“İtmiş pul” – İlqar İsmayılzadənin hekayəsi Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birlikdə BİRİ İKİSİNDƏ layihəsində bu gün nəsr zamanıdır, sizlərə İlqar İsmayılzadənin “İtmiş pul” hekayəsi təqdim ediləcək.

 

 

 

İlqar İSMAYILZADƏ      

 

İTMİŞ PUL...

(Turqayın acı hekayəsi)

 

Həyatda doğru-dürüst olanlara ithaf olunur!

 

         Bu hekayədə rayon mərkəzindən xeyli uzaqda yerləşən ucqar bir kənd sakininin başına gəlmiş real və acı hadisədən bəhs olunur.Hekayənin əsas qəhrəmanı 18 yaşlı Turqaydır.Turqay hələ 5 yaşında ikən atasını bədbəxt hadisə nəticəsində itirmişdi, o vaxtdan zəhmətkeş anası və kiçik bacısı Aytənlə birlikdə böyük çətinliklə yaşayırdılar.Anası həyətyanı sahədə tərəvəz əkib-becərir, evin ehtiyacını ödəməklə yanaşı, onların satışı ilə də məşğul olurdu. Bəzən maddi durumları çox ağır olanda qonşu kəndlərdə ev işində çalışaraq övladlarını saxlamaq üçün pul qazanırdı. Turqay və kiçik bacısı fədakar ananın zəhməti sayəsində böyümüş, boya-başa çatmışdılar. Turqay ananın evdən kənarda işləməməsi və evdə qalıb istirahət etməsi üçün özünə uyğun iş axtarır, lakin kənd yerində belə bir işi tapa bilmirdi. Tək anası və balaca bacısını evdə qoyub Bakıda fəhlə işlməyə getməsi də düz gəlmirdi. Bütün bunlara rəğmən, ara-sıra həm yaşadığı kənddə, həm də qonşu kəndlərdə fəhlə və usta köməkçisi kimi çalışırdı. O, orta məktəbi yalnız natamam şəhadətnamə ilə bitirmişdi, maddi durumun aşağı olması, həm də yolun uzaqlığından onun yaşadığı kəndlə 8 km. məsafədə yerləşən qonşu kənddə orta təhsilini davam etdirə bilməmişdi. Bir neçə yaxın qohumu olsa da, yalnız Turqayın Rusiyada yaşayan dayısı onları fikirləşir, çətinliyə düşəndə imkanı daxilində onlara yardım əlini uzadırdı.Lakin iki əmisi və başqa qohumları atası dünyasını dəyişən gündən bəri onları heç düşünmür, vəziyyətləri ilə maraqlanmırdılar.Bu kiçik ailə birmərtəbəli, həm də kiçik və köhnə ata evində yaşayırdı. Bu ev, əslində, Turqayın babasından onlara qalmış ata evi idi. Mərhum atası bir neçə dəfə Rusiyaya işləmək üçün gedib yenidən ev tikməyə qərar versə də, kifayət qədər qazana bilmədiyindən buna nail ola bilməmişdi. İndi havalar yağışlı olanda evin hər iki otağı və eyvanına ara-sıra yağış damırdı. Buna görə yağışlı havada su daman yerlərə böyük qazan və qablar qoyurdular.

