Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı detektiv ustası, polis podpolkovniki Fəxrəddin Qasımoğlunun yeni yazdığı “Ruh” romanının dərcinə başlayır.

 

Fəxrəddin Qasımoğlunun dalbadal dərc edilən bir neçə detektivi, xüsusən “Son gecə” böyük oxucu auditoriyası tərəfindən maraqla qarşılanıb. Bu romanda da ənənəvi qəhrəmanlar iş başındadırlar, bu dəfə onlar uşaq oğurıuğunu araşdırırlar.

 

On altı mərtəbəli binanın doqquzuncu mərtəbəsindəki mənzillərdən birinin açıq qapısı qarşısında dayanmış sarışın saçlı, təxminən otuz dörd - otuz beş yaşlarında olan yaraşıqlı qadın dərsə yola saldığı oğlunun üzündən öpüb bərk - bərk tapşırdı:

- Çantandakından muğayat ol, dərsdən çıxan kimi də dediyim yerə get dəy, sonra evə gəl.

Onun on beş yaşında olan oğlu bu il məktəbi liseyə dəyişmişdi. Sarışın qıvrım saçları, mavi gözləri olan oğlan anasına çox oxşayırdı. 

- Narahat olma ana. Dediyin kimi edəcəm. Çantamı da gözümdən qoymayacam. 

Bunları deyən oğlan çantasını anasından alıb çiyninə taxdı, sonra o da anasını öpüb liftin düyməsini basdı. Ana onun liftə minməsini gözləyib dərindən bir ah çəkdi, sonra içəri keçib qapını örtdü. Qadın son dərəcə dalğın görünürdü…

* * *

Bakı ətrafındakı bağ evlərinin birində köhnə dəmir çarpayıda uzanmış adam yarıya qədər çəkdiyi siqaretini döşəmənin üstünə atdı. Çarpayının üstünə döşək əvəzinə köhnə brezent parça sərilmiş, balışı isə içərisinə köhnə paltarlar doldurulmuş kisə əvəz edirdi. Adamın təxminən qırx - qırx beş yaşı olardı. Əl barmaqlarının üzərindəki döymələr onun məhbus həyatı yaşadığından xəbər verirdi. O, bir qədər də belə uzandıqdan sonra bezib çarpayıdan qalxdı. Şəhadət barmağı ilə kömək edib ayağına dar olan ayaqqabılarını geyindikdən sonra hələ də döşəmədə közərən siqareti tapdalayıb söndürdü. Noyabrın axırları idi, payız son günlərini yaşayırdı. Havalar əməlli - başlı soyumağa başlamışdı. Üşüdüyünü hiss edib sönməkdə olan odun sobasına bir neçə taxta parçası atdı. Sonra otağın ortasında qoyulmuş masaya yaxınlaşıb tilli stəkana araq doldurub birnəfəsə başına çəkdi. Burnu ilə dərindən nəfəs alıb ağzından buraxdıqdan sonra masadakı qurumaqda olan çörəkdən bir qədər kəsib ağzına qoydu. Bədəninə bir qədər istilik gəldiyini hiss etdi. Sobaya atdığı taxta parçaları yavaş-yavaş tüstüləyirdi. Əyilib közü üfürməyə başladı. Üçüncü cəhddə taxtalar alışdı və sobadan yarıqaranlıq otağın döşəməsinə alovun dillərindən yaranan işıq zolağı düşdü.

Bu bağ evi ona atasından miras qalmışdı. Çoxdan gəlib - gedən olmadığı üçün işıq və qaz xətləri kəsilmiş, uzun müddət baxımsız qalan ev isə demək olar ki, tam yararsız vəziyyətə düşmüşdü. Böyük sahəsi olan bu bağda həyat əlaməti olan yeganə şey tənha əncir ağacı idi. İllərlə sulanmadığından bir vaxtlar burada əkilmiş cürbəcür meyvə ağacları quruyub getmiş, təkcə qocaman əncir ağacını torpağın çox dərinliyinə işləmiş kökləri məhv olmaqdan qoruya bilmişdi. 

Çox narahat görünürdü. Tez - tez şüşəsini his basmış pəncərədən boylanır, sonra otaqda var - gəl edirdi. Nəhayət həyətdən səs gəldi. Divara qısılıb ehtiyatla pəncərədən baxdı. Gələnin kim olduğunu görüb dərindən nəfəs aldı. Bu onun gözlədiyi adam idi…     

* * *

Yuxudan oyansam da, hələ gözlərimi açmamışdım. Gecə çox gec yuxuya getmişdik. Gözüyumulu əlimi uzadıb Gülanənin yatdığı yeri, taxtın sol tərəfini yoxladım. Əlim boş döşəyə dəydi. Gülü yerində yox idi. Ancaq döşək hələ onun bədəninin istiliyini saxlamışdı. Yəqin ki, bir qədər əvvəl qalxmışdı. Nə qədər gec yuxuya getsək də, bu sevimli qadın həmişə məndən bir qədər tez oyanır, mən qalxana qədər çay dəmləyib süfrə açır, oyanmağımı gözləyirdi. Mənisə, yəqin ki, tanıdınız. Cəfər Cabbarlı küçəsində, Nizami metrosu ilə üzbəüzdəki detektiv agentliyinin rəhbəriyəm. Qısa desəm, mən şəhərdə hamının, ya da əksəriyyətin tanıdığı detektiv, istefada olan polis zabiti Bəxtiyar Nəzərliyəm. 

Bir qədər də belə uzandıqdan sonra yataqdan qalxdım. İlk növbədə otağın havasını dəyişmək üçün pəncərənin nəfəsliyini açdım. Sonra mətbəxlə hamam otağını birləşdirən dəhlizə keçdim. Hamamdan su şırıltısının səsi gəlirdi. Gülü duş qəbul edirdi. Mətbəxə boylandım. Həmişəki kimi səhər yeməyi masanın üstünə düzülmüş, çay da hazır idi. 

