Super User
“İrəvan mətbəxindən nümunələr” layihəsində Ala qızılbalıq buğlaması
Rubrikanı Könül aparır.
“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır.
Bu gün sizlərə Ala qızılbalıq buğlamasının hazırlanma qaydasını təqdim edəcəyik.
DÜSTUR
§ Balıq – 183 qr
§ İstiot – 0,1 qr
§ Duz – 4 qr
HAZIRLANMASI
Ala qızılbalıq Irəvan mahalında dağ çaylarında olurdu (məs. Her-her çayı). Bu dağ çaylarının əksəriyyəti Arpa çayına tökülür. Lakin ala qızıl- balıq Arpaçaya enmirdi. Arpaçayda bu balığa rast gəlinmirdi. Ala qızılba- lıq 30-40 sm uzunluğunda, 4 barmaq enində, bir o qədər də yağlı olmayan, pullu, gümüşü rəngli, qırmızı xallı balıq növüdür. Bu balıqları təmizləyib, duzlayıb, istiotlayıb, bütöv şəkildə qa- zana yığırlar. Balığın üzərinə su əlavə edilib, vam odun üzərinə qoyulur. Həll bişmiş, sümüyü artıq hiss olunmayan soyutma balıqları lavaş arasında, dür- məkdə süfrəyə vermək olar
Nuş olsun!
“Ədəbiyyat və incəsənət”
(11.07.2024)
BİR SUAL, BİR CAVAB Ruslan Dost Əli ilə
Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
SUAL
”Varlı olmaq istəyirsinizsə, təkcə pul qazanmağı deyil, həm də qənaətcil olmağı öyrənin". (Bencamin Franklin)
Ruslan bəy, indiki gənclər qənaətcildirlərmi, yoxsa bu xarakterə bağlı olan məsələdir?
CAVAB
Söhbət puldan gedirsə, onu ürək rahatlığıyla xərcləmək lazımdır. Arzulara, doğmalara, insanlara…
Varlı və ya kasıb olmağa qaldıqda isə, buna yalnız mənəviyyat müstəvisində baxmaq lazımdır.
Ədəbiyyat və incəsənət”
(11.07.2024)
STATUS YAĞIŞI - Emin Piri ilə
Könül, “Ədəbiyyat və incəsənət”
“Ədəbiyyat və incəsənət” portalının “Status yağışı rubrikası” bu dəfə qapılarını qazi şair Emin Piri üçün açır. Buyurun.
KSEROKS HƏYATLAR
Zaman keçdikcə insanlarda özəlliklər, təbiilik və.s qeybə çəkilməyə başlayır. Özü olmağı bacaranları günün günorta çağı şam işığında axtarmalı oluruq.
Kapitalist dünyasının bəşəriyyətə sırıdığı “baxımlı olmaq” nədənsə insanlara bahalı hədiyyələr, gündə bir geyim dəyişmək, brend ətirlər və estetik əməliyyatlar bazarının aşılanması ilə nəticələndi.
Dəbədəb, özünü aldadan günlük şöhrət, bəhsə girmələr əslində fərqlilikləri, özü olmağı deyil, eyniləşdirməyi gətirdi.
Bir növ kseroks həyatlar yaşamağa başladıq. Hər hansı əsər kimi orijinaldan kseroks edilmiş eyni insanlar ətrafımızda dolaşır. Onlar nəinki eyni görünür, get-gedə əməlləri hərəkətləri, davranışları da bir-birinə bənzəyir. Estetik əməliyyatlar bazarı nəticəsində insanların sevinci, kədəri, sevgisi belə oxşardır. Kədərə eyni üzülən, şad xəbərə eyni cür sevinən mimikalar...Eyni insanlar...
Bu təkcə görüntüdə, mimikada jestlərdə belədirmi? Xeyr. Elə kitab aludəçisi olanlar, mütaliə və.sdə kseroks həyatlara dönüb. İnsanlar öz şəklini belə öz sözüylə deyil brend markalar, imzaların aforizmiylə paylaşır.
Söhbət əsnasında belə yalnız başqalarından sitatlar, sözlər. Sanki canlı deyil, hansısa yazıçının əsərindəki obrazlardı. Və o obrazların dilindən danışırlar.
Axı, özün nə yaşayırsan, nə düşünürsən? Heç öz fikrin, öz hissin, öz yanaşman yoxdur?
..Tv-ni açdım, xəbər izləyim dedim. ...Sonra bir-bir kanalları dəyişdirdim. İlahi, bütün aparıcılar eyni adam idi. Bütün kanallarda eyni aparıcı xəbər oxuyurdu. Hətta bu da bəs etmədi, şou verilişə döndərdim, bəlkə yanlış edirəm deyə. Orda da həmin aparıcı idi. Dəli olmuşam deyə düşünməyə başladım. Bəlkə sosial şəbəkədə bir psixoloq tapım məsləhətləşim dedim. Biri, iksi, üçünün profilinə baxdım. Hamsı eyni adam idi.
Özüm-özüm şübhə etməyə başlayırdım ki, ayıldım. Mən hamını eyni görmürəm, sadəcə kapitalizm dünyasının estetik əməliyyatları bazarı hamını bir sifətə çevirib. Məqsədli, bir tərəfli təbliğatsa hamını eyniləşdirib. Bizi bir növ idarə olunan dəlilərə çeviriblər.
“Ədəbiyyat və incəsənət”
(11.07.2024)
Güney Azərbaycan Poeziyası Antologiyasında Arda Xaninin “Özün gəl” şeiri
“Ədəbiyyat və incəsənət” portalının Güney Azərbaycan Poeziyası Antologiyası layihəsində Təbriz təmsilçimiz Əli Çağla Təbrizdə yaşayıb yaradan Arda Xaninin şeirlərini təqdim edir.
ÖZÜN GƏL
Mənə məktub yaz
Dəlicəsinə göydə dans edən ulduzları.
Mənə məktub yaz
Özləmlərini bilmirəm.
Səni hiss edə biləcək şəkilin yox məndə
Şəkilini qoy paketə göndər.
Can alan dəqiqələrdən vaz keç
Ömrünü yaz.
Gecələr hansı düşüncə ilə uyuduğunu,
Səhərlər hansı öpücüklə oyandığını,
Küçələrdə qorxduqca hansı əllərə sığındığını
Mənə məktub yaz.
Hər sabah günəş burdan çıxıb, orda batır
Sən yaşamın o tayındasan!
Mən bu tayında çırpınıram
Hər gün batıram sizin oralarda...
Hər gecə bir çillədir bizim buralarda
Soyuqdur soyuq!
Günəşi gizlədirsən gözlərində
Qaynağı yox bu gecələrin səhər olmağı.
Yarımçılıq qaldı,
Yaşanmadıq...
Yaşaya bilmədik,
Yaşlandıq.
Yaşayış, yaş-yaş axır gözümdən
Canlı bir ölü dolaşır şeir dəftərimdə
Mənə məktub yaz.
Olduğun yeri anlat mənə
Hələ də Türkcə danışan varmı orda?
“Divar-divar mirizəm
Dər la be laye şəhri ke to ra qom kərdeəm”.[1]
İncə-incə qalınlaşır sözlərim
Telefonun o biri ucunda duran qadın!
Səsini məktub yaz.
Qucağını məktub yaz.
Qələmi burax, mənə məktub yazma...
Özün gəl!..