Artıq mart ayının yarısı arxada qalmış, ağaclar tumurcuqlamış, ətraf  yaşıllaşmış, bahar fəslinin müjdəçiləri sayılan qaranquşlar uçub gəlmişdi. Ötən ilin ortalarından etibarən ananın xəstələnməsi həm Turqayı, həm də bacısı Aytəni çox sarsıtmışdı.Turqay bu ilin ilk ayında anasını rayon mərkəzində yerləşən xəstəxanaya gətirib həkim müayinəsindən keçirmiş, onun ağır xəstə olduğunu öyrənmişdi. Lakin maddi durumları çox aşağı olduğundan Bakıda müalicə almağa və həkimin yazdığı bahalı dərmanları almağa imkanları çatmamış, yalnız ev şəraitində təbabət üsulu ilə hazırlanan dərmanlarından yararlanmağa çalışmışdı. Anasının müalicəsi üçün dayısından kömək istəsə də, dayısı maddi vəziyyətinin yaxşı olmadığından hələ ki pul yollaya bilməmişdi.Qarşıdan Novruz bayramı gəlirdi.Anası xəstə halda evi və həyət-bacanı təmizləsə də, Novruz bayramını qeyd etmək üçün əllərində heç bir pul, heç bir imkan yox idi. Neçə il idi ki, imkansızlıq ucbatından Novruz bayramına görə özlərinə yeni paltar da ala bilmirdilər.Ana adəti üzrə səhər günəş doğmazdan öncə yuxudan oyanıb evin işlərini görməli, çay hazırlamalı və daha sonra işləmək məqsədi ilə torpaq sahəsinə getməli idi.Lakin belə bir gözəl və ürəkaçan səhərdə evə tam səssizlik hakim idi.Turqay yuxudan oyanıb ətrafa baxdı və anasından səs gəlmədiyini duydu.Dərhal anası ilə kiçik bacısının yatdığı otağa yaxınlaşıb qapını astaca döydü.Səs gəlmədiyindən qapını yavaşca açıb içəri baxdı.Anasının yataqda uzandığını və yaxşı vəziyyətdə olmadığını gördü.Aytən isə ananın yanında uzanıb ona qısılaraq yuxuya getmişdi.

– Ana! Sabahın xeyir! Niyə qalxmırsan?Axı sən bu vaxta kimi heç yatmırdın.

– Turqay, oğlum, bu gün heç yaxşı deyiləm. Heç ayağa qalxmağa belə taqətim yoxdur.

– Ana, sənə hazırladığın bitki suyundan gətirim?

– Yox, balam. Bitkidən hazırladığım dərman bitib.Gərək yenidən hazırlayaq.Bax gör imkan olsa, dayına yenidən xəbər yolla.Bu vəziyyətlə davam edə bilmirəm.Dayına de ki, ananın vəziyyəti çox ağırdır. Turqay anasına bir az xidmət göstərdikdən sonra qonşuluqda yaşayan dostunun evinə tələsdi. Qapını döyüb onu çağırdı.Sonra ondan Rusiyada yaşayan dayısına whatsapp vasitəsilə mesaj atmasını xahiş etdi.Əslində, Turqayın dostuna müraciət etməsinin səbəbi özünün mobil telefonu və internetə çıxışının olmamasına görə idi.Turqay evə qayıdıb anasının yanında əyləşdi.Anasının taqətsiz və ağrılı halına baxdıqca ürəyinə çox qorxulu fikirlər gəlirdi.Sanki tezliklə anasını itirəcəyini düşünür, ondan sonra həyatının qaralacağı kimi xəyallar içində batıb qalırdı. Bacısı Aytən də anasına qısılaraq astaca ağlayır, göz yaşı tökürdü...

Axşam saatlarına yaxın evə səssizlik, qəm-qüssə və kədərin hakim olduğu bir vaxtda birdən dostu onu səslədi.Dərhal həyətə tərəf qaçdı.Dayısından cavab gəldiyi xəbərini alıb sevinclə anasının yanına qayıtdı.

– Ana! Dayı cavab göndərib. Yazıb ki, mənim adıma 300 manat pul yollayıb. Səhər tezdən rayonda banka gedib pulu götürəcəm! Ana,narahatolma, pulualankimihəkiminyazdığı dərmanları alaram. Birisi gün isə səni yenidən rayona həkimə apararam. Yaxşı olarsan...

 Bu xəbər xəstə və halsız vəziyyətdə olan ananı, bir də ona qısılmış ağlar gözlü bacını çox sevindirdi. Ananın gözlərindən yaş axdı və yavaşca ağlamağa başladı. Amma ağlaya-ağlaya şükür edir, ona belə bir çıxılmaz vəziyyətdə yardım əlini uzatmış qardaşına dua edirdi. Turqay isə o gecəni səhərə qədər yata bilmədi. Yerində gah sağa, gah da sola fırlanıb fikirləşir, yarısevinc, yarıkədər sabahın açılmasını gözləyirdi.

