Super User

Super User

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) yaydığı xəbər, düzü hamımızı qürurlandırdı. Gəmiçiliyin donanmasına yeni əlavə edilən “Handysize” tipli “Xocalı” gəmisinin ilk səfəri uğurla yekunlaşıb.

 

Xəbərə görə, gəmi Cənubi Koreyanın “Bukpyung” limanından qəbul etdiyi 30800 ton sement yükünü Amerika Birləşmiş Ştatlarının “Portland” limanına çatdırıb, artıq yük gəmidən boşaldılıb.

İyirmi gün davam edən səfər çərçivəsində “Xocalı”, ümumilikdə 8390 kilometr məsafə qət edib.

Bu səfərlə Azərbaycanın gəmiçilik tarixində ilk yaşanıb. Belə ki, “Xocalı” müstəqil Azərbaycan Bayrağı altında ABŞ limanına yan alan ilk gəmi olub.

Qeyd edək ki, “Xocalı” bu ilin mayında Çində istismara verilib. Ümumilikdə, 38593 ton yükgötürmə imkanına malik olan gəminin uzunluğu 180, eni 30, bortunun hündürlüyü 15, suya oturumu 10,47 metr, maksimum sürəti 15,7 knotdur. Suya oturumu maksimum yük götürməklə, onun bir çox dayaz limanlara belə rahatlıqla daxil olmasına şərait yaradır.

“Xocalı” Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri rəhbər tutularaq hazırlanan və ASCO-nun Müşahidə Şurasının qəbul etdiyi Gəmiçiliyin Strateji İnkişaf Proqramı çərçivəsində alınan “Handysize” tipli ilk gəmidir.

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2024)

“Ədəbiyyat və incəsənət” portalının konveyerdən, yaxud sobadan, yaxud ana bətnindən - kim necə istəyirsə elə desin - yeni çıxmış şeirlərdən ibarət ƏN YENİ ŞEİRLƏR rubrikasının növbəti təqdimatı:

 

Nazim Əhmədli

NİYƏ BELƏ SOLMUSAN

 

Niyə belə solmusan,

nə  bət, nə bəniz qalıb;

duman dağa sarılıb,

nə cığır, nə iz qalıb;

 

çıxıb qardan, sazaqdan,

kimsə gəlir uzaqdan;

bax, o sönən ocaqdan,

bircə  ovuc köz qalıb;

 

bulud sökülüb gedib,

yarpaq bükülüb, gedib;

sular çəkilib gedib,

nə çay, nə dəniz qalıb;

 

düşünürəm, bayaqdan,

nə vardanam, nə yoxdan;

fələk ölübdü, çoxdan,

yerində kəniz qalıb;

 

hamı dərdlə əlləşər,

hərəyə bir pay düşər;

nə gündədi, bu bəşər,

dünya yiyəsiz qalıb.

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2024)

Bazar ertəsi, 08 İyul 2024 13:03

BİR SUAL, BİR CAVAB Təranə Turan Rəhimli ilə

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Təranə xanım, yadımdadır tələbə vaxtı mənə oxumaq üçün ədəbiyyat siyahısı yazdırmışdınız.

İndiki gənc yazarlara hansı kitabları oxumağı tövsiyyə edirsiniz?

 

