Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı “Ulduz” jurnalı ilə birgə QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsini təqdim edir. Bu gün sizlər üçün  Sosiologiya üzrə fəlsəfə doktoru, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Qərbi Azərbaycan Ziyalılar Şurasının üzvü Əfqan Vəliyevin “Göyçə mahalının tarixi və ədəbi mühiti” məqaləsi təqdim ediləcək.

 

 

ƏFQAN VƏLİYEV

 

GÖYÇƏ MAHALININ TARİXİ VƏ ƏDƏBİ MÜHİTİ

 

Göyçə mahalı Qərbi Azərbaycan (indiki Ermənistan Respublikası) ərazisində, Göyçə gölü ətrafında 1987-1991-ci illərə qədər azərbaycanlıların sıx yaşadığı ərazilərdən biri idi. Mahal Göyçə gölünün sahilləri boyu geniş bir ərazini əhatə edir. Göyçə mahalı tarixən türk tayfalarının yurdu olub. Oğuz elinin Göyçədə məskunluğunun azı 5000, özünümüdafiə şüuruna yetməsinin azı 4000, dil və yazı mədəniyyəti əxz etməsinin azı 3000, dövlətləşmə mərhələsinə qədəm qoymasının azı 2700, yazılı ədəbi və tarixi  abidələr yaratmasının azı 2500 illik tarixi var. Uzaq tarixi keçmişə malik mahalın adı olan "Göyçə" kəlməsi təkcə "göyçək", "gözəl yurd", "göy sulu" mənasını ifadə etmir, həmçinin  Oğuz türkünün 3-5 min il öncəki dilində "Göyçə" kəlməsi "Müqəddəs insanlar yurdu", "Baş tanrının yurdu", "Səmavi varlıqlar yurdu" anlamına gəlir. Göyçə mahalı Oğuz elinin düşüncə mərkəzi, oğuz boylarının "Tenqri" kimi qəbul etdikləri seçkin şəxsiyyətlərin yurdu kimi də tanınır.

Göyçə mahalına gələn türk mənşəli kimmer, iskit, sak tayfaları burada yerli türk əhalisinin mövqeyini daha da gücləndirib. "Kitabi-Dədə Qorqud" dastanında da Göyçə mahalı oğuz türklərinin vətəni kimi təsvir olunur, həmçinin burada Göyçə gölü, Ağlağan dağı, Ayğır bulağı kimi toponimlər sadalanır.   Türk mənşəli Saci, Salari və Rəvvadilərin, Səlcuq imperiyasının, Atabəylər, Hülakü, Qaraqoyunlu, Ağqoyunlu dövlətlərinin tərkibində olan Göyçə mahalı Səfəvilər dövründə Çuxursəd bəylərbəyliyinin ərazi – inzibati vahidlərindən biri olub. Türk tayfalarının idarə etdiyi bəylərbəyilik Səfəvi-Osmanlı müharibəsi dövründə ciddi dağıntılara məruz qalıb, İstanbul sülh müqaviləsi ilə Osmanlı imperiyasının tabeliyinə keçib. XVIII əsrdə Çuxursəd bəylərbəyiliyi İrəvan, Naxçıvan və Maku əyalətlərini əhatə edib və Əfşarlar imperiyasının hüdudları daxilində Azərbaycan inzibati ərazisinin tərkibində olub.  Nadir şahın ölümündən sonra Göyçə gölü ətrafında yaranan İrəvan xanlığının tərkibinə daxil olan Göyçə mahalı xanlığın şimal hissəsini əhatə etməklə həm ərazisinə, həm də əhalisinin sayına görə ən böyük mahal hesab edilib. 

Göyçə mahalı Rusiyaya müharibə ilə birləşdirilənə qədər İrəvan xanlığının, sonralar isə İrəvan quberniyasının tərkibində olub. XIX əsrin ortalarında əhalisinin mütləq əksəriyyətini azərbaycanlılar təşkil edən Göyçə gölü hövzəsi torpaqlarında  yeni inzibati ərazi vahidi Nor-Bayazit (Yeni Bəyazid) qəzası təşkil edildi. Bu addımı atmaqla çar hökuməti tarixi Azərbaycan ərazilərini tədricən planlı şəkildə erməniləşdirmək məqsədi güdürdü. Qəza inzibati cəhətdən 4 nahiyəyə – Dərəçiçək, Göyçə, Gözəldərə, Məzrəyə bölündü. Göyçə gölü və gölün sahilyanı əraziləri qəzanın şimal-şərq və cənub-qərb ərazilərini bir-birindən ayırırdı. Tarixi Azərbaycan torpağı olan İrəvanın işğalından sonra yerli türk əhalisinə qarşı 1905-1906, 1918-1920, 1948-1953 və 1987-1991-ci illərdə aparılan etnik təmizləmə və soyqırım siyasəti, planlı şəkildə ermənilərin köçürülməsi  nəticəsində bu ərazilər Azərbaycandan zorla qoparıldı. 1828-ci il Türkmənçay, 1829-cu il Ədirnə müqaviləsi ilə İrəvan xanlığı Rusiyanın tərkibinə daxil edildi. Azərbaycanın qədim və tarixi torpaqlarında yeni inzibati bölgü – "Erməni vilayəti" yaradıldı. 1829-1832-ci illərdə həyata keçirilən siyahıyaalmanın nəticəsinə görə, Göyçə mahalı ərazisində 59 dağıdılmamış kənd qalmışdı.

Bu kəndlər  Bığlı Hüseyn, Zeynalağalı, Rəhmankənd, Ağqala, Əyrivəng, Qızılcıq (Əbulkən-di), Noradüz, Qışlaq, Kəvər, Qul Əli, Kosa Məmməd, Paşakəndi, Dəliqardaş, Küzəcik, Başkənd Heyranıs, Atam-xan, Vəliağalı, Təzəkənd, Dəlikdaş, Göl, Aşağı Adyaman, Yuxarı Adyaman, Əbdülağalı, Gözəldərə, Ağqıraq, Aşağı Qaranlıq, Yuxarı Qaranlıq, Zolağac, Kolanlıqırılan, Alçalı, Qarasaqqalqışlağı, Yarpızlı, Zağalı, Qızılbulaq, Qırxbulaq, Qanlı Allahverdi, Basarkeçər, Qoşabulaq, Aşağı Keyti (Salman kəndi), Baş Keyti, Ellicə, Daşkənd, Daş Keyti, Tatlı Qışlağı, Zərzibil, Zod, Ağyoxuş,Əyricə, BöyükMəzrə, KiçikMəzrə, Kəsəmən, Şişqaya, Cil, Ardanış, Adatəpə, Şor Əli, Ağbulaq, Toxluca, Əzizli (Qaraqoyunlu)Nərimanlı, Gölkənd(Qaraqoyunlu dərəsi) idi. 19 kəndin adı isə unudulub. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqda Göyçə mahalı tarixi Azərbaycan torpağı kimi onun tərkibində olub. 1918-1920-ci illərdə Azərbaycan Demokratik Respublikasının ərazisi 114 min kv.km olmuşdur. 1920-ci ildən Azərbaycan Demokratik Respublikasını işğal edən yeni rus bolşevik imperiyası Azərbaycanın ərazisi olan Zəngəzur mahalı, Göyçə mahalı, Şərur mahalı, Dərələyəz mahalı, Dilican ərazisini qanunsuz şəkildə Ermənistana vermişdir. Sovet hakimiyyəti illərində Ermənistan SSR rayonlaşdırılarkən Göyçə mahalı süni surətdə beş inzibati rayon arasında bölünüb: Çəmbərək rayonu, Basarkeçər rayonu, Aşağı Qaranlıq rayonu, Kəvər rayonu və Yelenovka rayonu.

