Super User
Güney Azərbaycan Poeziyası Antologiyasında Arda Xaninin “Ad günüm” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Arda Xaninin şeirlərini təqdim edir.
AD GÜNÜM
Mən nə yaşamışam?! Neçə yaşım var?!
Yaşamaq illərdir yorur qəlbimi.
Yaşımın üstünə artırdı ancaq,
Xəyalım saçı ağ bir uşaq kimi.
Başımda dünyalar oynayır mənim,
Baxışım yenə də süzülür, axır.
Güzgüdə qorxduğum cansız bir şəkil,
Mən ona baxmıram, o mənə baxır.
Gördüyün bu insan mənə bənzəmir,
Mən hələ özümdən nəsə bilmirəm.
Mənim həsrətimi kağızlar bilir,
Danışa bilmirəm, susa bilmirəm.
Bir otaqdır, bir mən, bir də siqaret,
Çəkirəm ölümə nəfəs-nəfəs can!
Pəncərə önündə şeir oxuyur,
İçimdə illərdir yalnız yaşayan.
Yaşadım deyirəm! Neçə yaşım var?!
Özümlə edirdim mən, inad günüm.
Üzgünəm, yorğunam, biraz ümidsiz,
Və bu gün deyəsən, mənim ad günüm...
“Ədəbiyyat və incəsənət”
(09.07.2024)
“İrəvan mətbəxindən nümunələr” layihəsində Göyərtili sazan buğlaması
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Göyərtili sazan buğlamasının hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR:
§ Sazan balığı – 200 qr
§ Kəvər – 100 qr
§ Cəfəri – 50 qr
§ Kərəviz – 50 qr
§ Mərzə – 12 qr
§ Soğan – 25 qr
§ Alça (və ya quru alça) – 10 qr
§ Sarıkök – 0,05 qr
§ İstiot (dənəvər) – 0,05 qr
§ Duz – 4 qr
Xörək əlavəsi:
§ limon – 15 qr, narşərab – 5 qr
HAZIRLANMASI:
Sazan balığı təmizlənir, onurğa sümüyü çıxarılır, yuyulur, 100-150 qramlıq tikələrə bölünür. Göyərtilər təmizlənir, yuyulur, böyük ölçüdə, soğan isə halqa formasında doğranır. Doğranmış ərzaqlar enli və dərin ol- mayan qazana yığılır. Üzərinə alça, duz, istiot, sarıkök vurulur, su əlavə olunur. Qazanın ağzı bağlanır və biş- məyə qoyulur. Qaynadıqdan sonra 30- 35 dəqiqə ərzində vam odda bişirilir. Hazır olanda boşqaba yığılır. Limon və narşərabla süfrəyə verilir.
QEYD: Bu xörəyi də müxtəlif növ tərəvəzlərlə hazırlamaq olar. Hazırlanmış tərəvəzləri balığın içinə də doldurmaq olar. Balığı ayrıca közdə, tavada, sobada qızartmaq olar.
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(09.07.2024)
“Heydər Hüseynov - əqidəsinə sadıq alim ”, Fəridə SƏFİYEVA
“Ədəbiyyat və incəsənət” portalı “Ulduz” jurnalı ilə birgə QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsini təqdim edir. Bu gün sizlər üçün
filologiya elmləri doktoru, professor"Qərbi Azərbaycan İcması"nın İrəvan şəhəri üzrə sədri Fəridə Səfiyevanın “Əqidəsinə sadıq alim” məqaləsi təqdim ediləcək.
Fəridə SƏFİYEVA
ƏQİDƏSİNƏ SADİQ ALİM
Müasir dövrdə ilk peşəkar filosofumuz olan Heydər Hüseynov Azərbaycan xalqının ictimai-siyasi fikrinin əsas inkişaf mərhələlərini müəyyən etmiş, mədəni və ədəbi irsimizin fəlsəfi qaynaqlarını araşdırmışdır. Heydər Əliyev
Azərbaycan fəlsəfə tarixinin banisi, milli fəlsəfə və ictimai fikir tarixi haqqında ilk fundamental əsərin və azərbaycanca yazılmış dərsliklərin müəllifi, Azərbaycan fəlsəfə məktəbinin yaradıcısı,SSRİ EA-nın Azərbaycan filialının sədr müavini,Marks-Engels-Lenin institutununAzərbaycan filialının direktoru, ADU-da Fəlsəfə bölməsinin və kafedrasının yaradıcısı, müdiri, Azərbaycan SSR Elmlər Akademiyasının vitse-prezidenti akademikHeydər Hacı Nəcəf oğlu Hüseynov 1908-ci il aprelin 3-də Azərbaycanın qədim şəhəri olan İrəvanda anadan olmuşdur. Hüseynovlar ailəsi İrəvanın sayılıb-seçilən ailələrindən idi. Onların şəhərdə – Təpəbaşı məhəlləsində ikimərtəbəli evi, "Dəlmə bağları"nda böyük meyvə bağları var idi. Atası Hacı Nəcəf Kərbəlayı Hacı Hüseyn oğlu ticarətlə məşğul olur, rus tacirləri ilə, xüsusilə Novqorod şəhəri ilə sıx əlaqə saxlayırdı. O, Məşədi Gülsüm Məmmədəli qızı Fərəcova adlı xanımla ailə qurur və bu izdivacdan onların altı uşağı dünyaya gəlir. Heydər ailənin sonbeşiyi idi.
1909-cu ilə qədər ailə xoşbəxt, rahat həyat sürür. Hüseynovların üç böyük oğlu İrəvan Gimnaziyasında oxuyur (İrəvan Gimnaziyası 1881-ci ildən fəaliyyət göstərirdi), ata və analarının onlarla bağlı arzu və istəklərini reallaşdırmağa çalışırdılar. Hacı Nəcəf və Məşədi Gülsüm dindar idilər: namaz qılır, oruc tutur, müqəddəs ocaqları ziyarət edir, xeyriyyə işləri ilə məşğul olurdular.
Heydərin bir yaşı olanda Hacı Nəcəf cərrahiyyə əməliyyatı zamanı vəfat edir. Bu itki ailəni nə qədər sarsıtsa da, onlar özlərində yaşamağa güc tapır və ailə başçısının qoyduğu işləri davam etdirirlər. Sözsüz ki, ağırlıq daha çox ailənin böyük oğlu Yusifin üzərinə düşür. Bu dövrdə onun artıq öz ailəsi var idi. Ailəsinin, anasının, kiçik qardaşlarının və bacısının qayğısını çəkmək, onları dolandırmaq üçün Yusif çox çalışmalı idi.
Deyirlər, dərd gələndə batmanla gəlir. Sən demə, qarşıda bu ailəni gözləyən faciə tezliklə onlara Hacı Nəcəfin ölümünü unutduracaqmış.
Birinci Dünya müharibəsi illərində Şərqi Anadolunu ələ keçirmək istəyən Rusiya 1917-ci ilin noyabrında baş verən hakimiyyət çevrilişi ilə əlaqədar öz silah-sursatını hərbi xidmət keçən 150 min erməni əsgərinə və könüllülərdən ibarət 4 erməni drujinasına (10 min adamlıq) təhvil verərək qoşunlarını geri çəkməyə məcbur olur. Bu, ermənilərin Şərqi Anadoluda müstəqil dövlət yaratmaq arzusunu ürəklərində qoyur. Onlar niyyətlərini Cənubi Qafqazda həyata keçirmək məqsədilə qoşunu İrəvan quberniyasına və ona bitişik ərazilərə yönəldir. Yerli əhaliyə divan tutulur. İrəvan quberniyasında və Zəngəzurda əsl soyqırım həyata keçirilir. Tarixdən öyrənirik ki, 1918-ci ilin mart ayınadək erməni silahlı dəstələri 198 kəndi darmadağın edir, həmin qəzalarda təqribən 135 min nəfər azərbaycanlını öldürür. Köməksiz qalan əhali qaçmağa üz tutur. Əhalinin böyük hissəsi Türkiyə, İran, Azərbaycan və Gürcüstanda məskunlaşır.
Soyqırım Hüseynovlar ailəsindən də yan keçmir, Yusif ermənilər tərəfindən vəhşicəsinə öldürülür. Məşədi Gülsüm övladları və Yusifin yetim qalmış uşaqları ilə birlikdə vətəni tərk etməyə məcbur olur. Hüseynovlar ailəsi əvvəlcə Batumi şəhərinə, oradan isə Stavropola köçür. Burada da erməni təzyiqi və şəraitsizliklə qarşılaşdıqları üçün 1920-ci ildə, sovet hakimiyyəti qurulduqdan sonra Bakıya köçürlər. Bu vaxt Heydərin artıq 12 yaşı var idi. Lakin ailələrində baş verən faciə və qaçqınlıq üzündən o hələ məktəbə gedə bilməmişdi. Hüseynovlar ailəsi İçərişəhərdə, Dvorsovaya 26 ünvanında kirayə ev götürürlər. Gülsüm xanım kiçik oğlunu 18 saylı məktəbə qoyur. Ailənin çətin vəziyyətdə yaşamasına baxmayaraq, Gülsüm xanım gen yaddaşından gələn ənənəni – xeyriyyəçiliyi davam etdirir, İçərişəhər məscidinə su çəkdirir.
Məktəb mühiti, orada hökm sürən abu-hava H.Hüseynovun daxili imkanlarının açılmasına, istedadlarının üzə çıxmasına yardımçı olur. Burada o, şeir yazmağa başlayır, divar qəzetini redaktə edir, humanitar elmlərə xüsusi maraq göstərir. Onun zəhmətkeşliyi, məsuliyyətliliyi müəllimlərinin gözündən qaçmır.
H.Hüseynovun böyük qızı Sara xanımın yazdığına görə, 18 nömrəli məktəbdə atası ilə yanaşı, Süleyman Rüstəm, Mikayıl Müşfiq, Əfrasiyab və Şəmsi Bədəlbəylilər, Əbülfəz Qarayev, Məmmədağa Şirəliyev, Hüseyn Bakıxanov kimi mütərəqqi gənclər oxuyur, Feyzulla Qasımzadə, Hənəfi Zeynallı, Atababa Musaxanlı kimi dövrün ziyalıları dərs deyirdi.
Yenə həmin mənbədən öyrənirik ki, Heydər Hüseynov Mikayıl Müşfiqlə bir sinifdə oxuyub. Bu haqda Fuad Qasımzadədən müsahibə alan jurnalistin yazısından da məlumat əldə edirik: "Bakıdakı 18 saylı məktəbdə Mikayıl Müşfiqlə bir sinifdə oxuyublar. Fuad Qasımzadə danışırdı ki, Heydərin çox gözəl xətti var idi... Müəllimlərinin (Feyzulla Qasımzadə-F.S.) ad günündə qərarlaşdırırlar ki, Heydər Müşfiqin şeirlərini gözəl xətlə köçürsün və bunu siniflərinin adından müəllimə hədiyyə etsinlər. Həmin zərif xətli dəftər indi də Qasımzadələrin arxivində qalır".
Məktəbi bitirdikdən sonra Heydər Hüseynov Bakı Pedaqoji Texnikumunda oxumağa başlayır. Bu illərdə komsomol sıralarına qəbul olunur. Maddi çətinlik çəkən ailəsini dolandırmaq məqsədilə o, kitabxanada işə düzəlir, 16 yaşından fəhləlik edir.
Heydər Hüseynov təhsilini davam edə-edə pedaqoji fəaliyyətlə də məşğul olur. Maştağada yerləşən 17 saylı məktəbin fəhlə fakültəsində Azərbaycan dili və ədəbiyyatı, tarix, coğrafiya, kimya, riyaziyyatdan dərs deyir. Bir müddət Lenin adına kombinatda, Tibb texnikumunda müəllimlik edir. Oxuduğu, işlədiyi hər bir yerdə zəhmətkeşliyi, ictimai işlərdə fəallığı ilə seçilir.
Hələ gənc yaşlarından həyatın çətin üzü ilə qarşılaşan, ağır uşaqlıq, gənclik dövrü yaşayan Heydər 18 yaşında həyatdan daha bir zərbə alır. 1926-cı il aprelin 25-də anası Məşədi Gülsüm kəskin böyrək çatışmazlığından 60 yaşında vəfat edir.
