Super User

Super User

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında əməliyyat keçirilib.

 

Bu barədə “Ədəbiyyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinin məlumatına istinadən xəbər verir.

 

“Əməliyyatın təfərrüatları barədə ictimaiyyətə əlavə məlumat təqdim ediləcək. Məsələ Mədəniyyət Nazirliyinin diqqət mərkəzindədir”,- deyə məlumatda bildirilir.

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2024)

Cümə axşamı, 04 İyul 2024 20:00

“7 iyunun yazısı” - Varis


“Ədəbiyyat və incəsənət” portal yazıçı Varisin yeni yazdığı “7 iyunun yazısı” essesini təqdim edir. İnsan niyə yaşayır? Məqamsız məqsədsiz gün keçirmənin dividendləri hansılardır, ali məqsədlər üçün özünü fəda edənlərin bəs?

 

“Dərd bölməyə kimsə yoxdu
Bu da yağı, o da yağı.
Ömür dediyimiz nəsnə

Arzular qəbristanlığı”, - yazır yazıçı.

 

 “25-ci saat” adında brend yaratmalıyam, günümüzdəki bu vaxt qıtlığında hər kəs 25-ci saata hədsiz ehtiyac duyur.

“Kimsəsizlər küçəsində apokalipsis” adlı roman yazmalıyam, zatən bütün tənhaların bir qan qohumluğu qədər yaxınlığı var.

Amma “Unuda bilməzsən” (You can’t forget) adlı film çəkməyə daha istəkliyəm. Bir gün sən də anlayacaqsan. Anlayacaqsan ki, keçmiş daim insanı qarabaqara izləyir, məqam gəzir ki, onu yolundan sapındırsın. Və anlayacaqsan ki, heç sən də UNUDA BİLMƏZSƏN!

  

1-ci etüd

 

Yaz və yay yağışlarını o qədər sevirəm ki.

Hətta bu yaşımda belə yazda, yayda yağış yağdımı, eynən uşaqlar kimi qaçıb əllərimi yana açaraq, üzümü səmaya tutaraq islandıqca islanmaq sərməstliyi yaşayasıyam.

Və bir də. Elə ki səssizlikdə içimin sükutuna dalıram, birdən hardansa lap uzaqlardan qulağıma musiqi sədası gəlir. Tam diqqət kəsiləndə bəlli olur ki, bu səs içimdən gəlirmiş.

Mən daim bu iç musiqimin – o bir simfonik əsərdir – hansı bəstəkara məxsus olduğunu araşdırırdım, Bethovenin, Motsartın, Şopenin, Baxın, Ştrausun, Listin,  digərlərinin əsərlərini dinləyirdim... Amma həmin musiqiylə rastlaşmırdım ki rastlaşmırdım. Və bir gün Madriddəki Kafedral kilsə-muzeydə o ilahi musiqini axır ki eşitdim. Dərhal başılovlu halda xidmətçilərə yaxınlaşanda Tomazo Albinoninin “Adajio”su olduğunu öyrəndim. Ecazkar musiqinin müəllifi 17-ci əsrdə Venesiyada yaşamış Barokko epoxasının bəstəkar-skripkaçısı imiş.

Bu yağış sevgisinin də, bu daxilimdə musiqi səslənməsinin də səbəbinin nə olduğunu uzun illər bilmədim ki bilmədim...

Anamın vəfatından sonra şəxsi əşyaları içində bütün bu illərdə bizdən gizlətdiyi xatirə dəftərini aşkarladıq. Ordan oxuyanda ki, dünyaya gəldiyim 7 iyun günündə yağış yağırmış, xeyli təəccübləndim. Oxuyanda ki, həmin gün doğum evinin hava radiosunda da simfonik musiqi səslənirmiş, heyrətdən donub qaldım.

Magik realizm!

 

2-ci etüd

 

Qorxudan ibadət etməklə sevərək ibadət etməyin fərqi böyükdür.

3-cü minillikdə dünya ədəbiyyatının inkişaf tendensiyasında başlıca amil elitar və kütləvi ədəbiyyat sərhədlərinin aradan götürülməsidir. Kanonik klassisizmin yaratdığı ehkamlar da uçulub dağıdıldı, postmodernizm bastionu da çökdü. Non-fiction son on ilin ən tələbolunan kitabına çevrildi.

Bu gün bütün Amerikanın başılovlu halda Conatan Franzenin kitablarını axtarması, yəni, sizə heç nə demir?

Qəssab dükanında da, gül dükanında da eyni mənzərə var əslində. Birində başları kəsilərək, digərində kökündən qoparılaraq öldürülən canlıların ruhları dolaşır. Di gəl, bunların hər ikisi insanların böyük həvəslə baş çəkdikləri məkanlardır.

Keçmiş Nobel prospekti ilə gedirdim, bərk tıxaca düşdüm və nədənsə eyniadlı mükafat barədə düşünəsi oldum. Bax, Milan Kunderaya Nobeli vermədilər və o, dünyadan küskün getdi. Ondan öncə Umberto Ekoya da Nobeli verməmişdilər və o da dünyadan küskün getmişdi. Haruki Murakamiyə də Nobeli verməməkdə israr edirlər və onun da dünyadan küskün getməsinə çalışırlar.

Nobel başbilənləri bir şeyi anlamaq istəmirlər ki, ən yaxşılara veriləsi nəsnə ən yaxşılara qismət olmadıqca dəyərini itirir. Anlamaq istəmirlər ki, “Ölməzlik” elə “Qızılgülün adı”ndadır, “Norveç meşəsi”ndədir.

Bakının Nobel prospekti artıq tarixdir. Ədəbiyyat üzrə Nobel mükafatının da tezliklə tarixə çevrilməyəcəyinə kim zəmanət verər ki?

Mənfəətgətirici bütün nəsnələr ya o qədər qaynardır ki, əl vuranda yandırır, ya da o qədər soyuqdur ki, toxunanda dondurur. Bizimsə əllərimiz ilıq və sərinlərə öyrəşib. Odur ki, onlarsız keçinməli oluruq. 

İnsan ömrü adi günlərin xoşbəxt və bədbəxt günlərə nisbətindən ibarətdir. Bir bədbəxt gün iki xoşbəxt günü aparır - “Qızıl cib saatı” romanımın epiqrafıdır.

Bu tarixi trillerə həddən çox zaman və enerji qoydum. Ədəbi elitanın onu bəyənməsini yazılan resenziyalar, oxucuların bəyənməsini yüksək satış faizi isbatlayır. Eyni zamanda hər iki cəbhədən rəğbət almaq çox çətindir.

Amma sözüm bunda deyil, sözüm ondadır ki, insan ömrünün adi günlərin xoşbəxt və bədbəxt günlərə nisbətindən ibarət olması bir həqiqətdir. Qələmlərə qara mürəkkəb çatdırmaq olmur. Qırmızı mürəkkəbsə əksərən istifadəsiz qalır.

Və xoşbəxtlik – 

Yer kurəsinin hansısa okeanına,

dağına,

meşəsinə,

Yaxud hansısa şəhərinin

insan uzdihamı arasına düşən

bir iynə.

Axtarıram onu

Ömrümü yelə verə-verə,

Deyinə-deyinə. 

 

3-cü etüd

 

İnsan biləndə ki qanadı var, gec-tez uçacaq.

Div-insanlar adi insanların görmə bucaqlarını bütün zənginliklərə bağlayaraq bir tikə çörəyə açmaq üçün, o çörəyə əlləri çatınca isə onları “min şükür” deməyə alışdırmaq üçün yaranıblar.

Sevinc kədərə, şənlik yasa, arzu puçluğa ağ bayraq qaldırdıqca fasiləsiz ağ parça istehlakçısına çevrilirsən. Və bir gün ağ parçalar tükənir, sonuncunu bürmələyirsən, ömür ölümə ağ bayraq qaldırır.

Qatilin əksi öldürdüyü adamın gözündə ilişib qalır. Öləndə gözlərimdə Qəddar Həyatın əksi qalacaq.

 

Bürkülü yay gecəsinin

Havasızlığına qapanmışam. 

Bu böyük, gen məmləkətin

Yuvasızlığına tapınmışam.

 

Ulduzlar göz qırpırlar,

Gah yanır, gah sönürlər.

Xatirələr əlçim-əlçim

Başıma tökülürlər.

 

Dərd bölməyə kimsə yoxdu

Bu da yağı, o da yağı.

Ömür dediyimiz nəsnə

Arzular qəbristanlığı.

 

Haqqı nahaqqa çevirən

Konveyerlər qoşulubdu.

Orda qılınc çəkən gördüm

Burda silah tuşlanıbdı. 

 

Bilmirəm, harda dayanım,

Bilmirəm, hayana gedim. 

Deyiləsi çox şeylər var.

Mən lap azcasını dedim. 

 

4-cü etüd

 

Palçıqdan çıxmaq üçün ətrafdakı quru adacığı görmək lazımdır.

Dekadentçilər müasir dövrdə yenə əl-ayaq açıblar, “sənət sənət üçündür” taftalogiyası ilə silahlanaraq, artıq kuluarlarda da deyil, efirlərdə, mətbuat səhifələrində, sosial media statuslarında iddia edirlər ki, yaxşı filmi, yaxşı musiqini, yaxşı rəsm əsərini, yaxşı romanı kütlə anlaya bilməz, bunlara nə baxan olar, nə bunları dinləyən, nə də oxuyan. Deyirlər, yaxşı deyilən hər nə varsa pisdir, pis hesab edilənlərsə yaxşıdır. 

Bu əbləhlərə kimsə niyə başa salmır ki, bəs niyə yüz illərdir ki, yüz milyonlar Rembranta, Da Vinçiyə heyranlıqla tamaşa edir, Fellinini, Kurasavanı durmadan izləyir, Şopendən, Bethovendən qopmaq bilmir, Hüqonu, Markesi heyrətlə oxuyur? 

 Qaranlıq və işıq sözləri var, adi halın ifadəsidir. Biri də var qaranlığın və işığın metaforası. Bizimçün illərdir ki, bu iki söz metaforik anlam daşımaqdadır.

 Çağdaş Azərbaycan ədəbiyyatının klassikası, təkrar edirəm, çağdaş ədəbiyyatımızın klassikası deyiləndə ilk əvvəl həm poeziyada, həm prozada dörd ad yada düşür. Poeziyada bu dörd ad Ramiz Rövşən, Nəriman Həsənzadə, Vahid Əziz və Sabir Rüstəmxanlıdır. Prozada isə bu dörd ad Anar, Elçin, Kamal Abdulla və...

