Super User

Super User

“Ədəbiyyat və incəsənət” portalı tanınmış yazar və siyasi icmalçı Əkbər Qoşalının növbəti icmalını təqdim edir. 

 

 

Azərbaycan Prezidentinin qardaş ölkə Pakistana möhtəşəm səfəri başa çatdı. Hər son bir başlanğıcdır. Bu səfər başa çatdı, ötən dönəmin dərin dəyərləndirməsi aparıldı, yeni sənədlər imzalandı, yeni ideyalar çıxdı, yeni çalışma sahələrinə açılımlar edildi. Payızda Pakistanın Baş naziri Azərbaycana səfər edəcək; o səfərədək məsul dövlət orqanları arasında vacib görüşmələr davam etdiriləcək və İslamabadda imzalanan sənədlər üzrə praktik işlər görüləcək. Görüləcək ki, qardaşlığımız, dostluğumuz daha da güclənsin, yeni üfüqlər qazansın.

 

Bakı - İslamabad arası uçaqla 2183 km (2 saat 43 dəqiqə), araba ilə 3316 km.-dir (2 gün). Elə paytaxt var – bir dağın başına çıxsaq görünər, elə paytaxt var – uçuş vaxtı, uçağa minib-enmə prosedurana gedən vaxtdan da qısa sürür... Ancaq nə olsun? – Ya aramızda barış yoxdur, ya səfirliyimiz bağlıdır ya da bir başqa səbəblə gediş-gəlişimiz səngiyib. Yəni fiziki yaxınlıq hələ mənəvi yaxınlıq, fiziki uzaqlıq hələ mənəvi uzaqlıq demək deyil: “Biz bir-birimizdən uzaqda yaşayırıq, lakin inanın mənə, bizim qəlblərimiz bir yerdə döyünür, fərqli dillərimizin olmasına baxmayaraq biz birlikdə danışırıq, biz bir yerdə düşünürük, biz ikitərəfli və çoxtərəfli münasibətlərimizə aid bütün məsələlərdə bir-birimizin yanındayıq”. – Bu sözlər Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifə aiddir. Çox dəqiq təsbitdir, əlbəttə; əlbəttə, bu, dövlətlərin, xalqların çıxarlarının, səmimiyyətin, güvənin, sədaqətin dil, din, fiziki-coğrafi uzaqlıq (yaxınlıq) tanımadan özünəxas bir ucalıqda durduğunu bir daha göstərir.

 

Bu isə Azərbaycan Prezidentinin İslamabadda dediyi sözlərdir:

“2020-ci ilin noyabrında Qələbəmizi qeyd etdiyimiz zaman xalqımızın əllərində Azərbaycan, Pakistan və Türkiyənin bayraqları var idi. Bu, bizim münasibətlərimizi unikal edir.

Bizim qardaşlığımız xalqlarımızın əsrlərlə bundan əvvələ təsadüf edən, bir-birinə olan dərin hisslərinə əsaslanır.

...Həqiqətən, bu bağlantı böyük sərvətdir”.

 

Heç təsadüfi deyil, ölkəmizə gələn pakistanlı qardaş-bacılarımızın sayı son illər daha da artıb və Azərbaycan Prezidenti bunu öz çıxışında vurğulamağı uyğun bildi. O da təsadüfi deyil, artıq Bakı-İslamabad, Bakı-Kəraçi, Bakı-Lahor birbaşa uçuşları yüksək səviyyədə müzakirə edilib və qarşı aylarda ilk uçuşlara tanıq olacağımıza inanırıq. Hər nə qədər iqtisadi, ticari, turist səfərləri olacaqsa da, biz Azərbaycanla Pakistan arasındakı bütün uçuşları könül uçuşu, qəlb atışı, ürək döyüntüsü kimi qəbul etmə haqqına sahibik. Kərküklülər demiş, “Qardaş qardaşdı, qardaş”! – “Biz qardaşıq və dostuq. Biz hər işdə, istənilən beynəlxalq təsisat daxilində, hər beynəlxalq məsələdə bir-birimizi dəstəkləyirik”. – Uçağı Pakistan göylərində, özü Pakistan torpağında ən özəl, ən gözəl şəkildə qarşılanan Azərbaycan Prezidentinin sözləridir bu!..

 

Pakistan torpağı demişkən, qardaş ölkənin Dövlət Himni belə başlayır:

 

“Bərəkətli olsun müqəddəs torpaq,

Sevincli olsun səxavətli ölkə!

Sən yüksək əzm nişanısan,

Ey Pakistan torpağı!

Bərəkətli olsun imanın mərkəzi”!

 

Qardaş ölkənin 70 il öncə təsdiq edilmiş (bəstəsi Əhməd Qulaməli Çaqlaya, sözləri Həfiz Cullundhriyə aid olan) Himninin alxışına, öygüsünə qoşularaq, Pakistana könül dolu sevgi-sayğılar yetirmək çox xoşdur, könülcədir.