Ailəsinin bütün qayğılarını hələ bərkiməmiş çiyinlərində daşımalı olan Heydər təhsilinə fasilə vermədən daha gərgin işləməli olur. 1931-ci ilə kimi 59 saylı məktəbdə dərs deyir, komsomol katibi olur. Humanizmi, insanpərvərliyi, ciddiliyi, dərin biliyi ilə həm şagirdlərin, həm də iş yoldaşlarının hörmətini qazanır. Görkəmli alim, pedaqoq Feyzulla Qasımzadə bu istedadlı, işgüzar gənci daim nəzərində saxlayır, onun bacarıqlarını düzgün məcraya yönəltməyə və inkişaf etdirməyə çalışır. 1929-cu ildə Feyzulla Qasımzadə "rabfak"ın tələbələri üçün ədəbiyyat dərsliyinin hazırlanmasına 21 yaşlı Heydəri də cəlb edir. (H.Hüseynovun böyük qızı Sara xanımın dediyinə görə, F.Qasımzadə atası haqqında "Heydər başımın tacıdır" deyirdi.) 1930-cu ildən H.Hüseynov artıq fəlsəfədən dərs deməyə başlayır.
1927-1931-ci illərdə Heydər Lenin adına Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin linqvistika ixtisasının tələbəsi olur. Universitetdə oxuduğu illərdə ərəb və fars dillərinə mükəmməl yiyələnir, dövrünün görkəmli alimlərindən dərs alır. Azərbaycan dilindən ona Bəkir Çobanzadə, Əbdürrəhin bəy Haqverdiyev, fəlsəfədən Mikayıl Hüseynov, Cahangir Nağıyev, ərəb dilindən Uaruar, fars dilindən Bəndəli ibn Səlıb əl-Cauzi, Əhməd Bəni Trinc, linqvistikadan A.R.Zifeldt-Simumyagi, Şərq incəsənəti tarixindən V.M.Zummer dərs deyir. Bu müəllimlərin bir qismi Azərbaycan Demokratik Respublikası-nın rəhbərləri tərəfindən müxtəlif ölkələrdən dəvət olunmuşdu. Belə məşhur alimlərin tələbəsi olmaq, sözsüz ki, H.Hüseynovun savadlı bir kadr kimi yetişməsində böyük rol oynayır.
Hələ məktəb illərindən yaradıcılığa meyil edən H.Hüseynov universitetdə oxuduğu dövrdə qələmini sınaqdan keçirir, H.Heydər, H.Hüseynzadə imzaları ilə müxtəlif mətbuat orqanlarında ("İnqilab və mədəniyyət", "Gənc işçi") şeirlər çap etdirir, ədəbiyyatla bağlı dərsliklər yazır, müəllimlərinin sevimlisinə çevrilir.
H.Hüseynovun tələbəlik dövründə yazdığı "Atəşgah" şeiri professional cəhətdən mükəmməl olmasa da, məzmunu, obrazlılığı ilə diqqəti cəlb edir. Şeirin çox maraqlı tarixçəsi var: 1930-cu ildə Şərq fakültəsinin professoru Zummer tələbələrini Suraxanı Atəşgahına aparır. Bu müqəddəs ocaq haqqında məlumat verən professor şeirə həvəsi olan tələbələrinə Atəşgaha aid şeir yazmağı tövsiyə edir. Səhəri gün 22 yaşlı H.Hüseynov "Atəşgah" şeirini müəlliminə təqdim edir. Özü də o bu şeiri sevimli müəllimi professor Zummerə ithaf edir.
1931-ci ildə H.Hüseynov "Zəngi" şeirlərini yazır. Başlanğıcını Göyçə gölündən götürən, İrəvan şəhərindən axıb sonda Araza tökülən Zəngi çayı H.Hüseynovun uşaqlıq illərinin həm xoş, həm də acı günlərinin şahidi idi. Şeir özündə müəllifin doğma yurdu ilə bağlı nisgilini, sevgisini, dünəni, bugünü daşıyır:
Aylar, illər boyu aşıb-daşarsan,
İçində çınqıllar oynaşar, Zəngi,
Qayalar üstündən yel tək aşarsan,
Qoynunda köpüklər qaynaşan Zəngi.
Daşnaklar zülmündən, bəylər əlindən
Qəlbinə sancılan zəhərli tikan
Bu gün çıxarılmış, azad bir ölkən
Kimi qanadlanıb coşasan, Zəngi.
1931-ci ildə H.Hüseynovun zəngin tələbəlik illəri sona yetir.Azərbaycan Pedaqoji Universitetinin ən fəal və istedadlı məzunu kimi Heydər Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutununfəlsəfə şöbəsinin aspiranturasına göndərilir. Bir il burada təhsil alıb fəlsəfə üzrə qazandığı bilikləri daha da təkmilləşdirən H.Hüseynov Sənaye İnstitutuna və Sovet Ticarəti İnstitutuna fəlsəfə müəllimi vəzifəsinə təyin olunur. Marksizm-Leninizm fəlsəfəsini aydın dildə tədris edən gənc müəllim tez bir zamanda tələbələrin sevimlisinə çevrilir.
1934-cü ildə Heydər Hüseynov tacir Süleyman Abdullayevin qızı Tale xanımla ailə həyatı qurur. Onların tanışlığı barədə Heydər Hüseynovun ikinci qızı Leyla xanım müsahibələrinin birində məlumat verir: "...Aralarında 4 il fərq var idi. Atam 1908-ci ildən, anam isə 1912-ci ildən idi. Atam Mirzə Ələkbər Sabirin oğlu Məmmədsəlim ilə dostluq edirdi. O, çox maraqlı insan idi, yumorlu, yüksək intellektli. Anam bizə ətraflı danışmırdı, ancaq bilirəm ki, onları Məmməd-səlim tanış etmişdi. Anam Tale ziyalı ailədən idi. Atası Süleyman Abdullayev Müsavatın üzvü idi. Yaxşı yaşayırdılar. 1937-də babamı güllələdilər. Sonradan o bəraət qazandı. Bəraət kağızını anama verən atam deyirmiş: "Bilirsiniz, çox adamlar dözməyib bir çoxlarının "vətən xaini" olması haqqında kağızlara imza atdılar. Atanızla fəxr edin, o, heç bir kağıza qol çəkməmişdi".
1936-cı ildən etibarən Heydər Hüseynov Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Sovet Ensiklopediyası komitəsində işləməyə başlayır. Həmin komitədə əvvəlcə elmi işçi, sonra elmi katib kimi fəaliyyət göstərir. Komitə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının Ensiklopediya və Lüğətlər İnstitutuna çevrildikdən sonra həmin institutun direktoru vəzifəsinə təyin edilir. Bu illərdə onun elmi fəaliyyəti çox geniş olur. İnstitutun əməkdaşları ilə birlikdə lüğətlərin tərtibi üzərində işə başlayır, ədəbiyyatla bağlı ilk məqalələrini çap etdirir. Vaxtilə ənənəsi Ruhulla Axundov tərəfindən qoyulmuş lüğət tərtibi işini həvəslə yerinə yetirən H.Hüseynovun rəhbərliyi ilə 1939-cu ildə "Rusca-azərbaycanca lüğət", "Rusca-Azərbaycanca məktəbli lüğəti", "İzahlı Azərbaycanca – rusca lüğət" çap olunur.
1935-ci ildə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının açılışırespublika üçün əlamətdar hadisələrdən biri oldu. Filial mövcud olduğu dövrdə, xüsusilə müharibə illərində çox böyük işlər görür: "Statusun artması Azərbaycan filialının tərkibində ayrı-ayrı elmi-tədqiqat institutlarının yaradılmasına imkan vermişdir. Geologiya İnstitutu, Tarix, Dil və Ədəbiyyat İnstitutu, Coğrafiya İnstitutu, Neft və Kimya İnstitutu məhz həmin tarixi mərhələdə açılmışdır. Elmi-tədqiqat institutları səviyyəsində aparılmış tədqiqatlar daha sistemli və ardıcıl olmuş, ölkənin sosial-iqtisadi inkişafının və mədəni mühitinin tələblərinə cavab verərək Azərbaycanda gedən inkişaf proseslərinə özünün müsbət təsirini göstərmişdir".
SSRİ Elmlər Akademiyasının Azərbaycan filialınıntəşkilində və inkişafında böyük xidmətləri olan Heydər Hüseynov ilk vaxtlar filialın sədr müavini, 1944-cü ildən sədri olur. SSRİ EA-nın prezidenti V.L.Komarov, vitse-prezidentləri O.Y.Şmidt, İ.İ.Meşaninov onun işini yüksək qiymətləndirirdilər.
Filialın fəaliyyəti dövründə fəlsəfə üzrə aparılan tədqiqatların səviyyəsi və istiqamətində keyfiyyətcə dəyişiklik baş verir. "Maarif və mədəniyyət", "Revolyusiya və kultura" jurnallarının fəlsəfə bölmələrində xarici filosofların əsərlərinin tərcümələri, yerli mütəxəssislərimizin yeni məqalələri çap olunur. Aspirantura şöbəsi yaradılır yeni alim ordusunun yetişdirilməsi üçün lazım olan ədəbiyyatlar Azərbaycana gətirilərək tərcümə edilir, ana dilində dərslik və dərs vəsaitləri yazılır, rayonlarda elmi bazalar yaradılır elmi sessiyalar keçirilir. Görkəmli şəxsiyyətlərin: Nizaminin, Mirzə Fətəli Axundovun, Üzeyir Hacıbəyovun yubileyləri keçirilir.
Təşkilati işlər H.Hüseynovun elmi yaradıcılığına mane ola bilmir. 1939-cu ildə o, Tiflis Dövlət İnstitutunda "M.F.Axundovun fəlsəfi görüşləri"adlı dissertasiya müdafiə edir. Müdafiə çox uğurla keçir, dövrün görkəmli alimləri: akademik K.S.Bakradze, Daneliya, Danaşiya, Xaçapuridze, Dmitrev H.Hüseynovun elmi əsəri barədə yüksək fikirlər söyləyirlər.
H.Hüseynov ictimai, elmi fəaliyyətlə yanaşı, milli kadrların yetişdirilməsiistiqamətində də xeyli işlər görür. Xüsusilə fəlsəfə məktəbinin yaranması məqsədlə o, respublikanın bütün elmi potensialını səfərbər edir, istiqamətləndirir. H.Hüseynov ətrafına bu sahədə fəaliyyət göstərə biləcək alimlər ordusu toplayır.
Heydər Hüseynov, Cahangir Nağıyev, Əhməd Kazımov, Əlisöhbət Sumbatzadə universitetlərdə fəlsəfənin Azərbaycan dilində tədrisini həyata keçirən ilk filosof nəsli olur. Özünün "Şərəfli vəzifə"adlı məqaləsində (Kommunist, 4 dekabr, 1940) H.Hüseynov gənc alimlərin hazırlanmasına dair fikirlərini bölüşür.
H.Hüseynovun tələbələrindən Cəmil Əhmədli müəllimi haqqında deyir: "Azərbaycan xalqının ictimai və fəlsəfi fikir səmasında parlaq bir kometa peyda oldu. Bu, XX əsrin 30-40-cı illərində Azərbaycan fəlsəfə elminin sürətlə inkişafında, fəlsəfə kadrlarının hazırlanmasında, fəlsəfənin digər elm sahələri ilə əlaqələndirilməsində, biliyin müxtəlif sahələrində elmi terminologiyanın yaradılmasında müstəsna dərəcədə yüksək xidmətləri olan Heydər Nəcəf oğlu Hüseynov idi".
1940-cı ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə H.Hüseynov elm və pedaqoji sahələr üzrə yeni kadrların yetişdirilməsində göstərdiyi səyinə görə "Şərəf nişanı" ordeni ilə təltif olundu.
Müharibə bütün sahələri olduğu kimi, elm sahəsini, alimlər ordusunu da səfərbər edir. SSRI Elmlər Akademiyasının Azərbaycan filialı işini dövrə, şəraitə uyğun yenidən qurur, akademiyanın elmi bazalarının yaradılması, institut və şöbələrin daha sıx və əlaqəli əməkdaşlığının təmin edilməsi, səyyar elmi sessiyalar keçirilməsi, mövzuların seçilməsi istiqamətində xeyli işlər görür. Sözsüz ki, bütün bunların həyata keçməsi filial rəhbərlərinin, o cümlədən Heydər Hüseynovun təşkilatçılıq bacarığından asılı olur.Alim bu ağır dövrdə filialının işi barədə "SSRİ EA Azərbaycan filialı müharibə günlərində", "Azərbaycan alimləri Vətən müharibəsi günlərində","Alimlərimiz Vətən müharibəsi günlərində" məqalələrini çap etdirir.