Əkrəm Əylisli aldandı, yolundan sapındı, bir səhv buraxıb xalqın sevimli yazıçısından “Daş yuxular”ı yazan Əkrəmə çevrildi, sonradan da bunun altını çəkməyə məcbur oldu. Yoxsa ki, “Adamlar və ağaclar”ı, “Mənim nəğməkar bibim”i, “Ürək yaman şeydir” i yazan Əkrəm nöqtələrin yerində dayanacaqdı.

 Kaş ki, bunu edə biləydik. Kaş ki, onu başa çatdıraydıq. Kaş... kaş... kaş... İstəklərimiz balina, imkanlarımız kilkə balığı...

 Sumqayıtdakı mənzilimizin üç otağı və iki eyvanı kitablarla, eləcə də “Ədəbiyyat və incəsənət” qəzetinin, “Azərbaycan” və “Ulduz”jurnallarının toplamsayları ilə dolmuşdu. Atam yeni kitab seriyalarına, qəzet və jurnallara abunə olduqca ədəbiyyat əlindən evimizdə tərpənmək olmurdu.

Amma anam heç vaxt gileylənməzdi, işdən gələndə yorğun-arğın otaqlara əl gəzdirərkən səbirlə kitabların, qəzet-jurnalların tozunu alardı.

Düşünürəm ki, indi ədəbiyyatımızın tozunu almaq üçün mehriban əllərə yamanca ehtiyac var.

 

 5-ci etüd

 

Baharda yollarına o qədər gül-çiçək səpdim…

Bilə-bilə ki, payız onları solduracaq. 

Amma payızdan qabaq, onları ayrlıq soldurdu…

(Bu məmləkətdə minlərlə sevgi hekayətini müharibə yarımçıq qoyub)

 İki rəfiqə tanıyıram. Birinin 51 yaşı var, 1993-cü ildə nişanlısı 1-ci Qarabağ müharibəsinə gedib və şəhid olub. O vaxtdan ailə həyatı qurmayıb, gedəninin bir gün qayıdacağına inanaraq yaşayır.

Digərinin 24 yaşı var. 2020-ci ildə nişanlısı 2-ci Qarabağ müharibəsinə gedib və şəhid olub. O da gedəninin geri dönəcəyinə inanaraq yaşayır.

Onları dərd birləşdirir, bir də inam. Bəlkə də, inamı dərd qədər mətinləşdirən başqa nəsnə yoxdur.

 Dəbdəbəli sarayların şəhid tabutları çıxan kasıb daxmalara necə qibtə etdiyinin dəfələrlə şahidi olmuşam.

 Qapına gedən çığırları

bir azdan bəyaz qar örtəcək.

Qar sevincini götürüb də 

küknardan oyuncaq tək asaq. 

 

Amma nə yazıq, o qarlı kəndardan

 içəri adlaya bilməyəcəm. 

Sənə doğru yollar

yasaq mənə, 

yasaq. 

 

 6-cı etüd

 

İndi bir para ağzıgöyçək peyda olub. Bunlar Stalin dönəmində yaşamış ziyalılarımızı satqınlıqda, xainlikdə ittiham edərək onlara çamur atırlar. Arxivlər açıldıqca, o dəhşətli illərin real mənzərəsindən xəbərdar olduqca bu üzdəniraqlara  nifrətim lap artır.

1953-cü ildə Elmlər Akademiyasının prezidenti Musa Əliyev, vitse prezidenti Səməd Vurğun idi - iki dost. Fevral ayında Azərbaycanın rəhbəri Mir Cəfər Bağırov səhər saatlarında Musa Əliyevə zəng vuraraq dərhal Səməd Vurğunla Mirzə İbrahimovun Akademiyadan xaric edilməsi əmrini verir, “tapşırığımı yerinə yetirməsən özündən küs” deyir. Bu tapşırıq iki böyük şəxsiyyətin yalnız Akademiyadan xaric edilməsi deyildi, onların vurulma prosesinin başlanğıcı idi. Gerisi nə olacaqdı, aydın duyulurdu.

Musa Əliyev tam çıxılmaz vəziyyətə düşür.

Bəzən Allah özü insanın köməyinə yetmirmi? SSRİ rəhbəri İosif Stalinin vəfatı xəbəri gəlir, Mir Cəfərin başı qarışır, verdiyi ultimatum bir müddət yadından çıxır. Amma iyul ayında Bağırov yenidən bu məsələnin üstünə qayıdır. Onun emissarı Musa Əliyevin yanına gedib ertəsi gün saat 11-ə kimi ona məsələni həll etməyi tapşırır. Musa Əliyev səhərədək gözünü yuma bilmir. O, xalqın ən öndə olan ziyalılarını güdaza verə bilməyəcəkdi, buna onun kişiliyi, ləyaqəti yol verməzdi, demək, özü qurban getməliydi.

Allah böyükdür, bu dəfə də gözlənilmədən Musa Əliyev xilas olur. Həmin dönəmdə o, Akademiya prezidentliyi ilə yanaşı, SSRİ Ali Soveti deputatı kimi ağır sənaye seksiyasının da sədri idi. Və saat 11-ə sayılı dəqiqələr qalanda Kremldən onun adına teleqram gəlir ki, Ali Sovetin növbədənkənar iclası keçiriləcək, təcili Moskvaya gəl. O, Moskvaya uçası olur, bir həftə davam edən iclaslarda iştirak edir, fikri isə Bakıda qalır, axı orada Mir Cəfər onun hökmünü çıxarmağa hazır vəziyyətdə yolunu gözləyirdi.

Möcüzə bəzən insanın bütün ümidləri üzüləndə, hətta yapışmağa saman çöpü belə qalmayanda gəlir. Həftənin tamamına bir gün qalmış – iyulun 12-si səhər ertə bir xəbər ildırım kimi çaxır, gündəmi zəbt edir. SSRİ rəhbərliyinin elitasında qərarlaşmış ən mənfur şəxs, Mir Cəfər Bağırovun da havadarı Lavrentiy Beriya həbs edilmiş, Bağırov da işdən qovulmuşdu. Beləcə həm Musa Əliyev, həm də Səməd Vurğunla Mirzə İbrahimov qurtulurlar.

Dünyada bir vəfa borcu, bir kişilik deyilən anlayış da var, onları yerinə yetirəndə hər şeyi, ölümü belə göz altına alırsan. 1954-cü ildə Bağırovun yerinə yeni birinci katibin seçilməsi üçün Mərkəzi Komitənin plenumu keçirilir. Kremlin nümayəndəsi öz namizədlərinin adını çəkibmiş – MK-nın kənd təsərrüfatı üzrə katibi işləmiş İmam Mustafayev. Seçki-filan, bunlar çox formal şeylər idi, təklif gəlirdi və yekdilliklə hamı deyilən şəxsə səs verirdi. Amma bu dəm gözlənilmədən plenum üzvü Səməd Vurğun yerindən qalxıb tribunaya yaxınlaşır və deyir ki, bu şəxsi seçməkdənsə mən daha layiqli şəxsin – akademik Musa Əliyevin namizədliyini irəli sürürəm.

Bu gözlənilməz addımdan hamı təəccüb içində qalır. Səməd Vurğunun şair qəlbi onu dostunun etdiyi yaxşılığa yaxşılıqla cavab vermək, bununla özünü misilsiz bir təhlükəyə atmağa vadar etmişdi. Bu dəm onu xilas etmək üçün Musa Əliyev yerindən qalxıb söyləyir ki, mən öz namizədliyimi geri götürürəm...

İndi arxaya boylandıqca, tarixin saralmış səhifələrini vərəqlədikcə görürük ki, biz necə insanları itirmişik. Musa Əliyevlər, Səməd Vurğunlar həqiqətən də xalqın kisəsindən gediblər.

Heç iki il keçməmiş - 1956-cı il mayın 24-də cəmi 50 yaşında Səməd Vurğun vəfat edir. Ən yaxın dostunu, sirdaşını, arxa-dayağını itirmək Musa Əliyev üçün çox sarsıdıcı olur. Səməd Vurğun gənclərin kumiri, bütün SSRİ-nin sevimlisi, Azərbaycanın mədəniyyət simvolu idi. Musa Əliyev sonradan xatirələrində bir dəfə Səməd Vurğundan eşitdiyi bu kəlmələri qeyd edəcəkdi: “Mən gecələr yatmıram, çamadanla divanda otururam. Gözləyirəm, onlar nə vaxt dalımca gələcəklər. Yaxınlarım üçün çətinlik yaratmaq istəmirəm. Gəlsələr, ləngimədən onlarla gedəcəyəm”

Səməd Vurğun də repressiya qurbanı idi. Nə fərqi var, səni gülləylə ödürələr, ya çərlədib öldürələr?

 “Bir dəfə yaşayırıq, hərəmiz bircə dəfə…” - Bu məşhur mahnını kim dinləməyib? Çox təəssüf ki, bu bir dəfə yaşantımızda haqqımıza girənlər bizi xoşbəxt olmağa qoymurlar. Yalnız əzab, əziyyət, zülm çəkmək olur qismətimiz. 

 

7-ci etüd

 

Bizə Nyu-Yorkda “Bestseller yazmağın qızıl qaydaları”ni tədris edəndə 3-cü minillik insanının mobil telefondan və internetdən qopub kitaba inteqrasiyası üçün yazıçıya cəmi 3 abzas şans verildiyini bildirmiş, uzunçuluqdan, müəmma və mücərrədçilikdən, bol bədii ifadə vasitələrindən qaçmağın lüzumunu sübut eləmiş, əsas oxucu kütləsi sayılan, hədsiz sosiallaşmış Z nəslinin maraq dairəsini nəzərə almağı tövsiyyə etmişdilər. Və ən əsası, təlqin olunmuşdu ki, hər bir bədii əsər öz mesajı ilə dəyərlidir.

Bəs nə edəsən ki, əksər oxucularımız hadisə təfsilatına, təhkiyəyə uyurlar, amma mesajlara önəm vermirlər?

Bakı Kitab Klubunun elan etdiyi kimi, Azərbaycanda ən çox satılan “Sonuncu ölən ümidlərdir” romanımı oxuyanlar bir uğursuz sevgi əhvalatına təəssüflə acıyırlar. Halbuki, o romanda sevgi əhvalatı yalnız butaforadır. Canlı olan isə "məqsəd vasitələri doğruldur” deyərək ən əyri, ən alçaldıcı yollarla məqsədlərinə çatanlara bu sayaq yüksəlişin sonda çöküş olacağı qanunauyğunluğunu sübut etməkdir.

