahim Xəlil kimyagər” əsərində

toxunulan hadisələrlə səsləşir.

Vətən torpağını "göz dərmanı” sayan M.K.Vardani hər dəfə səyahətə çıxanda bir ovuc torpaq götürər, yad eldə Vətənin qoxusunu bu torpaqdan alarmış. O, qurbətdə şah olmaqdansa, öz ölkəsində dilənib gəzməyi üstün tutur və bu barədə bayatılarının birində belə söyləyir:

 

Əzizinəm, dilən gəz,

Süsən, sünbül, dilən gəz.

Kərim, Rumda şah olma,

Vardanlıda dilən gəz.

 

M.Kərimin nəsri də maraq doğurur. Bura onun divançasının dibaçəsində nəsrlə yazılmış parçalar və əlyazmalarının birində Fövqü Şirvaninin Məhərrəm Pəhlivan barəsindəki şeirinə verilimiş şərh aid edilə bilər.

Birincidə, ədib illərlə uğrunda cəfalar çəkdiyi dostundan zülm və xəyanət gördüyündən söz açaraq M.Füzulinin məşhur "Vəfa hər kimsədən, kim, istədim, ondan cəfa gördüm” başlıqlı qəzəlini xatırladır və deyir: "Bəs hər yerdən əlim üzülüb, bir yari-vəfadar qalmayıb”.

İkinci nümunədə isə, ləzgilərin Şəkiyə hücumu, Şəki üsyanının aqibəti, Məhərrəm Pəhləvan və İlisu sultanı Danyal bəy haqqında izahat verilir.Ədibin nəsr əsərləri XIX əsr nəsr dilini öyrənmək baxımından faydalı mənbədir.

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2024)

 

 

 

“Ədəbiyyat və incəsənət” portalı yazıçı Varisin Qırğızıstanın Xalq yazıçısı Sultan Raevin ölkəmizdə nəşr edilən “Dəlixana” romanı barədə qeydlərini diqqətinizə çatdırır.

 

Son illərdə romançılıq öz əzəli funksiyalarına xeyli korrektə edir. Adı roman olan bu nəsnədə istər-istəməz metaforalar, allyuziyalar, paralellər, iqtibaslar və ən əsas da informasiya və sənədlilik - bütün bu müxtəlif formatlar axtarışı oxucunu o qədər alüdə edir ki, bunlarsız mütaliə onunçün boş vaxt itkisi hesab olunur. Buna görə də nəsr selinə düşən yazıçı onunla yanaşı həyata keçirə bilmədiyi, içində qaldığı ümidlərinin, düşüncələrinin axdığını müşahidə edir. Bəlkə də, selə təslim olur, “Əcəb əyyam idi əyyəmi sələf, gərək o günlərdə olaydıq tələf” deyərək, “kaş ki, internetsiz, mobil telefonsuz, bol sərbəst vaxta malik oxucuları olan o keçmiş əyyamlarda yaşayıb yaradaydım” düşüncəsinə güc verir.

Amma çağdaş populyar nəsri yaradanlar bu yükün altına lazımi qaydada girməyi, hər halda, bacarırlar.

Bu yükü daşıyanlardan biri də qırğız nəsrinin və dramaturgiyasının görkəmli nümayəndəsi, Qırğızıstanın Xalq yazıçısı Sultan Raevdir.

Qırğız nəsri məhz dünyaşöhrətli Çingiz Aytmatovun səyləri ilə romanın belə bir metaforikasını  yaratdı. Və məhz öz intertekstual roman diskursu ilə zamanı xeyli qabaqlayan bu dahi yazıçı özündən sonra bir neçə varis qoya bildi, Sultan Raev də belə varislərdən biridir, onun ən əhəmiyyətli kitabları "Cəza","Daşqın"… qırğız  nəsrinin mayakları hesab edilir.

Böyük “Manas” eposunun minillik ənənəsi ilə formalaşmış epik təfəkkürə əsaslanan, Aytmatovun “Kötüy”ü ilə yeni bir zirvə fəth edən Qırğız nəsri, qədim mədəniyyətin demək olar ki, bir əsrlik intensiv inkişafı üçün bütün münbit şəraiti özündə ehtiva etməkdədir, Sultan Raevin “Janjaza”sı (romanın orijinalda adı belə səslənir) da bu mərkəzləşdirmənin haradasa lap ortalarında qərarlaşıb. O, tam olaraq qırğız folklorunda pərçimlənib, “Manas”ın dilinə və ruhuna köklənib. Romanın tempo-ritmi sanki köçəri qırğız-qazax xalqlarının uzun məsafələrə at yarışmaları - alaman-bayqe ritmidir.

“Dəlixana” romanının qəhrəmanlarının əhvalatı əlbəttə ki, alleqorikdir, amma burada real hadisələrin elə bir skaynı var ki, o hadisələr ölkəni tərpədən qlobal hadisələrdir həm də. Şəxsən mənimlə söhbətində Sultan Raev Kleopatra obrazının günümüzdə yaşayan prototipinin əsl tarixçəsini danışıbdır və mən bu dəhşətli həqiqətin önündə donub qalmışam.

Romanda həbsxana rejimli dəlixanadan qaçan yeddi psixiki xəstə (əslində cəmiyyətin zorən xəstə etdiyi, zorən xəstəlik diaqnozu qoyduğu zavallılar) ölüm və olum savaşına çıxırlar. Yeddi nəfəri birləşdirən əsas məqsəd Müqəddəs Torpaqlara gedib Tanrıya tövbə etmək, əfv diləmək və günahlardan təmizlənməkdir.

Romanın digər qəhrəmanları isə real və mifik ilanlardır ki, hadisələrin gedişatı boyunca daim yeddiləri inadla müşayiət edir, onlardan qisaslarını almağa çalışırlar.

Yeddilərin çətinliklərə sinə gərərək dəhşətli istidə, ac və susuz məqsədə doğru irəliləməsi fonunda hər birinin real həyat tarixçəsi verilir. Taleyin ironiyası ilə 3-cü minillikdə yaşasalar da pasiyenti olduqları dəlixanada Böyük İskəndər, Çingizxan, Kleopatra, Kral Lir, Tais Afinskaya kimi tarixi qəhərmanların adları ilə adlandırılan bu insanların hər birinin də real tarixçəsi ilə adlarını aldıqları məşhur tarixi şəxsiyyətlərin həyat hekayələri arasında paralelliklər aparılır. Romanın əsas qayəsi də bax budur: biriləri yaşayıb, günahlar tərədib ölüb gedirlər, amma onların ruhları müxtəlif cildlərdə, hətta tək insanlarda deyil, digər canlıların da vücudunda yaşamaqda davam edir, həmin törədilən günahların cəzasını çəkir, bədəlini ödəyirlər.

Bəli, dəlixanadan qaçanlar ucsuz-bucaqsız səhra boyunca irəlilədikcə zaman və şəraitin tam girovuna çevrilirlər. Tezliklə onlar insanlıq cildini itirib vəhşi və amansız kütləyə dönürlər, bir-birilərini “urqula” qışqırtısı ilə öldürürlər, bir yandan da ilanlar onların axırına çıxır, gecə isə meyitləri gəmiricilər didişdirib parçalayır.

Və yeddilərdən cəmi ikisi – içlərində saf və səmimiyyət daşıyanlar, günah bataqlığına düşməyənlər bu cəhənnəmdən qurtula bilirlər.

Məşhur qazax yazarı, dahi Muxtar Auezovun oğlu Murat Auezovun verdiyi tərifin təbirincə desək, roman çoxşaxəlidir, polifonikdir və onun ən əsas məziyyəti insanlara insanlıqlarını qoruyub saxlamağın nə dərəcədə vacib olması mesajının ötürülməsidir.

Və mənimsə əlavəm budur: Roman Böyük Yaradanın insana verdiyi ən qiymətli nemətin qəlb olduğunu anlatmağa xidmət edir, qəlb korşalanda ikiayaqlı insanın dördayaqlı heyvana çevrilməsi prosesi baş verir.

 

SULTAN RAEV BARƏDƏ

Çağdaş qırğız nəsrinin görkəmli nümayəndələrindən biri olan Sultan Raev 1958-ci ilin 13 iyulunda Oş vilayətinin Jooş kəndində dünyaya gəlib. Qırğızıstan Milli Universitetinin Jurnalistika fakültəsini bitirən və əmək fəaliyyətinə qəzetçiliklə başlayan ədib gənc yaşlarından ədəbiyyata meyl edib və nəticədə, ortaya biri-birindən gözəl romanlar qoyub.

