Super User
DƏVƏBOYNU DAĞI - “Qərbi Azərbaycan əfsanələri” silsiləsindən
Zahirə Cabir, “Ədəbiyyat və incəsənət” üçün
Çox-çox illər bundan qabaq gözəl, sıx meşəsi olankənddə kasıb bir odunçu yaşayırdı. O, hər gün ağackəsib, odun eləmək üçün meşəyə gedərdi. Bir gün yenəsəhər baltasını, ipini götürüb meşəyə getməyəhazırlaşdı. Arvadı torbasına bir parça çörək, pendir vəbir bardaq da su qoydu.
Odunçu bütün günü meşəni gəzdi. Meşənin dərin, sıx bir yerində palıd ağacı ilə rastlaşdı. O, qüdrətli, qocapalıd ağacına baxıb:
“Bu palıddan yaxşı odunlar çıxar”- deyə düşündü.
Odur ki, qoca palıd ağacına yaxınlaşıb baltasını çıxarıbyellədi. Sanki, ağacı bir zərbə ilə aşıracaqdı. Baltanıağacın gövdəsinə vurmaq istəyəndə çox kədərli bir səseşitdi. Ağac mələyə döndü və qarşısında əlində baltatutmuş odunçuya dedi:
- Məni kəsmə. Mənim kölgəmdə nə qədər insanlardincəlir, mənimlə dərdləşir, bölüşürlər.
Odunçu heyrətləndi və ağzını açıb bir söz deyəbilmədi. Nəhayət özünə gəlib dedi:
- Narahat olma. Səni kəsmərəm.
“Çox sağ ol, əziz insan. Sənə təşəkkür edirəm. Yaxşılığıvın əvəzində sənin üç arzunu yerinəyetirəcəyəm.”- mələk üzlü palıd razılıqla başınıtərpətdi.
Odunçu çox üzgün, yorğun halda evə qayıtdı. Yol boyubaşına gələnləri xatırladı, heyrətləndi, gördüklərindənhələ də özünə gələ bilməmişdi. Nəhayət evə çatdı. Fikrində yalnız bir şey var idi: oturub dincəlmək. Gördüklərinin bir yuxu olduğuna özünü inandırmaq. Kətilin üstündə oturdu. Az sonra başına gələnləriarvadına söylədi. Arvadı heç bir söz demədən kişininhavalandığını zənn etdi. Heç bir söz demədən oradanuzaqlaşdı. Odunçu çox acımışdı, şam yeməyinə isəxeyli vaxt var idi.
- Şam yeməyinə nə bişirmisən? – deyə arvadındansoruşdu.
“Heç nə bişirməmişəm. gözləyirdim ki, sən odun satıbbazardan ayın-oyun alıb gətirəsən, mən də bişirim. Səndə ki…” arvadı səsini qaldırdı.
- Eh! – odunçu ah çəkdi: “Kaş ki, indi bir qazan ətlişorba, bir də təndir çörəyi olardı. Doyunca yeyərdim.”
Elə bunu demişdi ki, birdən qarşısında süfrə açıldı, üstündə bir qazan ətli şorba ilə çörək hazır oldu. Odunçunun sevincdən gözləri bərəldi. Arvadı isətəəccübündən yerə yıxıldı. Sonra özünə gəlib:
- Bu nədir? - deyindi. - Sən necə də axmaqsan! Deyəbilmirdin ki, bizə bir ulağ lazımdır ki, odunu belinəşəlləyib bazara aparasan!
Odunçu avradına deməyə bir söz, gözlərini qırpmağavaxt tapmamışdı ki, doqqazdan ulağın anqırtı səsigəldi. Əyri boyun ulağ qapını təpiklə açıb evə daxiloldu. Gəlib odunçunun düz qarşısında durdu.
Arvadı ulağa baxıb:
- Bu necə eşşəkdir. Boynu lap dəvəyə oxşayır. Beləeşşək olmaqdansa daşa gönsün.
Bunu eşidən ulağ ildırım sürətilə evdən çıxdı. Odunçuonun dalınca qacdı. Dəvə boyunlu eşşək palıd ağacınatərəf gəlib ona nəsə deyib uzaqlaşdı, sonra gözdən itdi. Gözdən itdiyi yerdəcə daşlaşdı, böyük bir dağ əmələgəldi. Dağ dəvənin boynunu xatırladırdı. İnsanlarsonralar bu dağı dəvəboynu dağı adlandırdılar.
Dəvəboynu dağı Zəngəzur mahalının Qarakilsərayonu ərazisində yerləşir. Ən hündür zirvəsi 3594 m-dir.
“Ədəbiyyat və incəsənət”
(11.07.2024)
GÜLÜŞ KLUBUda şahmat
Sərtyel, “Ədəbiyyat və incəsənət”
1.
Əgər qaranlıq küçədə üç nəfər tapança çıxarıb sizi soymaq istəyirsə siz təslim olmayın. Çünki Azərbaycan Respublikasının Konstitusiyasına görə əmlakı insandan yalnız məhkəmə qərarı ilə almaq olar.
2.
Tik-tokla yutubun fərqli bilirsən nədədir? Tik-tokda kiçik boşlayırlar, yutubda böyük.
3.
Beynəlxalq Şahmat Federasiyasına - FİDE-yə qaradərili şəxsi prezident qoydular. Bundan sonra şahmatda ilk gedişi ağlar deyil, qaralar edəcəklər.
4.
Doğum Evinin həyətinə yüksək sürətlə daxil olan cipin sürücüsü maşını tormozlayıb cəld düşür, ətrafdakı ağ xalatlılara “cəld xərək gətirin, hamilə gətirmişəm” söyləyərək dal qapını açır və…
…hirslə deyir:
-Tfu, arvadı unudub evdə qoymuşam.
5.
-Üçüncü kursdan qovuldum. Gedib pulla diplom aldım. İndi həmkurslarım arasında yeganə adamam ki, diplom üzrə işləyirəm.
-Ümid edirəm, həkim deyilsiniz.
“Ədəbiyyat və incəsənət”
(11.07.2024)
Gənc rəssamların “Sehrli dünyamız” adlı sərgisi açılıb
Bakıdakı Rus evində bir çox respublika müsabiqəsinin laureatları, gənc rəssamlar Leyli, Sərhad və Fərrux Burzunun “Sehrli dünyamız” adlı sərgisi açılıb.
AzərTAC xəbər verir ki, tədbirin aparıcısı və kuratoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) baş müəllimi Alyona İnyakina, təsviri incəsənət müəllimi, gənc rəssamların pedaqoqu Səbinə Ağasıyeva, eləcə də Fərhad Burzu sərginin açılışında iştirak ediblər.
Sərgidə tamaşaçılara müxtəlif janr və mövzularda 30-dan çox əsər təqdim olunub. Həmçinin tədbirə gələn qonaqlar Leyli və Fərrux Burzunun, BMA-nın studiya məktəbinin tələbələri Leyla və Cəmilə Yolçuzadənin, eləcə də BMA-nın baş müəllimi Sevda Yolçuyevanın ifasında Azərbaycan, rus və xarici bəstəkarların əsərlərindən ibarət xüsusi hazırlanmış musiqi proqramı ilə tanış olublar.
“Ədəbiyyat və incəsənət”
(11.07.2024)
Hacı Zeynalabdin Tağıyev haqqında film Kanadada fəxri mükafata layiq görülüb
Azərbaycanın tanınmış xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevdən bəhs edən “100 il şərəfli ömür” filmi Kanadanın Toronto şəhərində keçirilən “WideScreen Film & Music Video” festivalında “Fəxri Ad” mükafatına layiq görülüb.