“Ədəbiyyat və incəsənət”
(11.07.2024)
“Müəllimlik etməklə öz xalqımın ən ağır xəstəliyini müalicə edirəm"
Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”
Bir gün ondan soruşurlar ki:
- Mirzə, siz həkimsiniz, niyə uzun illərdir ki, müəllimlik edirsiniz?
O isə cavabında deyir:
- Mən müəllimlik etməklə öz xalqımın ən ağır xəstəliyini, onun savadsızlığını müalicə edirəm.
Bu gün Azərbaycan ədəbi-ictimai fikri tarixində Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, şeir nəzəriyyəçisi, Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının nümayəndəsi, şair, nasir, dramaturq, tərcüməçi, müəllim, həkim kimi tanınmış Abbas Səhhətin anım günüdür.
Abbas Əliabbas oğlu Mehdizadə 1874-cü ildə Şamaxıda ruhani ailəsində dünyaya gəlib. 1900-cü ildə Tehran Universitetinin Tibb fakültəsini bitirən, rus, ərəb, fars və fransız dillərini mükəmməl bilən şair 1901-ci ildə Şamaxıya qayıdır və həkimlik etməklə yanaşı, məktəblərdə Azərbaycan dilindən dərs deyir.
Yaradıcılığının əsas mövzusu vətən olan şair ik şeirini 1904-cü ildə “Şərqi-Rus” qəzetində dərc etdirmiş və sonralar da mütəmadi olaraq Azərbaycan dövri mətbuatında şeir, məqalə və hekayələrlə çıxış etmişdir.
1905-ci ildə “Yeni poeziya necə olmalıdır?” adlı məqaləsi, daha sonra “Poetik nitq”, “Azadlığa mədhiyyə”, “Oyanışın səsi” şeirləri işıq üzü görmüşdür.
“Yeni üslublu məktəblər” ideyasının qızğın tərəfdarı və təbliğatçısı olan Abbas Səhhət, professor Əli bəy Hüseynzadənin banisi olduğu Azərbaycan romantik ədəbiyyatı cərəyanına qoşulmuş və onun görkəmli nümayəndəsi olmuşdur.
Tərcüməçilik fəaliyyəti ilə də məşğul olan şair Lermontov, Puşkin, Krılov, Maksim Qorki, Viktor Hüqo və digər şair və yazıçıların əsərlərini Azərbaycan dilinə çevirmişdir.
1912-ci ildə şairin şeirlərindən ibarət “Sınıq saz” və Avropa şairlərindən tərcümə etdiyi “Qərb günəşi” adlı şeirlər toplusu işıq üzü görür. Bir qədər sonra “Əhmədin şücaəti” adlı poeması, 1916-cı ildə isə “Şair, muza və şəhərli” adında romantik poeması nəşr olunur.
Dövri mətbuatdakı çıxışları arasında böyük Azərbaycan şairi, əziz dostu və məsləkdaşı Mirzə Ələkbər Sabir haqqında məqalələri xüsusi yer tutur. O, həmçinin Sabirin əsərlərini toplayaraq, vəfatının ildönümünə qədər ilk dəfə “Hophopnamə” adı ilə nəşr etdirmiş. Və çox gözəl ön sözüylə Mirzə Əkbər Sabirin yığcam tərcümeyi-halını qələmə almışdı.
Abbas Səhhət Azərbaycanda liberal burjuaziya ideyasını müdafiə etmiş, İslam dəyərlərindən imtinaya qəti etirazını bildirmiş və əsərlərində “ümummüsəlman qərbçiliyi” ideyasını dəstəkləmişdir.
Görkəmli şair 1918-ci il iyulun 11-də Gəncədə vəfat edib.
“Ədəbiyyat və incəsənət”
(11.07.2024)
Eşqi itirib, sevgini tapın! - Bilinməyən bir qadının məktubu
Jalə İslam, “Ədəbiyyat və incəsənət”
Beni tanımamıştın, ne o zaman ne de şimdi, hiçbir zaman beni tanımadın. Sana, o an yaşadığım hayal kırıklığını nasıl anlatabilirim sevgilim? Senin tarafından tanınmamanın hayal kırıklığını ilk defa yaşıyordum. Bütün ömrüm boyunca bu his ile yaşadım, şimdi bu his ile ölüyorum ve sen hâlâ beni tanımıyorsun.
Kitabı oxudum bitirdim və bir müddət səssizcə tavanı izləməyə başladım. İçimdən gələcək ilə bağlı bir çox suallara cavab axtarırdım. Bunlardan biri də sevginin mənim həyatımdakı dərin və tilsimli həyat yolu idi. Bu yaşına qədər hər zaman bu mövzunu həyatı üçün ən böyük əngəl hesab edən birinin indi oturub bütün hər şeyi ən dərin nüansları ilə nəzərdən keçirməsi əlbəttə qəribə bir hal idi. Bir sual verdim özümə:"Həqiqətən insan öz mənliyini və qürurunu yox sayaraq bir nəfəri bu qədər dərindən sevə bilərmi?!"
Sonra yenidən özümə cavab verdim:"Yox!"
Yenidən özümə bir daha sual verdim: "Sən heç olacaqları düşünmədən həyatını öz əllərin ilə birisinə təslim edə bilərsənmi?! "
Yenə öz cavabım özümə gecikmədi: "Yox!"
Bu dəmdə otaq yoldaşım ilə evdə elə eynilə bu mövzu ilə bağlı mübahisə edərkən mənə çox sərt bir şəkildə bir sualla bütün sualların cavabını verdi:
-Sən sevgidən çox anlayırsan axı?!
Susdum..., deyəsən, doğru deyirdi. Doğru sözün isə insana necə təsir etdiyini açıqlamaq məncə çox çətindir.
Əsas məsələ budur ki, insan yaşamadığı və hiss etmədiyi bir duyğu və yaxud hadisə üzərinə nə qədər fikir ifadə etsə hər zaman yarım qalacaq. Ona görə də mən bu kitaba istədiyim qədər incələmə yazım yenə nələrsə yarım qalacaq.
Mənə görə bu kitab başdan sona bir eşqdən bəhs edirdi, amma sevgi ilə uzaqdan yaxından əlaqəsi yox idi. Mənə görə bu bilinməz qadın yaşamadığı və hiss edə bilmədiyi ata sevgisini uşaq qəlbinin özü üçün yaratdığı cismani obraza sevgi və hədsiz ehtiras donu geyindirərək özünü hər məqamda düzgün çıxarmağa çalışırdı. Atasının öz qolları arasında sevgi və məhəbbət duyğusu aşılamadığı bir qızın öz vücudunu cismani obrazına heç düşünmədən satmasını kim qınaya bilərdi ki?
Və yaxud yenə atasının öz qolları arasında sevgi və məhəbbət duyğusu aşılamadığı qızlardan biri olan mən öz ətrafımdakı heç bir qarşı cinsə güvənmirəmsə, həyatıma daxil olmasına məhəl qoya bilmirəmsə, məni kim qınaya bilərdi ki?!
Əlbəttə, heç kim qınaya bilməz. Hər birimizin öz həyatımızdan çıxardığı nəticələr fərqli olur. Və hər birimizin hiss etdiyi duyğuların kökündə də dərin yara izləri olur. Eşqi itirməliyik və sevgiyi, hörməti, qayğını tapmalıyıq. Tapdıqlarımız itirdiklərimizdən hər zaman dəyərli olur.