 

Əlbəttə, bu səfər Azərbaycan Prezidentinin Pakistana ilk səfəri deyildi; lakin Birgə mətbuat konfransında da vurğulandığı kimi, daha üstün səfərdir. Həm dörd yanımızda baş verən olaylar sərgisində, həm öz aramızdakı bağların daha da gücləndirilməsi, necə deyərlər, potensial imkanların dövriyyəyə daxil edilməsi anlamında. Bu gücləndirmə aktı qacınılmaz faktlarla birgə götürülür və sarsılmaz qardaşlıq-dostluq zəminində yeni çiçəklənmələrə səhnə olur.

 

Hələ bir bu möhtəşəm, qürurverici salamlamaya baxın:

“Əziz qardaşım, Sizi Pakistanda salamlamaq məndə böyük məmnunluq və şərəf hissi oyadır. Siz öz dəyərli vaxtınızı sərf edərək qardaş ölkəyə səfər edirsiniz. Buraya eniş etdikdən bəri Pakistan xalqı Sizi televiziya ekranlarında və sosial mediada görməkdən çox məmnundur. Ona görə məmnundur ki, səmimi dost və həqiqi qardaş öz qardaş ölkəsini ziyarət edir”! – Baş nazir Şərifin Prezident Əliyevə bu iltifatı həm şəxsi, həm xəlqi, həm dövləti simpatiyanı, məhəbbəti, qardaşlıq və dostluğumuzun dərin köklərini, geniş üfüqlərini təcalla etdirir.  

 

Gəlin bu yerdə, Azərbaycan Prezidentinin Pakistana səfərindən öncəki səfərlərlərlə, təşəbbüsçü yaxud dəvətli olduğu beynəlxalq tədbirlərlə bağlı yığcam xatırlatma edək:

Pakistan səfərindən (11.-12.07.2024) öncə Prezident İlham Əliyevin rəhbərliyi ilə Türk Dövlətləri Təşkilatının qeyri-formal Şuşa Zirvəsi keçirildi (06.07.2024);

 

Şuşa Zirvəsindən öncə, evsahibi Qazaxıstanın Prezidentinin dəvəti ilə Azərbaycan Prezidenti (Pakistanın da üzvü olduğu) Şanxay Əməkdaşlıq Təşkilatının Astana Zirvəsində iştirak etdi; ayrıca, Astanada İlham Əliyev, Rəcəb Tayyib Ərdoğan və Məhəmməd Şahbaz Şərif arasında üçtərəfli görüş keçirildi (03-04.07.2024);

 

Ondan öncə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfər etdi (10.06.2024);

 

Daha öncə Azərbaycan Prezidentinin Misirə rəsmi səfəri olmuşdu (07-08.06.2024).

 

Təqribən 1 ay içindəki bu səfərlərin, beynəlxalq tədbirlərin coğrafiyasını, miqyasını, tədbirlərin iştirakçılarını və eləcə də, beynəlxalq konyunkturanı, dörd yanımızda baş verən olayları bir abzasda xatırlamaq belə, Pakistan səfərinin özəlliyini, önəmini göstərmək gücündədir. – Yəni düşünülmüş, ardıcıl, prinsipial xarici siyasətin uğurları açıq-aydın görünür. 

 

Rusiya-Ukrayna müharibəsinin daha qanlı fazaya keçdiyi, III Dünya müharibəsi haqqında ciddi ağızlardan ciddi sözlərin deyildiyi günlərdə... qalib Azərbaycanın ən müxtəlif məsələlərə baxışı, mövqeyi bölgəmiz üçün, yaxın-uzaq tərəfdaşlar üçün (habelə dost ola bilməyənlər üçün də!) önəmlidir. Biz dünyadan təcrid olunmadığımız kimi, ətraf aləm də bizdən (və qardaşlarımızdan, dostlarımızdan) təcrid olunmayıb. – Danılmaz  qarşılıqlı təsirlər vardır. Bizi beynəlxalq birlikdən təcrid etmək cəhdləri olmayıbmı? – Olub. Bizim də dalana çevirmə zorunda qaldığımız “qonşu” olmayıbmı? – O da olub. – Söhbət ən azından “iki bacı”dan gedir – keçmiş işğalçı Ermənistanın “böyük bacı”sı Fransa bizim öz ərazilərimizi azad etməyimizi, ədalətli, haqlı Zəfərimizi hələ də sinirə bilmir. Fransa bizə qarşı nə edə bilərdisə, bəlkə ondan artığını etməyə çalışdı – ancaq istədiyinə çatmadı. Başqa sözü neynirsiz, artıq “Azərbaycan bizim daxili işlərimizə qarışır” deyər oldu Fransa...

Budur, Fransada anti-Azərbaycan siyasətini ən yuxarılara daşımış Makron hökuməti özünün ən aşağı günlərini yaşayır... 

Ötən illərdə (bir çox hallarda) sinxron işləyən Paris-Tehran-İrəvan şər üçbucağı da sıradan çıxmaq üzrədir.