Geniş otlaqları olan Göyçə mahalında yaşayan əhali daha çox əkinçilik, maldarlıq, arıçılıq, bağçılıq, xalçaçılıq və balıqçılıqla məşğul olmuşdur. Göyçə Azərbaycan aşıq sənətinin beşiklərindən biri hesab edilir. Bölgə Azərbaycan ədəbiyyat və mədəniyyət tarixinə Aşıq Alı, Aşıq Ələsgər, Şair Məmmədhüseyn, Aşıq Əsəd, Aşıq Qurban kimi məşhur ustad saz və söz sənətkarlarını bəxş etmişdir. Göyçə mahalı cənubdan – Ağlağan təpəsi, Dəlik, Çənlibel dağları, Səlimgədiyi, şimaldan isə Murğuz, Şahdağ silsiləsi ilə əhatə olunmuşdur. Şah dağından baxanda bu mahal ortasına ayna salınmış güllü bir nəlbəkini xatırladırdı. Göyçə mahalı çox qədim zamanlardan bəri el şairlərinin vətəni olmuşdur. Göyçə mahalında yaşayıb-yaratmış saz ustaları aşıq sənətinə yenilməzlik gətirmişlər. Göyçə mahalının hər guşəsində türk-oğuz izlərinə rast gəlinir. Toxluca kəndindəki Qanqalı dağı, Göyərçin kəndinin örüşündə Qara Quzeyadlı dağı, Zod aşırımında soyuq bulaq uzaq keçmişdən bu günə kimi oğuz türklərinin daş yaddaşı idi. Göyçə elinin şifahi xalq ədəbiyyatı nümunələrindəki mifoloji varlıqlar haqqında inanclarının kökü qədim dövrə gedərək tanrıçılıq, şamançılıq dünyagörüşünə söykənir. Göyçə mahalının Kəvər rayonuna daxil olan Ağzıbir,  Ağqala, Başkənd, Qul Əli, Küzəcik, Kərimkənd, Kosa Məmməd, Nərədüz, Məmmədağalı, Qışlaq və digər kənd­lərində mövcud olan tarixi abidələr  alban memarlıq abidələri kompleksinə daxil olmaqla həm də ulu keçmişimizdən xəbər verir. Bu abidələrin, qəbirlərin bir çoxu vətəndaşlarımızın deportasiyasından sonra dağıdılıb, qarət edilib, ermənilər tərəfindən mənimsənilib. Əyə inancı insanlara sağlamlıq, səadət, bərəkət gətirən ocaq hamisi sayılırdı. Qaraçuxa isə tale, bəxt tanrısıdır. Bu tanrıların simvolları xalça sənətinə də keçmiş, onun naxış-kompozisiya həllində iştirak etmişdir. Göyçə mahalının dilbər guşələrindən biri də Aşağı Qaranlıq bölgəsi idi. Tamamilə dağlıq ərazidə yerləşən bu bölgənin rəngarəng çiçəkləri sanki təbiətin özünün toxuduğu bir xalı idi. Yanıx, Yuxarı Alçalı, Əyricə, Xartlıq kəndlərində yaşayan Azərbaycan türkləri rəngarəng, al-əlvan xalçalar ərsəyə gətirmiş, həmin nümunələr bu günə qədər gəlib çatmışdır. Göyçə mahalının tanınmış ziyalıları, şeir-sənət adamları - Miskin Abdal, Ağ Aşıq Allahverdi, Aşıq Alı, Aşıq Ələsgər, Növrəs İman, Aşıq Əsəd, Aşıq Nəcəf, Səmənd Ağa, Qlava Balı, Hacı Nağı, Talıb Musayev, Yunis Rzayev, Rəşid İbrahimov, Tapdıq Əmiraslanov, Qəşəm Aslanovdur.

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2024)

 

Xalq şairi Vahid Əzizin yeni şeirlərinin təqdimi davam edir.

 

 

Kəlbəcərdə...

 

Yolunu bizlərdən yaxşı salmısan,

gecənin bu vaxtı qapımı döyən.

Bu eldə hər kimin qonağı olsan

ya dastan yazandı, ya şeir deyən.

 

Çox evdə işıqlar sönməz gecələr,

aşıqlar göylərdən enməz gecələr,

comərdlər diyarı - ulu Kəlbəcər -

hər sözü oynadıb yerində deyən.

 

Hələ indiyədək görünər yeri -

dağlar da unutmaz Dədə Şəmşiri,

Vurğunla Ustadın deyişmələrı,

dillər əzbəridir - Ellər söyləyən.

 

Hansı diyarda var bir belə sərvət;

Bəhmən Vətənoğlu, Qəmdər, Sücayət;

bu eldə - Baş tacı - namusla qeyrət,

(biri də mən özüm - bu şeiri deyən).

 

Dünya "Daş muzeyi" - qədim Kəlbəcər,

bura Tanrı özü hərdən baş çəkər,

torpaq özü oldu zirehli əsgər,

qanlı kəfənini əyninə geyən.

 

Fərq etməz, bizlərdə "qışdı", ya "yaydı",

hər ev səni bu cür qarşılayardı,

hesab et: bacındı, ya qardaşındı,

hər kəs - gecə vaxtı qapımı döyən...

 

 

Balaban

 

Qardaş Türkiyədə məskunlaşmış ustad, balaban ifaçımız Əlixan Səmədova

 

Duyub milyon-milyon səslər içində,

həmən tanıyram - hankı Balaban!

Sonuncu ümidi sönən içində -

ağlayan kişidir sanki Balaban.

 

Ürək tar kimidir, ciyərlər - Kaman,

Zurna - coşan seldir, Sazlar - asiman,

Tütək - sürüləri qoruyan duman,

Davul - Ordu zəhmi, cəngi  - Balaban.

 

Nə əhval pozandır, nə qulaq yorar,

adamın içindən bədbinlik qovar,

kübardır - çəkilib kənarda durar,

Zurnalar çalanda "Cəngi" - Balaban.

 

O - uca göylərdə durna qatarı,

ağac gövdəsinə bal yığan arı,

Günəş işığının Yeddi çaları,

üstəlik, Yeddi min rəngi - Balaban!

 

Çoxdan görüşmürdün Vahid Əziznən,

ayrı düşənlərdən - Dərələyəzdən,

məni körpəlikdən bəyaz bələkdə

öpüb-oxşayardın, sən ki, Balaban,

dindirin - nəğmələr, səslər içində

həmən tanıyaram - hankı Balaban...

 

 

Anamın boyu...

 

Adı həm dilimdə, həm ürəyimdə,

qəlbimdə - yaxdığı çıraqdır yanan,

boyu necəydisə mən ilk görəndə,

elə o boyda da köçdü Dünyadan.

 

Qızlar saç buraxır, söyüdlər kimi,

"Koroğlu" oğlanlar bığ saxlayırdı,

artmaqda olsa da saçımın dəni,

Onu öpdüyümtək körpəliyimdə,

(Anam da lap elə-qocalığında)

məni eyni cürə qucaqlayırdı.

 

Dolaşıb nəyinsə axtarışında,

hər şeyi yerinə vaxt qaytarırmış.

İndi anlayıram, ahıl yaşımda,

insan qocaldıqca - uşaqlaşırmış.

 

Ömür dərə-təpə, sıldırım, yarğan,

keçərik taleyin körpüləriylə,

qızlar boy atmazlar Ana olandan,

boyu paylaşarlar körpələriylə.