"Hər şey cəbhə üçün" şüarı altında Azərbaycan ziyalılarının bir qrupu 1941-ci ildə cəbhəyə yollandı. 29 dekabr tarixində "Pravda" qəzetində Azərbaycanın partiya nümayəndələrindən ibarət qrupun Cənub cəbhə xəttinə yeni il hədiyyəsi aparması haqqında yazı çıxır. Azərbaycan nümayəndələri cəbhəyə iki vaqon isti paltar, ərzaq, Azərbaycan torpağının nemətlərini, Sovet İttifaqı qəhrəmanı İsrafil Məmmədovla bağlı kitab və vərəqələr aparır. Nümayəndə heyətinin arasında S.Vurğun, R.Rza, Azərbaycanın Mərkəzi Kamitəsinin katibi D.Məmmədov, Komsomol katibi B.Seyidzadə, EA-nın Azərbaycan filialının rəyasət heyətinin sədr müavini H.Hüseynov da olur. Novorossiysk döyüşçüləri ilə görüşdə S.Vurğun, R.Rza şeir oxuyur, H.Hüseynov ədəbiyyatdan və fəlsəfədən məruzələrlə çıxış edir, faşizmin fəlsəfəsindən danışırdı.
Müharibə illərini Heydər Hüseynovun yaradıcılığının və ictimai xadim kimi fəaliyyətinin ən məhsuldar dövrü hesab etmək olar. Bu illərdə alimin xeyli sayda elmi əsəri işıq üzü görür, Akademiyanın elmi bazalarının Qarabağda, Naxçıvanda, Gəncədə, Şamaxıda, Qubada yaradılması, Azərbaycanın rayonlarında 9 elmi sessiyanın keçirilməsi onun rəhbərliyi ilə baş tutur. Üzeyir Hacıbəyovun yubileyinin təşkilində, Əliağa Şıxlinskinin "Xatirələrim" kitabının yazılmasında da Heydər Hüseynovun böyük xidməti olur.
1941-ci ilin martında SSRİ Elmlər Akademiyasının vitse-prezidenti O.Y.Şmidt Bakıya gəlir. Filialın institut və bölmələrində olan O.Y.Şmidt burada aparılan işlərə, təşkilatçıların fəaliyyətinə yüksək qiymət verir, onun başqa respublikalardakı filiallara nümunə olduğunu deyir: "Azərbaycanın elm adamları müharibə illərində özlərini çox yaxşı göstərdilər... Heydər Hüseynovun başçılığı altında AzFAN Akademik müəssisələrə layiq olan gözəl iş qabilliyyəti nümayiş etdirən güclü elmi mərkəzə çevrilib".
Məhz SSRİ Elmlər Akademiyasının Azərbaycan filialının müharibə illərindəki fəaliyyəti gələcəkdə müstəqil Elmlər Akademiyasının yaranmasına təkan verdi. Azərbaycan EA-nın yaranmasında gənc alimlərdən görkəmli kimyaçı Y.Məmmədəli-yev, geoloq Ə.Əlizadə, yazıçı M.İbrahimov, şair S.Vurğun, memarlar M.Dadaşov, M.Useynov və b. böyük işlər gördü.
1944-cü ildə Üzeyir Hacıbəyovun 60 illiyi ilə əlaqədar respublikada silsilə tədbirlər keçirilir. Bəstəkarın yubileyi ərəfəsində AZFAN H.Hüseynovun rəhbərliyi altında böyük tədbirlər planı hazırlayır. Alimin təklifi ilə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 14 sentyabr 1945-ci il tarixli fərmanına görə, İncəsənət İnstitutuna Üzeyir Hacıbəyovun adı verilir.
Leyla xanımın xatirələrindən məlum olur ki, Heydər Hüseynovla Üzeyir Hacıbəyov arasında sıx dostluq olmuşdur. Özü yaradıcı adam olduğundan istedadlı insanlara xüsusi həssaslıqla yanaşan H.Hüseynov evində işləmək üçün şəraiti o qədər yaxşı olmayan bəstəkara bağında xüsusi otaq ayırır. Leyla xanımın xatirələrindən: "Yaz vaxtı idi. Biz atamla bağa getmişdik. Atam Üzeyir bəyə təklif etdi ki, bağda ayrıca otaq var, sənin üçün ayıra bilərik. Orada rahat işləyərsən. Üzeyir bəy razı oldu, ancaq sonra nə səbəbdənsə gələ bilmədi".
H.Hüseynovun Azərbaycan xalqı qarşısında xidmətlərindən biri və deyərdim ki, çox qiymətlisi onun "rus artilleriyasının allahı" sayılan Əliağa Şıxlinskinin xartirələrinin yazdırılması ilə bağlıdır.
"General Əliağa Şıxlinski və silahdaşları" kitabının müəllifi Şəmistan Nəzərli yazır: "Şöhrətli sərkərdəmiz Əliağa Hacı İsmayılağa oğlu Şıxlinskidən danışanda filosof-alim Heydər Hüseynovun xidmətlərini unutmaq haqsızlıq olardı. Generalın "Xatirələrim" kitabının yazılmasında ən müstəsna rolu olan ilkin şəxs Azərbaycan Elmlər Akademiyasının akademiki Heydər Hüseynovdur. "Xatirələrim" Azərbaycan tarixində yeganə və ilk hərbi memuardır".
H.Hüseynovun general Əliağa Şıxlinski şəxsiyyətinə marağı 1939-cu ildə general-mayor Yevgeni Barsukovun kitabı ilə tanış olandan sonra yaranır. Belə ki, müəllif "Rus artilleriyası Birinci Dünya müharibəsində" kitabında həmyerlimizin hərb tarixinə gətirdiyi yeniliklər, göstərdiyi qəhrəmanlıqlar haqqında geniş məlumat verirdi. Ə.Şıxlinskini tapmağın, onunla tanış olmağın vacibliyini düşünən H.Hüseynov aspirantlarına generalın harada yaşadığını araşdırmağı tapşırır. Həyat yoldaşı Nigar xanımın ölümündən sonra, demək olar ki, hamı tərəfindən unudulan Ə.Şıxlinski Cəfər Cabbarlı küçəsində balaca, soyuq bir evdə tək-tənha yaşayırdı.
Həmin dövrdə çar ordusunda xidmət etmiş artilleriya generalı Əliağa Şıxlinski haqqında danışmaq, onunla ünsiyyət yaratmaq, demək olar ki, yasaq edilmişdi. Xalq yazıçımız İsmayıl Şıxlı xatirələrində bu haqda deyir: "Mən Əliağa Şıxlinskini görə bilmədim. 1937-ci ildə Bakıya gələndə atam demişdi ki, belə bir qohumumuz var. O zaman Lenin adına APİ-də hərbi kafedranın müdiri kapitan Tarıverdiyev idi. O, familimi görüb, məni çağırıb dedi ki, generalın qohumusanmı? Dedim ki, bəli. Dedi, mən məsləhət görmürəm, bunu başqa yerdə deyəsən, çünki səni məktəbdən qovarlar".
O təhlükəli zamanda heç kimin, hətta qohumlarının döyə bilmədiyi qapını vəzifə adamı, SSRİ EA Azərbaycan filialının sədr müavini H.Hüseynov döyür. Yenə də özündən daha çox milli mənafeyi nəzərə alır. Yenə də təəssübkeşlik, insanpərvərlik sayıqlığı, ehtiyatı üstələyir. Bununla da H.Hüseynov çətin qocalıq həyatı yaşayan, gözü pis görən, qulağı ağır eşidən, əlləri əsən Şıxlinskinin həyatına rəng qatır. Alim generala gələcək naminə memuarlarını yazmağı təklif edir. Ə.Şıxlinski razılaşmır. Xəstəliyini səbəb gətirir. Bu memuarların əhəmiyyətini, gələcək üçün dəyərini, qiymətini başa düşən H.Hüseynov generala çıxış yolu təklif edir. Təklif edir ki, o diktə eləsin, Elmlər Akademiyası tərəfindən göndərilən bir nəfər yazıya alsın. Razılaşırlar. Bu müddətdə H.Hüseynov tez-tez generala dəyir, bu qeyri-adi insanla ünsiyyətdən xüsusi zövq alır. Sonralar Heydər Hüseynov yazacaq: "General Əliağa Şıxlinski ilə yaxından tanış olanlar, onun maraqlı söhbətlərinə qulaq asanlar bilirlər ki, bu təvazökar və səmimi insan nə qədər ağıllı və ibrətli bir şəxs idi".H.Hüseynov haqlı idi. "Səhra toplarının cəbhədə işlədilməsi" əsərinin, "Şıxlinski üçbucağı", "Şıxlinski formulu" adı ilə hərb tarixinə düşən yeniliklərin müəllifi general-mayor Ə.Şıxlinski qeyri-adi istedad sahibi idi. O, dilçiliklə, terminologiya ilə də dərindən maraqlanır, hərbi lüğətin tərtibi ilə məşğul olurdu. Belə ki, 1926-cı ildə Ə.Şıxlinski rus, ərəb və latın əlifbası ilə "Rusca-türkcə qısa hərbi lüğət" kitabını nəşr etdirir.
General-mayor Ə.Şıxlinski göstərdiyi xidmətlərə görə bir çox yüksək mükafatlara layiq görülmüşdü: Fransanın generallara məxsus fəxri "Legion ordeni" və zabitlərə verilən "Legion xaçı". Ə.Şıxlinski bu cür yüksək ordenlərə layiq görülən yeganə azərbaycanlı idi.
Memuarlar hazır olanda H.Hüseynov kitaba ön söz yazmaq üçün Yevgeni Barsukova müraciət edir. Y.Barsukov çox böyük həvəslə bu işi yertinə yetirir. Onun yazdığı ön sözdən bir hissəni diqqətinizə çatdırıram: "...Təbiət Əliağaya böyük ağıl, hərbi məharət, istedad, mərdlik, nəcib sifətlər, vətənin müdafiəsi üçün çox faydalı olan müstəsna bir qabiliyyət vermişdi. Hərbi işə bəslədiyi məhəbbət, göstərdiyi fədakarlıq, topçuluğu dərindən bilmək, xüsusilə bu sahədə yaradıcılıq istedadı – bütün bunlar Əliağa Şıxlinskiyə xidmət sahəsində sürətlə irəliləməyə və köhnə rus ordusunun topçu komandirləri arasında görkəmli yer tutmağa imkan vermişdi".
Əfsuslar olsun ki, "Xatirələrim" kitabını görmək Ə.Şıxlinskiyə nəsib olmur. 1943-cü il avqustun 18-də Əliağa Şıxlinski 80 yaşında vəfat edir. Generalın dəfn mərasiminin təşkilini də Heydər Hüseynov öz üzərinə götürür. Ə.Şıxlinskini generallara layiq hörmətlə dəfn edirlər. Ş.Nəzərli: "Dəfn mərasimini Bakı Hərbi Qarnizonundan çağırılmış alay orkestri müşayiət etdi. Qəbri üstündə topdan və avtomatlardan yaylım atəşi atıldı. "Artilleriyanın allahı"nı görkəmli sərkərdələrə məxsus hərbi qaydada torpağa tapşırdılar. Heydər Hüseynovun özü, generalın yetirmələri və qohumları son vida nitqi söylədilər".
27 mart 1945-ci ildə "Azərbaycan SSR Elmlər Akademiyasının yaradılması haqqında" 316 saylı qərar qəbul olundu. Azərbaycan SSR Elmlər Akademiyasının Nizamnəməsi təsdiq edildi. Elmlər Akademiyasının 15 nəfərdən ibarət ilk təsisçiləri – akademiklər müəyyən olundu.SSRİ Elmlər Akademiyasının prezidenti, akademik V.L.Komarov Azərbaycan rəhbərliyinə göndərdiyi xüsusi məktubda Əşrəf Əlizadə, Mirəsədulla Mirqasımov və Mustafa Topçubaşovdan birinin yeni yaradılacaq akademiyanın prezidenti olmasını təklif etmişdi. Məktubda həmçinin Heydər Hüseynovun akademiyanın vitse-prezidenti vəzifəsinə namizədliyi məqsədəuyğun sayılmışdı.