- Oyandınız, cənab detektiv?

Gülü yaş saçlarına dəsmal bükmüş, başqa bir dəsmalı isə sinədən aşağı bədəninə bürümüşdü. Fosfor kimi parıldayan qarayanız dərisi çiynindən aşağı axan su damlalarına xüsusi bir parıltı verirdi. 

- Düzünü desəm, xanım, hələ tam oyanmamışam.

Gülü bərkdən güldü:

- Elə məni də duş oyatdı. Keç, əl - üzünü yu, tam oyan, mən də qurulanım gəlirəm.

Qısa söhbətdən sonra o, yalın ayaqlarını şappıldada - şappıldada yataq otağına, mən isə yuyunmaq üçün hamamxanaya keçdim. Fikrimcə Gülünün qurulanması azı on beş dəqiqə çəkəcəkdi. Təkcə qıvrım saçlarını on dəqiqə fenləməliydi. Gülü ilə uzun illər idi ki, birgə yaşayırdıq. Daha doğrusunu desəm, rəsmi nikaha girməsək də, şəriətlə kəbin kəsdirib münasibətlərimizi rəsmiləşdirmişdik. Təkcə bir şərtlə - hərə öz evində yaşayırdı. Belə vəziyyət hər ikimizi qane edirdi. Gülü illərlə isinişdiyi evindən ayrılmaq istəməmiş, mənsə işimin xarakterini nəzərə alıb bunu ən yaxşı variant kimi qəbul etmişdim. Ümumiyyətlə, həyatımda Gülünün varlığından çox az adamın xəbəri var idi. Hətta birgə yaşadığımız illərdə bir dəfə də olsun maşınımı onun yaşadığı binanın həyətinə sürməmişdim. Həmişə maşını ikinci mikrorayondakı bu binanın qonşu kvartalındakı pullu duracağa qoyub xeyli məsafəni ayaqla qət edirdim bura gəlmək üçün. Əlbəttə, izlənib - izlənimədiyimi yoxlamaq şərtilə… Belə lazım idi. Nə vaxtsa onun həyatını təhlukəyə ata biləcək heç bir şeyə imkan verməməliydim. Mənimsə həyatımda təhlükə çox vaxt mənimlə paralel addımlayırdı. Ancaq yuyunub çıxanda onu hamamın qarşısında dayanan gördüm. Əlində tutduğu telefonum aramsız zəng çalırdı. Yatarkən telefonu başımın yanındakı tumbanın üstünə qoymuşdum. Alıb baxdım, tanış nömrə deyildi. Düyməni basıb telefonu qulağıma yaxınlaşdırdım.

- Eşidirəm.

- Sabahınız xeyir, Bəxtiyar müəllim.

- Sabahınız xeyir.

- Sizi bu saatda narahat edirəm, siz Allah, üzrlü sayın, amma məsələ çox vacibdir. Mən Fərman Gəraybəyliyəm, yəqin adımı eşitmisiniz. Əlaqə nömrənizi dostunuz Ənvər Seyidbəylidən almışam.

Bu sözləri birnəfəsə deyən adam susub nə deyəcəyimi gözlədi. Fərman Gəraybəyli adı mənə çox şeydən xəbər verirdi. Vaxtilə nazirliklərin birində yüksək vəzifə tutmuşdu. İndi geniş biznes şəbəkəsinin sahibi olan bu adam ictimaiyyətə də çox tanış idi. Tez - tez televiziya kanallarına dəvət alır, iş adamlarının qatıldığı müxtəlif debatlarda iştirak edirdi. Nə qədər təmkinlə danışsa da, onun səsindəki həyəcanı hiss etməmək mümkün deyildi. Elə professor dostumun mənimlə məsləhətləşmədən nömrəmi kiməsə verməsi özü də az şeydən xəbər vermirdi və burada zəng edən adamın ona çox yaxın birisi olmasına eyham vardı. Bununla Ənvər nəinki bu adamı dinləməyimi, həm də ona kömək etməyimi istəyirdi. 

- Buyurun, sizi dinləyirəm.

Telefonun o başındakı adam dərindən nəfəs aldı. 

- Bəxtiyar müəllim, deyəcəklərim telefonla deyiləsi şeylər deyil. Mümkünsə üzbəüz söhbət etmək istərdim. 

Onsuz da bir azdan ofisə gedəcəkdim. Ona görə də düşünmədən dedim:

- O zaman bir azdan ofisimdə görüşək. 

- Yox.

Adam az qala sözümü ağzımda qoydu. Hə, deyəsən, məsələ çox ciddidir. Onun reaksiyasından mənimlə görüşdüyünü kiminsə bilməsini qətiyyən istəmədiyi aydın idi. Artıq sualları sevmədiyim üçün soruşdum:

- Haraya gəlim?

- Mümkünsə «Bahar» restoranına, sizi sürücüm arxa qapıda qarşılayacaq. Elə səhər yeməyini də orada yeyərsiniz.

«Bahar» restoranı elə də uzaqda deyildi. Dadlı yeməkləri və «iştahı qaçıran qiymətləri» ilə məşhur olan bu restorana adi halda mən heç çay içməyə də getməzdim. Ancaq indi vəziyyət başqa idi. Ona görə də qısa cavab verdim:

- Yarım saatdan sonra. 

Xətti kəsib əyninə xalat geyinib qayıtmış Gülüyə baxdım. Nəm saçlarını açıb çiyinlərinə tökmüşdü, deyəsən hələ qurulamaq fikri yox idi. 

- Sən rahat qurulan, mən getməli oldum.

Gülü dodağını büzdü:

- Heç olmasa, bir stəkan çay iç.

- Süz, amma yarı. 

      Gülünün nəm saçlarını qoxlayıb geyinmək üçün yataq otağına keçdim. Deyəsən bu səhər sürprizlə başlayacaqdı.