AzərTAC xəbər verir ki, festivala dünyanın fərqli mədəniyyətlərinin tanıdılması mövzusunda çəkilmiş filmlər qəbul edilir.
Ekran əsərinin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov bildirib ki, filmin çəkilməsində əsas məqsəd Hacı Zeynalabdin Tağıyevi geniş coğrafiyada tanıtmaq, həm də onun timsalında ölkəmiz haqqında insanlara geniş məlumatlar verməkdir.
Festivalda “İkinci Ömür” tammetrajlı bədii filmin ssenarisi də “Fəxri Ad” mükafatına layiq görülüb.
“Ədəbiyyat və incəsənət”
(11.07.2024)
POETİK QİRAƏTdə Əlizadə Nurinin “Sənə gül atdılar, mənə də güllə...” şeiri
Təqdim edir: Könül, “Ədəbiyyat və incəsənət”
Poetik Qiraətdə bu gün yenə də Əlizadə Nuridir, bu dəfə “Sənə gül atdılar, mənə də güllə...” şeiri ilə.
Yenə də təəccübləndirir, heyrətləndirir şair.
“Çəkib öz komama gətirdim bu gün,
Qorxdum ki, bayırda darıxacaq qəm.
Qəmi övladlığa götürdüm bu gün
Onu balam kimi böyüdəcəyəm...”
Gözəl poetik bənzətmədir, deyilmi?
Xoş mütaliələr!
Sənin ayrılığın hər yanı tutub,
Dünyanı gözümdən salıb həsrətin.
Mənə göndərdiyin bu son məktubu
,,Qara kağız" kimi oxumaq çətin...
Üşüyən çöllərin od-ocağı yox,
Bir yandan fevral da gəlir qarıyla.
O yetim uşağın oyuncağı yox
O uşaq oynayır göz yaşlarıyla...
...Çəkib öz komama gətirdim bu gün,
Qorxdum ki, bayırda darıxacaq qəm.
Qəmi övladlığa götürdüm bu gün
Onu balam kimi böyüdəcəyəm...
Biz hara gedirik bu boş könüllə,
Bir ayın içində ayrı həftəyik.
Sənə gül atdılar, mənə də güllə-
Yaxşı ki, ikimiz bir hədəfdəyik...
Əsən ayrılıqdır, yel deyil əsən,
Bu bəxti tikməyə mənə sap verin.
Niyə əllərini qoyub getmisən
Səni soruşanda nə cavab verim?!..
“Ədəbiyyat və incəsənət”
(11.07.2024)
“Tütək səsi”, Ad günü”, “Təhminə”…- BU GÜN RASİM OCAQOVUN ANIM GÜNÜDÜR
Kənan Məmmədli, “Ədəbiyyat və incəsənət”
Biz onun filmləri ilə böyümüşük. Tərbiyə almışıq, dərs almışıq, pis və yaxşı keyfiyyətləri seçməyi öyrənmişik.
Söhbət görkəmli kinorejissor, Dövlət mükafatı laureatı, Xalq artisti Rasim Ocaqovdan gedir. Bu gün onun anım günüdür, vəfatından 18 il ötür.
Rasim Ocaqov 1933-cü il noyabrın 22-də Şəkidə anadan olub. Həvəskar fotolar çəkən, gələcəkdə geoloq olmaq istəyən Rasim Ocaqovun kinoya gəlişi təsadüfən alınıb. Bir dəfə Şəkiyə sənədli film çəkən qrup gəlir. Bu vaxt fotoqrafiya ilə ciddi məşğul olan Rasim peşəkarların işləri ilə tanışlıq imkanı əldə edir. Möcüzəli kino aləmi onu özünə elə cəlb edir ki, gənc fotoqraf bu sənəti dərindən öyrənməyi qərara alır. Orta məktəbi bitirdikdən sonra Moskvaya gedərək orada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsinə daxil olub. O, 1956-cı ildə təhsilini başa vurub, 1961-1967-ci illərdə isə Azərbaycan Dövlət Teatr İnstitutunda rejissorluq fakültəsində təhsil alıb.
Dünya kinematoqrafiyasının ənənələrindən ustalıqla faydalanmış sənətkar kimi Rasim Ocaqovun yaradıcılıq yolu milli kino mədəniyyəti tarixində ayrıca bir mərhələdir. Ölkəmizdə kinooperator sənətinin zəngin imkanlarının üzə çıxarılması və təkmilləşdirilməsində onun əməyi təqdirəlayiqdir. Operator işi və sənətkarlıq cəhətdən maraqlı kinofilmlərin çəkilişində novator üsul və metodlardan bacarıqla istifadə edən Rasim Ocaqov mədəniyyətimizin incilərindən sayılan bir çox kino və televiziya filmlərinin ustalıqla yaradılmasına nail olub.
Əmək fəaliyyətinə 1956-cı ildə “Azərbaycanfilm” kinostudiyasında quruluşçu-operator kimi başlayan Rasim Ocaqov burada müxtəlif vəzifələrdə çalışıb. İlk dəfə operator kimi “Bir məhəlləli iki oğlan” filmini lentə alıb. Sumqayıt metallurqlarının həyatından bəhs edən “Onun böyük ürəyi” filmi R.Ocaqovun ilk sərbəst işi olub. Bu ağır peşə adamlarının ekran həyatı operatorun kamerası ilə romantik və cəzbedici bir formaya salınıb. Bundan sonra lentə aldığı “Əsl dost”, “Bizim küçə”, “Mən rəqs edəcəyəm”, “Sən niyə susursan?” və “Skripkanın sərgüzəşti” filmlərində Rasim Ocaqov Azərbaycan kinosunda operatorluq sənətinin ən layiqli nümunələrini yaradıb.
Azərbaycan kinematoqrafiyasında istedadlı kinooperator kimi şöhrət qazanmış Rasim Ocaqov ötən əsrin 70-ci illərindən etibarən rejissorluq sahəsində fəaliyyət göstərməyə başlayıb. Rejissor kimi ilk işi yarımçıq qalmış “Gəncəbasarlı qisasçı” filmini tamamlamaq olub. Bu tarixi-qəhrəmanlıq janrında çəkilən filmin ssenarisini yenidən işləyib. Qatır Məmmədin obrazını isə görkəmli aktyor Şahmar Ələkbərova tapşırıb. Onun növbəti rejissor işi “Tütək səsi” filmi olub. Ekran əsəri öz orijinal səhnələri, çəkiliş manerası, mövzunun bədii həlli baxımından Azərbaycan kinosuna xeyli yeniliklər gətirib. Bundan sonra çəkdiyi "Ad günü", "Bağlı qapı", "Özgə ömür", "Park", "Ölsəm bağışla", "Həm ziyarət, həm ticarət" və "İstintaq" filmlərində R.Ocaqov müasirlərinin əsl obrazını yaratmaqla tamaşaçıları ətrafa diqqətlə yanaşmağa, cəmiyyətdə baş verən mənfi hallara göz yummamağa çağırıb.
Onun çəkdiyi həqiqi sənət nümunələri Azərbaycan kinematoqrafiyasının qızıl fonduna daxildir. Məzmun rəngarəngliyi, fəal vətəndaşlıq mövqeyi və müasirlik duyğusu ilə yanaşı, obrazların incə psixologizmi və hadisələrin həyatiliyi Rasim Ocaqov sənətinin əsas cəhətlərini təşkil edib.
