Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Zemfira Məhərrəmlinin “Yadigarımı qoruyun..." - hekayəsini təqdim edirik. 

 

 

"Nə yaxşı ki, kənddən rayon mərkəzinə cəmi iyirmi dəqiqəlik yoldur. Dərmanları alıb tez də geri qayıdaram." Əczaxanaya çatanadək bu fikirləri öz-özünə dönə-dönə pıçıldamışdı. İti sürətlə gəldiyindən qan-tər içindəydi. Anasının xəstəliyi son günlər şiddətlənmişdi. Yazıq arvad ağrı-acıdan büzüşüb balacalaşmış, qaradinməz olmuşdu. Uzun illərdən bəri həm şəkər xəstəliyindən, bir də yüksək qan təzyiqindən əziyyət çəkirdi. İndi də virusa yoluxmuşdu. Yaxın qonşularında da bu virusa yoluxma halı aşkar edilmişdi. Kənd həkimi, necə deyərlər, həyəcan təbili çalmış, xəstə ananın rayondakı yeni klinikaya yerləşdirilməsini istəmişdi. Ana isə "mən xəstəxanaya getmirəm, evdə dava-dərmanla sağalacam" deyib durmuşdu. Oğlu da anasının sözünü tutub, xəstəliyinin əlacını axtarırdı.

 

Yolboyu ailəsi, qoca ata-anası, özündən yaşca böyük olan bacıları barədə düşünürdü. Valideynləri beş qız övladının ardınca bircə oğul arzulamışdı. Yaxşı ki, uzun illərdən sonra Allahın şirin payına - körpə oğlancığaza sahib olmuşdular. O üzdən  qızlar bir yanaydı, dua-sana ilə, özü də gec tapılan oğul bir yana. Bütün ümidlərini bu oğula bağlamışdılar. Allah ürəklərinin arzusunu vermişdi. "Yaxşı ki, oğul payı, gec də olsa, qismətimizdə varmış", - deyə uca Yaradana daim şükranlarını yetirirdilər.

 

Nə yaxşı ki, xeyli gec tapdıqları, aman-zaman oğul ağıllıydı, ata-ana qədri bilən idi, soy-kökünə ehtiramı varıydı. Ahıllıq çağlarını yaşayan ata-anasına qırılmaz tellərlə bağlıydı.  Atasının bircə oğlunun toy məclisində həyəcanını, anasının sevincdən yaşarmış gözlərini heç vaxt unutmurdu. "Onlar mənlə nəfəs alırlar, ömrümün sonunadək ata-anamın nazını çəkməliyəm. Gəlinlərini də məndən az istəmirlər. Sevgimizə hörmətlə yanaşıb izdivacımıza razı oldular. İndi isə bir neçə aydan sonra doğulacaq nəvələrinin yolunu intizarla gözləyirlər. İnşallah, bu körpə nəslimizin daha bir davamçısı olacaq, ömrümüzə ömür qatacaq".

 

Bu düşüncələrin təsiri ilə köksü qabarır, içini xoş duyğular bürüyürdü. Rayon mərkəzindəki yeni əczaxanaya getmək üçün dairəvi yola keçməliydi. İş saatı yenicə bitdiyindən bu yolda sıxlıq yaranmışdı. 

 

Minik maşınları ara vermədən şütüyürdü. İşıqforun bu arada sıradan çıxması vəziyyəti çətinləşdirmiş, sürücüləri də, piyadaları da çaşbaş salmışdı. "Axı niyə məhz bu yolda belə xoşagəlməz vəziyyət yaranır?! Hər şey vaxta bağlıdır," - deyə düşünürdü. Artıq səbri çatmayıb səkidən şose yoluna çıxdı və qarşı tərəfə adlayanda, sanki güclü bir dalğa onu göyə qaldırıb, yerə çırpdı. Başına dəyən ağır zərbədən gözləri qaraldı. Bir neçə dəqiqədən sonra qəza baş verən asfalt yolda qan gölməçəsi yaranmışdı...

 

Ağır avtomobil qəzasında həlak olan gəncin faciəsi ildırım sürətiylə yayılmış, kənddə hamını ayağa qaldırmışdı. Yas yerinə qonşu kəndlərin camaatı da axışmışdı. Xəstəliyinə əlac istəyən ananın dərdinə dərd calanmışdı. Uzun illərdən sonra tapdığı əziz-xələf oğlunun qəfil ölümünə dözməyən ananın qəddi bükülmüş, ağlamaqdan az qala kor olmuşdu. Yeganə təsəllisi vardı: həyatdan nakam getmiş oğlunun yadigarının doğulacağı günü intizarla gözləyirdi. Biçarə qadın oğlunun tez-tez yuxularına gəldiyini, "yadigarımı qoruyun, ana" kəlmələriylə qeyb olduğunu söyləyirdi.

 

Gəlinin valideynləri isə qızlarını dilə tutub, ana bətnindəki dölün tələf edilməsini istəyirdilər. "Atasız körpəni necə böyüdəcəksən, qızım, ayağına buxov bağlama. Sənə təkbaşına çox çətin olacaq. Ən yaxşısı, bu hamiləlikdən qurtulmaqdır. Belə olsa, yenidən ailə qurarsan", - deyirdi anası. Doğulacaq körpənin, uzun çək-çevirdən sonra, necə deyərlər, qətlinə fərman verilmişdi. Təhlükəli risklər nəzərə alınmadan, xeyli böyük olsa belə, döl ana bətnində tələf edilmişdi.

 

Gəlin bunu gizli saxlasa da, bir gün həqiqət üzə çıxmış, nakam gəncin taleyinə yanan ananın ahu-zarı ürəkləri titrətmişdi. Amma çox gec idi. Acı etiraf, təəssüf hissi, umu-küsü, peşmançılıq indi heçə bərabərdi və "arxadan atılan daş topuğa dəyər" misalındaydı. Vaxtilə "can" deyib,  "can" eşidən iki ailə arasında dərin ixtilaf yaranmışdı.