 O, günəş doğmazdan öncə hazırlaşdı, şəxsiyyət vəsiqəsi və ötən il həkimin anası üçün yazdığı, lakin imkansızlıq üzündən ala bilmədiyi dərman reseptini götürüb rayon mərkəzinə doğru yola çıxdı. Əlində bu qədər böyük məbləğdə pul olacağını düşünüb özü ilə uzun illər evdə saxladığı boş pulqabını da götürdü. Amma bəlkə də, buna heç ehtiyac yox idi... Bir az yol qət etdikdən sonra qonşu kənddən rayon mərkəzinə gedən bir yük maşını saxladıb mindi. Beləcə Turqay müəyyən müddətdən sonra rayon mərkəzinə çatıb bankın yerləşdiyi küçəyə tərəf tələsdi. Banka çatıb sevinclə içəri daxil oldu. İçəridə böyük izdihamın olduğunu gördü. Bir saat gözlədikdən sonra növbəsi çatanda dayısının onun adına yolladığı pulu götürüb özü ilə gətirdiyi pulqabına yerləşdirdi. Daha sonra pulqabını əynindəki gödəkcənin cibinə qoyub kəndə qayıtmağa qərar verdi. Amma o həm də keçən il həkimin anası üçün yazdığı dərmanları almalı idi. Onun dərman alacağı aptek kəndə gedən maşınların dayanacağına yaxın yerləşirdi. Turqay özünü itirmiş kimi dayanmadan hərəkət edir, bankın ətrafı və önündəhesabından pul çıxarmaq və eləcə də pensiyasını almaq üçün ora toplanmış adamları yara-yara tələsirdi. Təxminən 20 dəqiqəlik yol qət etdikdən sonra kəndə tərəf hərəkət edən maşınların dayanacaq yerinə çatdı və sevincindən aptekə getməyi belə unudaraq maşınlardan birinə əyləşib yola düşdü. Maşın hərəkət edərkən sevinc və ümid hissi ilə əlini gödəkcəsinin cibinə yaxınlaşdırdı. Lakin cibinin boş olduğunu görüb birdən-birə diksindi. Dərhal maşını saxlatdırıb pulunun itdiyini söylədi. Əvvəcə maşının içində, sonra dayanacaqda axtarmağa başladı. Pulunu itirdiyini söyləyib, ətrafdakılardan onu görüb-görmədiklərini soruşdu... Orada pulunu tapmadıqda gəldiyi yolla banka doğru geriyə qayıtmağa qərar verdi və yol boyu sağa-sola baxara iztirabla geriyə qayıtdı. Bəlkə də, bu, Turqayın ömründə üzləşdiyi ən ağrılı, ən acılı və ən sarsıdıcı hadisə idi. O, itmiş puldan daha çox, bəlkə də, ölüm ayağında olan xəstə anasını düşünür, itirdiyi pulla əziz anasını da itirəcəyini fikirləşirdi. Banka çatan kimi yenidən ətrafdakılar və ətrafda yerləşən dükanlara bir-bir yaxınlaşıb pulunu itirdiyini bildirdi,onlardan pulunu görüb-görmədiklərini  soruşdu. Lakin bir cavab almadı, bəlkə də, heç kəs onun nə çəkdiyini anlamır, bəlkə də, anlamaq istəmirdi. Çünki ətrafdakı adamlar özünü və öz rahatlığını düşünən kimi görünürdü. Turqay banka daxil olub məsul şəxslərə pulunu itirdiyini söylədi. Lakin onlar bundan xəbərsiz olduqlarını, hansısa tapılmış pulun qeydə alınmadığını bildirdilər. Turqay bütün bunlardan sonra özünü çox çətin və acı bir durumda hiss etməyə başladı. Anladı ki, artıq itirdiyi pulu tapmaq mümkün olmayacaq. Lakin yenə də tam ümidsiz deyildi. Bankın önündə dayanıb gəlib-gedənlərə yaxınlaşaraq pulunu itirdiyini söyləyir, ümidini üzmürdü...