Çingiz Aytmatov kimi dahi bir yazıçı özündən sonra bir neçə varis qoymuşdur ki, onlardan biri də Sultan Raevdir. Onun ən əhəmiyyətli kitabları "Daşqın" və “Dəlixana” çağdaş qırğız nəsrinin mayakları hesab edilir.

Sultan Raev 2011-ci ildən Qırğızıstanın Xalq yazıçısı fəxri adını daşıyır. Müxtəlif illərdə  Qırğızıstanın Toxtoqul adına Dövlət Mükafatına, müxtəlif beynəlxalq mükafatlara layiq görülüb. Onun romanları ingilis, rus, türk, çin, macar və digər dillərə tərcümə edilərək böyük oxucu auditoriyası qazana bilib.

Sultan Raev həm də tanınmış dramaturqdur, onun pyesləri London, Moskva, Astana, Mülenhaym, Tehran teatrlarının səhnələrində qoyulub.

“Dəlixana” romanı tarixin heç də izsiz ötüşməməsi, bütün bugün baş verənlərin min illər əvvəlin sonucu olması və min illər sonraların da əvvəli olması qanunauyğunluğunu özlüyündə ehtiva edir.

 

“Ədəbiyyat və incəsənət”

(02.07.2024)

 

 

 

 

 

 

 

“YAŞAT” Fondunun, “ASAN Könüllüləri” Təşkilatının və “Neftçi” Peşəkar Futbol Klubunun birgə təşkilatçılığı, “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin baş sponsorluğu, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) tərəfdaşlığı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş şəxslərin 6-12 yaş aralığındakı övladları üçün keçirilən VI “Neftçili Yay Futbol Düşərgəsi” başa çatıb. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “YAŞAT” Fondundan məlumat verilib. 

 

Bağlanış mərasimində “YAŞAT” Fondunun və “Azərkontrakt” ASC-nin nümayəndələri, “Neftçi” Futbol Akademiyasının direktoru Cemal Bülbül, “Neftçi” PFK-nın mətbuat katibi Emin Əfəndi və veteran futbolçu Səməd Qurbanov iştirak ediblər.

“Neftçi” Futbol Mərkəzində baş tutan bağlanış mərasimindən sonra 3-cü qrup iştirakçıları mükafatlandırılıblar. Uşaqlara sertifikat və hədiyyələr təqdim olunub. Sonra “Neftçi Arena”ya yollanan iştirakçılar üçün stadion turu təşkil edilib. Uşaqlar klubun muzeyi, komandaya aid paltardəyişmə otağı, konfrans zalı və stadiondakı digər ərazilərlə tanış olublar.

100 iştirakçının qruplar üzrə bölündüyü düşərgədə hər qrupun ilk iki günündəki proqrama müxtəlif müsabiqələr, toplu və topsuz idman hərəkətləri daxil olub. Bundan əlavə, uşaqlara “Neftçi” Futbol Akademiyasının məşqçiləri tərəfindən futbol qaydaları öyrədilib. Üçüncü gün isə səhər proqramından sonra düşərgədə iştirak edən uşaqlara təşkilatçılar tərəfindən sertifikat və hədiyyələr verilib, “Neftçi Arena”da onlar üçün stadion turu təşkil olunub.

Layihənin əsas məqsədi uşaqların hərtərəfli inkişafını təmin etməklə yanaşı, onların asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirmələrini təmin etməkdir. Xüsusən futbola yüksək marağı olan uşaqlara bu idman növünü praktiki cəhətdən sevdirmək, onlara futbolla peşəkar məşğul ola bilmək üçün şərait yaratmaqla motivasiya olmaqdır.

 

Layihənin media dəstəkçiləri ASAN Radio, ASAN TV  və Neftçi TVdir.

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2024)

 

29-30 iyun tarixində “ASAN xidmət"in və Türkiyə Texnologiya Komandası Fondunun əməkdaşlığı ilə yaradılan “Bilim Bakı” mərkəzinin “Deneyap” texnologiya laboratoriyasına şagird seçiminin ilkin mərhələsi olan test imtahanı keçirilib. Bu barədə “Ədəbiyyat və incəsənət” portalına “ASAN Xidmət”dən məlumat verilib. 

 

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin dəstəyi ilə M. İbrahimov adına 153,  C. Cabbarlı adına 161 və 158 nömrəli tam orta məktəblərdə keçirilən imtahanlarda Bakı şəhərinin ümumtəhsil orta məktəblərinin 4, 5, 6 və 7-ci sinfini bitirən 5000-dək şagird iştirak edib.

 

“Deneyap” texnologiya laboratoriyasına şagird seçimi imtahanının ilk mərhələsində şagirdlər riyaziyyat, alqoritm, biologiya, fizika, kimya, ümumi dünyagörüşü istiqamətində sualları cavablandırıblar.

 

İmtahanın nəticələri bir həftə müddətində yoxlanılıb iştirakçıların valideynlərinə sms və elektron poçt vasitəsilə göndəriləcək.

 

İmtahanlarda ən yüksək nəticə göstərən şagirdlər müsabiqənin növbəti mərhələsi olan praktiki imtahanda iştirak etmək hüququ qazanacaqlar.

 

“Deneyap” texnologiya laboratoriyasında keçirilən təlim proqramı gələcəyin texnoloji istedadlarının yetişməsini dəstəkləyir və ölkəmizin texnologiya sahəsində inkişafını hədəfləyir. Laboratoriyada təlim proqramı iki mərhələdən ibarətdir: ilk 24 ay layihə əsaslı tədris və 12 ay komanda dövrü. İştirakçılar 11 fərqli mövzuda (süni intellekt, robototexnika və kodlaşdırma, qabaqcıl robototexnika, elektron proqramlaşdırma və əşyaların interneti, enerji texnologiyaları, nanotexnologiya və materialşünaslıq, aviasiya və kosmik texnologiyaları, mobil tətbiq, kibertəhlükəsizlik, proqram təminatı texnologiyaları, dizayn və istehsal) texnologiya və layihələrin inkişafına əsaslanan təlimlər keçəcəklər. Hər təlim proqramının sonunda isə komanda şəklində layihələrini inkişaf etdirərək onun nümayişini həyata keçirəcəklər.

 

“Deneyap” texnologiya laboratoriyasına ilk imtahan 2022-ci ildə keçirilib. Proqramın birinci yazılı imtahan mərhələsində iştirak üçün qeydiyyatdan keçmiş 1200-ə yaxın şagird arasından ən çox bal toplayan 334 şagird 2-ci mərhələ olan praktiki  imtahanda iştirak edib. Hər iki mərhələdə ümumi olaraq ən yüksək nəticə göstərən 80 şagird 3 il müddətində “Deneyap” texnologiya laboratoriyasında təhsil almaq hüququ qazanıb.

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2024)

 

Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə 2024/2025-ci tədris ili üzrə şagirdlərin qabiliyyət imtahanları yekunlaşıb.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, bu il ilk dəfə olaraq nazirliyin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə şagird qəbulu my.culture.az vahid şəxsi kabineti vasitəsilə aparılıb və şagirdlərin bir məkanda mərkəzləşdirilmiş şəkildə imtahan vermələri üçün bütün lazımi şərait yaradılıb. Bu ilk növbədə vətəndaş məmnuniyyətini və obyektiv qiymətləndirməni təmin etmək üçün həyata keçirilir. Ümumilikdə 16280 nəfər elektron qeydiyyatdan keçib. Onlardan 15000 nəfərə yaxın şəxs imtahanlarda iştirak edib.

 

Xatırladaq ki, imtahanın nəticəsi barədə yaxın müddət ərzində şəxsi kabinet və ya elektron poçt vasitəsilə namizədə (18 yaşa çatmayanların valideyninə və ya qanuni nümayəndəsinə) bildiriş göndəriləcək. Uğur qazanmış təhsilalanlar sistem üzərindən təhsil alacaqlarını təsdiq etməlidirlər.

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2024)

Bazar ertəsi, 01 İyul 2024 18:15

Niderlandda Azərbaycanın intellektual siması

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Onun haqqında Azərbaycan mətbuatında xeyli yazılar dərc olunub. Müəllifi olduğu analitik məqalələr də az deyil…

 

Deyir ki,- "Azərbaycan mətbuatında tənqidi yazılarla çıxış etsəm də, Niderland mətbuatında əksinə, ölkəmizi həmişə tərifləyirəm"…

Haqqında söhbət açdığım Vüqar Abbasov 1974-cü ildə Beyləqan rayonunda dünyaya gəlib. Bir il sonra ailəsi ilə birlikdə Bakının Kürdəxanı qəsəbəsinə köçüblər. Orta təhsilini 1991-ci ildə 113 nömrəli məktəbdə başa vurub. 1992 - 1997-ci illərdə Qərb Universitetinin "Sosial Siyasi İnzibatçılıq" faklütəsinin axşam şöbəsində ali təhsil alaraq, politoloq ixtisasına yiyələnib. 