İranda Prezident seçkilərində islahatçı namizəd Məsud Pezeşkian qalib gəldi. – Qürurla “Mən türkəm. Azərbaycanda dünyaya gəlmişəm” deyən, uşaqlarını evdə farsca danışmağa qoymayıb, öz dilimizdə danışdıran, Şəhriyarın şeirini kövrələrək söyləyən Məsud Pezeşkian... İnşallah, o kövrəkliyi, o ədalətli duruşu Prezident kürsüsündə də saxlasın.

 

Məsud Pezeşkianın Prezidenti seçildiyi ölkə Azərbaycan Respublikası ilə də, Pakistan İslam Respublikası ilə də rəsmi sınırlara malikdir. Sizcə, Tehran üçün ən yaxşısı Bakı-İslamabad arasındakı sağlam qardaşlıq-dostluq bağlarını örnək almaq olmazmı?..  

 

Ermənistan isə hələ də Zəngəzur dəhlizini açmayıb, Naxçıvan Ermənistan tərəfdən blokadadır və belə olunca, özəlliklə də, Qarabağ və Gündoğar Zəngəzur işğal altında olduğu illərdə biz də onları beynəlxalq daşıma kəmər və yollarından uzaq tutmalı olduq. “Ermənistan, haradasan? Bakı-Tbilisi-Ceyhan yan keçdi. Bakı-Tbilisi-Ərzurum da həmçinin. TANAP da həmçinin. İndi biz qazımızı Avropaya çatdırırıq. Sən, Ermənistan, pul qazana bilərdin. Kəmərin bir hissəsi sənin əlində ola bilərdi. Sən tranzit haqqı alacaqdın. Sən özünü nədən məhrum etdin?! Dəyərdimi buna?

Bu işğalçılıq, bu düşmənçilik, qonşuya qarşı bu nifrət hissləri, onları, bax, bu günə saldı”. – Bunu Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il dekabrın 1-də - Xalqa müraciətində söyləmişdi.

Bəli, coğrafi baxımdan, infrastruktur baxımından Azərbaycan bu gün çox önəmli bölgəsəl gücdür. Azərbaycandan yan keçməklə, Azərbaycanı saymadan bizim coğrafiyamızda uğurlu iş görmək mümkün görünmür. – Azərbaycan artıq enerji üzrə olduğu kimi, daşımalar üzrə bölgəsəl haba çevrilib. Azərbaycanın infrastruktur layihələrə yatırımları daşımaçılıq üzrə çox geniş beynəlxalq işbirliyi formatına gətirib çıxarıb. 

Beləliklə, indi qardaş Pakistana yatırımların real müzakirələrə cəlb olunması da qətiyyən təsadüfi deyil.

 

Bayaqkı enerji vurğumuz isə artıq yalnız neft və qazı ehtiva eləməklə qalmayıb, yaşıl enerjini də içinə almaqdadır. “Yaşıl Dünya naminə Həmrəylik İli” içində olan, COP29-un evyiyəsi Azərbaycan dünyaya Günəş kimi doğub. – Ümummilli lider Heydər Əliyevin 90-cı illərdə uzaqgörənliklə söylədiyi “Azərbaycan dünyaya Günəş kimi doğacaq” fikri bu gün artıq gerçəkləşib. 

Günəşin şəfəqlərindən gözü qamaşanlar, o şəfəqlərin düşdüyü (istitdiyi) yerləri torpaqlamaq, qaralamaq istəyənlər var – amma nəyə yarar? – Günəşin şəfəqləri torpaq götürmür... Torpağa bərəkət qatır Günəş; Günəş torpağı şennəyir, torpağın altındakıları göyərdir, yaşıllandırır, toxumdan gövdəyə, çiçəyə, gülə, meyvəyə... çevirir...

Günəşə çamur atmaq olmaz,

Günəşə üz turşutmaq olmaz,

Günəşə qarşı gəlmək olmaz!

Günəşsiz olmaz!

 

*

Yuxarıda Pakistan Dövlət Himninin ilk bəndini vurğuladıq, Himnin digər iki bəndi belədir:

 

Bu qutsal torpağın intizamı

Xalqın qardaşlıq gücüdür!

İnşallah millət, ölkə və dövlət

Əbədi görkəmdə parlasın!

Bərəkətli olsun bizim

                    sevdalı məqsədimiz!

 

Aypara və ulduz bayrağı

Tərəqqi və kamilliyə yol göstərir!

Keçmişin tərcümanı, bugünün izzəti,

Gələcəyin ilhamı!

Yenilməz güc sahibi Tanrımızın kölgəsi!

 

Himn adətən başlanğıcı simgələr, qoy bizim Himnlə bağladığımız bu yazımız da yeni - daha gözəl, özəlmi özəl başlanğıcları simgələmiş olsun!

QARDAŞLIĞIMIZ ZAVAL GÖRMƏSİN!

 

“Ədəbiyyat və incəsənət”

(13.07.2024)

Cümə, 12 İyul 2024 18:27

Mirvarid Dilbazi anıllb

Azərbaycanın ilk qadın xalq şairi Mirvarid Dilbazinin 23-cü ildönümü münasibəti ilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi və Qazax Xeyriyyə Cəmiyyətinin birgə təşkilatçılığı ilə xalq şairinin məzarı ziyarət olunub. 