 Keçmişdə Leyli və Məcnun, Romeo və Cülyetta, Tristan və İzolda sevgilərində sevənlər yalnız ürəyin hökmüylə sevirdilər, onları ürək buxovlayırdı. İndisə bütün sevgilərin əsas idarəedicisi beyindir. O vaxtın sevgisi özünÜ fəda etmək idi, indisə özünƏ fəda etməkdir.

 

Mən səni heç sevmədim ki…

Görüş yerlərimizdə cövlan edən 

Sənin saçlarını qarışdıran küləyi sevdim…

Bütün umu-küsülərin fövqündə dayanan,

Səni durmadan bağışlayan, bağışlayan

ürəyi sevdim…

 

Mən səni heç sevmədim ki…

Gecələrin bizlərə tamaşa edən lal sükutunu, 

uyuyan günəşə keşik çəkən Ayı sevdim…

Gündüzlərin şaqraq səs-sədasını,

Az qala hər gün bizə görüş bəxş edən

həmin qızmar yayı sevdim…

 

Səni heç sevmədim…

Gülüşünü, baxışını, oturuşunu-duruşunu,

naz-qəmzəni, öpüşünü sevdim…

Tində dayanıb, o ki ürəyi döyünə-döyünə 

yolunu gözləyirdim,

qaçaraq gələn, həyəcan səpən görünüşünü sevdim. 

 

Mən səni heç sevmədim ki...

Sevgi badəsini sərxoşcasına başıma çəkib

Dumanlı beynimdəki ayıqlığı sevdim.

Mən səni heç sevmədim...

Bizdən çox-çox uzaqlarda dayanan

Amma işıq sürəti ilə üstümüzə səkən

ayrılığı sevdim...

 

8-ci etüd

 

Arxaizmlərlə neologizmlərin sərhədi itəndə bizə arxaizmlər neologizmlər kimi sırınır.

2024-cü ildə gənc ədiblərin yazdığı postapokaliptik fantaziyalar, feyk memuarlar, elfpanklar, kiberpanklar ədəbiyyat generallarını təəccübləndirə bilməz, amma yazdıqları antik dövr vodevilləri və farsları isə təəccübləndirər. Janr ierarxiyası qol-budaq atdıqca mamır basmış köhnələr improvizə üçün daha cəlbedici görünmürmü?

Maddi ölüm yaşasaq da mənəvi ölüm yaşamağa haqqımız yoxdur.

Cəlil Cavanşirlə Şəhriyar del Gerani çox istedadlı şairlərdir, ancaq onlar bir çox şəxsi problemlərin məngənəsində boğularaq yaradıcılıqla məşğul olmağa məqam tapmırlar. “Giriş qadağandır” işarəsini qoyaraq problemlərin onlara basqısını əngəlləyə bilmək necə də gözəl olardı.

Antoqonist cəmiyyətlər daha sürətlə inkişaf edirlər. Ya proqresə, ya reqresə doğru.

Ömründən bitmək bilmədən buz sırsıraları asılanın qış fəslindən nə qorxusu.

Uşaq vaxtı biz qızlı-oğlanlı ortadaqaldı oynayardıq. Bir nəfər ortada qalar, iki nəfər hərə bir səmtdə onu topla vurmağa çalışardı. Vuranların işi asan idi. Nə var ki, rahatca yerində dayan və topla vur. Ortadakı isə zillət çəkirdi. Daim həyəcan, təşviş içində topludan topsuza tərəf qaçmaq, zərbələrdən yayınmaq çox çətindi. Yalnız bəlli vaxta qədər duruş gətirməliydin ki, ortada qalmaqdan xilas olasan.

Hərdən mənə elə gəlir, yaradıcı insanlar hələ də o oyundadılar, hələ də yaddan çıxıb ortada qalıblar. Həyəcanla, təşvişlə üstlərinə gələn toplardan yayınmağa çalışırlar...

 Bir yandan müharibələr, təbii fəlakətlər, epidemiyalar... Bir yandan insanlığın deqradasiyası... Dünyamızdan yaman nigaranam. Yaman nigaranam dünyamızdan.

 

Mən nə arzulayıram axı.

Bir qədər azadlıq,

Bir qədər rahatlıq,

Bir qədər bəxtiyarlıq...

 

Sabah “nə olacağ”ın, “necə olacağ”ın

nigarançılığından qopub

günəşin çıxmasına,

batmasına baxım,

Ağrısız, acısız

çiçəkləri qoxulayım,

baxışlarımla mavi dənizə axım...

 

Arzuya bir bax:.

Köhlən ata minərək

istəklərin dalınca çapmaq,

Yorulmadan, usanmadan

hey yazmaq, yazmaq.

Nə qədər olar,

Nə qədər, nə qədər, nə qədər olar,

bu iynə ilə gor qazmaq?

 

Mən nə arzulayıram axı,

deyirəm, ümidləri qırmayın,

yaxşılarasa qıymayın...

Şər üçün şumladığınız torpaqda,

Nə olar, bir az da xeyir toxumları əkin.

Hamı əməlinə görə

cəza almalıdır, deyilmi?

Di gəlin, məni də

arzularıma görə

çarmıxa çəkin.

 

9-cu etüd

 

-Qalxın, məhkəmə gəlir!

Özümə bir şeyi bağışlamayacağam. Saysız-hesabsız fikirlərimi qətlə yetirməyimi. Onlar beynimdə embrion kimi yarandılar, kağıza köçürüb doğuşlarını təmin etməliydim, mənsə “bu gün-sabah” deyə-deyə gündəlik qayğılardan vaxt tapa bilmədim, nəticədə zaman keçdikcə unuduldular, beyindəcə öldülər fikirlərim…

Beyin fikir qəbristanlığıdır və məndə bu qəbristanlıq tamamən dolub. Yenisini inşa etməkçün yeri haradan tapım? Qəbir yerləri axı indi od qiymətinədir. 

 

İlk insanların - ağlığından, qaralığından, sarılığından asılı olmayaraq bütün bəşər övladlarının ən ulu baba-nənəsi sayılan Adəmlə Həvvanı Allah torpaqdan yaratdı deyə öləndə də hamımızı torpağa basdırırlar ki, cəsədimiz torpağa qarışsın. Yəni, hardan başlamısansa orda da bitməlisən. 

Bəs minaya düşən, təyyarə qəzasına uğrayan, yaxud dənizdə batan və meyitləri ələ gəlməyənlərin, yəni ki, torpağa basdırılmayanların Adəmlə Həvvaya aidiyyatı yoxdurmu?

 

Gənclərin də arzuları var, qocaların da. Fərq yalnız ondadır ki, vaxtları gen-bol olduğu üçün gənclərin arzuları daha uzaqlara pərçimlənir, qanadlıdır. Qocaların arzularısa seytnotdadılar deyə, sanki bir addımlıqdadır, qapı dalındadır, əl uzatsan çatar.

-İnşallah, uşaqlar böyüyəndə evi daha böyüyünə dəyişərik.

-Allah qoysa, qışdan çıxaq, əyin-başımızı təzələyərik.

 

10-cu etüd

 

Hovodorovskinin fikridir, deyir, gəldiyin yeri bilmirsənsə,  getdiyin yerə yetişəmməzsən.

Hər bir insan dünyaya öz pazlını yığmaq üçün gəlir. Və yığıb qurtardıqda da çıxıb gedir. Kimisinin bəxtinə lap sadəsi düşür, bu məşğuliyyət cəmi 1-2 il çəkir, kimisinə isə çətinin çətini düşür, hətta 90-100 il yığmağa, yaşamağa davam edir.

Lap uşaqlıqdan təsəvvür etmək istəyirdim ki, görəsən insanın sonu necə olur. Amma heç vaxt da işıqda durub zülməti görə bilmirdim. Bax bu 2024-cü ilin 7 iyun günündə həmin görüntünü, hər halda, ala bildim.

 

Sonra yorğunluq gələr,

Ayaqlarını ardınca sürüyüb,

Yorulub əldən düşərsən.

Sonra bezginlik gələr

Nəyə əl atmaq istəsən

ona ilişərsən.

 

Sonra da təkliyin növbəsi çatar.

Ətrafında nə yaşıdların qalar,

nə dostların.

Ardınca iştahdan da kəsilərsən,

Yox olar məclislərin,

yox olar tostların. 

 

Gileylənərsən ki, 

bu möhnətə necə dözüm,

Şikayətlənərsən ki, 

Necə tab gətirim bu zülmə. 

Və küləkli bir gündə

Çıxıb upuzun bir küçəyə

Bir taksiyə oturub deyərsən ki

Apar məni ölümə. 

 

P.S. Amma mən ölümdən sonrakı həyata inanıram. Və hətta mənə elə gəlir ki, insanlar dünyadan köçərkən bu dünyada dada bilmədikləri, məhrum olduqları xoşbəxtlikləri Gözəgörünməz bir boxçaya yığıb onların qoltuğuna vurur ki, o dünyada geninə-boluna istifadə edə bilsinlər.

O dünyanın insanları adi insanlardır. O dünyanın div-insanları yoxdur.

 

SON

 

Rəsm müəllifindir

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2024)

 

Güllü Eldar Tomarlı, şair, publisist, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı Muzeyinin direktoru. “Ədəbiyyat və incəsənət” portalı üçün

 

Sazlı, sözlü Qazax mahalının axarlı-baxarlı saz, söz məbədi İncə dərəsinin Kəmərli kəndində ədəbiyyat müəllimi Ağakişi İsmayılovun ailəsində düz 70 il qabaq bir oğlan dünyaya gəlib - Rəfail İncəyurd. Babalardan, nənələrdən qalma söz sənətini sözüylə, ruhuyla yaşatmağı tale onun qismətinə yazıb. Ədəbi mühitə yeniyetmə çağlarından ilk addımlarını atan Rəfail nədənsə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) fizika-riyaziyyat fakultəsinə qəbul olunub. Riyaziyyat və həqiqi, ilahi, ulu söz. Bunların arasında vəhdət yaratmağı qarşısına məqsəd qoyan Rəfail İncəyurd istəyinə çatıb. Ömrünü rəqəmlərə - anlara, saatlara, günlərə, aylara, illərə bölə-bölə uğurlu ədəbi nümunələr yaradıb. Müəllim, proqramçı, redaktor kimi peşələri şairliklə birləşdirib bütöv ömür yaşaya-yaşaya ömrünün 70-ci pilləsinə çatıb.

Rəfail İncəyurd özünün də etiraf ediyi kimi artıq müdrik “köhnə kişilər”dəndi. Belə kişilər “yenilməz dağların oğludu, bini-bərəkəti təhnə, ömrü yaddaqalan səhnə kişilərin sözünün ömrü də bir ayrı” olur, dadı, duzu da. Rəfail müəllim şeirlərində özüdür, doğulduğu yurdun ab-havası, saz havaları, qoşmalı, gəraylılı, təcnisli, qımqımılı söz dünyası kimi.