Əziz Stefan baba, məktubları sevirəm və mən səndən fərqli olaraq bilinəndən bilinməyənə yazıram. Və o məktublar bir gün əgər bilinən birinə xitab edəcək olarsa, deməli mən eşqi itirib sevgini tapmışam.
Hiss edilmədən yaşanan hər şey yarıda qalmalıdır, həmçinin bu yazı kimi. Əgər bir gün hisslərim tökəzləyərsə, yenidən görüşərik.
Xoş mütaliələr!
“Ədəbiyyat və incəsənət”
(11.07.2024)
“İtmiş pul” – İlqar İsmayılzadənin hekayəsi
“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birlikdə BİRİ İKİSİNDƏ layihəsində bu gün nəsr zamanıdır, sizlərə İlqar İsmayılzadənin “İtmiş pul” hekayəsi təqdim ediləcək.
İlqar İSMAYILZADƏ
İTMİŞ PUL...
(Turqayın acı hekayəsi)
Həyatda doğru-dürüst olanlara ithaf olunur!
Bu hekayədə rayon mərkəzindən xeyli uzaqda yerləşən ucqar bir kənd sakininin başına gəlmiş real və acı hadisədən bəhs olunur.Hekayənin əsas qəhrəmanı 18 yaşlı Turqaydır.Turqay hələ 5 yaşında ikən atasını bədbəxt hadisə nəticəsində itirmişdi, o vaxtdan zəhmətkeş anası və kiçik bacısı Aytənlə birlikdə böyük çətinliklə yaşayırdılar.Anası həyətyanı sahədə tərəvəz əkib-becərir, evin ehtiyacını ödəməklə yanaşı, onların satışı ilə də məşğul olurdu. Bəzən maddi durumları çox ağır olanda qonşu kəndlərdə ev işində çalışaraq övladlarını saxlamaq üçün pul qazanırdı. Turqay və kiçik bacısı fədakar ananın zəhməti sayəsində böyümüş, boya-başa çatmışdılar. Turqay ananın evdən kənarda işləməməsi və evdə qalıb istirahət etməsi üçün özünə uyğun iş axtarır, lakin kənd yerində belə bir işi tapa bilmirdi. Tək anası və balaca bacısını evdə qoyub Bakıda fəhlə işlməyə getməsi də düz gəlmirdi. Bütün bunlara rəğmən, ara-sıra həm yaşadığı kənddə, həm də qonşu kəndlərdə fəhlə və usta köməkçisi kimi çalışırdı. O, orta məktəbi yalnız natamam şəhadətnamə ilə bitirmişdi, maddi durumun aşağı olması, həm də yolun uzaqlığından onun yaşadığı kəndlə 8 km. məsafədə yerləşən qonşu kənddə orta təhsilini davam etdirə bilməmişdi. Bir neçə yaxın qohumu olsa da, yalnız Turqayın Rusiyada yaşayan dayısı onları fikirləşir, çətinliyə düşəndə imkanı daxilində onlara yardım əlini uzadırdı.Lakin iki əmisi və başqa qohumları atası dünyasını dəyişən gündən bəri onları heç düşünmür, vəziyyətləri ilə maraqlanmırdılar.Bu kiçik ailə birmərtəbəli, həm də kiçik və köhnə ata evində yaşayırdı. Bu ev, əslində, Turqayın babasından onlara qalmış ata evi idi. Mərhum atası bir neçə dəfə Rusiyaya işləmək üçün gedib yenidən ev tikməyə qərar versə də, kifayət qədər qazana bilmədiyindən buna nail ola bilməmişdi. İndi havalar yağışlı olanda evin hər iki otağı və eyvanına ara-sıra yağış damırdı. Buna görə yağışlı havada su daman yerlərə böyük qazan və qablar qoyurdular.
Artıq mart ayının yarısı arxada qalmış, ağaclar tumurcuqlamış, ətraf yaşıllaşmış, bahar fəslinin müjdəçiləri sayılan qaranquşlar uçub gəlmişdi. Ötən ilin ortalarından etibarən ananın xəstələnməsi həm Turqayı, həm də bacısı Aytəni çox sarsıtmışdı.Turqay bu ilin ilk ayında anasını rayon mərkəzində yerləşən xəstəxanaya gətirib həkim müayinəsindən keçirmiş, onun ağır xəstə olduğunu öyrənmişdi. Lakin maddi durumları çox aşağı olduğundan Bakıda müalicə almağa və həkimin yazdığı bahalı dərmanları almağa imkanları çatmamış, yalnız ev şəraitində təbabət üsulu ilə hazırlanan dərmanlarından yararlanmağa çalışmışdı. Anasının müalicəsi üçün dayısından kömək istəsə də, dayısı maddi vəziyyətinin yaxşı olmadığından hələ ki pul yollaya bilməmişdi.Qarşıdan Novruz bayramı gəlirdi.Anası xəstə halda evi və həyət-bacanı təmizləsə də, Novruz bayramını qeyd etmək üçün əllərində heç bir pul, heç bir imkan yox idi. Neçə il idi ki, imkansızlıq ucbatından Novruz bayramına görə özlərinə yeni paltar da ala bilmirdilər.Ana adəti üzrə səhər günəş doğmazdan öncə yuxudan oyanıb evin işlərini görməli, çay hazırlamalı və daha sonra işləmək məqsədi ilə torpaq sahəsinə getməli idi.Lakin belə bir gözəl və ürəkaçan səhərdə evə tam səssizlik hakim idi.Turqay yuxudan oyanıb ətrafa baxdı və anasından səs gəlmədiyini duydu.Dərhal anası ilə kiçik bacısının yatdığı otağa yaxınlaşıb qapını astaca döydü.Səs gəlmədiyindən qapını yavaşca açıb içəri baxdı.Anasının yataqda uzandığını və yaxşı vəziyyətdə olmadığını gördü.Aytən isə ananın yanında uzanıb ona qısılaraq yuxuya getmişdi.
– Ana! Sabahın xeyir! Niyə qalxmırsan?Axı sən bu vaxta kimi heç yatmırdın.
– Turqay, oğlum, bu gün heç yaxşı deyiləm. Heç ayağa qalxmağa belə taqətim yoxdur.
– Ana, sənə hazırladığın bitki suyundan gətirim?
– Yox, balam. Bitkidən hazırladığım dərman bitib.Gərək yenidən hazırlayaq.Bax gör imkan olsa, dayına yenidən xəbər yolla.Bu vəziyyətlə davam edə bilmirəm.Dayına de ki, ananın vəziyyəti çox ağırdır. Turqay anasına bir az xidmət göstərdikdən sonra qonşuluqda yaşayan dostunun evinə tələsdi. Qapını döyüb onu çağırdı.Sonra ondan Rusiyada yaşayan dayısına whatsapp vasitəsilə mesaj atmasını xahiş etdi.Əslində, Turqayın dostuna müraciət etməsinin səbəbi özünün mobil telefonu və internetə çıxışının olmamasına görə idi.Turqay evə qayıdıb anasının yanında əyləşdi.Anasının taqətsiz və ağrılı halına baxdıqca ürəyinə çox qorxulu fikirlər gəlirdi.Sanki tezliklə anasını itirəcəyini düşünür, ondan sonra həyatının qaralacağı kimi xəyallar içində batıb qalırdı. Bacısı Aytən də anasına qısılaraq astaca ağlayır, göz yaşı tökürdü...