1945-ci il martın 31-də Azərbaycan SSRİ Elmlər Akademiyasının həqiqi üzvlərinin birinci Ümumi yığıncağı keçirildi. Yığıncaqda Azərbaycan SSR Elmlər Akademiyasının rəhbər heyəti seçildi. Akademik M.A.Mirqasımov yekdilliklə Azərbaycan SSR Elmlər Akademiyasının prezidenti, H.Hüseynov və Ş.Əzizbəyov Akademiyanın vitse-prezidenti, akademik M.S.Qaşqay akademik-katib seçildi.
1946-cı ildə Bağırovun təqdimatı ilə Heydər Hüseynov Marks-Engels-Lenin İnstitutunun(sonralar Partiya Tarixi İnstitutu adlanırdı) Azərbaycan filialının direktoru təyin olunur. Filialın direktoru olduğu müddətdə alim institutun işində bir çox dəyişikliklər edir. Onun təqdimatı ilə dəyərli alimlər Zülfəli İbrahimov, Miryusif Mirhadıyev, Məmməd Qazıyev işə dəvət olunur, institutun direktor müavini milliyyətcə erməni A.Petrosyan tutduğu vəzifədən azad edilir.
Heydər Hüseynovun təşəbbüsü ilə 1945-ci ildə ADU-nun tarix fakültəsinin nəzdində Fəlsəfə bölməsi,1947-ci ildə filologiya fakültəsinin nəzdində Məntiq və psixologiya bölməsi yaradılır. Azərbaycan Elmlər Akademiyasının İctimai Elmlər Bölməsi tərkibində Fəlsəfə və Hüquq İnstitutunun fəaliyyətə başlaması Hüseynovun savadlı elmi kadrlar yetişdirmək və fəlsəfə məktəbini yaratmaq arzusunun reallaşmasına doğru böyük bir addım idi.Savadlı mütəxəssislərə böyük ehtiyac olduğu bir zamanda H.Hüseynov fakültə üçün tələbə seçimi ilə şəxsən məşğul olur. Dünyagörüşlü gənclərin tədrisə cəlb olunması məqsədilə rayonlara gedir, çıxışlar edir, qəbul imtahanlarında şəxsən iştirak edirdi.
1947-ci ildə H.Hüseynov AzərbaycanAli Sovetinə üzvseçilir. 1948-ci ildə H.Hüseynov 4 cildlik "Tam rus-Azərbaycan lüğəti"nə görə Stalin mükafatına layiq görülür. Həmin ilalim Azərbaycan K(b)P MK Bakı Komitəsinin 5,6 may ayında keçirilmiş plenumunun qərarı ilə Bakı Şəhər Partiya Komitəsi Bürosunun üzvü seçilir.
H.Hüseynovun uğurları ona çoxlu dostla bərabər, düşmən də qazandırır. Alimin yuxarı vəzifələrə çəkiləcəyi ilə bağlı xəbərlər bir çoxlarına rahatlıq vermir. H.Hüseynovu Bağırovun gözündən salmaq üçün hər vasitəyə əl atılır. Ailəsi ilə bağlı faktlar dərindən araşdırılmağa, alimə qarşı kompromatlar yığılmağa başlanır. H.Hüseynovun qardaşlarının Türkiyə vətəndaşı, qayınatasının "xalq düşməni" olması qabarıq, şişirdilmiş şəkildə Mircəfər Bağırova çatdırılır. Düşmən istəyinə nail olur: həqiqətləri gizlətməkdə ittiham edilən H.Hüseynova töhmət verilir.
1949-cu ildə Azərbaycan Elmlər Akademiyasının Nəşriyyatı tərəfindən H.Hüseynovun "XIX əsr Azərbaycanın ictimai-fəlsəfi fikir tarixindən"kitabı nəşr olunur.Əsərlə tanış olduqca o mürəkkəb dövrdə Azərbaycan aliminin milli təəssübkeşliklə apardığı tədqiqatlarındakı cəsarətinə valeh olmaya bilmirsən. Dövrün diktəsindən gələn ideoloji məqamlar və təhlillərdəki bəzi təhriflər, fikrimcə, əsərə diqqətlə yanaşan oxucu üçün yamaq təsiri bağışlayır. Əsas məsələ alimin Azərbaycan tarixi, ədəbiyyatı, fəlsəfəsi ilə bağlı ona qədər deyilməyən fikirləri, arxiv sənədlərinə, ilkin mənbələrə, əlyazmalara əsaslanan mülahizələridir.
Deyirlər, kitabların da insanlar kimi taleyi olur. Bu kitabın da taleyinə müəllifinin son sevinci və son ağrısı olması yazılıbmış.Heydər Hüseynov özü bunu əvvəlcədən hiss edir və hələ əsər cəmiyyətdə yayılmamış deyirdi: "Bu kitab ya məni göylərə qaldıracaq, ya yerə vuracaq".
Kitabın ön sözündə H.Hüseynov yazır: "Müəllifin məqsədi oxucuları ən ümumi şəkildə, detallara varmadan Azərbaycanın qədim və orta əsrlər mədəniyyət tarixinin elə əsas məqamları ilə tanış etməkdir ki, onlarsız XIX əsr mədəniyyəti keçmişdən təcrid olunmuş olar və ona gorə Azərbaycan xalqının mənəvi inkişafının yeni mərhələsi kimi dərk oluna bilməz".
İtən, qırılan varislik bağlarını bərpa etmək, qədim kökləri olan bir millətin mədəniyyətini dünyaya çatdırmaq kimi müqəddəs missiyanı boynuna götürən alim, sözsüz ki, özünü böyük təhlükə qarşısında qoyurdu. Millətlərə qismən azadlıq verən dövlətin hər belə yeniliyə reaksiyasını əvvəlcədən proqnozlaşdırmaq mümkün deyildi. Xırda bir "xəta" böyük bəlalara səbəb ola bilərdi. Bunu Heydər Hüseynov da bilirdi, onunla bir "cəbhə"də olan ziyalılarımız da.
"XIX əsr Azərbaycanın ictimai-fəlsəfi fikir tarixindən" kitabı yazılan vaxtda məlum hadisələrə münasibət dəyişməyə, müharibə dövründə verilən nisbi azadlıq, ilıqlaşma müharibədən sonra yenidən məhdudlaş-mağa, sərtləşməyə, repressiyaların növbəti fazasına keçməyə başlamışdı.
H.Hüseynovun "XIX əsr Azərbaycanın ictimai-fəlsəfi fikir tarixindən" kitabında görkəmli maarifçi-alimlər A.Bakıxanov, M.Ş.Vazeh, Mirzə Kazım bəy, M.F.Axundov və H.Zərdabinin həyatı, mühiti, ictimai-fəlsəfi görüşləri yer alırdı. Mirzə Kazım bəyə həsr olunmuş hissəyə: "Şamilin adı özündə çoxlu tarixi və vətənpərvərliklə bağlı fikirlər ehtiva edir... O, qəhrəmandır, qəhrəmanların yaradıcısıdır" epiqrafını seçməsi H.Hüseynovun taleyində öz mənfi rolunu oynayır. Alim tənqidlərə, təzyiqlərə tuş gəlir. 600 səhifəlik kitabın cəmi bir neçə səhifəsini əhatə edən məqalənin onu məhvə sürükləyəcəyini alim bilmirdi və bilə də bilməzdi. Bəlkə də, bu, alim üçün artıq çoxdan ciddi-cəhdlə hazırlanmış "məhv edilmə" planının həyata keçirilməsinə bir bəhanə idi. Çox güman ki, belə idi.
Qayıdaq kitabın təzəcə işıq üzü gördüyü məqamlara. Qeyd etmək lazımdır ki, H.Hüseynovun bu əsəri cəmiyyətdə böyük əks-səda doğurdu. Bunların canlı şahidi professor M.Mirhadıyev yazırdı: "H.Hüseynovun kitabı tez bir vaxtda bütün Sovet İttifaqına yayıldı. Filosofların, tarixçilərin, ədəbiyyatçıların, ictimai elmlər sahəsində çalışan mütəxəssislərin yüksək qiymətini aldı".
Ağır zəhmət bahasına başa gəlmiş əsərinin sevincini yaşayan H.Hüseynov onu bir çox tanışları kimi, SSRİ Yazıçıları İttifaqının baş katibi, Stalin Mükafatı üzrə Komitənin sədri A.Fadeyevə də göndərir. H.Hüseynovla A.Fadeyevin dostluğu hələ 1947-ci ildə, Nizaminin 800 illik yubiley tədbirləri zamanı başlamışdı. O vaxt Moskva nümayəndə heyəti tərkibində Bakıya gələn A.Fadeyev mədəniyyəti, biliyi, işgüzarlığı ilə seçilən H.Hüseynovu çox bəyənir. Sonradan onların əlaqələri dostluq münasibətinə keçir.
H.Hüseynovun "XIX əsr Azərbaycanın ictimai-fəlsəfi fikir tarixindən" kitabı ilə tanış olan Fadeyev onu bəyənir və Stalin mükafatına təqdim edəcəyini bildirir.
Fərziyyələrə görə, məhz bu fakt – H.Hüseynovun kitabının respublika rəhbərindən xəbərsiz SSRİ-nin ən ali mükafatına təqdim olunması Bağırovu bərk hiddətləndirir. Bu addımı özünə nümayişkaranə sayğısızlıq hesab edir. H.Hüseynovu yanına çağırıb kitabı onun başına çırpır. Bununla da H.Hüseynovun taleyi həll olunur, "kitabı bağlanır". – Bu, cəmiyyətdə olan fikirlər idi.
Arxiv sənədlərini vərəqlədikcə, tədqiqatçıların fikirləri ilə tanış olduqca vəziyyətin heç də birmənalı olmadığı qənaətinə gəlirsən. M.İbrahimovun xatirələrindən:"Kitabı SSRİ Yazıçılar İttifaqı Dövlət Mükafatına irəli sürəndə respublikanın rəhbər təşkilatları buna etiraz etmədilər. Mükafatlar komitəsində müzakirə zamanı danışanlar kitabı təriflədilər. Həm açıq, həm də gizli səsvermədə əsər mükafata layiq görüldü. Bu münasibətlə Heydər Hüseynovu təbrik edənlər saysız-hesabsız idi".
Tədqiqatçı Ramiz Əhmədov yazır: AKP MK kitabın mükafata verilməsini məsləhət görmürsə, bundan Azərbaycan partiya və dövlət səlahiyyətlərinin və elmi ictimaiyyətin xəbəri yoxdursa, onu ən yüksək dövlət mükafatına kim və nə məqsədlə təqdim etmişdi? Bu, M.Bağırovun təqdiri və razılığı olmadan mümkün olmazdı".
Tədqiqatçı tamamilə haqlıdır. Arxiv sənədlərini araşdırdıqca göz önündə tamam başqa bir mənzərə canlanır. Burada bir sənəd – Nizami adına Ədəbiyyat İnstitutunun, Nizami muzeyinin və Azərbaycan SSR EA-nın Tarix İnstitutunun 21 sentyabr 1949-cu il Elmi Şurasının birgə iclasınınprotokolu diqqətimizi cəlb etdi. Gündəlikdə qoyulan əsas məsələ Heydər Hüseynovun "XIX əsrdə Azərbaycanın ictimai-fəlsəfi fikir tarixindən" əsərinin Stalin mükafatına təqdim olunması barədə idi. Bu protokol H.Hüseynovun kitabının elmi ictimaiyyətin xəbəri olmadan Stalin mükafatına təqdim olunması barədə fikri tamamilə alt-üst edir.
Sual doğur: bəs əslində, həqiqət necə idi? Həqiqət isə çox sadə – alimin müvəffəqiyyəti müəyyən dairələrdə narahatlıq doğurur, Bağırovun ona olan rəğbəti qıcıq oyadırdı.
H.Hüseynovun tələbəsi olmuş İrşad Əliyev:"O vaxt Heydər müəllim universitetdə fəlsəfə kafedrasının müdiri, Partiya Tarixi İnstitutunun direktoruydu. Həm də çoxlu elmi şuraların, redaksiyaların üzvüydü. Mərkəzi komitənin elm, təhsil, mədəniyyət sahəsinin bütün ağırlıqları onun üstünə düşürdü. Heydər müəllim Bağırovun da hörmətini qazanmışdı. O dövrdə Mərkəzi Komitədə bu sahədə rəhbərlik eləyən katiblər, şöbə müdirləri qorxurdular ki, nə vaxtsa yerlərini ona verməli olacaqlar. Məqam axtarırdılar onu Mircəfər Bağırovun gözündən salsınlar..."