 

Qazaxın ən ucqar köyündə bu dəm,

O köylü qocanın öyündə bu dəm,

Allahın Yerində-Göyündə bu dəm

İlahi bir sehr tumurcuqlayır,

Könlümdə bir şeir tumurcuqlayır.

 

Rəfail müəllim, həqiqi müəllimdi, öyrədəndi, xeyirxah dost, qayğıkeş insandı, başqalarının uğurlarına sevinəndi. Bunu Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyini yaratmaq ideyamı ona bildirəndə gördüm. O, bu yolda hər addımımı dəstəkləyir, məsləhətini əsirgəmir, zəngin həyat təcrübəsindən əldə etdiklərini mənə təmənnasız, can-başla ötürür. Birliyin müxtəlif tədbirlərində iştirak edir, uğurlarıma sevinir.

Rəfail İncəyurd milli mənəvi dəyərlərə, milli kökə bağlı insandı. Onun sözə bağlılığının təməlində məhz millilik sarsılmaz sütundur. “Mirvarid Dilbazi” şeirində Azərbaycan qadın poeziyasının saflıq, abır-həya, bir sözlə, məvəviyyat mücəssəməsi, ilk qadın Xalq şairi Mirvarid Dilbazinin obrazı lirik cizgilərlə - sadəliyi, təvəzökarlığı, vətənsevərliyi ilə bütövləşdirilmişdir. “Ellər anası” təşbehinin kökündəki böyük mənəvi dəyər Azərbaycan qadınının zəngin milli ruhuna sayğıdır. Şair bu şeirində həm də nənələrdən miras qalan, bu gün də Azərbaycan xanımlarının yaraşıq, gözəllik, ismət, namus rəmzi baş örtüyümüz kəlağayını təbliğ və tərənnüm edir.  Mirvarid xanımı “ilham sonası” kimi təqdim edir. Məhz bu mənəvi cəhətlərə görə Rəfail müəllimin lirik dünyası saz, söz, kəlağayı ömrü qədər yaşayacaq. 

 

       Sözünü hər fövqəl gücə demədi,

Ötəri həvəsə, vecə demədi.

O, gündüz demədi- geca demǝdi-

Yalnız özü oldu özünə asi,

Ağ saçlı, ağ üzlü ellər anası.

 

Sən demə, olarmış sehr ilə daşmaq,

Olarmış çağlayıb, sədləri aşmaq.

Başında kəlağay, ağzında yaşmaq

İlham sonasıymış, ilham sonası,

Ağ saçlı, ağ üzlü ellər anası.

 

Haqdı, ilk qadın Xalq Şairi haqdı,

Zamandan zamana gedən soraqdı.

Könül bayrağını zirvəyə taxdı,-

Al rəngə boyandı eşqin səması,

Ağ saçlı, ağ üzlü ellər anası.

 

Onun şeirləri doğulduğu yurdun milli ruhu yaşadan etnoqrafik duyğulardı - qımqımılı, həzin bayatılı pıçıltılardı, mənəviyyat dəyərli poetik hisslərdi, el-elatın gündəlik qayğılarının təsviridi,  milli düşüncəmizin güzgüsüdü. “Elinə bir yanımlıq od” kimidi, sözün, milli ruhun Prometeyidi. Deyim tərzi, fikirləri özünəməxsusdu, gah vulkan kimi püskürür, gah da həzin meh kimi mülayimləşir, dili sadə və anlaqlı olduğundan dilə yatır, yadda qalır. Onun şeirlərinin mayası eşqdi - “eşq olmasa, göz yaşını kim silər?” sualını sual kimi anlamırıq. Bu onun poeziyasının qayəsidi.

Rəfail İncəyurd maddi nemətlərə gözütox olsa da, mənəvi qidaya doymazlıq onun həyat devizidi. Bu məramı həyatının mənası bildiyindən üzüağdı, alnıaçıqdı, başıucadı. Sözü də özü kimidi - saxtalıqdan, pafosdan uzaq.

 Şair bu gün də yorulmadan yaradır, Hələ yazacaqları çoxdu, “hər gecə bir gün öldürən”, onu yuxuya həsrət qoyan şeirlər onu yaşadır, ömrünü mənalı və ağırçəkili edir, uzadır. “Hələ gəlib çıxmayan”, yolunu gözlədiyi şeirlər onu yana-yana yaşamağa səsləyir, ümid, inam, yaşam üçün stimul verir. Onun varı-dövləti sözdü, misra-misra doğulan şeirlərdi.

 

Gəlimli, gedimli zaman içində

Mənə bu şeirlə qaldı bu gecə.

 

Bəli, elimizin, obamızın söz oğlu, “həyat varsa, ağrısı da şirindi, acizin yox, o, nər oğlu nərindi”. Bu, sözü mülkü yaradanın, söz qalası ucaldanın  taleyidi. Bu taleyin oyununda qaliblərin yeri ucalıqlardı. “Sazdan sözə, sözdən saza gələn”lərin yolu nə qədər nahamar, çətin  olsa da, qarşıda onu zəfər çələngli ucalıqlar gözləyir. Çünki onlar “irfan boylu kişilərin evindən gəlirlər, bayatılı nənələrin dilindən” bəhrələnirlər.

Rəfail müəllim, “gördüyünüz günlərin dəsidi ömür, öndə yoxuş sanı eniş” olsa da, sizin lirik dünyanızın meyvələri həmişə təzə-tərdi, eşqiniz tükənməzdi. Sözünüzün mayasında, ömrünüzün təməlində eşq dayanır. Nə olsun 70-i haqladınız, Məmməd İsmayıl demişkən, “hələ yaşamağa dəyər”, Hüseyn Arif inamına söykənək: “ömür deyir yaşa hələ”.  Bəxtiyar Vahabzadə belə düşünür ki, “yaşamaq yanmaqdır”. Yana-yana yaşayanların, uğurlu söz yaradanların ömrü söz ömrü qədərdi. Sizə belə ömrün yaddaqalan sevincli, sözlə süslənmiş mənalı anlarını, günlərini, illərini arzulayıram.

Rəfail İncəyurdun özünün təbirincə desək,  “şairlik alnına yazılan yazıdı, hələ qoyulmayıb sonuncu nöqtə, hələ ki, yol gedir köçüm şeirlə”. Bu şərəfli yoldu, sözə sarvanlıq yoludu. 

“Eşqi dönük olmayan, ömrü kiməsə yük olmayan” Rəfail İncəyurd ən azı yarım əsrdi ki, ağırmənalı yük çəkir - söz, fikir yükü. Çox çiyinləri əyən bu mənəvi yük onu əyə bilməz. O, “qorxa-qorxa adını qoruyan” söz adamıdı. Başqa qorxusu yoxdu. Adı qorumaq ən şərəfli işdi. Rəfail müəllim lirik duyğularını “eşq ilə becərir, eşq ilə biçir”. 

Eşqiniz tükənməsin, eloğlu, İncə yurdun incə ruhlu söz oğlu!

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2024)

 

Bu gün Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) məzunu Müşfiq Elmanoğlunun diplom işi olan “Ana” tamaşası nümayiş olunacaq.

Teatrdan AzərTAC-a bildirilib ki, tanınmış çex yazıçısı Karel Çapekin eyniadlı əsəri əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru Müşfiq Elmanoğlu, quruluşçu rəssamı Şahin Hüseynli, musiqi tərtibatçısı Aygül Quliyevadır.

Tamaşada aktyorlar Zülfiyyə Alhüseynova, Anar Seyfullayev, Anar Səfiyev, Araz Pirimov, İlhan Sadıqov, Mətləb Abuşov, Hüseyn Bayramov iştirak edirlər.

Diplom işinin rəhbəri Əməkdar incəsənət xadimi Bəhram Osmanovdur.

1938-ci ildə yazılmış əsərdə faşizmə qarşı mübarizə və müharibənin gətirdiyi mənəvi sarsıntılar, iztirablar təsvir olunur. Ana Doloresin həyat yoldaşını və oğullarını müharibədə tədricən itirməsi bunların fonunda baş verən hadisələr təsvir edilir.

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2024)

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ölkəmizi II Rusiya Milli Teatrları Konqresində və Rusiya Milli Teatrlarının Birinci Yay Festivalında fəxri qonaq qismində təmsil edib.

 

Teatrın mətbuat xidmətindən AzərTAC-a verilən məlumata görə, konqresdə mədəniyyət nazirinin müşaviri, Əməkdar artist Oleq Əmirbəyov, Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov və teatrın ədəbi hissə müdiri Cavid Zeynallı iştirak edib.

 

Konqres və festival Suzdal şəhərinin 1000 illik yubiley tədbirləri çərçivəsində, Rusiya Milli Dram Teatrının (Aleksandrinski Teatrı) təşkilatçılığı ilə keçirilib. Tədbir Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin, Mədəniyyət Təşəbbüsləri Prezident Fondunun, Vladimir vilayəti hökumətinin və Suzdal Muzey-Qoruğunun dəstəyi ilə reallaşıb.

 

Tədbir çərçivəsində mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov “Maarif və təhsil: milli teatrlar yeni mənaların doğuş nöqtələri kimi”, Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərov isə “Milli teatrın gələcəyi: ənənə və innovasiyanın balansı” mövzusunda təşkil olunan panel-müzakirələrdə çıxış ediblər.

 

Konqres çərçivəsində Rusiyanın 20-yə yaxın milli teatrının rəhbəri ilə, o cümlədən Aleksandrinski Teatrının, Tatarıstan Dövlət Akademik Milli Teatrının, Başqırd Dövlət Akademik Milli Dram Teatrının, Kalmıkiya Milli Dram Teatrının rəhbərləri ilə qarşılıqlı qastrol səfərləri, festivallarda iştirak və master-klasların təşkili haqqında müzakirələr aparılıb.

 

Qeyd olunub ki, ötən il Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Aleksandrinski Teatrı arasında yaradıcılıq proqramı hazırlanıb. Həmin proqram çərçivəsində teatr Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda təmsil olunub. Forum zamanı yaranan əlaqələrin nəticəsi olaraq Akademik Milli Dram Teatrı ilə Aleksandrinski Teatrı arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

Layihə çərçivəsində Akademik Milli Dram Teatrında “Rusiya səhnəsinin seçilmiş obrazları” adlı sərginin açılışı olub. Aleksandrinski Teatrının təşəbbüsü və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə təhsil proqramı həyata keçirilib.