Eyni zamanda, 1991 - 1993-cü illərdə müxtəlif idarə və təşkilatlarda çaılşıb. 1993 - 2008–ci illərdə isə AzTv-nin müxtəlif redaksiyalarında işləyib.

2008–ci ildən Niderland Krallığında yaşayır. 2012 - 2015 –ci illərdə Niderlandda Davinci Kollecində sosial xidmətlər üzrə təhsil alıb. Azərbaycan və Niderland jurnalistlər birliyinin üzvüdür. 2011- ci ildən Niderlandda qaçqınlarla bağlı təşkilatlardan birində hüquq yardımçısı kimi çalışır.

2015–ci ildə Niderlandda Azərbaycan diasporasının inkişafı üçün Niderlandlı həmkarlarla birlikdə “Connect” təşkilatını yaradıb və bu təşkilata rəhbərlik edir. Niderlandda yaşadığı müddətdə Hollandiya parlamentində millət vəkilləri ilə, yerli bələdiyyə başçıları, siyasət adamları ilə çoxsaylı görüşlər keçirib. Ailəlidir, iki övladı var…

 

1986-cı ildə əlaçı şagird kimi onu Artek pioner düşərgəsində istirahətə göndərirlər. Burada olarkən, başqa respublikalardan da gələn şagirdlərin dünyagörüşündəki fərqli cəhətləri görür. Bu müqaisə onda daha çox oxumaq, təhsil almaq həvəsi yaradır...

Deyir ki,- "Mirzə Ələkbər Sabirin, Üzeyir bəyin o zaman yazdıqları problemlərin çoxu bu gün də aktualdır. İstəyirəm ki, həmin gerçəkliklər öz aktuallığını itirsin. Təfəkkürdə ciddi dönüşlər olsun. İnsanlar bir-birini sevsinlər, bir-birinin uğuruna şad olsunlar"…

Mehriban, vətənpərvər və həm də zəngin dünyagörüşü olan bu insandan, xarici ölkələrə getmək istəyən soydaşlarımıza nə tövsiyəniz var, deyə soruşanda- "Xaricdə azərbaycanlıların daha çox olmasını mən də arzulayıram. Amma gələrkən qarşılarına məqsəd qoysunlar. Gəlməmişdən əvvəl yaşayacaqları dövlətin dilini öyrənsinlər ki, həmin ölkənin insanlarına tez qaynayıb qarışa bilsinlər"- söylədi…

Çox arzuları həyata keçib, bircə arzusunu hələ ki, reallaşdıra bilmir. Atası əslən Zəngəzurun Vedi rayonundan olub. Vəfat edərkən vəsiyyət edib ki, nə vaxtsa məzarının üstünə Vedi torpağndan səpsinlər…

İyunun 30-u Vüqar bəyin 50 yaşı tamam oldu. Onu bu münasibətlə təbrik edir, möhkəm can sağlığı, firəvan həyat arzulayırıq!

Yubileyi mübarək!

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2024)

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Vaqif Yusiflinin Çingiz Əlioğlunun 80 illik yubileyi  münasibətilə yazdığı məqaləsini təqdim edirik. 

 

Doğrusu, Çingiz Əlioğlunun - bu istedadlı Azərbaycan şairinin 80 yaşına gəlib çatmasına inanmaq istəmirəm. O Çingizi ki, mən illər boyunca son dərəcə cavan, qıvraq, üz-gözündə cavanlıq iksiri əskik olmayan bir gözəl insan, mənim də, çoxlarının da sevdiyi şair. O, müasir Azərbaycan poeziyasının istedadlı nümayəndələrindən biridir və lap gəncliyindən bu günə kimi ona ən çox yaraşan söz istedaddır. İstedadının birinci əlaməti poeziyada təcəssüm edir, yəni Çingizin hər hansı bir şeiri məhz Şeirdir və bu şeirlərin cəmi, toplumu poeziyadır. Çingiz professionaldır. O, şeirin düsturuna sığışan nə varsa, məhz istedadı ilə o düsturu həll edir.

Onun çoxlu şeir kitabları çıxıb və bir yazıda bunları əhatə eləmək çətindir. Çünki hər bir kitabı oxucuya yeni söz deyir. O, Azərbaycan şeirinin bütün istiqamətlərini, axınlarını öz poeziyasında əks etdirə bilir.

Çingiz minillik Azərbaycan poeziyasının ənənələrinə, xalq şeiri örnəklərinə sədaqətlidir.

Çingiz hecada da, sərbəstdə də kifayət qədər uğur qazanıb. Amma onu Azərbaycan sərbəst şeirinin özünəməxsus cizgilərini yaradan bir şair kimi də təqdir edirik.

Çingiz modernist şairdir və bu yolda ustadı Rəsul Rzanın yolunu davam etdirir, amma ustaddan təqlid yox, yaradıcı hünər dərsini keçib.

Çingiz realist şairdir, həyatın, yaşadığımız mühitin gözə görünən mənzərələrini və gözə görünməyən gizlinlərini şeirə gətirir.

Çingiz romantik şairdir, ay işığını çox sevir, meşələri, ormanları, dənizi şeir-rəsmlərində vəcdlə canlandırır.

1968-ci ildə, "Ulduz" jurnalının 4-cü sayında Xalq şairi Rəsul Rzanın "İstedad-Zəhmət-Dözüm" adlı bir yazısı dərc edilmişdi və o yazıda Rəsul müəllim gənc şair - 24 yaşlı Çingiz Əlioğlunun şeirlərindən ürəkdolusu söz açmışdı, onu ruhlandırmışdı: "Çingizin şeirləri ilə tanış olanda, ilk baxışda belə bir təsir oyana bilər ki, gənc şair seyrçiliyə uyur, dənizin, qürubun, bağın, çiçəyin təsvirinə çox aludədir. Şeirləri diqqətlə oxuduqda görürsən ki, bütün bu təbiət mənzərələri Çingizə ürək çırpıntılarını, həyat, insan haqqında düşüncələrini ifadə etmək üçün lazımdır".

Ustad şairin bu inamını Çingiz layiqincə doğrultdu. Mən onun "Vağzallar, yollar" (1974) şeirlər kitabında "Qobustan ritmləri", "İçərişəhər", "İçərişəhərdə yağış", "Əli Kərimin xatirəsinə" şeirlərini o illərin poeziyasında artıq özünün poetik üslubunu müəyyənləşdirən bir şairin uğurları hesab etmişəm. O illərdə İçərişəhərə yazılan bir neçə şeir vardı (F.Qocanın, İ.İsmayılzadənin, V.Nəsibin, Ə.Salahzadənin, V.Səmədoğlunun), Çingiz də bu "yarışda" geridə qalmadı. Metaforalarla, istiarələrlə "hörülmüş" bu şeir İçərişəhərin yeni poetik şəkli idi:

 

Balıqçı toru kimi

nazik

küçələrdən toxunub

bu şəhər.

Axşamlar

pəncərə gözlərində

qızıl balıqlar kimi

çırpınır işıqları.

İçərişəhərdə küçələr

Bir ixtiyarın

Qarışıq

xatirələrinə bənzər.

 

Bu tipli şeirlər o illərin yenilikçi şairlərinin bütün standartlara, şablonlara qarşı qələbəsi kimi səslənirdi. Ancaq bu o demək deyildi ki, yenilikçi adlandırılan şairlər, o cümlədən, Çingiz Əlioğlu poetik ənənələrimizə qarşıdır. Məsələn, onun "Qobustan ritmləri" şeiri qədim nağıl və dastanlarımıza, folklor mətnlərinə xas olan səs təkrarları - alliterasiyalar üzərində qurulmuşdu.

 

Fırlandı səma,

açıldı taybatay

günəşə qapı.

Silkələnib oyandı

daşlı qobu,

qayalı qobu.

Ayıldı hövlnak

Daş xəncərin,

qaya qılıncın

qaya qını,

qaya qabı.

Bu şeir sırf alliterasiyalar üzərində qurulub, amma formaya, səslərin təkrarlanaraq gözəl bir ritm yaratmasına hesablanan şeirdə məna və məzmun üzərinə kölgə düşmür. Şeiri oxuyursan, özünü, sanki Qobustanda - o daşların, qayaların yanında hiss edirsən.

Çingizin poeziyası öncə rənglər və səslər üstündə pərvəriş tapdı. O, təbiətin, dünyanın və insan qəlbinin rənglərini şeirlərində əks etdirməyi çox sevir.

