BAKIDAN HON KONQA - Ruhəngiz Qasımovanın doğum gününə Featured

 

Könül, “Ədəbiyyat və incəsənət”


Görkəmli bəstəkar və gözəl ədib…
Bu gün bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın anadan olmasının 84-cü ildönümü tamam olur.

Ruhəngiz Nağı qızı Qasımova 12 iyul 1940-cı ildə Bakıda anadan olub. Asəf Zeynallı adına Musiqi Məktəbinin, Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinin (professor Cövdət Hacıyevin sinfi üzrə) məzunu olub. Uzun müddət “Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri” QSC-də, “Azərbaycantelefilm”də səs rejissoru, bəstəkar kimi çalışıb.
Azərbaycan Bəstəkarlar İttifaqının üzvü olub. Simfonik, vokal-instrumental əsərlər, müxtəlif tamaşalara, kinofilmlərə musiqi bəstələyib. Ədəbi fəaliyyətlə də məşğul olub, hekayələri “Ədəbiyyat və incəsənət” qəzetində, “Azərbaycan”, “Ulduz” jurnallarında dərc olunub. “Babamın muzeyi” adlı kitabın müəllifidir. 

Ruhəngiz Qasımova 75 yaşında Yazıçılar Birliyinə üzv olub. Özünüzü daha çox bəstəkar, yoxsa yazıçı hesab edirsiniz sualına isə bəstəkar belə cavab verib: 
“Musiqi bəstələyəndən sonra yazı masama hücum çəkirəm. Nəsə yazıram, o da alınmayanda mahnı bəstələyirəm. 
Fikrət Qoca zəng edib təzə mahnı mətnlərini deyirdi. Bizim iş prinsipimiz çox orijinal idi. O bilirdi ki, mən makinadan çıxan mətnlə işləmirəm. Ya gərək əl yazısı olsun, ya da o diktə eləsin, mən əllə yazım. Hər gün mütaliə edirəm. İyirmi ildir “Soverşenno sekretno”, “Sobesednik” və başqa jurnallara abunəyəm. Hər gün krossvord edirəm, krossvord eləyəndə beyin itiləşir. Özü də mən bizim krossvordları xoşlamıram, çox bəsitdirlər. Nərd oynamağı xoşlayıram. Yoldaşımla nərd oynayırıq. Nəvəmlə şahmat oynayıram. Nərd üçün ölürəm. Cığal da deyiləm. Mən “azartnı” adamam. Riskə getməyi xoşlayıram. Xaricdə olanda mütləq kazinoya gedirəm və uduram da. Əlim gətirir. Belə oyunları oynayanda adamın içindən adrenalin çıxır.”

Azərbaycanda ilk dəfə çəkilmiş “Danışan işıqlar” cizgi filminin bəstəkarı, F.Qoca, B.Vahabzadə, M.Orucun və özünün şerləri əsasında çoxsaylı mahnıların, mahnı silsilələrinin (“Qarabağ bayatıları”, “Təbrizim”), səs ilə estrada-simfonik orkestri üçün “Xalqın səninlədir, zəfər sənindir” mahnısının və s. əsərlərin müəllifidir.
Tanınmış bəstəkar milli musiqi sənəti sahəsindəki nailiyyətlərinə görə 2005-ci ildə Azərbaycan Respublikasının “Əməkdar incəsənət xadimi” fəxri adına layiq görülüb.
Ruhəngiz Qasımova 2022-ci il oktyabrın 9-da Hon Konqda dünyasını dəyişib. Qızı orada yaşadığından həmişə gedib onu yoluxardı. Amma həmin il son gedişi oldu!
Ruhu şad olsun!

“Ədəbiyyat və incəsənət”
(12.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.