Axşam saatlarına yaxın evə səssizlik, qəm-qüssə və kədərin hakim olduğu bir vaxtda birdən dostu onu səslədi.Dərhal həyətə tərəf qaçdı.Dayısından cavab gəldiyi xəbərini alıb sevinclə anasının yanına qayıtdı.
– Ana! Dayı cavab göndərib. Yazıb ki, mənim adıma 300 manat pul yollayıb. Səhər tezdən rayonda banka gedib pulu götürəcəm! Ana,narahatolma, pulualankimihəkiminyazdığı dərmanları alaram. Birisi gün isə səni yenidən rayona həkimə apararam. Yaxşı olarsan...
Bu xəbər xəstə və halsız vəziyyətdə olan ananı, bir də ona qısılmış ağlar gözlü bacını çox sevindirdi. Ananın gözlərindən yaş axdı və yavaşca ağlamağa başladı. Amma ağlaya-ağlaya şükür edir, ona belə bir çıxılmaz vəziyyətdə yardım əlini uzatmış qardaşına dua edirdi. Turqay isə o gecəni səhərə qədər yata bilmədi. Yerində gah sağa, gah da sola fırlanıb fikirləşir, yarısevinc, yarıkədər sabahın açılmasını gözləyirdi.
O, günəş doğmazdan öncə hazırlaşdı, şəxsiyyət vəsiqəsi və ötən il həkimin anası üçün yazdığı, lakin imkansızlıq üzündən ala bilmədiyi dərman reseptini götürüb rayon mərkəzinə doğru yola çıxdı. Əlində bu qədər böyük məbləğdə pul olacağını düşünüb özü ilə uzun illər evdə saxladığı boş pulqabını da götürdü. Amma bəlkə də, buna heç ehtiyac yox idi... Bir az yol qət etdikdən sonra qonşu kənddən rayon mərkəzinə gedən bir yük maşını saxladıb mindi. Beləcə Turqay müəyyən müddətdən sonra rayon mərkəzinə çatıb bankın yerləşdiyi küçəyə tərəf tələsdi. Banka çatıb sevinclə içəri daxil oldu. İçəridə böyük izdihamın olduğunu gördü. Bir saat gözlədikdən sonra növbəsi çatanda dayısının onun adına yolladığı pulu götürüb özü ilə gətirdiyi pulqabına yerləşdirdi. Daha sonra pulqabını əynindəki gödəkcənin cibinə qoyub kəndə qayıtmağa qərar verdi. Amma o həm də keçən il həkimin anası üçün yazdığı dərmanları almalı idi. Onun dərman alacağı aptek kəndə gedən maşınların dayanacağına yaxın yerləşirdi. Turqay özünü itirmiş kimi dayanmadan hərəkət edir, bankın ətrafı və önündəhesabından pul çıxarmaq və eləcə də pensiyasını almaq üçün ora toplanmış adamları yara-yara tələsirdi. Təxminən 20 dəqiqəlik yol qət etdikdən sonra kəndə tərəf hərəkət edən maşınların dayanacaq yerinə çatdı və sevincindən aptekə getməyi belə unudaraq maşınlardan birinə əyləşib yola düşdü. Maşın hərəkət edərkən sevinc və ümid hissi ilə əlini gödəkcəsinin cibinə yaxınlaşdırdı. Lakin cibinin boş olduğunu görüb birdən-birə diksindi. Dərhal maşını saxlatdırıb pulunun itdiyini söylədi. Əvvəcə maşının içində, sonra dayanacaqda axtarmağa başladı. Pulunu itirdiyini söyləyib, ətrafdakılardan onu görüb-görmədiklərini soruşdu... Orada pulunu tapmadıqda gəldiyi yolla banka doğru geriyə qayıtmağa qərar verdi və yol boyu sağa-sola baxara iztirabla geriyə qayıtdı. Bəlkə də, bu, Turqayın ömründə üzləşdiyi ən ağrılı, ən acılı və ən sarsıdıcı hadisə idi. O, itmiş puldan daha çox, bəlkə də, ölüm ayağında olan xəstə anasını düşünür, itirdiyi pulla əziz anasını da itirəcəyini fikirləşirdi. Banka çatan kimi yenidən ətrafdakılar və ətrafda yerləşən dükanlara bir-bir yaxınlaşıb pulunu itirdiyini bildirdi,onlardan pulunu görüb-görmədiklərini soruşdu. Lakin bir cavab almadı, bəlkə də, heç kəs onun nə çəkdiyini anlamır, bəlkə də, anlamaq istəmirdi. Çünki ətrafdakı adamlar özünü və öz rahatlığını düşünən kimi görünürdü. Turqay banka daxil olub məsul şəxslərə pulunu itirdiyini söylədi. Lakin onlar bundan xəbərsiz olduqlarını, hansısa tapılmış pulun qeydə alınmadığını bildirdilər. Turqay bütün bunlardan sonra özünü çox çətin və acı bir durumda hiss etməyə başladı. Anladı ki, artıq itirdiyi pulu tapmaq mümkün olmayacaq. Lakin yenə də tam ümidsiz deyildi. Bankın önündə dayanıb gəlib-gedənlərə yaxınlaşaraq pulunu itirdiyini söyləyir, ümidini üzmürdü...
Artıq günəş batmaq üzrə idi. Hava get-gedə qaralırdı. Turqay bu vəziyyətdə kəndə qayıtmağı münasibbilmədiyi üçün gecəni rayon mərkəzində qalmağa qərar verdi. Hava soyuq olduğundan hansısa parkda və ya küçədə gecələyə bilməzdi. Buna görə rayon məscidlərindən birinə gedib gecəni orada qalmağı düşündü. Cibindəki qəpikləri toplayıb iki ədəd pirojki aldı, aclığına qalib gəlməyə çalışdı. Məscidə gələndə orada 3-4 nəfərin olduğunu görüb sakitcə bir küncə yaxınlaşdı. Bura yarıqaranlıq olduğundan məsciddə olan azsaylı adamlar onu görmədilər. Beləliklə də, orada yığılmış nalçaların arxasında özünə yatmaq üçün balaca bir yer hazırladı, kədərli və ümidsiz halda uzanıb gözlərini yumdu. Nə qədər yatmağa çalışsa da, sanki ölüm ayağında olan xəstə anası və kiçik bacısını düşünür, düşdüyü bu çıxılmaz vəziyyətdən necə qurtulmağıyla bağlı fikirlərdən rahatlıq tapa bilmirdi. Turqay illər boyu evdə saxladığı pulqabını özü ilə gətirib bankdan götürdüyü pulları da pulqabıya yerləşdirdiyinin yanlış və yersiz hərəkət olduğunu fikirləşib özünü danlayır, məzəmmət edirdi. O, pulunun ya əlini cibindən çıxararkən yerə düşdüyünü, ya da kiminsə onu izləyib izdiham içində cibindən götürdüyünüdüşünürdü. Lakin bu fikirlər onun itirdiyini geri qaytara bilməzdi. Gözlərinə yuxu gedənə kimi Tanrıya yalvarır, itirdiyi pulu tapmaqda ona yardımçı olmasını diləyirdi...