Dövrün ab-havasını Azərbaycan kinosuna gətirən və bu filmlərdə insanın milli təfəkkürünü, dünyagörüşünü formalaşdıran, ona emosionallıq, vətənpərvərlik kimi hissləri aşılayan filmlərlə böyük bir auditoriyanın məhəbbətini qazanıb. Bu filmlərdə böyük rejissor Azərbaycan kino sənətinin tanınmış simaları ilə çalışaraq onların potensial gücünü ortaya çıxarıb, sənət meyarları baxımından çox yüksəkdə duran ekran əsərlərini yarada bilib. Rasim Ocaqov, həqiqətən də Azərbaycan kinosunda elə bir zirvədə dayanan sənətkarlar sırasındadır ki, onun filmləri zamanla cəmiyyət arasında bir yaxınlıq yaradıb, insan psixologiyasının dərin qatlarına toxunaraq onun düşünməsinə, həyatın fəlsəfəsini dərk etməsinə gətirib çıxarıb.
Rasim Ocaqovun müstəqilliyimizin ilk dövrlərində çəkdiyi “Qətldən 7 gün sonra”, “Təhminə”, “Həm ziyarət, həm ticarət”, “Otel otağı” və digər filmləri milli zəmində lentə alınmış sənət nümunələridir. Bu filmlərdə Rasim Ocaqovun fikir dünyası ilə ssenarist arasında olan yaxınlıq özünü büruzə verir. Sözsüz ki, Rasim Ocaqov bu filmlərdə müasir prizmadan cəmiyyətin əxlaq normalarına, milli-mənəvi dəyərlərinə yanaşaraq, azərbaycançılıq nöqteyi-nəzərindən onları tərbiyə etməyə çalışıb.
Rasim Ocaqovun böyük operatorluq və rejissorluq məharəti sənətkara ölkəmizin hüdudlarından kənarda da şöhrət gətirib. Onun yaratdığı kino və televiziya filmləri ayrı-ayrı kinofestivallarda mədəniyyətimizi yüksək səviyyədə təmsil edərək müxtəlif təltiflərə layiq görülüb, sənətşünaslar və tamaşaçılar tərəfindən daim böyük rəğbətlə qarşılanıb.
Görkəmli kinorejissorun milli kino mədəniyyətinin inkişafı sahəsindəki xidmətləri dövlətimiz tərəfindən hər zaman yüksək qiymətləndirilib. O, müxtəlif illərdə bir sıra dövlət mükafatlarına və fəxri adlara layiq görülüb, müstəqil Azərbaycanın ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilib.
Rasim Ocaqov yaradıcılığının bütün dövrlərində sənətə çox ciddi yanaşıb, müxtəlif insan talelərinin peşəkarlıqla işıqlandırılmasına çalışaraq, fərdin cəmiyyətdəki rolunu, onun rast gəldiyi təsadüfləri, eləcə də insanların taleyində baş qaldıran acınacaqlı hadisələri rejissor gözü ilə süzgəcindən keçirib, ideal insan obrazlarını çox təbii və inandırıcı bir şəkildə ortaya qoya bilib.
R.Ocaqov 2006-cı il iyulun 11-də Bakıda dünyasını dəyişib.
Ruhu şad olsun!
“Ədəbiyyat və incəsənət”
(11.07.2024)
Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri elan olunub
Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə 2024–2025-ci tədris ili üçün qəbul imtahanlarının nəticələri elan olunub. İmtahanın nəticələri barədə namizədlərə “MyCulture” vahid şəxsi kabinet (my.culture.az) və elektron poçt vasitəsilə müvafiq bildirişlər göndərilib.
“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, namizədlər vətəndaş məmnunluğunun və məlumatlandırma səviyyəsinin yüksəldilməsi məqsədilə alternativ kimi yaradılmış https://imtahan.culture.az resursuna daxil olaraq imtahan nəticəsi ilə bağlı məlumat əldə edə bilərlər.
Mayın 6-dan 31-dək davam edən elektron qeydiyyat mərhələsi zamanı musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul olmaq istəyən 16 280 nəfərin müraciəti “my.culture.az” vahid şəxsi kabinet vasitəsilə qeydə alınıb. Müraciət edənlərin 12 196 nəfəri, yəni 75 faizi bu imtahanlarda uğurlu nəticə əldə edərək musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul olunub. İmtahan nəticələrinə görə, ödənişsiz yerlərə qəbul olunanların sayı 9 428, ödənişli yerləri qazananların sayı isə 2 768 olub.
Bu il məktəblərə qəbul olunan şagirdlərin sayı ötən illə (10 215) müqayisədə, 2 000 nəfərə yaxın daha çoxdur.
Uğurlu nəticə göstərmiş şagirdlər avqustun 15-dək elektron qəbul prosesini öz şəxsi kabinetləri vasitəsilə tamamlamalıdır. Bunun üçün istifadəçi “my.culture.az” vahid şəxsi kabinetinə daxil olub, "Təhsilalanların yerləşdirilməsi” bölməsindən zəruri məlumatları əlavə etməklə və tələb olunacağı təqdirdə təhsil haqqını müvafiq qaydada ödəməklə qəbul prosesini tamamlayır. İmtahan nəticələri ilə bağlı apellyasiya müraciətlərinə iyulun 15-dən 17-dək baxılacaq.
Qeyd edək ki, mədəniyyət sahəsində islahat tədbirlərinin əsas məramı şəffaf və effektiv idarəetmə, rəqəmsal həllərin tətbiqi və vətəndaş məmnuniyyətinin təmin olunmasıdır. Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul prosesi “e-Culture” rəqəmsal inkişaf strategiyası çərçivəsində icra olunur ki, bu da çevik və birbaşa kommunikasiya və şəffaflığın təmin olunmasında vacib əhəmiyyət daşıyır.
“Ədəbiyyat və incəsənət”
(11.07.2024)
“Havanı təmizləmək istəyirik, qəlbimizi isə çirkləndiririk” -CORC KARLİN
Təqdim edir: Aida Eyvazlı, “Ədəbiyyat və incəsənət”
Tanınmış amerikalı satirik, iti söz ustadı Corc Karlin həyat yoldaşı öldükdən sonra belə qeydlər yazmışdı. Bu qeydləri dünyanın hər yerində oxuyurlar. Düşündüm ki, portalımızın oxucuları da oxusular yaxşı olar.
Məhəbbət üçün vaxt ayırın, söhbət etməyə vaxt ayırın, öz həyatınızda baş verən bütün yaxşı və pis anlarınızı sevdiyinizlə, ana-atanızla, doğmalarınızla bölüşməyə vaxt ayırın ki, sonra həmin doğmanız yanınızda olmayanda peşiman olmayasınız, deməyəsiniz ki, kaş ki... son dəfə nə düşündüyünü biləydim...
Bizim zəmanəmizin paradoksu odur ki, biz yüksək səviyyələrə malik olmadığımız halda, çox səbirsizlik edib, geniş magistrallara kiçik gözlüklərdən baxırıq. Az qazandığımız halda çox xərcləyirik, alılcılıq qabiliyyətimiz yüksək, bunun əksi olaraq sevincimiz azdır. Böyük imarətlər, evlər tikib orada kiçik ailəmizlə, 1 və ya iki uşağımızla yaşayırıq, gözəl şərait yaradıb, orada səmərəli yaşamağa vaxt tapmırıq. Ən yüksək səviyyəli təhsilə malik olduğumuz halda, düşünmək qabiliyyətimiz yoxdur, çoxalmış ekspertlərin içərisində baş verən hadisələri qədərincə qiymətləndirə bilənləri çox azdır, özümüz üçün problemlərin sayını artırırıq, ən yaxşı tibbi qururuq, lakin xəstəliklərdən sağalanımız çox azdır.