Artıq günəş batmaq üzrə idi. Hava get-gedə qaralırdı. Turqay bu vəziyyətdə kəndə qayıtmağı münasibbilmədiyi üçün gecəni rayon mərkəzində qalmağa qərar verdi. Hava soyuq olduğundan hansısa parkda və ya küçədə gecələyə bilməzdi. Buna görə rayon məscidlərindən birinə gedib gecəni orada qalmağı düşündü.  Cibindəki qəpikləri toplayıb iki ədəd pirojki aldı, aclığına qalib gəlməyə çalışdı. Məscidə gələndə orada 3-4 nəfərin olduğunu görüb sakitcə bir küncə yaxınlaşdı. Bura yarıqaranlıq olduğundan məsciddə olan azsaylı adamlar onu görmədilər. Beləliklə də, orada yığılmış nalçaların arxasında özünə yatmaq üçün balaca bir yer hazırladı, kədərli və ümidsiz halda uzanıb gözlərini yumdu. Nə qədər yatmağa çalışsa da, sanki ölüm ayağında olan xəstə anası və kiçik bacısını düşünür, düşdüyü bu çıxılmaz vəziyyətdən necə qurtulmağıyla bağlı fikirlərdən rahatlıq tapa bilmirdi.  Turqay illər boyu evdə saxladığı pulqabını özü ilə gətirib bankdan götürdüyü pulları da pulqabıya yerləşdirdiyinin yanlış və yersiz hərəkət olduğunu fikirləşib özünü danlayır, məzəmmət edirdi. O, pulunun ya əlini cibindən çıxararkən yerə düşdüyünü, ya da kiminsə onu izləyib izdiham içində cibindən götürdüyünüdüşünürdü. Lakin bu fikirlər onun itirdiyini geri qaytara bilməzdi. Gözlərinə yuxu gedənə kimi Tanrıya yalvarır, itirdiyi pulu tapmaqda ona yardımçı olmasını diləyirdi...

         Gözlərini açanda artıq saatın 9-10 radələrində olduğunu gördü. Dərhal məsciddən çıxıb bank tərəfə getməyə tələsdi. Lakin məscidin gözətçisi  onu yolda yaxalayıb gecəni məsciddə qaldığını, əsəblə bunun yolverilməz olduğunu söylədi. Turqay başına gələnləri gözətçiyə danışdıqda yaşlı kişi dayandı, əsəbləri sakitləşdi və gözləri doldu. O, Turqayın cibinə 2-3 manat pul qoyub ümiddən düşməməyi, pulu itirdiyi yerə gedib yenidən axtarmasını tövsiyə etdi. Həm də bildirdi ki, günorta namazı vaxtı məscidə gəlib məscidin axunduna olanları söyləyib ondan yardım ala bilər. Turqay ağsaqqal ilə sağollaşıb yoluna davam etdi. Bankın ətrafında saatlarla dayanıb dünənki kimi pulu axtarmağa, divarlara yazılan elanları oxumağa başladı, puldansa heç bir xəbər olmadı və heç kim onun itirdiyi pulu tapdığını söyləmədi. Günorta çağı azan səsini eşitcək məscid gözətçisinin məsləhətini xatırladı və dərhal məscidə getdi. Məscidin həyətinə çatanda orada 15-20 nəfər vardı. Onlar artıq namazı qılıb məscidi tərke dirdilər. Ətrafdakılardan məscidin axundunu soruşdu, qapının girişində nurani bir ruhani ilə üzləşdi. Ona salam verib başına gələnləri danışdı və gözətçinin ona verdiyi məsləhəti xatırlatdı. Məscidin axundu onu təmkinlə və ara-sıra hövsələsiz şəkildə dinləyib dedi: "Ay bala! Mən başa düşə bilmirəm ki, pulu, imkanı olmayanlar nə üçün mənim yanıma gəlirlər! Pulun yoxdur, get işlə, qazan! Əlin-ayağın var. Şikəst deyilsən ki! Pul itirmisən, get tap, ən azından diqqətli ol ki, itməsin. Anan xəstədir, Allah şəfasını versin! Mən pirəm, yoxsa bank? Mənim bankım yoxdur ki, hər yoldan ötənə pul verim.Mənim də balalarım var. İndi sənə pul verdim, o birisinə əl tutdum, bəs onda balalarımı hansı pulla saxlayım?!"