 

Bu ilin sentyabr ayında iki teatr arasında mübadilə qastrolu təşkil olunacaq. Tamaşa günlərində Aleksandrinski Teatrında Azərbaycan Milli Teatrının tarixindən bəhs edən sərgi açılacaq.

 

Beynəlxalq əlaqələr bundan sonra da inkişaf edəcək və əməkdaşlıq Azərbaycan-Rusiya mədəni əlaqələrinin möhkəmlənməsinə töhfə verəcək.

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2024)

Rubrikanı aparır: Könül, “Ədəbiyyat və incəsənət”

 

Unudulmaz xalq şairimiz Vaqif Səmədoğlunun bütün şeirləri mükəmməldir. Onun yaratdığı poetik mənzərə həm o qədər canlıdır ki, gözlə görünür, həm də o qədər emosionaldır ki, içini tərpədir…

 

 

Mən sənin yuxularına

uzaq, lap uzaq

ya tropik, ya buz bağlamış

torpaqlarda girmək istəyirəm.

Mən səhər tezdən,

saat təxminən dörddə

girmək istəyirəm yuxuna.

 

Taiti adalarından

balıqçı qayıqları

okeana çıxan vaxt.

Ora vaxtıyla, duman içində…

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2024)

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

 

Biz, kitab boyu, əsasən, həyat, yaşam məqsədi olan böyük uğurlardan bəhs edirik. Amma gəlin unutmayaq ki, böyük uğurlara gedən yol mütləq kiçik uğurlardan başlayır. Hər xırda epizodun uğurlu nəticəsində maraqlı olmalıyıq, zərrələr tamı əmələ gətirir axı.

Bu yaxınlarda bir iş adamı ilə söhbət edirdik. Məlum oldu ki, bazara yeni çeşidli qənnadı məhsulları çıxararkən KİV-də, xüsusən qəzetlərdə geniş reklam kampaniyası təşkil etdirib, di gəl, effekt ala bilməyib. Mən ondan reklam üçün qəzetləri hansı parametrlərə görə seçdiyini soruşdum. Dedi, bu barədə anlayışı yoxdur, bu işlə məşğul olmağa xüsusi pr menecer ayırıbmış, seçimi həmin adam edib. Mən tənbəllik etmədən həmin pr menecerlə calaşdım, məlum oldu ki, bu şəxs üçüncü dərəcəli bir qəzetdə isləyən tanışına çıxıb, həmin tanışının verdiyi siyahı ilə qəzetlərə reklam paylayıb. Mən qəzetlərin siyahısı ilə tanış oldum. Həm seçilən qəzetlər populyar deyildilər, həm reklama ayrılan güşələr uğursuz idi, həm reklam mətni özü qüsurlu idi.

Bu cür işəyanaşmanın da sonunun elə o cür fiaskoyla nəticələnməsi, əlbəttə ki, qanunauyğun idi.

Uğursuz reklam kampaniyası mənim haqqında bəhs etdiyim iş adamına çox ciddi ziyan vurmuşdu, o, kifayət qədər keyfiyyətli olan yeni məhsullarını bazara çıxara bilməmiş, xeyli ziyana duşmuşdu. Xırda bir qüsur böyük bir işi uçuruma sürükləmişdi (Qeyd edim ki, istehlakçılar uğurlu reklamı olan yerli ərzaq məhsuluna heç vaxt biganə qalmırlar. Xüsusən ulduz müğənnilərlə, aktyorlarla hazırlanan reklam çarxları və cəlbedici rəngbərəng media mətnləri böyük effekt verir).

Görürsünüzmü? Danışdığım bu epizod sübut etdi ki, xırda uğurlar böyük uğurların təməlidir. Halbuki, həmin iş adamı reklam işinə daha ciddi yanaşsaydı, bu cür acı sonluğa da tuş gəlməyəcəkdi.

Mən əminəm ki, oxucularım arasında gördüyü işlə, çalışdığı sahə ilə bağlı reklama tələbat duyanlar az deyil. Bəs effektiv və uğurlu reklam kampaniyasına necə nail olmaq mümkündür?

Söhbət qəzet reklamından getdisə, gəlin elə qəzet reklamının üzərində dayanaq.

Məhdud vəsaitlə müəssisənin reklamı necə təşkil edilməlidir? Reklam elanını qəzetdə yerləşdirərkən nəyi bilmək lazımdır?

Amerika mutəxəssislərinin bəzi məsləhətlərinə gəlin diqqət edək:

·        Təklifinizi başlıqda səsləndirin;

·        Təklifinizi yarımbaşlıqda bir daha formalaşdırın;

·         Çalışın «Pulsuz» sözünü vurğulayasınız və onu mümkün olan dərəcədə təkrar edin;

·        Sizin məhsulu və ya xidmətinizi fəaliyyətdə təsvir edən şəkil yerləşdirin;

·        Sizin qəzetdə digər reklam yerləşdirənlərdən fərqli cəhətinizi göstərmək üçün nə isə edin. Təkcə bilavasitə rəqibləriniz deyil, bütün digərləri nəzərdə tutulur;

·        Reklamınız kiçikdirsə, onu çərçivəyə alın və çərçivəyə orijinallıq verin;

·        Reklamda mütləq iri şriftlə yazılmış söz və ya ifadə olmalıdır. Əgər siz bunu etsəniz, hətta kiçik reklam böyük kimi təsirli ola bilər;

·        Mütləq ünvanınızı, telefon nömrənizi daxil edin. Elə edin ki, oxucular sizi həmişə asanlıqla tapıb danışa bilsinlər;

·        Reklamın görünüşünü elə edin ki, həm əmtəənin, həm də bu və ya digər xidmətin reklamına növbəti tələbat zamanı da onu saxlaya biləsiniz. Bununla siz öz mahiyyətinizi aydın etmiş olar, alıcıların sizinlə tanışlığını asanlaşdırarsınız;

·        Reklam üçün müxtəlif ölçü, forma, dərcetmə günündən, müxtəlif  qəzet səhifəsindən istifadə edin;

·        Qəzetin içinə qoyulmuş pulsuz əlavələr, məsələn, bukletlər  haqqında düşünün. Onlar populyardır və düşündüyünüzdən ucuz başa gəlir, amma çox effektivdir;

·        Reklamı rəngli edin. Qırmızı, göy və qəhvəyi rənglər yararlıdır. Reklam çox kiçikdirsə, onu rəngli verməyə dəyməz. Çünki qarmaqarışıq bir şey yaranacaq. Yox, əgər ölçüsü münasibdirsə, onda rəngli reklama cəhd etmək olar;

·        Optimal reklam təklif və ölçü ilə müəyyənləşənə qədər müxtəlif nəşrlərdə bir neçə reklam növünü yerləşdirin;

·        Yeni qəzetlərlə ehtiyatlı olun. Onlar özlərini göstərənə qədər gözləyin;

·        Reklamınızı qəzetin əsas hissəsində, qatlama yerindən yuxarıda, sağ tərəfdə yerləşdirmək üçün mümkün hər şeyi edin. Sadəcə, xahiş  kifayət etməz. Ola bilsin ki, şəxsən gedib xahiş etməli olasınız. Təslim olmayın, təkid edin;

·        Çap üçün çox uzun mətn materialından istifadə etməyə qorxmayın. O, jurnal üçün daha yararlı olsa da, bir çox qəzet reklam nəşrləri də ondan istifadə edir;

·        Əgər reklamınız biznes adamları üçün nəzərdə tutulubsa, onu maliyyəyə həsr edilmiş qəzetlərdə yerləşdirin. Əgər siz evdar qadınlar üçün xidmətlər və ərzaq reklamı edirsinizsə, onda onu qadınlar üçün olan səhifələrdə yerləşdirmək daha yaxşı olar. Ərzaq və qidanın reklamı üçün xüsusi səhifələr var. Astrologiya səhifəsi, adətən, əksər insanlar tərəfindən oxunur. Lakin, ümumiyyətlə, reklam üçün xəbərlər bölməsi daha yaxşıdır;

·        Rəqiblərinizin reklamını, xüsusilə də təkliflərini öyrənin. Sizin reklamınız daha inandırıcı, qısa, xoş, seçilən, ən yaxşı olmalıdır;

·        Reklametmənin nəticələrini diqqətlə qeyd edin. Reklamdan sonra sizin mal və xidmətinizə tələbat nə kimi artıb, bunu mütləq bilməlisiniz. Qeydiyyat aparmasanız, sınamaların heç bir əhəmiyyəti olmayacaq;

·        Sizin reklam mütləq sizin ehtimal edilən bazarınıza müvafiq olmalıdır;

·        Sizin reklam sizin əmtəə və ya xidmətə mütləq müvafiq gəlməlidir;

·        Sizin reklam onu dərc etdirdiyiniz qəzetə mütləq müvafiq olmalıdır;

·        Qısa sözlərdən, qısa cümlələrədən, qısa abzaslardan istifadə etməyə çalışın;

·        Ünvanınızı təkcə kupon üzərində yerləşdirməyin. Əgər siz kupondan istifadə edirsinizsə, ünvanınız həm kuponun üzərində, həm də yenə haradasa olmalıdır ki, kupon kəsilib götürüldükdə ünvan qalsın.

·        Qəzetdə yaxşı əks olunacaq fotoşəkil və illüstrasiyalardan istifadə edin;

·        Kompaniyanızın adını həmişə reklamın hansısa aşağı hissəsində yerləşdirin. Gözləməyin ki, alıcılar kompaniyanın adına materialın özündə, sərlövhəsində məhsulun və ya mağazanın şəklində fikir verəcəklər. Hərçənd ki, kompaniyanın adını çox vaxt başlığa və ya, ən azı, yarımbaşlığa yerləşdirmək pis deyil;

·        Reklamda hər hansı müasirbir şeyi xatırladın. Unutmayın ki, qəzetlər xəbərlərə görə oxunur. Ona görə, əsas ideya yeniliklərlə bağlı olmalıdır, əgər bu mümkündürsə;

·        Bütün müştərilərinizdən sizin haqqınızda haradan eşitdiklərini soruşun. Əgər qəzetin adı çəkilmirsə, birbaşa soruşun: «Qəzetdə reklamımızı görmüsünzmü?» Müştərinin reaksiyası sizin üçün çox vacib olacaq.

                                     

“Ədəbiyyat və incəsənət”

(04.07.2024)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün proza vaxtıdır, sizlərə Ayişə Nəbinin “Relsə bağlanan çoban” sənədli hekayəsi təqdim edilir.