 

Budaqdan qopmuş

nar kimi,

Üfüqdə diyirləndi

gülöyşə günəş -

Qıpqırmızı

nar şirəsinə

bulaşdı qürub.

Bir azdan

dənəvər-dənəvər

mələs ulduzlar

səpiləcək səmaya.

Nar çiçəyi kimi

çıttayacaq

pəncərələrdə işıqlar.

 

Toğrul Nərimanbəyovun bir tablosundan alınan bu təəssürat həmin tablonun sözlə ifadəsi kimi uğurludur. Amma Çingiz heç də hazır tabloları şeirə köçürmür, özü sözlə tablolar yaradırdı.

Adicə bir predmetdə - səsdə, küləkdə, yaz havasında, işıqda dünyanın rəng və çalarlarını görmək və bunları həssaslıqla poetik müşahidə obyektinə çevirmək hər şairə qismət olmur. Çingizin ilk şeirlərindəki uğurları da məhz buradan başlanırdı.

Çingizin ustadları çoxdur, bütün klassik şairlərimiz və XX əsrin ən novator, modernist şairləri. Amma mənim fikrimcə, onun ustadlarından biri və bəlkə də birincisi Rəsul Rzadır. O, Rəsul Rzadan çox şeylər öyrənib. Amma ilk növbədə, onun sərbəst şeir yolunu ən uğurla davam etdirənlərdən biridir. Onun say etibarilə heca şeirləri ilə sərbəstləri arasında kəmiyyət hesablaması aparmamışam, bəlkə heca şeirləri çoxdu, ya əksinə.

 

Dünya, boyun bircə qarış...

Qarı dünya, qımış, görüm.

Ürəyimdə yağ qalmamış,

Dünya, mənnən danış, görüm...

 

A qırışmal, gidi dünya,

Neynədin igidi, dünya?

Mən bilmirəm, sən bilirsən...

Dünya, mənnən barış, görüm.

Bu, Çingizin hecada yazdığı şeirlərdən biridir və ilk baxışda heç bir qəribəliyilə seçilmir. Amma diqqətlə nəzər yetirdikdə, həm deyilən fikirlər, həm də bunların poetik ifadəsi uğurludur.

Çingizin şeirlərində sakitlik də var, həzinlik də, rəqs də, gurultu da... amma patetika, boş hay-küy yoxdur. Ən ümdəsi isə, bu şeirlərin əksəriyyətində uğurlu təşbehlər, metaforalar diqqəti cəlb edir.

Çingiz ən yaxşı şeirlərində obraz yaratmağa can atır və çox zaman buna müvəffəq olur. Məsələn, "O qadın" şeirində Çingiz darıxan qadın əllərini təsvir edir. Çöldə, bayırda "harın-harın, yekəqarın, kefqom kişilər divar boyu düzülüb soyuq çaxır içirlər". İçəridə isə bir qadın darıxır, "kobud kişi əlinə həsrət çəkir əlləri".

Professor Nizaməddin Şəmsizadə "Ucalığın tənhalığı" məqaləsində yazır: "O, (Ç.Əlioğlu) poeziyada eksperiment aparmağı və eksperimentlərdən vaxtında ayrılmağı bacarır".

Çingiz Əlioğlu doğrudan da, şeirdə eksperiment aparmağı xoşlayır. Bu eksperimentlər yetmişinci illərdən başlamışdı və onların bir çoxu özünü doğrultdu, yaşam hüququ qazandı. Onun "postmodernist paradiqma hüdudlarında tişə-fırçayla qazılıb-yazılmış simfopoema yaratmaq cəhdi" kimi səciyyələndirdiyi "OF!!!" silsiləsi də oxuculara təqdim etdiyi yeni bir eksperimentdir.

Çingizin poetik axtarışları onun "Ruhumun həndəsəsi" kitabında toplanan şeirlərində daha çox hiss olunur. Əgər siz şeirimizdə yeni əsrin ruhunu, nəfəsini və XXI əsr insanının düşüncə tərzini aramaq istəyirsinizsə, bu yolda Çingiz Əlioğlunun şeirləri bələdçi rolunu oynaya bilər. Çingizin, sözün həqiqi mənasında, novator şair səciyyəsi bu kitabdakı şeirlərdə dolğun əks olunub. Onun bu kitabında ötən illərin şeirlərindən də nümunələr var və onları yeni yazdığı şeirləri ilə müqayisə etdikdə, doğrudan da, ənənəçi Çingizin, sərbəst şeir məkanında ilk uğurlarını qazanan bir şairin illər keçdikcə poetik axtarışlarında bir üslubun (fərdi!) müxtəlif variasiyalarının şahidi oluruq.

Onun şeirlərindən söz açan müəlliflər - içi mən qarışıq - nədənsə, Çingizin sevgi şeirlərindən bəhs etməmişlər (ya da çox cüzi). Halbuki onun sevgi şeirləri sonu duvaqqapma ilə bitməyən bir dastanı xatırladır. Bu "dastan"da klassik poeziyadan və bayatılardan, ayrılıq nəğmələrindən qopub gələn, əvvəli vüsalla başlayan, sonu hicrana köklənən etiraflar səslənir. "Fikir axını" bu şeirlərə də hakim kəsilir.

 

Səni ayrılıq deyil,

Vüsal məndən alıbdır.

Üzünü görmədiyim

Günlər yadda qalıbdır.

Vurmadığın zərbənin

Yarası daha dərin.

Demədiyin sözləri

Çətin unudam, çətin!

 

Çingiz Əlioğlu dünya ədəbiyyatına, o sıradan bizim müasir poeziyamıza  yaxşı bələddir. Onun 2006-cı ildə çap olunan "Fraqmentlər" kitabında esseləri, müsahibələri, ədəbiyyat haqqında düşüncələri əks olunub. Xüsusilə, onun  ustadı Rəsul Rza, həmçinin Ələkbər Salahzadə, Tofiq Abdin, Kəramət, Əsəd Cahangir, Səlim Babullaoğlu, Tofiq Qaraqaya və s. haqqında qələmə aldığı yazıları maraqla oxunub.

Çingiz Əlioğlu... Sizə - sizin şeirlərinizə - sizin şəxsiyyətinizə - sizin dünyanıza Salam deyirik... Yaş o yaş deyil, yaş həm də bu yaşdır.

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2024)

 “Ədəbiyyat və incəsənət” portalı “Ulduz” jurnalı ilə birgə QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsini təqdim edir. Bu gün sizlər üçün

AMEA A.Bakıxanov adına Tarix İnstitutu "Şimali Azərbaycanın XIX –XX əsrin əvvəlləri tarixi" şöbəsinin müdiri, t.ü.f.d., professor Hacı Həsənovun məqaləsi təqdim ediləcək.

 

 

           Məlum olduğu kimi, XIX əsrin əvvəllərində Rusiya imperiyasının Qafqazda apardığı işğalçı müharibələrin gedişində yadelli yağılara qarşı ən güclü müqavimət göstərmiş Quzey Azərbaycan xanlıqlarından biri də İrəvan xanlığı olmuşdur. İrəvanın qəhrəman müdafiəçiləri Sisiyanovdan tutmuş, Paskeviçə qədər neçə-neçə rusiyalı generalların çoxsaylı hücumlarına mərdliklə sinə gərmiş, düz 3 dəfə – 1804,1808 və 1812-ci illərdə işğalçıları məğlub edərək onları torpaqlarımızdan izal olub getməyə məcbur etmişdilər. İşğalçılar ancaq 4-cü dəfə – 1827-ci ilin payızında Həsən və Hüseyn xan qardaşlarının qəhrəmancasına qoruduqları İrəvan qalasının müqavimətini çox böyük çətinliklə qıraraq bu şəhər – qalanı işğal edə bilmişdilər. Bundan sonra işğalçılar öz erməni əlaltılarının da iştirakı ilə bu əzəli türk-müsəlman yurdunu xristianlaşdırmaq, türksüzləşdirmək, müsəlmansızlaşdırmaq üçün min bir üsula əl atmışdılar. Bunlardan biri də inzibati-ərazi quruluşunu, idarəçiliyi dəyişərək, tarixi-milli sərhədləri nəzərə almayaraq, bu torpaqları imperiyanın xristian dayaqlarından birinə çevirmək üçün əllərindən gələni əsirgəməmişdilər. Əvvəlcə, müharibələr dövründə təbəələri olan dövrlərə – Osmanlı və Qacar səltənətlərinə xəyanət edərək Rusiyanın xeyrinə casusluq, təxribatçılıq və s. əməlləri törətmiş ermənilərə yalançı "ənam" vermək təəssüratı yaratmaq üçün 1828-ci ilin martında keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisini  əhatə edən "Erməni vilayəti" adlı qısaömürlü bir qurum yaratdılar. Ancaq cəmisi on iki il sonra erməni siyasətbazlarının xamxəyallarnı gözlərində qoyub bu qurumu ləğv etdilər.