Fevralın 14-ü Moskvaya, Ali Sovetin sessiyasına getməyə hazırlaşan alimi gecə saat 2-də MK-ya çağırır, Türkiyənin və İngiltərənin casusu Şamil haqqında əsər yazmaqda ittiham edirlər. Fevralın 15-i isə Akademiyaya gələn H.Hüseynov müavini Y.Tokarjevskinin onun yerində oturduğunu, seyfindən sənədlərinin, partiya biletinin götürüldüyünü görür. Alim başa düşürdü ki, "yuxarı"da artıq onun taleyini həll etmişlər və onun üçün "artıq hər şey bitmişdir". Bu mənəvi basqılara tab gətirə bilməyən alim 1950-ci ilin mart ayının əvvəlində akademiyadakı iş otağında hər iki biləyinin damarlarını kəsir. H.Hüseynovu xilas etmək mümkün olur. Alimin bu hərəkəti düşmənlərinə daha bir fürsət verir. Onlar H.Hüseynovun bu addımını partiyaya qarşı protest kimi qiymətləndirir və Bağırovun gözündə onu daha da nüfuzdan salırlar.
H.Hüseynova qarşı kampaniya vüsət alır. Alim tutduğu bütün vəzifələrdən uzaqlaşdırılır. "Partiya qeydiyyatında olduğu institut onu partiyadan, Akademiyada isə EA-nın həqiqi üzvlüyündən çıxardırlar. Yerlərdə onun adının yamanlanmasına çalışırlar. Azərbaycan K(b)P MK-sı onu Partiya Tarixi İnstitutunun direktoru vəzifəsindən çıxarır...".
H.Hüseynovun "XIX əsr Azərbaycanın ictimai-fəlsəfi fikir tarixindən" kitabını aşağılamaq istiqamətində işlərə start verilir. Bağırov "özbaşınalığa" yol vermiş alimi cəzalandırmaq, onu tarixi həqiqətləri düzgün qiymətləndirməməkdə, müridizmi mürtəce bir cərəyan kimi verməməkdə suçlamaq qərarına gəlir. Materiallar toplamaq üçün bir qrup alim Moskva, Leninqrad və başqa şəhərlərin arxivlərinə göndərilir. H.Hüseynovun əsərinə müsbət rəy verənlər, mətbuatda çıxış edənlər tənqid atəşinə tutulur, təqib olunur.
İttifaq miqyasında Şamilə qarşı kampaniya başlayır."Literaturnaya qazeta" 27 iyul nömrəsində yazır: "...Qafqaz xalqlarının tarixində müridizmin və Şamilin rolunun saxta, tarixə zidd konsepsiyalarının ifşa olunması istər, alimlərimiz üçün istərsə də ədəbiyyatçılar üçün böyük və mühüm dərsdir. Azərbaycanın partiya və ictimai təşkilatları müridizm və Şamil hərəkatının ifşa edilməsində fəxri rol oynamışlar".
İyulun 14-də Filarmoniyanın yay salonunda ziyalılarının yığıncağı keçirildi. "...hamı bilirdi ki, bu yığıncaq Heydər Hüseynovun "ifşa olunması"na, "pislənməsi"nə həsr olunmuşdur".
Tədbir iki gün çəkir. Mənbələrə görə, zalda iki minə yaxın adam – alimlər, ədəbiyyat, incəsənət, tibb işçiləri, yaradıcı kollektivlərin rəhbərləri və aparıcı mütəxəssislər toplaşır, ezamiyyətdə, məzuniyyətdə olanlar geri çağırılır. Deyilənə görə, H.Hüseynov yığıncağa gəlsə də, içəri buraxılmır. Mircəfər Bağırov "Azərbaycan ziyalılarının növbəti vəzifələri haqqında" mövzusunda məruzə edir. Məruzənin II hissəsi bütövlükdə H.Hüseynovun "XIX əsrdə Azərbaycanda ictimai və fəlsəfi fikir tarixindən" kitabının müəllifinin "burjua millətçisi, ciddi siyasi səhvlər buraxan alim kimi "ifşa"sına həsr olunur.İclas Bağırovun məruzəsi ətrafında müzakirələrlə davam etdirilir. Çıxışçılar alimi və onun kitabını ittiham etməkdə bir-biri ilə bəhsə girir: "Şamil hərəkatını mütərəqqi bir hərəkat kimi qələmə vermək, Heydər Hüseynovun antimarksist, zərərli kitabında olduğu kimi göstərmək – panislamizmə, pantürkizmə xidmət etmək bugünkü qaniçici imperializmin dəyirmanına su tökmək deməkdir" və ya "Tənqidimizdə liberalizm, dostbazlıq, qorxaqlıq, sovet tənqidçisinə yaraşmayan sifətlər, ailəçilik uzun zaman özünü göstərmişdir. Belə olmasaydı, ədəbiyyatımızın inkişafı üçün zəruri olan məsələləri unudub Heydər Hüseynovun burjua millətçiliyini təbliğ edən "XIX əsrdə Azərbaycanda ictimai və fəlsəfi fikir tarixindən" adlı zərərli kitabına mədhiyyələr yazılmazdı". M.Bağırov istədiyinə nail olur. O, sayğısızlıq göstərən hər bir kəsə təkcə respublika deyil, ümumittifaq səviyyədə cəza verə biləcəyinə qadir olduğunu nümayiş etdirmişdi. Sara xanım o günləri belə xatırlayır: "Atam tamam qocalmışdı. Ancaq gözləri gözəlliyini saxlamışdı. Yeddi ay öz evindən çölə çıxmadı ki, həbs edəsi olsalar, küçədə, camaatın gözü qarşısında olmasın. Bir kimsəni güdaza verməmək üçün dostlarının heç biri ilə əlaqə saxlamırdı. Yalnız ən yaxın dostu Məmməd Arifə zəng edirdi. Səsini eşidincə dəstəyi asırdı. Çünki onun telefonuna qulaq asırdılar. Bu cür gərginlik içində yaşaması, nəhayət, onun son addımı atmasına səbəb oldu".
Avqustun 13-də H.Hüseynovun qardaşı Yaqubu həbs edirlər. Bu, əsəbləri tarıma çəkilmiş alim üçün sonuncu damla olur. O, tezliklə həbs olunacağına şübhə etmirdi. Nigarançılığı ailəsindən – üç qızından idi. İndi onlar "xalq düşməninin ailəsi" damğası ilə yaşamağa məhkum olacaqdılar. İçini yandıran, ona yaşamağa imkan verməyən əzablara son qoymaq üçün H.Hüseynov avqustun 15-i bağ evində intihar edir.Alimin qızı Leyla xanımın xatirələrindən:"Plenumdan sonra deyirdi, mən yaşamayacağam. Qorxuram ki, bir gün gəlib sizi aparacaqlar. Bunu görməkdənsə, ölüm yaxşıdır". Biz uşaq olsaq da, çox şeyi başa düşürdük. Atamı tək qoymamaq üçün hamımız bir otaqda yatırdıq. İntihar etməmişdən əvvəl, gecə atam bizim üzümüzdən öpdü. Gördüm ki, gözləri yaşarıb. Səhərə yaxın anamın qışqırığını eşitdik".
Ömrünü xalqının maariflənməsinə, elmin inkişafına sərf edən böyük ziyalı, görkəmli alim və şəxsiyyət H.Hüseynov 42 yaşında həyatla vidalaşır. Alimin sənədləri məhv edilir, onun yaddaşlardan silinməsinə, unudulmasına hər cür səy göstərilir. Lakin son sözü zaman deyir. Stalin-Bağırov rejiminin süqutu bir çoxları kimi, H.Hüseynovun, Şamilin üzərindən qara pərdəni götürür. Hər iksi bəraət alır. Adları hörmətlə çəkilir: "O vaxt ki bəzi insanlar, o cümlədən dağıstanlılar (Şamilin həmvətənləri) imamın ağ çalmasını çirkaba batırırdı, sonradan onu təmizə çıxaran məqalələr yazırdılar. Bir azərbaycanlı isə başqa yol seçdi. Hafizələrdə o, təmiz adam kimi qaldı" (Donoqo Hacı Murat).
H.Hüseynov kommunist ideologiya-sının, marksist-leninçi fəlsəfənin yetirməsi olsa da, ömrü boyu milli varlığına bağlılığını itirmədi, cəmiyyətinin verdiyi bütün imkanlardan məhz millət üçün, xalq üçün istifadə etdi. Şərəfli bir ömür yaşadı.
“Ədəbiyyat və incəsənət”
(09.07.2024)
ÖTƏN İL BU GÜN: “Ən mühüm layihə elə TÜRKSOY-un yaradılmasıdır”
Könül, “Ədəbiyyat və incəsənət”
Ötən il bu gün baş verən hadisələr içində xatırlatmağı lazım bildiyim türk dünyasının TÜRKSOY təşkilatının 30 illiyini böyük təntənə ilə qeyd etməsidir. Belə bir ənənə var, bir yubileyə digərindən nəzər yetirmək. “Ədəbiyyat və incəsənət” portalı da bu ənənəyə riayət edib TÜRKSOY-un 30 illiyinə 25 illiyindən nəzər yetirmək fikrinə düşdü. Bunun ən yaxşı yolu Azərbaycanın TÜRKSOY təşkilatındakı nümayəndəsi Elçin Qafarlı ilə 5 il öncəki müsahibəyə nəzər yetirməkdir. Xatırladaq ki, Elçin Qafarlı təkcə Azərbaycanı qurumda təmsil etmir, ümumən qurumun fəaliyyətində ciddi rol oynayır
- TÜRKSOY hansı zərurətdən yarandı?
- Bildiyiniz kimi, 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində müstəqil dövlətlər yarandı. Sözügedən dövlətlərdən beşi türkdilli idi. Bu ölkələrin ortaq tarixi və mədəniyyəti onlar arasında əlaqələrin inkişaf etdirilməsi üçün bir təşkilat altında birləşməsini labüd edirdi.
TÜRKSOY-un yaradılması haqqında ilkin fikirlər hələ 1992-ci ildə irəli sürülüb. Bu təşkilatın yaradılması ilə bağlı Bakı və İstanbul şəhərlərində bir sıra görüşlər keçirilib, nəhayət, 12 iyul 1993-cü ildə Qazaxıstanın paytaxtı Almatı şəhərində TÜRKSOY-un yaradılması haqqında Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Türkiyənin mədəniyyət nazirləri tərəfindən protokol imzalanıb.
TÜRKSOY-un yaradılması zərurəti ondan irəli gəldi ki, təşkilatçı ölkələrin dilləri, xalqları, mədəniyyətləri bir-birinə çox yaxın və bir çox xalqların hətta dinləri də eyni idi. Məlumdur ki, bəzi türk xalqları müxtəlif dinlərə sitayiş edirlər. Ancaq TÜRKSOY-un yaradılmasında əsas olaraq dil prinsipinə üstünlük verilib. Yəni təşkilat dil birliyi üzərində qurulub. TÜRKSOY-un əsas üzvləri Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistandır. Qalan 8 üzv isə (Rusiya Federasiyasına daxil olan Altay, Başqırdıstan, Xakas, Saxa-Yakut, Tıva və Tatarıstan Respublikaları, Qaqauz Yeri (Moldova) və Şimali Kipr Türk Respublikası) əsasən, müşahidəçi qismində iştirak edirlər. Amma təşkilatda hər bir üzv bərabər hüquqa malikdir.
- İndiyədək hansı layihələrə imza atmısınız?
