Azərbaycan Ədəbiyyat Fondunun təşkilati dəstəyi ilə “Ədəbiyyat və incəsənət” portalında həyata keçirilən “Güney Azərbaycan Ədəbiyyatının təbliği” layihəsində bu gün sizlərə Əbülfəz Məhəmmədzadə şeirləri təqdim ediləcək.
Son bir ildə böyük oxucu auditoriyası toplayan və hər iki Azərbaycanda sevilərək izlənən layihənin koordinatoru Təbrizdə yaşayıb yaradan şair, yazar və tərcüməçi Əli Çağladır.
GERÇƏK BİZ
Nisgil əynində cırıldıq güləyən köynək biz.
Güləyən; gülməyi saxta, hamıdan kövrək biz.
Əlimizdə xına parlar tökülən al qanımız,
Oynarıq qan tökənin könlün açan göyçək biz.
Öz əli, öz yaxasın boşlamayan kor yazığıq,
“Bizə” ha yalvaraq, indi ha deyək “Əl çək biz”.
Bu tikanlıqda haçanmış gül aramış o payız,
Və cadar qarşısına nazla çıxan, gül tək biz.
Dünyada çoxlu yalanlar üzünə nur saçırıq,
Hə... Qaranlıqda gəzən od sinəli gerçək biz.
Neçə əllə bu səbət içrə müdam po... salınar,
Biz səbət sahibiyik, biz! Hər ələ əlcək biz.
Bizi danlar ağılın qan dilinə tük çıxmış,
O tükü pək sevərik, hey dararıq dəllək biz.
Hamılıqca bu yola sürgün olan bədbəxtik,
Gedərik və itərik və batarıq tək-tək biz.
Nə qədər gülmək olar? Ah... Daha mırt vermə ürək,
Nisgil əynində cırıldıq güləyən köynək biz.
BU TİKAN ÇİÇƏYİN BİRİ
Tənhalıq tikansa mənə,
Bu tikan çiçəyin biri.
Özüm, dur gəl öz qucuma,
Ağlama göyçəyin biri.
Nifrət mülkü məndə hamar,
Göz işlədikcə yeri var,
Yeritdiyim sığal, tumar,
Yediyim kötəyin biri.
Sadəliyə bax bunda sən!
Əhvalına yanıram mən,
Hərə mindi məqsədəcən,
Ürəyim eşşəyin biri!
SƏNƏ GÜN ALTINDAN DEYİM ƏFƏNDİM
Şair Əli Cavadpura...
Təzə öz ayağım üstə durmuşam,
Kölgəni başımdan çəkən dəliyəm.
Günlərim bir günə çıxsınlar deyə,
Günü, gün altında keçirməliyəm.
Sənə gün altından deyim əfəndim,
Burda su axtaran min-min susuz var.
Cəhənnəm şöləsi çəkən adamlar,
Ayağım altını quyu qazırlar.
Sənə gün altından deyim əfəndim,
O qədər nur rəngli zəhər içmişəm.
Yollarda tapdanmış kefli yolçuyam,
Özümün üstündən yollar keçmişəm.
Sənə gün altından deyim əfəndim,
Gün altı dünyanı bu günə saldı.
Bu gün nifrətlərə zahısa dünya,
Dünən gün altında uşağa qaldı.
Məni gün altına atladan körpü,
Təzədən kölgəyə doğru çəkildi.
Qarğışın arxamca gurultu saldı,
Kölgə dərəsinə uçdu, töküldü.
Təzə öz ayağım üstə durmuşam,
Kölgəni başımdan çəkən dəliyəm.
Dünyanın ən qalın qaranlığını,
Mən günün altında keçirməliyəm.
“Ədəbiyyat və incəsənət”
(12.07.2024)