 

Qalar keçmişimlə gələcəyimdə;

ürəyim - yaxdığı çıraqdır yanan,

O nə boydaydısa mən ilk görəndə,

Anam o boyda da köçdü Dünyadan...

 

 

İnanmasan...

 

Doğula bilməzdim niyyəti çirkin -

açım ürəyimə bax, inanmasan,

qonmuş eyvanıma bəyaz göyərçin,

bu da ki, şəklidir - "ağ!" - inanmasan,

 

Küləklər çox oldu - ömrümə əsən,

elə güman etmə, tək elə - sənsən!

Çaşma, min il sonra tapıb-görüşsən;

bu da ki, o şəklim, "sağ" - inanmasan.

 

Mən - sevgi yolunda həm dağ, həm aran,

üstümdə havalar, hey, xarab olan,

sənsiz ömür soyuq, can perik-pərən,

buyur, ətəyinə yığ, inanmasan.

 

Mənimlə tən gəlməz - sevsən hər kimi,

qəlbim "ağılarda" sətirlər kimi,

duyub sənə olan məğrur eşqimi,

gələr ayağıma dağ, inanmasan...

 

 

Gözəllikpərəst

 

Giley eləməyə yoxdur adətim -

(sadəcə, özümlə dərdimi böldüm)

həm Şair, həm Rəssam ola bilərdim;

amma inanmıram gözəlliyini

vəsf edə bilməkçün bir boya yetsin,

 

Sən - mavi göylərdə süzən qağayı,

tapılmaz, üzünün-gözünün tayı,

Üfüqsən; "Lacivərd", "Yaşıl", "Çəhrayı"-

qatsam bir-birinə Min ili-ayı,

yatsam, inanmaram, səndən doymağa

bütün yuxularım bəs edə bilsin!

 

Səttar da "Fırçadan" əlini cəkdi,

(üzünə Cənnətdən örtük çəkildi),

Mən də Müşfiq kimi "Gözəllikpərəst";

mənə də səmalar hönkürəcəkdi,

çətin, ağlamağa El yası yetsin!

 

Söykə ürəyini qəlbdəki səsə,

eşqinlə ayrılıb-dönən nəfəsə,

yaşamaq, sadəcə, ömür etməkdirsə,

fərq etməz, hansı bir anında bitsin...

 

 

O yolnan...

 

Bir gün kor olarsan, gözəl, tüstümə -

sən məni yandırma gülüm, o yolnan,

kölgəm də kölgənin düşməz üstünə,

qol-qola getməsə bu qol o qolnan.

 

Çiçək, təkəbbürlü baxışdan əl çək,

səndə şəklim varsa, yanında gül çək,

könlündən-könlümə telindən tel çək,

səsləşə bilsinlər bir yol bu yolnan!

 

Arada, bilirsən, nə qədər il var?

Baxma duruluğa - çeşmədə lil var!

Bu kol - bülbüllüdür, o kolda gül var -

nələr pıçıldaşar bu kol o kolnan?

 

Yel əsdi - bağlarda çox yuva uçdu,

pərvanə şamdakı alova uçdu,

bəlkə, sonaları bivəfa quşdu,

nədən yola getmir bu göl o gölnən?

 

Axşamı - qaraqaş, səhəri göygöz,

Bakinin işvəli Xəzəri göygöz,

özünü yandırar dağıtdığın köz,

sən mənə qıymışdın bir yol o yolnan!

 

Üz-üzə gələnə kormu olursan?

Donuram - saçlarda qarmı olursan?

Mən də öz qəlbimi korluğa vursam,

nə cürə anlaşar bu "kor" o "kornan"?

 

Qırıldı qəlblərin çox arzuları,

Davalar - şavalar, el qırğınları.

Analar Sülh üçün doğur onları;

savaşa qalxmasın oğul-oğulnan;

dağılar Dünyamız, Tanrım, o yolnan...

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Arda Xaninin  şeirlərini təqdim edir. 

 

 

SƏHƏR

 

Özümə hər axşam şeir yazıram,

Yazdığım nə varsa, silirəm səhər.

Gecələr yanımda olsan da mənim,

Yuxu olduğunu bilirəm səhər.

 

Dəli tək özümlə danışsam da mən,

Duyduğum hər sözlə alışsam da mən,

Özümdən qaçmağa çalışsam da mən,

Dolanıb özümə gəlirəm səhər.

 

Darıxıb, sıxılıb hey dığlasam da,

Gördüyüm hər şeyə göz bağlasam da,

İçimdə yas tutub çox ağlasam da,

Hamının üzünə gülürəm səhər.

 

Çevrəmdə hamı var, yalnız qalıram,

Divara baxıram, hara dalıram?

Hər gecə yaşayıb nəfəs alıram,

Yenə də ölürəm, ölürəm səhər.

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2024)

 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

        

Uğur qazanmaq yolunda şəraitin və vəziyyətin düzgün qiymətləndirilməsi, özünü başa çatdırmış, yaxud başa çatdırmaqda olan bir missiyadan tam  vaxtında yenisinə transfer olunmaq da vacib bir yer tutur. Biz bunu ayrı-ayrı şəxslərin də, hətta ölkələrin də timsalında nəzərdən keçirə bilərik. Gəlin, daha geniş anlam daşıdığına görə bu şərti ölkə timsalında, konkret olaraq isə mənim vətəndaşı olduğum Azərbaycan Respublikasının timsalında nəzərdən keçirək.

Keçmiş SSRİ dövründə mənim respublikam aqrar-sənaye  respublikası idi. Paytaxt Bakının neft və maşınqayırma müəssisələri, həm Bakının, həm də Gəncənin, Sumqayıtın qara və əlvan metallurgiya müəssisələri, Sumqayıtın kimya kompleksi respublikanın sənaye potensialının sütununu, rayonlardakı pambıq və uzüm plantasiyaları isə aqrar potensialının əsasını təşkil edirdi.

SSRİ-nin dağılması ilə həm də qapalı, daxili sosializm iqtisadi mübadiləsi dağıldı, nəticədə müstəqil Azərbaycan da digər 14 sosialist respublikası kimi birdən-birə böyük iqtisadi tənəzzül dövrünə sürükləndi.

Ötən əsrin 90-cı illərində Azərbaycanın xilası onun nefti oldu. 1994-cü ildə imzalanan «Əsrin müqaviləsi» adlı müqavilə ilə ölkə neftinin ixracına başlanıldı. Qısa müddətdə Azərbaycan iqtisadi sıçrayış edərək regionun liderinə çevrildi, ölkə çiçəkləndi, həyat şəraiti durmadan yüksəldi. Dünyanı bürüyən neft bumuna XXI əsrin əvvəllərində son qoyulanda, neftin qiyməti dünya bazarında sürətlə ucuzlaşanda, təbii ki, bizim ölkəmizdə də qeyri-neft sektorunun inkişafı, ölkənin neft valyutasından asılılığına son qoyulması məsələsi gündəmə gəldi.

Bir iqtisad elmləri doktoru, bir biznes adamı kimi bu dövrdə mən də öz araşdırmalarımı aparır, hansı qeyri-neft sektorunun daha perspektivli olmasını müəyyənləşdirməyə çalışırdım. Seçimim turizm sektoru oldu. Azərbaycanda turizm sektorunun böyük inkişaf perspektivləri ilə bağlı mətbuatda silsilə məqalələrlə çıxış etməyim də bu səbəbdən idi. Və olduqca maraqlıdır ki, ölkə üzrə də ən sürətlə inkişaf edən qeyri-neft sektoru məhz turizm oldu.

