“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Arda Xaninin şeirlərini təqdim edir.
AD GÜNÜM
Mən nə yaşamışam?! Neçə yaşım var?!
Yaşamaq illərdir yorur qəlbimi.
Yaşımın üstünə artırdı ancaq,
Xəyalım saçı ağ bir uşaq kimi.
Başımda dünyalar oynayır mənim,
Baxışım yenə də süzülür, axır.
Güzgüdə qorxduğum cansız bir şəkil,
Mən ona baxmıram, o mənə baxır.
Gördüyün bu insan mənə bənzəmir,
Mən hələ özümdən nəsə bilmirəm.
Mənim həsrətimi kağızlar bilir,
Danışa bilmirəm, susa bilmirəm.
Bir otaqdır, bir mən, bir də siqaret,
Çəkirəm ölümə nəfəs-nəfəs can!
Pəncərə önündə şeir oxuyur,
İçimdə illərdir yalnız yaşayan.
Yaşadım deyirəm! Neçə yaşım var?!
Özümlə edirdim mən, inad günüm.
Üzgünəm, yorğunam, biraz ümidsiz,
Və bu gün deyəsən, mənim ad günüm...
“Ədəbiyyat və incəsənət”
(09.07.2024)