- TÜRKSOY-un fəaliyyət dairəsi çox genişdir. Sibirdən Balkanlara qədər olan coğrafiyadakı ortaq mədəniyyətimizi bütün rəngləri ilə dünyada təmsil və təbliğ etməyə çalışırıq. Hər il üzv ölkələrimizin zəngin mədəniyyətini təmsil edən nümayəndələrini keçirdiyimiz müxtəlif tədbirlərə dəvət edirik. Bu illər ərzində rəssamlar, yazıçılar, şairlər, heykəltəraşlar, fotoqraflar, teatr və kino sənətçiləri, incəsənət nümayəndələri bizim tədbirlərdə bir-birilərilə tanış olub, əlaqələr qurublar. TÜRKSOY-un üç kollektivi qurulub. Gənclik Kamera Orkestri, Gənclik Kamera Xoru və Xalq Çalğı Alətləri Orkestri. Hər kollektivdə üzv ölkələrimizin incəsənət nümayəndələri təmsil olunurlar. Bu kollektivlər həm üzv ölkələrimizdə, həm də Avropa və Amerikanın mötəbər salonlarında, festivallarında türk dünyasının zəngin musiqisini nümayiş etdirirlər. 2010-cu ildən başlayaraq hər ili türk dünyasının bir dahi şəxsiyyətinin adına elan edib, onunla bağlı silsilə tədbirlər keçirir, nəşrlər edirik. Məsələn, 2012-ci il "Mirzə Fətəli Axundzadə ili" və 2017-ci il "Molla Pənah Vaqif ili" elan olunub. Bundan əlavə, 2012-ci ildən etibarən türk dünyasının önəmli tarixi və mədəni şəhərlərini türk dünyasının mədəniyyət paytaxtı elan edirik. 2016-cı ildə Şəki şəhəri bu ada layiq görülüb və il boyu TÜRKSOY-un tədbirlərinin bir çoxu məhz Şəkidə keçirilib. Bu tədbirlər vasitəsilə dahi şəxslərimiz və mədəniyyət paytaxtlarımız həm qardaş xalqlarımız arasında, həm də dünyada daha geniş tanınmağa başlayıblar.
Azərbaycanla bağlı fəaliyyətlərimizlə əlaqədar böyük layihələrdən dahi bəstəkarımız Üzeyir bəy Hacıbəylinin "Koroğlu" operasını qeyd edə bilərəm. Bu TÜRKSOY-un bu günədək həyata keçirilən ən böyük layihəsidir. Bu layihədə üzv ölkələrin 6 opera teatrının 250 sənətçisi iştirak edib və 4 ölkənin 5 şəhərində (Bişkek, Almatı, Ankara, Bakı və İstanbul) tamaşalar böyük uğurla göstərilib.
2013-cü ildə Üzeyir bəyin məşhur "Arşın mal alan" operasının 100 illiyi ilə əlaqədar TÜRKSOY və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin birgə əməkdaşlığı nəticəsində operettanın konsert versiyası YUNESKO səhnəsində göstərilib. Bu layihədə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə opera sənətçiləri yer alıblar.
TÜRKSOY-un quruluşundan bu günə kimi hər il Türkiyədə təşkilatımız tərəfindən Novruz şənlikləri keçirilir. Bu proqramlara da türk dünyasından rəqs qrupları, musiqiçilər, aşıqlar və folklorçu alimlər dəvət edilir. Novruz bayramı YUNESKO-nun qeyri-maddi irs üzrə Reprezentativ siyahısına daxil edildikdən sonra Parisdə YUNESKO mərkəzində və Strasburqda Avropa Şurasında konsertlər verdik. 2010-cu ildə isə BMT Baş Assambleyası tərəfindən 21 mart günü "Beynəlxalq Novruz Günü" kimi elan olunduqdan sonra Nyu-Yorkda BMT mərkəzində və Vaşinqtonda Novruz konsertlərimiz keçirildi.
- Gələn il qurumun 25 illiyi qeyd olunacaq...
- Bəli, gələn il TÜRKSOY-un tarixində mühüm il olacaq. Təşkilat yaranmasının 25 illiyini qeyd edəcək. Biz qurumun 10, 15 və 20 illik yubileyləri zamanı Türkiyədə üzv ölkələrimizdən dəvət edilən mədəniyyət xadimlərinin, incəsənət nümayəndələrinin iştirakı ilə tədbirlər keçirdik. Gələn il isə bu yubileyi həm Türkiyədə və üzv ölkələrimizdə, həm də əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlar nəzdində müxtəlif səpgili tədbirlərlə qeydetməyi planlaşdırırıq.
- Keçən il Azərbaycanda "Multikulturalizm ili" elan olunmuşdu, bununla bağlı nümayəndəlik hansı addımlar atdı?
- Tarixi İpək yolunda yerləşən Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradılması müasir dövrdə Azərbaycanda həyata keçirilən siyasətin tolerantlıq prinsiplərinə bu gün də sadiq qalmasını nümayiş etdirir.
2016-cı ildə TÜRKSOY Daimi Şurasının qərarı ilə Şəki şəhəri türk dünyasının mədəniyyət paytaxtı elan olundu. Paytaxt ilinin Şəkidə keçirilən açılış mərasiminə digər rəsmi qonaqlarla yanaşı, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nassir Abdulaziz Al-Nasserin gəlişi və çıxışında tarixi ipək yolu üzərində yerləşən və zəngin mədəniyyətin yaşayan simvolu olan Şəkinin mədəniyyət paytaxtı elan edilməsinin "Multikulturalizm ili"nə gözəl töhfə verəcəyini vurğuladı. Şəkidə keçirilən "İpək Yolu" Beynəlxalq Musiqi Festivalında türk dünyasının müxtəlif xalqlarını təmsil edən kollektivlərin göstərdiyi mədəni tədbirlər multikulturalizm ilinin unudulmaz tədbirlərindən idi.
- Bəs "İslam həmrəyliyi ili" münasibətilə nə kimi işlər həyata keçirdiniz?
- Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib. Buna görə, Azərbaycanda "İslam həmrəyliyi ili"nin elan olunması heç də təsadüfi deyil. TÜRKSOY da İslam aləmi ilə əlaqədar Bakıda təşkil olunan qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların iştirakçısı olub. 2009-cu ildə "Bakı İslam mədəniyyəti paytaxtı ili"nin açılış tədbirlərində TÜRKSOY heyəti iştirak edib.
Bu il isə "İslam həmrəyliyi ili"ndə Qafqaz Müsəlmanları İdarəsi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə aprelin 12-də Bakıda keçirilən "İslam həmrəyliyi: dini və mədəni müxtəlifliyin harmoniyası" mövzusunda beynəlxalq konfransda TÜRKSOY nümayəndə heyəti və qurumun baş katibi Düsen Kaseinov bu konfransda çıxış edərək Azərbaycanın həm türk, həm də İslam mədəniyyətinə əvəzsiz töhfələr verdiyini vurğulayıb.
Əlavə olaraq qeyd etmək istərdim ki, TÜRKSOY və İSESKO təşkilatları arasında qarşılıqlı faydalı münasibətlər qurulub, həm İSESKO mərkəzində, həm də üzv ölkələrimizdə müştərək silsilə tədbirlər keçirilib.
- Türk ölkələri arasında əlaqələrin istənilən səviyyədə olmaması hər fürsətdə vurğulanır. Çatışmazlıqlar nələrdir və necə aradan qaldırmaq lazımdır?
- TÜRKSOY tərəfindən üzv ölkələrimiz arasında mədəni əlaqələrin qurulması və genişləndirilməsi istiqamətində mütəmadi işlər görülür. Türk dünyasını təmsil edən mədəniyyət və incəsənət xadimlərimiz arasında TÜRKSOY-un tədbirləri sayəsində əlaqələr qurulur və bu əlaqələr dalğa şəklində genişlənir. Sözsüz ki, çatışmazlıqlar ola bilər. Amma buna da müəyyən zaman lazımdır. Unutmamaqda fayda var ki, bir çox üzv ölkələr müstəqilliklərinin 26-cı ilini yaşayırlar.
- TÜRKSOY V Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunurdu...
- Artıq ikinci dəfədir Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında təmsil olunuruq. Bu dəfə də təşkilatımız tərəfindən nəşr edilən, türk xalqlarının ədəbiyyatını, folklorunu, dastanlarını, poeziyasını, musiqisini, yəni zəngin mədəniyyətini əks etdirən, son yayımlarımızı ayrıca stenddə nümayiş etdirdik. TÜRKSOY-un stendinə maraq böyük idi. Açılış günü stendimizi baş nazirin müavini, Xalq yazıçısı Elçin Əfəndiyev, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və digər rəsmilər ziyarət etdilər.
Builki iştirakımızı Azərbaycanla bağlı yayımladığımız iki kitabla vurğulamaq istərdim. Birincisi, TÜRKSOY-Azərbaycan kitabı. Bu kitabda təşkilatın ölkəmizlə bağlı son on ildə keçirdiyi tədbirlər haqqında məlumatlar əhatə edilir. İkincisi isə Molla Pənah Vaqiflə bağlı kitab idi. Məlum olduğu kimi, bu il şairin anadan olmasının 300 illiyi qeyd olunur və bununla əlaqədar TÜRKSOY Daimi Şurasının qərarı ilə üzv ölkələrimizdə "Molla Pənah Vaqif İli" elan edilib. İl çərçivəsində keçirdiyimiz tədbirlərlə yanaşı, şairin seçmə şeirlərini tərcümə etdirərək "Dünya dillərində Molla Pənah Vaqif şeirləri" adlı kitab nəşr etdik. Hər iki kitabla bağlı sərgi salonunda mətbuat konfransı keçirdik.
"Dünya dillərində Molla Pənah Vaqif şeirləri" kitabı Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Milli Kitabxanası və TÜRKSOY-un birgə əməkdaşlığı sayəsində işıq üzü gördü. Kitabın elmi məsləhətçisi və ön sözün müəllifi AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylidir. Milli Kitabxanada təqdimatı keçirilən kitabda Vaqifin şeirləri Azərbaycan, qazax, qırğız, özbək, türk, türkmən, başqırd, tatar, ingilis, italyan, rus və Ukrayna dillərində nəfis şəkildə nəşr olunub. Düşünürəm ki, bu kitab XVIII əsrin böyük şairi, filosofu və dövlət adamı Vaqifin xatirəsinə ən yaxşı hədiyyədir.
- Bundan əvvəl də teatrla bağlı almanax təqdim edilmişdi...
- Yeni nəşrlərimizdən biri də "Teatr almanaxı"nın 3-cü kitabıdır. Bu almanaxda türk xalqlarının uşaq pyesləri toplanıb. Azərbaycan bölümündə Abdulla Şaiqin "Qaraca qız" və "Fitnə" pyesləri öz əksini tapıb. Bundan başqa, almanaxa türk, qazax, qırğız, çuvaş və xakas dramaturqlarının uşaq əsərləri daxil edilib. İlk iki kitabda türk dünyasının dramaturqlarının əsərləri yer almışdı. Bu kitab-almanaxlar TÜRKSOY nəzdində qurulmuş üzv ölkələrin teatr rəhbərləri Şurasının aldıqları qərarlar əsasında nəşr olunub.
- Daha bir kitab sərgisi - İstanbul fuarı geridə qaldı. Bu sərgidə hansı yenilikləriniz oldu?
- Bu ilin 4-12 noyabr tarixlərində 36-cı Beynəlxalq İstanbul Kitab Sərgisi keçirildi. Sərginin açılış günü TÜRKSOY Mədəniyyət və Turizm Nazirliyi və Milli Kitabxana ilə birlikdə Azərbaycan stendində Molla Pənah Vaqifə həsr olunmuş tədbir təşkil olundu. Tədbirdə akademik Nizami Cəfərovun "Molla Pənah Vaqif", Milli Kitabxananın yayımladığı "Molla Pənah Vaqif. Biblioqrafiya" və TÜRKSOY-un nəşr etdiyi "Dünya dillərində Molla Pənah Vaqif şeirləri" kitablarının İstanbulda təqdimatı keçirildi.
- İndiyədək ən uğurlu layihə hansı olub?
- Düşünürəm ki, indiyədək ən uğurlu addım, ən mühüm layihə elə TÜRKSOY-un yaradılmasıdır.
“Ədəbiyyat və incəsənət”
(09.07.2024)
İrrasionalları məqsəd yox, fəaliyyətin özü ilhamlandırar
Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”
Sən demə, psixologiyada irrasionallar üçün də effektiv, zəmanətli uğur düsturları var imiş.
Bu düsturlar bütün menecment təliminin əksidirlər, onları anti-tezis də adlandırmaq olar. Rassionalların planlaşdırılmasına cavab kimi irrassionalların ani planlaşdırılmasını ortaya qoymaq olar. Düstürların məğzi ondadır ki, irrassionalların cəmiyyət tərəfindən zəiflik və çatışmazlıq kimi adlandırılan xüsusiyyətlərində şəxsiyyətin elə aspektləri gizlənib ki, bu elə böyük bir potensialdır ki, ondan düzgün istifadə etdikdə hətta ən böyük məqsədlərə belə çatmaq olar!
Maraqlıdır, deyilmi?