 CAVAB

Tələbələrimin mütaliə ilə bağlı suallarına həmişə beynimdə hazır siyahı olub. O siyahıya bəzən əlavələr etmişəm, amma əsas yazıçılar və vacib əsərlər daim toxunulmaz qalıb. Bu sualı oxuyanda isə qeyri-ixtiyari bir fraza yadıma düşdü. Xalq yazıçısı Mirzə İbrahimov hələ yaradıcılığa yeni başladığı vaxtlar dövrün görkəmli tənqidçisi Əli Nazimdən yazıçı olmaq üçün hansı kitabları oxumağın vacibliyi haqda soruşur. Əli Nazim  "Get, Lev Tolstoyu oxu" deyir. Təbii ki, mütaliə ədəbi zövq məsələsidir. Hamı eyni əsərləri sevərək oxuya  bilməz. Amma Tolstoy bir başqadır axı. Ümumiyyətlə, dünya ədəbi təcrübəsinin elə şedevrləri var ki, onları qeydsiz-şərtsiz hamı sevir. Mən Viktor Hüqonu, Lev Tolstoyu, Fyodr Dostoyevskini,  Ernest Heminqueyi, Harriet Biçer Stounu, Mişima Yukionu, Onore de Balzakı,  Etel Lilian Voyniçi,  Teodor Drayzeri, Gabriel Qarsia Markesi, Corc Ourelli, Mixail Bulqakovu, Frans Kafkanı, Aleksandr Dümanı... oxumadan yaxşı yazıçı olmağın mümkünlüyünə inanmıram. Əlbəttə, bu siyahı fikrimdəki adların hamısını ehtiva etmir.  Və bu yazıçıların da hər birinin elə əsərləri var ki, onu oxumadan "bu yazıçını tanıyıram" deyə bilməzsən. Məsələn, Tolstoy deyəndə ilk “Hərb və sülh"ün əzəməti,  sonra "Anna Karenina"nın cazibəsi yada düşür. Dostoyevski dünyasının açarı kimi "Cinayət və cəza", sonuncu qapısı kimi "Karamazov qardaşları" cazibəli görünür. Hüqonun "Səfillər"indən başlanan mərhəmət fəlsəfəsi bizi "Paris. Notrdam kilsəsi"nin iç dünyasına çəkib aparır. Mişimanın "Patriot"undakı polad əqidə məsələsi, Markesin "Yüz ilin tənhalığı"ndakı yalqızlıq fəlsəfəsi bəşər tarixi boyunca insana doğma olan ən mübhəm duyğuları anladır. Deyəsən, cavab çox uzun oldu.

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2024)

Azərbaycan Yazıçılar Birliyinin (AYB) nəşri olan “Dünya ədəbiyyatı” dərgisinin yeni sayı bütövlükdə Çeçenistana həsr edilib.

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, bu barədə dərginin baş redaktoru Seyfəddin Hüseynli məlumat verib. Onun bildirdiyinə görə, nəşrin “Çeçenistan” sayında fərqli ədəbi nəsillərə mənsub sanballı imzaların seçmə proza və poeziya nümunələri toplanıb. 

 

Nəşrdə Çeçenistanın tarixinə və bugününə, çeçen dili və ədəbiyyatına dair məqalələr də öz əksini tapıb.

S.Hüseynli qeyd edib ki, AYB-nin beynəlxalq əlaqələr üzrə katibi, şair Səlim Babullaoğlunun rəhbərliyi və təşkilatçılığı ilə gerçəkləşən bu yaradıcılıq layihəsi Azərbaycan-Çeçenistan ədəbi əlaqələrinə böyük töhfədir: “Fikrimcə, dərgimizin “Çeçenistan” sayı çeçen ədəbiyyatının Azərbaycan dilinə sistemli tərcüməsi, bizim ədəbi mühitdə layiqincə tanıdılması yolunda ilk mühüm addım kimi də əlamətdardır!”

Xalq yazıçısı, akademik, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla nəşrdəki “Qafqaz dağlarıtək məğrur çeçen ədəbiyyatı” adlı təqdimat yazısında qeyd edir ki, “Dünya ədəbiyyatı” dərgisinin Çeçenistan ədəbi cameəsinə həsr olunmuş bu sayında təqdim olunan klassik və müasir nümunələrdə çeçen həyatı, xalqın quruculuq və mübarizə tarixi boy göstərir: “Bu yazılarda çeçen xarakteri, xalqın gələnəklərini ortaya qoyan qəhrəmanlıq motivləri, çeçenlərin bugünkü həyatı öz əksini tapıb”. Akademikin fikrincə, “çeçen ədəbiyyatı mənsub olduğu xalqla eyni taleyi yaşayıb, dəfələrlə repressiyalarla üz-üzə qalıb, lakin sınmayıb, tarix səhnəsini tərk etməyib, çətinliklərdən keçərək, sınaqlardan çıxaraq öz bədii mövcudluğunu qoruyub saxlamağı bacarıb, xalqın taleyini, özünəməxsus mədəniyyətini bugünümüzə daşıyıb”.