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2024)

 

Cümə, 12 İyul 2024 09:33

Mina Rəşidin iki hekayəsi

TİBB BACISI

Sadaqət zərif bir qızdır. Qəlbi xeyirxahlıqla döyünən bu qız tibb bacısıdır. Bu gün xəstəyə iynə vurmaq üçün onu bir evə dəvət etmişdilər. Sədaqət qapını açın kimi ailənin çox imkansız olduğunu hiss elədi. Xəstə ana idi, o, köhnə çarpayıda uzanmışdı. Balaca stolun arxasında kiçikyaşlı üç qız uşağı əyləşmişdi. Biri rəsm çəkir, biri kitab oxuyur, o biri isə nəsə yazırdı... Sədaqət tez çantasını yerə qoyub xəstəyə yaxınlaşdı. Qadın zəif səsi ilə onu salamladı və gülümsəməyə çalışdı. Sədaqət bir anda xəstənin vəziyyətini öyrəndi, iynəsini vurdu, onunla bir az söhbət elədi. Məlum oldu ki, qadının həyat yoldaşı 5 ay bundan əvvəl maşın qəzasında dünyasını dəyişib. O, da üç uşaqla təkbaşına qalıb. Yaxınlıqdakı yeməkxanada qabyuyan işləyirmiş, amma sonra xəstələndiyindən işə gedə bilməyib... Uşaqlar ac qalmasın deyə, evdə ələ gələn nə varsa satıb, indi çarəsizdi, xəstə halıyla nə edəcəyini bilmir...

Sədaqət məyusluğunu gizlədərək uşaqlara yaxınlaşır. Onların azuları ilə maraqlanır. Kiçık qız rəssam olacaqmış, ortancıl onun kimi tibb bacısı, anasına məktub yazan böyük qız isə yəqin ki, yazıçı olmaq arzusundadı. 

O, yazırdı: “Anacan, istəyirəm tez sağalasan. İnan ki, hər an sənin üçün çox sevdiyin Allaha dua edirəm, yalvarıram ki, sənə şəfa versin, yoxsa biz sənsiz nə edərik. Biz quru çörək də yeməyə hazırıq, təki sən atam kimi ölmə, anacan, ölmə...”

Sədaqət göz yaşlarını uşaqlardan gizlətməyə çalışdı. Əini çantasına apardı. Çantada 50 manat pulu olduğuna sevindi. Başqa vaxt qəpik- quruş götürərdi, səhər elə bil kimsə ona pul gərək olacağını xatırlatmışdı... Heç nə düşünmədən həmin pulu qızın məktub yazdığı dəftərin arasına qoydu.

Sədaqət sanki boğulurdu, təmiz havaya can atırdı. Qapını açınca narın yağış damlaları onu salmladı. Yağışın altında asta-asta addımlamağa başladı. Getdikcə ürəyində o üç balaca qıza və onların xəstə anasına dua edirdi. Düşünürdü ki, nə yaxşı yağış yağır. Deyirlər, yağışda, küləkdə Yaradan duaları daha tez qəbul edir...

Xəstə, kasıb qadının evində isə indi əsl bayram havası vardı. Ataları rəhmətə gedəndən körpə qızların üzü hələ bu günkü qədər işıqlanmamışdı…

 

LALƏ VƏ QARATİKAN

Bir gözəl yaz günündə qaratikan kolunun yanında bir lalə bitdi. O, böyüdü, incə, düyməli boynunu günəşə sarı çevirdi. Günəş laləni salamladı. Lalə yanağında qara xalları olan gözəl bir çiçək açdı və ətrafına gülümsədi. Onu görən bütün quşlar, böcəklər, çiçəklər sevindi...

Təkcə qaratikan kolu təkəbbüründən tikanlarını çeynədi. Laləyə nifrətlə baxdı... Lalə bunu hiss etsə də, özünü bilməməzliyə vurdu. Axı o qaratikan kolunu da sevirdi... Düşünürdü ki, bu qısa ömründə ancaq yaxşı işlər görsün, heç kəsə, heç nəyə zərər verməsin. Qaratikan isə bütün günü plan qururdu. Necə etsin ki, laləni məhv eləsin... Bir gün tikanlarından ox düzəltdi. Amma külək onun hiyləsindən xəbər tutdu.

Laləni düşmən oxundan xilas elədi... Qaratikan yeni plan qurmağa başlayarkən lalə öz qısa, mənalı ömrünün sona yaxınlaşdığını hiss edirdi. Amma o, bundan heç də kədərlənmirdi. Çünki ömrünü gözəl yaşamışdı. Ölüm isə Yaradanın hökmüdür, bir çiçək açır, o biri solur...

Lalə gözlərini təbəssümlə yumdu... Onun ləçəkləri son dəfə küləyin nəğməsi ilə havada oynadı və sonsuzluğa qovuşdu...

Bir azdan yeni balaca düymədən qəçəng bir çiçək açıldı və günəşə gülümsədi...

Bəs qaratikan kolu necə oldu? Qaratikan uzun və xeyirsiz bir ömür yaşadı. Amma hər kəsin bir sonu da var axı. Bir gün insanlar ətrafı təmizləyərkən ona od vurub yandırdılar. Qaratikanın acı tüstüsü başından çıxdı...