Gözlərini açanda artıq saatın 9-10 radələrində olduğunu gördü. Dərhal məsciddən çıxıb bank tərəfə getməyə tələsdi. Lakin məscidin gözətçisi onu yolda yaxalayıb gecəni məsciddə qaldığını, əsəblə bunun yolverilməz olduğunu söylədi. Turqay başına gələnləri gözətçiyə danışdıqda yaşlı kişi dayandı, əsəbləri sakitləşdi və gözləri doldu. O, Turqayın cibinə 2-3 manat pul qoyub ümiddən düşməməyi, pulu itirdiyi yerə gedib yenidən axtarmasını tövsiyə etdi. Həm də bildirdi ki, günorta namazı vaxtı məscidə gəlib məscidin axunduna olanları söyləyib ondan yardım ala bilər. Turqay ağsaqqal ilə sağollaşıb yoluna davam etdi. Bankın ətrafında saatlarla dayanıb dünənki kimi pulu axtarmağa, divarlara yazılan elanları oxumağa başladı, puldansa heç bir xəbər olmadı və heç kim onun itirdiyi pulu tapdığını söyləmədi. Günorta çağı azan səsini eşitcək məscid gözətçisinin məsləhətini xatırladı və dərhal məscidə getdi. Məscidin həyətinə çatanda orada 15-20 nəfər vardı. Onlar artıq namazı qılıb məscidi tərke dirdilər. Ətrafdakılardan məscidin axundunu soruşdu, qapının girişində nurani bir ruhani ilə üzləşdi. Ona salam verib başına gələnləri danışdı və gözətçinin ona verdiyi məsləhəti xatırlatdı. Məscidin axundu onu təmkinlə və ara-sıra hövsələsiz şəkildə dinləyib dedi: "Ay bala! Mən başa düşə bilmirəm ki, pulu, imkanı olmayanlar nə üçün mənim yanıma gəlirlər! Pulun yoxdur, get işlə, qazan! Əlin-ayağın var. Şikəst deyilsən ki! Pul itirmisən, get tap, ən azından diqqətli ol ki, itməsin. Anan xəstədir, Allah şəfasını versin! Mən pirəm, yoxsa bank? Mənim bankım yoxdur ki, hər yoldan ötənə pul verim.Mənim də balalarım var. İndi sənə pul verdim, o birisinə əl tutdum, bəs onda balalarımı hansı pulla saxlayım?!"
Turqay bu sözləri eşidəndə pərt olub, çox pis hala düşdü. Özünü daha da alçalmış, daha da üzülmüş və məğlub kimi hiss etdi. Məscidin axundu isə onunla sağollaşmadan üzünü ağsaqqala (ona pul üçün axunda müraciət etməyi məsləhət görmüş gözətçiyə) çevirib onu verdiyi məsləhətə görə danlamağa başladı. Bu zaman əlindəki mobil telefonuna gələn zəngə görə telefonunu açıb kiminləsə gülə-gülə danışdı. Bir az danışdıqdan sonra çox bahalı avtomobilinə əyləşib uzaqlaşdı...
Turqay dərdinin üzərinə gəlmiş böyük pərtliklə yenidən banka tərəfgetdi. Axşam saatlarına kimi ac-susuz halda orada və ətraf yerlərdə itirdiyi pulu axtarmağa başladı. Lakin heç bir nəticə olmadı. Yalnız bir neçə dəfə yaxınlıqda olan kafeyə yaxınlaşıb krantdan doyunca su içə bilmişdi. O, anasının hansı vəziyyətdə olduğu və hansı hisslər keçirdiyini düşündükcə az qala dəli olurdu. Çünki anası xəstə halında oğlunun başına nəsə pis bir hadisə gəldiyini də düşünə bilərdi. Üstəlik, onun çəkdiyi acılıq və xəstəlik vəziyyəti çox ağır və dözülməz idi. Düşünürdü ki, bəlkə də, itirdiyi pulu tapan adam bu pulların, əslində, ağır xəstəlikdən əziyyət çəkən və sanki ölüm ayağında olan əziz anasının dərman-həkim pulu olduğunu bilsəydi, qəlbinə mərhəmət hissi gələr, pulu sahibinə çatdırmadan oradan uzaqlaşmazdı. Amma görən, onun itirdiyi pulu tapan şəxs bu qədər doğru-dürüst idimi?! Beləcə ürəyində danışır, müxtəlif ehtimallar irəli sürür və ilk növbədə özünü qınayırdı. Çünki bu acı hadisə ilk öncə onun öz diqqətsizliyi ucbatından baş vermişdi. Günəş batana qədər orada dayanıb itirdiyi pulu axtarmaqla vaxt keçirdi. Anlar, saatlar ötdükcə Turqay itmiş pulunu bir daha tapmayacağına əmin olmağa başlayırdı. Lakin bu dəfə də kəndə qayıtmağa üzü gəlmədiyindən rayonda gecələməyə qərar verdi. Bir yandan aclıq və susuzluqdan dodaqları qurumuş, bir yandan da mart ayının soyuq havasından titrəyirdi. Yaxınlıqda yerləşən dörd-beş mərtəbəli yaşayış binalarına doğru gedib binaların istiliyini təmin edən qazanxananın arxasında borulara yaxınlaşdı. Boruya toxunduqda olduqca isti olduğunu görüb gecəni həmin boruların üzərində yatmağı fikirləşdi. Əslində, onun gecələmək üçün bundan başqa bir yeri də yox idi. Beləliklə də, yaxınlıqdakı dükanın zibil qutusuna atılmış bir neçə boş və quru kartonu yığıb özü üçün qazanxanadan çıxan istilik boruları üzərində yatacaq hazırladı. Xəstə və əziz anasının vəziyyəti, çarəsiz balaca bacısının durumu, üzləşdiyi uğursuz olay və qarşıdan gələn Novruz bayramı barədə düşünüb parlaq ulduzlarla dolu səmaya baxır və gözündən yaş damlaları yanaqlarına axıb-tökülürdü. Beləcə yuxuya gedib yatdı...
Səhər başının üzərində dayanmış ortayaşlı bir kişinin səsinə yuxudan ayıldı. Bu, qazanxananın işçisi idi. Onun nə üçün burada yatdığını, haralı olduğu və niyə evə getmədiyini dayanmadan soruşurdu. Turqay heç nə demədən ayağa qalxıb uzaqlaşdı və yolda üzünə su vurub bir daha ümidsiz halda banka tərəf yollandı. Amma bu dəfə heç kimə yaxınlaşmadan və heç kəsdən bir söz soruşmadan yalnız qaşqabaqlı və acıqlı halda ətrafı axtarmağa məşğul oldu. Bu zaman onu ötən günlərdə bir neçə dəfə görən orta yaşlı dükan sahibi gülə-gülə soruşdu: "Ay bala, nə oldu, pulunu tapa bildin?!" – Yox, tapa bilmədim. – Əşi, pulu itirdinsə, səndən getdi. Özünü zəhmətə salıb axtarma! Hamı sənin kimi ürəyi təmiz deyil ki...
