XIX-XX yüziliiyin əvvəllərində Qərbi Azərbaycanda yürüdülmüş inzibati-ərazi idarəçilik siyasətinin tarixindən – HACI HƏSƏNOV Featured

 “Ədəbiyyat və incəsənət” portalı “Ulduz” jurnalı ilə birgə QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsini təqdim edir. Bu gün sizlər üçün

AMEA A.Bakıxanov adına Tarix İnstitutu "Şimali Azərbaycanın XIX –XX əsrin əvvəlləri tarixi" şöbəsinin müdiri, t.ü.f.d., professor Hacı Həsənovun məqaləsi təqdim ediləcək.

 

 

           Məlum olduğu kimi, XIX əsrin əvvəllərində Rusiya imperiyasının Qafqazda apardığı işğalçı müharibələrin gedişində yadelli yağılara qarşı ən güclü müqavimət göstərmiş Quzey Azərbaycan xanlıqlarından biri də İrəvan xanlığı olmuşdur. İrəvanın qəhrəman müdafiəçiləri Sisiyanovdan tutmuş, Paskeviçə qədər neçə-neçə rusiyalı generalların çoxsaylı hücumlarına mərdliklə sinə gərmiş, düz 3 dəfə – 1804,1808 və 1812-ci illərdə işğalçıları məğlub edərək onları torpaqlarımızdan izal olub getməyə məcbur etmişdilər. İşğalçılar ancaq 4-cü dəfə – 1827-ci ilin payızında Həsən və Hüseyn xan qardaşlarının qəhrəmancasına qoruduqları İrəvan qalasının müqavimətini çox böyük çətinliklə qıraraq bu şəhər – qalanı işğal edə bilmişdilər. Bundan sonra işğalçılar öz erməni əlaltılarının da iştirakı ilə bu əzəli türk-müsəlman yurdunu xristianlaşdırmaq, türksüzləşdirmək, müsəlmansızlaşdırmaq üçün min bir üsula əl atmışdılar. Bunlardan biri də inzibati-ərazi quruluşunu, idarəçiliyi dəyişərək, tarixi-milli sərhədləri nəzərə almayaraq, bu torpaqları imperiyanın xristian dayaqlarından birinə çevirmək üçün əllərindən gələni əsirgəməmişdilər. Əvvəlcə, müharibələr dövründə təbəələri olan dövrlərə – Osmanlı və Qacar səltənətlərinə xəyanət edərək Rusiyanın xeyrinə casusluq, təxribatçılıq və s. əməlləri törətmiş ermənilərə yalançı "ənam" vermək təəssüratı yaratmaq üçün 1828-ci ilin martında keçmiş İrəvan və Naxçıvan xanlıqlarının ərazisini  əhatə edən "Erməni vilayəti" adlı qısaömürlü bir qurum yaratdılar. Ancaq cəmisi on iki il sonra erməni siyasətbazlarının xamxəyallarnı gözlərində qoyub bu qurumu ləğv etdilər.

           1840-cı ildə Romanovlar Rusiyası heç bir vəchlə "sakitləşdirə" bilmədiyi Cənubi Qafqazda, o cümlədən də Şimali Azərbaycanda yeni inzibati-ərazi və məhkəmə islahatı həyata keçirdi. Bu islahatların çərçivəsində hələ Rusiya işğalının gedişində yaradılmağa başlamış komendant üsuli idarəsi, əyalətlərə və dairələrə bölgü ləğv edildi, Cənubi Qafqazda Ümumrusiya inzibati-ərazi idarəçiliyinin tətbiq edilməsinə başlanıldı. Şimali Azərbaycanın digər ərazilərinin əksəriyyəti Xəzər vilayətinin tərkibinə daxil edildi.