Beləliklə, gəlin diqqət edək. Tezis və antitezislər:
a) İrrasionallar bir işi başa çatdıra bilmir, digərindən yapışırlar.
Eyni zamanda bir neçə sahəyə maraq göstərən, tutalım, həm yazıçı, həm aktyor, həm rejissor, həm alim, həm dizayner, həm idmançı olmaq istəyən irrasional bunlardan birini seçir, potensialını bu sahəyə yönəldir, amma qısa zamanda nəticə əldə edə bilmədiyi, uğurun çox uzaqlarda, əlçatmazlıqlarda olduğunu hiss etdiyi üçün, üstəlik, digər sahələrə marağını içində boğmasının ağrısını çəkdiyi üçün get-gedə maraq və entuziazmının itməsi ilə barışır. Məqsədə çatmaq yolundan sapınır, bu dəfə digər bir sahəni seçib indi də o sahədə uğura doğru addımlamağa başlayır. Təbii ki, bu dəfə də onu uğursuzluq haqlayacaq.
Bəs nə etməli?
Əslində, irrasionallar bir şeyi qulaqlarında sırğa etməlidirlər ki, onlar məhz elə müxtəlifliklər üçün doğulublar. Özünü planlı şəkildə bir işə sərf etmək onlar üçün deyil. Bu qaydalar rasional insanlarındır. Sizsə, ey irrasionallar, içinizdəki istəkləri əsla boğmamalısınız. Eyni zamanda həm yazıçılıq edin, kitab yazın, həm rəssamlıq edin, portret çəkin. Tutalım, kompüterdə Photoshop proqramını öyrənmək istəyirsinizsə, tutalım, Corel Draw, Flash proqramlarını da öyrənin. Siz ingilis dilini mənimsəməyə çalışırsınızsa, alman, fransız dillərini də öyrənin, Siz bir məqsəd, bir uğur hədəfi qoymayın qarşınıza, eyni zamanda bir neçəsini qoyun. Nəticə mütləq gözəl olacaq!
b) İrrasionallar yekcins, monoton işdən bezirlər.
Adətən bu bezginlik onları həmin işdə uğur əldə etməkdən məhrum eləyir. Onların işə maraqları tam ölür, məcburən, zorən işləyir, bəzən hətta işi axıra çatdıra bilmir, nəticə əldə etməyi bacarmırlar.
Amma bu yekcinslikdən, monotonluqdan bezginliyi mənfi xarakterlikdən müsbət xarakterə yönəltmək mümkündür. Necə? Əgər iş sizi bezdiribsə, ani olaraq bir fəaliyyətdən digərinə keçin, məsələn, əgər bu özəl işdirsə, musiqi ifa edin, gündəlik yazın, dostlarla yazışın, lap bir az idman edin, açıq havada gəzişin, sonra yenidən işinizin üstünə qayıdın. Yox, əgər bu idarə, müəssisə işidirsə, musiqi ifa etmək, idmanla məşğul olmaq mümkünsüzdürsə, digərlərini edin. Mütaliə də etmək, kağız-qələm götürüb rəsm də çəkmək, hər hansı bir krossvord, skanvord da həll etmək olar. Bu qarışıq iş ritmi sizi mütləq gördüyünüz əsas işdə uğura aparıb çıxaracaq. Özü də işiniz xeyli məhsuldar, keyfiyyətli olacaq.
c) İrrasionallar əhval-ruhiyyədən asılıdırlar
Adətən, bax bu çatışmazlıq irrasionalları tutduqları yoldan sapındırır. Sabah günorta vacib bir işgüzar görüşü olan, ancaq, necə deyərlər, yataqdan sol ayaqla qalxdığından kefsiz olan irrasional bu görüşə getməyə ərinirsə, getmirsə, bundan çox ciddi ziyan çəkir. Amma nə etsin, özü ilə bacarmır. İrrasionalların bir aylıq, bir illik deyil, hətta bir günlük dəqiq plan qura bilməmələri, planlarının alt-üst olması onlara çox mənfi təsir göstərir, uğura doğru yollarını tam əngəlləyir.
Bəs nə etməli? Təbii ki, irrasionalın bir işi görməyə həvəsi ölübsə, mütləq başqa işlərindən birini görməyə içində həvəs tapılacaq. Ona görə də əhval-ruhiyyə faktorundan tam asılı olan irrasional cari və perspektiv planlarla deyil, görəcəyi bütün işlərin siyahısı ilə hərəkət etməlidir, hər gün bu siyahıya göz gəzdirməlidir. Onda, mütləq hazırkı əhval-ruhiyyəsinə uyğun olan bir iş tapıb onunla məşğul olacaq, həm zamanını boşuna xərcləməyəcək, həm də uğursuz planlaşdırma acısını çəkməyəcək.
Beləliklə, əziz oxucularımın irrasional tipə uyğun gələnləri, siz monotonluqdan, yekcinslikdən bezib eyni zamanda bir neçə sahədə məşğul olmaq istəyinizlə, əhval-ruhiyyədən tam asılı olduğunuzçün planla hərəkət etmək üstünlüyündən məhrum olmaq minusunuzla belə uğura doğru gedə bilərsiniz. Rasionallardan fərqli olaraq, sizi məqsəd yox, fəaliyyətin özü ilhamlandırar. Unutmayın ki, bu, daha böyük nəticələr əldə etməyə səbəb ola bilər!
“Ədəbiyyat və incəsənət”
(09.07.2024)
“Yalandan xoşbəxtəm deyib, necə aldadım özümü...” – Ədalət Salmanın şeirləri
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSNDƏ layihəsində bu gün şeir vaxtıdır, sizlərə Ədalət Salmanın şeirləri təqdim ediləcək.
ANA TƏBİƏTİN SARIŞIN QIZI
Xətrinə kim dəyib bu qız payızın,
Bənizi saralıb solur, görürəm.
Bulud yaşmağına bürünən qızın
Şimşək saçlarını yolur, görürəm.
O yağış, gözünün kökü saralmış
Bu qızın ayrılıq göz yaşıdımı?
O kötük – həsrətdən yanıb qaralmış,
Nakam sevgisinin başdaşıdımı?
Bu soyuq baxışlı sarışın gözəl
Dönük taleyindən haçan yarıdı?
Ayağı altına tökülən xəzəl
Hansı vəfasızın məktublarıdı?
Şirin xəyallara inanar yenə,
Tanrı da heç üzməz ümid işığın.
Baş qoyub sazının sarı siminə,
Ovudar ruhunu Sarı Aşığın...
...Payızı düşündüm min kərə azı,
Sarıya boyandı duyğularım da.
Ana təbiətin sarışın qızı
Sığınar köksümə yuxularımda...
QƏDİMİ KİŞİLƏR...
Hər əsən küləkdən dönməzdi halı,
Öyüdlə kəsərdi hər qeylü-qalı.
Buxara papaqlı, əli əsalı
Qədimi kişilər, köhnə kişilər.
Hamı üz tutduğu evi pir idi,
Hakimtək qərarı, sözü bir idi,
Elin söykəndiyi dağın biriydi
Qədimi kişilər, köhnə kişilər.
Məclisdə sözünün yerin bilərdi,
Gələn bəlanı da ellə bölərdi.
Kişitək yaşardı, mərdtək ölərdi
Qədimi kişilər, köhnə kişilər.
Kim giley edərdi, kim ağlayardı,
Başının üstünü tez haxlayardı.
Bircə kəlməsilə qan bağlayardı
Qədimi kişilər, köhnə kişilər.
El-oba hamısı doğma kəsiydi,
Haqqın keşikçisi, haqqın səsiydi.
Halallıq, kişilik nişanəsiydi
Qədimi kişilər, köhnə kişilər.
Aldada bilmədi dünyanın malı,
Yerişi ləngərli, özü həyalı,
Əli dəstəmazlı, dili dualı
Qədimi kişilər, köhnə kişilər...
...Ellə ağlamadıq, ellə gülmədik,
Son tikəmizi də ellə bölmədik.
Heyif, sizin kimi ola bilmədik,
Qədimi kişilər, köhnə kişilər.
NECƏ ALDADIM ÖZÜMÜ?
Üzü üzlər görənlərdən
Qaçıb gizlədim üzümü.
Dedim, uzaq olaq şərdən,
Əyri yozdular düzümü.
Qapı açılır oğruya,
Baxan tapılmır doğruya.
Ürəyim düşüb ağrıya,
Daha qalmayıb dözümü.
Çoxu zatını bildirir,
Xalqı özünə güldürür.
Baxıb qurdunu öldürür, –
Mən tox saxladım gözümü.
Min əzab gördüm, ölmədim
Dərdi tək çəkdim, bölmədim.
Əyilmək nədir, bilmədim,
Dedim hər vaxt haqq sözümü.
Başım daşdan-daşa dəyib,
Məni yağış, tufan döyüb.
Yalandan xoşbəxtəm deyib,
Necə aldadım özümü?!
QİYAMƏTƏ ÇATMIŞIQ, BƏLKƏ...
Barat Vüsala
Yuxuma gələnlər başıma gəlir,
Gördüyüm yuxular çin olur, qağa.
Xoş gündə yanımda mələk olanlar
Dar gündə bəs niyə cin olur, qağa?
Çoxalıb yuxuma haram qatanlar,
Şeytanlar yuxuma girməzdi mənim.
Vəzifə taxtında lövbər atanlar,
Yanında dursam da, görməzdi məni.
Tanrı qismətini beləmi yazıb, –
Ac toyuq yuxuda darı görəcək?
Səhərdən axşama əlləşən kasıb
Ancaq yuxusunda varı görəcək?
Divlər Cırtdanları yuxuya verib,
Əlindən alırlar qismətini də.
Həyatda yuxunu tərsinə görüb
Gizlədə bilmirsən nifrətini də!
Gəlib qiyamətə çatmışıq, bəlkə,
Bu köçün önünü dayandıran yox.
Qəflət yuxusunda yatmışıq, bəlkə,
Tutub yaxamızdan oyandıran yox.
Dünyanın əşrəfi, ey bəni-Adəm,
Qəlblərdə yaxşılıq toxumu bitir.
Elə bu həyat da yuxu kimidi,
Göz açıb yumunca ömür də bitir.
BOŞ VER, A ŞAİR…
Başınısalaşağı,
Çalışarısayağı.
Görsəndayaz, bayağı,
Boşver, a şair, boş ver.
Uzaqolquruşərdən,
Enmədurduğunyerdən.
Zümzüməetşeirdən,
Boşver, a şair, boş ver.
Şaxdur, nə sın, nəəyil,
Düzəyrinikəsir, bil!
Qozbeldüzələndeyil,
Boşver, a şair, boş ver.
Pisliketsədənadan,
Qalmayaxşılığından.
Yorulacaqdaşatan,
Boşver, a şair, boş ver.
Fərqetməzonuöysən,
Ya da üzünəsöysən.
Dağtəksəbrinəsöykən,
Boşver, a şair, boş ver.
HAQQIN KÖTƏYİ
Səsinə hay verən olmaz, ha çığır,
Haqlının payını haqsız yeyəndə.
Yanıram, tüstüm də təpəmdən çıxır
Haqqı tapdalayan haqdan deyəndə.
Qorxma, haqq yolunda çəkilsən dara,
Yenə meydan oxu haqsızlıqlara.
Bilmirsən bu qatıq ağdı, ya qara,
Yalanlar həqiqət donu geyəndə.
Şimşəktək yalandan boş-boş çaxırıq,
Layiq olmayana medal taxırıq.
Hamımız lal kimi susub baxırıq
Haqqın tərəzisin şeytan əyəndə.
Mənsəb sahibində görmədim qürur,
Hansı halal pulla imarət qurur?
Abırlı abrına söykənib durur,
Arsıza aş gəlir gümüş ləyəndə.
Çıxmaz, qovlamasaq bağdan köpəyi,
Milçəkdən qoruyar arı pətəyi.
Dünya düzələcək, haqqın kötəyi
Haqsızın başına bir gün dəyəndə!
ZÜLÜMƏ BAX...
Sən yoxsan, bir boşluq var
İçimdə neçə gündü.
Bir ruh kimi gəzirəm,
Bu həyat yox, sürgündü.
Halsız halımı görən,
Ölümü güldürürəm.
Ötməyib, acıq verən
Vaxtı da öldürürəm.
Sən yoxsan, dünya bomboş,
Hər şey düşüb gözümdən.
Səni küsdürdüyümçün
Küsmüşəm öz-özümdən.