Onun bu sözləri Turqayın ümidsiz qəlbini daha da möhürlədi. Bundan sonra axtarışa davam etməyin mənasız olduğuna daha çox inanmağa başladı. O düşünürdü ki, pulu tapsa, ilk öncə aptekdən həkimin yazdığı dərmanları alacaq, daha sonra bayramı qeyd etməyə lazım olan xırda bazarlıq edəcəkdi. Hətta anası və balaca bacısını sevindirmək üçün kiçik hədiyyələr almağı da düşünürdü. Amma bütün bunlar onun gerçəkləşməyən arzuları, xəyalları idi. Bütün bunları düşününcə özündən asılı olmadan gözlərindən yaş axırdı. Birdən ürəyinə hardansa qəribə bir hiss və acılıq həsrəti gəldi. Dərhal xəstə anasını düşünüb necə olursa-olsun, kəndə qayıtmağa qərar verdi. Kəndə gedən maşınların dayanacağı yaxınlığında apteki görüb içəri girdi. Orada orta yaşlı mədəni və təmkinli bir kişini gördü. Bu, əslində onun indiyədək adını eşitdiyi və ilk dəfə gördüyü Qabil doktor idi. Kənddə bir neçə dəfə onun yaxşı insan olduğu və imkansız adamlara nisyə dərman verdiyi, bəzən isə qarşılıqsız yardım etdiyini eşitmişdi. Yaxınlaşıb salam verdikdən sonra başına gələnləri və anasının xəstə vəziyyətdə olduğunu söylədi. Qabil doktor ondan həkimin yazdığı resepti istədikdə, Turqay ötən il həkimin yazdığı resepti evdən çıxarkən pulqabına qoyduğu və onun da pullarla birlikdə itdiyini bildirdi. – Oğlum, bax mən sənə nisyə dərman verərəm. Səni tanımasam da, doğru danışdığına inanıram. Amma reseptsiz sənə necə və hansı dərmanı verə bilərəm?! – Əmi, bəlkə anamın xəstəliyinə uyğun dərman verəsiz? – Yox, bu, yolverilməzdir. Yalnız xəstəliyi dəqiqləşdirməklə iş bitmir. Hər xəstəliyin öz dərəcəsi, öz dərmanı olur. Həkimin müayinəsindən sonra yazdığı iynə-dərmanları təsbit etmək lazımdır. Sən də ki onların adını belə bilmirsən... Turqay bu cavabdan çox sarsıldı. Sağollaşıb ümidsiz halda aptekdən çıxmaq istədikdə Qabil doktor onu çağırıb dedi: – Dayan, ən azından bir neçə sakitləşdirici dərmanlar verim, apar. Sonra reseptlə gələrsən, dərmanları olduğu kimi verərəm. Bunu deyib içərisində 2 dərman, bir də 10 manat pul olan bir paketi ona uzatdı və bunların bir hədiyyə olduğunu söylədi. Amma dərmanları hər gün yeməkdən sonra 3 dəfə içilməsini söylədikdə Turqay tutulub qaldı. Axı onların evində gün ərzində üç dəfə yemək olmur və imkansızlıq ucbatından yalnız bir dəfə sadə yemək yeyə bilirdilər. O hər şeyə rəğmən, dərmanları alıb təşəkkür etdi və kəndə gedən maşınlardan birinə minib yola düşdü. Ən arxa sırada pəncərənin kənarında əyləşərək özünə qapılmışdı...
Axşam saatları idi. Günəşin batmasına hələ təxminən 2 saat qalırdı. Turqay yol boyu narahatlıq və pərtlik içində idi. Evə hansı üzlə və necə gedəcəyini, anasına nə cavab verəcəyini fikirləşirdi. Özünə qapanıb dərindən düşündüyündən maşında əyləşmiş insanların danışıqlarını heç dinləmirdi. Lakin ara-sıra maşında əyləşən bir neçə nəfərin bir-biri ilə danışdığı və kiməsə rəhmət oxuduqlarını, "Allah rəhmət eləsin!" sözünü dediklərini eşitdi. Özünə dərindən qapandığı və fikrə getdiyi üçün bu barədə dərinə getmədən danışanlara fikir vermədi. Nəhayət, kəndə çatdıqda maşından düşüb utanc və xəcalət, həm də ümidsizliklə evlərinə doğru hərəkət etməyə başladı. Uzaqdan həyətlərinə baxanda evlərinin qarşısında adamların toplandığını görüb həyəcanlamağa başladı. Hərəkətini sürətləndirərək evə tərəf qaçdı. Evə çatanda evin içərisindən ağlaşma səslərini duymağa başladı. Ağlaşma səslərini eşidincə sanki bütün vücudu soyudu, anasının başına pis hadisə gəldiyini anlamağa başladı. Turqay evə daxil olanda qonşular ona başsağlığı verməyə, səbirli olmağı tövsiyə etməyə başladılar. Bir-iki nəfər isə ona acıqlanıb indiyə qədər harada itib-batdığını soruşdu. Evlərinin kiçik eyvanında üzü ağ parça ilə örtülmüş bir cənazəni görüb diksindi. Bu onun xəstə halında yataqda əzab çəkən anasının cənazəsi idi. O, xəstəliyin şiddətindən dözməyib bu gün səhər saatlarında dünyasını dəyişmişdi. Ətrafa baxanda bacısı Aytəni gördü. O, ağlamaqdan doymuş kimi halsız haldaydı, qonşu qadınların biri qucaqlayıb nəvaziş göstərirdi. Turqay anasının üzərinə örtülmüş ağ parçanı qaldırıb ona sarıldı və hönkürtü ilə ürəkdən ağlamağa başladı: "Ana, bizi qoyub hara gedirsən? Bəs məni və Aytəni kimə tapşırırsan? Ana, qalx ayağa, ölmə! Bizim sənə ehtiyacımız var. Ay ana, ana, ana..." Ətrafdakılar onu sakitləşdirib otaqdan həyətə çıxartdılar.Əslində o, pulu itirməsəydi, anasına lazım olan dərmanları vaxtında alıb gətirər, onun sağalması üçün lazım olan işləri görə bilərdi.Lakin həm bütün bunların olmaması, həm də evin tək oğlunun uzağa gedib 3 günə qədər xəbərsiz qalması ananın ölümünü tezləşdirmişdi.Bəlkə də, onun itirdiyi pulu tapmış və ya onu oğurlamış şəxs həmin pulla özünə və ailəsinə bir neçə günlük xoş anlar yaşatsa da, əslində, Turqayın ailəsi üçün əbədi kədər və acılığı ərməğan etmişdi.Sonra anasının dəfn işləri yerinə yetirildi.Onu kənd qəbristanında, həyat yoldaşının məzarı yanında torpağa tapşırdılar. O vaxtdan sonra Turqay hər il mart ayı gələndə kədər, qəm-qüssə dəryasına batır, mənəvi əzab çəkirdi. Lakin əsas mənəvi əzab çəkməli olan onun pulunu cibindən oğurlayan və ya onun itirdiyi pulu tapıb mənimsəyən kəs olmalı idi...
“Ədəbiyyat və incəsənət”
(11.07.2024)
“Mustafa Həbibzadənin meyidini mən oğurlamışam” – Furqanın hekayəsi
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Furqanın “Mustafa Həbibzadənin meyidini mən oğurlamışam” hekayəsini təqdim edir.
FURQAN
MUSTAFA HƏBİBZADƏNİN MEYİDİNİ MƏN OĞURLAMIŞAM
1.
Jurnalist otaq yoldaşımdan xahiş etmişdim ki, aktyor Mustafa Həbibzadəni tapsın və onu müsahibəyə razı salsın.
– Çətin məsələdi, – demişdi.
Amma bir gün işdən qayıdanda dedi:
– Muştuluğumu ver, Mustafa Həbibzadəni tapmışam.
– Doğrudan? – dedim, inanmağım gəlmirdi.
– Hə! Doğrudan.
– Müsahibə verməyə razı oldu?
– Güc-bəla razı saldım.
– Əla, – dedim, – mən də gəlirəm.