 

Bir gün qəbiristana gəlib gəncin məzarını  ziyarət edən yaxınları, dostları gördükləri mənzərədən donub qalmış, sarsılmışdı. Ata olmaq arzusuna yetməyən nakam cavanın qəbrinə kiçik bir məzar sığınmışdı. Bu, dünyaya gəlməkdən, yaşamaq haqqından  məhrum edilmiş, ana bətnindəcə məhv olmuş çağanın bapbalaca, rəmzi məzarıydı. Baş verənləri eşidənlər, təfərrüatı ilə bilənlər daha çox təsirlənmişdi. Sonrakı çətinlikləri göz altına alan, ana olmağı özünə rəva dolanıb acı göz yaşları axıdır, bətnindəki  kiçicik məxluq doğum evində tələf edilən gün eşitdiyi  fikirləri yaddaşında dönə-dönə çözələyirdi. Palatada gördüyü bir hamilə gəlinin - Vətən savaşında  canından keçən şəhidin dul qadınının əlini ürəyinin üstünə qoyaraq "ömür-gün dostumun yadigarını, tezliklə doğulacaq əkiz oğul payımızı göz bəbəyim kimi qoruyuram" deməsini unuda bilmirdi...

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2024)

Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”

 

Poetik Qiraətdə bu gün yenə də Əlizadə Nuridir, bu dəfə “Günəşi vurdular səba yerindən...” şeiri ilə. 

Yenə də təəccübləndirir, heyrətləndirir şair. 

“Sevgisi azalıb bu adamların-

Bu dünya üşüyür soba yerindən...”

Gözəl poetik bənzətmədir, deyilmi? 

Xoş mütaliələr!

 

Günəşi vurdular səba yerindən...

 

Neynəsin bu quzu anası ölmüş,

Necə oynamasın oba yerindən?

Sevgisi azalıb bu adamların-

Bu dünya üşüyür soba yerindən...

 

Bu yay nə tez öldü- yayı vurdular?

Say saya gəlmədi, sayı vurdular...

Axşam qaranlıqda ayı vurdular

Günəşi vurdular səba yerindən.

 

Bir şam işığında əriyər yuxum...

Sancılar varağa bu qələm- oxum.

Dünya başdan- başa qəmə yoluxub-

İndicə gəlirəm " vəba" yerindən.

 

O yağış sevinir- telinə dəydi...

Adım bəxtəvərdi- dilinə dəydi.

Əlinin istisi əlimə dəydi-

Az qaldı bu əlim qopa yerindən.

 

Yaşamaq  nədir ki?- köhnə həvəsdi,

Ömür yaş bəbəkdi, quru nəfəsdi.

Bir qəm ürəyimə bəs eləməzdi

Aldım bu qəmləri topa yerindən...

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2024)

Cümə, 12 İyul 2024 15:02

GÜLÜŞ KLUBUnda qarğalar

Sərtyel, “Ədəbiyyat və incəsənət”

 

1.

Biz bigünümüzlə dünənimiz arasında dava salmaqla sabahımızı itiririk.

 

2.

Qarğalar aşağıdan uçurlar. Demək, benzin yenə bahalaşacaq.

 

3.

Reklam:

ƏLƏMDAR tibb mərkəzi ölkədə nömrə birdir. Bütün pasientlər ordan gedəndən sonra yenə, yenə qayıdırlar.

 

4.

-Nəynən yatırsan? 

-Mən dendroloji parkda çəyirtkə öldürmüşəm, onçun tutdular. 

-Vay-vay. Sənin srokun ağırdır ki. Mən heç zad, büdcədən 4 milyon oğurlamışam, məndə yüngüldür.

 

5.

Skaypı yəhudilər kəşf ediblər. Evinə qonaq gətirirsən, amma yemək-içmək verməyə ehtiyac yoxdur.

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Unudulan şairlərdəndir Adil Mirseyid. Halbuki, impressionist poeziyamızın ən gözəl nümunələrini məhz o yaradıb. 

 

Bir dəli şeytan deyir

Sən də at şeirin daşını

Çıx get qara Afrikaya

Rembo kimi qat başını.

 

Öpülməmiş bir qız tap

Bir də köndələn daxma

Heç kimə məktub yazma

Güzgülərə də baxma.

 

Nə din, nə dil, nə də Vətən

Hamısı çıxsın yadından

Amma bir gün uçan yerdə

Vursunlar qanadından.

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2024

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

İndi kim özünü ağıllı göstərmək istəyirsə kreativ, nonsens, subyektiv, konseptual qəlibli sözləri yanaşı düzür. Eynən bu sayaq sözlərdən biri də praqmatizmdir. 

Bu gündən DƏRSLƏR rubrikasında praqmatizm barədə danışacağıq. 

 

Praqmatizm XIX əsrin 70-ci illərində ABŞ-da, Kembricdə toplaşan və Pirs tərəfindən "Metafizik klub" adlandırılan kiçik bir elmi işçilər qrupunun fəaliyyəti nəticəsində meydana gəlmişdir. Daha dəqiq desək,

Praqmatizm təliminin əsasları ABŞ filosofu Çarlz Pirs (1839-1914) tərəfindən qoyulmuşdur. 

 

Ceymsin praqmatizmi

 