           1840-cı ildə Romanovlar Rusiyası heç bir vəchlə "sakitləşdirə" bilmədiyi Cənubi Qafqazda, o cümlədən də Şimali Azərbaycanda yeni inzibati-ərazi və məhkəmə islahatı həyata keçirdi. Bu islahatların çərçivəsində hələ Rusiya işğalının gedişində yaradılmağa başlamış komendant üsuli idarəsi, əyalətlərə və dairələrə bölgü ləğv edildi, Cənubi Qafqazda Ümumrusiya inzibati-ərazi idarəçiliyinin tətbiq edilməsinə başlanıldı. Şimali Azərbaycanın digər ərazilərinin əksəriyyəti Xəzər vilayətinin tərkibinə daxil edildi.

1844-cü ildə Qafqazda yaradılmış ilk canişinliyin birinci canişini M.S.Vorontsovun təklifı ilə 1846-cı ildə Cənubi Qafqaz 4 quberniyaya – Tiflis, Kutaisi, Şamaxı (1859-cu il Şamaxı zəlzələsindən sonra Bakı) və Dərbənd quberniyalarına bölündü. İrəvan və Naxçıvan bu dəfə Tiflis quberniyasının tərkibinə qatıldı. Bu da diyarda tez-tez baş verən inzibati-ərazi dəyişikliklərinin sonuncusu olmadı. 1849-cu ildə yeni – İrəvan quberniyası, 1868-ci ildə isə Yelizavetpol quberniyası təşkil olundu.

Rusiya imperatoru I Nikolayın (1825-1855) 1849-cu il iyunun 9-da Senata ünvanladığı, iyunun 28-də nəşr olunan "Zaqafqaziya (Cənubi Qafqaz – H.H) diyarında Erivan (İrəvan – H.H.) quberniyasının təşkil edilməsi barəsində" adlı fərmanında deyilirdi: "Bizim 1846-cı il dekabrm 14-cü günü təsdiq etdiyimiz əsasnamə ilə Zaqafqaziya diyarı 4 quberniyaya – Tiflis, Kutaisi, Şamaxı və Dərbənd quberniyalarına bölünübdür. İndi Qafqaz Canişininin Qafqaz Komitəsi tərəfindən baxılmış təqdimatı nəzərə alınmaqla, işlərin uğurlu getməsi və rahat idarəçilik üçün Zaqafqaziya diyarında daha bir yeni quberniya yaradılmasını faydalı və zəruri sayaraq biz hökm edirik: 1) Bu yeni yaradılan quberniyanın tərkibinə ayrılsın: Tiflis quberniyasından, İrəvan, Naxçıvan və Ahalkələk sahəsi çıxılmaqla Aleksandropol qəzaları, Şamaxı quberniyasından isə Şuşa qəzasının Mihri (Mehri – H.H.) sahəsi və Kapak (Qapan – H.H.) kəndi. 2) İrəvan quberniya şəhəri (mərkəzi – H.H.) təyin olunsun, buna görə də yeni quberniya İrəvan quberniyası adlandırılsın. 3) Onu (İrəvan qubeniyasını – H.H.) 5 qəzaya bölmək: a) İrəvan qəzası; bunu (Göyçə sahəsi çıxılmaqla – H.H.) indiki İrəvan qəzasından təşkil etmək; İrəvanı qəza şəhəri (mərkəzi – H.H.) kimi saxlamaq; b) Novobəyazid (Yeni Bəyazid – H.H) qəzası yenə Göyçə sahəsi və ümumiyyətlə, Göyçə gölü ətrafındakı bütün kəndlərdən təşkil olunan Novobəyazid qəzası; Kovar (Kəvər – H.H.) kəndini qəza idarəsinin yerləşdiyi məkan təyin edib onu Novobəyazid adında qəza şəhəri dərəcəsinə yüksəltmək; b) İndiki Naxçıvan qəzasının Ordubad sahəsi çıxılmaqla (qalan) sahələrindən Naxçıvan qəzası təşkil etmək; Naxçıvanı qəza şəhəri kimi saxlamaq; c) Naxçıvan qəzasının Ordubad sahəsi və Şuşa qəzasının Kapan (Qapan – H.H.) kəndi ilə birlikdə Mehri sahəsindən təşkil olunan Ordubad qəzası; bu yeni qəzanın idarəçiliyi qəza şəhəri dərəcəsinə yüksəldilən əyalət şəhəri (sənəddə "заштатный" – H.H.) Ordubadda yerləşir). Elə indiki Aleksandropol qəzasının Şuragəl (Şörəyel – H.H.) və Bombak (Pəmbək – H.H.) sahələrindən təşkil olunan Aleksandropol qəzası; qəza şəhəri əvvəlkitək Aleksandropol şəhəri olsun. 4) İrəvan, Naxçıvan və Aleksandropol qəzalarında indiki sahə bölgüsü saxlanılsın. Novobəyazid və Ordubad qəzaları vaxtı çatanadək (sənəddə "впредь до времени" –H.H.) sahələrə bölünəcək. 5) İrəvan quberniyasının idarə olunmasını Kutaisi quberniyasının idarəsinin təşkil olunduğu, bizim tərəfimizdən 1846-cı il dekabrın 14-cü günü təsdiq edilmiş əsasnamənin (20702) əsasında təşkil eləmək. Bizim təsdiq etdiyimiz ştatlardan ibarət olsun və 6)hal-hazırda Aleksandropol qəzasmm tərkibində olan Ahalkələk sahəsi Kutaisi quberniyasının Ahalsıx qəzasına sayılsın (verilsin – H.H.)".

İmperator I Nikolayın 1849-cu il iyunun 9-da imzaladığı fərmana əlavə edilmiş ştat cədvəlinə görə, İrəvan quberniyasının idarə olunması üçün 126 dövlət məmuru ştatı nəzərdə tutulmuşdur. Buraya illik məvacibi və yemək haqqı 5000 rubl olan qubernator və 2600 rubl olan vitse-qubernatordan tutmuş, illik gəliri cəmi 100 rubl olan mirzəyə qədər müxtəlif məmurlar daxil idi.

Hər il quberniya məmurlar korpusunun saxlanılmasına sərf olunacaq 92815 rublluq vəsaitin 88360 rublunun dövlət xəzinəsindən ayrılması, 3200 rublunun zemstvo rüsumlarından (əslində, yerlərdə toplanılacaq vergilərdən) və 1255 rublunun şəhər gəlirlərindən əldə edilməsi nəzərdə tutulurdu.

Beş qəza rəisinin (İrəvan, Naxçıvan, Ordubad, Novobəyazid və Aleksandropol) hər birinə ildə 1300-1500, İrəvan (4), Naxçıvan (2) və Aleksandropol (2) qəzalarında yaradılacaq 8 polis sahəsi rəislərinin hər birinə ildə 880 rubl məvacib verilməli idi.

"Qafqaz təqvimini"nin 1851-ci ilə olan buraxılışının məlumatlarına görə, "İrəvan quberniyasının qəzaları – 1828-ci ildən 1840-cı ilədək ərazilərində erməni vilayətinin yerləşdiyi bütün Cənubi Qafqaz diyarının ən məhsuldar hissələrindən birini təşkil edir və Türkiyə ilə 230 verst, İran tərəfdən isə (qaynağın stili saxlanılmışdır – H.H.) 250 verst sərhədə malikdir. Onların (qəzaların – H.H.) sərhədlərinin ümumi uzunluğu 900 verst, səthinin ərazisi 24000 kv. verstdir; dərə-təpəliyi də bu sahənin dörddən biri kimi buraya əlavə etsək, bu qəzaların həqiqi ərazisi 30000 kv.verstdir. Bu ərazidən 1200 kv.versti göllərin, 500-ü çaylar, kanallar və su kəmərlərinin (yəqin ki, arxlar və kəhrizlər nəzərdə tutulur – H.H.), 500-ü bataqlıqların, 200-ü yolların, 1000 kv.versti isə şəhərlərin, kəndlərin, qışlaqların və s., 250 kv.versti isə qəbiristanların altındadır".

Quberniyaya mülki işləri də idarə edən hərbi qubernator (general-mayor İ.İ.Nazarov) başçılıq edirdi. Onun bir nəfər yavəri, 3 nəfər xüsusi tapşırıqlar üzrə məmuru vardı.