Çox içirik, çox çəkirik, əhəmiyyətsiz şeylərə pul xərcləyirik, az gülürük, avtomobildə çox sürətlə gedirik, çox tez qızışırıq, çox gec yatıb, yorğun oyanırıq, az oxuyuruq, televizorlarda boş-boş verilişlərlə beynimizi yoruruq və Tanrıya dua etməyi, minnətdar olmağı unuduruq. Özümüzün mənəvi dəyərlərimizi itirmişik.
Çox danışıb, tez sevib, tez də ayrılırıq, Yaşamaq üçün hər yola gedirik, lakin necə yaşamaq haqqında düşünmürük. İnsan həyatının illərinin üstünə il gətiririk, lakin o illərə həyat vermirik. Aya da gedib qayıtdıq, lakin yolu keçib qarşıdakı qonşu ilə tanış olmaq, salamlaşmaq istəmirik. Kosmosu fəth edirik, ürəkləri fəth edə bilmirik. Çox işlər görürürk, çoxsu da insanlığın ziyanına işləyir. Dövlətin verdiyi qərarlar, vətəndaşa yox, dövlətə xeyir gətirir.
Havanı təmizləmək istəyirik, qəlbimizi isə çirkləndiririk.
Atomu təmir edirik, lakin öz düşüncələrimizi incələyə bilmirik.
Çox yazıb, az öyrənirik.
Böyük planlar qururuq, az bir şeyə nail oluruq.
Tələsməyə öyrəndik, gözləməyi öyrənə bilmədik.
Saysız informasiyaları yaddaşında saxlayan güclü kompyüterlər yaratdıq, bununla da öyrənmək yox, köçürmək adətini mənimsədik. Bir-birimizlə ünsiyyəti azaltdıq.
Hazır yeməklərlə mədəmizi korladıq, bu yeməklər böyük adamları kiçik adamlara döndərdi. Ailə büdcəmiz artıqca , cütlüklərin boşanmaları çoxaldı. Qəşəng evlər tikib, nə qədər isti ailə ocağını dağıtdıq.
Bir gecəlik görüşlər, kiçik məsafələrdə görüşmədiyimiz doğmalar, birgünlük yalançı mənəvi görüntü, çəkimizi azaltmaq istədiyimiz tabletlər bizi dəyişdirib, əsəbi etdi, ya da sakitləşdirdi, sonra da öldürdü.
Yeni texnologiya vasitəsi ilə yazdıqlarını bir an içərisində hamıya bəyan etmək fürsəti və ya birdəfəlik bir barmaqla "Delete" etmək qabiliyyətinə yiyələndik.
Yadınızda saxlayın, sizi boya-başa çatdıran əzizlərinizə çox diqqət yetirin, onlar əbədi deyillər. Bir gün olmayacaqlar. Əziz ananızı, atanızı, sizə doğma olanları, sizə ehtiyacı olanları bağrınıza basın, qucaqlayın ki, sonra peşiman olmayasınız. Bu sizin alıb-sata bilməyəcəyiniz qiymətsiz bir hissdir.
Əgər səndən umacağı olan insanı səmimi qəlbdən qucaqlayıb bağrına basa bilsən, bütün küsülülüklər unudulacaq.
Fikirləş ki, bir gün onu qucaqlamaq istəyənda qolların boş qalacaq. Nə qədər ki, sağdır, yanındadır, dəyərini bil. Zaman gözləmir.
“Ədəbiyyat və incəsənət”
(11.07.2024)
Aşıq Ələsgərin bəzi şeirlərini düzgün oxumurlar - USTA ELDAR
“Ədəbiyyat və İncəsənət” portalı Salman Qaraların (Balakişiyevin) Gəncənin Gülüstan qəsəbəsində yaşayan, Usta Eldar təxəllüsü ilə şeirlər yazan Eldar İsayevlə görüşünün təəssüratlarını təqdim edir. Bu görüşdə el ağsaqqalı Usta Eldar Aşıq Ələsgərin təhrif edilmiş şeirləri barədə danışır.
“Sən mənim canımın ixtiyarısan”
Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsində “Gəncə qapısı” adlı ədəbi-bədii, publisistik dərginin 4-cü nömrəsinin təqdimatı keçirilirdi. Həmin dərgidə mənim də bir neçə şeirim çap olunduğu üçün təqdimata dəvət olunmuşdum. Geciksəm də, gəlib çatdım. Təqdimatdan sonra Birliyin həyətində bir neçə qələm adamı ilə ayaqüstü hal-əhval tutduq, söhbətləşdik. Usta Eldar təxəllüsü ilə şeirlər yazan Eldar İsayev məndən Aşıq Ələsgərin nəticəsi, İslam Ələsgərin oğlu Xətaini soruşdu. Mən ağsaqqalın sorğularına cavab verdim, təşəkkürümü bildirdim. S.Babullaoğlunu, R.Süleymanovu, X.Ələsgərlini keçən ilin payızında AYB-nin Gəncə bölməsində mənim üzvlük vəsiqəmin təqdimatı zamanı gördüyünü xatırladım.
Usta Eldar söhbət əsnasında bildirdi ki, aşıqlar Dədə Ələsgərin bəzi şeirlərini düzgün oxumurlar. Bu haqda Azərbaycan Aşıqlar Birliyinin rəhbərinə məlumat versəm də, əhəmiyyət verən olmayıb.
Bu qısa söhbətdən sonra Usta Eldar onu gözləyən yoldaşların maşınına minib getdi. Ancaq onun qısa, mənalı sözləri mənim ürəyimdən getmədi. “Dədə Ələsgər” ədəbi məclisinin üzvü olduğumdan və “Adım Ələsgərdi…” kitabının üzərində işlədiyimdən Usta Eldarla görüşmək, onun “çinədanına” yığdıqlarını araşdırmaq arzusu mənə rahatlıq vermədi.
Bir neçə gündən sonra bu qocaman el sənətkarının telefonunu öyrənib ona zəng etdim, onunla görüşmək istədiyimi bildirdim. Məni evinə dəvət etdi. Tənbəllik etməyib işdən çıxdıqdan sonra Gəncənin Gülüstan qəsəbəsinə getdim, soraqlaşıb evini tapdım. Həyətdə oturmaq təklifimi qəbul etmədi. Evdə əyləşdik, çay içib şirin söhbətə girişdik.
*
Ustad Eldarın verdiyi məlumatlar əsasında öyrəndim ki, o, 1942-ci ildə Kəlbəcər rayonunun Alxaslı (Sınıq Kilsə) kəndində anadan olmuşdur. Altı aylıq olanda atasını müharibəyə aparıblar. Yetimliklə böyüyüb, orta ixtisas təhsilli mütəxəssis kimi mühasib işləyib. Yaxşı əl qabiliyyəti olduğu üçün xalq arasında Usta Eldar kimi tanınmışdır. Gülüstan qəsəbəsində tikdiyi öz evindən başqa, 60-dan çox evdə onun əl işləri var. Yeniyetmə yaşlarından xalq şeiri üslubunda şeirlər qoşduğundan “Şair Eldar” adı ilə də tanınır. “Elsiz-günsüz qalan dağlar”, “Məhəbbətin açarı” adlı şeirlər kitablarının, “Usta Eldar və Sevil” dastanının müəllifi, AYB-nin üzvüdür.