 

“Ədəbiyyat və incəsənət” portalı İctimai Birliyə istinadən xəbər verir ki, Xalq şairi məzarı önündə ehtiramla anılaraq, həyat və yaradacılığından danışılıb, şeirləri səsləndirilib.

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, şair-publisist Güllü Eldar Tomarlı çıxış edərək bildirib ki, Mirvarid Dilbazi Azərbaycan poeziyasına adını qızıl hərflərlə yazdırmış şairlərimizdəndir. Mirvarid Dilbazi yaradıcılığı insanı mübariz olmağa, vətəni sevməyə, əsl insan olmağa səsləyir.

Mirvarid Dilbazini ziyarətə gələn yaxın sənət adamları, onu sevən, rəğbət bəsləyən söz adamları, şəhid ailələri çıxış edərək xatirələrini bölüşdülər. Qeyd etdilər ki, Mirvarid Dilbazinin yaradıcılığında vətənpərvərlik xüsusi önəm daşıyıb. İndi onun ruhu şaddır ki, ali baş komandanın uzaqgörənliyi nəticəsində, şanlı ordumuzun gücü ilə, şəhidlərimizin qanı ilə uğruna şeirlər həsr etdiyi Qarabağ bu gün azaddır.

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2024)

Könül, “Ədəbiyyat və incəsənət”

 

Qazax şəhərinin mərkəzində yerləşən Ədəbiyyat Muzeyi qonaqlı-qaralı idi. 

Orada Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin 2024-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi ''Azərbaycan kəlağayılarının təbliği'' layihəsi çərçivəsində növbəti konsert keçirilirdi. 

 

Konserti giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı Muzeyinin direktoru, layihə rəhbəri Güllü Eldar Tomarlı açaraq qonaqları salamladı. Torpaqlarımızın azadlığı, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 

Güllü Eldar Tomarlı "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyinin 2024-cü il kiçik qrant müsabiqəsində həyata keçirdiyi "Azərbaycan kəlağayılarının təbliği'' layihəsi çərçivəsində Bakı, Gəncə, Qazax, Şəki və Şamaxı  rayonlarında kəlağayıdan bəhs edən konsertlərin keçirildiyini bildirdi. Güllü Eldar Tomarlı qeyd etdi ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətləri, yorulmaz səyləri nəticəsində ölkəmizin 23 qeyri-maddi mədəni irs nümunəsi YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir. Onlardan biri də ənənəvi 24-28 noyabr 2014-cü il tarixdə Parisdə keçirilən Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 9-cu siyahısında Kəlağayı sənəti və simvolizmi, qadın ipək baş örtüklərinin hazırlanması və istifadə olunması UNESCO-nun Qeyri-maddi Mədəni İrs üzrə reprezentativ siyahısına daxil edilmişdir. Bu münasibətilə 26 Noyabr – Azərbaycan Kəlağayısı Günü kimi qeyd olunur. Kəlağayı tariximiz, mədəniyyətimiz, yaraşığımızdır! Kəlağayı – Azərbaycanda qadınlara məxsus, ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyüdür. Ölkəmizin qərb zonasında buna “çarqat” da deyilir. Bu örtük gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olmaqla yanaşı, özündə Odlar Yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadır. Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində yüksək keyfiyyətli kəlağayılar hazırlanırdı. Bu baş örtüyünün bir çox bölgələrdə istehsal olunmasına baxmayaraq, kəlağayı şimal qərbdə yerləşən İsmayıllı rayonun Basqal qəsəbəsində və Şəki şəhərində daha geniş yayılmışdır. ''Azərbaycan kəlağayılarının təbliği'' layihəsi çərçivəsində kəlağayıdan bəhs edən konsert və sərgilərin təşkil olunmasında da əsas məqsəd milli atributlarımızdan olan, analarımızın ismət rəmzi sayılan kəlağayını, kəlağayı sənətini yaşatmaq, təbliğ etməkdir. Layihə rəhbəri Azərbaycanın müqəddəs atributlarından biri olan, analarımızın, nənələrimizin yaraşığı olan kəlağayı haqqında keçirilən  tədbirlərin sevgilərlə, heyranlıqla, alqışlarla qarşılandığından qürur duyduğunu dedi. O,  çıxışında kəlağayımıza dövlət səviyyəsində qiymət verildiyini, dünyada tanıdılması istiqamətində məqsədyönlü işlər görüldüyünü bildirdi. Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində və adət-ənənələrimizdə ən mühüm mədəniyyət nümunələrimizdən olan kəlağayının əvvəlki şan şöhrətini özünə qaytarmaq üçün təbliğinə böyük ehtiyac olduğunu vurğuladı. Daha sonra söylədi:

-2024-cü il Azərbaycan kəlağayısının beynəlxalq səviyyədə tanınmasının 10 illiyi qeyd olunur. Bu münasibətilə birliyimiz tərəfindən konsert proqramları və qədimi kəlağayıların sərgisini keçirərək, kəlağayımızı əvvəlki şan-şöhrətini özünə qaytarmaqla yanaşı yeniyetmə və gənclər arasında istifadəsini daha da artırmağa nail olmağa çalışırıq.