Yaşamaq – həyat eşqim,
Mənim ürək dərmanım.
Dönməsən, oxunacaq,
Bil ki, ölüm fərmanım.
Elə pəjmürdəyəm ki,
Düz yolu da azıram.
Zülümə bax... bu yaşda
Həsrət şeri yazıram...
AH... O SƏNLİ GÜNLƏRİM...
Ah... o sənli günlərim
Geri qayıda bir də.
Qəfil yağış başlaya,
Olmaya bir çətir də.
Yağışdan gizlənməyə
Yer də tapa bilməyək.
Yağış islatsın bizi,
Qaçıb evə gəlməyək.
Dabanını qaldırıb,
Yenə sarıl boynuma.
İslanmış cücə kimi
Alım səni qoynuma.
Yanımızdan ötənlər
Baxıb "dəli"dir, desin.
O tum satanqarı da
Yenəbizisöyməsin.
Baxmayıbbaxışlara
Ürəkdeyəniedək.
Yenəyağışınaltda
Tutubəl-ələgedək...
...Heyif, gənclik illərim
Geri qayıtmaz bir də.
Yaşar sənli günlərim
Şirin xatirələrdə.
MƏNƏ MƏNDƏN YAXINSAN...
Dayanmısan önümdə,
Kirpiyimin altında.
Yenə səni gəzirəm
Göyün yeddi qatında.
Bu qədər yaxın ikən,
Nədən uzaqsan belə?
Aşa bilməyəcəyim
Yoxsa bir dağsan belə?
Sənə nəfəsim dəyir,
Əllərim çatmır, niyə?
Nə qədər dözmək olar
Səninlə sənsizliyə.
Tanrı sınağısanmı,
Yoxlayırsan səbrimi.
Düşəm qarşında öləm,
Oxşayasan qəbrimi...
...Mənə məndən yaxınsan,
Mənim deyilsən ancaq.
Yatmadığım yuxumsan,
Yatsam, çinmi olacaq?
“Ədəbiyyat və incəsənət”
(08.07.2024)
Göynəyin duzuna su səpməyə tələsirik - ESSE
Famil Hacısoy, “Ədəbiyyat və incəsənət”
Budur, gecənin qoynundan çıxaraq dan yerinin bağrını dələn səhər yelinin sərinliyində maşınımız yol alır qədim-qayın torpaqlarımıza- Şərqi Zənguzura doğru. Əsrarəngiz gözəlliyinin bəlasına düçar olmuş azad edilmiş ərazilərə çataçatdayıq. Otuz bir illik ayrılığın göynəklərini ovutmaq üçün ürəyimizdəki yarası çox dərin olan göynəyin duzuna su səpməyə tələsirik.
Görünən Cəbrayıldı,
Görən hayıl-mayıldı.
Gözəllikmiş bəlası,
Düşmən gördü ayıldı.
Elə ki, qəsbkar ermənilərin keçilməz xətt sandıqları məşhur iohan səddini keçirsən, “vəhşilik ustaları”nın ağılasığmaz əməllərinin şahidi olursan. Göz gördüyündən dəhşətə gəlir. Göz gördüklərini ifadə etməkdə söz acizdir. Sözün də nitqi quruyur burada.
Araz acizliyindən yenə də laldır, dərdi sinəsində, ayrılıq yükü çiynində səsini içinə çəkib, bir üzündə sevinc, bir üzündə kədər bir bədəni ikiyə bölərək məlul-məlul axır. Bəlkə də, qəhrəman oğullarımızın canı və qanı bahasına işğaldan azad olmuş dədə-baba torpaqlarımıza qovuşmağımıza həsəd aparır. “Bugündən onun üçün də olacaqmı?”- Düşünür Araz...
Arazın dərdinə üzülərkən bir səs gəldi qulağıma qeybdən:
O tay yurd, bu tay vətən,
Yoxdu Arazdan ötən.
Əllər qalıb uzalı,
Dərddi axan sinəmdən.
Koldu arada bitən,
Yol yox Xudafərindən.
Bugün gözyetəndisə,
Sabah olar əlyetən.
Ətraf bizə qucaq açsa da, çox şey tanış gəlmədiyindən bu yerlərin dünəni yaddaşımda çözələndi. Belə bir deyim yada düşür: Yolu yaxşı tanımaq üçün onu bir dəfə azmaq lazımdır. Görünür, bizlər bu yollarda azmadığımızdan çətinliklə irəliləyirik. Xiffətdən yol-irizini kol-kos basmış, yol-yolağasını tanıyıb tapmaq yaddaşımız hopmuş silinməz izlərin insafına qalmış, var-yoxunu mənfur yağı yağmalamış, az qala bir qərinədir ki, sinəsinə dağlar çəkilmiş, yuxuları ərşə çəkmiş, döyülüb əzilməkdən hər cür işgəncəyə düçar olmuş bir kəndin zorla sezilən izlərini gördüm. Yaxınlaşıb harayladım yal-yamacı, bağ-bağatı səsimə hay gəlmədi qəlb üşüdən sükutdan özgə. Sanki bu mənzərədən qurumuşdu dil-dodağı sükutun da. Dedim yəqin küsüb məndən, getdim qucub könlün alam. Elə bu an sükutun bətnindən boylandı hər tərəf, hər yan...
Gördüm qana həris cəlladların zülmündən yarası köz bağlamadığından köksünün qanı qurumayan bağ-bağatın, yal-yamacın canında can qalmayıb, Həsrət sormuş taqətini. Doğma sakinlərinin yolunu gözlədiyindən buz bulaqları əriyib torpağının könlünü ala-ala yerin tərkinə gömülüb ki, düşmən taptağının oylağına çevrilməsin. Gördüm ki, asfat yollar ot bitirmiş adam boyu, yoxa çıxmış kəhrizlərin dişgöynədən suyu. göyərçinlərə yuva olmuş neçə quyu. Gördüm ki, daşı daş üstə qalmayan evləri uçuq-sökük, yolları yolsuzluqdan boynubükük, ilin bu çağında çöl-çəmənin rəngi saralı, düzənliyə dönmüş sıx ağaclı adamkeçməz ormanları.
Silinmişdi yer üzündən neçə-neçə kənd, oba.
Bu dəhşətlər, bu zillətlər sığan deyil nə dinə, nə Kitaba.
Gördüm kafirlərdən insaflı imiş goreşənlər. Bu gorsuzlar qoymamışlar məzarlardan əsər belə qala. Görün qəbirlərə necə divan tutmuşlar zombiləşmiş qarğa-quzğun tinətli bu vəhşilər.
Anaları insan deyil, “donuz” doğmuş bu kəsləri. Dırnaqlayıb viran qoymuş məzarlığı, məzarların bağrın dəlmiş nəfsləri...
Yazıçı Varis Yolçuyevin təbirincə desək: “qəlb korşalanda iki ayaqlı insanın dörd ayaqlı heyvana çevrilməsi prosesi baş verir.” Burada rastlaşdığım işğalçıların qoyub getdiyi mənzərə bundan ibarət idi.
Bu yağış gürçat oldu,
Yuduğu yer çat oldu.
Kədərdən gəj bağlayıb
Ürəyim qat-qat oldu.
...Çox şükür ki azad gördüm, çal-çağırlı şənliklərsiz, alaçıqsız dağlar, sürülərsiz kövşənlər sizi bugün. Sir-sifətiniz dəyişsə də, bəniziniz soluxsa da nəfəsimə nəfəs qatdı görüşümüz. İgidlərimizin canı, qanı bahasına açıldı köksünüzə vurulmuş dolaşığa düşən bir müşkül düyün.
“Ədəbiyyat və incəsənət”
(09.07.2024)
Şəhidlər barədə şeirlər - Nail Abakarov
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Nail Abakarov
Nail Abakarov 2001-ci il iyulun 24-də Rusiya Federasiyasının Kazan şəhərində anadan olub. 2009-2011-ci illərdə Kazan şəhərində 79 saylı İnternat Liseyində, 2011-2018-ci illərdə Zaqatala şəhərində İnternat Liseyində, 2018-2020-ci illərdə isə Zaqatala şəhərində N. Hüseynov adına 2 nömrəli tam orta məktəbdə təhsil alıb. Subay idi.
Nail Abakarov 2020-ci ilin iyul ayından Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi.
Azərbaycan Ordusunun əsgəri olan Nail Abakarov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Nail Abakarov oktyabrın 2-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail Abakarov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Nail Abakarov ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.
O gecə, Günəşin də
Qəfil söndüyü gecə...
O gecə, mələklərin
Yerə endiyi gecə.
O gecə yaddaşında,
Susub fəryad saxladı.
Küləklər uçdu getdi,
Quşlar qanad saxladı.
Bir xəbər bir atanın
Ürəyini geyinib,
Əynində aparırdı.
Bir ata ovucunda
Böyütdüyü balasın
Çiynində aparırdı.
Aparırdı adamlar
Bir körpə beşiyini,
Bir ananın qəlbini,
Həyəti, bacasını,
Evini, eşiyini.
Bir qız boynunu büküb
Dayanmışdı kənarda.
Sevənlər ayrılanda
Alışar da, yanar da.
Yox, bu ayrılıq deyil,
Evinə dönməkdi bu...
Ana, vətən, qohumlar,
Dost, tanış, qardaş, bacı -
Hamını sevməkdir bu.
Şəhidlik əbədiyyət,
Sevilməkdi, sevməkdi.
Mələklərə qoşulmaq,
Günəşə can verməkdi.
“Ədəbiyyat və incəsənət”
(09.07.2024)
İntizar ədəbiyyatı - Hökumə Billuri, "Mən də"
Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Mən də bir şairəm sinəsi dağlı,
Ayrılıq nəfəsli, hicran soraqlı
Vətənin qapısı üzümə bağlı,
Hər axşam bu dərddən alışır sinəm,
Vətən həsrətliyəm, el həsrətliyəm.
Həyatın öz səsi, gur səsiyəm mən,
Varlığın bir səhər nəfəsiyəm mən.
Haçandır azadlıq təşnəsiyəm mən,
Qəlbimdə məhəbbət bulağı çağlar,
Bir gözüm güləndə, bir gözüm ağlar
Səhər oyanmamış, günəş gəlməmiş,
Arzular üfüqün özütək geniş.
Torpağa, insana, günəşə alqış.
İnsan arzulan günəşdən uca,
Baxdım dan yerinə, baxdıın doyunca,
Dəniz ovsunlayıb ayı da alır,
Çəkir sinəsinə, sular qaralır,
Qızılı bir şəfəq sularda qalır,
Açır gözlərini oyanır səhər,
Başlayır uğurlu bir aydın səhər.
Budur, nəfəs alır küçə, xiyaban,
Dəniz lap birinci qalxır yuxudan.
Həyatın zinəti ey ulu insan,
Dənizə, günəşə, sənə vurğunam,
Vurğunam, vurğunam, yenə vurğunam.
Məşəltək alışan bir ürəyəm mən,
Səhərə nur verən bir diləyəm mən.
Bir ölməz arzuyam, bir istəyəm mən.
Dağlardan möhkəməm, zirvədən uca,
Qalsın arzularım dünya durunca.
O tayda, bu tayda məşəl yandıran,
Səhərin yolunu işıqlandıran,
Göylərdə günəşdir, həyatda insan,
İnsan arzuları, günəşdən uca,
Baxım dan yerinə ömrüm boyunca.
“Ədəbiyyat və incəsənət”
(09.07.2024)
BİR SUAL, BİR CAVAB Habil Yaşar ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
"Uçub gedən hər bir şey geri dönər, amma tam da onlarsız yaşamağı öyrəndiyiniz zaman” (Jose Saramago)
Habil bəy, vaxtsız qəlb evini tərk edənləri məyus halda geri dönərkən gördükdə diliniz nə söyləyir?
"Demişdim qayıdacaqsan, amma gözlərim artıq sənə bağlı", yoxsa, "Sən heç getmədin ki"?
Öncə qeyd edim ki, Jose Saramaqo ən çox sevdiyim, ruhuma ən yaxın yazıçılardan biridir. O ki qaldı cavaba, hər nə qədər çətin olsa da, bütün iradəmi toplayaraq "Demişdim qayıdacaqsan, amma gözlərim artıq sənə bağlı" söyləməyi üstün tutaram. Ürəyimdə yeri olmayan birini gözlərim görsə, nəyə yarar…
“Ədəbiyyat və incəsənət”
(09.07.2024)