Vitse-qubemator, 2 müşavir, katib, mühasib, rus əhalisi üzrə müvəqqəti xüsusi tapşırıqlar məmuru, quberniya yerölçəni, arxitektoru və katibindən ibarət olan quberniya idarəsinin sədri də qubemator idi.

Saray müşaviri, knyaz Q.K.Baqration-Muxranskinin sədrlik etdiyi quberniya məhkəməsinin tərkibində quberniyanın ilk üç müsəlman məmurunun adına rast gəlinir. Bunlar quberniya müsəlman zadəgan silkini təmsil edən Nəzərəli bəy Sultanəsəd bəy oğlu və tacir silkindən olan Molla Tağı Qurban oğlu və Ağamirzəli Abutalıb oğlu idi.

Məhkəmənin sədri həm də İrəvan qəzasının rəisi idi. Bu qəza 4 sahəyə – Zəngibasar, Sürməli, Şərur və Sərdarabad sahələrinə bölünmüşdür ki, onların da hamısını rus məmurları idarə edirdilər.

"Məhəmmədi ruhani şəriəti" adlandırılan müsəlman məhkəməsinə şeyxülislam Axund Molla Həsən sədrlik edirdi. Məhkəmənm 6 nəfər üzvü - qazısı vardı.

İrəvan şəhəri 2 polis pristavı tərəfindən nəzarətdə saxlanılırdı. Qəza idarəsinə həmçinin mühasib və İrəvan duz mağazasının pristavı da daxil idi.

Aleksandropol qəzası 2 sahəyə – Şörəyel və Pəmbək sahələrinə bölünürdü. Naxçıvan qəzasında da 2 sahə (Naxçıvan və Dərələyəz) var idi. Şəhərin özünə isə qalabəyi (qradonaçalnik) nəzarət edirdi.

Ordubad və Novobəyazid qəzaları hələlik sahələrə bölünməmişdi. Sonuncu qəzada Qulp duz mədəni üzrə ayrıca rəis var idi.

Yeni yaradılmış quberniyanın idarəçiliyi aşağıdakı şəkildə təşkil olunmuşdu: Quberniya idarəsinin sədri də hərbi qubernator idi. Onunla yanaşı, bu idarəyə vitse-qubernator (saray müşaviri N.V. Blavatski), 2 müşavir, katib, mühasib, rus əhalisi üzrə müvəqqətı xüsusi tapşırırqlar məmuru, quberniya torpaqölçəni, quberniya memarı, quberniya katibi daxil idi. Yuxarıda sadalanan çoxsaylı məmurların içərisində bir nəfər də olsun müsəlman yox idi.

Zadəgan təbəqəsini bu məhkəmədə erməni K.İ.Məlikağalarov və Nəzərli Sultan Əsəd bəy oğlu təmsil edirdilər. Tacir təbəqəsindən daha 2 nəfər azərbaycanlı – Molla Tağı Qurban oğlu və Ağamirzəli Abutalıb oğlu bu məhkəmənin iclasçıları sırasında idilər. Yuxarıda adı çəkilən Q.K.Baqration –   Muxranski həm də İrəvan qəzasının rəisi idi.

İrəvan şəhərində ictimai asayişə şəhər polisi nəzarət edirdi. Bu idarəyə polismeyster başçılıq edirdi. İdarəyə, həmçinin 2 nəfər pristav (Kartaşev və Kumu kov), mühasib daxil idilər.

Qəza xəzinədarı vəzifəsini icra edən məmur da erməni idi. Qəza idarəsinin statında həmçinin İrəvan duz mağazasının pristavı da var idi.

Aleksandropol qəzası iki sahəyə (Şörəyel və Pəmbək), Naxçıvan qəzası Naxçıvan və Dərələyəz sahələrinə bölünmüşdü. Naxçıvan polisinə qradonaçalnik başçılıq edirdi. Ordubad və Novobəyazid qəzaları sahələrə bölünməmişdi. Ancaq Qulp duz mədənləri üzrə ayrıca rəis ştatı təsbit edilmişdi.Çar hakimiyyət orqanları bu yeni yaradılmış quberniyaya böyük diqqətlə yanaşırdı. Bu, həm quberniyanın tutduğu hərbi-siyasi əhəmiyyətli strateji mövqeyi, həm də onun təbii zənginlikləri ilə bağlı idi.

1854-cü ilin məlumatlarına görə, İrəvan quberniyasına hələ də hərbi və mülki işlər üzrə qubernator general-mayor İ.İ.Nazarov rəhbərlik edirdi. Onun yaxın ətrafı – baş yavər və xüsusi tapşırıqlar məmurlarından ibarət idi. Bunların içərisində böyük məmurlar – Bux və Kəlbalı xan Ehsan xan oğlu da var idi.

Quberniya idarəsi – sədr (hərbi qubernator), vitse-qubernator, 2 müşavir, 2 katib, mühasib, torpaqölçən, arxitektor, quberniya məhkəməsinin sədri, 2 müşavir, 1 erməni və 1 müsəlman zadəgan nümayəndəsi, 2 katib, quberniya prokuroru, prokuror mirzəsindən ibarət idi.

İrəvan qəza idarəsinə – qəza rəisi, onun köməkçisi və katib daxil idi.

İrəvan qəzası 4 sahəyə bölünürdü – Zəngibasar, Sərdarabad, Şərur, Sürməli sahələri. Sahə rəisləri də qəza idarəsinin üzvləri idi.

Müsəlman ruhani şəriəti sədr – şeyxülislam Əkbər ağa Hacı Molla Mustafa oğlu və 4 üzvdən ibarət idi.

İrəvan şəhər polis idarəsi polismeyster, 2 pristav, mühasib, mirzə, qəza xəzinədarı və daha bir mühasibdən ibarət idi.

Quberniya artıq beş qəzaya – İrəvan, Aleksandropol, Naxçıvan, Ordubad, Novobəyazid qəzalarına bölünürdü. İrəvan qəzası 4, Aleksandropol qəzası 2  (Pəmbək, Şörəyel), Naxçıvan qəzası 2 (Dərələyəz və Naxçıvan) sahəyə bölünürdü. Ordubad və Novobəyazid qəzaları isə sahələrə bölünmürdü.

1861-cı ilin məlumatına görə, İrəvan quberniyası artıq 6 qəzadan ibarət idi. Quberniyaya hərbi qubernator, həm də mülki işlərə də rəhbərlik edən general-mayor Osip Antonovic Şerbov-Nefedoviç başçılıq edirdi. Onun iki nəfər xüsusi tapşırıqlar məmuru var idi ki, onlardan biri erməni idi. Quberniya idarəsinə o sədrlik edirdi. Bu idarənin tərkibinə vitse-qubernator, iki müşavir (gürcü və rus), iki erməni katib, quberniya və eyniadlı qəzanın torpaqölçənləri, quberniya memarı və meşəbəyisi daxil idi.

Quberniya məhkəməsinin sədrdən başqa 2 nəfər (biri erməni idi) müşaviri, zadəganlar təbəqəsindən bir nəfər azərbaycanlı (Əli xan Fətulla xan oğlu) və bir nəfər erməni iclasçısı, iki katibi var idi. Quberniya prokuroru da bu məhkəmənin üzvü idi.

"Məhəmmədi ruhani şəriəti" adlandırılan müsəlman məhkəməsinə şeyxülislam Əkbər ağa Axund Molla Mustafa oğlu sədrlik edirdi. Onun qazı adlandırılan üç axund üzvü var idi.

Qəzalara qəza rəisləri başçılıq edirdilər, onların hər birinin 1 və ya 2 köməkçisi olurdu. İrəvan qəzasında rəis və onun hər iki köməkçisi erməni olduğu halda, hətta sırf müsəlman qəzalarında bir nəfər də olsa rəis, köməkçi, qalabəyi (polismeyster), heç pristav belə yox idi.

Naxçıvan şəhərində hələlik pristav polisə rəhbərlik edirdi. Ordubadda və Üçmüəzzində isə heç qalabəyi də yox idi. Novobəyaziddə isə polismeyster ştatı polis komissarı adlanırdı.

1868-ci ilin məlumatlarına görə, İrəvan quberniyasında qubemator vəzifəsi boş idi. Quberniya darəsinin tərkibinə iş icraçısı, dövlət əmlakı idarəsinin rəhbəri əlavə olunmuşdu. İrəvan şəhərinə polis nəzarəti polismeyster və 2 pristav tərəfındən həyata keçirilirdi. Quberniyanın 6 qəzasının (İrəvan, Aleksandropol, Novobəyazid, Üçmüəzzin, Naxçıvan, Ordubad) rəisləri içərisində bir nəfər də müsəlman yox idi.