Ceyms tərəfindən Pirsin başlıca ideyaları təkmilləşdirilmişdir. O, bu ideyaları daha səlis təlim şəklinə gətirib onları sadə formada izah etmişdi. Bu, hərdən onun baxışlarının sadələşdirilmiş şərhinə səbəb olurdu. Ceyms praqmatizmi müəyyən bir metod və xüsusi həqiqət nəzəriyyəsi kimi nəzərdən keçirirdi. Metod kimi praqmatizmin təyini hər bir təlimin praktiki nəticələrini aşkarlanmaqla, onları müqayisə edib qiymətləndirməklə fəlsəfi və digər mübahisələri yoluna qoymaq idi. Bu metodu istifadə edən Ceyms, məsələn, materializmlə idealizm arasındakı çoxdankı mübahisəni teizmlə eyniləşdirdiyi idealizmin xeyrinə həll etmişdi. Ceymsə görə, gələcəkdə materializm hər şeyin iflasa uğraması, Yer üzünün və bəşər ruhunun yaratdığı hər şeylə birgə onun məhv olması deməkdir. Ceyms hesab edir ki, bu perspektivlə düşünən heç bir kəs razılaşa bilməz. Əksinə, insana, daha doğrusu, onun ruhuna yaxın əbədi ruhi başlanğıcın olmasını qəbul edən idealizm xilas olacağımıza, insana çox əziz olan ideal və mənəvi dəyərlərin zəfər çalacağına ümid açır. Ceymsə görə, bu iki konsepsiya arasında seçim onun qəbul etdiyi "inama iradə" prinsipi əsasında həyata keçirilməlidir. Bu prinsipə görə, iki alternativ qərar arasında həyat əhəmiyyətli seçimi sırf rasional əsaslarla etmək mümkün olmadıqda (Ceymsə görə, nəzərdən keçirilən məsələdə vəziyyət elə məhz bu cürdür) seçimi qeyri-rasional, emosional əsaslarla etmək insanın mənəvi hüququdur. Həqiqət probleminin şərhinə gəlincə, qeyd etmək lazımdır ki, Ceyms həqiqəti fikrin və ya nəzəriyyənin aləmdəki obyektiv vəziyyətə uyğunluğu kimi şərh etmir. O, həqiqəti ideyanın uğurluluğu və ya işqabiliyyətliliyi, insanın öz qarşısında qoyduğu və can atdığı bu və ya digər məqsədə çatmaqda faydalılığı kimi izah edir. Həqiqət və ya ideyanın uğurla işləməsi üçün onu yoxlamaq lazım oduğundan, yoxlana bilmə də həqiqətin tərifinə daxildir. Ceymsin praqmatizmi daha geniş mənada onun metod və həqiqət nəzəriyyəsinin dünyagörüşü əsasları mənasını verir. Bu əsaslara həmçinin onun "radikal empirizm" adlandırdığı təlimi, yəni bəzən "şüur axını", bəzən də "plüralist kainat" kimi aşılanan universal təcrübə haqqında təlimi daxildir. Kainat Ceyms tərəfindən heç bir qanuna tabe olmayan, təsadüflər itaətində olan, bitməmiş, yeniliklərə açıq olan plastik hadisə kimi şərh olunur. Burada insana öz azadlığını, yenilik eşqini, qeyri-məhdud yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmək imkanı verilir. Radikal empirizm həmçinin istənilən din təcrübəsinin də düzgün olduğunu bəyan edir. Həqiqətin praqmatik nəzəriyyəsi bu cür təcrübəni doğru hesab edir, çünki o, insana böyük pozitiv təsir göstərmək imkanına malikdir. Təcrübənin ayrı-ayrı elementlərdən, qavrayışlardan təşkil olunduğunu bildirən empirik filosoflardan (məsələn, Max) fərqli olaraq Ceyms təcrübəni fasiləsiz şüur axını kimi şərh edir. Bu şüur axınından insan iradi səylər göstərməklə bizim üçün adlarına görə şeylər statusu alan ayrı-ayrı parçaları və ya hissələri qeydə alır. Ceymsin fikirlərinə görə, bizi özü ilə hesablaşmağa məcbur edən reallıq duyğulardan (mənşəyi naməlum olan duyğulardan), təcrübədə aşkar olunan duyğularla bu hamılıqla təsdiq olunmuş köhnə həqiqətlər arasındakı münasibətlərdən təşkil olunur. Özündə sosial təcrübə aləmini də birləşdirən kainatın natamam olması bu aləmi sonsuz qədər yaxşılaşdırmaq imkanlarını açır. İndi o, hələ kamil olmasa da, Ceymsin fikirlərinə görə, insanlar buna qadir olduqlarına inanıb öz səylərini birləşdirsələr bu mümkütn olacaqdır. Ceyms sosial-siyasi baxışlarında liberal ideyaların müdafiə edir, qəti şəkildə müharibələrə qarşı çıxır.

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2024)

 “Ədəbiyyat və incəsənət” portalı gənc yazar Elşad Baratın şəhidlər barədə silsilə şeirlərinin təqdimini davam etdirir. 

 

Şəhid Tərlan Quliyev

 

Quliyev Tərlan Mehman oğlu 2000-ci il yanvarın 26-da Astara rayonunun Ərçivan qəsəbəsində anadan olub. Subay idi.

Azərbaycan Ordusunun əsgəri olan Tərlan Quliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Tərlan Quliyev oktyabrın 14-də Füzuli döyüşləri zamanı şəhid olub. Astara rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Quliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. 

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Tərlan Quliyev ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.

 

 

 

Bu gecə bir şəhid yuxuma gəldi,

Qəzəblə, nifrətlə üzümə baxdı.

Bu gecə bir şəhid yuxuma gəldi,

Əlinin qanını sinəmə yaxdı.

 

Bu gecə bir şəhid yuxuma gəldi,

“Ata olacaqdım”, - dedi –“a zalım,

Mən də sənin kimi körpə balamı

İstərdim qollarım üstünə alım”.

 

Bu gecə bir şəhid yuxuma gəldi,

"Hardasan?" - üstüməçığırdı bir az.

Sonra sakitləşib "ay ana" dedi,

Ağladı, anasın çağırdı bir az.

 

Bu gecə bir şəhid yuxuma gəldi,

Bir məktub uzatdı və uca tonla,

"Bunu sevgilimə verərsən" - dedi.

"Əlvida" yazmışdı kağıza qanla.

 

Bu gecə bir şəhid yuxuma gəldi,

Bildim ki, bu mənim xəcalətimdir

Görüşdük, danışdıq, gedəndə dedi:

"Vətənim sizlərə əmanətimdir".

 

 “Ədəbiyyat və incəsənət”

(12.07.2024)

 

“Ədəbiyyat və incəsənət” portalı “Ulduz” jurnalı ilə birgə QƏRBİ AZƏRBAYCANA QAYIDIŞA TÖHFƏ layihəsini təqdim edir. 

 

 

NƏBİ Ramazanlı

 

LORU-PƏMBƏK MAHALI

 

Azərbaycanlıların Ermənistandan (Qərbi Azərbaycandan) deportasiyası və köçürül-məsi hələ XVIII əsrdən başlanıb. Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası üç mərhələdə aparılıb:

Birinci mərhələ: 1905–1920-ci illər

İkinci mərhələ: 1948–1953-cü illər

Üçüncü mərhələ: 1988–1992-ci illər.

Bu proseslər zamanı ermənilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaxın evi dağıdıb və yandırıb, qoca, uşaq və qadınların da daxil olduğu 140 min insanı vəhşicəsinə qətlə yetirib, 750 mindən artıq azərbaycanlı Zəngəzurda Qərbi Azərbaycandan didərgin salınıb. Sonuncu deportasiyada – 1988-ci ildə isə 220 mindən artıq azərbaycanlı erməni vəhşiliyinə tab gətirə bilmədiyindən doğma yurd-yuvalarını tərk edib. Bundan sonra ermənilər Qərbi Azərbaycandan azərbaycanlıların izini itirmək məqsədilə buradakı qəbiristanları, tarixi-mədəni abidələri, dini müəssisələri, məktəb, xəstəxana və digər binaları darmadağın edib. Təkcə 1988-ci ildən sonra Qərbi Azərbaycanda ermənilər azərbaycanlılara məxsus 2000-dən artıq qəbiristanı dağıdıb. Ermənilər tarixən azərbaycanlılara, türklərə qənim kəsildikləri halda, bu faktlar gizlədilib, dünya ictimaiyyəti isə bu məsələlərə diqqətsizlik göstərib.