1844-cü ildə Qafqazda yaradılmış ilk canişinliyin birinci canişini M.S.Vorontsovun təklifı ilə 1846-cı ildə Cənubi Qafqaz 4 quberniyaya – Tiflis, Kutaisi, Şamaxı (1859-cu il Şamaxı zəlzələsindən sonra Bakı) və Dərbənd quberniyalarına bölündü. İrəvan və Naxçıvan bu dəfə Tiflis quberniyasının tərkibinə qatıldı. Bu da diyarda tez-tez baş verən inzibati-ərazi dəyişikliklərinin sonuncusu olmadı. 1849-cu ildə yeni – İrəvan quberniyası, 1868-ci ildə isə Yelizavetpol quberniyası təşkil olundu.

Rusiya imperatoru I Nikolayın (1825-1855) 1849-cu il iyunun 9-da Senata ünvanladığı, iyunun 28-də nəşr olunan "Zaqafqaziya (Cənubi Qafqaz – H.H) diyarında Erivan (İrəvan – H.H.) quberniyasının təşkil edilməsi barəsində" adlı fərmanında deyilirdi: "Bizim 1846-cı il dekabrm 14-cü günü təsdiq etdiyimiz əsasnamə ilə Zaqafqaziya diyarı 4 quberniyaya – Tiflis, Kutaisi, Şamaxı və Dərbənd quberniyalarına bölünübdür. İndi Qafqaz Canişininin Qafqaz Komitəsi tərəfindən baxılmış təqdimatı nəzərə alınmaqla, işlərin uğurlu getməsi və rahat idarəçilik üçün Zaqafqaziya diyarında daha bir yeni quberniya yaradılmasını faydalı və zəruri sayaraq biz hökm edirik: 1) Bu yeni yaradılan quberniyanın tərkibinə ayrılsın: Tiflis quberniyasından, İrəvan, Naxçıvan və Ahalkələk sahəsi çıxılmaqla Aleksandropol qəzaları, Şamaxı quberniyasından isə Şuşa qəzasının Mihri (Mehri – H.H.) sahəsi və Kapak (Qapan – H.H.) kəndi. 2) İrəvan quberniya şəhəri (mərkəzi – H.H.) təyin olunsun, buna görə də yeni quberniya İrəvan quberniyası adlandırılsın. 3) Onu (İrəvan qubeniyasını – H.H.) 5 qəzaya bölmək: a) İrəvan qəzası; bunu (Göyçə sahəsi çıxılmaqla – H.H.) indiki İrəvan qəzasından təşkil etmək; İrəvanı qəza şəhəri (mərkəzi – H.H.) kimi saxlamaq; b) Novobəyazid (Yeni Bəyazid – H.H) qəzası yenə Göyçə sahəsi və ümumiyyətlə, Göyçə gölü ətrafındakı bütün kəndlərdən təşkil olunan Novobəyazid qəzası; Kovar (Kəvər – H.H.) kəndini qəza idarəsinin yerləşdiyi məkan təyin edib onu Novobəyazid adında qəza şəhəri dərəcəsinə yüksəltmək; b) İndiki Naxçıvan qəzasının Ordubad sahəsi çıxılmaqla (qalan) sahələrindən Naxçıvan qəzası təşkil etmək; Naxçıvanı qəza şəhəri kimi saxlamaq; c) Naxçıvan qəzasının Ordubad sahəsi və Şuşa qəzasının Kapan (Qapan – H.H.) kəndi ilə birlikdə Mehri sahəsindən təşkil olunan Ordubad qəzası; bu yeni qəzanın idarəçiliyi qəza şəhəri dərəcəsinə yüksəldilən əyalət şəhəri (sənəddə "заштатный" – H.H.) Ordubadda yerləşir). Elə indiki Aleksandropol qəzasının Şuragəl (Şörəyel – H.H.) və Bombak (Pəmbək – H.H.) sahələrindən təşkil olunan Aleksandropol qəzası; qəza şəhəri əvvəlkitək Aleksandropol şəhəri olsun. 4) İrəvan, Naxçıvan və Aleksandropol qəzalarında indiki sahə bölgüsü saxlanılsın. Novobəyazid və Ordubad qəzaları vaxtı çatanadək (sənəddə "впредь до времени" –H.H.) sahələrə bölünəcək. 5) İrəvan quberniyasının idarə olunmasını Kutaisi quberniyasının idarəsinin təşkil olunduğu, bizim tərəfimizdən 1846-cı il dekabrın 14-cü günü təsdiq edilmiş əsasnamənin (20702) əsasında təşkil eləmək. Bizim təsdiq etdiyimiz ştatlardan ibarət olsun və 6)hal-hazırda Aleksandropol qəzasmm tərkibində olan Ahalkələk sahəsi Kutaisi quberniyasının Ahalsıx qəzasına sayılsın (verilsin – H.H.)".