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2024)

 

Zahirə Cabir, “Ədəbiyyat və incəsənət” üçün

 

 

Oğuz tayfaları daim hücumlara məruz qalırdı. Əmir qorunmaq məqsədilə sıldırım qayanın zirvəsində qala tikdirmək istədi. Qala üç tərəfdən çayın dərin dərəsi, digər tərəfdən möhkəm divarla tikilməliydi, həm də qaladan çaya gizli yol olmalıydı. Əmir ən məşhur sənətkarları sarayına dəvət etdi. Sarayın tikintisi ilə bağlı göstərişlər verdi. Onların içindən yalnız Urud adlı bir gənc qalanın tikilişi ilə bağlı şərtlərlə razılaşdı. Əmirin Alagöz adlı gözəl bir qızı vardı. Bir çox zəngin taliblər ona elçi düşsələr də, onun sevgisini qazana bilməmişdilər. Urud saraya gələn gündən hər iki cavan bir birinə aşiq olmuşdu. Alagöz şahzadə idi, Urud isə kasıb sənətkar. Alagöz onu istəməyə gələn bütün elçiləri, talibləri rədd edirdi. Nəhayət Alagöz atasına Urudu sevdiyi bildirir. Qəzəbli hökmdar qızını yeddi gündə səmaya qədər ucalan minarə tikənə ərə verəcəyini söyləyir. Məhəbbətdən ilham alan zavallı aşiq Urud belə bir minarə tikir. Əmirə bu xəbəri vermək və sevgilisinə qovuşmaq ümidi ilə səhər tezdən saraya gəlir. Lakin hökmdar qızını kasıb bir bənnaya verməkdən imtina edir. Kədər içində qovrulan gənc özünü tikdiyi minarədən atır. Alagöz sevgilisinin arxasınca qaçıb özünü minarədən atır. Və yalnız ölməklə ruhlarını birləşdirə bilirər. Əmirin göstərişi ilə onlar bir yerdə dəfn etdilər. Qəbrin üstündə hökmdarın əmri ilə dağıdılmış minarənin kərpicindən tikilmiş məqbərə ucaltdılar. İki gəncin əbədi sevgisi naminə bu qala Urud qalası adlandı. 

Urud qalası Zəngəzur mahalının Urud kəndi yaxınlığında yerləşən tarixi türk qalasıdır. Hündür sıldırım qayanın üstündə yerləşən qala üç tərəfdən Bazarçay çayının dərin dərəsi, bir tərəfdən isə divarla əhatələnmişdir. Urud qalasının adı mənbələrdə 450- ci il hadisələrindən bəhs edilərkən çəkilir. Qala 1104- cü ildə Səlcuqlular, 1386-cı ildə Əmir Teymur, 1407- ci ildə Qara Yusif tərəfindən fəth edilmişdir.

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2024)

Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Qırx ildir vətəndən aralıyam mən, 

Özüm də bilmirəm haralıyam mən. 

Bir bunu bilirəm yaralıyam mən, 

Yaralı hicrandan, yaralı könlüm, 

Söyio haralısan, haralı, könlüım? 

 

Yadlar soruşmadan ayırmış bizi, 

Ayırmış Bakıdan ana Təbrizi. 

Ayırımış qılıncla, itirmiş izi, 

Düşmüş ocağından aralı könlüm, 

Söylə haralısan, haralı, könlüm? 

 

Sazın nəğməsində dil açır bu dərd, 

Arazın səsində dil açır bu dərd. 

Ana nəfəsində dil açır bu dərd, 

Bu dərddən kül olub, qaralı könlüm,

Söylə haralısan, haralı, könlüm? 

 

Vətəndə vətənə, anaya həsrət, 

Sevənlər sevdiyi sonaya həsrət, 

Düşdü ayaqlara ilkin məhəbbət, 

Xəzan yarpağıtək saralı könlüm, 

Söylə haralısan, haralı, könlüm? 

 

Bəlkə sahibsizmiş bu böyük ölkə,

Qoy yadlar salmasın üstünə kölgə. 

Bəlkə Bakılıyam, Təbrizli bəlkə, 

Danış, oralısan, buralı, könlüm,

Söylə haralısan, haralı, könlüm? 

 

Qoy kimsə düşməsin biz düşən oda,

Xalqım baş əyməmiş namərdə, yada, 

Babəkim, Koroğlum qalır dünyada, 

Düşmə öz kökündən aralı, könlüm, 

Söylə haralısan, haralı, könlüm.

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2024)

Azərbaycan Ədəbiyyat Fondunun təşkilati  dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Əbülfəz Məhəmmədzadə şeirləri təqdim ediləcək. 

Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihənin koordinatoru Təbrizdə yaşayıb yaradan şair, yazar və tərcüməçi Əli Çağladır.

 

 

 

GERÇƏK BİZ

 

Nisgil əynində cırıldıq güləyən köynək biz.

Güləyən; gülməyi saxta, hamıdan kövrək biz.

 

Əlimizdə xına parlar tökülən al qanımız,

Oynarıq qan tökənin könlün açan göyçək biz.

 

Öz əli, öz yaxasın boşlamayan kor yazığıq,

“Bizə” ha yalvaraq, indi ha deyək “Əl çək biz”.

 

Bu tikanlıqda haçanmış gül aramış o payız,

Və cadar qarşısına nazla çıxan, gül tək biz.

 

Dünyada çoxlu yalanlar üzünə nur saçırıq,

Hə... Qaranlıqda gəzən od sinəli gerçək biz.

 

Neçə əllə bu səbət içrə müdam po... salınar,

Biz səbət sahibiyik, biz! Hər ələ əlcək biz.

 

Bizi danlar ağılın qan dilinə tük çıxmış,

O tükü pək sevərik, hey dararıq dəllək biz.

 

Hamılıqca bu yola sürgün olan bədbəxtik,

Gedərik və itərik və batarıq tək-tək biz.

 

Nə qədər gülmək olar? Ah... Daha mırt vermə ürək,

Nisgil əynində cırıldıq güləyən köynək biz.

 

 

BU TİKAN ÇİÇƏYİN BİRİ

 

Tənhalıq tikansa mənə,

Bu tikan çiçəyin biri.

Özüm, dur gəl öz qucuma,

Ağlama göyçəyin biri.

 

Nifrət mülkü məndə hamar,

Göz işlədikcə yeri var,

Yeritdiyim sığal, tumar,

Yediyim kötəyin biri.

 

Sadəliyə bax bunda sən!

Əhvalına yanıram mən,

Hərə mindi məqsədəcən,

Ürəyim eşşəyin biri!