Ailəlidir. Ömür-gün yoldaşı Səyyarə xanımla uzun və mənalı həyat yolunu birgə addımlamaqdan məmnun görünən Usta Eldarın üç oğlu, iki qızı var. Oğlu İsayev Vüqar fəlsəfə üzrə fəlsəfə doktorudur.
*
Usta Eldarın dediklərindən:
- Mən yaylaq vaxtı Qoçdaşda Pirin yolunda anadan olmuşam. Doğulduğum yer dağın zirvəsi olsa da, təyyarə, vertolyot düşəcək qədər böyük, düz, meydan kimi bir yer idi. İnsanlar oranı ziyarət edir, orda qurban kəsirdilər. Məni İsa babam böyüdüb saxladığından onun söz-söhbətləri yadımda yaxşı qalıb. Babam Aşıq Ələsgəri, onun şəyirdlərini yaxşı tanıyırmış. Babam deyirdi ki, Kəlbəcər rayonunda o vaxt elə bir kənd olmayıbdır ki, oranın üzdə olan, tanınan kişiləri Aşıq Ələsgəri tanımasın, ona hörmət, ehtiram bəsləməsin. Aşıq Ələsgərin də Kəlbəcər rayonunda getmədiyi kənd, yaylaq yeri qalmayıb. O zamanlar bu rayon Cavanşir qəzası adlanırmış. Bu qəzanın hər bir kəndində, elində Aşıq Ələsgərin dostları, tanışları olmuşdur. Kəlbəcərin rayon mərkəzindən aşağı hissəsində – Tərtər çayının hər iki tərəfində olan kəndlərin əhalisi ümumi şəkildə Alxaslı adlanır. Bizim camaatın xeyir işlərinin çoxunu Aşıq Ələsgər eyləyib. Aşıq Ələsgərin tərif dediyi gözəllərin bir neçəsi də Alxaslı gözəlləri olub. Camaat – dağ, aran elləri Aşıq Ələsgərə çox hörmətlə yanaşırmışlar, ona xələt verərmişlər. O da edilən xahişə görə qızlara, gəlinlərə, igid oğlanlara uyğun tərif deyərmiş.
Alağalı bizim yaylaq yerimizdir. Ağca qız qəbiristanlığında ilk dəfn olunan isə mənim ulu babamın sətəlcəmdən ölən bacısı Ağca adlı qız olub. Ağdamın Alağalı kəndindən olan Usub Alxaslıdan Musa kişinin bacısını alıb, Alxaslıda da yaşayıb. Oğlu Göyüş, Göyüşün oğlu Məcid idi. Onlar Alxaslıda 3-4 ev idilər, ailə idilər.
Aşıq Ələsgər başının dəstəsi ilə Alağalı yaylağına, Alxaslı kəndindən də bir dəstə camaat İstibulaq kəndinə toya gedirmişlər. Çaykənddə (Çay Alxaslıda) körpünün üstündə qarşılaşırlar. Məşədi Güllü dilli-dilavər imiş. Aşıqları tanıdığından soruşur:
- Ələsgər əmi, hara gedirsiz? Biz toya sizin adınızı eşidib gedirik.
Aşıq Ələsgər başqa toya getdiklərini bildirir və qızların, gəlinlərin xahişi ilə “Gözəllər” rədifli gözəlləməsini bədahətən söyləyir:
Minəş Günə bənzər, Əsli bir Aya,
Şəms olub, aləmə salıbdı saya.
İstəyirəm körpü düşəm bu çaya,
Gələ, keçə sinəm üstə(n) gözəllər.
Bu qoşma əslində mən dediyim kimidir. Körpünün üstündə rast gəldiyi gözəllərə Aşıq Ələsgər obrazlı bir dillə “çaya körpü düşməyi” arzu edir. Gözəllər aşığın sinəsinin üstündən keçib getsələr, həm gözəllərin yolu rahat olar, həm də aşığın ruhu dincələr. “Aşıq Ələsgər Qarabağlıların yaylağında” dastan-rəvayətindən də görünür ki, Aşıq Ələsgər bu qoşmanı Çaykənd kəndində Tərtər çayının üstündə demişdir. Kitablarda isə həmin bəndin üçüncü misrası təhrif olunmuş və aşağıdakı kimi çap edilmişdir:
Minəş Günə bənzər, Əsli bir Aya,
Şəms olub, aləmə salıbdı saya.
İncimərəm, qəsəm olsun Xudaya,
Qədəm bassa gözüm üstə gözəllər.
Göründüyü kimi, üçüncü və dördüncü misralar qoşmanın ümumi ruhu ilə bağlanmır. Burada xudaya and içməyə ehtiyac yoxdur. Eyni zamanda “Aşığın gözü üstünə gözəlin qədəm basması” o qədər də münasib söz deyil. Ancaq “Aşığın çayın üstünə körpü düşməsi və gözəllərin Aşığın sinəsi üstündən gəlib keçmələri” ən gözəl bədii sözdür.
Şeirdə adı çəkilən gözəllərin hər biri real həyati insanlardır. Həmin gözəlləri məndən əvvəlki nəslin adamları da yaxşı tanıyırdı. Mən də onlardan bir neçəsini uşaqlıq illərimdə şəxsən görmüşəm. Həmin adamların nəslindən olan insanlar bu gün də yaşayırlar.
Minəş – Hacıyev Zülfünün qoca nənəsi, yəni atasının anası olub. Bu həmin Zülfü Hacıyevdir ki, Azərbaycan Respublikasının baş nazirinin müavini olub. Qarakənddə vertolyot qəzasında həlak olan dövlət xadimlərindən biri idi bu rəhmətlik. Bizim kəndin adı son illərdə dəyişdirilərək Hacıkənd adlandırıldı. Minəşlə Salatın bacı olublar, Aşıq Ələsgər “Sarıköynək” şeirini də Salatına həsr eyləyib. Hər iki bacı gözəl, layiqli adamlar olub. “Sarıköynək” gözəlləməsinin son bəndində adı çəkilən Səltənət isə Məmişin qızı, Qalalı Muxtarın arvadı imiş. Aşıqlar o şeiri elə oxuyurlar ki, elə bil ki, səltənət mülk, saray, var-dövlət olan yer kimi başa düşülür. Yox, elə deyil. Səltənət qadındır, deyilənə görə, bir az sosur arvad olub. Aşıq Ələsgər ona görə də “Yoxdur mərhəməti bu Səltənətin”, – deyib.
Qeyd: sosur – dialekt sözüdür, qaraqabaq, özündən razı, eqoist, paxıl kimi mənalarda bu gün də işlənməkdədir(S.Qaralar).
“Sarıköynək” qoşmasının birinci bəndi isə belə oxunmalıdır:
Cilvələnib nə qarşımda durubsan,
Oldum sana heyran, ay sarı köynək.
Aşıq Ələsgər cilvələnib qarşıda duran gözələ heyranlığını bildirib, burda “ananı qurban etmək” heç yerinə düşmür.Qoşmanın sonrakı bəndləri də göstərir ki, Aşıq Ələsgərin Salatın adlı bu el gözəlinə bir heyranlığı olmuş və onu ən gözəl bədii vasitələrlə tərənnüm etmişdir:
Ləb qönçə, diş inci, yanağın lala,
Çəkilib qaşların yay, sarı köynək.
