Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) postprodakşn mərhələsində olan filmlərə dəstək müsabiqəsinin nəticələrini açıqlayıb.
Bu barədə “Ədəbiyyat və incəsənət” portalına ARKA-dan məlumat verilib.
Məlumata görə, cari ilin may ayında ARKA postprodakşn mərhələsində olan film layihələrinin tamamlanma işlərinin dəstəklənməsi üzrə müsabiqə elan etmişdi. Ölkədə film istehsalının stimullaşdırılması və səmərəliliyinin yüksəldilməsi, müstəqil prodüser mərkəzləri və müvafiq sahədə fəaliyyət göstərən digər şəxslər arasında rəqabət qabiliyyətinin artırılması və birgə film istehsalının dəstəklənməsi məqsədi ilə həyata keçirilən müsabiqə yekunlaşıb. Tammetrajlı bədii və sənədli, qısametrajlı bədii, sənədli və animasiya filmləri kateqoriyasında keçirilən müsabiqəyə ümumilikdə 9 layihə müraciət edib. Bədii Şura tərəfindən dəyərləndirilən 6 layihəyə dövlət dəstəyi verilməsi qərara alınıb.
Qeyd edək ki, ölkədə ilk dəfədir postprodakşn mərhələsində olan film layihələrinə dəstək müsabiqəsi keçirilir. Azərbaycan Respublikası Kino Agentliyi film layihələrinə dövlət dəstəyi məqsədilə ilboyu müsabiqələr keçirməyə davam edəcək.
“Ədəbiyyat və incəsənət”
(12.07.2024)