“Ədəbiyyat və incəsənət” portalını “Ulduz” jurnalı ilə birlikdə BİRİ İKİSİNDƏ layihəsində bu gün proza zamanıdır, Aydan Abdullayevanın “Darıxan yazı” essesi ilə tanışlıqdır.
ESSE
Aydan ABDULLAYEVA
DARIXAN YAZI
Adamlar da bir hekayədir.
Mən... Bir hekayədən qopub düşmüşəm. Yazıçım məni tərk edib gedib. Yarımçıq qoyub gedib. Bitirə bilərdi... Bitirsəydi, indi nə vaxtsa gələcək və bitirəcək deyə gözləməzdim də...
Bir də ki, ehh...Yarımçıq qalmaq da heç yaxşı deyil. Bir gün yazılacağına ümidin olsa belə...
Yuxulara ulduz ələnən vaxtda gecənin birində sən durub birdən-birə yazılmaq həvəsinə düşəsən... Nə vaxtsa gördüyü yuxunu – yazını – səni oyanıb ulduzlardan xəbər ala yazıçın, “gördüm” deyən olmaya...və gözündən düşən yaşın yazıçının çiyinlərinə qona. Sənin göz yaşın onun mürəkkəbi ola, yaza səni, sənin gözündən düşən yaşlarla. O əziz, isti, təlatümlü yaşlarla...Yaza və bircə dəfə ürək edib oxumaya heç kimə... O yazıçının ürəyindən özgə oxuyan olmaya səni. Sən də biləsən səni yazan müəllifin ürəyindən savayı daha heç kimin yoxdu. O ürək ki, hərflərin kölgəsində təkcə səni gizlədir. Olur ki, yazmağa çəkinir.
Beləcə...sən böyüyürsən, nisgil olursan, həsrət olursan yazıçının ürəyində. Olursan öz yazıçının ürəyinə düşən dən. Lap elə də olur ki, yer də, göy də bir olub yenə də ala bilmir səni yazıçının əlindən...
Adamlar da bir hekayədir.
Məsələn, bir qəbirəm indi bir hekayənin içində. Dayanmışam, içimdəki külək səsi haraylayır kimisə. Kimi?..Yazıçım bilir. Yəqin, nə vaxtsa gələr. Yəqin, nə vaxtsa yazar. Haqqı yoxdu yazmasın. İllah da ki bu külək belə möhkəm əsirsə...Hələ bir ərk edir deyir: – Ay yarımçıq hekayə, de görüm niyə belə tez bitməyə tələsirsən?..
Deyə də bilmirsən ki, səsin yazıçının ürəyində dolandıqca gedib səni gətirəcək hekayəyə. Yazdığı hekayədən üşüyüb gen düşəcək.
Səni yaramaz külək...Məni yarımçıq qoyan yazıçının nə günahı?..Sənsən günahkar, sənsən!
Vaqif Bayatlıya miniatür məktub...
Vərəqlərdən alnının yazısını oxuyursan. Görürsən qəbrində nə külək var, nə ağac...
İstəyirsən dirilib Vaqif Bayatlıdan soruşasan;
Sən bilərsən, niyə mənim qəbrimdə göy üzü yoxdu?
İstəyirsən Vaqif Bayatlıya deyəsən ki, şeirlərinin əlindən tut, gətir qəbrim üstə!..
Vərəqlərdən alnının yazısını oxuyursan. Görürsən Yer üzündə bir doğman səni tapşırır göz yaşlarına... və deyir: — Mən tək-tənha quruyan bir ağacam.
Qəfil yadına düşür ki, ağaclar Vaqifin qardaşıdır!
Tapşırırsan evindəki ağacı Vaqif Bayatlıya!
Vərəqlərdən alnının yazısını oxuyursan. Görürsən günəşdən uzaq düşmüş evlərin birindən çağa səsi gəlir! O sənsən.
Kiridə bilmir Tanrı səni ayıyla, ulduzuyla. Qardaşının üzünü köməyə çağırırsan Vaqif Bayatlı kimi.
Vərəqlərdən alnının yazısını oxuyursan. Görürsən, uşaqsan, kamança səsindən qorxub ağlayan. Kimsə dolmuş gözlərinin içində şeir oxuyur. Odur e, Vaqif Bayatlı. Deyir ki,
daha sən də,
sən də ağladammazsan məni,
mən zalım adamam, kamança.
Vərəqlərdən alnının yazısını oxuyursan. Görürsən, qardaşının ayağı ilişib sarı yarpaqlara, yıxılıb. Ağlayır doğum evində. Şükür deyirsən. Şükür! Daha nə Vaqifin şeiri üstə top-top oynayan qardaşı tənha deyil, nə mən, nə də sarı yarpaqlar...
Bu yazı başqa yazıdır. Bircə Vaqif qanadlanıb uça bilər bu yazıda!
Qəbrin də dillənib deyər: – Nə yaxşı ki, Vaqif var!..
“Ədəbiyyat və incəsənət”
(03.07.2024)