Müxtəlif turizm istiqamətləri üzrə infrastrukturun yaradılması və olanların da yenilənməsi xarici turistlərin ölkəyə marağını artırmaqla yanaşı, həm də ölkədə yeni iş yerlərinin açılması deməkdir. İş ondadır ki, Azərbaycan turizm baxımından çox pesrpektivli və unikal bir diyardır. Ölkədə turizmin əksər növlərinin, o cümlədən, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini və s. növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. İnkişaf edən turizm növləri içərisində birinci yeri isə çimərlik turizmi tutur. Xəzər sahilinin 825 km-i Azərbaycanın payına düşür. Bu, böyük potensialdır. Burada Nabran-Yalama, Giləzi-Zabrat, Abşeron, Lənkəran-Astara kimi sahil zonaları mövcuddur. Abşeron-Nabran sahillərində günəşli havalar Qara dənizin məşhur Soçi-Batumi rayonlarından 1,5 dəfə çoxdur. Təsadüfi deyil ki, son illər bu zonalarda bir çox turizm-istirahət mərkəzləri yaradılıb.

Respublikada turizmin inkişaf edən növlərindən biri də mədəni turizmdir. Təsəvvür edin ki, ölkə ərazisində 6 mindən çox tarix-mədəniyyət abidəsi qorunub-saxlanılır. Bu baxımdan zəngin incəsənət irsi, muğamlar, qədim abidələr bu turizm istiqamətinin inkişafı üçün böyük potensialdır. Bakının İçərişəhəri, şəhərətrafı qalaları, Qobustanın qayaüstü rəsmləri, Şəkinin Xan sarayı, Naxçıvan və  Gəncə məqbərələri, Abşeron Atəşgahı – razılaşın ki, bu unikal mədəni turizm obyektlərinə heç bir əcnəbi biganə qala bilməz.

İnkişaf etməkdə olan başqa bir turizm növü də idman turizmidir. Bakıda 2016-cı ildən etibarən ənənəvi olaraq «Azərbaycan Qran Prisi» adlanan çox populyar Formula-1 idman yarışlarının keçirilməsi dünyada Azərbaycanın populyarlığını daha da artırmağa xidmət edir.

Luis Hemilton, Sebastyan Fettel, Daniel Rikkardo, Valtteri Bottas, Lens Stroll kimi ən güclü pilotları izləməyə dünyanın hər yerindən minlərlə izləyicinin, aparıcı medianın axışıb Bakıya gəlməsi, üstəlik televiziya vasitəsi ilə çoxmilyonlu dünya auditoriyasının canlı yayım və reportajları izləməsi, razılaşın ki, xırda iş deyil. Və ən qürurverici də budur ki, Azərbaycan çox qısa müddətdə Formula-1 yarışlarını keçirmək üzrə qabaqcıl təcrübə əldə edib. 2017-ci ildə Bakıda baş tutmuş yarışı dünyanın aparıcı kütləvi informasiya vasitələrində keçirilmiş sorğularda avtoidman azarkeşləri, media nümayəndələri və Paddok Klubun təmsilçilərinin əksəriyyəti mövsümün ən həyəcanlı və ən gözlənilməz anlar ilə dolu yarışı kimi qiymətləndiriblər. Daily Mall və Sky Sports media qurumları 2017-ci il Formula-1  Azərbaycan Qran Prisini «İlin yarışı», The Times «Ən yaxşı yarış», The Guardian isə «Ən möhtəşəm an» adlandırıb. 

Qeyd edək ki, Formula-1 ölkənin idman turizmi üzrə yeganə nailiyyəti deyil. 2015-ci ildə ölkə, hətta yüksək səviyyədə mini olimpiya oyunları da keçirib, 49 ölkədən gəlmiş 6 min idmançı 1-ci Avropa oyunlarında iştirak edib. 2017-ci ildə bu dəfə ölkədə İslam Həmrəylik Oyunları keçirilib. 2019-cu ildə futbol üzrə Avropa Liqasının final oyununun Bakı Olimpiya Stadionunda keçirilməsi isə ölkəyə turizm axınının növbəti zəncir halqası hesab oluna bilər.

Məni ən çox cəlb edən turizm sahəsi isə sağlamlıq turizmi sahəsidir. Belə ki, ölkədə bu sahənin inkişafı üçün çox böyük potensial var. Naftalanın dünyaca məşhur ağ nefti, Naxçıvanın duz mağaraları, Abşeronun müalicəvi palçıq vulkanları, Lənkəranın, Gədəbəyin mineral suları... Ümumiyyətlə, bu sahə çox cəlbedici sahədir. Bir rəqəmlərə nəzər yetirin. 2010-cu ildə dünyada müalicə turizmi sahəsində dövriyyənin həcmi təxminən 80 milyard dollar olub. 2012-ci ildə bu rəqəm 100 milyard dollara çatıb. Bu sahənin populyarlığının səbəbi hazırkı tibb sahəsində profilaktik istiqamətin qalibiyyəti, eləcə də sağlam bədən və sağlam ruha olan dəbdir.

2016-cı ildə isə bu rəqəm inanılmaz səviyyəyə – 500 milyard dollara bərabər olub, müalicə turizmi rəsmən turizmin ən sürətli inkişaf edən və ən böyük gəlir gətirən  bölməsi adlandırılıb. İnsanlar sağlamlığa daha çox diqqət göstərdikləri üçün (xatırlayırsınızsa, demişdik ki, uğur qazanmaq şərtlərindən biri və əslində birincisi, şübhəsiz, sağlam orqanizmə malik olmaqdır) öz məzuniyyətlərini faydalı keçirməkdə israrlıdırlar. Müalicəvi kurortlar, isti və mineral mənbələr, spa-mərkəzlər, yoqa-retritlər, detoks, su turizmi, yürüşlər, veloturizm – müasir səyyahın seçdiyi fərqliliklər məhz bunlardır.

Dünyada Avropanın müalicə-bərpa mərkəzləri, xüsusən, rəsmən xarici turist qəbulu sayına görə dünya üzrə birinciliyi əldən verməyən Çexiyanın Karlovı Varı kurortu, 300-dən artıq kurorta sahib olan Almaniyanın, habelə, Avstriya, Macarıstan və İtaliyanın dağ kurortları və balneologi kurortları, Fransanın Evian, Sen Malo kimi hər hansı bir xəstəlik üzrə xüsusiləşmiş kurortları, reabilitasiya mərkəzləri, İspaniyanın, Yunanıstanın dəniz kurortları çox populyardır. Baham adaları, Kuba və digər Şimali Amerika ölkələri, yaşıl qitə, Misir, Tunis, Mərakeş kimi Afrika ölkələri, Turkiyənin, Dubayın  dəniz-iqlim kurortları, o cümlədən İsrailin Ölü dəniz kurortları özlərinə daim böyük  tələbat hiss edirlər. Bu sıraya MDB dövlətlərinin Truskavets (Ukrayna) və Mineralnıye Vodı (Rusiya) kimi kurortlarını da əlavə etsək, sıramız tamamlanar.

Və ən nəhayət, onu da qeyd edim ki, sağlamlıq turizmindən ən böyük pay alan ölkələrin başında Sinqapur, Hindistan, Tayland, Malayziya kimi Uzaq Şərq ölkələri durur.