– Sən hara?
– Müsahibəyə. Sənin fotoqrafın olacam.
Otaq yoldaşım bilirdi ki, Mustafa Həbibzadə mənim ən sevimli aktyorumdu və onu yaxından görmək, onunla söhbət etmək ən böyük arzularımdan biridi. Və onu da bilirdi ki, tutduğumu qoparmamış əl çəkən deyiləm. Yəni “mən də gəlirəm” dedimsə, deməli, gələcəm. Dirəşməyin mənası yoxdu.
2.
– Bax ha, – deyərək son tapşırıqlarını verməyə çalışan otaq yoldaşım əlavə etdi, – orda sən çox danışma. Qəşəng şəkillər çək. Müsahibə bitəndən sonra nə istəsən, soruşarsan Mustafa müəllimdən.
– Yaxşı, – dedim, – narahat olma!
Avtobusdan düşüb meyvə-tərəvəz satılan marketə yaxınlaşdıq. Redaksiyanın fotoaparatı da əlimdə idi. Otaq yoldaşım satıcıdan soruşdu:
– Bilmirsiz, Mustafa Həbibzadə hansı evdə yaşayır?
– Niyə bilmirəm ki?! – deyə satıcı gülərüzlə cavab verdi. – Bu yolla təxminən iki yüz metr gedin, qırmızı darvazanı da keçib sağa dönün, birinci darvaza yox, ikincisi. Göy rəngdə.
Satıcı sözünü bitirib bizi başdan-ayağa süzdü:
– Deyəsən, jurnalistsiz.
Otaq yoldaşım sevincək:
– Hə, – dedi.
– Boş yerə əziyyət çəkməyin!
Satıcının bu sözlərinə ikimiz də təəccübləndik:
– Niyə?
– Oğlu maşın qəzasında vəfat edəndən sonra o, hamıdan qaçır. O vaxtdan bəri nə kinoya çəkilib, nə televiziyaya çıxıb, nə də müsahibə verib.
– Biz özüylə danışmışıq. Müsahibə verəcək, – otaq yoldaşım dedi.
– Həə? Lap yaxşı. Yaxşı kişidi o, həm də gözəl aktyordu.
Daha çox vaxt itirmək istəmədik. Satıcıya təşəkkür edib onun dediyi yolla getdik.
Otaq yoldaşım üçün bu müsahibə böyük əhəmiyyət daşıyırdı. Dediyinə görə, illərdi heç yerdə görünməyən aktyorun birdən-birə ortaya çıxması, müsahibə verməsi ölkədə böyük səs-səda doğuracaqdı. Və bu, bəlkə də, otaq yoldaşımın maaşının artmasına vəsilə ola bilərdi.
3.
Mustafa Həbibzadə pıçıltıyla:
– Bir şərtlə müsahibə verməyə razıyam! – dedi.
Biz bir-birimizə baxdıq.
– Hansı şərt? – deyə otaq yoldaşım soruşdu. Mustafa Həbibzadə eyni pıçıltıyla danışmağa davam etdi:
– Həkimlər mənə diaqnoz qoyublar. Pis xəstəliyim var. Uzağı bir ilə öləcəm. Bunu sizdən başqa heç kimə deməmişəm. Heç həyat yoldaşıma da.
Qısa sükut yarandı. Biz ikimiz də donub qalmışdıq. Adicə “Allah şəfa versin!” də deyə bilmirdik. Sükutu aktyorun özü pozdu:
– İstəyirəm ki, bu müsahibə mən ölən gün üzə çıxsın.
Otaq yoldaşım yenə mənə baxdı. Baxışları deyirdi ki, neyləyək? Astaca başımı yellədim. Yəni razı ol, onsuz da buracan gəlmişik.
Otaq yoldaşım dilləndi:
– Şərtinizlə razıyıq!
4.
Müsahibə, məncə, çox yaxşı alınmışdı. Mən də xeyli şəkil çəkmişdim.
Bir gün sonra otaq yoldaşım işdən qayıdanda qırımından bildim ki, sözü var, deməyə çəkinir.
– Nə olub? – deyə xəbər aldım.
– Heç nə! – dedi.
– Sözlü adama oxşayırsan.
– Hə, baş redaktor müsahibəni çap eləmək istəyir.
– Necə ki?
– Deyir, indi çap edək, partlasın. Ölümündən sonraya qalsa, yaxşı olmayacaq.
– Bəs şərti demədin?
– Dedim.
Kefim get-gedə pozulurdu.
– Demədin ki, kişiyə söz vermişik?
– Dedim.
– Nə dedi?
– Dedi ki, bu dövrdə kişi var?
– Tfu! – dedim, – lənət şeytana.
– Bilmirəm neyləyim... Bu gün şəkilləri vermədim. Dedim ki, kartı evdə unutmuşam. Sabah aparmalıyam.
– Aparmasan, olmaz?
– İşdən qovar məni.
– Xəstəliyi olduğunu da yazacaqsız?
– Bilmirəm.
5.
Baş redaktor istəyinə nail olmuşdu. Otaq yoldaşım çarəsiz qalıb şəkilləri və müsahibəni ona təqdim etmişdi. Müsahibə şəkillərlə birgə qəzetdə iki səhifə tutmuş, qəzetin saytında da dərc olunmuşdu. On il ərzində heç yerdə görünməyən Mustafa Həbibzadənin ortaya çıxması sənət camiəsində, doğrudan da, partlayışa səbəb olmuşdu. Otaq yoldaşım sözünün üstündə dura bilmədiyinə görə kədərlənsə də, baş redaktorun maaş artımı ilə bağlı dediyi sözlərin xoşbəxtliyini yaşayırdı.
Amma bu sevinc çox çəkmədi. Bir həftə sonra Mustafa Həbibzadənin ölüm xəbəri yayıldı.
Bütün saytlar ölüm xəbərinin ardınca aktyorun son müsahibəsini paylaşırdı. Otaq yoldaşım evin içində gəzə-gəzə təkrarlayırdı:
– Düz eləmədik. Gərək müsahibəni dərc etməyəydik.
Aktyorun dəfni sabah olacaqdı.
6.
Dəfn günü xəbər saytlarında dəhşətli bir xəbər yayıldı:
“Aktyor Mustafa Həbibzadənin meyiti yoxa çıxıb”.
Otaq yoldaşım işə getməyə hazırlaşırdı. Ordan da guya dəfnə gedəcəkdi. Xəbərdən ikimiz də sarsıldıq.
Elə bu anda qapı döyüldü. Otaq yoldaşım qapını açıb məni çağırdı:
– Tez bura gəl!
Qonaqları görəndə təəccübdən yerimdə dondum. Otaq yoldaşım ağappaq olmuşdu.
– İçəri girmək olar?
Cavab gözləmədən mənzilə daxil oldular. Dörd nəfər idilər. Çiyinlərində də tabut. Yorulmuşdular. Tabutu koridora qoyub otağa keçdilər.
– Çaydan, sudan nəyiniz var? – biri soruşdu.
Otaq yoldaşım titrəyə-titrəyə mətbəxdən su gətirdi.
Gələnlər, Mustafa Həbibzadənin müxtəlif filmlərdə yaratdığı mənfi obrazlar idi. Tabutdakı da, çox güman ki, aktyorun özü idi.
Su içdikdən sonra kresloda oturan mənfi obraz dilləndi:
– Yəqin, bilirsiz də, həkim ona diaqnoz qoymuşdu. Xəstəliyi var idi.