 

 

SƏNƏ GÜN ALTINDAN DEYİM ƏFƏNDİM

Şair Əli Cavadpura...

 

Təzə öz ayağım üstə durmuşam,

Kölgəni başımdan çəkən dəliyəm.

Günlərim bir günə çıxsınlar deyə,

Günü, gün altında keçirməliyəm.

 

Sənə gün altından deyim əfəndim,

Burda su axtaran min-min susuz var.

Cəhənnəm şöləsi çəkən adamlar,

Ayağım altını quyu qazırlar.

 

Sənə gün altından deyim əfəndim,

O qədər nur rəngli zəhər içmişəm.

Yollarda tapdanmış kefli yolçuyam,

Özümün üstündən yollar keçmişəm.

 

Sənə gün altından deyim əfəndim,

Gün altı dünyanı bu günə saldı.

Bu gün nifrətlərə zahısa dünya,

Dünən gün altında uşağa qaldı.

 

Məni gün altına atladan körpü,

Təzədən kölgəyə doğru çəkildi.

Qarğışın arxamca gurultu saldı,

Kölgə dərəsinə uçdu, töküldü.

 

Təzə öz ayağım üstə durmuşam,

Kölgəni başımdan çəkən dəliyəm.

Dünyanın ən qalın qaranlığını,

Mən günün altında keçirməliyəm.

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2024)

Təranə Dəmir, “Ədəbiyyat və incəsənət” üçün

 

Bu  günkü  qəhrəmanım xeyli  gəncdi. Amma  çiynində min ilin yükü var-- Söz yükü. Sözündə Vətən boyda, torpaq boydadı. Məsuliyyətli və dəqiqdi. Arxasında durandı  sözünün-  Hər mənada. Yaşına görə çox  bilir. Elə çox da görüb məncə. 

 

Çətinliyin və ağrıların içindən keçib.  Həyatda bişənlərdəndi. Ona görə də özünə  arxayındı. Elə sözünə də. Aramızda bir  fəsillik yol var. O bahardadı, mən payızda.  Hərə öz  pəncərəsindən baxır dünyaya. Əsas odu baxmağı bacarır.  

Hərdən sözü adama payızdan boylansa da   əhvalına bağışlayırsan duyğularını. Hər  məqamda özüdü. Ərklə sözünün qapısını  açdığım gənc dostlardandı.  Elə hər  mənada arxalana biləcəyimiz gəncdi.  Gözəl  vətəndaşdı, gözəl oğuldu, gözəl atadı,  gözəl yoldaşdı, gözəl dostdu. Bu gözəlliyin  içində istedadlıdı həm də.  Ürəklə “şairdi"  deyə bildiklərimdəndi ən əsası:

 

Bu dünyaya mən dan yeri 

söküləndə gəlmişəm.

Tanrının dərgahından 

bu bəxtəvər dünyanın

Qapqara saçlarına 

İşıq rəngli ləl-cəvahir  

Töküləndə gəlmişəm  

--deyir bu günkü qəhrəmanım---Taleh  Mansur.

Mənsə  --nə yaxşı ki, gəlmisən bu ağlı, qaralı dünyaya. Nə yaxşı sözün qulpundan  yapışmısan. Nə yaxşı ki, sözə qahmar   çıxanlardan olmusan  --deyirəm. Qəlbiylə  sözə sarılanlardan pislik gəlməz dünyaya. Safdılar. 

Qələm sözünə baxmayanda da sözə  tutunmağın bir ayrı hikməti var. Hələ sözlə  əl ələ verib bu dünyaya meydan oxumağın  özü bir qəhrəmanlıqdı. Qəhrəman olmağın  özü də bir igidlikdi.

Talehin qələminə Tanrı sığal çəkib. Göy  üzündən gələnlərdəndi. Bu çoxluğun içində  özünü isbat etmək, seçilmək elə də asan  deyil. Hərdən Talehdən daha ağır, daha  dərin söz, fikir gözləyirəm. Sonra dönüb  yaşına baxıram. Yaşına bağışlayıram o vaxt  duyğularından asılan gənci. İçindəki atəşinə,  oduna bağışlayıram. Yaşıdlarından tez  böyüyən adına bağışlayıram . 

Mənə görə şairi sözündən tanıyırsansa , demək şairdi. Öz cığırı, öz yolu varsa , demək, özünə sadiqdi. Talehdə də bir qəribə özünəmənsubluq var. Bu heç də özünü bəyənmə deyil, özünə inamdı, özünə güvəndi. Onun bircə şeiri də boğazdan  yuxarı yazılmayıb. Kökü var. Havadan  asılmayıb. Aydınlığında durulub paklana bilir oxucu. Dağa, daşa salmır adamı, düz yola  çıxarır. Ruhunun yolçusudu Taleh. Sözün  dalınca düşənlərdən deyil. Söz onun yaxasını buraxmır. Yaxşı mənada:

 

Şeir qəlbi şah tutasan, şah qala,

Söz başını düz önündə əyəsən.

Qoşulasan İlahi bir xəyala,

Aradabir gedib ərşə dəyəsən.

 

Sözü İlahiyə ucaltmaq Eşqi duyulur bu misralarda. Bu baxımdan Talehdə özünə  özündən baxmaq fəlsəfəsi güclüdü. Nə  olursa olsun, ən əsası hər məqamda  içindəki sevgini  qoruyub saxlamağın bir  adı  da müdriklikdi. Taleh də gənc müdriklər  siyahısındadı bu sarıdan. Bu da bir  məsuliyyətdi. Hərdən bu yükün ağırlığından doğulan şeirlər gələr dünyaya. Sonra  hamınınkı olar bu dərd. Dərdin böyüklüyünə  sarılarsan. Özününkü edərsən. Deyərsən  bax budu hər şeydən ucada dayanan Söz.

Nə qədər gizlətsə də şairi sözündən  tutarsan. Şair sözüylə ələ verər özünü. Elə Taleh Mansur kimi:

 

Göyün xəyalımdı,

Yerin yuxumdu.