Azərbaycanlıların Ermənistandan kütləvi deportasiyası əsasən 1948–1953-cü illərdə Stalinin göstərişi ilə həyata keçirilmişdir. Əgər krım tatarlarını, çeçenləri və digər xalqları almanlarla əməkdaşlığa görə cəzalandırıb köçürmüşdülərsə, azərbaycanlıların köçürülməsinə yeganə səbəb onların azərbaycanlı olması idi.

Əgər digər repressiyaya məruz qalan xalqlar yaşadıqları bütün torpaqlardan deportasiya olunmuşdularsa, azərbaycanlılar yalnızca sonradan Ermənistan adlandırılan qədim türk torpaqlarından köçürüldülər ki, məqsəd Ermənistanın "təmizlənməsi" idi. Ermənistanın bütün toponimikasının da təmizlənməsi qərara alınmışdı. SSRİ Nazirlər Kabinetinin çoxlu sayda sərəncamları ilə 2 mindən çox yer adı dəyişdirildi. Lakin Ermənistanın tam təmizlənməsinə sovet dövrü bəs etmədi və ölkədəki bütün türk mənşəli sözlərin dəyişdirilməsi SSRİ dağıldıqdan sonra da davam etdirilərək 2007-ci ildə sona çatdırıldı. 

Ermənilər deportasiya planını həyata keçirməzdən əvvəl bunun üçün xüsusi siyasət yürüdüb. Azərbaycanlılar isə həmin vaxtlarda ermənilərin bu iyrənc siyasətinin arxasında duran məqsədləri dərk etməyib və yaxud bunları dərk edən rəhbər kadrlar isə zamanında zərərsizləşdirilərək aradan götürülmüşdür. Çar Rusiyası tərəfindən İrəvana  köçürülən ermənilər əvvəlcə məskunlaşdıqları kənd, rayon, qəsəbə, dağ-dərə, mahal və digər yerlərin adlarını dəyişərək erməniləşdiriblər. Bu ərazidə olan azərbaycanlı adlarını öz adları ilə əvəzləyiblər. O vaxt Qərbi Azərbaycanın-indiki  Ermənistanın  34 rayonunun adı dəyişdirilib. Loru mahalı – Azərbaycanın  tarixi mahallarından biri kimi  Səfəvilər  dövləti o zamandan etibarən qədim oğuz türklərinin yaşayış məskəni olaraq mövcuddur. Borçalı Rusiya  tərəfindən işğal edildikdən sonra, 12 sentyabr 1801-ci ildə  Gürcüstan quberniyası  daxilində  Borçalı  yaradılır. 1880-ci ildə  Tiflis quberniyası  da-xilində  Borçalı qəzası  təşkil edilir və onun ən böyük nahiyəsi də Loru olur. Loru  Borçalının  dağlıq hissəsini təşkil etdiyindən ona Dağ Borçalısı da deyirlər. Bu ərazidə bir vaxtlar Loru şəhərinin mövcudluğu və həmin şəhərin  1236-cı ildə  monqollar  tərəfindən dağıdıldığı, XIV-XV əsrlərdə yenidən bərpa olunduğu, XV-XVIII əsrlərdə  Osmanlı-İran  hücumlarına məruz qaldığı haqda da tarixi faktlar vardır.

1918-ci ildə erməni-daşnak hökumətinin silahlı qüvvələri qəflətən hücum edərək Loru və Pənbək mahalı ərazilərini işğal edir. 1919-cu ilin yanvarında Tiflisdə keçirilən Ermənistan-Gürcüstan konfransında Borçalı (əslində, Loru zonası) neytral zona elan edilir. 1920-ci ilin sentyabrında türk qoşunlarının Gümrünü tutmasından narahat olan Gürcüstan hökuməti Loru neytral zonasına nəzarəti öz üzərinə götürür.

1921-ci ildə isə  Gürcüs-tan  və  Ermənistan  bolşevik hökumətləri arasında Lorunun Ermənistana verilməsi haqqında razılıq əldə edilir. 

 Beləliklə, Ermənistanın inzibati bölgüsündə Loru mahalı 4 rayon – Barana, Allahverdi, Cəlaloğlu və Vorontsovka  rayonları şəklində formalaşmağa məcbur qalır.

Loru mahalının tarixi ilə bağlı ən maraqlı faktlardan biri də burada qədim Loru türk qalasının mövcud olması idi. Lakin bu qala 1236-cı ildə monqollar tərəfindən dağıdılmış, XIV-XV yüzillərdə təzədən bərpa olunmuş, XV-XVIII yüzillərdə İran və Osmanlı qoşunlarının dağıdıcı hücumlarına məruz qalmışdır. Loru mahalı ilə birlikdə bütün Borçalı eli XVIII yüzilin əvvəllərində Gəncə bəylərbəyliyinin tərkibində olmuş, lakin bəylərbəyi Ziyadoğlu 1736-cı ildə Muğanda Nadirin şah elan olunması əleyhinə çıxdığı üçün Nadir şah da şah seçiləndən sonra Borçalı və Qazax mahallarını Gəncə bəylərbəyliyindən alıb Kartli-Kaxeti çarlığının tabeliyinə vermişdir.

İndiki Ermənistan ərazisindən Azərbaycan türklərinin ilkin qaçqınlıq dövrü də məhz bu ərazi ilə bağlıdır. Belə ki, bu tarix 1801-ci ildə Rusiyanın Şərqi Gürcüstanı işğal etməsi və bunun nəticəsində Şəmşəddil və Loru-Pəmbək bölgələrinin rusların əlinə keçməsi anından başlanır. 1801-ci il iyulun 13-də general-mayor Lazerev Qafqaz qoşunlarının komandanı Knorrinqə göndərdiyi raportunda göstərirdi ki, Pəmbək əyalətinin 14 kəndindən təxminən 5-6 min nəfər türk əhalisi bölgəni tərk edərək İrəvan xanlığı ərazisinə sığınmışdır. Sonralar Pəmbək əyaləti türklərinin bir hissəsi Rusiyanın itaətinə girmək istəmədikləri üçün üsyan etmiş, 1804-cü ilin iyulunda Pəmbək bəyləri Rəhim bəy və Səid bəyin himayəsi altında bölgədən qaçaraq Qars paşalığına sığınmışlar. Onların geri qaytarılması üçün knyaz Sisyanov dəfələrlə Qars paşası Məmməd paşaya müraciət etmişdir. Bölgəyə ermənilərin köçürülməsi də, təəssüf ki, həmin illərə təsadüf edir.

