“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Vüqar Quliyev
Quliyev Vüqar Fizuli oğlu 12 dekabr 2001-ci ildə Ağsunun Qaraqaşlı kəndində anadan olub. Orta təhsilini Ağsu şəhər 4 saylı məktəbində alıb. 2018-ci ildən Bakıda Peşə Məktəbində qaynaqçı kimi peşə təhsili alıb. Sonradan həqiqi hərbi xidmətə yollanıb. 27 sentyabr 2020-ci ildə başlayan Vətən müharibəsinə qatılıb. Cəbhənin müxtəlif istiqamətlərində döyüşlərdə iştirak edib. Döyüşlərin birində dünyasını dəyişib. 8 noyabr 2020-ci ildə Ağsu Şəhidlər xiyabanında dəfn edilib. Ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" medalı və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib
Şuşanın gedən günü
Xidmətə gedən igid.
Şuşanın dönən günü
Rəhmətə gedən igid.
Necəsən, Qaraqaşlı
Kəndinin fəxri şəhid?
Tarixin möcüzəsi,
Cənnətin sehri şəhid.
Elə indi oxudum,
Səfərin uzun olub.
Şəhidliyə ucalmaq
Ən böyük arzun olub.
Arzun olub Şuşada,
Xocavənddə yaşamaq.
Birləşən, bütövləşən
Məmləkətdə yaşamaq.
Yaşamaq alın yazın,
Kim unudar şəhidi?
Hamının ürəyində
Yaşayırsan əbədi.
Qələmlər səndən deyir,
Qorqudun sazı kimi.
Tarixin yaddaşında
Daş üstə yazı kimi.
Əriyər doğmaların,
Bitər, ürəyi bitər.
Qanın daman torpaqda
Zəfər çiçəyi bitər.
Sən hamının doğması,
Çiçəklər arasında...
Rahat uyu, rahat yat,
Mələklər arasında.
“Ədəbiyyat və incəsənət”
(03.07.2024)