Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı Moldovanın paytaxtı Kişineuda keçirilən “MildFest” Beynəlxalq Teatr Festivalında N.Qoqolun “Dəlinin qeydləri” monotamaşası ilə iştirak edib.
Teatrdan AzərTAC-a bildirilib ki, səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Lətifə Quluzadədir.
Azərbaycan Teatr Xadimləri İttifaqının dəstəyi ilə Xarmelin adına Dövlət Gənclər Teatrında reallaşan tamaşadan sonra Poprışşin rolunda çıxış edən Əməkdar artist Şövqi Hüseynov festivalın diplomu ilə təltif olunub. Tamaşanı izləyən yerli teatrşünaslar, müxtəlif ölkələrin ekspertləri səhnə əsəri ətrafında müzakirələr apararaq yüksək fikirlər söyləyiblər.
Kimsə tərəfindən saya alınmayan müfəttiş Poprışşin sosial ədalətsizliyi aradan götürmək üçün vəzifəcə özündən çox üstün olan rəisinin qızı ilə evlənmək qərarına gəlir. Bu dəlinin sayıqlamalarında, o, İspaniyanın kralı, dünyanı idarə edən, nurlu şəxsiyyətə çevrilir. Poprışşin dünyasını çoxdan dəyişmiş anasının səsini eşidir. Lakin bu səs də xəstə varlığın ruhunu xilas edə bilmir. Çünki onun səsini yaşadığı bu dünyanın adamları da eşitmirlər.
“Ədəbiyyat və incəsənət”
(03.07.2024)