Pənbək mahalının Hamamlı (sonralar Spitak), Allahverdi (sonralar Tumanyan), Calaloğlu (sonralar Stepanavan), Barana (sonralar Noyemberyan) və Vorontsovka (sonralar Kalinino və ən sonda Taşir) əraziləri son 200 illik tarix boyu erməni-rus birləşik şovinizminin çoxsaylı məkr dolu siyasətinin qurbanına çevrilmişdir.

Qazaxdan Böyük Qarakilsəyə, Gümrüyə gedən yol Dilican dərəsi ilə qalxaraq Ağstafa çayının sahili boyunca uzanır, Dilican şəhərindən ayrılaraq dərə boyu burulur. Bu dərə Pəmbək dərəsi adlanır. Pəmbək dərəsi boyunca yerləşən ərazilər Pəmbək mahalı adlanır. Bu mahal sovet dövründə də deformasiya olunaraq iki rayon arasında bölüşdürülmüşdür: Böyük Qarakilsə (sonralar Kirovakan və Quqark) və Hamamlı (sonralar Spitak) rayonları.

Belə ki, vaxtilə erməni astronomu, qatı daşnak, akademik Viktor Hambarsumyan Ləmbəlinin üstündəki Heyvalı aşırımında dayanaraq heyrətlə bu yerləri seyr etmiş, buranı Ermənistanın Kaliforniyası adlandırmış və dərindən köks ötürərək "ancaq heyif ki, bu torpaqlarda türklər yaşayırlar " demişdi.

Təəssüf ki, "insanlığın düşməni" olan erməni haylar öz murdar istəklərinə, axır ki, nail oldular və 1988-ci ildə xarici havadarlarının köməyi ilə bu tarixi türk torpaqlarından soydaşlarımızı görünməmiş vəhşiliklə qovub çıxardılar və həmin yerlərə vaxtilə xarici ölkələrdən köçürülüb gətirilmiş erməniləri yerləşdirdilər. Loru-Pəmbək mahallarının ərazisi tarixi Azərbaycan-türk torpaqları olduğu kimi, ən qədim zamanlardan üzü bəri bu yerlərdə Azərbaycan türklərinin etnogenezində iştirak edən müxtəlif azər-türk boyları yaşamış, burada özlərinin mədəniyyətini, ədəbiyyatını, incəsənətini, folklorunu formalaşdırmış, yaşadaraq nəsillərdən-nəsillərə ötürmüşlər.

Bu mahalların sakinləri olan hər bir ağsaqqalın, ağbirçəyin sinəsində neçə-neçə nağıl, əfsanə, dastan, nəğmə, bayatı, atalar sözü və məsəl, tapmaca və lətifə yurd salıb. Bunu bölgədəki hər bir kəndin timsalında görmək mümkündür. Loru-Pəmbək mahallarının adamları, Qərbi Azərbaycanın başqa bölgələri kimi, söz qədri bilən, sözü yerində deyən, sözdən söz çıxaran, sözlə insanı ayıldan, tərbiyə etməyi bacaran insanlar olublar. Bəzən isə onlar həm sözdən qorxublar, həm də sözlə qorxudublar, hərdən sözə sığınıblar, sözə tapınıblar, sözə inanıblar, "Sözümün qavağınnan söz demə", "Sözü cılızdaşdırma", "Sözü çeynəmə", "Sözüm sözdü", "Ağzınnan xeyirri söz çıxsın", "Nə qədər ki söz mənim içimdədi, mən onun ağasıyam. Ağzımdan çıxdı, oldum onun qulu", "Sözümün yiyəsiyəm"- deyə sözə də canlı varlıq, Tanrı qisməti, ilahi bir pay kimi baxıblar. Öz deyimləri ilə, sözün əsl mənasında, sözdən qala qurublar. Elə ona görə də sözü dədə-baba əmanəti – torpaq kimi, övlad kimi, ana, bala kimi sevə-sevə qoruyublar. Çox vaxt öz ləhcəsində danışmayan adamı lağa qoyublar, ona "lateri" deyiblər: "Bağa çanağınnan çıxıf, çanağını bəyənmer", "Kənddən çıxannan tatdaşıf", "Filankəs dilini dəyişif".

Hər bölgənin folkloru kimi, bu bölgənin də folkloru orada yaşayan insanların etnik özünəməxsusluğunun, həyat və məişət tərzinin göstəricisi kimi meydana çıxıb. Qərbi Azərbaycanın başqa bölgələri kimi, Loru-Pəmbək mahalı da son iki yüz ildə Rusiyanın Qafqazı işğal siyasəti ilə bağlı erməni-hay kimi yaramaz bir etnik toplumun xalqımıza qarşı düşmənçilik hərəkətlərinin hədəfinə çevrilmiş, özünün mövcudluğu, dədə-baba torpaqlarının düşməndən qorunması uğrunda qanlı savaşlar aparmaq məcburiyyətində qalmışdır.

Xatirimdədir, 1979-cu ildə erməni quldur dəstələri Məmmədov Novruzun ailəsinə silahlı basqın edərək onun 24 yaşında olan gənc oğlu Aydını və həyat yoldaşı Ağabacını qətlə yetirdilər, özünü isə ağır yaralayaraq ömürlük əlil etdilər. 

Lakin bütün bu kimi hallar bu mahalda yaşayan insanların tam olaraq milli mədəni irsini, mədəniyyətini qorumaqla yaşamağa davam etməsinə mane ola bilmədi. Lakin təəssüf ki, ötən əsrin 80-ci illərinin sonunda Sovet imperiyası rəhbərliyinə gətirilən M.S.Qorbaçov kimi ermənipərəst və yarıtmaz rəhbərin himayəsi ilə nəinki Loru Pəmbəkdə yaşayan azərbaycanlılar, bütövlükdə Qərbi Azərbaycanda yaşayan azərbaycanlı soydaşlarımız öz ata-baba yurdlarını tərk etməyə məcbur qaldılar və ermənilər son 3 əsrlik tarix boyu düşüncələrində daşıdıqları azərbaycanlılarsız Ermənistan ərazisinə sahib çıxdılar. Lakin bütün bunların müvəqqəti olduğuna inanır və tarixin uyğun zamanında bu torpaqların qaytarılmasına şübhə etmirik.

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2024)

 

Əlibala Məhərrəmzadə, “Ədəbiyyat və incəsənət”

 

Bu gün ənənəvi liderlik konsepsiyalarına toxunmaq istəyirəm. Bu cür konsepsiyaları bir çox alimlər işləyib hazırlamışlar, biz ən çox istinad olunanlarına nəzər yetirək.