Şair və tərcüməçi, AYB-nin katibi Səlim Babullaoğlu “Ən vacib mövzularda çeçen ruhu ilə yazmaq...” essesində həm bu sayın ərsəyə gəlməsinə yol açan hadisələr, həm də çeçen xalqının tarixi, ədəbiyyatı və bugünü ilə bağlı düşüncələrini, təəssüratını qələmə alıb. Onun qənaətinə görə, Şimali Qafqaz xalqlarının yeni yazılı ədəbiyyatları sırasına aid edilən hazırkı çeçen ədəbiyyatının tarixi son iki yüz ili əhatə eləsə də, əlverişli olmayan sosial-tarixi şərait üzündən onun yaranması, pərvərişi, sistemli öyrənilməsi əsasən son yüz ildə baş verib: “Hərçənd elə həmin o son yüz il də əsla sadə dövr olmayıb; 3 dəfə “əlifba (ərəb-latın-kiril) islahatı”nın hər bir xalqın dili və ədəbiyyatı üçün yumşaq desək, nə qədər böyük çətinliklər yaratdığını biz azərbaycanlılar pis bilmirik; üstəgəl, bütün bu əlifba dəyişiklikləri məlum tarixi hadisələrin, təlatümlərin, qanlı savaşların, repressiya və təqiblərin, sürgün, terror və vətəndaş qarşıdurmalarının təzahürü olub...”

S.Babullaoğlu essesini Çeçenistanın paytaxtı Qroznıya səfərindən bir xatirə və çeçen xalqının gələcəyinə dair çox mühüm diləklə tamamlayır: “Axşamüstüdür. Mərkəzdə türk ustaların inşa etdiyi 4 minarəli “Çeçenistanın ürəyi” məscidinə tərəf addımlayıram. Görüşdüyüm universitet müəllimlərinin və gənc tələbələrin, gün ərzində üz-üzə gəldiyim insanların elə yol boyu da təkəmseyrək qarşılaşdığım adamlar kimi sarışın, ağbəniz, işıqlı simaları, ağıllı baxışları təkrar-təkrar gözümün önündən keçir və anlayıram ki, Çeçenistan yaralarını sağaldıb, sağaldır. Qoy Allah bu mərd xalqa bir də savaş, qırğın nəsib eləməsin!”

Dərginin bu sayı AYB ilə Çeçenistan Dövlət Pedaqoji Universitetinin əməkdaşlığı çərçivəsində ərsəyə gəlib. Nəşrin hazırlanmasında Çeçenistan DPU-nun rektoru İsmayıl Bayxanovun, əsərlərin tərcüməsi üçün hüquqların təmin olunmasında Çeçenistan Yazıçılar İttifaqının sədri Aləməhəd Yelsayevin xüsusi rolu var. Layihənin koordinator və məsləhətçiləri Tamara Avtayeva və Raisa Buralovadır.

Nəşrin “Proza” bölümündə Səidbəy Arsanov, Xalid Oşayev, Səid Budayev, Məhəmməd-Salah Qadayev, Umar Qaysultanov, İsa Zakriyev, Səid-Həmzət Nunuyev, Musa Əhmədov, Əminət Tapalayeva, Asya Umarova və başqa müəlliflərin yaradıcılığından nümunələr var.

“Poeziya” bölümündə Məryəm İsayeva, Məhəmməd Mamakayev, Nurdin Muzayev, Bilal Səidov, Əhməd Süleymanov, Raisa Əhmədova, Şeyxi Arsanukayev, Yamlixan Xaspoladov, Musbəy Kibiyev, Vahid İtayev, Şahid Rəşidov, Məhəmməd Dikayev, Ömər Yariçev və digər şairlərin əsərləri verilib.

Çeçen poeziyası nümunələri Azərbaycan oxucusuna Səlim Babullaoğlunun tərcüməsində təqdim olunub. Bədii nəsr və ədəbiyyatşünaslıq materiallarını isə Seyfəddin Hüseynli, Azad Yaşar, Dürdanə İbrahimova-Hüseynbəyli, Şəfiqə Şəfa, Səadət Sultan və Həmid Piriyev tərcümə ediblər. 

Mövsur İbrahimovun “Çeçen Respublikası: tarix və çağdaş dövr” məqaləsini S.Hüseynli, Aysa Xalidovun “Çeçenlərin yazı mədəniyyəti: tarixi keçmiş və müasir vəziyyət” yazısını A.Yaşar, Zarema Çukuyevanın “Çeçen ədəbiyyatı: inkişafının əsas mərhələləri və tendensiyaları” məqaləsini Ş.Şəfa çevirib.

Nəşrin bədii tərtibatında Çeçenistanın tanınmış rəssamlarından Məhəmməd Zakriyev və Rüstəm Yaxixanovun təsviri sənət nümunələrindən istifadə olunub.