Sən olan yuxular dərin yuxumdu....

...Bir də ki, sən özün yaxşı bilirsən

Sənli yuxuların dayazı olmur,

Yağış, qar töksə də ayazı olmur.

Nə qışı, nə də ki, payızı olmur.

 

Həsrətə bələnmiş sətirlər ruhuna hopur  adamın. Bürünürsən şeirə. Hopur canına  ayrılıq. Unudursan sətirlərin arasında bu günü. Dünənə qayıdırsan. Ordan sabahdakı  özünə  boylanırsan. İtib  batırsan dünəndə. Bu günə dönməyə gücün qalmır. Şeir  də  bu deyilmi?

 

Döndü göz yaşına gülən sevdalar,

Bir də doğularmı ölən sevdalar?

Ay mənim başıma gələn sevdalar

Başımdakı ürək deyil, ağıldı.

 

Bilə -bilə ki, sevdaların hamısı hisslərin  məhsuludu, yenə də ağılla sevməyin tərəfdarıdı bu gənc həmkar. 

 

..Vəcdə gəldim söz əlindən danışdım,

Qəşəngindən,  gözəlindən danışdım,

Mən dünyanın əvvəlindən danışdım,

Sonrasını bilirsən də, nağıldı.

 

Axıcı misralar duyğulara sığal  çəkir.

Fikirləşirsən ki, onsuz da hər  şey  nağıldı. Təki yaşamağı bacarasan.

Taleh həm də sözündə özünü  göstərənlərdəndi. Heç kimin fikirlərinə  söykənmir. Özünə bağlıdı. Eqosu yoxdu. Tanrının çaldığı ilə oynayır. Dayaz şeirlərin  içində boy verir sözüylə. Cılızlıqdan  qaçandı. Qəribə sadiqiyi var arzularına. Ümiddən yapışandı. Bir az da üsyankardı.   Səbrsizliyi başına bəladı. Arxayınlaşmaz  heç nəylə. Heç razılaşmaz da. Sözündən  tanıyıram axı. 

Bir "Ulduz" sevdası da var onun. Ustadı  Qulu Ağsəsin yükünə yoldaş olmaqdan da  usanmaz. Sevə-sevə çəkər yükü. Quludan  dərs alıb axı.

Biz müəlliflərin də yazılarının nazını çəkmək  var öhdəliklərində. Ərkimizin, görkümüzün yiyəsidilər həm də. Sözlərinin də.

Elə Qulu Ağsəs  də mənim kimi  Talehdə  başqalarından fərqli nəsə görüb ki,  bu  yaşda bu boyda məsuliyyəti onun boynuna  yükləyib. Tanrı kömək olsun!

Bizdənsə bu gənc dostumuza bolluca  səbr,  dözüm və uğur arzulamaq qalır. Sözü  və  yolu həmişə açıq olsun!

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2024)

9-10 iyul 2024-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovun başçılıq etdiyi nümayəndə heyəti Özbəkistan Respublikasının Daşkənd və Buxara şəhərlərinə işgüzar səfər edib. Bu barədə “Ədəbiyyat və incəsənət” portallna agentlikdən məlumat verilib. 

 

Məqsəd Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin həmsədrliyi ilə Buxara şəhərində keçirilən Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 13-cü iclasında iştirak, həmçinin Özbəkistanın müvafiq dövlət qurumları ilə işgüzar görüşlərin keçirilməsi olub. Komissiyanın iclası zamanı gündəlikdə olan məsələlər müzakirə edilib.  Sonda Azərbaycan-Özbəkistan Birgə Hökumətlərarası Komissiyanın 13-cü iclasının yekunlarına dair protokol imzalanıb.

 

Səfər çərçivəsində Daşkənd şəhərində Dövlət Agentliyinin sədr müavini ilə Özbəkistan Respublikasının ali təhsil, elm və innovasiyalar nazirinin müavini Maxkamov Otabek Muxtaroviç arasında ikitərəfli görüş keçirilib. Görüşdə qurumlar arasında sosial innovasiyalar, startaplar və digər fəaliyyət sahələri üzrə əməkdaşlığa dair birgə yol xəritəsinin hazırlanması ilə əlaqədar müzakirələr aparılıb. Nazir müavini Dövlət Agentliyi ilə əməkdaşlığından məmnunluğunu və birgə fəaliyyətə hazır olduğunu ifadə edib.

 

Özbəkistan Respublikasının Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “INNO texnopark” və “Yaşnobad” innovasiyalar texnoparklarının rəhbərləri ilə də ikitərəfli görüşlər keçirilib. Dövlət Agentliyinin “İnnovasiyalar Mərkəzi” ilə “Yaşnobad” innovasiyalar texnoparkı arasında 2022-ci il 15 dekabr ayında imzalanmış Anlaşma Memorandumu çərçivəsində əməkdaşlıq faəliyyətinin təşkili, startap və akselerasiya sahələrində qarşılıqlı təcrübə proqramlarının implementasiyası və birgə yol xəritəsinin hazırlanmasına dair geniş müzakirələr aparılıb.

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2024)

Azərbaycan Ordusu tərəfindən həyata keçirilmiş lokal anti-terror əməliyyatları zamanı Şuşa rayonunun  işğaldan azad edilmiş Malıbəyli və Quşçular kəndləri Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq Qanuna əsasən Xocalı rayonunun  inzibati ərazi bölgüsünə daxil edilib.  

 

​Xocalı Rayon İcra Hakimiyyətinin müraciətinə əsasən qeyd olunan kəndlərin sakinlərinin daimi qeydiyyat ünvanının dəyişdirilməsi zərurəti yaranıb.  

 

​Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən xüsusi səyyar qruplar formalaşdırılıb.  