Beləliklə, ənənəvi liderlik konsepsiyasının liderlik keyfiyyətləri təlimi (a), habelə liderlik davranışı təlimindən (b) ibarət iki tərkib hissəsi fərqləndirilir.

a) Mövzunun tanınmış mütəxəssisi – amerikalı psixoloq Ralf Stoqdillin qənaətinə görə, lideri xarakterizə edən 5 əsas keyfiyyət var: ağıl və intellektual xüsusiyyətlər, başqalarına nüfuz edəbilmə və hökmranlıq edəbilmə qabiliyyəti, özünəinam, aktivlik və fəalliq, habelə işi bilmək, mənimsəmək.

Mövzunun başqa bir mütəxəssisi – yenə də Amerika psixoloqu, ABŞ prezidentlərinin daim müşaviri olmuş Uorren Bennis isə 4 qrup liderlik keyfiyyətləri müəyyənləşdirilib:

 - diqqətləri idarə etmək; bu və ya digər məsələnin həllini, məqsədə gedən yolu ətrafdakılara cəlbedici və maraqlı olacaq qədər izah etmək;

 - mənanı idarə etmək; bəhs olunan mövzunun, yaradılan obrazın mənasını ətrafdakılara aydın olacaq qədər izah etmək;

 - etimadı idarə etmək; öz fəaliyyətini ardıcıllıqla, daimi qurmaqla ətrafdakıların etimadını qazana bilmək.

 - özünü idarə etmək; öz güclü və zəif tərəflərini o dərəcədə bilmək ki, zəifliklərini aradan götürmək üçün kənar resurslardan, nümunə sayıla biləcək başqalarının resurslarından istifadə edə bilmək.

b) Liderlik davranışı təlimləri konsepsiyalarına isə aşağıdakılar aid edilir:

 - avtoritar, demokratik və passiv liderlikdən ibarət üç liderlik stili;

 - Ohayo ştatı Universitetinin təhqiqatları nəticələri: onların məqsədi idarəçiliyin ikifaktorlu təliminin hazırlanması olub ki, bura da münasibətlər strukturu (lider qrupda münasibətlər strukturunu formalaşdırır) və bu strukturlarda münasibətlərin keyfiyyəti (liderlə onun ardıcıllarının münasibətinin xarakteri) daxildir.

 - Miçiqan Universitetinin təhqiqatlarının nəticələri: onların məqsədi effektiv və qeyrieffektiv liderlərin arasındakı fərqləri müəyyənləşdirmək olub.

 - Amerikanın sosial psixoloqu Rensis Laykertin idarəçilik sistemi: effektiv liderlər əsas diqqəti insan faktoruna yönəldirlər və qoyulan məqsədə çatmaq üçün qrup halında yanaşmanı inkişaf etdirirlər.

 - Bleyk və Mutonun (Amerika alimləri Robert Bleyk və Ceyn Muton) idarəçilik qəfəsi: liderlik davranışının horizontal (son nəticəyə, istehsalata maraq) və vertikal (insanlara maraq) xətlərinin kəsişməsi.

Beləliklə, böyük empirik baza, yüzlərlə təhqiqatlar, təcrübələr olmasına baxmayaraq liderliyin tam öyrənilməsinə, bu fenomenlə bağlı bir çox problemlərin açılmasına hələ də istənilən səviyyədə nail olunmamışdır.

Buna görə də son illərdə ənənəvi liderlik konsepsiyalarının uğursuzluğuna rəğmən alimlər liderliyin təhqiqinə yeni yanaşma metodları təklif etməkdədirlər. 

Bu barədə bazaar ertəsi danışacağıq.

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2024)

 

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə İnqilab İsaqın şeirləri təqdim edilir.

 

                                 

POEZIYA, POEZIYA

 

Hərdən mənə deyirlər: – Poeziya nədir? Susub çiynimi çəkirəm, ani olaraq baxışlarım üfüqə dikilir. İçimdə cavab axtarışına çıxıram. Bir də baxıram ki, İlahi, nə gündəyəm. Qu desən, qulaq tutular. Sükut, sükut, sükut...

...Qələm əlimdə titrəyir, yoxsa bu həyəcandımı Poeziya? Bilmirəm, sadəcə, avtobusa tələsirəm... İçimdə yollar və saat... Gecikirəm – ömür isə dar macalda... 

Çantamda nəvəmə aldığım rəngli kitablar, dərmanlarım, bir də heç kimə deyə bilmədiyim sirr dolu sirlərim...

Öz-özümə şeir pıçıldayıram – eşidirsinizmi?

 

 

        İNDİ, İNDİ...

 

Getmə uzaqlara... bezdi o yollar

Bulana-bulana soyudu hava.

Üz-üzə oturub qapını örtsək,

Görərik sükutdu ən zalım dava.

 

Ta xəbər dalınca yüyürmə, gecdi...

Ləngitdik bahara açan çiçəyi.

Payız küləyinin hirsi sovurdu

Bir vədə arxanca qaçan çiçəyi.

 

Əcəl də əzəldən bərədə ovçu...

Min şübhə oyadar bir can ovuna.

Hələ də nağıllar uydururuq biz, 

Quru təsəlliylə kimdi ovunan?

 

Bu gün də sözümü qoşdum adına

Ona da ayrılıq sahib çıxdı, bax.

Kimsə şam söndürüb... ulduz uçurdu,

Qurulu bir eşqi belə yıxdı, bax.

 

Daha dağıntı da, tozanaqdayıq... 

Abad könül sevməz bayquş xisləti.

İndi yüz gümanı bir zamana yığ –

Gətirsən, ömrümə aydınlıq gətir.

 

2022

 

 

GEC, TEZ...

 

Yoxsa istəklərim qorxu böyütdü?

Çaşdırdı səni də dilimdəki söz.

Gör necə işıqlar çilikləndi, bax,

Cavabsız suala bacardıqca döz...

 

Gördüyün mənalar, pozduğun cığır –

Bir də ayaq basmaz xəyallar bura.

Ayın aydınlığı küsən yerlərin

Nədən sevdaları çatmaz uğura?

 

Hələ bilmədiyim sözdü olanlar,

Qaş-qabaq tökməklə könül açılmaz.

Utancaq bənövşə təbəssümündə

Gərək nəfəsini dərəsən bir az.

 

Səhər o səhərdi, axşam o axşam...

Bir evin altıdı susub ağlayan.