 

 

Düzün-dünyanın genişliyidar gələr, bu genişlikdə balaca bir yurd axtararsan, sığınasan.

Qoyunlarının doymaz qarnını doyurmaq üçün yaxşı bir otlaq axtararsan. Qoyun da qoyundur da, ağzını atdığı yerdə yaşıl ot gördüsə, başını qaldırmaz, otlaya-otlaya düz ağzı boza dirənənə qədər gedər. Sabahdan axşama qədər otlayar, doymaz.

Çoban Novruz gərməşov çomağına dirsəklənib qoyunlara baxa-baxa fikrə getmişdi. Gözü uzaqlara baxsa da, heç o dağları, xışıldayan yarpaqları, payıza üz  tutan rüzgarı görmürdü, ürəyində dünyanın min bir dərdli gərdişini götür-qoy edirdi. İllərdir çobandır, bu çöllər, bu dağlar, bu yerlər onun ayağının izini yaxşı tanıyırdı.Ancaq o bunun fərqində deyildi, buna bir anlam da vermirdi. “Ömürdür də verilib, mən də yaşayıram. Vaxtında dədəmin-anamın sözünə baxıb oxumadım, yəni heç oxutmadılar da, bir sürü qoyunu qatdılar qabağıma ki, get otar, çörəyini qazan”.

Fikrə dalsa da, bu qədər fikrin içində heç vaxt ağlına gəlmirdi ki, birdən bu qoyunun hamısı mənim olsa, bir belə qoyunum olsa, neylərəm. Yox, bu onun ağlına gəlmirdi, bir belə qoyunun olmağını heç istəmirdi də. Neynirdi axı. Gözü tox sovet uşaqlığı yaşamışdı. Var-dövlət istəmək ayıbdır, birdən eşidən-bilən olar ki, mən var-dövlət istəyirəm, biabır olaram. Elə sovetin qoyduğu plan bəsimdir. Beş-altı qoyun, üç-dörd keçi, iki baş da inək. Düz eləyib, nəyə lazımdır sürüylə qoyun, mal-heyvan, dolanışığın olsun, bəsindir. Otur kasıblığını elə də, təki canın sağ olsun. – Özündən məmnun halda bunları düşünürdü. Başqa bir həyat olduğunu, bütün peyğəmbərlərin əvvəl çoban olduqlarını, var-dövlətli insanların daha gözəl bir həyat yaşadıqlarını düşünmürdü, bu barədə təsəvvürü də yox idi. Başını salıb aşağı öz dərdi, azarı ilə məşğul olub dolanırdı. Pis də dolanmırdı. Ayda bir dəfə çobanlıqdan istefa verib qoyunu örüşə aparmırdı, camaat “yenə Novruzun ayı çıxdı” deyər, bir-iki adam minnətə gedər, yola gətirib yenə də qoyunları Novruzun qabağına qatıb otardardılar.Ayda bir dəfə də kənd camaatından aylığını yığardı.

Bir dəfə də bizə gəldiyi yadımdadır. Çox soyuq və qara buludlu bir gün idi, yəqin ki, belə havada qoyunları çölə buraxmamışdılar. Hələ məktəbə getmədiyim vaxtlar idi. Soyuq olduğundan hamımız bir otağa yığışmışdıq. Mən raskladuşkada yatmışdım, səsə gözümü açdım, bir adama xoş gəldin deyib içəri çağırırdılar. Başımı qaldırıb gördüm çobandır, yenidən başımı bürüyüb yatdım, uşaq ağlıyla məni niyə qaldırmayıblar deyə, bir az acıqlandım da. Bizimkilər qonağı içəri gətirib oturtdular süfrədə, atamla anam səhər yeməyini təzəcə yemişdilər. Anam tez odun sobasının üstündəki qaynar çaydandançay süzüb çobanın qabağına qoydu, “booy, ay Novruz, soyuqdan gəlibsən, isti-isti iç” dedi. Mən də başım bürüklü halda öz-özümə adam gəlmədən durardım gərək, deyir, amma durmuram. Yox, bizimkilər hələ yemək də təklif edəcəklər, bilirəm, adətləridir. Anam əl-ayağa düşdü, tələsik üç-dörd yumurtanın qayğanağı eləyib gətirdi. Səhərin dadsız havasına sarı yağla qayğanağın bir gözəl ətriqarışdı ki. Qayğanaq gələnə qədər atam qoyun başına bir manatdan çobanın aylığını vermiş, o da pulu götürüb, sayıb cibinə qoymuşdu. Yemək gələndə çoban bir az duruxdu, yeməyə başlamadan: Ay bacı, əlimi pula vurdum, əlüzyuyan hardadır, əlimi yuyum – dedi. Bu an atamla anam bir-birlərinə baxdılar, çobandan bu hərəkəti gözləmirdilər. Birinci pulu saymağı qəribə gəlmişdi onlara, heç vaxt müəllimin verdiyi pulu heç kim saymazdı, müəllim etibarlı adam idi, bir də pula vurduğu üçün əlini yumağı.

Çoban əlini yuyub qayğanağını yedi, getdi.

Sentyabrın əvvəlləri idi, yağışdan sonra quruyan otların dibindən gömgöy alısın qalxmışdı. Çöllər yaz ağzı kimi yamyaşıl idi. Çoban heç vaxt bu tərəflərə, Ağstafa çayının o tayına gətirməzdi sürünü. Həmişə çayın bu tayında, kəndin həndəvərində otarardı, bura gəlmək üçün gərək körpüdən keçəsən, həm də qoyun tütünə düşür, tütünün dibindən qalxan otları yemək üçün tütünü ayaqlayırdı. Ona görə buralara gətirmirdi. Üzü yuxarı baxanda Şinkarın meşəsi, bu yanda Kartoflu bulağı, belə baxanda Çeranus idi. Aşağı baxanda bu tayda Taxtada həmişə tütünçülər olardı, amma indi heç kim gözə dəymirdi. Bu vaxtlar buralarda işçilər qaynaşardı, Çeranusda tütün bağı asıb qurudanlar, Taxtada tütün yığanlar, ferma işçiləri olardı. Meşəlikdən talaya çıxıb o yan-bu yana boylandı, heç kim görünmürdü. Kimsəsizliyə öyrəşmiş çobanın bu sakitlik və adamsızlıqdan birdən dalağı sancdı. Öz-özünə çox uzaqlaşmayım, zamana o zamana deyil, dedi. Sonra da nədən qorxacam, kül erməninin başına, qabağıma çıxan olsa, bu gərməşov çomağımla təpəsinə elə endirərəm ki, elə yerində qalar. Ağlına gələn bu fikirdən ürəklənib qoyunu bir az da yuxarı yaydı. Dəmiryolu xəttini bayaqdan keçmişdi. Son illərdə burada dəmiryolu xətti çəkənlər də olurdu, əməlli şennik idi, ancaq indi dəmiryolu çəkilib qurtardı, Bakı-İrəvan dəmir yolunun açılışı da oldu. Sonra niyəsə qatar işləmədi, elə gündə bir dəfə yük qatarı keçir, bir də yol işçiləri drezenlə gedib-gəlirlər, vəssəlam.

Ermənilərin araqarışdıranlıqları başlayandan adam bir az üşürgələnir, düzdü, qorxaq millətdi, heç nə qələti eləyə bilməzlər, amma yenə də bilmək olmaz, təkliyə düşəndə hər qələti elərlər, buna erməni deyiblər, azmı görmüşük elədiklərini. Çoban Novruz  bu fikirlərlə qoyunu ohalayıb otun gur yerinə çəkdi. Qoy otlasınlar, dedi, erməni-zad vecimə deyil.

Ətrafda quş belə uçmurdu. Çöl adamı çölü bilirdi, çölü səsindən, bəzən də səssizliyindən tanıyırdı, hardan hansı səs gəlsə, nə deməkdir, nə işarədir, duyuq düşürdü. Amma bu gün Novruzun bütün hissiyyatı qapanmışdı. İndiyə kimi heç qorxu hiss etməmişdi. Ömrü boyu biyabanda, çöllərdə olmuşdu. Bir dəfə yenə bir kəndçisinə acıq eləyib sürünü çöldə buraxıb gəlmişdi. Qoyun-keçi dağılıb püsərəng olmuşdu. Kəndə xəbər yayıldı ki, yenə Novruzun ayı çıxıb, sürüyü buraxıb gedib. Camaat meşələrə, çöllərə düşüb hərə öz qoyununu, keçisini axtardı, tapan tapdı, tapmayan da qurda-quşa yem oldu, deyib əlini üzdü. Sonra Novruz ağlına nə gəldisə, təzədən qayıdıb meşələrdə camaatın qoyun-keçisini axtardı, o gün axşamdan keçmiş, hava qaralıb lap zinrikləşənə qədər gəzdi.Neçə qoyunun cəsədini tapdı, neçəsini gördü canavar parçalayıb, neçəsini ağacların dibində yaralı tapdı. Yaralı qoyunlar üç bir-beş bir bir-birinə qısılıb yazıq-yazıq can verirdilər. Heç onda gecə vaxtı da qorxmamışdı ki, gecədi, çöldü, meşədi, erməninin qulağının dibidi, azan-təzən olar, o qədər namərd erməni var ki, qabağıma çıxsa, neylərəm. Yox, dünyanın düz vaxtı, qocaların dediyi kimi, sovetin qılıncının dalı da, qabağı da kəsən vaxt idi, bəlkə, ona görə qorxmamışdı ki, erməni kimdi ki, ona nəsə eləsin. Bizdə də it-qurd, azan-təzən deyəndə ayıdan-canavardan qorxmazdılar, it-qurd deyildimi, hamı bilirdi ki, söhbət ermənidən gedir.

Novruz fikrə dalmışdı, qulağına motor səsi gəldi, bir az səsin səmtini tutub baxdı, aralıdan relsin üstü ilə gələnlokomotivi gördü. Stansiya sayılan yerdə işçilər düşüb relsləri qurdaladı, ora-bura baxdılar, sonra yolllarına davam etdilər.