Otaq yoldaşım hələ də titrəyirdi:
– Hə, – dedi titrəyə-titrəyə, – bi... bilirik...
– Onu da bilirsiz ki, sizin üzünüzdən ürəyi partladı, öldü?
– Mənim günahım yoxdu, – dedim, – mən heç qəzetin işçisi deyiləm, sadəcə, Mustafa müəllimi görmək üçün fotoqraf olmuşdum.
– Kəs səsini! Əclaf! Günahı yox imiş. Buna bax!
Divana yayxanan mənfi obraz çox əsəbiləşmişdi, mənə qanlı-qanlı baxırdı, halbuki o, ən sevdiyim filmdəki obraz idi.
– Yaxşı, – dedi kresloda oturan, – olan olub, keçən keçib. Dəfnə az qalıb. – Sonra otaq yoldaşıma tərəf çevrildi:
– Zəng vur baş redaktoruna. Tez gəlsin bura. Vaxtımız azdı. Meyit iylənəcək.
7.
Baş redaktor koridorda qurumuşdu. Tabut və tanış simalar onu çox qorxutmuşdu.
– Deməli, belə! – dedi mənfi obrazlardan biri. – Zəng vurursan redaksiyaya. Belə bir xəbər verirlər saytda: “Mustafa Həbibzadənin meyitini mən oğurlamışam”. Yəni sən...
Mənfi obrazlardan biri qapının ağzını kəsdirmişdi ki, baş redaktor qaçmasın. Baş redaktor isə eynən otaq yoldaşım kimi əsirdi. Əsə-əsə cibindən telefonu çıxardı. Danışanda dili topuq çalırdı.
On beş dəqiqədən sonra xəbər hazır idi. On dəqiqə ərzində bütün xəbər saytları bu dəhşətli xəbəri tirajlamışdı.
Bayaqkı mənfi obraz dedi:
– Biz daha gedə bilərik.
Onlar getdilər, tabut evdə qaldı. Baş redaktor koridorda dizləri üstə çökmüşdü. Başını əlləri arasına almış, səssiz ağlayırdı.
Qorxa-qorxa tabutun qapağını qaldırdım. Boş idi. Otaq yoldaşım da, baş redaktor da gəlib baxdılar.
– Qəribədi, – baş redaktor dedi.
Xəbər saytlarına girdim. Sən demə, Mustafa Həbibzadənin meyidinin yoxa çıxma xəbəri yalan imiş. Hansısa sayt oxucuların marağına səbəb olsun deyə, yalandan paylaşıbmış.
Baş redaktor acı-acı dilləndi:
– Şərəfsizlər, ağızlarına gələni yazırlar.
Televizoru yandırdım. Mustafa Həbibzadənin baş rolda çəkildiyi film gedirdi. Məni söyən mənfi obrazı görən kimi tanıdım.
P.S. Dəfndə o qədər adam vardı ki, iynə atsan, yerə düşməzdi. Otaq yoldaşımın dəfndən hazırladığı reportajın böyük hissəsi baş redaktorun məzar üstündə çıxışından ibarət idi.
Həmçinin onun qələmə aldığı “Mustafa Həbibzadənin meyidini mən oğurlamışam” adlı köşə yazısı da saytda oxunma rekordu qırmışdı.
“Ədəbiyyat və incəsənət”
(11.07.2024)
Şəhidlər barədə şeirlər - Ayaz Abasov
“Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir.
Şəhid Ayaz Abasov
Ayaz Abasov Nizami oğlu 1998-ci il dekabrın 20-də Cəlilabad rayonunun Bəcirəvan kəndində anadan olub.
Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əsgəri olan Ayaz Abasov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Ayaz Abasov oktyabrın 3-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz Abasov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayaz Abasov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Şəhidlər harda olur,
Dünyanın harasında?
Məzarına baxıram
Məzarlar arasında.
Vətənin hər yerindən,
Şəhidliyin görünür.
Üzündə körpəliyin,
İgidliyin görünür.
Lap uzaqdan seçilir
Şəhidlərin başdaşı.
Məzarını bəzəyir
Bir atanın əl izi,
Bir ananın göz yaşı.
Göz yaşından məzarın
Çiçək açır, gül açır.
Elə bil şəhidlərin
Məzarı işıq saçır.
İşıq saçır şəhidlik
Zirvəsindən hər yana.
İşıq saçır Şuşadan
Bütün Azərbaycana.
Mən indi bilirəm ki,
Şəhidlərin məzarı
Ocağım, pirim imiş.
Vətən, millət, şəhidlik
Bir yazar kimi mənim,
Ən həssas yerim imiş.
Bəlkə, yerim buradır,
Bu məzarın ayağı?
Döşək – vətən torpağı,
Yorğan – vətən bayrağı.
“Ədəbiyyat və incəsənət”
(11.07.2024)
Gənclər Kitabxanasında “Təmiz planet-sağlam həyat” layihəsi uğurla davam edir
Könül, “Ədəbiyyat və incəsənət”
Heç kimə sirr deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Bu ilə hər bir qurum, hər bir şəxs öz töhfəsini verməkdədir. Eləcə də gənclərin sevimli məkanı olan Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası.
Kitabxananın direktoru Aslan Cəfərovdan aldığımız bilgiyə görə, kitabxanada sərəncamdan irəli gələn məsələləri icra etmək məqsədilə “Təmiz planet-sağlam həyat” layihəsi həyata keçirilir. Sözügedən layihə çərçivəsində kitabxanada “Yaşıl dünya naminə – təmiz ətraf mühit, sağlam gələcək!” adlı metodiki vəsait və virtual kitab sərgisi hazırlanıb. Kitabxananın rəsmi saytında yerləşdirilən materiallar ətraf mühitin mühafizəsi və ”Yaşıl dünya naminə həmrəylik ili” mövzusu ilə əlaqədar ədəbiyyatın kitabxanalarda təbliği məqsədilə tərtib edilib.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan materiallarda “Yaşıl dünya həmrəylik ili haqqında”ətraflı məlumat verilmiş, ölkədə bu sahədə həyatakeçirilən tədbirlər haqqında geniş məlumat, eləcə də yaşıl dünya və ətraf mühit ilə əlaqədarkitabxanalarda təşkil olunacaq tədbirlərə dair tövsiyələr, görkəmli şəxslərin ətraf mühitin mühafizəsinə dair dəyərli fikirləri öz əksini tapır.
Virtual kitab sərgisində “Müasir iqlim dəyişmələri və təhlükəli hidrometeoroloji hadisələr”, “Azərbaycan təbiəti: dünən, bugün, sabah”, “Polimer və rezin tullantılarının təkrar emalı və istifadəsi”, “Bioloji müxtəliflik haqda populyar dildə”, “Şorlaşmış torpaqların meliorasiyası və ətraf mühit”, “Ekologiya və davamlı inkişaf” kimi iyirmidən çox kitabın qısa annotasiyası və dövrü mətbuat nümunələri yer almaqdadır.
“Təmiz planet-sağlam həyat” layihəsi çərçivəsində hazırlanan materiallar kitabxananın rəsmi saytında yerləşdirilib.
Yaşıl dünya bizim dağlam gələcəyimizdir. Gələcəyi sağlam olmayan cəmiyyət isə heç vaxt tərəqqiyə gedə bilməz.
“Ədəbiyyat və incəsənət”
(11.07.2024)