Nə qədər ayrılıq çəksə də ömür –

Gec-tez yol açandı yolu bağlayan.

 

2022

 

 

BAX, ODUR...

 

Yaman arxayınıq bu boşluqlara

Gerçək yaşamağın xəyalları qıt.

Hardan gəldiyini hardan biləsən? –

Qayıt, gəlmədiyin tərəfə, qayıt.

 

O yorğun səmada bulud da incik...

Giley-güzarlardan olma xəbərsiz.

Dünyanın altını üstə çevirib

İndi bilirsənmi neyləmişik biz?

 

Qalmışıq ömürlə, vaxtla üz-üzə...

Sən demə, qış imiş – bəd, soyuq baxış.

O uçan yuvaya, quruyan çaya

Necə söyləyim ki, barışma, barış.

 

Bir də yaxşı düşün olacaqları,

Balta var, qorxusu meşə qurudur.

Yamanca inciyik bir-birimizdən, –

Görmürsən, dəryanı milçəklər udur...

 

Uzan kölgəliyə, utan demirəm –

Tər tökən zamanın bizik günahı.

Gərək yuxuların əlindən alaq

Hər ötən gecəni, doğan sabahı...

 

Sanma dava-dalaş xeyir gətirə,

Hamımız bir yerdə dünyaya əlac.

Bütün günahlara xoş bir savabdı, –

Bax, odur, puçurdu... əkdiyim ağac...

 

2022

 

 

SAĞLIQLA...

 

Bu dilsiz taleyə dil öyrədincə...

Sözüm, kəlmələrim yamanıb daşa.

Ayağa çəkənlər çəkdikcə məni

Bəs nədən özləri keçirlər başa?

 

Hərə yerişinə özü cavabdeh,

Kimi uşaq ağlı... kimi də qoca.

Çör-çöp oyununda quş yuvaları...

Azmı sökülmüşük biz ev olunca.

 

Hələ də fəsillər – ömür fəslidi...

Hələ də arzumuz qış köynəyində.

Könül uçuranın, ağrı quranın –

İnsafı bitəydi kaş ürəyində.

 

Bax, bu da hənirti, o soyuq daş da...

Qulaq ver, gör necə xəlvət danışır.

Mən də qəribliyə düşməyim deyə –

Sükuta çəkmişəm dostu, tanışı.

 

Getdiyim, yetdiyim mənzil qarşıda...

Yuxusu gecəmə duzlanmış yara.

Sözümü sağlıqla yaşamaq üçün –

Ömür köçürürəm ta misralara.

 

2022

 

 

AYRILIQ

 

Yorur bizi bu yolların get-gəli...

Bir yoxuş da fəth olunmur arada.

Sükuta bax, pıçıltı da oyatmaz –

Çarəsizdi sızıltılar yarıda.

 

Gün batanda gözlərimiz qaralır,

Duman çökür ayrılığın boyuna.

Gizlətməz ki payız da oyunları...

Yarpaq-yarpaq kölgəsini soyunar.

 

Sən fikirli, mən fikirli... göz-gözə,

Əl tutmağa bir əl tapmaz əlimiz.

Üfüqdürmü yenə həsrət zolağı,

Dərdə çatar, bəxtə çatmaz əlimiz.

 

Yenə sözsüz bəhanələr hünərdi...

Fürsət gəzir hər əzab hər görüşə.

Qisas yeri olmasa da ayrılıq –

Yol tapdıqca yol uzadır həmişə.

 

2022

 

 

GÖR NECƏ ƏSİRƏM...

 

O söz dustağına, qıfılbəndə bax

İç-içə nəfəsə, qıfıl, bəndə bax.

Halıma acıyan qafil bəndə, bax,

Gör necə əsirəm o təbəssümə.

 

Azdımı o orman, gen dərəm sənə

Canımı odumla göndərəm sənə,

İstəsən, yer dərim, göy dərim sənə,

Gör necə əsirəm o təbəssümə.

 

Çəkmə o tünlüyə, yığnağa məni,

Qəsdinmi oyaqdı yıxmağa məni?

Tələsmə qəlbinə yığ mağıl məni,

Gör necə əsirəm o təbəssümə.

 

Demə, yerişimin ləngəri yorğun,

Demə, döyüşümün səngəri yorğun,

Nə olsun, dağ, duman... çən gəlib yorğun,

Gör necə əsirəm o təbəssümə.

 

Çatmaz çataqlarım düyün, düyünə,

Qıyma, qaş-qabaqla ömür üyünə,

Eşqə yaxa açsan, könül döyünər,

Döyünər, öyünər  o təbəssümə...

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2024)

 

İmran Verdiyev, Azərbaycan Respublikasının Əməkdar müəllimi – “Ədəbiyyat və incəsənət” üçün

 

 

 

 

Pənah Qurbanzadə Azərbaycan Yazıçılar və Jurnalistlər birliklərinin üzvü, tanınmış araşdırmaçıdır. Onun bu günə kimi 8 kitabı nəşr edilmişdir.

P.Qurbanzadənin 2006-cı ildə “Mingəçevir poliqrafiya Müəssisəsi” MMC-də çap olunmuş “Hacı Mir Abbas Ağanın həyat yazısı” kitabı əslən Qərbi Azərbaycanın Yuxarı Kolanı (Hacı Əhməd Kolanısı) kəndindən olan, deportasiyaya məruz qalaraq bir müddət Naxçıvanda, Gəncədə, Qəbələ rayonunun Bılıx, Yevlax rayonunun Xanabad, Oğuz rayonunun Yaqublu və Şəki rayonunun Aydınbulaq kəndlərində yaşamış, dövrünün tanınmış din xadimi, müasirləri tərəfindən İslam alimi kimi qəbul edilən, Seyyidi-Qəmnak təxəllüsü ilə rəvan şeirlər – qəzəllər, mərsiyələr, qəsidələr yazan Hacı Mir Abbas Ağanın şərəfli həyat yolundan bəhs edir.

 “Hacı Mir Abbas Ağanın həyat yazısı” kitabında maraqlı bir məlumatla rastlaşırıq. Kitabın onuncu bölməsində, 134–138-ci səhifələrində verilən “Şıx Osman piri”ndəki tapıntı” adlı həmin məlumatı olduğu kimi təqdim edirik.

 

“El arasında dərin etiqad və inam göstərilən bu pir Şəki bölgəsində vaxtı ilə çox ağır ziyarətgahlardan olub...