Oxucularımın diqqətinə nələri çatdırmaq istəyirəm? Baxın, Azərbaycanın bir çox hidromineral ehtiyatları vardır ki, bu da sanatoriya-kurort işinin inkişafı üçün əhəmiyyətlidir. Eyni zamanda, burada rekreasiya və turizm xidməti üçün də çox əlverişli şərait vardır. Respublikanın landşaft-iqlim xüsusiyyətləri kurort-turizm təsərrüfatını inkişaf etdirməyə imkan verir. Ərazi geniş miqyasda quru subtropik iqlimə malik olduğu üçün insan səhhətinə müsbət təsir göstərir. Ərazisinin bəzi hissələrinin yüksək dağ və tundra landşaftına malik olması isə ölkənin kurort-sağlamlıq turizminə əlavə dividendlər gətirir.

Abşeron yarımadasının Suraxanı, Sabunçu və Şıx burnunda çıxan, tərkibi yod, brom, metan, kükürd və digər maddələrlə zəngin mineral sular, balneoloqlar və kurortoloqlar tərəfindən tədqiq olunan palçıq vulkanları, ölkənin cənubunda – Masallıda, dəniz səviyyəsindən 1650 metr yüksəklikdə qərar tutmuş, tərkibində hidrogen-sulfid, natrium-xlor və s. maddələr, hər litrində 30 milliqram yod olan, yerin çox dərin qatlarından 60 dərəcə temperaturla çıxan «İsti su» adlı möcüzə, adını bir qədər yuxarıda da çəkdiyimiz digər möcüzə – 19 xəstəliyin dərmanı olan müalicəvi ağ Naftalan nefti, Naxçıvanda - mikroiqlimində kalsium ionları üstünlük təşkil edən duz şaxtalarında, 110 metr dərinlikdə yerləşən, ağciyər və bronx xəstəliklərinin müalicəsində olduqca effektiv (65-70 faiz yaxşılaşma) təsir göstərən Duzdağ adlı başqa bir möcüzə vardır, bütün bu adlarını sadaladıqlarım bu gün əcnəbi turistlərin diqqət mərkəzinə düşməkdədir. Və gözlənilir ki, yaxın illərdə Azərbaycana əsil turist axını müşahidə ediləcək.

Təsəvvür edin ki, 10 il əvvəl boş qalan, rentabelli olmayan ölkə kurortları, hotelləri bu gün mövsümündən asılı olmayaraq  ağzınacan doludur, tam gəlirlə işləməkdədir.

Hazırda Azərbaycana əsasən Şərq istiqamətindən – Səudiyyə Ərəbistanı, İran, İsrail, Hindistan və Pakistandan, habelə Rusiyadan turistlər gəldiyi halda yaxın 5 ildə bu coğrafiyanın büsbütün genişlənəcəyi, burada Qərb istiqamətinin də başlıca yer alacağı pronozlaşdırılandır.

Mənim də şəxsi biznesimdə bu sahə get-gedə əhəmiyyətli yer tutmaqdadır.  Belə ki, ölkənin şimalında, olduqca füsunkar təbiətə malik olan doğulduğum Quba rayonunda «Şahdağ» adlı  hotellə turistlərə nümunəvi xidmət göstərməkdəyik.

Bu hoteli mən 50 – 60 il öncə tikilmiş və istifadəyə tam yararsız əski hotel binasının yerində inşa etdirəndə qarşımda yalnız bir məqsəd var idi: Doğma yurdumda (yeri gəlmişkən, hotelin yerləşdiyi ərazi Qubanın ən gözəl yeridir, bir tərəfində Quba Xan sarayı, bir tərəfində dağ yəhudilərinin məskunlaşdığı Qırmızı qəsəbə yerləşir) münasib qiymətlərə, ancaq ən yüksək servis tətbiqi ilə fəaliyyət göstərən ultramüasir hotel yaratmaq.

İndi «Şahdağ» hoteli iki korpusda uğurla fəaliyyət göstərməkdədir. Bir korpusunda 5 mərtəbəli, bir, iki və üç otaqlı nömrələri, 1000 nəfərlik konfrans zalı, türk hamamı, qapalı hovuzu, sauna və spa mərkəzi, şəhərə və Şahdağa açılan gözəl terrası ilə hotel fəaliyyət göstərir. Digər korpusda isə restoranlar və toy-düyün keçirilməsi üçün şadlıq sarayı fəaliyyət göstərir.

Bizim hotel konsepsiyamız çox sadədir, sadə olduğu qədər də işləkdir: Müştərilərdə bol təəssürat oyatmaq, onların ikinci dəfə buraya dönüşünü təmin etmək. Məsələn, bizim heyyət terrasa çıxan müştərini ekskursiya bələdçisi kimi bütün gözəlliyi ilə qarşıda dayanan Quba şəhəri ilə, Şahdağla tanış edir, onlara maraqlı faktlar danışır. Restoranda müştəriyə fərqli, spesifik təamlar təklif edilir. Tutalım, menyuya müştərinin başqa heç yerdə dadmadığı ildə cəmi 2 ay bitən pəl adlı yaşıl bitkidən hazırlanmış qutab salınır.

Məsələn, spa mərkəzində müştəriyə Ölü dənizi mineralları ilə doldurulmuş müalicəvi ayaq massajorunda ayaq-oynaq ağrılarının çıxardılması, ozon kapsulasında artıq kilodan yaxa qurtarmaq təklif olunur.

Adətən hotel nömrələrində müştəri üçün birdəfəlik parça çəkələk qoyulur. Amma biz rahatlıq üçün hamam otağında əlavə rezin çəkələk də qoyuruq. Hotellərdə müştərilərə ayaqqabı geyinmək üçün standart balaca dabankeşlər qoyulur. Bu, artıq çəkidən əziyyət çəkənlər, bel ağrısı olanlar və əlbəttə ki, əyilib-qalxmağa tənbəllik edənlər üçün çox rahatsızdır. Belələri, məcbur olub ayaqqabılarını dabanını əzərək geyinirlər. Bizsə otaqlara əlli santimetr uzunluqlu dəmir dabankeşlər qoyuruq. İlk baxışda xırda bir şeydir, amma insan üçün böyük məmnunluq gətirir.

Və müştərilər axışırlar. Turistlər, axı, adətən həm rahatlıq, həm də hansısa özəlliklər axtarırlar.

Biz bu bölmədə uğur qazanmaq yolunda şəraitin və vəziyyətin düzgün qiymətləndirilməsi, özünü başa çatdırmaqda olan bir missiyadan tam vaxtında yenisinə transfer olunmağın  tipik nümunəsi ilə tanış olduq. Və əminəm ki, bu tanışlıq oxucularım üçün çox faydalı alındı. Və mən onların bəzilərinin növbəti məzuniyyətlərini kurort-sağlamlıq turizmi ilə əlaqələndirəcəklərinə də şübhə etmirəm.

Qeyd: Məqalə 2019-cu ildə yazılıb.

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2024)

 

 

Çərşənbə, 03 İyul 2024 11:44

Şəhidlər barədə şeirlər - Vüqar Quliyev

“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.

 

Şəhid Vüqar Quliyev

Quliyev Vüqar Fizuli oğlu 12 dekabr 2001-ci ildə Ağsunun Qaraqaşlı kəndində anadan olub. Orta təhsilini Ağsu şəhər 4 saylı məktəbində alıb. 2018-ci ildən Bakıda Peşə Məktəbində qaynaqçı kimi peşə təhsili alıb. Sonradan həqiqi hərbi xidmətə yollanıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə qatılıb. Cəbhənin müxtəlif istiqamətlərində döyüşlərdə iştirak edib. Döyüşlərin birində dünyasını dəyişib. 8 noyabr 2020-ci ildə Ağsu Şəhidlər xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda""Xocavəndin azad olunmasına görə" medalı və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib

 

Şuşanın gedən günü

Xidmətə gedən igid.