Aşıq Ələsgər Qanlıkənd kəndində toyda olanda dirəyin dibində əyləşmiş bir qızın sakit, səssiz oturub aşığa qulaq asdığını görür, bu qızın kimliyini Qurbandan soruşur. Qurban deyir ki, o, gözəl göyçək olmaqla bərabər, ağıllı, tərbiyəlidir. Yanşaq kəndindən Nəbi kişinin qızıdır. Aşıq Ələsgər də Qurbana deyir ki, mənim artıq yaşım keçib, hələ Səhnəbanıdan sonra heç bir qıza, gəlinə ürəyim yatmayıb. Birinci dəfədir ki, bu xanımı görəndə ruhumda bir canlanma, könlümdə bir oyanış hiss etdim. Bununla evlənərəm. Qurban bildirir ki, bu qızın – Anaxanımın qardaşı Kalva Zeynal da tanınmış adamlardan biridir.
Qeyd: Bu məlumat Aşıq Ələsgərin təvəllüdü haqqında yayılan uydurma, qeyri-dəqiq söz-söhbətlərə də nöqtə qoyan bir fakt kimi qəbul edilə bilər. Qurban isə o vaxtlar Dəmirçidam kəndində yaşayan, sonradan qışlaq yeri olan Ağdabanda məskunlaşan Şair Qurbandır (S.Qaralar).
Haşiyə: Aşıq Ələsgər Anaxanımı görəndə hansı hissləri, duyğuları keçirdi? Nələri düşündü, daşındı? Bilmirik. Ancaq təxmini xəyallar, ehtimallar irəli sürə, bəzi versiyalar söyləyə bilərik:
Anaxanımın sifətində işıq qarışıq bir mülayimlik, gözlərində, baxışlarında kədər qarışıq bir dərinlik var idi. Uca boyu ağ əndamına, qara uzun hörükləri uca boyuna xüsusi bir yaraşıq verirdi. Qeyri-iradi olaraq ilk dəfə gördüyü bu gözəli Səhnəbanı ilə müqayisə etdi. “Bunun nəyi ondan əksikdir?” fikri beynindən şimşək kimi çaxıb keçdi. Bəlkə də bu qız Səhnəbanıdan gözəllikdə də, boy-buxunda da, rəftar və davranışda da üstündür?
Tezcə də özü öz qənaətindən əl götürdü, könlündə apardığı bu müqayisə üçün özü özündən utandı, Səhnəbanının xəyalından həya eylədi. Özünü ilk eşqinə dönük çıxan kimi saydı. Az qala ömrün yarısını bir eşqin yolunda xərcləmiş, Səhnəbanının sevgisində “sabitqədəm” olmuş Aşığa birdən-birə nə oldu? Nəfsəmi tabe oldu, şeytanamı uydu? Bu xam xəyallara düşməyin özü də bir günah deyilmi?
Dolandım bihudə, gəzdim əfsana,
Tabe oldum nəfsə, uydum şeytana.
Xey(i)r əməlim yoxdu mərdi-mərdana,
Günahkar, günahkar, günahkar mənəm.
Dərin düşüncələr içində onu “çaşdırmağa” çalışan xəyallardan uzaqlaşmağa, fikrini ayrı səmtə yönəltməyə çalışdı. Yaxşı, tək-tənha nə qədər, hara qədər getmək olar bu həyatda? Həm də bu həyatdan əl üzməklə, bir eşqin yolunda bir ömür boyu inləməklə, sazın pərdələrindən qopan qığılcımlardan qovrulmaqla, için-için yanmaqla...
Ağıldan kəm, huşdan çaşqın, dildən küt,
Naqabil, kəlməsi bisəmər mənəm.
Məcnun kimi viranələr küncündə
Sərgərdan, səhrayi-qələndər mənəm.
“Zəmanənin Məcnunu” özünün məşhur fəlsəfi, irfani mətləblərlə yüklənmiş “Mənəm” rədifli qoşmasından parçaları yad edə-edə düşüncələr dəryasında sual, şübhə dalğaları ilə əlbəyaxa mübarizədə qaldı. Gah amansız dalğalar, təlatümlər Aşığın ruhunu dərinliklərə çəkib aparır, gah da Aşıq xilasedici ləpələrin köməyi ilə sahilə doğru yönəlirdi.
Yenə amansız suallar qəlbini didməyə başladı. Yaxşı mən “viranələr küncündə qələndər” həyatı keçirdiyim, Məcnun kimi səhraları dolaşdığım halda, Səhnəbanı Leyli oldumu, Qeysin sorağı ilə səhralara üz tutdumu?
Aşığın ağlı (əqli) ürəyinə cavab verdi:
– Xeyr. Uzun illərdir ki, Səhnəbanı daxili dünyasında olmasa da, zahiri dünyasında bu pak eşqə əlvida deyib, atasının, əmisinin hökmünə çoxdan baş əyib. İllərdir ki, ər çörəyi yeyib, ər paltarı geyib.
Ürək ağlın nəsihətini qəbul etmədi. Səhnəbanının qohumlarının günahını Səhnəbanıda görməkdən məmnun olmadı:
Müddətdi, gözümdən olubdu iraq,
Əridib ürəyim dərdü qəm, fəraq.
Billur buxaq, lalə yanaq, ay qabaq,
Ala gözlü Səhnəbanım gedibdir.
Ağıl yenə ürəyi qınadı: sənin günün ah-vay ilə keçəndə onun da günü nişanla-toyla keçdi:
Ala gözlüm, səndən ayrı düşəli,
Hicranın qəmiylə kef eyləmişəm.
Ah-vay ilə günüm keçib dünyada,
Qəm satıb, dərd alıb nəf eyləmişəm.
Bu mükalimədə ürək ağlın qarşısında məğlub kimi göründü. Ağıl davam etdi:
– Ulu ozanımız Dədə Qorqud demişdir: “Ölən adam dirilməz, çıxan can geri gəlməz.” Uzaq yox, cəmi bir il bundan əvvəl bitən güllər bir də bitərmi? Axar su bir də geri dönərmi? Yaşanan bir ömür bir də geri qayıdarmı?
Ağıl ilə ürəyin bu bəhsində ağlın sualları önündə ürək cavab tapmadı. Aşıq Ələsgər illər ərzində hökmünə tabe olduğu ürəyin əsarətindən çıxıb ağlın səltənətində binə salmağa qərar verdi. Bu qərar gələcəyin oğullu-qızlı xoşbəxt bir ailəsinin əsasını qoydu. Aşıq Ələsgərlə Anaxanımdan törənən nəvə, nəticə və kötücələr bu gün də elinə, obasına, ölkəsinə yararlı insanlardır.
*
Aşıq Ələsgərin “Xəbərin varmı?” gəraylısının ikinci və üçüncü bəndlərinin hər biri “Nə zaman ki...” sözləri ilə başlamalıdır. Həmin gəraylının üçüncü bəndi aşağıdakı kimi olmalıdır:
Nə zaman ki, gəlin oldun,
Mənim əhl(i)-əyalım oldun.
Qaynanana zalım oldun,
Dilindən xəbərin varmı?
Aşıq Ələsgər öz uşaqlarının anasına, baş yoldaşına “qabırğası qalın” deməzdi. Bunu aşıqlar şirinlik yaratmaq, məclisdəki insanları güldürmək üçün demişlər.