Sədr və 4 nəfər üzvdən ibarət İrəvan dairə məhkəməsinin də tərkibində ancaq xristianlar idi. Quberniya ərazisində üç barışıq şöbəsi yaradılmışdı. Barışıq hakimlərinin rəhbərlik etdikləri bu şöbələrdə hakim köməkçiləri, katib və katib köməkçiləri var idi.

1.   İrəvan qəzası üzrə barışıq şöbəsi.

2.   Üçmüəzzin barışıq hakimi Parimski.

3.   Naxçıvan barışıq hakimi – Yegiazarov.

1872-ci ildə İrəvan quberniyasında 7 qəza, 5 şəhər, 1283 yaşayış məntəqəsi var idi. Bu quberniya Cənubi Qafqazm mərkəzində, 41°7' və 38°52' şimal dairəsi, 60°54' şərq uzunluğu arasında yerləşib şimalda Tiflis və Yelizavetpol, Şərqdə Yelizavetpol quberniyaları, qərbdə Qars vilayəti, cənubda Asiya Türkiyəsinin Ərzurum vilayəti və Qacarlar səltənəti ilə həmsərhəd idi. Quberniyanın sərhədlərinin ümumi uzunluğu 1052,5 verst idi. Bundan 246,5 versti Qacarlar, 130 versti isə Osmanlı imperiyası ilə olan sərhədlərin payına düşürdü.

XIX-XX əsrlərin kəsişməsində İrəvan quberniyası yenə də 7 qəzaya, qəzalar polis sahələrinə, sonuncular kənd cəmiyyətlərinə, bunlar isə kəndlərə bölünürdü:

– İrəvan qəzası 4 (Tacirabad, Hacıelyaslı, Qəmərli və Dəvəli), Aleksandropol qəzası 4 (Ağbulaq, Çıxışlar, Xorom və Böyük Qarakilsə), Naxçıvan qəzası da 4 (Əliabad, Cəhri, Əbrəqunis və Ordubad), Novobəyazid qəzası 4 (Dərəçiçək, Göyçə, Gözəldərə və Mərzə), Sürməli qəzası üç (İğdır, Daşburun və Qulp), Şərur-Dərələyəz qəzası isə 2 (Şərur və Dərələyəz)  polis sahəsinə bölünürdü. Üçmüəzzin qəzası 4 polis sahəsinə – Sərdarabad, Vaqarşapat, Əştərək, Baş Abaran sahələrinə bölünmüşdü.

Aleksandropol qəzası hələ 1840-cı ildə Gürcüstan İmeretiya quberniyasının tərkibində yaranmış, 1846-cı ildə Tiflis, 1849-cu ildə İrəvan quberniyasının tərkibinə verilmişdir. 1913-cü ildə qəzada 22 kənd cəmiyyəti, 1917-ci ildə isə 7 polis sahəsi (Ağbaba, Hacı Xalid, Düzkənd, Qartarlı, Kaykulu Qazancı, Molla Göyçə, Talin) var idi.

1917-ci il üçün hazırlanmış "Qafqaz təqvimi"nin materiallarına görə, İrəvan quberniyası yenə də 7 qəzaya bölünürdü. İrəvan qəzasında yenə də 4 polis sahəsi var idi. Kənənir, Ağahəmzəli, Qəmərli və Dəvəli kəndləri müvafıq olaraq 1-4-cü polis sahələrin mərkəzləri idi. Bu sahələrin 1-cisində 4, 2-cisində 6, 3-cüsündə 6 və 4-cüsündə 7 kənd icması var idi.

Üçmüəzzin qəzası da 4 polis sahəsinə bölünürdü. Bu sahələrin mərkəzləri Vaqarşapat (I sahə, 7 kənd icması), Əştərək (II; 9), Kurduqulu (III, 4) və Talın (IV; 4) kəndləri idi.

Aleksandropol qəzasının bölündüyü polis sahəsinin mərkəzləri Böyük Qarakilsə kəndi (I; 7), Kattarlı kəndi (II; 5), Aleksandropol şəhəri (III; 5) və Aqin (-H.H.) kəndi (IV; 5) idi.

Naxçıvan qəzasının 4 polis sahəsinin mərkəzləri müvafiq olaraq Naxçıvan şəhəri (5 kənd icması daxil idi), Cəhri (42), Əbrəqunis kəndləri (6) və Ordubad (7) şəhəri idi).

Novobəyazid qəzasının bölündüyü 4 polis sahəsinin mərkəzləri isə müvafiq olaraq Aşağı Axtı (6 kənd cəmiyyəti), Yelenovka (3), Aşağı Qaranlıq (3) və Basarkeçər (4) kəndləri idi.

Sürməli qəzası isə 3 polis sahəsinə bölünmüşdü. Bu sahələrin mərkəzləri müvafıq olaraq İğdır (4 kənd cəmiyyəti daxil idi), Daşburun (3) və Qulp (6) kəndləri idi.

Nəhayət, Şərur-Dərələyəz qəzasının bölündüyü 2 polis sahəsinin mərkəzləri müvafıq olaraq Baş Noraşen (12 kənd cəmiyyəti) və Keşişkənd (7) kəndləri idi.

Çox təəssüf ki, çarizmin devrilməsi və Rusiyada bolşevik dövlət çevrilişi dövründə Cənubi Qafqazda getmiş mürəkkəb ictimai-siyasi-hərbi proseslərin nəticəsində Qərbi Azərbaycan torpaqlarının xeyli hissəsini təşkil edən İrəvan diyarımız qatı düşmənlərimizin əlinə keçdi və onlar türk yurdunda özlərinə Ararat Respublikası yaratdılar, bu azmış kimi, bəzi xarici qüvvələrin təzyiqi, basqısı altında tərkibinin yarısından bir qədər çoxu toplamış Müvəqqəti Milli Şura Azərbaycan Cümhuriyyətinin elan olunmasından cəmisi bircə gün sonra 1918-ci il mayın 29-da İrəvandan olan nümayəndələrin etirazlarına baxmayaraq, heç bir legitimliyi olmayan müdhiş bir qərar qəbul edib Səfəvi babalarımızın Rəvanqulu xana tikdirdikləri qalamızı – İrəvanımızı mənfur düşmənlərimizə güzəştə getməklə millətimizin yurd bütövlüyünə də, suverenliyi və hissiyatına da ağır zərbə vurdu. Beləliklə də, xalqımıza və dövlətimizə qarşı barışmaz düşmənçilik mövqeyi tutan qüvvələr bizim torpaqlarda bizə qarşı möhkəm dayaq nöqtəsi əldə etdilər.

  Ancaq biz, Müzəffər Ali Baş Komandanımız İ.H.Əliyev cənablarının dediyi kimi, mütləq ata-baba torpaqlarımıza qayıdacağıq! Necə ki, ötən ilin sentyabrda Xankəndidə müqəddəs bayrağımızı ucaldaraq ədaləti tam bərpa edib Qarabağ savasında Zəfərimizin son nöqtəsinə çatmışıq, eləcə də o müqəddəs yurdumuza qayıdaraq millətimizin coxdankı arzusuna çatacağıq.

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2024)

Asif Rüstəmli, “Ədəbiyyat və incəsənət” üçün

 

“Ultra sağçı milli birliyin lideri Cordan  Bardella Avropa seçkilərində tarixi bir nəticə əldə etdi” - mən seçkiləri Euronews kanalından izləyirdim və bu xəbərə hədsiz sevindim. Hərçənd qatı millətçinin qalibiyyətinə sevinmək normal deyil. Amma Makronun ermənipərəst siyasəti bizi o qədər iyrəndirib ki, kimə desən əl çalarıq, təki Makron olmasın. 

İndi isə təfərrüatı. 

 

Ultra-sağçı milli birliyin lideri Cordan Bardella prezident Emmanuel Makronin mərkəzçi İttifaqından iki dəfə çox səs toplayaraq başa çatan Avropa Parlamentinə seçkilərində əhəmiyyətli uğurlar qazandı.

Cordan Bardella 1995-ci ildə Parisin Drancy şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Parisin Sorbonn Universitetinin coğrafiya fakültəsində daxil olub. Ancaq təhsilinin üçüncü ilində Bardella özünü siyasətə həsr etmək üçün təhsilini tərk edib.

Siyasət həvəsi onda erkən yaşlarından yaranıb. Hələ 16 yaşında gələcək siyasətçi ultra sağçı Milli cəbhəyə (NF) qoşulub. 2014-cü ildə Saint-Saint-Denis Departamentində NF şöbəsinin katibi seçilib. Bir il sonra Ile de France regional Şurasına seçilib. 2017-ci il prezident seçkiləri zamanı Cordan Bardella Marin Le Pen-in təşviqat komandasında idi.