Şuşanın dönən günü

Rəhmətə gedən igid.

 

Necəsən, Qaraqaşlı

Kəndinin fəxri şəhid?

Tarixin möcüzəsi,

Cənnətin sehri şəhid.

 

Elə indi oxudum,

Səfərin uzun olub.

Şəhidliyə ucalmaq

Ən böyük arzun olub.

 

Arzun olub Şuşada,

Xocavənddə yaşamaq.

Birləşən, bütövləşən

Məmləkətdə yaşamaq.

 

Yaşamaq alın yazın,

Kim unudar şəhidi?

Hamının ürəyində

Yaşayırsan əbədi.

 

Qələmlər səndən deyir,

Qorqudun sazı kimi.

Tarixin yaddaşında

Daş üstə yazı kimi.

 

Əriyər doğmaların,

Bitər, ürəyi bitər.

Qanın daman torpaqda

Zəfər çiçəyi bitər.

 

Sən hamının doğması,

Çiçəklər arasında...

Rahat uyu, rahat yat,

Mələklər arasında.

 

 “Ədəbiyyat və incəsənət”

(03.07.2024)

 

Çərşənbə, 03 İyul 2024 12:31

Aydan Abdullayevanın “Darıxan yazı”sı

“Ədəbiyyat və incəsənət” portalını “Ulduz” jurnalı ilə birlikdə BİRİ İKİSİNDƏ layihəsində bu gün proza    zamanıdır,   Aydan Abdullayevanın “Darıxan yazı” essesi ilə tanışlıqdır.                                          

 

 

ESSE        

 

Aydan ABDULLAYEVA

 

DARIXAN YAZI

 

Adamlar da bir hekayədir.

Mən... Bir hekayədən qopub düşmüşəm. Yazıçım məni tərk edib gedib. Yarımçıq qoyub gedib. Bitirə bilərdi... Bitirsəydi, indi nə vaxtsa gələcək və bitirəcək deyə gözləməzdim də...

Bir də ki, ehh...Yarımçıq qalmaq da heç yaxşı deyil. Bir gün yazılacağına ümidin olsa belə...

 

Yuxulara ulduz ələnən vaxtda gecənin birində sən durub birdən-birə yazılmaq həvəsinə düşəsən... Nə vaxtsa gördüyü yuxunu – yazını – səni oyanıb ulduzlardan xəbər ala yazıçın, “gördüm” deyən olmaya...və gözündən düşən yaşın yazıçının çiyinlərinə qona. Sənin göz yaşın onun mürəkkəbi ola, yaza səni, sənin gözündən düşən yaşlarla. O əziz, isti, təlatümlü yaşlarla...Yaza və bircə dəfə ürək edib oxumaya heç kimə... O yazıçının ürəyindən özgə oxuyan olmaya səni. Sən də biləsən səni yazan müəllifin ürəyindən savayı daha heç kimin yoxdu. O ürək ki, hərflərin kölgəsində təkcə səni gizlədir. Olur ki, yazmağa çəkinir.

Beləcə...sən böyüyürsən, nisgil olursan, həsrət olursan yazıçının ürəyində. Olursan öz yazıçının ürəyinə düşən dən. Lap elə də olur ki, yer də, göy də bir olub yenə də ala bilmir səni yazıçının əlindən...

 

Adamlar da bir hekayədir.

Məsələn, bir qəbirəm indi bir hekayənin içində. Dayanmışam, içimdəki külək səsi haraylayır kimisə. Kimi?..Yazıçım bilir. Yəqin, nə vaxtsa gələr. Yəqin, nə vaxtsa yazar. Haqqı yoxdu yazmasın. İllah da ki bu külək belə möhkəm əsirsə...Hələ bir ərk edir deyir: – Ay yarımçıq hekayə, de görüm niyə belə tez bitməyə tələsirsən?..

Deyə də bilmirsən ki, səsin yazıçının ürəyində dolandıqca gedib səni gətirəcək hekayəyə. Yazdığı hekayədən üşüyüb gen düşəcək.

 

Səni yaramaz külək...Məni yarımçıq qoyan yazıçının nə günahı?..Sənsən günahkar, sənsən!

 

Vaqif Bayatlıya miniatür məktub...

 

Vərəqlərdən alnının yazısını oxuyursan. Görürsən qəbrində nə külək var, nə ağac...

İstəyirsən dirilib Vaqif Bayatlıdan soruşasan;

Sən bilərsən, niyə mənim qəbrimdə göy üzü yoxdu?

 

İstəyirsən Vaqif Bayatlıya deyəsən ki, şeirlərinin əlindən tut, gətir qəbrim üstə!..

 

Vərəqlərdən alnının yazısını oxuyursan. Görürsən Yer üzündə bir doğman səni tapşırır göz yaşlarına... və deyir: — Mən tək-tənha quruyan bir ağacam.

 

Qəfil yadına düşür ki, ağaclar Vaqifin qardaşıdır!

Tapşırırsan evindəki ağacı Vaqif Bayatlıya!

 

Vərəqlərdən alnının yazısını oxuyursan. Görürsən günəşdən uzaq düşmüş evlərin birindən çağa səsi gəlir! O sənsən.

Kiridə bilmir Tanrı səni ayıyla, ulduzuyla. Qardaşının üzünü köməyə çağırırsan Vaqif Bayatlı kimi.

 

Vərəqlərdən alnının yazısını oxuyursan. Görürsən, uşaqsan, kamança səsindən qorxub ağlayan. Kimsə dolmuş gözlərinin içində şeir oxuyur. Odur e, Vaqif Bayatlı. Deyir ki,

 

daha sən də,

sən də ağladammazsan məni,

mən zalım adamam, kamança.

 

Vərəqlərdən alnının yazısını oxuyursan. Görürsən, qardaşının ayağı ilişib sarı yarpaqlara, yıxılıb. Ağlayır doğum evində. Şükür deyirsən. Şükür! Daha nə Vaqifin şeiri üstə top-top oynayan qardaşı tənha deyil, nə mən, nə də sarı yarpaqlar...

 

Bu yazı başqa yazıdır. Bircə Vaqif qanadlanıb uça bilər bu yazıda!

 

Qəbrin də dillənib deyər: – Nə yaxşı ki, Vaqif var!..

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2024)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Səbirə Müzəffərin “Çingiz Əlioğlunun "Avand" kitabında avanqard jestlər” məqaləsini  təqdim edirik. 

 

Ötən əsrin 60-cı illərindən ədəbiyyatımıza gələn Çingiz Əlioğlu Azərbaycan poeziyasında avanqard mövqeyi, çoxqatlı məzmunu, fərdi üslubu, modern şeir texnikası ilə seçilən şairlərdən biridir.

Çingiz Əlioğlu vətənə, yurda, torpağa bağlı insandır. Vətənə sədaqətli olmaq, Vətən uğrundan canını fəda vermək, onu hər şeydən üstün tutmaq kimi mənəvi-əxlaqi məsələlər şair üçün prioritet olmuşdur. "Mən, bəli deyək ki, hansısa müəyyən məqamlarda eqoist, həddindən artıq özünə qapalı duyğularla yaşayan insanam" deyən şairin eqoistliyi, qısqanclığı Vətənə sevgisindən, məhəbbətindən qaynaqlanır.