“İncimərəm” qoşmasının birinci bəndinin üçüncü misrasını da səhv oxuyurlar. Kitablarda yazılan, aşıqlar tərəfindən oxunan üçüncü misra (“Həsrətindən məcnun oldum səhrada”) ilə dördüncü misra (“Alırsan canımı, al, incimərəm”) bir-birini bağlamır. “Səhrada Məcnun olmaqla canımı almağın” nə əlaqəsi var? Bəndin düzgün olan variantı belədir:
İstər dara çəkdir, istər qul eylə,
Qoymuşam əmrinə qol, incimərəm.
Sən mənim canimin ixtiyarısan,
Alırsan canımı, al, incimərəm.
“Həsrətindən” sözü bu qoşmanın ikinci bəndində işlənmiş sözdür:
Həsrətindən saralıban solanam,
İzin versən, yar, başına dolanam,
Əlli yol çapılam, yüz yol talanam,
Bir şey deyil dövlət-mal, incimərəm.
Aşıq Ələsgərin şeirlərinin hamısını mən əzbər bilmirəm, ancaq bildiklərimi düzgün bilirəm, dəqiq bilirəm. Mənim babam İsa kişinin babasının adı Uğurlu olub. Uğurlu gözəl şeirlər deyirmiş. Uğurlunun nəvələri Salmanın, Kamranın şeirlərini aşıqlar bu gün də məclislərdə oxuyurlar. Nəcəf mənim dayımdı. Onun “Qocalmışam” şeirini 3-4 adam öz adına çıxmağa çalışıb, ya da başqaları ara qatıb, şeirin son bəndində müəllifin adını düzgün qeyd etməyiblər. Nakam taleli şair Bimar Əli də mənim qohumum olub. Kəlbəcərdə saza-sözə bələd olan kişilərin çox olması da Aşıq Ələsgəri bu torpağa bağlayan vasitələrdən biri olmuşdur. Onun şeirlərini təkcə aşıqlar yox, qadınlı-kişili çox söz xiridarları əzbər bilirdi.
Dünyaya çox aşıqlar, şairlər gəlib-gedib. Aşıq Ələsgərin şeirləri bütün aşıqların, şairlərin sözündən seçilir. Dili şirindi, axıcıdı, ürəyəyatandı. Göyçənin, Kəlbəcərin havası, suyu kimi cana yatır, ürəyə yayılır. Mən Ələsgəri zirvəsinə əl çatmayan dağa bənzədirəm. Bu haqda bir təcnisimdə belə demişəm:
Dən düşüb saçıma dərdin əlindən,
Cavanı qocaldan bu dağa bir bax.
Açmadı güllərim, sazağa düşdü,
Bülbülü qonmayan budağa bir bax.
Dürr sayıllar Nizaminin sözdərin,
Kamal dərin, məna dərin, söz dərin.
Ələsgərin gülşənindən söz dərin,
Zirvəsi əlçatmaz bu dağa bir bax.
Allahı sev, qulluq elə bir dinə,
Kamil insan min düşünə, bir dinə.
Usta Eldar, qəlbindəki birdi nə?
Fələyin çəkdiyi bu dağa bir bax.
Köynəyə deyilən qoşma
Kəlbəcərin Alxaslı adlanan kəndlərinin camaatı yumorlu danışığı, şirin ləhcəsi, saz-sözə aludəliyi ilə seçilir. Usta Eldar da şirin ləhcəyə, xoş avaza malik olan, həmsöhbətini özünə cəlb etməyi bacaran sənətkardır. Mənə danışdığı əhvalatlardan birinin də maraqlı olacağını nəzərə alıb hörmətli oxucularla bölüşməyi lazım bilirəm. Usta deyir:
– Ələmdarın qızı ilə (həyat yoldaşı Səyyarə xanımı nəzərdə tutur) Gəncə şəhərindən avtobusla Mingəçevir şəhərinə xəstə yanına gedirdik. Qaragüneyli (Kəlbəcərdə kənd adıdır) Aşıq Ədalət də avtobusda olduğundan sazdan, sözdən danışaraq, şeir söyləyərək yola körpü salırdıq. Avtobusda gənc, olduqca gözəl bir xanım da əyləşmişdi. Əlində Kəlbəcər şairlərindən birinin kitabı var idi. Aşıq Ədalətlə mənim söhbətimə bu xanım da qoşuldu. Əlindəki kitabdan bir şeir oxuyub dedi:
– Bu şairin yaxşı şeirləri olsa da, filan, filan misralar yerində deyil, filan fikir şeirin məzmununa kobudluq gətirir. Yüksək sənət əsəri yaradan Aşıq Ələsgər kimi olar. Görün onun “Köynəyinə” şeiri nə qədər yüksək məharətlə deyilib.
Xanım Aşıq Ələsgərin “Köynəyinə” şeirini əzbər söylədi:
Güləbətin qıyı tər sinən üstə,
Nə gözəl yaraşır, qız, köynəyinə.
Sinən Kəbə, köynək Kəbə örtüyü,
İzin versən, sürtəm üz köynəyinə...
Gözəl yaranıbsan qalu bəladan,
Yanağın göyçəkdi güldən, laladan.
Zərgər gül doğrasın zərin tiladan,
Əlindən gəldikcə düz köynəyinə.
Ələsgər də dost yolunda sürünür,
Sinən üstə dərdə dərman görünür.
O köynəyə nar məmələr bürünür,
Onçu qurban olluq biz köynəyinə.
Xanım şeiri deyəndən sonra üzünü mənə tutub dedi:
– Şair, şeiri belə yazarlar! Bacararsanmı?
Mən xanımın duruşunu, oturuşunu bir də gözdən keçirdim. Olduqca səliqəli geyinmişdi. Aşıq Ələsgər demişkən, libası əndamına uyurdu, əndamı da libasına.
Bədənindəki üst paltarının yaxası, qolları yüksək zövqlə hörülmüş naxışlarla bəzənmişdi. Sanki Allah Təala bu xanımı eyibsiz yaratmışdı. Gözəlliyi, geyim-keçimi ilə bərabər, nitqi, savadı da yerində idi. Hamı deyəcəyim cavabı gözləyirdi. Yoldaşıma tərəf dönüb dedim:
– Ələmdarın qızı, bu xanıma cavab verməsəm, sinəm yanar.
Avtobusdakılar gülüşdülər.
Aşıq Ələsgərin sözləri beynimdən işıq kimi axıb keçdi, ürəyimdən su kimi süzülüb axdı. Dedim:
– Ay xanım, qulaq as. Aşıq Ələsgər “Köynəyinə” qoşmasını bədahətən Səhnəbanıya söyləyib, mən də bu qoşmanı sənə həsr edirəm.
Eyibsiz yaradıb yaradan səni,
Yaraşır əndamın dar köynəyinə.
Qurbanlar deyirəm, toxunsun əlim,
Çoxdan ziyarətim var köynəyinə.
Bu yeni bəzəyi kimdə görmüsən?
Qollarına, yaxasına hörmüsən.
Əli bağlı xəstə üçün gəlmisən?
Büküb gətirmisən nar köynəyinə.
Eldarı yanında saxlasan nökər,
Babalın boynuna qalmasa əgər.
Öldüsən arını, şandan əl çəkər,
Mən ölsəm, bükələr yar köynəyinə.
Mənim qoşmam avtobusdakılar tərəfindən bəyənildi və alqışlandı. Xanım həmin qoşmanı yazıb ona verməyimi xahiş etdi və bildirdi ki, o, Şuşa şəhərindəndir, saza, sözə, poeziyaya dəyər verməyi, dinləməyi çox sevir.