Turqay bu sözləri eşidəndə pərt olub, çox pis hala düşdü. Özünü daha da alçalmış, daha da üzülmüş və məğlub kimi hiss etdi. Məscidin axundu isə onunla sağollaşmadan üzünü ağsaqqala (ona pul üçün axunda müraciət etməyi məsləhət görmüş gözətçiyə) çevirib onu verdiyi məsləhətə görə danlamağa başladı. Bu zaman əlindəki mobil telefonuna gələn zəngə görə telefonunu açıb kiminləsə gülə-gülə danışdı. Bir az danışdıqdan sonra çox bahalı avtomobilinə əyləşib uzaqlaşdı...

Turqay dərdinin üzərinə gəlmiş böyük pərtliklə yenidən banka tərəfgetdi. Axşam saatlarına kimi ac-susuz halda orada və ətraf yerlərdə itirdiyi pulu axtarmağa başladı. Lakin heç bir nəticə olmadı. Yalnız bir neçə dəfə yaxınlıqda olan kafeyə yaxınlaşıb krantdan doyunca su içə bilmişdi. O, anasının hansı vəziyyətdə olduğu və hansı hisslər keçirdiyini düşündükcə az qala dəli olurdu. Çünki anası xəstə halında oğlunun başına nəsə pis bir hadisə gəldiyini də düşünə bilərdi. Üstəlik, onun çəkdiyi acılıq və xəstəlik vəziyyəti çox ağır və dözülməz idi. Düşünürdü ki, bəlkə də, itirdiyi pulu tapan adam bu pulların, əslində, ağır xəstəlikdən əziyyət çəkən və sanki ölüm ayağında olan əziz anasının dərman-həkim pulu olduğunu bilsəydi, qəlbinə mərhəmət hissi gələr, pulu sahibinə çatdırmadan oradan uzaqlaşmazdı. Amma görən, onun itirdiyi pulu tapan şəxs bu qədər doğru-dürüst idimi?! Beləcə ürəyində danışır, müxtəlif ehtimallar irəli sürür və ilk növbədə özünü qınayırdı. Çünki bu acı hadisə ilk öncə onun öz diqqətsizliyi ucbatından baş vermişdi. Günəş batana qədər orada dayanıb itirdiyi pulu axtarmaqla vaxt keçirdi. Anlar, saatlar ötdükcə Turqay itmiş pulunu bir daha tapmayacağına əmin olmağa başlayırdı. Lakin bu dəfə də kəndə qayıtmağa üzü gəlmədiyindən rayonda gecələməyə qərar verdi. Bir yandan aclıq və susuzluqdan dodaqları qurumuş, bir yandan da mart ayının soyuq havasından titrəyirdi. Yaxınlıqda yerləşən dörd-beş mərtəbəli yaşayış binalarına doğru gedib binaların istiliyini təmin edən qazanxananın arxasında borulara yaxınlaşdı. Boruya toxunduqda olduqca isti olduğunu görüb gecəni həmin boruların üzərində yatmağı fikirləşdi. Əslində, onun gecələmək üçün bundan başqa bir yeri də yox idi. Beləliklə də, yaxınlıqdakı dükanın zibil qutusuna atılmış bir neçə boş və quru kartonu yığıb özü üçün qazanxanadan çıxan istilik boruları üzərində yatacaq hazırladı.  Xəstə və əziz anasının vəziyyəti, çarəsiz balaca bacısının durumu, üzləşdiyi uğursuz olay və qarşıdan gələn Novruz bayramı barədə düşünüb parlaq ulduzlarla dolu səmaya baxır və gözündən yaş damlaları yanaqlarına axıb-tökülürdü. Beləcə yuxuya gedib yatdı...  