İmperator I Nikolayın 1849-cu il iyunun 9-da imzaladığı fərmana əlavə edilmiş ştat cədvəlinə görə, İrəvan quberniyasının idarə olunması üçün 126 dövlət məmuru ştatı nəzərdə tutulmuşdur. Buraya illik məvacibi və yemək haqqı 5000 rubl olan qubernator və 2600 rubl olan vitse-qubernatordan tutmuş, illik gəliri cəmi 100 rubl olan mirzəyə qədər müxtəlif məmurlar daxil idi.

Hər il quberniya məmurlar korpusunun saxlanılmasına sərf olunacaq 92815 rublluq vəsaitin 88360 rublunun dövlət xəzinəsindən ayrılması, 3200 rublunun zemstvo rüsumlarından (əslində, yerlərdə toplanılacaq vergilərdən) və 1255 rublunun şəhər gəlirlərindən əldə edilməsi nəzərdə tutulurdu.

Beş qəza rəisinin (İrəvan, Naxçıvan, Ordubad, Novobəyazid və Aleksandropol) hər birinə ildə 1300-1500, İrəvan (4), Naxçıvan (2) və Aleksandropol (2) qəzalarında yaradılacaq 8 polis sahəsi rəislərinin hər birinə ildə 880 rubl məvacib verilməli idi.

"Qafqaz təqvimini"nin 1851-ci ilə olan buraxılışının məlumatlarına görə, "İrəvan quberniyasının qəzaları – 1828-ci ildən 1840-cı ilədək ərazilərində erməni vilayətinin yerləşdiyi bütün Cənubi Qafqaz diyarının ən məhsuldar hissələrindən birini təşkil edir və Türkiyə ilə 230 verst, İran tərəfdən isə (qaynağın stili saxlanılmışdır – H.H.) 250 verst sərhədə malikdir. Onların (qəzaların – H.H.) sərhədlərinin ümumi uzunluğu 900 verst, səthinin ərazisi 24000 kv. verstdir; dərə-təpəliyi də bu sahənin dörddən biri kimi buraya əlavə etsək, bu qəzaların həqiqi ərazisi 30000 kv.verstdir. Bu ərazidən 1200 kv.versti göllərin, 500-ü çaylar, kanallar və su kəmərlərinin (yəqin ki, arxlar və kəhrizlər nəzərdə tutulur – H.H.), 500-ü bataqlıqların, 200-ü yolların, 1000 kv.versti isə şəhərlərin, kəndlərin, qışlaqların və s., 250 kv.versti isə qəbiristanların altındadır".

Quberniyaya mülki işləri də idarə edən hərbi qubernator (general-mayor İ.İ.Nazarov) başçılıq edirdi. Onun bir nəfər yavəri, 3 nəfər xüsusi tapşırıqlar üzrə məmuru vardı.

Vitse-qubemator, 2 müşavir, katib, mühasib, rus əhalisi üzrə müvəqqəti xüsusi tapşırıqlar məmuru, quberniya yerölçəni, arxitektoru və katibindən ibarət olan quberniya idarəsinin sədri də qubemator idi.