Sonra Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında ictimai, siyasi və humanitar məsələlər şöbəsinin məsləhətçisi Gülnar Quliyevaya söz verildi. O, öz çıxışında kəlağayımızın tarixindən, istifadə qaydalarından, istehsalından danışdı. O, qeyd etdi ki, bu gün gənclərimiz nənələrin yadigarı kəlağayımızı sevərək milli dəyər kimi istifadə edirlər. Əlbəttə ki, bu da azərbaycan kəlağayılarının təbliğinin nəticəsidi. Nənələrin kəlağayıları  sandıqdan azad olub qız - gəlinlərimizin yaraşığı olub.

AYB- nin Qazax filialının rəhbəri, Əməkdar İncəsənət Xadimi Barat   

Vüsal kəlağayının təbliğinin vacibliyindən geniş  söhbət açdı, nənələrimizin abır-ismət mücəssəməsi kəlağayının bu günə, bu gündən sabahlara ötürülməsinin önəmli olduğunu qeyd etdi.

Əməkdar mədəniyyət işçisi, aşıq Solmaz Kosayevaya çıxış edərək bildirib ki, kəlağayı milli adət-ənənələrimizdə əvəzsiz yeri olan baş örtüyüdür, xanımlarımızın qeyrət simvoludur. Onun təbliği, yaşadılması, gələcək nəsillərə ötürülməsi üçün  bu layihənin çox önəmli və vacib olduğunu bildirdi. Daha sonra ifası ilə tamaşaçıların könlünü oxşadı. 

Tədbirdə Mirvarid Dilbazi Poeziya Məclisinin üzvləri-  Brilyant Atəş, Mələk İsmayıl,  Güləndam Dağlarqızı kəlağayı haqqında yazdıqları şeirləri səsləndirdilər. Təqaüdçü müəllim Bəsti Ələkbərova, Qazax rayon MKS- nin Qazaxbəyli kənd kitabxana filial müdiri  Sevinc Alməmmədova, Tamella Poladlı, Qulu Xaləddinoğlu, Elman Yolçiyev  Rəhim Rəhimli kəlağayı 

haqqında xatirələrini, fikirlərini söyləyiblər..

 Aşıq Samir Qazaxlı, Ömər Nəsibov, Məhəmməd Əlivəliyev saz havaları ilə  tamaşaçılara xoş ovqat bəxş etdilər. Qazax rayon 2 saylı musiqi məktəbinin muğam üçlüyünün - tarda Pərvin Hüseynov, kamançada Nərmin Qurban, Samir Mehdizadənin ifası maraqla  qarşılandı.

 

 Kəlağayıdan bəhs edən Azərbaycan Respublikası Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Mirvarid Dilbazi Poeziya Məclisi" İctimai Birliyi tərəfindən hazırlanmış “Azərbaycan kəlağayısının təbliği” adlı konsert proqramında səslənən rəngarəng musiqi töhfələri, saz havaları, kəlağayı haqqında şeirlər tamaşaçılar tərəfindən sevgilərlə, alqışlarla qarşılandı. 

Sonda Güllü Eldar Tomarlı maddi dəstək üçün Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, təşkilatı dəstək üçün Qazax şəhər İcra Hakimiyyətinə, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinə, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri Barat Vüsala təşkilati dəstək üçün təşəkkürlərini bildirdi.

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2024)

 

Könül, “Ədəbiyyat və incəsənət”


Görkəmli bəstəkar və gözəl ədib…
Bu gün bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın anadan olmasının 84-cü ildönümü tamam olur.

Ruhəngiz Nağı qızı Qasımova 12 iyul 1940-cı ildə Bakıda anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbinin, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinin (professor Cövdət Hacıyevin sinfi üzrə) məzunu olub. Uzun müddət “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-də, “Azərbaycantelefilm”də səs rejissoru, bəstəkar kimi çalışıb.
Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olub. Simfonik, vokal-instrumental əsərlər, müxtəlif tamaşalara, kinofilmlərə musiqi bəstələyib. Ədəbi fəaliyyətlə də məşğul olub, hekayələri “Ədəbiyyat və incəsənət” qəzetində, “Azərbaycan”, “Ulduz” jurnallarında dərc olunub. “Babamın muzeyi” adlı kitabın müəllifidir. 