Ədəbiyyata gəlişinin əsas səbəbkarı isə dayısı İlyas Əfəndiyev və onun zəngin kitabxanası olmuşdur. Kitabxananın Sitın nəşrinə məxsus kitab nümunələri onun ədəbiyyata gəlişində müstəsna rol oynuyub. "...hər yay mənim tətil günlərim Bakıda dayımgildə keçirdi. Hər yay da İlyas dayımgil Şuşadakı yaradıcılıq evinə gedirdilər. İlyas dayım, oğlanları, Nəzihə xalam, bir də mən. Dayım qardaş-bacı uşaqlarından ancaq məni özü ilə götürərdi...". Uşaq vaxtlarında dünya ədəbiyyatına maraq da həmən yay günlərindən başlamışdır. "Ədəbiyyata gəlişimdə böyük əhəmiyyəti olan o günləri heç vaxt unuda bilmirəm".

Bu gün yaradıcılığında rus "gümüş" dövrünün nümayəndələri - Anna Axmatova, Yelena Svetayeva, Xodaseviç və Mandelşdamın təsirlərinin olması da dünya ədəbiyyatına olan maraqdan irəli gəlir.

Təbii ki, poeziyamızın bir çox pleyadaları ("50-cilər", "60-cılar", "70-cilər") kimi onun da yaradıcılığının ilkin dövrlərində sabiq sovet epoxasının "sərt rüzgarlar"ı əsdi. Lakin 70-cilərin digər nümayəndələri kimi, Çingiz Əlioğlu da Azərbaycanın novator şairi - Rəsul Rzanın qayğısını daim üzərində hiss etmiş, şairin diqqətindən yayınmamışdır. Ustad Rəsul Rzanın Çingiz Əlioğluna həsr etdiyi "İstedad+Dözüm+Zəhmət" adlı məqaləsi gənc şairin gələcək yaradıcılıq yoluna mayak olmuşdur.

Rəsul Rza yazırdı: "Nə yaxşı ki...". Çingiz Əlioğlunun şeirlərindən biri belə başlayır. Onun şeirləri bir qovluq içində mənim masamın üstündədir. Oxuculara təqdim edilən bu şeirlərdən başqa, Çingizin 20-30 şeiri var. Lakin onun adı hələ oxuculara tanış deyil. Çingizin şeirlərindən ancaq biri, ya ikisi çap olunub. Əgər Çingizin bu yeganə "Nə yaxşı ki..." lirik miniatürü ilə tanış olsaydım belə, mən ona şair deyər, onun haqqında bu yazdıqlarımı tərəddüdsüz yazardım. Şairi tanımaq üçün bir xarakter şeir də kifayətdir. "Nə yaxşı ki..." şeirindəki təfəkkür Çingizin istək və imkanları haqqında söz deməyə əsas verir. Həmin şeiri oxuyarkən mən Nazim Hikmətin çinar, göl, pişik və günəşdən bəhs edən şeirini xatırladım. Böyük bir şairlə bir həvəskar gəncin sənətkarlığı, poetik ifadə, söz bitkinliyi arasında nə qədər fərq olsa da, intonasiya baxımından bu şeirlərdə bir yaxın oxşarlıq var. Ona görə yaxın oxşarlıq deyirəm ki, bu oxşarlıq təqlid, bənzətmə, hətta təsir belə deyil. Bu yalnız poetik təfəkkür oxşarlığı, duyğu yaxınlığı, təəssürat bənzəyişidir". Rəsul Rzanın dəyərləndirmələri Çingiz Əlioğlunun yaradıcılığına işıq oldu.

 

"Dünyada hər şey köhnədir, təkcə yeni doğulan körpələrdən başqa" deyən Çingiz Əlioğlunun da dünyaya gəlişi yeni idi. Müxtəlif illərdə çap etdirdiyi "Nikbinlik" (1968), "Narlı gecə" (1974), "Vağzallar və yollar" (1974), "Soraqladı sevgi məni" (1978), "Ömür ağacı" (1980), "Alnından ay doğan adam" (1983), "Günəşli dayanacaqlar" (1984), "Görüşdən ayrılığa" (1988), "Tanrını tanı" (1992), "Gün keçdi" (1993), "Sevib unutduqlarım" (1996), "Gicgaha sıxılan güllə" (1996), "Sevgi oyunları" (2000), "Gecə və Bahar" (2001), "Ruhumun həndəsəsi" (2003), "Şairlik bir sənət deyilmiş, qardaş" (2004), "Avand" 2004), "Fraqmentlər" (2006), "Atlantlar" (2006), "Çərçivə" (2010), "Qapı" (2014), "Qonşunun iti" (2015) adlı şeir kitabları Azərbaycan poeziyasına yeni nəfəsin, yeni poetik biçimin gəlməsinin bariz təsdiqidir. Lirik-metafizikası, fikrin qeyri-adi tərzdə ifadəsi, zəngin söz-leksikonu, melodik-akustik strukturu, gözlənilməz baxışı və cürətli eksperimentləri Ç.Əlioğlunu boz sıradan ayırırdı.

Şair yaradıcılığında ənənəvi şeir formalarına müraciət edib xalq şeirlərinə sədaqətli olsa da, yaradıcılığı daha çox modernizmin estetik prinsiplərinə cavab verir. "Ruhumun həndəsəsi", "Atlantlar", "Toros canavarı", "Çərçivə", "Qapı" kitabları məhz avanqard çevrədə qələmə alınmış yeni əsrin ruhunu, düşüncə tərzininin, aydın inikas edir. Bədii-estetik manevrlər, şeirlərə başlıq seçmə mədəniyyəti, həndəsi fiqurların abstraksiyası, alliterasiya bolluğu, metaforik metamorfozalar, poetik kontrastlar, sürrealistik gəzişmələr müəllifin təfəkkür dünyasını fərqli qılan yaradıcı arqumentlərdir.

2004-cü ildə qələmə alınmış "Avand" kitabı da avanqard çərçivənin vizual örnəyidir. Kitabın mündəricatında yer almış başlıqlar ("2004", "2003", "2002") mövzular və onlara yanaşma tərzi eləcə də bədii yozum, poetik fikirlərə qədər bütün detallar fərqli qiyafədə təqdim edilib.

"Avand" kitabı həyatla hesablaşan, bəzi məqamlarda onunla dialoqa girən, ona suallar ünvanlayan liro fərdin iç dünyasına enmələr edərək çoxcəhətli "mən"lərinə işıq salır, onların hər birini poetik mətnlərin mərkəzinə gətirir: eşidilməyən səsləri eşitdirməyə, deyilməyən sözlərin ağrısını hiss etdirməyə çalışır. "səsin bu gecəyarı // danüzü dan işığı qulağımı deşirdi // ürəyində danışan //ürəyində susma ki// susma səni eşidim". ("ürəyində danışan"). yaxud "...nisbi xarakter daşıyır demə çəki ölçüləri. dar bir qəfəsdə yaşayır hürr azadlıq elçiləri" ("hərdən elə böyüyürəm") misraları həyatda azadlığını tapa bilməyən insanların səsinə səs verir.

Avanqard gələcək inkişafı böyük inamla gözləyən, hay-küylü, "gələcəyə istiqamətlənmiş modernizmdir". İdeoloji çaxnaşma dönəmində sənətin inkişafını mümkün qılan bir yol axtarmaq, "mədəniyyəti ideologiyanın müdaxiləsi və zorakılığı olmadan irəli aparmağın yolunu tapmaq" avanqardın əsas funksiyasıdır. "Yalnız İrəli!" doğru addımlayan avanqard sənət yerində saymağı sevmir. "vaxt təkəri təkid edir irəli! ("Təkər") fikirləri ilə Şair zamanla ayaqlaşmağın zəruriliyini diqqətə çatdırır. Çingiz Əlioğlunun avanqard iddiaları onun "bu yazını sən oxuma, yazı səni oxuyacaq" ("keçmişlər gəlməyib hələ"), "Məni məndə gəzib aramaq çətin, məni məndən kənar tapmaq asandır" ("Mən başqa şairəm, sözüm ayrıdır"), "bir vergül də vardı apastrofdu imkanlı yerlərdə əmi-dayısı kübar danışardı söz uzadardı çıxardıb lap başa mindirmişdilər elə ki hərflər etdi inqilab tez çıxdı aradan o xanəxərab" ("Bir qədər də durğu işarələri barədə"), "özümü qoymağa yer tapammıram...qərb köksə dirənib, şərq kürəyində"("Darısqallıq") şeirlərində manifestə edilir.

