“Yorur bizi bu yolların get-gəli...” -İNQİLAB İSAQIN ŞEİRLƏRİ Featured

“Ədəbiyyat və incəsənət” portalının “Ulduz” jurnalı ilə birgə BİRİ İKİSİNDƏ layihəsində bu gün sizlərə İnqilab İsaqın şeirləri təqdim edilir.

 

                                 

POEZIYA, POEZIYA

 

Hərdən mənə deyirlər: – Poeziya nədir? Susub çiynimi çəkirəm, ani olaraq baxışlarım üfüqə dikilir. İçimdə cavab axtarışına çıxıram. Bir də baxıram ki, İlahi, nə gündəyəm. Qu desən, qulaq tutular. Sükut, sükut, sükut...

...Qələm əlimdə titrəyir, yoxsa bu həyəcandımı Poeziya? Bilmirəm, sadəcə, avtobusa tələsirəm... İçimdə yollar və saat... Gecikirəm – ömür isə dar macalda... 

Çantamda nəvəmə aldığım rəngli kitablar, dərmanlarım, bir də heç kimə deyə bilmədiyim sirr dolu sirlərim...

Öz-özümə şeir pıçıldayıram – eşidirsinizmi?

 

 

        İNDİ, İNDİ...

 

Getmə uzaqlara... bezdi o yollar

Bulana-bulana soyudu hava.

Üz-üzə oturub qapını örtsək,

Görərik sükutdu ən zalım dava.

 

Ta xəbər dalınca yüyürmə, gecdi...

Ləngitdik bahara açan çiçəyi.

Payız küləyinin hirsi sovurdu

Bir vədə arxanca qaçan çiçəyi.

 

Əcəl də əzəldən bərədə ovçu...

Min şübhə oyadar bir can ovuna.

Hələ də nağıllar uydururuq biz, 

Quru təsəlliylə kimdi ovunan?

 

Bu gün də sözümü qoşdum adına

Ona da ayrılıq sahib çıxdı, bax.

Kimsə şam söndürüb... ulduz uçurdu,

Qurulu bir eşqi belə yıxdı, bax.

 

Daha dağıntı da, tozanaqdayıq... 

Abad könül sevməz bayquş xisləti.

İndi yüz gümanı bir zamana yığ –

Gətirsən, ömrümə aydınlıq gətir.

 

2022

 

 

GEC, TEZ...

 

Yoxsa istəklərim qorxu böyütdü?

Çaşdırdı səni də dilimdəki söz.

Gör necə işıqlar çilikləndi, bax,

Cavabsız suala bacardıqca döz...

 

Gördüyün mənalar, pozduğun cığır –

Bir də ayaq basmaz xəyallar bura.

Ayın aydınlığı küsən yerlərin

Nədən sevdaları çatmaz uğura?

 

Hələ bilmədiyim sözdü olanlar,

Qaş-qabaq tökməklə könül açılmaz.

Utancaq bənövşə təbəssümündə

Gərək nəfəsini dərəsən bir az.

 

Səhər o səhərdi, axşam o axşam...

Bir evin altıdı susub ağlayan.

Nə qədər ayrılıq çəksə də ömür –

Gec-tez yol açandı yolu bağlayan.

 

2022

 

 

BAX, ODUR...

 

Yaman arxayınıq bu boşluqlara

Gerçək yaşamağın xəyalları qıt.

Hardan gəldiyini hardan biləsən? –

Qayıt, gəlmədiyin tərəfə, qayıt.

 

O yorğun səmada bulud da incik...

Giley-güzarlardan olma xəbərsiz.

Dünyanın altını üstə çevirib

İndi bilirsənmi neyləmişik biz?

 

Qalmışıq ömürlə, vaxtla üz-üzə...

Sən demə, qış imiş – bəd, soyuq baxış.

O uçan yuvaya, quruyan çaya

Necə söyləyim ki, barışma, barış.

 

Bir də yaxşı düşün olacaqları,

Balta var, qorxusu meşə qurudur.

Yamanca inciyik bir-birimizdən, –

Görmürsən, dəryanı milçəklər udur...

 

Uzan kölgəliyə, utan demirəm –

Tər tökən zamanın bizik günahı.

Gərək yuxuların əlindən alaq

Hər ötən gecəni, doğan sabahı...

 

Sanma dava-dalaş xeyir gətirə,

Hamımız bir yerdə dünyaya əlac.

Bütün günahlara xoş bir savabdı, –

Bax, odur, puçurdu... əkdiyim ağac...

 

2022

 

 

SAĞLIQLA...

 

Bu dilsiz taleyə dil öyrədincə...

Sözüm, kəlmələrim yamanıb daşa.

Ayağa çəkənlər çəkdikcə məni

Bəs nədən özləri keçirlər başa?

 

Hərə yerişinə özü cavabdeh,

Kimi uşaq ağlı... kimi də qoca.

Çör-çöp oyununda quş yuvaları...

Azmı sökülmüşük biz ev olunca.

 

Hələ də fəsillər – ömür fəslidi...

Hələ də arzumuz qış köynəyində.

Könül uçuranın, ağrı quranın –

İnsafı bitəydi kaş ürəyində.

 

Bax, bu da hənirti, o soyuq daş da...

Qulaq ver, gör necə xəlvət danışır.

Mən də qəribliyə düşməyim deyə –

Sükuta çəkmişəm dostu, tanışı.

 

Getdiyim, yetdiyim mənzil qarşıda...

Yuxusu gecəmə duzlanmış yara.

Sözümü sağlıqla yaşamaq üçün –

Ömür köçürürəm ta misralara.

 

2022

 

 

AYRILIQ

 

Yorur bizi bu yolların get-gəli...

Bir yoxuş da fəth olunmur arada.

Sükuta bax, pıçıltı da oyatmaz –

Çarəsizdi sızıltılar yarıda.

 

Gün batanda gözlərimiz qaralır,

Duman çökür ayrılığın boyuna.

Gizlətməz ki payız da oyunları...

Yarpaq-yarpaq kölgəsini soyunar.

 

Sən fikirli, mən fikirli... göz-gözə,

Əl tutmağa bir əl tapmaz əlimiz.

Üfüqdürmü yenə həsrət zolağı,

Dərdə çatar, bəxtə çatmaz əlimiz.

 

Yenə sözsüz bəhanələr hünərdi...

Fürsət gəzir hər əzab hər görüşə.

Qisas yeri olmasa da ayrılıq –

Yol tapdıqca yol uzadır həmişə.

 

2022

 

 

GÖR NECƏ ƏSİRƏM...

 

O söz dustağına, qıfılbəndə bax

İç-içə nəfəsə, qıfıl, bəndə bax.

Halıma acıyan qafil bəndə, bax,

Gör necə əsirəm o təbəssümə.

 

Azdımı o orman, gen dərəm sənə

Canımı odumla göndərəm sənə,

İstəsən, yer dərim, göy dərim sənə,

Gör necə əsirəm o təbəssümə.

 

Çəkmə o tünlüyə, yığnağa məni,

Qəsdinmi oyaqdı yıxmağa məni?

Tələsmə qəlbinə yığ mağıl məni,

Gör necə əsirəm o təbəssümə.

 

Demə, yerişimin ləngəri yorğun,

Demə, döyüşümün səngəri yorğun,

Nə olsun, dağ, duman... çən gəlib yorğun,

Gör necə əsirəm o təbəssümə.

 

Çatmaz çataqlarım düyün, düyünə,

Qıyma, qaş-qabaqla ömür üyünə,

Eşqə yaxa açsan, könül döyünər,

Döyünər, öyünər  o təbəssümə...

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2024)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.