Ruhəngiz Qasımova 75 yaşında Yazıçılar Birliyinə üzv olub. Özünüzü daha çox bəstəkar, yoxsa yazıçı hesab edirsiniz sualına isə bəstəkar belə cavab verib: 
“Musiqi bəstələyəndən sonra yazı masama hücum çəkirəm. Nəsə yazıram, o da alınmayanda mahnı bəstələyirəm. 
Fikrət Qoca zəng edib təzə mahnı mətnlərini deyirdi. Bizim iş prinsipimiz çox orijinal idi. O bilirdi ki, mən makinadan çıxan mətnlə işləmirəm. Ya gərək əl yazısı olsun, ya da o diktə eləsin, mən əllə yazım. Hər gün mütaliə edirəm. İyirmi ildir “Soverşenno sekretno”, “Sobesednik” və başqa jurnallara abunəyəm. Hər gün krossvord edirəm, krossvord eləyəndə beyin itiləşir. Özü də mən bizim krossvordları xoşlamıram, çox bəsitdirlər. Nərd oynamağı xoşlayıram. Yoldaşımla nərd oynayırıq. Nəvəmlə şahmat oynayıram. Nərd üçün ölürəm. Cığal da deyiləm. Mən “azartnı” adamam. Riskə getməyi xoşlayıram. Xaricdə olanda mütləq kazinoya gedirəm və uduram da. Əlim gətirir. Belə oyunları oynayanda adamın içindən adrenalin çıxır.”

Azərbaycanda ilk dəfə çəkilmiş “Danışan işıqlar” cizgi filminin bəstəkarı, F.Qoca, B.Vahabzadə, M.Orucun və özünün şerləri əsasında çoxsaylı mahnıların, mahnı silsilələrinin (“Qarabağ bayatıları”, “Təbrizim”), səs ilə estrada-simfonik orkestri üçün “Xalqın səninlədir, zəfər sənindir” mahnısının və s. əsərlərin müəllifidir.
Tanınmış bəstəkar milli musiqi sənəti sahəsindəki nailiyyətlərinə görə 2005-ci ildə Azərbaycan Respublikasının “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.
Ruhəngiz Qasımova 2022-ci il oktyabrın 9-da Hon Konqda dünyasını dəyişib. Qızı orada yaşadığından həmişə gedib onu yoluxardı. Amma həmin il son gedişi oldu!
Ruhu şad olsun!

“Ədəbiyyat və incəsənət”
(12.07.2024)

Kənan Məmmədli, “Ədəbiyyat və incəsənər”

 

12 iyul türk dünyası üçün çox əlamətdar bir tarixdir. Xüsusən, türk mədəniyyəti üçün. 

Bu gün Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un yaradılmasının 31 ili tamam olur. 

 

Gəlin tarixə nəzər salaq. 

1993-cü il iyulun 12-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın mədəniyyət nazirlərinin iştirakı ilə Almatı şəhərində keçirilən toplantıda “Türk Kültür və Sənətləri Ortaq Yönətimi”nin (TÜRKSOY) yaradılması haqqında saziş imzalandı. Qurum 2009-cu ildən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı adlandı. Təşkilatın Katibliyi Ankara (Türkiyə) şəhərində yerləşir.

 

TÜRKSOY-un 6 qurucu üzv ölkəsindən savayı, Şimali Kipr Türk Cümhuriyyəti, eləcə də Rusiya Federasiyasının Altay, Başqırdıstan, Tatarıstan, Tıva, Xakasiya və Saxa-Yakut respublikaları, Moldovanın Qaqauz Yeri muxtar bölgəsi təşkilatda müşahidəçi üzvlük statusuna malikdir.

TÜRKSOY təşkilatı türkdilli xalqların sosial-mədəni oxşarlığının bir araya gətirilməsi, ortaq türk mədəniyyətinin, dilinin, tarixinin, incəsənətinin, adət-ənənələrinin, mədəni irsinin qorunması, araşdırılması, inkişaf etdirilməsi, dünyada tanıdılması və gələcək nəsillərə ötürülməsi məqsədilə qurulub. TÜRKSOY yarandığı gündən qardaş xalqların ortaq mədəniyyət çətiri altında söz və sənət dəyərlərimizi bir araya gətirərək təbliğ edir.

Təşkilatın fəaliyyəti hər il toplantıları keçirilən Mədəniyyət Nazirləri Daimi Şurası tərəfindən müəyyən olunur. Qurumun cari fəaliyyətinə baş katib rəhbərlik edir.

Azərbaycan Respublikasının Rusiyadakı səfiri, keçmiş mədəniyyət naziri, Xalq artisti Polad Bülbüloğlu 1993-cü ildən TÜRKSOY-un ilk baş katibi olub. Ondan sonra təşkilata Qazaxıstanın keçmiş mədəniyyət naziri, musiqi xadimi Düsen Kaseinov (2008-ci ildən) rəhbərlik edib. 2022-ci ilin martında Daimi Şuranın Bursada keçirilən toplantısında Qırğızıstanın keçmiş mədəniyyət naziri, bu ölkənin Xalq yazıçısı Sultan Raev TÜRKSOY-un üçüncü baş katibi seçilib.

TÜRKSOY-da Azərbaycanın nümayəndəsi isə Elçin Qafarlıdır.

Ötən 30 ildə TÜRKSOY ümumtürk mədəni irsinin təbliği və tanıdılması, türkdilli xalqlar, ölkə və diyarlar arasında mədəniyyət, incəsənət sahəsində əlaqələrin inkişaf etdirilməsi istiqamətində böyük işlər görüb, çoxsaylı layihələr həyata keçirib. Bu layihələrin bir çoxu ənənə halını alaraq hər il davam etdirilir.