 

​“Ədəbiyyat və incəsənət” portalı “ASAN xidmət” ə istinadən xəbər verir ki, səyyar ASAN xidmət çərçivəsində Sabunçu rayonunun Pirşağı qəsəbəsindəki Gilavar sanatoriyasında və Ramana qəsəbəsindəki Şuşa şəhərciyində yaşayan müvafiq kəndlərin 150-dən çox sakininə xidmətin göstərilməsi nəzərdə tutulur.

 

​Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədi dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmini və vətəndaş məmnunluğuna nail olunmasıdır.

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2024)

Cümə axşamı, 11 İyul 2024 14:44

Günün fotosu: Rüstəm Behrudinin doğum günüdür

Günün fotosu: Rüstəm Behrudinin doğum günüdür

 

Bu gün türk dünyasının böyük şairi Rüstəm Behrudinin doğum günüdür. Şair öz doğum günündə bu bəndini paylaşıb: 

 

Çox yorğunam, ilahi,

Məndən bezib bu can da;

Dadı qaçıb, şirindi,

Çəkdiyim acının da...

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2024)

Cümə axşamı, 11 İyul 2024 17:10

“Sirli güzgü”dən bir parça

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

20.01.2024 - Bu tarixdə yenə dərdlərim qəlbimdə, yaşılı sevən oğlaq öz-özlüyümdə  danışaraq yol gedirdim.

Növbəti doğum günüm idi.

Yenə doğum və ölüm günüm bir gündə olsun düşüncəsində idim.

Bir anlıq sanki onu gördüm, artıq çox vaxt olardı ki, Amiri görmürdüm, amma qəlbimdə Amirdən nə əvvəl, nə də sonra sahiblik edən bir "sakin" olmuşdur. O sirli insan qəlb qapımın açarını, bəlkə də, gözlərimdən oğurlamışdı. Gözlərimə ona görə acıqlı idim, çünki qəlbimə keçməsi üçün gözlərim ona bələdçilik etmişdi. Amma gözlər nə etsin ki!? Axı qəlb öz qapısını öz əlləri ilə açır. Gözlər günahkar deyil, onlar çox simalar görür, qəlbim özü bu simaya vurulmuşdu. 

 

Həmin qara gödəkçə, enli çiyinlər, ağır addımlar, idmansayağı saç düzümü və qürurlu qamət...

Artıq ayaqlarım yerdən üzülmüşdü və yenə var gücümlə ona- " sevgimə layiq deyilsən " demək istəyirdim.

İşıqforu unutmuşdum və ona tez çatmaq istəyirdim.

Deyəsən, sürətlə gələn maşını da görməmişdim.

Sadəcə zərbə hiss etdim və hər yer qaraya boyandı.

 

Ayılanda olmadığım, görmədiyim bir yerdə idim.

Nə baş verirdi, mən harada idim, heç nə anlamırdım.

Rəngli güllər, heç yerdə görmədiyim quşlar, göy qurşağı, yaşıl kəpənəklər və möhtəşəm mənzərə.

Bir anlıq hiss etdim ki, yazdığım hekayələrimdəki obrazam.

Axı hər obrazımı hiss edirdim;  onlara dönüb o qədər ağlayıb, kədərlənib, gülmüşdüm ki.

 

Birdən gözümə böyük bir güzgü sataşdı və uzunluğu 1.80 sm, eni isə əlli santimetr olardı.

Bu güzgü çox maraqlı idi və fırlanırdı.

Özümə baxmağa həvəsləndim və güzgüdə fərqli görünürdüm. Saçım uzunluğu qədər güllərlə bəzənmişdi, donum ağ rəngində tüllərdən  tikilmişdi və ayağımda isə şəffaf və parıldayan bir ayaqqabı vardı.

Bu nədir? 

Yoxsa, maşın məni vurub bu fərqli dünyaya yollamışdır.

Həm də doğulduğum gündə doğum və ölüm günü hədiyyəm idi bu məkan.

İlahi, ölüm günü hədiyyəsi.

Nə maraqlı ifadə idi, ilk dəfə idi  bu ifadəni zəkam işlətdi.

Nə yaxşı, arzum yerinə yetmişdi.

Mənim doğum və ölüm günüm bir günə düşmüşdü.

Sevincimdən yerimdə dövrə vururdum.

Bu an bilmədən güzgüyə toxundum. Və...

Güzgü elastik idi. Əvvəlcə əllərimi güzgüyə toxundurdum.

Əllərim güzgünün o biri tərəfinə keçdi.

İlahi, mən tərəddüd etmədən güzgünün o biri tərəfinə keçdim. Dəfələrlə bu epizodu xəyalımda canlandırmışdım və indi, əlbəttə ki, düşünmədən bunu real yaşayacaqdım.

 

Hər yer dumanlı idi, amma xoş qoxu vardı.

Dumandan heç nə görmürdüm. Birdən tanış sima gördüm. Gözlərim dolmuşdu, amma göz yaşlarım çox fərqli idi. Bu dəfə göz yaşlarım mirvariyə dönürdü, və yoxa çıxırdı. O sima Şəhid, Şair Əsgər- Səbuhinin siması idi.

Çox sevindim. Adını ucadan çəkdim, səslədim onu.

Səbuhi səssizcə gülümsədi və mənə tərəf addımlamağa başladı. Duman çəkilirdi və mən onu aydın görürdüm.

 

Mənə yaxınlaşan kimi: 

" Niyə tələsirdin? Axı yaşıl rəngi sevirdin. İşıqfordakı yaşıl rəngi gözləmək çətin idi?! Niyə bu qədər səbirsizsən? " - söylədi.

 

 Mən bilmirdim nə düşünüm, deyəsən, həqiqətən, ölmüşdüm, belə düşünməyə məcbur idim. Cahan ana ilə Səbuhi haqqında çox danışmışdım və onu görəndə sanki illərdi tanıdığım birini görürmüş kimi hiss etdim.

 

Ruh cismə sığırdımı? İslamşünas dostum söyləmişdi ki, ruh cismə sığmaz və ruh görünməz.