Saray müşaviri, knyaz Q.K.Baqration-Muxranskinin sədrlik etdiyi quberniya məhkəməsinin tərkibində quberniyanın ilk üç müsəlman məmurunun adına rast gəlinir. Bunlar quberniya müsəlman zadəgan silkini təmsil edən Nəzərəli bəy Sultanəsəd bəy oğlu və tacir silkindən olan Molla Tağı Qurban oğlu və Ağamirzəli Abutalıb oğlu idi.

Məhkəmənin sədri həm də İrəvan qəzasının rəisi idi. Bu qəza 4 sahəyə – Zəngibasar, Sürməli, Şərur və Sərdarabad sahələrinə bölünmüşdür ki, onların da hamısını rus məmurları idarə edirdilər.

"Məhəmmədi ruhani şəriəti" adlandırılan müsəlman məhkəməsinə şeyxülislam Axund Molla Həsən sədrlik edirdi. Məhkəmənm 6 nəfər üzvü - qazısı vardı.

İrəvan şəhəri 2 polis pristavı tərəfindən nəzarətdə saxlanılırdı. Qəza idarəsinə həmçinin mühasib və İrəvan duz mağazasının pristavı da daxil idi.

Aleksandropol qəzası 2 sahəyə – Şörəyel və Pəmbək sahələrinə bölünürdü. Naxçıvan qəzasında da 2 sahə (Naxçıvan və Dərələyəz) var idi. Şəhərin özünə isə qalabəyi (qradonaçalnik) nəzarət edirdi.

Ordubad və Novobəyazid qəzaları hələlik sahələrə bölünməmişdi. Sonuncu qəzada Qulp duz mədəni üzrə ayrıca rəis var idi.

Yeni yaradılmış quberniyanın idarəçiliyi aşağıdakı şəkildə təşkil olunmuşdu: Quberniya idarəsinin sədri də hərbi qubernator idi. Onunla yanaşı, bu idarəyə vitse-qubernator (saray müşaviri N.V. Blavatski), 2 müşavir, katib, mühasib, rus əhalisi üzrə müvəqqətı xüsusi tapşırırqlar məmuru, quberniya torpaqölçəni, quberniya memarı, quberniya katibi daxil idi. Yuxarıda sadalanan çoxsaylı məmurların içərisində bir nəfər də olsun müsəlman yox idi.

Zadəgan təbəqəsini bu məhkəmədə erməni K.İ.Məlikağalarov və Nəzərli Sultan Əsəd bəy oğlu təmsil edirdilər. Tacir təbəqəsindən daha 2 nəfər azərbaycanlı – Molla Tağı Qurban oğlu və Ağamirzəli Abutalıb oğlu bu məhkəmənin iclasçıları sırasında idilər. Yuxarıda adı çəkilən Q.K.Baqration –   Muxranski həm də İrəvan qəzasının rəisi idi.

İrəvan şəhərində ictimai asayişə şəhər polisi nəzarət edirdi. Bu idarəyə polismeyster başçılıq edirdi. İdarəyə, həmçinin 2 nəfər pristav (Kartaşev və Kumu kov), mühasib daxil idilər.

Qəza xəzinədarı vəzifəsini icra edən məmur da erməni idi. Qəza idarəsinin statında həmçinin İrəvan duz mağazasının pristavı da var idi.

Aleksandropol qəzası iki sahəyə (Şörəyel və Pəmbək), Naxçıvan qəzası Naxçıvan və Dərələyəz sahələrinə bölünmüşdü. Naxçıvan polisinə qradonaçalnik başçılıq edirdi. Ordubad və Novobəyazid qəzaları sahələrə bölünməmişdi. Ancaq Qulp duz mədənləri üzrə ayrıca rəis ştatı təsbit edilmişdi.Çar hakimiyyət orqanları bu yeni yaradılmış quberniyaya böyük diqqətlə yanaşırdı. Bu, həm quberniyanın tutduğu hərbi-siyasi əhəmiyyətli strateji mövqeyi, həm də onun təbii zənginlikləri ilə bağlı idi.