TÜRKSOY bir sıra beynəlxalq qurumlarla, o cümlədən 1996-cı ildə müqavilə imzaladığı UNESCO ilə, habelə Türk Dövlətləri Təşkilatı, Beynəlxalq Türk Akademiyası, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə sıx əməkdaşlıq edir.

Azərbaycan təşkilatın fəaliyyətində yaxından iştirak edir. TÜRKSOY ölkəmizlə bağlı çoxsaylı birgə layihələr həyata keçirib. Təşkilatın “Türk dünyasının mədəniyyət paytaxtı” layihəsi iki dəfə Azərbaycanda reallaşır. 2016-cı ildə bu adı Şəki şəhəri daşımışdı. 2023-cü ildə də “Türk dünyasının mədəniyyət paytaxtı” missiyasını Şuşa şəhəri davam etdirib. Ötən il, həmçinin TÜRKSOY Daimi Şurasında dönəm koordinatorluğunu Azərbaycan həyata keçirib.

Hər il təşkilatın digər üzvləri kimi, Azərbaycanın da görkəmli mədəniyyət, ədəbiyyat xadimlərinin adına TÜRKSOY-un xatirə ili elan olunur.

Onu da xatırıadaq ki, ötən ilin sonunda Şuşada TÜRKSOY tərəfindən türk dünyasının mədəniyyəti təbliğ edən ən yaxşı media nümayəndələri mükafatlandırılarkən Azərbaycan təmsilçisi olaraq məhz “Ədəbiyyat və incəsənət” portalı mükafat qazanıb.

İldönümün mübarək, TÜRKSOY! 

 

Qapaq şəklində: TÜRKSOY-un 30 illiyi qeyd edilərkən.

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2024)

İyulun 12-də Belarus Respublikasında "Slavyan Bazarı Vitebskdə" XXXIII Beynəlxalq İncəsənət Festivalı çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin mədəniyyət nazirlərinin görüşü keçirilib. Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tədbirdə iştirak edib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, görüşdə çıxış edən nazir Adil Kərimli Belarus Respublikasını bu yaxınlarda ŞƏT-ə tamhüquqlu üzv olması münasibətilə təbrik edib.

2016-cı ildə Azərbaycan və ŞƏT arasında memorandum imzalandığını xatırladan A. Kərimli qeyd edib ki, bu mühüm təşkilat kontekstində mədəniyyətin inkişafı bizim üçün böyük əhəmiyyət kəsb edir.

Vurğulanıb ki, bu il iyulun 4-də Astanada keçirilən ŞƏT-in sammitində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirak etməsi ölkəmizin bu təşkilat çərçivəsində əməkdaşlığı dərinləşdirmək niyyətini bir daha nümayiş etdirib.

“Biz ŞƏT-də dialoq üzrə tərəfdaş statusumuzu yüksək qiymətləndirir və müxtəlif sahələrdə, o cümlədən mədəniyyət, təhsil, elm və digər sahələrdə əməkdaşlığı dərinləşdirməyə çalışırıq. Məqsədimiz təkcə əlaqələri gücləndirmək deyil, həm də davamlı inkişafı dəstəkləmək üçün mövcud potensialdan istifadə etməkdir”, – deyə nazir bildirib.

Adil Kərimli onu da diqqətə çatdırıb ki, bu il ərzində Azərbaycanda Belarus, Qırğız Respublikası, Tacikistan və Rusiya Federasiyasının mədəniyyət günləri, eləcə də Özbəkistanda Azərbaycanın mədəniyyət günləri təşkil olunub.

2024-cü ilin noyabr ayında Azərbaycanın BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi edəcəyini deyən nazir bildirib ki, bu mötəbər tədbirin mədəni gündəliyi də var. COP29 çərçivəsində mədəniyyət nazirlərinin görüşü nəzərdə tutulub. Bu görüş, həmçinin iqlim dəyişikliyinin mədəni irsə mənfi təsirinin müzakirəsi üçün mühüm bir fürsət olacaq.

Qeyd edək ki, “Slavyan Bazarı Vitebskdə” festivalında ŞƏT ölkələrinin milli mədəniyyət günü keçirilir. Mədəniyyət günü iyulun 12-də Vitebskin Qələbə meydanında “ŞƏT ilə birlikdə sülh və yaradıcılıq naminə” adlı konsertlə başlayıb. Tədbirə təşkilata üzv ölkələrin nümayəndə heyətləri də qatılıb.

Şanxay Əməkdaşlıq Təşkilatının əsası 2001-ci ildə qoyulub. Hazırda Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Pakistan, Hindistan, Belarus təşkilatın tamhüquqlu üzvləridir. Bir sıra ölkələr təşkilatda müşahidəçi statusuna, habelə dialoq üzrə tərəfdaş statusuna malikdir. Azərbaycan 2016-cı ildən ŞƏT-lə dialoq üzrə tərəfdaş statusunda fəal əməkdaşıq edir.

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2024)

Milli Azərbaycan Tarixi Muzeyi və Polşa Respublikasının ölkəmizdəki Səfirliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanması məqsədi ilə görüş keçirilib.