         Səhər başının üzərində dayanmış ortayaşlı bir kişinin səsinə yuxudan ayıldı. Bu, qazanxananın işçisi idi. Onun nə üçün burada yatdığını, haralı olduğu və niyə evə getmədiyini dayanmadan soruşurdu. Turqay heç nə demədən ayağa qalxıb  uzaqlaşdı və yolda üzünə su vurub bir daha ümidsiz halda banka tərəf yollandı. Amma bu dəfə heç kimə yaxınlaşmadan və heç kəsdən bir söz soruşmadan yalnız qaşqabaqlı və acıqlı halda ətrafı axtarmağa məşğul oldu. Bu zaman onu ötən günlərdə bir neçə dəfə görən orta yaşlı dükan sahibi gülə-gülə soruşdu: "Ay bala, nə oldu, pulunu tapa bildin?!" – Yox, tapa bilmədim. – Əşi, pulu itirdinsə, səndən getdi. Özünü zəhmətə salıb axtarma! Hamı sənin kimi ürəyi təmiz deyil ki...

 Onun bu sözləri Turqayın ümidsiz qəlbini daha da möhürlədi. Bundan sonra axtarışa davam etməyin mənasız olduğuna daha çox inanmağa başladı. O düşünürdü ki, pulu tapsa, ilk öncə aptekdən həkimin yazdığı dərmanları alacaq, daha sonra bayramı qeyd etməyə lazım olan xırda bazarlıq edəcəkdi. Hətta anası və balaca bacısını sevindirmək üçün kiçik hədiyyələr almağı da düşünürdü. Amma bütün bunlar onun gerçəkləşməyən arzuları, xəyalları idi. Bütün bunları düşününcə özündən asılı olmadan gözlərindən yaş axırdı. Birdən ürəyinə hardansa qəribə bir hiss və acılıq həsrəti gəldi. Dərhal xəstə anasını düşünüb necə olursa-olsun, kəndə qayıtmağa qərar verdi. Kəndə gedən maşınların dayanacağı yaxınlığında apteki görüb içəri girdi. Orada orta yaşlı mədəni və təmkinli bir kişini gördü. Bu, əslində onun indiyədək adını eşitdiyi və ilk dəfə gördüyü Qabil doktor idi. Kənddə bir neçə dəfə onun yaxşı insan olduğu və imkansız adamlara nisyə dərman verdiyi, bəzən isə qarşılıqsız yardım etdiyini eşitmişdi. Yaxınlaşıb salam verdikdən sonra başına gələnləri və anasının xəstə vəziyyətdə olduğunu söylədi. Qabil doktor ondan həkimin yazdığı resepti istədikdə, Turqay ötən il həkimin yazdığı resepti evdən çıxarkən pulqabına qoyduğu və onun da pullarla birlikdə itdiyini bildirdi. – Oğlum, bax mən sənə nisyə dərman verərəm. Səni tanımasam da, doğru danışdığına inanıram. Amma reseptsiz sənə necə və hansı dərmanı verə bilərəm?! – Əmi, bəlkə anamın xəstəliyinə uyğun dərman verəsiz? – Yox, bu, yolverilməzdir. Yalnız xəstəliyi dəqiqləşdirməklə iş bitmir. Hər xəstəliyin öz dərəcəsi, öz dərmanı olur. Həkimin müayinəsindən sonra yazdığı iynə-dərmanları təsbit etmək lazımdır. Sən də ki onların adını belə bilmirsən... Turqay bu cavabdan çox sarsıldı. Sağollaşıb ümidsiz halda aptekdən çıxmaq istədikdə Qabil doktor onu çağırıb dedi: – Dayan, ən azından bir neçə sakitləşdirici dərmanlar verim, apar. Sonra reseptlə gələrsən, dərmanları olduğu kimi verərəm. Bunu deyib içərisində 2 dərman, bir də 10 manat pul olan bir paketi ona uzatdı və bunların bir hədiyyə olduğunu söylədi. Amma dərmanları hər gün yeməkdən sonra 3 dəfə içilməsini söylədikdə Turqay tutulub qaldı. Axı onların evində gün ərzində üç dəfə yemək olmur və imkansızlıq ucbatından yalnız bir dəfə sadə yemək yeyə bilirdilər. O hər şeyə rəğmən, dərmanları alıb təşəkkür etdi və kəndə gedən maşınlardan birinə minib yola düşdü. Ən arxa sırada pəncərənin kənarında əyləşərək özünə qapılmışdı...

