“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Vaqif Yusiflinin Çingiz Əlioğlunun 80 illik yubileyi münasibətilə yazdığı məqaləsini təqdim edirik.
Doğrusu, Çingiz Əlioğlunun - bu istedadlı Azərbaycan şairinin 80 yaşına gəlib çatmasına inanmaq istəmirəm. O Çingizi ki, mən illər boyunca son dərəcə cavan, qıvraq, üz-gözündə cavanlıq iksiri əskik olmayan bir gözəl insan, mənim də, çoxlarının da sevdiyi şair. O, müasir Azərbaycan poeziyasının istedadlı nümayəndələrindən biridir və lap gəncliyindən bu günə kimi ona ən çox yaraşan söz istedaddır. İstedadının birinci əlaməti poeziyada təcəssüm edir, yəni Çingizin hər hansı bir şeiri məhz Şeirdir və bu şeirlərin cəmi, toplumu poeziyadır. Çingiz professionaldır. O, şeirin düsturuna sığışan nə varsa, məhz istedadı ilə o düsturu həll edir.
Onun çoxlu şeir kitabları çıxıb və bir yazıda bunları əhatə eləmək çətindir. Çünki hər bir kitabı oxucuya yeni söz deyir. O, Azərbaycan şeirinin bütün istiqamətlərini, axınlarını öz poeziyasında əks etdirə bilir.
Çingiz minillik Azərbaycan poeziyasının ənənələrinə, xalq şeiri örnəklərinə sədaqətlidir.
Çingiz hecada da, sərbəstdə də kifayət qədər uğur qazanıb. Amma onu Azərbaycan sərbəst şeirinin özünəməxsus cizgilərini yaradan bir şair kimi də təqdir edirik.
Çingiz modernist şairdir və bu yolda ustadı Rəsul Rzanın yolunu davam etdirir, amma ustaddan təqlid yox, yaradıcı hünər dərsini keçib.
Çingiz realist şairdir, həyatın, yaşadığımız mühitin gözə görünən mənzərələrini və gözə görünməyən gizlinlərini şeirə gətirir.
Çingiz romantik şairdir, ay işığını çox sevir, meşələri, ormanları, dənizi şeir-rəsmlərində vəcdlə canlandırır.
1968-ci ildə, "Ulduz" jurnalının 4-cü sayında Xalq şairi Rəsul Rzanın "İstedad-Zəhmət-Dözüm" adlı bir yazısı dərc edilmişdi və o yazıda Rəsul müəllim gənc şair - 24 yaşlı Çingiz Əlioğlunun şeirlərindən ürəkdolusu söz açmışdı, onu ruhlandırmışdı: "Çingizin şeirləri ilə tanış olanda, ilk baxışda belə bir təsir oyana bilər ki, gənc şair seyrçiliyə uyur, dənizin, qürubun, bağın, çiçəyin təsvirinə çox aludədir. Şeirləri diqqətlə oxuduqda görürsən ki, bütün bu təbiət mənzərələri Çingizə ürək çırpıntılarını, həyat, insan haqqında düşüncələrini ifadə etmək üçün lazımdır".
Ustad şairin bu inamını Çingiz layiqincə doğrultdu. Mən onun "Vağzallar, yollar" (1974) şeirlər kitabında "Qobustan ritmləri", "İçərişəhər", "İçərişəhərdə yağış", "Əli Kərimin xatirəsinə" şeirlərini o illərin poeziyasında artıq özünün poetik üslubunu müəyyənləşdirən bir şairin uğurları hesab etmişəm. O illərdə İçərişəhərə yazılan bir neçə şeir vardı (F.Qocanın, İ.İsmayılzadənin, V.Nəsibin, Ə.Salahzadənin, V.Səmədoğlunun), Çingiz də bu "yarışda" geridə qalmadı. Metaforalarla, istiarələrlə "hörülmüş" bu şeir İçərişəhərin yeni poetik şəkli idi:
Balıqçı toru kimi
nazik
küçələrdən toxunub
bu şəhər.