Aqresiya avanqardizm üçün dəyişməz normadır. Bu bir tərəfdən "adresata yaradıcılıq və qeyri-yaradıcılığın sərhədləri, onun bu sərhədi adlamaq imkanının olmadığından" qaynaqlanırsa, digər yandan da aqresiyya cəmiyyətin, kütlənin problemlərinə yaxınlıqdan, ictimai kəsərdən yaranır.  "Ay evin tikilsin, bəxtin qaradı", "Ovcumun içində yetirdiyini", "Termodinamika", "Həyat enerjisi hansı filizdə", "Nemət", "Başını döy divara", "di durma tez götür badəni ələ", "Qəfildən" və bu qəbildən olan şeirləri konseptual xarakter daşıyaraq liro-subyektin cəmiyyətlə, mühitlə barışmazlığına vurğu atır.

 

Dəyişib ölçüsü bu yad fəzanın,

Şimalı, cənubu iç-içdən keçir.

Ovcumun içində düz yol azanı

Dərzi VAXT dar-düdük bir paltar biçir.

 

O cümlədən sosial bərabərsizliyin yaratdığı təbəqələşməyə olan sərt reaksiya "Termodinamikanın birinci qanunu önündə hamının hüququ bərabərdir bil" misralarında nəşət tapır. Bu aqressiv ritorikalar avanqard qəhrəmanın zamana münasibətin, cəmiyyətə qarşı kəskin etiraz hissinin ifadəsi və qarşıdurması kimi səslənir.

Çingiz Əlioğlunun yaradıcılığındakı təzadlar bolluğu, poetik qarşıdurma və kontrastlarla zəngindir. Bu cür əkstedirmə priyomları şairin dünya hadisələrinə fəal və ehtiraslı münasibətindən yaranır. "Doğuldun...bir bəyaz vərəqdi həyat", "Allah sənə qurban olum", "bu taleni verdin mənə" kimi poetik mətnləri struktur baxımından kontrastlar üzərində qurulub. Bu kontrastlar poetik mətnlərin kompozisiyasında ön mövqedə duraraq dünyanı dərkin bədii ifadəsinə çevrilib.           

"Avand" həm də minimalist şeirlər toplusudur. Poeziyada minimalist prinsipi həyata keçirməklə az sözdən dünyanı, yaşamı ifadə etmək üçün istifadə olunur. "Korun övladı oldu, uşaq-işıq işartısı", "yenə də sənsizəm...və s., və ilaxır...saat axır, həftə axır, il axır...", "həyat bir şahmatsa qismət matımdır // mən məğlub olanı əslim oluram, // hər günüm sabaha ultimatumdur // hər sabah dünənə təslim oluram..." minimalist tərzdə yazılan, az sözdən dünyanı, yaşamı, həyatı ifadə edən misralarda binar ziddiyyətlər, insanın özünüdərki, yaşam kadrosu verbalizə edilib.

Kremyenin dediyi kimi, "ideal kitab o kitabdır ki, az-çox zəmanənin xarakterinə uyğun, gerçəkliyi təhlil edən, dünyaya hamı tərəfindən qəbul olunmuş baxışları, yaxud ayrı-ayrı predmetləri alt-üst edən və tamamilə başqa, orijinal və subyektiv, seçilmiş adamların, oxucu elitasının mənəvi fəaliyyətini sürətləndirən, onlara yeni bir istiqamət verməyə yönəlmiş baxışları təlqin edən bir dildə yazılsın". Odur ki, Çingiz Əlioğlunun Qərb təfəkkürü ilə Şərq düşüncəsinin sintezindən yaranmış "Avand" kitabı ruhi "mən"lərin toxunulmamış qatlarına işıq salan, yeni tendensiyaları ehtiva edən poetik tablodur.

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2024)

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Moldovanın paytaxtı Kişineuda keçirilən “MildFest” Beynəlxalq Teatr Festivalında N.Qoqolun “Dəlinin qeydləri” monotamaşası ilə iştirak edib.

 

Teatrdan AzərTAC-a bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Lətifə Quluzadədir.

Azərbaycan Teatr Xadimləri İttifaqının dəstəyi ilə Xarmelin adına Dövlət Gənclər Teatrında reallaşan tamaşadan sonra Poprışşin rolunda çıxış edən Əməkdar artist Şövqi Hüseynov festivalın diplomu ilə təltif olunub. Tamaşanı izləyən yerli teatrşünaslar, müxtəlif ölkələrin ekspertləri səhnə əsəri ətrafında müzakirələr apararaq yüksək fikirlər söyləyiblər.

Kimsə tərəfindən saya alınmayan müfəttiş Poprışşin sosial ədalətsizliyi aradan götürmək üçün vəzifəcə özündən çox üstün olan rəisinin qızı ilə evlənmək qərarına gəlir. Bu dəlinin sayıqlamalarında, o, İspaniyanın kralı, dünyanı idarə edən, nurlu şəxsiyyətə çevrilir. Poprışşin dünyasını çoxdan dəyişmiş anasının səsini eşidir. Lakin bu səs də xəstə varlığın ruhunu xilas edə bilmir. Çünki onun səsini yaşadığı bu dünyanın adamları da eşitmirlər.

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2024)

Çərşənbə, 03 İyul 2024 09:29

BİR SUAL, BİR CAVAB Əlizadə Nuri ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Meşə yıxılıbdı balta səsinə,

kəsməyə bir balta sapı qalmayıb.

Ağaclar meşədən qaçmaq istəyib,

 ancaq yeriməyə tabı qalmayıb. 

 

 Dəyərli Şairimiz, niyə "sapı özümüzdən  olan baltaların" vurduğu zərbənin ağrısı unudulmur? Unudulsa belə, zərbənin izləri

qalır...

 

CAVAB

- Ağac necə deyib?- mənə zərbə vuranın bədəni məndəndir. Bu yaraların şəfası varmı?- bilmirik. Qrasian " Unutmaq ən böyük qisasdır" deyirdi. Amma yox, bu qaysaq verən yaralar qiyamətəcən unudulmur... 

 

Ədəbiyyat və incəsənət”

(03.07.2024)

Çərşənbə, 03 İyul 2024 10:46

BMA Məktəb-studiyasının yekun konserti olub

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) İxtisas musiqi məktəb-studiyasının 2023–2024-cü tədris ilinin yekun konserti keçirilib. 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə BMA məlumat yayıb. 

 

Məlumata görə, rəngarəng konsert proqramında müxtəlif ixtisaslar – fortepiano, violin, fleyta, vokal və zərb alətləri üzrə şagirdlərin çıxışları yer alıb.

 

Silsilə şəklində davam edən hesabat konsertlərində Məktəb-studiyanın demək olar ki, bütün şagirdləri çıxış ediblər. Bu ifalar müəllim və şagirdlərin 2023–2024-cü tədris ilinin uğurlu nəticəsi idi.

 

“Ədəbiyyat və incəsənət”

(03.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.