         Novruz onları baxışları ilə qarşılayıb yola saldı. Qoyunları qatar yolundan keçirib üzüyuxarı yaydı. Haylayıb bir az da meşənin içinə yeritdi. Özü də irəli gedib ­­­­Kartoflunun başında çöməldi, matarasında qalan bayaqkı suyun dibini boşaldıb təzəsini doldurdu, başına çəkib bir az içdi, sonra matarasının başını bir də doldurub torbasına qoydu. Burda bir az oturdu, elə bilnəyəsə dəyərlənmişdi, kövrəlmişdi, görən, bu işlərin axırı noolacaq deyə qara-qara düşünürdü. Gül kimi yaşayırdıq. Bu erməni köpəyuşağı qınından çıxmasaydı, min il də belə yaşardıq. Erməni də ki, qınından çıxdısa, ya qan tökəcək, ya qanı töküləcək. Qanları dolub yenə, axmasa, dincəlməyəcəklər. Kənddə bir həyəcan var, hər gün bir xəbər gəlir, hər axşam erməni hücum edəcəkmi deyə, səksəkə ilə yatırıq, çünki ordan-burdan eşitdiyimiz hadisələr bu nanəciblərin sinsilik etdiklərini, altdan-altdan iş gördüklərini deyir. Düzdür, cavanlar kəndi qoruyurlar, ancaq üç-beş adam ov tüfəngi, finkayla, bıçaqla nə qədər qoruyacaq bu it xılından.

Ürəyindəki narahatlıq bir yana, çoban oturduğu yerdə  bir az qurcalanıb arxasını bulağın üstündəki iri palıda verib bir hovur dincəlmək istədi. Qoyunlar da əmin-arxayın yayılıb, bir az gözümün acısını alım, çimir eləyim, – dedi. Palıdın qalın yarpaqları payıza döndüyündən suyu çəkilib ağırlaşmışdı, bir az sərt xışıldayırdı. Bu onun qulağını dırmalasa da, fikir vermədi, sanki uzaqdan gələn soyuğun üşütməsi keçdi canından,irpəndi, sonra özünü topladı, deyəsən, meşədə kimsəsizlikdə eyməndin ha, deyə, özünü qınadı. Yox, bu, eymənmək deyildi, sanki bir qara yuxu basırdı onu və bu qara yuxunun içində də bir qara ağırlıq çökürdü canına. Günün bu vaxtı bu nə yuxudur, deyə, özünü danmaq istəsə də, ağaca söykənib üstünə gələn ağırlığa təslim oldu, gözləri yumuldu.

Çoban balacaydı, quzu otarırdı. Quzu otarmaq uşaqlar üçün elə oynamaq bəhanəsi idi. Məhlənin uşaqları yığışıb çilingağac oynayırdı. Başları oyuna qarışanda quzu otlaya-otlaya baş alıb getdi. Birdən kəndə hay düşdü ki, quzular itib, uşaqlar quzuları buraxıblar. Anası təpənin başından hikkəylə çağırdı, – Ay Noyruz, ay Noyruz, a dalın yansın, a qara vurğunnu, ə quzuyu neylədin, quzu yoxdu?

         Novruz tələsik əlindəki ağacı tullayıb qaradalaq üzü aşağı qaçdı ki, gedib quzuları tapsın. Anasının hələ də dalınca qarğayan, çağıran bayaqkı səsi qulağında əks-səda verirdi. Anası çağırmasa belə, bayaqkı hikkəli səsi qarşı qayaya çırpılıb qayıtdığından Novruzun qulağına şapalaq kimi dəymişdi, beyninin içinə işləmişdi. O üzüaşağı qaçdıqca səs beyninə daha da işləyir, daha da dərindən yüksəlirdi. Özü də bilmirdi ki, niyə üzüaşağı qaçırdı, quzular, bəlkə, heç o tərəfə getməyib, bəlkə, Ağtapdadı, bəlkə, İvananın düzünə səpələnib, bəlkə, Sarımsaqlı təpəyə qaçıb. Bilmirdi, eləcə qaranəfəs gedirdi. Qəbristanı keçdi, heç Vəliöyünün dərəsinə də baxmadı, bəlkə quzu ora su içməyə enib, yox, üz tutub qaçırdı. Məhəmməd yolqayırana çatıb, tək dağdağanın yanından burulub hara tərəf gedim, deyəndə bomboz yolda ayağı daşa ilişib yıxıldı. Özü də bilirdi ki, quzular heç vaxt kənddən belə uzaqlaşmaz, ancaq onu nəsə bir hiss kənddən uzaqlara aparırdı. Birdən yenə anasının səsini eşitdi, hara qaçırsan, ay bəduğur, quzu hardadır, sən hara gedirsən? Yıxıldığı yerdə üzünü torpaqdan qaldırmadan ətrafa baxdı, doğrudan da, hara gedirdi, durum qayıdım deyə tərpənmək, qalxmaq istədi. Başını qaldırdı, sağa baxdı Qaraməmmədli dərəsi, sola baxdı İsti dərə idi.Ortadan yol gedirdi, bir az aşağıda Ağ yolu keçəndə köhnə qəbristandı, orda köhnə künbəz vardı, o qədər oynamışdı ki o künbəzin yanında, ancaq içinə girə bilməmişdi, içəri girməyə bütün uşaqlar qorxurdular. Özünü künbəzin içində gördü bir anda. Mən bu künbəzin içinə necə gəlib düşdüm.– Ayyyy anaaa, – deyə qışdırdı var gücüylə. Ancaq səsi qırıldı, cırcırama kimi aaaa deyə alçaq bir səs çıxara bildi. Başını torpağa qoydu, bir üzü torpaqda, obir üzünə dəyən havadan sağ olduğunu hiss etdi, başını qaldırmaq istədi, künbəzin içi qaranlıq idi. Axı gündüzdür hələ, bura niyə qaranlıqdır. Künbəzin pəncərəsi yoxdur axı, deyə düşündü.Yox, bir neçə balaca pəncərəsi var, ordan içəri işıq düşürdü. Çünki biz o bala pəncərə kimi yerdən içəri baxırdıq ki, görək orda nə var. Bəs mən niyə qaranlıqdayam?

Anlamırdı. Qalxmağa çalışdı. Durub oturdu. Başına ağır bir şey dəydi, deyəsən başımı künbəzin divarına vurdum dedi. Sonra başının bu tərəfinə də eyni zərbə  dəydi. Mən niyə başımı divara vururam ki, –dedi öz-özünə. Qaranlığın içində yer aşağı çökdü sanki, o daha da qaranlığa batdı. Birdən ilan vuran kimi sıçradı. İki əlini üzünə çəkib yuxudan oyanan adamların etdiyi kimi, sanki özünü oyandırmağa çalışdı. Oyandı. Ətraf işıq idi. Başının üstündə üç nəfər durmuşdu, ona təpik vururdular. Başı künbəzin divarına dəymirmiş, yox, adamın təpiyi imiş başına dəyən. Hər iki tərəfdən dəyən zərbədən başı ağrıyırdı. Üç nəfər qarşısında durub nəsə deyirdi. Siluetlər gah birləşir, gah aralanırdılar. Adamdırmı, qarabasmadırmı? Dərk edəmmədi.

         Fikrini topladı. Səslər bir-birinə qarışırdı. Siliuetlər bir az aydınlandı. Üç nəfər qarşısında idi, biri də səslənə-səslənəarxadan gəlirdi. Qoyunlar dağılışmış, orda burda mələşirdilər. Kartoflu bulağın başında duran 3-4 qoyun çaşqınlıqla ona baxırdı.

Çoban neyləməli olduğuna bir anda qərar verə bilmədi. Çomağına güvəndi, qaldırıb təpələrini əzim dedi içində. Elə bu vaxt bunların ermənicə danışdığını, erməni olduqlarını bildi, yuxuda düşdüyü qaranlığı bir anda anladı. Eşitdiyi kobud səs onu daha ayıltdı, səs:

– Çoban, ay çoban, bu qoyunları biza ver, – dedi.

Çoban cavab verdi:

–Qoyunlar mənim deyil, verə bilmərəm.

–Necə sənin deyil, görürük ki, sənindir.

–Yox, mən çobanam, otarıram, qoyunlar kolxozundur.

–Nə olsun, biz də kolxozun adamıyıq, gətir kəsək, kabab edək.

–Nə danışırsınız, kolxoz malını kəsmək olmaz, məndən alarlar sonra.

–Sonra alarlar, düz deyirsən. Sonra səni tapsalar, alarlar, – biri kinayə elədi, arsızca gülüşdülər.

Bu yerdə o biri irəli yeriyib çobanın yaxasından tutmaq istəyəndə Çoban əlindəki çomaqla qarşısındakının təpəsinə vurdu. O, ayı kimi böyürdü: –Ara, sən mənim kəndimdə məni vurursan, – deyə kobudca söydü. Çoban:

–Sənin deyil, mənim kəndimdir bura, – deyib özünü müdafiə etdi. Aralarında əlbəyaxa vuruşma başladı. Çoban bu azğınları qorxutmaq üçün, – axşam milisə şikayət edəcəm, siz kolxoz malını ələ keçirmək istəyirsiniz? – deyəndə  ermənilər yenə gülüşdülər:

–Bu hələ axşama qədər yaşamaq istəyir e, tutun bunun əl-qolunu bağlayaq. Türkə bax ha, gəlib burda bizə meydan oxuyur.

Dördü də birdən irəli yeriyib hərəsi bir-iki yumruq-təpik vurub yaşlı çobanı yerə yıxdılar. Ağaca meyillənən çobanı dartıb ağacdan araladılar. Çoban arxasını palıda söykədiyindən bunlara doy gələcəyinə arxayın idi. Amma bunlar onu ağacdan araladıqda çoban dayanaqsız qaldı, onu çevrələdilər. Əvvəl yüngül hərəkətlər, sözlərlə lağa qoyub onu sındırmaq istədilər. Bu çobana ağır gəldi, yenə çomağını qaldırıb qarşısındakına vurmaq istəyəndə arxadakı erməni daşla başına vurdu. Qan şoralanan başını tutanda digəri təpiklə vuranda çobanın dizi qatlandı. Yerə yıxılmağa qoymadan havadaca hərəsi bir yandan üstünə düşüb o ki, var vurdular. Başına çomaq dəyən erməni başındakı qanı əli ilə silib Çobana, – sən mənim qanımı tökdün, hə, indi gör, mən sənin qanını necə tökəcəm, – deyib yanıdı. Döyülməkdən heydən düşən çobanın hərəsi bir yandan qamarlayıb düz bayaq lokomotivin keçdiyi dəmiryolunun yaxınlığında yerə atdılar. Aralarında öz dillərində nəsə qırıldaşdılar. Döyülməkdən heyi qalmasa da çoban ayağa qalxmağa çalışır, əl-qol atır, yerdən daş-ağac tapıb onların başına atırdı. Cibindəki bıçağını çıxarıb gizlicə erməniyə saplamağa çalışanda qarşısındakı erməni gördü, bıçağı alıb onun qarnına soxacaqlar zənn etdi, amma onlar gülüşüb, – bu bıçaqla biz qoyun kəsəcəyik, sənin kolxozunun qoyununu kabablayıb ləzzətlə yeyəcəyik, deyəndə çoban elə bildi, onu buraxacaq, qoyunları aparacaqlar. Odur ki,– yox, eləməyin, – deyərkən onlar daha da qızışır, onun hər yerinə vurur, qalxmağa aman vermirdilər.