“Şıx Osman piri” tədqiq edilməyib, barəsində də heç yerdə heç nə yazılmayıb. Camal Abdullayevin (C.Abdullayev 1925-ci ildə anadan olub. Valideynləri Qərbi Azərbaycandan idi. 1947-ci ildə Aydınbulaq kənd sovetinin katibi olub. Sonralar Mingəçevir şəhərində mühasib işləyib. Daha sonra Bakıya köçüb və orada vəfat etmişdir-İ.V.)söylədiklərinə görə, bu ziyarətgahın kitabəsində XV-XVI əsrlər yazılıbmış. Ona görə keçmiş zamanda deyirik ki, aldığımız son məlumata görə, sahibsizlik və baxımsızlıq ucbatından həmin ziyarətgah-pir uçulub dağılmışdır.

Bu pir Şəki rayonunun Cəfərabad kəndi ilə Aydınbulaq kəndi arasında, axar-baxarlı bir ərazidə, yol kənarında yerləşir. Yerli camaat vaxtı ilə tez-tez buranı ziyarət edərmiş...

Camal Abdullayevin söylədiklərindən:

-“Şıx Osman piri” bizim yolumuzun üstündədir... Bir gün Nuxadan gəlirdim. “Çıx Osman piri”nin yanına çatanda birdən güclü leysan yağdı. Ozümü güclə pirin kümbəzinə çatdırdım... Bekarçılıqdan köhnə, qədim kümbəzin tavanına baxırdım... Birdən hisli, qaralmış tirlərin arasından gözümə bir bükülü sataşdı. “Bu nə ola”-deyə düşündüm. Güc-bəla ilə onu oradan götürə bildim. Nəsə çox qədim, sapsarı saralmış vərəqləri Quran hərfləri ilə yazılmışdı. Qalın, təqribən 100 səhifə olardı. Bərk meşinlə cildlənmiş kitab idi. Qoltuğuma qoyub kəndə (Aydınbulaq kəndinə - İ.V.) yollandım. Gətirib verdim Ağaya (Hacı Mir Abbas Ağa nəzərdə tutulur – İ.V) ki, oxusun görək nə barədədir.  Ağa alıb baxdı, diqqətlə bir xeyli o tərəf bu tərəfə vərəqləyib oxudu. Sonra qayıtdı ki, bəs bu M.Füzulinin məhəbbətdən yazılan şeirləridir. Sən uşaqsan, belə şeyləri sənə oxumaq yaramaz. Ağa bir də təəccüblə dedi ki, mən Füzulinin belə şeirləri ilə ilk dəfə qarşılaşıram.

Ağadan kitabın tarixini soruşdum. Dedi kmi, çox qədimdir 400 il 

bundan əvvəl Molla Məhəmməd adlı bir şəxs tərəfindən köçürülmüşdür.

Bəzi yerləri təhrif olunmuşdur.Ağa belə söyləyirdi. Özünün söylədiyinə görə Füzulini o yaxşı bilirdi. Soruşdum ki, bəs nə edim onu? Ağa da məsləhət gördü ki, kasıb oğlansan, göndər Bakıya, bəlkə, beş-üç manat göndərdilər.

Məktub yazdım Bakıya, əlyazmalar istitutuna və kitab barəsində məlumat verdim. Bir müddətdən sonra Bakıdan cavab aldım. Tapıntıma çox ücüz qiymət qoymuşdular. Razılaşmadım. Bu dəfə Leninqrad (Sank-Peterburq) Şərqşünaslıq İnstitutuna məlumat yazdım. Oradan da cavab aldım. 200 manat qiymət qoymuşdular. Göndərdim və tezliklə deyilən məbləği ünvanıma göndərdilər.

Özünün dediyinə görə, C.Abdullayev bu əlyazmanı 1949-1950-ci illərdə tapıbdır. Elə həmin il də Leninqrada (Sankt Peterburqa) göndərmişdir... Doğrudanmı tapınti məşhur şair Füzuliyə mənsub imiş və ya mənsub deyilmiş?  Biz belə düşünürük ki, hər nə olsa da, bu tapıntı Azərbaycanla, Azərbaycan tarixi, ədəbiyyatı ilə bağlı qiymətli bir xəzinə imiş. Rus da nəyə vəsait buraxmağı əla bilir.

Əlyazmanın müəllifi Molla Məhəmməddir. Bəlkə də, əlyazmanın üzü bu şəxs tərəfindən köçürülübdür. Bəlkə də, elə bu şəxsin özü şair Füzulidir. Axı Füzuli ilkin dövrlərdə öz şeirlərini Molla Məhəmməd və s. təxəllüslərlə yazıb. 400 il elə də yaxın dövr deyil. Əgər Camal müəllim bu əlyazmanı 1949-1950-ci illərdə tapmışsa, onda onun qələmə alınma tarixi haradasa 1550-ci ilə təsadüf edir. Deməli, böyük şairin özü hələ sağ imiş.

Hər halda Camal müəllimin tapıntısı çox qiymətli bir xəzinə imiş. Müqəddəs “Sıx Osman piri” ulu şairimizin xəzinəsini neçə illər hifz edib öz müqəddəs dərgahında saxlamışdır”.

Ərəb və fars dillərini mükəmməl bilən, klassik ədəbiyyatın bilicisi, əruzu və M.Füzulini əla bilən Hacı Mir Abbas Ağanın əlyazma barədə fikirlərinə heç bir şübhəmiz yoxdur. Amma yenə də həmin əlyazmanın ciddi araşdırılmasına ehtiyac olduğu qənaətindəyik. Bu yazının hazırlanmasında da məqsədimiz ipucu vermək və diqqəti bu məsələyə yönəltməkdir. Biz məsələnin füzulişünas alimlərimiz, həmçinin tarixçilərimiztərəfindən diqqətlə araşdırılmasının tərəfdarıyıq. Əlyazmanın qorunduğu, saxlandığı yer, ora verildiyi tarix məlumdur. Zənnimizcə, həmin əlyazmanın oradan – Leninqrad (Sankt Peterburq) Şərqşünaslıq İnstitutunun arxivindən  tapıb araşdırmaq elə də çətin olmaz. Həqiqətin ortaya çıxarılması böyük şairimizin 530 illik yubileyinə gözəl bir töhfə olardı.

Bir də ki, əlyazma dahi Füzuliyə aid olmasa belə (bəlkə də Füzuli təxəllüsü ilə yazan başqa bir şairə aiddir), hər halda Azərbaycanla, Azərbaycan tarixi, ədəbiyyatı ilə bağlı qiymətli mənbə ola bilər. Bütün hallarda aradırılması və öyrənilməsi səmərəli olardı.

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2024)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.