2018-ci ilin yazında Bardella partiyanın gənclər təşkilatına rəhbərlik etməyə başlayıb. Bu vəzifəni bir neçə il tutub. 2018-ci ilin iyun ayında partiyanın Milli Şurasının əksər nümayəndələri partiyanın milli birlik adlandırılmasına səs veriblər. 

2019-cu ilin yazında Avropa Parlamentinə seçkilərdə Cordan Bardellanın başçılıq etdiyi partiya səslərin 23,34% - ni və Fransaya ayrılan 79 yerdən 22-ni alaraq birinci yeri tutub. 23 yaşında Bardella Avropa Parlamentinin üzvü olub. Elə həmin il partiyanın icra bürosunun üzvü və ikinci sədri vəzifəsini icra edib. 

2022-ci ilin noyabrında isə bir qədər də yüksəlib, Marin Le Pen-in yerinə milli birliyin prezidenti seçilib. 

Bardella miqrant əleyhinə partiyaya rəhbərlik edən ilk şəxs olub ki, Le Pen ailəsinin üzvü olmasın. Amma onun Le Pen ailəsi ilə, hər halda ilgisi vardır. O, 2020-ci ildən bəri Marin Le Pen' in qardaşı qızı Nolven Olivier ilə görüşür. 

Parlamentdə Marin Le Pen partiyanın lideri olaraq qalır, 2027-ci ildə onun yenidən prezidentliyə namizəd olacağı gözlənilir.

Qayıdaq Cordan Bardellaya. Onun bir çox gənc tərəfdarı var. Siyasətçinin TikTok-da 1 milyondan çox izləyicisi var.

Avropa Parlamentinə seçki kampaniyası zamanı milli birliyin aparıcı namizədi Cordan  Bardella milli sərhəd nəzarəti tətbiq edərək miqrantların sərbəst hərəkətinin məhdudlaşdırılmasını müdafiə edib. Eyni zamanda, Bardella özünü həddindən artıq sağçı ADG Partiyasından uzaqlaşdırıb (Almaniya üçün alternativ), artıq Avropa Parlamentində bu fraksiya ilə əməkdaşlıq etməyəcəyini söyləyib. 

Teledebatlar zamanı Bardella Avropa Birliyinə son qoymaqda günahlandırıldı. Lakin o, etiraz edərək dedi: "Mən Avropaya qarşı deyiləm. Avropanın necə işlədiyinə qarşıyam."

Etiraf edək ki, Bardella Avropa Parlamentində çox fəal deyildi: parlament komitəsinin iclaslarının əksəriyyətində iştirak etmirdi. 

Bardellanın rəqibləri onu ən vacib siyasi məsələlərə diqqət yetirmək əvəzinə öz ictimai imicini yaratmaq üçün vaxt sərf etməkdə günahlandırırlar. Hətta avrodeputat Manon Aubrey Bardellanı Avropa Parlamentində tez-tez olmamasına rəğmən xəyali millət vəkili adlandırıb. Bununla belə, gənc Bardellanın sürətli inkişafı göz önündədir. Fransa kimi siyasətdə mühafizəkar olan bir ölkədə bu cür yüksəliş əsl sensasiyadır.

Nə isə. Biz bu yazıda ultramillətçi, Fransanın qapılarınln miqrantların üzünə tam bağlanması tərəfdarı olan Bardella barədə geniş danışdıq. Yenə də deyək, Makrona rəqib olduğu üçün. Gizlin arzumuz isə odur ki, bir gün Avropanın bu üç əsas dövlətindən biri olan Fransaya bir türkpərəst lider başçılıq etsin.

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2024)

“Tesla” adlı elektrik enerjisi ilə işləyən avtomobil günümüzün reallığına çevrilməkdədir artıq. Amma bu da hələ hamısı deyil. Düzdür, elektrik enerjisi ilə hərəkət edən avtomobilin təbii yanacaqla hərəkət edən avtomobilə nisbətən xərci daha azdır, amma biri də var ki, bu xərc ümumiyyətlə olmasın. Fantastika kimi görünür, düzdürmü?

 

Startaplar və avtoqiqantlar öz yeni elektrik avtomobillərində günəş batareyalarının quraşdırılmasını inkişaf etdirir və İspaniyanın isti günəşi altında Hollandiyanın Lightyear startapının ilk seriya modeli, demək olar ki, gündəlik 70 kilometrdən çox irəliləmək üçün kifayət qədər günəş enerjisini toplaya bilib. Avtomobilin quruluşu elədir ki, onun 5 kv.metrlik ərazisi - kapotu və dam örtüyü günəş batareyaları ilə örtülmüşdür. Bu barədə “Ədəbiyyat və incəsənət” portalı Euronews-a istinadən məlumat verir.

"Bu, yalnız ilk addımdır, 250 000 avro qiyməti olan avtomobil bizə yanacaqsız və elektriksiz – bir sözlə, havayı hərəkət edən avtomobilə sahib olmanın mümkün olduğunu göstərir. Bu, texnologiyanın nümayişidir, amma əslində bizim məqsədimiz üç ildən sonra 30 000 avro dəyərində avtomobillə kütləvi bazara çıxmaqdır", - deyə Lightyear şirkətinin baş direktoru Leks Xufslut bildirir.

Lightyear-in payızda istehsalı başlayacaq, şirkət noyabr ayında bu bahalı sedanın alıcılara çatdırılmasını planlaşdırır.

Maraqlıdır ki, avtomobil həm hərəkətdə olduqda və həm də açıq havada parklandıqda günəş panelləri onun akkumulyatorunu dolduracaqlar.

"Günəş enerjisi ilə işləyən avtomobilin cəlbedici xüsusiyyətlərindən biri, avtomobilin akkumulyatorunun olmasıdır, buna görə günəş səmada olanda ondan tam şəkildə  istifadə edə bilərsiniz və akkumulyatoru doldura bilərsiniz . Belə ki, günəş enerjisi çatışmazlığı, həqiqətən, sizin akkumulyatorunuzun olması səbəbindən elə də dezavantaj deyil, buna görə də mən optimistəm, düşünürəm ki, günəş enerjisi ilə hərəkət edən avtomobilin əlavə olaraq enerji ehtiyatı yığan akkumulyatorunun olması böyük bir müsbət rol oynaya bilər", - deyə Viskonsin Universitetinin müəllimi Qreqori F. Nemet bildirir.

Avtomobil sıfırdan düzəlib, bunu maksimum effektiv etmək və arzuları gerçəkləşdirmək üçün belə ediblər. Rasional dizayn şirkətə uzun müddət əksər avtomobil istehsalçılarının nəzərdən qaçırdığı istiqamətdə irəliləməyə imkan verən xidmətlərini öz xidməti hesab etmək şəraiti yaradıb. Bu arada qeyd edək ki, Lightyear öz dizaynına görə ən mükəmməl avtomobil dizaynerlərinin toplaşdığı İtaliyanı da təəccübləndirə bilib. Bugatti, Lamborghini, Ferrari dizaynerləri bu incəsənət şedevrindən paxıllıq edə-edə zövq alıblar.

İstehsalçıların məlumatına görə günəş batareyalarında optimal şəraitdə gündə 70 km-ə qədər şarj olmadan gedə bilərsiniz. Hər gün 35 km-dən az hərəkət edənlər şəbəkəyə qoşulmağa ehtiyac olmadan 2 ay ərzində Hollandiya, Portuqaliya və İspaniya kimi günəş ölkələrində (bəri başdan deyək ki, bizim Azərbaycan da günəş ölkəsidir)  isə 7 aya qədər səyahət edə bilərlər.

Bu gün ölkəmizdə avtomobil istismarçılarının əsas şikayəti təbii ki, yanacağın qiymətinin baha olmasındandır. İnşallah ki, günəş avtomobilləri, istehsalçılar deyən kimi, kütləvi tələbata məruz qalıb 30 min avro və daha ucuz qiymətə satılar, ikinci əl avtomobillər ümumiyyətlə statistik azərbaycanlı üçün əlçatan olar, onlar avtomobili alıb yanacağa və elektrik enerjisinə pul vermədən rahatca onu sürərlər. Onda gecələr “Benzinin qiyməti daha 20 faiz (30, 40, 50 fazi) qalxdı” qərarını verib avtomobil sahibləri üçün qorxunc kabusa çevrilən Tarif Şurasından da daha heç kəs qorxmaz.

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2024)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.