 

Muzeydən AzərTAC-a bildirilib ki, görüşdə muzeyin elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru, dosent Fərhad Cabbarov, Polşanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Rafal Poborski, səfirin müşaviri Mixal Qretzilo, səfirliyin əməkdaşı Katarzina Piaseçka, muzeyin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova və həmin şöbənin böyük elmi işçisi Fuad Ağayev iştirak ediblər. Tədqiqatçı alim Fərhad Cabbarov qonaqları muzeydə yenidən görməkdən məmnunluğunu bildirib və hər iki ölkənin tarixi əlaqələrindən danışıb.

 

Sonra tanınmış polşalı memar Yuzef Qoslavskinin vəfatının 120-ci il dönümünə həsr olunacaq sərginin muzeydə təşkili ilə bağlı razılaşma Memorandumu imzalanıb.

 

Qeyd edək ki, sərgidə Yuzef Qoslavskinin vaxtilə Bakıda layihələndirdiyi məşhur binaların 3D formatında təqdimatı, eyni zamanda polşalı memarın həyat və yaradıcılığına aid arxiv sənədləri (və ya onların surətləri), xüsusən də Bakıdakı fəaliyyət ilə bağlı mətn və vizual materialları yer alacaq.

 

Razılaşma ilə bağlı fikir mübadiləsindən sonra qonaqlar muzeyin yeni ekspozisiyası ilə tanış olublar. Ekspozisiyada nümayiş olunan nadir eksponatlar Səfirin marağına səbəb olub.

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2024)

Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) postprodakşn mərhələsində olan filmlərə dəstək müsabiqəsinin nəticələrini açıqlayıb.

 

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına ARKA-dan məlumat verilib.

 

Məlumata görə, cari ilin may ayında ARKA postprodakşn mərhələsində olan film layihələrinin tamamlanma işlərinin dəstəklənməsi üzrə müsabiqə elan etmişdi. Ölkədə film istehsalının stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, müstəqil prodüser mərkəzləri və müvafiq sahədə fəaliyyət göstərən digər şəxslər arasında rəqabət qabiliyyətinin artırılması və birgə film istehsalının dəstəklənməsi məqsədi ilə həyata keçirilən müsabiqə yekunlaşıb. Tammetrajlı bədii və sənədli, qısametrajlı bədii, sənədli və animasiya filmləri kateqoriyasında keçirilən müsabiqəyə ümumilikdə 9 layihə müraciət edib. Bədii Şura tərəfindən dəyərləndirilən 6 layihəyə dövlət dəstəyi verilməsi qərara alınıb.

 

Qeyd edək ki, ölkədə ilk dəfədir postprodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsi keçirilir. Azərbaycan Respublikası Kino Agentliyi film layihələrinə dövlət dəstəyi məqsədilə ilboyu müsabiqələr keçirməyə davam edəcək.

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2024)

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

SUAL

Aysel xanım, "Darıxan şeirlər" yenə darıxırmı, yoxsa, sözləri sinəsinə sıxıb dərdi ovudur?

 

CAVAB

Aysel də, şeirləri də hər zaman darıxır ... Həssas duyğuları  kövrək hisslərlə ilmələdikcə kədər də sözlərin sinəsində ovunaraq misralara sığınır.

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2024)

Rubrikanı Könül aparır. 

 

“Ədəbiyyat və incəsənət” portalının Azərbaycan Milli Kulinariya Assosiasiyası ilə birgə layihəsində sizlərə hər dəfə İrəvan mətbəxindən nümunələr təqdim edirik. Bu nümunələr Azərbaycanın bu sahə üzrə tanınmış mütəxəssisi, əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, kulinar Tahir Əmiraslanovun gərgin əməyi nəticəsində ortaya çıxmışdır. 

 

Bu gün sizlərə Qat-qat xəmirdə balıq boğçasının hazırlanma qaydasını təqdim edəcəyik.

 

 DÜSTUR 

§ Ala qızılbalıq filesi – 120 qr

§ Limon suyu – 10 qr

§ Qat-qat xəmir – 100 qr

§ Mərzə qurusu – 3 qr

§ Duz – 4 qr

 

HAZIRLANMASI:

Əvvəlcə balığın filesi 60 qramlıq kvadrat tikələrə doğranır, sonra duz, istiot, limon suyu, mərzə vurulur və basdırma olunur. Qat-qat xəmir yayılır və balığın ölçüsündən bir az kiçik,

kvadrat şəklində kəsilir, boğça şəklində bükülür. 180°C-də əvvəlcədən qızdırılmış sobaya (kürəyə, təndirə) qoyulur və 20-25 dəqiqə ərzində bişirilir. Hazır olduqda hər paya 2 ədəd olmaqla boşqaba çəkilir. Üzəri limon, giləmeyvələrlə bəzənir və süfrəyə verilir.

QEYD: Bu xörək sobada, közdə bişirilmiş meyvələrlə də verilə bilər.

 

Nuş olsun! 

 

“Ədəbiyyat və incəsənət”

(12.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.