SÖZ YÜKÜ - Taleh Mansur yaradıcılığı barədə Featured

Təranə Dəmir, “Ədəbiyyat və incəsənət” üçün

 

Bu  günkü  qəhrəmanım xeyli  gəncdi. Amma  çiynində min ilin yükü var-- Söz yükü. Sözündə Vətən boyda, torpaq boydadı. Məsuliyyətli və dəqiqdi. Arxasında durandı  sözünün-  Hər mənada. Yaşına görə çox  bilir. Elə çox da görüb məncə. 

 

Çətinliyin və ağrıların içindən keçib.  Həyatda bişənlərdəndi. Ona görə də özünə  arxayındı. Elə sözünə də. Aramızda bir  fəsillik yol var. O bahardadı, mən payızda.  Hərə öz  pəncərəsindən baxır dünyaya. Əsas odu baxmağı bacarır.  

Hərdən sözü adama payızdan boylansa da   əhvalına bağışlayırsan duyğularını. Hər  məqamda özüdü. Ərklə sözünün qapısını  açdığım gənc dostlardandı.  Elə hər  mənada arxalana biləcəyimiz gəncdi.  Gözəl  vətəndaşdı, gözəl oğuldu, gözəl atadı,  gözəl yoldaşdı, gözəl dostdu. Bu gözəlliyin  içində istedadlıdı həm də.  Ürəklə “şairdi"  deyə bildiklərimdəndi ən əsası:

 

Bu dünyaya mən dan yeri 

söküləndə gəlmişəm.

Tanrının dərgahından 

bu bəxtəvər dünyanın

Qapqara saçlarına 

İşıq rəngli ləl-cəvahir  

Töküləndə gəlmişəm  

--deyir bu günkü qəhrəmanım---Taleh  Mansur.

Mənsə  --nə yaxşı ki, gəlmisən bu ağlı, qaralı dünyaya. Nə yaxşı sözün qulpundan  yapışmısan. Nə yaxşı ki, sözə qahmar   çıxanlardan olmusan  --deyirəm. Qəlbiylə  sözə sarılanlardan pislik gəlməz dünyaya. Safdılar. 

Qələm sözünə baxmayanda da sözə  tutunmağın bir ayrı hikməti var. Hələ sözlə  əl ələ verib bu dünyaya meydan oxumağın  özü bir qəhrəmanlıqdı. Qəhrəman olmağın  özü də bir igidlikdi.

Talehin qələminə Tanrı sığal çəkib. Göy  üzündən gələnlərdəndi. Bu çoxluğun içində  özünü isbat etmək, seçilmək elə də asan  deyil. Hərdən Talehdən daha ağır, daha  dərin söz, fikir gözləyirəm. Sonra dönüb  yaşına baxıram. Yaşına bağışlayıram o vaxt  duyğularından asılan gənci. İçindəki atəşinə,  oduna bağışlayıram. Yaşıdlarından tez  böyüyən adına bağışlayıram . 

Mənə görə şairi sözündən tanıyırsansa , demək şairdi. Öz cığırı, öz yolu varsa , demək, özünə sadiqdi. Talehdə də bir qəribə özünəmənsubluq var. Bu heç də özünü bəyənmə deyil, özünə inamdı, özünə güvəndi. Onun bircə şeiri də boğazdan  yuxarı yazılmayıb. Kökü var. Havadan  asılmayıb. Aydınlığında durulub paklana bilir oxucu. Dağa, daşa salmır adamı, düz yola  çıxarır. Ruhunun yolçusudu Taleh. Sözün  dalınca düşənlərdən deyil. Söz onun yaxasını buraxmır. Yaxşı mənada:

 

Şeir qəlbi şah tutasan, şah qala,

Söz başını düz önündə əyəsən.

Qoşulasan İlahi bir xəyala,

Aradabir gedib ərşə dəyəsən.

 

Sözü İlahiyə ucaltmaq Eşqi duyulur bu misralarda. Bu baxımdan Talehdə özünə  özündən baxmaq fəlsəfəsi güclüdü. Nə  olursa olsun, ən əsası hər məqamda  içindəki sevgini  qoruyub saxlamağın bir  adı  da müdriklikdi. Taleh də gənc müdriklər  siyahısındadı bu sarıdan. Bu da bir  məsuliyyətdi. Hərdən bu yükün ağırlığından doğulan şeirlər gələr dünyaya. Sonra  hamınınkı olar bu dərd. Dərdin böyüklüyünə  sarılarsan. Özününkü edərsən. Deyərsən  bax budu hər şeydən ucada dayanan Söz.

Nə qədər gizlətsə də şairi sözündən  tutarsan. Şair sözüylə ələ verər özünü. Elə Taleh Mansur kimi:

 

Göyün xəyalımdı,

Yerin yuxumdu.

Sən olan yuxular dərin yuxumdu....

...Bir də ki, sən özün yaxşı bilirsən

Sənli yuxuların dayazı olmur,

Yağış, qar töksə də ayazı olmur.

Nə qışı, nə də ki, payızı olmur.

 

Həsrətə bələnmiş sətirlər ruhuna hopur  adamın. Bürünürsən şeirə. Hopur canına  ayrılıq. Unudursan sətirlərin arasında bu günü. Dünənə qayıdırsan. Ordan sabahdakı  özünə  boylanırsan. İtib  batırsan dünəndə. Bu günə dönməyə gücün qalmır. Şeir  də  bu deyilmi?

 

Döndü göz yaşına gülən sevdalar,

Bir də doğularmı ölən sevdalar?

Ay mənim başıma gələn sevdalar

Başımdakı ürək deyil, ağıldı.

 

Bilə -bilə ki, sevdaların hamısı hisslərin  məhsuludu, yenə də ağılla sevməyin tərəfdarıdı bu gənc həmkar. 

 

..Vəcdə gəldim söz əlindən danışdım,

Qəşəngindən,  gözəlindən danışdım,

Mən dünyanın əvvəlindən danışdım,

Sonrasını bilirsən də, nağıldı.

 

Axıcı misralar duyğulara sığal  çəkir.

Fikirləşirsən ki, onsuz da hər  şey  nağıldı. Təki yaşamağı bacarasan.

Taleh həm də sözündə özünü  göstərənlərdəndi. Heç kimin fikirlərinə  söykənmir. Özünə bağlıdı. Eqosu yoxdu. Tanrının çaldığı ilə oynayır. Dayaz şeirlərin  içində boy verir sözüylə. Cılızlıqdan  qaçandı. Qəribə sadiqiyi var arzularına. Ümiddən yapışandı. Bir az da üsyankardı.   Səbrsizliyi başına bəladı. Arxayınlaşmaz  heç nəylə. Heç razılaşmaz da. Sözündən  tanıyıram axı. 

Bir "Ulduz" sevdası da var onun. Ustadı  Qulu Ağsəsin yükünə yoldaş olmaqdan da  usanmaz. Sevə-sevə çəkər yükü. Quludan  dərs alıb axı.

Biz müəlliflərin də yazılarının nazını çəkmək  var öhdəliklərində. Ərkimizin, görkümüzün yiyəsidilər həm də. Sözlərinin də.

Elə Qulu Ağsəs  də mənim kimi  Talehdə  başqalarından fərqli nəsə görüb ki,  bu  yaşda bu boyda məsuliyyəti onun boynuna  yükləyib. Tanrı kömək olsun!

Bizdənsə bu gənc dostumuza bolluca  səbr,  dözüm və uğur arzulamaq qalır. Sözü  və  yolu həmişə açıq olsun!

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.