Ceymsin praqmatizminin əsasları- DƏRSLƏR Featured

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”

 

İndi kim özünü ağıllı göstərmək istəyirsə kreativ, nonsens, subyektiv, konseptual qəlibli sözləri yanaşı düzür. Eynən bu sayaq sözlərdən biri də praqmatizmdir. 

Bu gündən DƏRSLƏR rubrikasında praqmatizm barədə danışacağıq. 

 

Praqmatizm XIX əsrin 70-ci illərində ABŞ-da, Kembricdə toplaşan və Pirs tərəfindən "Metafizik klub" adlandırılan kiçik bir elmi işçilər qrupunun fəaliyyəti nəticəsində meydana gəlmişdir. Daha dəqiq desək,

Praqmatizm təliminin əsasları ABŞ filosofu Çarlz Pirs (1839-1914) tərəfindən qoyulmuşdur. 

 

Ceymsin praqmatizmi

 

Ceyms tərəfindən Pirsin başlıca ideyaları təkmilləşdirilmişdir. O, bu ideyaları daha səlis təlim şəklinə gətirib onları sadə formada izah etmişdi. Bu, hərdən onun baxışlarının sadələşdirilmiş şərhinə səbəb olurdu. Ceyms praqmatizmi müəyyən bir metod və xüsusi həqiqət nəzəriyyəsi kimi nəzərdən keçirirdi. Metod kimi praqmatizmin təyini hər bir təlimin praktiki nəticələrini aşkarlanmaqla, onları müqayisə edib qiymətləndirməklə fəlsəfi və digər mübahisələri yoluna qoymaq idi. Bu metodu istifadə edən Ceyms, məsələn, materializmlə idealizm arasındakı çoxdankı mübahisəni teizmlə eyniləşdirdiyi idealizmin xeyrinə həll etmişdi. Ceymsə görə, gələcəkdə materializm hər şeyin iflasa uğraması, Yer üzünün və bəşər ruhunun yaratdığı hər şeylə birgə onun məhv olması deməkdir. Ceyms hesab edir ki, bu perspektivlə düşünən heç bir kəs razılaşa bilməz. Əksinə, insana, daha doğrusu, onun ruhuna yaxın əbədi ruhi başlanğıcın olmasını qəbul edən idealizm xilas olacağımıza, insana çox əziz olan ideal və mənəvi dəyərlərin zəfər çalacağına ümid açır. Ceymsə görə, bu iki konsepsiya arasında seçim onun qəbul etdiyi "inama iradə" prinsipi əsasında həyata keçirilməlidir. Bu prinsipə görə, iki alternativ qərar arasında həyat əhəmiyyətli seçimi sırf rasional əsaslarla etmək mümkün olmadıqda (Ceymsə görə, nəzərdən keçirilən məsələdə vəziyyət elə məhz bu cürdür) seçimi qeyri-rasional, emosional əsaslarla etmək insanın mənəvi hüququdur. Həqiqət probleminin şərhinə gəlincə, qeyd etmək lazımdır ki, Ceyms həqiqəti fikrin və ya nəzəriyyənin aləmdəki obyektiv vəziyyətə uyğunluğu kimi şərh etmir. O, həqiqəti ideyanın uğurluluğu və ya işqabiliyyətliliyi, insanın öz qarşısında qoyduğu və can atdığı bu və ya digər məqsədə çatmaqda faydalılığı kimi izah edir. Həqiqət və ya ideyanın uğurla işləməsi üçün onu yoxlamaq lazım oduğundan, yoxlana bilmə də həqiqətin tərifinə daxildir. Ceymsin praqmatizmi daha geniş mənada onun metod və həqiqət nəzəriyyəsinin dünyagörüşü əsasları mənasını verir. Bu əsaslara həmçinin onun "radikal empirizm" adlandırdığı təlimi, yəni bəzən "şüur axını", bəzən də "plüralist kainat" kimi aşılanan universal təcrübə haqqında təlimi daxildir. Kainat Ceyms tərəfindən heç bir qanuna tabe olmayan, təsadüflər itaətində olan, bitməmiş, yeniliklərə açıq olan plastik hadisə kimi şərh olunur. Burada insana öz azadlığını, yenilik eşqini, qeyri-məhdud yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmək imkanı verilir. Radikal empirizm həmçinin istənilən din təcrübəsinin də düzgün olduğunu bəyan edir. Həqiqətin praqmatik nəzəriyyəsi bu cür təcrübəni doğru hesab edir, çünki o, insana böyük pozitiv təsir göstərmək imkanına malikdir. Təcrübənin ayrı-ayrı elementlərdən, qavrayışlardan təşkil olunduğunu bildirən empirik filosoflardan (məsələn, Max) fərqli olaraq Ceyms təcrübəni fasiləsiz şüur axını kimi şərh edir. Bu şüur axınından insan iradi səylər göstərməklə bizim üçün adlarına görə şeylər statusu alan ayrı-ayrı parçaları və ya hissələri qeydə alır. Ceymsin fikirlərinə görə, bizi özü ilə hesablaşmağa məcbur edən reallıq duyğulardan (mənşəyi naməlum olan duyğulardan), təcrübədə aşkar olunan duyğularla bu hamılıqla təsdiq olunmuş köhnə həqiqətlər arasındakı münasibətlərdən təşkil olunur. Özündə sosial təcrübə aləmini də birləşdirən kainatın natamam olması bu aləmi sonsuz qədər yaxşılaşdırmaq imkanlarını açır. İndi o, hələ kamil olmasa da, Ceymsin fikirlərinə görə, insanlar buna qadir olduqlarına inanıb öz səylərini birləşdirsələr bu mümkütn olacaqdır. Ceyms sosial-siyasi baxışlarında liberal ideyaların müdafiə edir, qəti şəkildə müharibələrə qarşı çıxır.

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.