1854-cü ilin məlumatlarına görə, İrəvan quberniyasına hələ də hərbi və mülki işlər üzrə qubernator general-mayor İ.İ.Nazarov rəhbərlik edirdi. Onun yaxın ətrafı – baş yavər və xüsusi tapşırıqlar məmurlarından ibarət idi. Bunların içərisində böyük məmurlar – Bux və Kəlbalı xan Ehsan xan oğlu da var idi.

Quberniya idarəsi – sədr (hərbi qubernator), vitse-qubernator, 2 müşavir, 2 katib, mühasib, torpaqölçən, arxitektor, quberniya məhkəməsinin sədri, 2 müşavir, 1 erməni və 1 müsəlman zadəgan nümayəndəsi, 2 katib, quberniya prokuroru, prokuror mirzəsindən ibarət idi.

İrəvan qəza idarəsinə – qəza rəisi, onun köməkçisi və katib daxil idi.

İrəvan qəzası 4 sahəyə bölünürdü – Zəngibasar, Sərdarabad, Şərur, Sürməli sahələri. Sahə rəisləri də qəza idarəsinin üzvləri idi.

Müsəlman ruhani şəriəti sədr – şeyxülislam Əkbər ağa Hacı Molla Mustafa oğlu və 4 üzvdən ibarət idi.

İrəvan şəhər polis idarəsi polismeyster, 2 pristav, mühasib, mirzə, qəza xəzinədarı və daha bir mühasibdən ibarət idi.

Quberniya artıq beş qəzaya – İrəvan, Aleksandropol, Naxçıvan, Ordubad, Novobəyazid qəzalarına bölünürdü. İrəvan qəzası 4, Aleksandropol qəzası 2  (Pəmbək, Şörəyel), Naxçıvan qəzası 2 (Dərələyəz və Naxçıvan) sahəyə bölünürdü. Ordubad və Novobəyazid qəzaları isə sahələrə bölünmürdü.

1861-cı ilin məlumatına görə, İrəvan quberniyası artıq 6 qəzadan ibarət idi. Quberniyaya hərbi qubernator, həm də mülki işlərə də rəhbərlik edən general-mayor Osip Antonovic Şerbov-Nefedoviç başçılıq edirdi. Onun iki nəfər xüsusi tapşırıqlar məmuru var idi ki, onlardan biri erməni idi. Quberniya idarəsinə o sədrlik edirdi. Bu idarənin tərkibinə vitse-qubernator, iki müşavir (gürcü və rus), iki erməni katib, quberniya və eyniadlı qəzanın torpaqölçənləri, quberniya memarı və meşəbəyisi daxil idi.

Quberniya məhkəməsinin sədrdən başqa 2 nəfər (biri erməni idi) müşaviri, zadəganlar təbəqəsindən bir nəfər azərbaycanlı (Əli xan Fətulla xan oğlu) və bir nəfər erməni iclasçısı, iki katibi var idi. Quberniya prokuroru da bu məhkəmənin üzvü idi.

"Məhəmmədi ruhani şəriəti" adlandırılan müsəlman məhkəməsinə şeyxülislam Əkbər ağa Axund Molla Mustafa oğlu sədrlik edirdi. Onun qazı adlandırılan üç axund üzvü var idi.

Qəzalara qəza rəisləri başçılıq edirdilər, onların hər birinin 1 və ya 2 köməkçisi olurdu. İrəvan qəzasında rəis və onun hər iki köməkçisi erməni olduğu halda, hətta sırf müsəlman qəzalarında bir nəfər də olsa rəis, köməkçi, qalabəyi (polismeyster), heç pristav belə yox idi.

Naxçıvan şəhərində hələlik pristav polisə rəhbərlik edirdi. Ordubadda və Üçmüəzzində isə heç qalabəyi də yox idi. Novobəyaziddə isə polismeyster ştatı polis komissarı adlanırdı.

