İntizar ədəbiyyatı - Hökumə Billuri, "Haralısan?" Featured

Təqdim edir: Heyran Zöhrabova, “Ədəbiyyat və incəsənət”

 

Qırx ildir vətəndən aralıyam mən, 

Özüm də bilmirəm haralıyam mən. 

Bir bunu bilirəm yaralıyam mən, 

Yaralı hicrandan, yaralı könlüm, 

Söyio haralısan, haralı, könlüım? 

 

Yadlar soruşmadan ayırmış bizi, 

Ayırmış Bakıdan ana Təbrizi. 

Ayırımış qılıncla, itirmiş izi, 

Düşmüş ocağından aralı könlüm, 

Söylə haralısan, haralı, könlüm? 

 

Sazın nəğməsində dil açır bu dərd, 

Arazın səsində dil açır bu dərd. 

Ana nəfəsində dil açır bu dərd, 

Bu dərddən kül olub, qaralı könlüm,

Söylə haralısan, haralı, könlüm? 

 

Vətəndə vətənə, anaya həsrət, 

Sevənlər sevdiyi sonaya həsrət, 

Düşdü ayaqlara ilkin məhəbbət, 

Xəzan yarpağıtək saralı könlüm, 

Söylə haralısan, haralı, könlüm? 

 

Bəlkə sahibsizmiş bu böyük ölkə,

Qoy yadlar salmasın üstünə kölgə. 

Bəlkə Bakılıyam, Təbrizli bəlkə, 

Danış, oralısan, buralı, könlüm,

Söylə haralısan, haralı, könlüm? 

 

Qoy kimsə düşməsin biz düşən oda,

Xalqım baş əyməmiş namərdə, yada, 

Babəkim, Koroğlum qalır dünyada, 

Düşmə öz kökündən aralı, könlüm, 

Söylə haralısan, haralı, könlüm.

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.