Mən də elə düşünürdüm ki, ruh cismə sığmaz və həmişə bədənlə rabitədə olar.

Bəs mən harada idim?

Özümə söyləyirdim ki, Əbülfəzqızı, yuxuda deyilsən.

Səbuhinin ilk sualı belə oldu:

-Ruhların səsini eşitmisənmi?

-Əlbəttə ki, yox söylədim. Hər halda sağ olduğumu bildirdim.

Şair əsgər elə şəkillərində olduğu kimi gülümsədi.

Dilim susmağa aşiq deyildi, söylədim ki, ruhum cismin yükünü daşıyır, bəzən o yükdən qurtulmağı arzu edirəm.

-Niyə bu qədər bədbinsən -deyə, Səbuhi söylədi.

Söylədim ki, Şair əsgər,  bircə sən mənə- bədbinsən , - söyləməmişdin.

Söylədim ki, ruhu duymaq üçün nə qulağa, nə də dilə ehtiyac var.

Sirlidir, cazibəlidir, vahiməlidir.

Deyim ki,  məncə, ruhlar xəta etməz.. Düzmü söylədim?

Səbuhi yenə gülümsündü, amma susdu.

Bir az gərginləşib, -niyə ancaq mən danışmalıyam- söylədim.

O isə getməlisən -,Əbülfəzqızı, dedi.

Əlbəttə, getmək niyyətim yox idi və- getmirəm-, söylədim.

 

O bir daha- getməlisən- söylədi.

Xahiş etdim ki,  bir sualıma heç olmasa, cavab ver.

Üzümə baxıb bir anlıq susdu, sanki suallarımı əvvəlcədən üzümdən oxumuşdu.

-Vətən üçün bir də Şəhid olardınmı? - söylədim.

O,  yenə gülümsədi: Vətən üçün bir dəfə yox, neçə dəfə həyata gəlsəm, o qədər də Şəhid olmağa hazıram - söylədi 

- Gözlərindən dəyən güllə səni çox ağrıtdımı? -  söylədim.

O isə:  torpağımın yağı tapdağında olmağı daha ağrılı idi - söylədi.

Söylədim ki, qanınız yerdə qalmadı və sizin kimi igid oğullar sayəsində başımız uca, Vətənimiz azaddır.

Səbuhi möhtəşəm gülüşü ilə: bəli, - söylədi və çox qürurlu, sevincli görünürdü.

Sualların bitdisə, get xahiş edirəm- dedi.

Təbii ki, etiraz etdim.

Amma ölüm fikrindən daşın, pay olan hər saniyənə Şükür et söylədi.

Artıq kövrəlirdim, o sanki daxilimi duymuşdu.

Qəlbindəki sevgini incitmə.

Hamının günahları olur, bağışla onu söylədi.

Maraqla soruşdum.

- Mənim daxilimi necə bilirsən?

-Yenə o susdu.

Bir-iki dəqiqə ara verdim, sanki kimsə ağlayırdı.

Anamın səsinə bənzəyirdi, çox həyəcanlandım.

Anamı axtarmaq üçün dəli kimi boylandım.

Səbuhi isə getməlisən- söylədi.

-Get və ona zəng vur, sevdiyini söylə.

O bütün yazılarının müsbət baş obrazı, şeirlərinin ruhu deyilmi?

-İndi Səbuhi ilə yerimizi dəyişmişdik, bu dəfə isə mən  susurdum.

İşıqforu niyə unutdun?-söylədi.

- Ona bənzər birinimi gördün?  Görürsən, onun izinə düşüb bura gəlmisən.

Deməli, sevgin canından dəyərlidir, Əbülfəzqızı.

-Hə, bayaqdan suallarını Bakının tıxacı kimi ard-arda düzmüsən və məndən cavab istəyirsən.

İndi buyur, sən mənim suallarıma cavab ver, onu ölümə dik baxacaq qədər çoxmu sevirsən?

 

Suallara cavab vermək mənə heç bu qədər çətin olmamışdı.

Bir çox imtahanlar vermişdim, amma bu qədər heç bir sualların qarşısında aciz qalmamışdım.

Səbuhi isə xüsusi təbəssümlə cavab gözləyirdi.

-Sanki birdən hər şeyi bilən şagirdtək sinifdəki bir-iki paxıl şagirdin tənəli baxışlarını görən kimi oldum.

Bəli, bəli, onu sevirəm. Səsim əks-səda verdi.

Öz səsimi düz 3 dəfə eşitdim.

Səbuhi isə gülərək: Elə bunu gözləyirdim- söylədi.

Hamımızın səhvi olur, onu bağışla, zamanımız qısadır , - söylədi.

 -Bunu anladığını bilirəm. Yarım qalmış çox hekayələrimiz var.

Atamın mənim otağımda çəkdirdiyi rəsmi xatırla- söylədi.

Bu cümlə məni yaman təsirləndirdi, göz yaşlarım yanaqlarımdan sürətlə tökülüb elə havada mirvariyə dönüb yerə tökülürdü və yenə yoxa çıxırdı.

Reallıq, yuxu, ya təxəyyülüm mənə tələ hazırlamışdı, nə baş verdiyi mənə çatmırdı.

Yaşadığım ağrılı anlar, onu bağışlamağıma imkan vermirdi, amma Səbuhi yaman israrlı idi.

Budur, anamın səsi aydın eşidilirdi, Səbuhi isə həyəcanla tələs-tələs söylədi. Mən isə getmirəm dedim. Səbuhi əsəblə: "mənim anamı sevirsənmi?"- söylədi.

-Əlbəttə, sevirəm söylədim. Daha bir cümlə işlətdi.

-Öz ananı incitmək istəyirsənmi?

-Təbii ki, xeyr- söylədim.

O isə: Bura gəlmə zamanın indi deyil, Əbülfəzqızı- deyib məni fırlanan güzgüyə sarı itələdi.

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.