1868-ci ilin məlumatlarına görə, İrəvan quberniyasında qubemator vəzifəsi boş idi. Quberniya darəsinin tərkibinə iş icraçısı, dövlət əmlakı idarəsinin rəhbəri əlavə olunmuşdu. İrəvan şəhərinə polis nəzarəti polismeyster və 2 pristav tərəfındən həyata keçirilirdi. Quberniyanın 6 qəzasının (İrəvan, Aleksandropol, Novobəyazid, Üçmüəzzin, Naxçıvan, Ordubad) rəisləri içərisində bir nəfər də müsəlman yox idi.

Sədr və 4 nəfər üzvdən ibarət İrəvan dairə məhkəməsinin də tərkibində ancaq xristianlar idi. Quberniya ərazisində üç barışıq şöbəsi yaradılmışdı. Barışıq hakimlərinin rəhbərlik etdikləri bu şöbələrdə hakim köməkçiləri, katib və katib köməkçiləri var idi.

1.   İrəvan qəzası üzrə barışıq şöbəsi.

2.   Üçmüəzzin barışıq hakimi Parimski.

3.   Naxçıvan barışıq hakimi – Yegiazarov.

1872-ci ildə İrəvan quberniyasında 7 qəza, 5 şəhər, 1283 yaşayış məntəqəsi var idi. Bu quberniya Cənubi Qafqazm mərkəzində, 41°7' və 38°52' şimal dairəsi, 60°54' şərq uzunluğu arasında yerləşib şimalda Tiflis və Yelizavetpol, Şərqdə Yelizavetpol quberniyaları, qərbdə Qars vilayəti, cənubda Asiya Türkiyəsinin Ərzurum vilayəti və Qacarlar səltənəti ilə həmsərhəd idi. Quberniyanın sərhədlərinin ümumi uzunluğu 1052,5 verst idi. Bundan 246,5 versti Qacarlar, 130 versti isə Osmanlı imperiyası ilə olan sərhədlərin payına düşürdü.

XIX-XX əsrlərin kəsişməsində İrəvan quberniyası yenə də 7 qəzaya, qəzalar polis sahələrinə, sonuncular kənd cəmiyyətlərinə, bunlar isə kəndlərə bölünürdü:

– İrəvan qəzası 4 (Tacirabad, Hacıelyaslı, Qəmərli və Dəvəli), Aleksandropol qəzası 4 (Ağbulaq, Çıxışlar, Xorom və Böyük Qarakilsə), Naxçıvan qəzası da 4 (Əliabad, Cəhri, Əbrəqunis və Ordubad), Novobəyazid qəzası 4 (Dərəçiçək, Göyçə, Gözəldərə və Mərzə), Sürməli qəzası üç (İğdır, Daşburun və Qulp), Şərur-Dərələyəz qəzası isə 2 (Şərur və Dərələyəz)  polis sahəsinə bölünürdü. Üçmüəzzin qəzası 4 polis sahəsinə – Sərdarabad, Vaqarşapat, Əştərək, Baş Abaran sahələrinə bölünmüşdü.

Aleksandropol qəzası hələ 1840-cı ildə Gürcüstan İmeretiya quberniyasının tərkibində yaranmış, 1846-cı ildə Tiflis, 1849-cu ildə İrəvan quberniyasının tərkibinə verilmişdir. 1913-cü ildə qəzada 22 kənd cəmiyyəti, 1917-ci ildə isə 7 polis sahəsi (Ağbaba, Hacı Xalid, Düzkənd, Qartarlı, Kaykulu Qazancı, Molla Göyçə, Talin) var idi.

1917-ci il üçün hazırlanmış "Qafqaz təqvimi"nin materiallarına görə, İrəvan quberniyası yenə də 7 qəzaya bölünürdü. İrəvan qəzasında yenə də 4 polis sahəsi var idi. Kənənir, Ağahəmzəli, Qəmərli və Dəvəli kəndləri müvafıq olaraq 1-4-cü polis sahələrin mərkəzləri idi. Bu sahələrin 1-cisində 4, 2-cisində 6, 3-cüsündə 6 və 4-cüsündə 7 kənd icması var idi.