Sonra erməninin ən qəddarı, ən çox vuranı, bıçağı alıb qırağa atan yerdən götürdüyü, bayaqdan sığallayıb hamarladığı məftili göstərib, –buna bax, ə, a türk, gör bu necədir, gedər, yaraşarmı sənə? – deyərək ədalı səslə dedi. Onların nə etmək istədiklərini kəsdirəmməyən Çoban əvvəl dinmədi, vaxt qazanıb nə etmək istədiklərini anlamağa çalışdı. O birisi, –yaraşar, yaraşar, – deyib məftili onun əlindən alıb Çobanın ayağının birinə bağladı. Çoban ayağını dartsa da, əl-qol atıb erməniləri vursa da, özünü çəkib çabalasa da öz ayağını bu iki kinli ermənininəlindən qurtara bilmədi. Onlar məftili onun bir ayağına bərkcə sarıdılar.Eyni zamanda ermənilər öz aralarında türklərə söyə-söyə zarafatlaşaraq, gülüşərək, qəhrəmanlıq ədası ilə Çobanın ayağına bağlanmış məftildən tutub dartdılar, itələyib arxası üstə yıxdıqları Çobanı yerində fırlatdılar. Çoban əbədəyə düşmüş at kimi çabalayır, böyrü üstə dönüb qalxmağa çalışırdı, ancaq o biri erməni də köməyə gəlib ikisi birgə dartıb sürətlə fırlatdıqlarından Çoban özünü tarazlayıb çevrilə, qalxa bilmirdi. Digər ikisi də baxıb gülüşür, yüksək və arsız  səslə nəsə deyirdilər. Yerdə otlar əzilib iri bir dairə cızmışdı, sonra nə düşündüsə erməni məftili dartaraq üzü yuxarı çəkdi. Çoban dartınır, getmək istəmirdi.Ancaq onun iki yekəpər kinli erməniyə gücü çatmırdı, onlar ikisi birgə dartdıqları məftillə Çobanı dəmiryol relslərinə çəkdilər. Çoban qışqırdı, bağırdı, o da söydü, hədələdi, yaxında ola biləcək ağlına gələn adları çağırdı. Amma onun bütün cəhədləri boşa çıxırdı, nə səsinə səs verən vardı, nə harayına gələn, nə də bu ermənilərə Allah insaf verirdi.Aralarındakı çarpışma bir xeyli davam etdi, çoban dörd nəfərlə vuruşmaqdan yorğun düşsə də, yaşamaq eşqi güc gəlir, məğlub olmaq istəmir, dirənməyə, məftildən və ermənilərin əlindən qurtulmağa çalışırdı. Amma olmurdu, qurtula bilmirdi. Ermənilər onu lap relsin yaxınlığına qədər sürüyüb gətirmişdilər. Ayağını məftil kəsib qanatmışdı. Arxaya baxan olsa, yaşıl otların üstünə damlayan qanın qırmızılığını görər, yaşılın üstündə qırmızı çiçək açdığını zənn edərdi.

Zaman o zaman, an o an deyildi. Yuxudakı qaranlığın yaxınlaşdığı an idi.

Erməni, çobanın ayağına bağladığı məftili dartaraq relsin yanında yerə çölkdü. Çobanın çırpındığına, ağzına tıxanan əski parçasının ardından zorla eşidilən boğruq bağırtıya fikir vermədən məftili relsə bağladı. Çoban gücü çatdığınca başını qaldırıb özünü geri dartmağa çalışırdı. Bunu görən erməninin biri onun başını yerə endirib  dizi ilə basdırdı. İstəsəydi çobanı elə vurardı ki, huşunu ititrərdi, amma bunu istəmirdilər, bütün faciəni gözü görə-görə yaşasın istəyirdilər. Çobanın iki ayağını relsə bağladılar. Əllərinin birini bağlayıb birini açıq qoydular. Amma elə elədilər ki, açıq əli bağlıya çatmırdı. Çoban çarmıxa çəkilmiş kimi qalmışdı. Ağzındakı kirli əski səsini də çıxmağa qoymurdu.

Ermənilər bağlayıb kənara çəkildilər, kənardan çobanın çarəsiz vəziyyətinə baxıb öz dillərdində danışır, gülüşürdülər. Sonra yenə nəsə deyib rədd oldular.

Çoban relsin kənarında xırlıqda uzanmışdı. Başı yerdəydi və uzaqlaşan ermənilərin ayaq tappıltıları yerdən qulaqlarına çatırdı. Bir azdan bu tappıltı da kəsildi. Başını çevirdi. Dağın ardında enməkdə olan günəş gözünə vurdu. Gözü qamaşdı. Fikirləri qarışdı. Görəsən, qatar gəlməz ki? Düşündü. Birdən gəlsə. Düşüncəsi qırıldı. Gözünü yumdu. Qoyunlar görəsən necə oldu? Qoyun hayıdır, yenə düşündü.

Neyləsin? Ağzındakı əskinin pis dadı ürəyini bulandırırdı.A rtıq ona da fikir vermirdi Allahı, bəndəni köməyə çağırdı ürəyində. Beləcə nə qədər qaldı bilmədi. Bir də başını döndərib gözünü açanda artıq gün əyilmişdi. Başına dolanan cücülər seyrəlmişdi. Başının altında əzilən otlardan yaşıllıq iyisi vururdu. Bu qoxudan bir dinclik gəldi canına. Xeyli belə qaldı. Çarə axtarırdı. Nə çabalamaq, nə özünü ora bura vurmaq fayda verməmişdi. Bütün çarələr tükənəndə adam sonsuzluğa üz tutub Allahım, sən nə istərsən, o olur, deyər, özünü Allaha əmanət edər.

Vaxt getdimi, getmədimi, fərqində deyildi. Canında axşamın dar vaxtının sııxıntısı vardı. Elə bu vaxt qulağına yeri silkələyən taqqıltı gəldi. Aramlı bir taqqıltı idi. Qatar səsi kimi. Aman, Allah, yoxsa qatar? Taqqıltı yaxınlaşır, yaxınlaşır, yaxınlaşır....

Çoban dartınır, dartınır, dartınır. Məftil ayaq topuqlarını qanadır, ağrıya fikir də vermir, dartınır, əllərinin məftilni qoparmağa çalışır. Alınmır. Olmur olmur. Relsdən qopa bilmir, qopa bilmir, qopmur. Səs lap yaxınlaşır. Qorxu. Səs qorxuya çevrilir.

Ağlı səslə qorxu arasında sıxılır.

Dişlərini sıxır. Sıxa bilmir. Kirli əski dişlərinin araında acı dad verir.

Qatar yaxınlaşır.

Gözünü açıb günəşə baxmaq istəyir. Gün dağların dalında görünmür.

Üşürgələndi.

Bütün bədənini bir cərəyan titrətdi. Bədəni spiral kikmi yığılıb açıldı bir də yığıldı.

Qatar lap gözünün qabağındadır.

Taqqıltı güclənib qulaqlarını deşir artıq eşidə bilmir.

Qatar gözünə girir. Qatar ayağına toxunur. Qatar. Qatar ayağını əzir. Qatar bədənini əzir.

Qatar qatar qatar...

Qaranlıq.

Hər yan qaranlıq...

Yoxdur... Heç nə...

Relsdən aralı düşən baş hələ də hiss edir. Hədəqədən çıxan gözlər yuvasında fırlanır, görmür....

Başın hiss etdiyi ağrı azalır, azalır. Yoxluğa keçir... Bədən yoxdur, parça parçadır tikə tikədir qol ayaq baş hərəsi bir yandadır.

Əzilən bədən relsdən aşağı düşüb, relsdə məftilə bağlı ayaq qalıb.

Gecə kənddə sakitlikdir. Çoban evə gəlməyib. Bəlkə qoyunu... Qoyunları...itirib...bəlkə...bəlkə...

Hərə bir söz dedi.

Sabah oldu. Kəndin Bəhlul Danəndəsini çağırdılar. Həmin yerə getdilər. Çobanın hisələrini yığdılar, ələ gələn parçaları tikib adam formasına saldılar. İcevan xəstəxanasına morqa apardılar. Morqda, “çoban dəmir yolunu keçərkən ayağı relsə ilişib, yıxılıb qatarın altında qalıb ölüb” yazdılar ölüm kağızına.

Ölüm səbəbi dağda daşda quş kimi səkən çobanın relsi adlayammaması oldu. Kİmsə erməni vəhşiliyidir deyə bilmədi.

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2024)

 

 

 

 

 

 

 

 

 

Cümə axşamı, 04 İyul 2024 11:46

BİR SUAL, BİR CAVAB Əkbər Qoşalı ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

“Zərrəcə tamahım yoxdur bu dünyanın varına,

Ruzimi verən Xudadır, qula minnət eyləməm”. 

(Nəsimi)

Əkbər bəy, heç olub ki, "tamahına əsir düşənlərə" şair qələminizlə təsir göstərib əsirlikdən azad etmisiniz?

 

CAVAB

Ah, Əbülfəzqızı, ah! A günü ağ olmuş, tamah əsiri əsirliklərin ən yaramazı, ən buraxmasıdır; siz ordan qələmlə qurtuluş mümkünmü, sanırsız? 

Doğrusu, mən şeirlərimdə bu mövzunu işləməmişəm.

 

Ədəbiyyat və incəsənət”

(04.07.2024)

“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Arda Xaninin  şeirlərini təqdim edir. 

 

 

BU GÜNLƏR

 

Gülüşüm ağacdan tökülən yarpaq,

Pəncərə önündə gözüm yoldadı.

İçimə atdığım neçə xətt şeir,

Bəlkə də hər şeyim qalma-qaldadı!

 

Nə qədər dayansam, nə qədər getsəm,

Yolumu tapmağa həvəs yox daha.

Dağlayıb çox zaman əlimin dalın,

Hər dönə batıram yeni günaha.

 

Gördüyüm bu insan, mənə bənzəmir,

Bu günlər uduram çox sözlərimi.

Gözümü yumanda ölürəm sanki,

Qorxuram bağlayam, aç gözlərimi.

 

Bu günlər görürsən acı çəkirəm,

Beynimdə sevginin gülləsi qalıb.

Üstümə qar yağıb qış, borandayam,

Canımda ölümün çilləsi qalıb.

 

“Ədəbiyyat və incəsənət”

(04.07.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.