Dizayneri Emil Camalov, korrektorları Gülzar Vaqifqızı və İbrahim Cəfərov olan dərginin bu sayı “Mücrü” nəşriyyatında çap edilib.

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Buxarda tərəvəzlə bişirilmiş sıf balığının hazırlanma qaydasını təqdim edəcəyik.

 

 

DÜSTUR

§ Balıq – 183 qr

§ Kök – 40 qr

§ Kartof – 50 qr

§ Şirin bibər – 15 qr

§ Acı bibər – 10 qr

§ Gül kələm – 50 qr

§ Qırmızı soğan – 25 qr

§ Cəfəri – 10 qr

§ Dəfnə yarpağı – 1 qr

§ Kərə yağı – 25 qr

§ İstiot (dənəvər) – 0,05 qr

§ Duz – 4 qr

Xörək əlavəsi:

§ limon – 15 qr, nar – 10 qr, narşərab – 5 qr

 

HAZIRLANMASI:

Sıf balığı təmizlənir, yuyulur, onurğa sümüyü çıxarılır, 100 qramlıq tikələrə bölünür. Tərəvəzlər yuyulur, təmizlənir, formalı şəkildə doğranır (daha sonra bişmiş tərəvəzlərdən həm qarnir, həm də bəzək kimi istifadə olunacaq). Bunlar saplıcaya yığılır, duz, istiot, dəfnə yarpağı vurulur, üzə- rinə su əlavə olunur və bişirilir. Hazır olduqda boşqaba yığılır, tərəvəzlərlə bəzənir, üzərinə ərinmiş kərə yağı əlavə olunur. Limon, nar dənəsi, nar-şərabla süfrəyə verilir. Qaynadıqdan sonra vam odda 20-25 dəqiqə bişirilir.

 

Nuş olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2024)

Bazar ertəsi, 08 İyul 2024 14:00

GÜLÜŞ KLUBUnda toyuq və yumurta

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Beyləqanda Üzeyirlə Damlanın birgə konserti sel daşması səbəbindən ləğv edilib. Təbiət yenə də insanlığın müdafiəsinə qalxası olub.

 

2.

Yaxşı toyuğa yumurta mane ola bilməz.

 

3.

Kredit kartları da qədirbilməz imansız insanlar kimidirlər, onlara nə qədər pul qoyursan qoy, yenə də borclu qalacaqsan.

 

4.

-O hansı qurumdur ki, ancaq qaldırır?

-Tarif Şurası.

 

5.

Həyat quş kimidir, uçub gəlir, batırır və uçub gedir. 

 

6.

Keçmişdə nağıllar belə başlayırdı: “Biri vardı, biri yoxdu…”

İndisə nağıllar belə başlayır: “Ekspertlər iddia edir ki…”

 

7.

Əməl adamı ilə Söz adamı qarşılaşırlar. Birinci ortaya əməl qoymaq istəyəndə ikincə söz-söhbətlə onun əlini-qolunu işdən soyudur.

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2024)

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik Qiraətdə bu gün yenə də Əlizadə Nuridir, bu dəfə “Qoca” şeiri ilə. 

“Mənim ümidlərim qocalıb daha,

Qoca adam kimi əsir əlləri...” -deyir şair. 

Gözəl poetik bənzətmədir, deyilmi? 

Xoş mütaliələr!

 

Mənim  ümidlərim  qocalıb daha,

Qoca adam kimi əsir əlləri...

 

Gözlərim qocalıb bəbəyiməcən,

Qocalıb gözümdə göz yaşlarım da.

 

Bəlkə göy üzü də qocalıb elə-

Min ildi göylərdən eyni ay baxır...

 

Qocalıb anamın nağılları da-

Alma ağacı da göydə qocalıb.

 

Qocalıb əynimdə bu qara pencək,

Şəklim də qocalıb ev albomunda.

 

Tutub əllərindən qoca arzumun,

“Qocalar evi”nə aparam gərək.

 

...Saqi, qədəhlərə qoca şərab süz

İçək sağlığına bu cavan qəmin...

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2024)

“XAN” nəşriyyatında yazıçı Əlibala Məhərrəmzadənin “Atabəylər: Şəmsəddin Eldəniz” kitabı işıq üzü görüb. 