Axşamlar
pəncərə gözlərində
qızıl balıqlar kimi
çırpınır işıqları.
İçərişəhərdə küçələr
Bir ixtiyarın
Qarışıq
xatirələrinə bənzər.
Bu tipli şeirlər o illərin yenilikçi şairlərinin bütün standartlara, şablonlara qarşı qələbəsi kimi səslənirdi. Ancaq bu o demək deyildi ki, yenilikçi adlandırılan şairlər, o cümlədən, Çingiz Əlioğlu poetik ənənələrimizə qarşıdır. Məsələn, onun "Qobustan ritmləri" şeiri qədim nağıl və dastanlarımıza, folklor mətnlərinə xas olan səs təkrarları - alliterasiyalar üzərində qurulmuşdu.
Fırlandı səma,
açıldı taybatay
günəşə qapı.
Silkələnib oyandı
daşlı qobu,
qayalı qobu.
Ayıldı hövlnak
Daş xəncərin,
qaya qılıncın
qaya qını,
qaya qabı.
Bu şeir sırf alliterasiyalar üzərində qurulub, amma formaya, səslərin təkrarlanaraq gözəl bir ritm yaratmasına hesablanan şeirdə məna və məzmun üzərinə kölgə düşmür. Şeiri oxuyursan, özünü, sanki Qobustanda - o daşların, qayaların yanında hiss edirsən.
Çingizin poeziyası öncə rənglər və səslər üstündə pərvəriş tapdı. O, təbiətin, dünyanın və insan qəlbinin rənglərini şeirlərində əks etdirməyi çox sevir.
Budaqdan qopmuş
nar kimi,
Üfüqdə diyirləndi
gülöyşə günəş -
Qıpqırmızı
nar şirəsinə
bulaşdı qürub.
Bir azdan
dənəvər-dənəvər
mələs ulduzlar
səpiləcək səmaya.
Nar çiçəyi kimi
çıttayacaq
pəncərələrdə işıqlar.
Toğrul Nərimanbəyovun bir tablosundan alınan bu təəssürat həmin tablonun sözlə ifadəsi kimi uğurludur. Amma Çingiz heç də hazır tabloları şeirə köçürmür, özü sözlə tablolar yaradırdı.
Adicə bir predmetdə - səsdə, küləkdə, yaz havasında, işıqda dünyanın rəng və çalarlarını görmək və bunları həssaslıqla poetik müşahidə obyektinə çevirmək hər şairə qismət olmur. Çingizin ilk şeirlərindəki uğurları da məhz buradan başlanırdı.
Çingizin ustadları çoxdur, bütün klassik şairlərimiz və XX əsrin ən novator, modernist şairləri. Amma mənim fikrimcə, onun ustadlarından biri və bəlkə də birincisi Rəsul Rzadır. O, Rəsul Rzadan çox şeylər öyrənib. Amma ilk növbədə, onun sərbəst şeir yolunu ən uğurla davam etdirənlərdən biridir. Onun say etibarilə heca şeirləri ilə sərbəstləri arasında kəmiyyət hesablaması aparmamışam, bəlkə heca şeirləri çoxdu, ya əksinə.
Dünya, boyun bircə qarış...
Qarı dünya, qımış, görüm.
Ürəyimdə yağ qalmamış,
Dünya, mənnən danış, görüm...
A qırışmal, gidi dünya,
Neynədin igidi, dünya?
Mən bilmirəm, sən bilirsən...
Dünya, mənnən barış, görüm.
Bu, Çingizin hecada yazdığı şeirlərdən biridir və ilk baxışda heç bir qəribəliyilə seçilmir. Amma diqqətlə nəzər yetirdikdə, həm deyilən fikirlər, həm də bunların poetik ifadəsi uğurludur.
Çingizin şeirlərində sakitlik də var, həzinlik də, rəqs də, gurultu da... amma patetika, boş hay-küy yoxdur. Ən ümdəsi isə, bu şeirlərin əksəriyyətində uğurlu təşbehlər, metaforalar diqqəti cəlb edir.