         Axşam saatları idi. Günəşin batmasına hələ təxminən 2 saat qalırdı. Turqay yol boyu narahatlıq və pərtlik içində idi. Evə hansı üzlə və necə gedəcəyini, anasına nə cavab verəcəyini fikirləşirdi. Özünə qapanıb dərindən düşündüyündən maşında əyləşmiş insanların danışıqlarını heç dinləmirdi. Lakin ara-sıra maşında əyləşən bir neçə nəfərin bir-biri ilə danışdığı və kiməsə rəhmət oxuduqlarını, "Allah rəhmət eləsin!" sözünü dediklərini eşitdi. Özünə dərindən qapandığı və fikrə getdiyi üçün bu barədə dərinə getmədən danışanlara fikir vermədi. Nəhayət, kəndə çatdıqda maşından düşüb utanc və xəcalət, həm də ümidsizliklə evlərinə doğru hərəkət etməyə başladı. Uzaqdan həyətlərinə baxanda evlərinin qarşısında adamların toplandığını görüb həyəcanlamağa başladı. Hərəkətini sürətləndirərək evə tərəf qaçdı. Evə çatanda evin içərisindən ağlaşma səslərini duymağa başladı. Ağlaşma səslərini eşidincə sanki bütün vücudu soyudu, anasının başına pis hadisə gəldiyini anlamağa başladı. Turqay evə daxil olanda qonşular ona başsağlığı verməyə, səbirli olmağı tövsiyə etməyə başladılar. Bir-iki nəfər isə ona acıqlanıb indiyə qədər harada itib-batdığını soruşdu. Evlərinin kiçik eyvanında üzü ağ parça ilə örtülmüş bir cənazəni görüb diksindi. Bu onun xəstə halında yataqda əzab çəkən anasının cənazəsi idi. O, xəstəliyin şiddətindən dözməyib bu gün səhər saatlarında dünyasını dəyişmişdi. Ətrafa baxanda bacısı Aytəni gördü. O, ağlamaqdan doymuş kimi halsız haldaydı, qonşu qadınların biri qucaqlayıb nəvaziş göstərirdi. Turqay anasının üzərinə örtülmüş ağ parçanı qaldırıb ona sarıldı və hönkürtü ilə ürəkdən ağlamağa başladı: "Ana, bizi qoyub hara gedirsən? Bəs məni və Aytəni kimə tapşırırsan? Ana, qalx ayağa, ölmə! Bizim sənə ehtiyacımız var. Ay ana, ana, ana..." Ətrafdakılar onu sakitləşdirib otaqdan həyətə çıxartdılar.Əslində o, pulu itirməsəydi, anasına lazım olan dərmanları vaxtında alıb gətirər, onun sağalması üçün lazım olan işləri görə bilərdi.Lakin həm bütün bunların olmaması, həm də evin tək oğlunun uzağa gedib 3 günə qədər xəbərsiz qalması ananın ölümünü tezləşdirmişdi.Bəlkə də, onun itirdiyi pulu tapmış və ya onu oğurlamış şəxs həmin pulla özünə və ailəsinə bir neçə günlük xoş anlar yaşatsa da, əslində, Turqayın ailəsi üçün əbədi kədər və acılığı ərməğan etmişdi.Sonra anasının dəfn işləri yerinə yetirildi.Onu kənd qəbristanında, həyat yoldaşının məzarı yanında torpağa tapşırdılar. O vaxtdan sonra Turqay hər il mart ayı gələndə kədər, qəm-qüssə dəryasına batır, mənəvi əzab çəkirdi. Lakin əsas mənəvi əzab çəkməli olan onun pulunu cibindən oğurlayan və ya onun itirdiyi pulu tapıb mənimsəyən kəs olmalı idi...

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.