“Ədəbiyyat və incəsənət” portalına müəllifin verdiyi açıqlamaya görə, kitabda XII əsrdə baş vermiş və indiyə kimi elə də işıqlandırılmamış tarixi hadisələrdən bəhs edilir.

 

Roman Atabəy Şəmsəddin Eldənizin uşaqlığından başlayaraq Naxçıvandakı idarəçilik dönəminə qədər başına gələnləri, eyni zamanda, həmin dövrün ictimai-siyasi mühitini işıqlandırır, tarixi şəxsiyyətlərin, o cümlədən də Möminə Xatunun görünən və görünməyən tərəflərini oxucuya çatdırır.

Əsərdə obrazlı dillə batinilər təriqətinin törətdiyi sui-qəsd və basqınlardan, bunların Azərbaycan tarixinə təsirindən də danışılır.

Bundan başqa, saray çəkişmələri, eləcə də Səlcuqlu dövlətinin zəifləməsi fonunda idarəçiliyin xaosa sürüklənməsindən, separatçılıqdan, yadelli basqınlarının intensivləşməsindən də söz açılır. 

Elə bu məqamda tarix səhnəsinə Atabəy Şəmsəddin Eldəniz çıxır...

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş roman olduqca maraqlı və oxunaqlıdır. 

Yazıçıya sualımız belə oldu:

-Bəs Atabəy Şəmsəddin Eldənizin həyatının növbəti dönəmləri, Azərbaycan tarixinin sonrakı hadisələri necə, onlar barədə bəhs etmək fikriniz varmı?

Bu isə onun cavabı:

-Əlbəttə, oxucuların romana maraq göstərəcəyinə inamım böyükdür, bu kitab 1-ci kitabdır və mütləq davamı olacaq. 

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2024)

Akademik Milli Dram Teatrı ölkəmizi II Rusiya Milli Teatrları Konqresində və Rusiya Milli Teatrlarının Birinci Yay Festivalında fəxri qonaq qismində təmsil edib. 

 

“Ədəbiyyat və incəsənət” portalı təəssüratlarıyla bağlı Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallıya müraciət edib və  aşağıdakı məlumatları alıb:

Akademik Milli Dram Teatrının iştirak etdiyi  Rusiya Milli Teatrları Konqresi və Rusiya Milli Teatrlarının Birinci Yay Festivalı Suzdal şəhərinin 1000 illik yubiley tədbirləri çərçivəsində, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi, Mədəniyyət Təşəbbüsləri Prezident Fondu, Vladimir vilayəti hökuməti, Suzdal Muzey-Qoruğu və Rusiya Milli Dram Teatrının (Aleksandrinski Teatrı) təşkilatçılığı ilə reallaşmışdı. 

Tədbirdə mədəniyyət nazirinin müşaviri Oleq Əmirbəyov “Maarif və təhsil: milli teatrlar yeni mənaların doğuş nöqtələri kimi”, Akademik Milli Dram Teatrının direktoru İlham Əsgərov isə “Milli teatrın gələcəyi: ənənə və innovasiyanın balansı” mövzusunda təşkil olunan panel-müzakirələrdə çıxış etdilər. Konqres çərçivəsində 20-yə yaxın Rusiya milli teatrlarının rəhbəri ilə, o cümlədən, Aleksandrinski Teatrının, Tatarıstan Dövlət Akademik Milli Teatrının, Başqırd Dövlət Akademik Milli Dram Teatrının, Kalmıkiya Milli Dram Teatrının rəhbərləri ilə qarşılıqlı qastrol səfərləri, festivallarda iştirak və master-klasların təşkili haqqında müzakirələr aparıldı. Müzakirələr əsnasında ötən il Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı və Aleksandrinski Teatrı arasında yaradıcılıq proqramı hazırlandı. Bu proqram çərçivəsində teatrımız Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda təmsil olunmuşdu.

Forum zamanı yaranan əlaqələrin nəticəsi olaraq Akademik Milli Dram Teatrı ilə Aleksandrinski Teatrı arasında əməkdaşlıq memorandumu imzalandı. Layihə çərçivəsində Akademik Milli Dram Teatrında “Rusiya səhnəsinin seçilmiş obrazları” adlı sərginin açılışı oldu.