Çingiz ən yaxşı şeirlərində obraz yaratmağa can atır və çox zaman buna müvəffəq olur. Məsələn, "O qadın" şeirində Çingiz darıxan qadın əllərini təsvir edir. Çöldə, bayırda "harın-harın, yekəqarın, kefqom kişilər divar boyu düzülüb soyuq çaxır içirlər". İçəridə isə bir qadın darıxır, "kobud kişi əlinə həsrət çəkir əlləri".
Professor Nizaməddin Şəmsizadə "Ucalığın tənhalığı" məqaləsində yazır: "O, (Ç.Əlioğlu) poeziyada eksperiment aparmağı və eksperimentlərdən vaxtında ayrılmağı bacarır".
Çingiz Əlioğlu doğrudan da, şeirdə eksperiment aparmağı xoşlayır. Bu eksperimentlər yetmişinci illərdən başlamışdı və onların bir çoxu özünü doğrultdu, yaşam hüququ qazandı. Onun "postmodernist paradiqma hüdudlarında tişə-fırçayla qazılıb-yazılmış simfopoema yaratmaq cəhdi" kimi səciyyələndirdiyi "OF!!!" silsiləsi də oxuculara təqdim etdiyi yeni bir eksperimentdir.
Çingizin poetik axtarışları onun "Ruhumun həndəsəsi" kitabında toplanan şeirlərində daha çox hiss olunur. Əgər siz şeirimizdə yeni əsrin ruhunu, nəfəsini və XXI əsr insanının düşüncə tərzini aramaq istəyirsinizsə, bu yolda Çingiz Əlioğlunun şeirləri bələdçi rolunu oynaya bilər. Çingizin, sözün həqiqi mənasında, novator şair səciyyəsi bu kitabdakı şeirlərdə dolğun əks olunub. Onun bu kitabında ötən illərin şeirlərindən də nümunələr var və onları yeni yazdığı şeirləri ilə müqayisə etdikdə, doğrudan da, ənənəçi Çingizin, sərbəst şeir məkanında ilk uğurlarını qazanan bir şairin illər keçdikcə poetik axtarışlarında bir üslubun (fərdi!) müxtəlif variasiyalarının şahidi oluruq.
Onun şeirlərindən söz açan müəlliflər - içi mən qarışıq - nədənsə, Çingizin sevgi şeirlərindən bəhs etməmişlər (ya da çox cüzi). Halbuki onun sevgi şeirləri sonu duvaqqapma ilə bitməyən bir dastanı xatırladır. Bu "dastan"da klassik poeziyadan və bayatılardan, ayrılıq nəğmələrindən qopub gələn, əvvəli vüsalla başlayan, sonu hicrana köklənən etiraflar səslənir. "Fikir axını" bu şeirlərə də hakim kəsilir.
Səni ayrılıq deyil,
Vüsal məndən alıbdır.
Üzünü görmədiyim
Günlər yadda qalıbdır.
Vurmadığın zərbənin
Yarası daha dərin.
Demədiyin sözləri
Çətin unudam, çətin!
Çingiz Əlioğlu dünya ədəbiyyatına, o sıradan bizim müasir poeziyamıza yaxşı bələddir. Onun 2006-cı ildə çap olunan "Fraqmentlər" kitabında esseləri, müsahibələri, ədəbiyyat haqqında düşüncələri əks olunub. Xüsusilə, onun ustadı Rəsul Rza, həmçinin Ələkbər Salahzadə, Tofiq Abdin, Kəramət, Əsəd Cahangir, Səlim Babullaoğlu, Tofiq Qaraqaya və s. haqqında qələmə aldığı yazıları maraqla oxunub.
Çingiz Əlioğlu... Sizə - sizin şeirlərinizə - sizin şəxsiyyətinizə - sizin dünyanıza Salam deyirik... Yaş o yaş deyil, yaş həm də bu yaşdır.
“Ədəbiyyat və incəsənət”
(01.07.2024)