Üçmüəzzin qəzası da 4 polis sahəsinə bölünürdü. Bu sahələrin mərkəzləri Vaqarşapat (I sahə, 7 kənd icması), Əştərək (II; 9), Kurduqulu (III, 4) və Talın (IV; 4) kəndləri idi.

Aleksandropol qəzasının bölündüyü polis sahəsinin mərkəzləri Böyük Qarakilsə kəndi (I; 7), Kattarlı kəndi (II; 5), Aleksandropol şəhəri (III; 5) və Aqin (-H.H.) kəndi (IV; 5) idi.

Naxçıvan qəzasının 4 polis sahəsinin mərkəzləri müvafiq olaraq Naxçıvan şəhəri (5 kənd icması daxil idi), Cəhri (42), Əbrəqunis kəndləri (6) və Ordubad (7) şəhəri idi).

Novobəyazid qəzasının bölündüyü 4 polis sahəsinin mərkəzləri isə müvafiq olaraq Aşağı Axtı (6 kənd cəmiyyəti), Yelenovka (3), Aşağı Qaranlıq (3) və Basarkeçər (4) kəndləri idi.

Sürməli qəzası isə 3 polis sahəsinə bölünmüşdü. Bu sahələrin mərkəzləri müvafıq olaraq İğdır (4 kənd cəmiyyəti daxil idi), Daşburun (3) və Qulp (6) kəndləri idi.

Nəhayət, Şərur-Dərələyəz qəzasının bölündüyü 2 polis sahəsinin mərkəzləri müvafıq olaraq Baş Noraşen (12 kənd cəmiyyəti) və Keşişkənd (7) kəndləri idi.

Çox təəssüf ki, çarizmin devrilməsi və Rusiyada bolşevik dövlət çevrilişi dövründə Cənubi Qafqazda getmiş mürəkkəb ictimai-siyasi-hərbi proseslərin nəticəsində Qərbi Azərbaycan torpaqlarının xeyli hissəsini təşkil edən İrəvan diyarımız qatı düşmənlərimizin əlinə keçdi və onlar türk yurdunda özlərinə Ararat Respublikası yaratdılar, bu azmış kimi, bəzi xarici qüvvələrin təzyiqi, basqısı altında tərkibinin yarısından bir qədər çoxu toplamış Müvəqqəti Milli Şura Azərbaycan Cümhuriyyətinin elan olunmasından cəmisi bircə gün sonra 1918-ci il mayın 29-da İrəvandan olan nümayəndələrin etirazlarına baxmayaraq, heç bir legitimliyi olmayan müdhiş bir qərar qəbul edib Səfəvi babalarımızın Rəvanqulu xana tikdirdikləri qalamızı – İrəvanımızı mənfur düşmənlərimizə güzəştə getməklə millətimizin yurd bütövlüyünə də, suverenliyi və hissiyatına da ağır zərbə vurdu. Beləliklə də, xalqımıza və dövlətimizə qarşı barışmaz düşmənçilik mövqeyi tutan qüvvələr bizim torpaqlarda bizə qarşı möhkəm dayaq nöqtəsi əldə etdilər.

  Ancaq biz, Müzəffər Ali Baş Komandanımız İ.H.Əliyev cənablarının dediyi kimi, mütləq ata-baba torpaqlarımıza qayıdacağıq! Necə ki, ötən ilin sentyabrda Xankəndidə müqəddəs bayrağımızı ucaldaraq ədaləti tam bərpa edib Qarabağ savasında Zəfərimizin son nöqtəsinə çatmışıq, eləcə də o müqəddəs yurdumuza qayıdaraq millətimizin coxdankı arzusuna çatacağıq.

 

“Ədəbiyyat və incəsənət”

(01.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.