Bu mövsümdə Milli Teatr IX Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda ölkəmizi təmsil etdi. Forum çərçivəsində teatr sənətinə həsr olunan xüsusi paneldə Rusiya, Belarus və Serbiya milli teatrlarının rəhbərləri ilə yanaşı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Əməkdar mədəniyyət işçisi İlham Əsgərov çıxış edib, həmçinin Aleksandrinski Teatrının direktoru Sergey Yemelyanov, Belarus Akademik Milli Teatrının direktoru Aleksandr Şastakoyla görüşüb, qarışılıqlı əməkdaşlıq, qastrol səfərlərinin və festivalların təşkili haqqında müzakirələr apardı.

Digər uğurumuz isə Rusiyanın Aleksandrinski Teatrı ilə teatrımız arasında əməkdaşlıq Memorandumu imzalanmasıdır. Memorandumun imzalanması Rusiya və Azərbaycan arasında mədəni əlaqələrin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. Memoranduma qastrol səfərlərinin, dəyirmi masaların, konfransların və ustad dərslərinin təşkili daxildir. Sankt-Peterburq Aleksandrinski və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində ustad dərsləri keçirildi.

Həmçinin teatrımız Qazaxıstanda keçirilən Müstəqil Dövlətlər Birliyi (MDB), Baltikyanı ölkələr və Gürcüstan gənclərinin V Teatr Forumunda ölkəmizi təmsil edib. Beynəlxalq tədbirdə iştirak Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Teatr Xadimləri İttifaqının təşəbbüsü və iştirakı ilə reallaşıb. Forum çərçivəsində Uyğur Respublikasının K.Kujamyarov adına Dövlət Musiqili Komediya Teatrında teatrımızın “Sənsiz” tamaşası nümayiş olunub. Yazıçı-dramaturq Şıxəli Qurbanovun “Sənsiz” pyesi əsasında hazırlanan eyniadlı səhnə əsərinin quruluşçu rejissoru Nihad Qulamzadə, bəstəkarı Vüqar Babayevdir.

Cari mövsümə isə “Ölülər” tamaşası ilə yekun vuruldu. 2016-cı ildə premyerası olan tamaşaya uzun illərdir böyük maraqla baxılır. Səhnə əsəri 100 dəfədən çox nümayiş olunub.

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2024)

Azərbaycan Dövlət Yuğ Teatrında rumın yazıçısı və dramaturqu Matey Vişnekin pyesi əsasında səhnələşdirilmiş P.A.N.D.A. tamaşasının premyerası olub. Quruluşçu rejissor qismində teatrın baş rejissoru Mikayıl Mikayılov çıxış edib.

 

AzərTAC xəbər verir ki, tamaşanın premyerasına mədəniyyət və incəsənət xadimləri, bakılılar və paytaxtın qonaqları toplaşıblar. Rolları Günəş Tegin və Oqtay Mehdiyev ifa ediblər. Tamaşanın quruluşçu rəssamı Humay Həsənovadır.

Matey Vişnekin əsrarəngiz, romantik və eyni zamanda mistik pyesində hadisələr çətin qanunlar əsasında inkişaf edir və mətndə olduğu kimi, tamaşa da bir çox mənalarla doludur.

Rejissor Mikayıl Mikayılov tamaşaya hazırlıq prosesinin necə getdiyi barədə AzərTAC-ın müxbirinə danışıb.

“Mən bu tamaşanı Rusiyada, Novosibirskdə, “Krasnı fakel” teatrında səhnələşdirmişəm. Çoxdan istəyirdim ki, tamaşaçılarımız da ona baxsınlar. Ona görə də quruluş üçün bu tamaşanı seçdim. Pyes aktyorların xoşuna gəldi və biz onu deşifrə etməyə başladıq. Yanvarda mətni oxumağa başladıq, apreldə isə məşqlər daha intensiv hal aldı. Proses çox maraqlı keçdi!” – deyə rejissor qeyd edib.

P.A.N.D.A. tamaşası “21:15-də qatar” ilə birlikdə teatrın ümumi mövzunu birləşdirən tamaşalar silsiləsinə daxil edilib.

Quruluşçu rejissor qeyd edib: “Bu, sevgi və ölüm mövzusudur, Eros və Tanatosun vəhdətidir və yenidən doğuşa aparır. Silsilə çərçivəsində hələ hazır olmayan üçüncü tamaşa gözlənilir - bu, İvan Vırıpayevin “İllüziyalar” pyesidir.

P.A.N.D.A. tamaşasının nümayişi teatrın yeni mövsümündə - 2024-cü ilin sentyabr ayından etibarən davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(08.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.