*
Zamanında bədii sözün ixtiyari Dədə Ələsgərin əlində olanda o, ən zərif, ən incə sözləri seçdi, “saf eylədi”, dinləyicilərinə, oxucularına böyük bir ərməğan göndərdi. Ustadın vəfatından bir neçə il keçəndən sonra bu dəyərli söz inciləri toplandı, nəşr edildi. İxtiyar sahibi olan tərtibçilərin, naşirlərin, şərhçilərin, aşıqların, qiraətçilərin məsuliyyətli, savadlı olanları, bu işə can yandıranları da oldu, məsuliyyəsiz, savadsız olanları, can yandırmayanları da. Beləliklə, dəyərli söz incilərinin bir qismi əbədi olaraq it-bat oldu, unuduldu, bir qismi az və ya çox dərəcədə təhriflərə uğradı.
Usta Eldarın bu qeydlərini qələmə alsam da, ciddi rəy bildirməkdən çəkindim. İstəkli oxucuların, hörmətli mütəxəssislərin də fikir və qənaətlərini dinləmək xoş olardı.
Təsəllimiz bundan ibarətdir ki, Aşıq Ələsgər söz sənətinin zirvələrindən biridir. Zirvədən müəyyən zərrələr küləyin, yağışın, günəşin təsiri ilə düşə bilər, öz formasını, rəngini və keyfiyyətini dəyişə bilər. Ancaq zirvə öz zirvəliyində qalır. Qiyamətə qədər də qalacaqdır.
“Ədəbiyyat və incəsənət”
(11.07.2024)
“O üzdən gələnə bax” - ŞEİRLƏR
“Ədəbiyyat və incəsənət” portalının “Ədəbiyyat qəzeti” ilə birgə ƏDƏBİYYATIMIZI SEVDİRƏK layihəsində bu gün sizlərə Dəmir Çeşməlinin
şeirlərini təqdim edirik.
Bir az mənəm
İştah açdı gördüyümə,
Surumu var dərdiyimə?
Halal olsun verdiyimə,
Bir az sənsən, bir az mənəm.
Ayrıla bilmədik bizdən,
Mayamız tutulub sözdən.
Gələn o üzdən, bu üzdən
Bir az sənsən, bir az mənəm.
Cütləşdik, bir cütük nədi?
Xəyalımnan ötdük nədi?
Məbəddik, ya Bütdük nədi?
Bir az sənsən, bir az mənəm.
Öz dərdimnən özüm öldüm,
Öz dərdimə özüm "güldüm".
Aldım böldüm,verdim böldüm,
Bir az sənsən, bir az mənəm.
Hələ ki
Mən eşqimin əndazəsin aşmışam,
Burasını buraxmışam, çaşmışam?
Köpüklənib öz bətnimnən daşmışam,
Sədasını bəyənmişəm hələ ki.
Yazı yaydan ayırmadı, ayırdım,
Çınqısını yerdən göyə sovurdum.
Eşqimi öz daxmasında qovurdum,
Ədasını bəyənmişəm hələ ki.
"Ürəyimlə vurulmuşam" deyirsə,
"Öz suyumda durulmuşam" deyirsə,
"Məhəbbətdən yoğrulmuşam" deyirsə,
Nidasını bəyənmişəm hələ ki.
Naz eyləyir, naznazıymış bu gözəl,
Qışdan gələn öz yazıymış bu gözəl,
Rubabımın saz - sazıymış bu gözəl,
Odasını bəyənmişəm hələ ki.
Azar verir, azarını görəmmir,
Alış-veriş bazarını görəmmir,
Dəmir boyda yazarını görəmmir,
Qadasını bəyənmişəm hələ ki.
Bilmirəm
Daraşan daraşıb yenə başıma,
Alnımın tərini yığa bilmirəm.
Getdiyim yollar da düşüb tərsinə
Yönlənib sola, ya sağa, bilmirəm.
Qalmışam gecəylə gündüz arası,
Mən baxtı qaranı de, kim sorası?!
Sən mənim ömrümün təkcə parası,
Sənə Xan deyim, ya Ağa, bilmirəm?!
Üz tutdum göylərə, sədam gəlmədi,
Mən can verib öldüm, ölən ölmədi.
Sözümü Allaha dedim, bilmədi,
Yaxşı ki dözdüm bu dağa, bilmirəm.
Verdiyi ağrılar çıxmır canımnan,
İnsafsız bir kərə ötmür yanımnan.
Zülmünü çəkirəm gedən anımnan,
Kim gələr-gəlməz, o çağa, bilmirəm.
Buludlar bulanıb, ağlaşma qurub,
Şimşək hədələyib, ildırım vurub,
Yolumun üstündə xeyir-şər durub,
Deyirəm, bəlkə gün doğa, bilmirəm?!
Aranı qaranlıq görürəm daha,
Dərdimin çarəsi satılır baha.
Məəttəl qaldım bu boyda günaha,
Mətərisim hara sığa, bilmirəm.
Gəldim
Sən tək sənə sənnən baxdım.
Halalın gözümə tıxdım.
Sıyrıldım, özümnən çıxdım,
Qılınctək qınına gəldim.
Xavər vardı, Gövhər vardı,
Hər kəsdə bir gövhər vardı,
Məni sevən-sevər vardı,
Adına, sanına gəldim.
Yerişimi ütülədim,
Kəsərini itilədim.
Tez-tələsik ütülədim,
Bu eşqin sonuna gəldim.
Qohumsunub qanıxmışdım,
Sınağında sınıxmışdım.
O üzdən də yanıxmışdım,
Susadım, yanına gəldim.
Hələlik
Öz ağrımı mən özümnən almışam,
Ağrı-acı içindəyəm hələlik.
Qayğılarım nə çoxuymuş, bilməzdim,
Əkən olub, biçimdəyəm hələlik.
Gözətçimiz gözgörəti mürgüdə,
Adətini oğul istər tərgidə.
Quru başlar paslanıbdı sərgidə,
Dəstələnib köçündəyəm hələlik.
İstilədi, isitmədi istimi,
Hiss elədi, eləmədi tüstümü?
Sınağında sınamışdı şəsdimi,
Var-yoxunun heçindəyəm hələlik.
Aldanmışam neçə ada adınnan,
Unudulmur, unudulan yadınnan.
Allah saxlar bədnəzərin badınnan,
Seçən seçir, seçimdəyəm hələlik.
İlişmişəm qarmağının ucuna,
Dolayıbdı barmağının ucuna,
Çoxdan məni götürmürmüş qucuna,
Ürəyinə pərçimdəyəm hələlik.
Bayatılar
Yozulan yol dar olur,
Yan-yörəsi qar olur,
Mənim qada-balamı
Alan elə yar olur.
Mən aşiq, yara dedim,
Dərdimə çara dedim,
Gələsiydi, gəlmədi,
Baxtıma qara dedim.
O üzdən gələnə bax,
Bu üzdən gülənə bax,
Bu bədbəxt halımı
Dərd bilib bölənə bax.
Mən aşiqəm, gün gəldi,
Bulud gəldi, çən gəldi,
Çox şükürlər Rəbbimə,
Gözlədiyim gün gəldi.
Mən aşiqəm, gəlinə,
Söz var belə gəlinə?
Qismətimə tuş gələ,
Fürsət düşə əlinə.
Mən aşiq, o gələnə,
Gözlərindən gülənə.
Allah özü qorusun
Mənnən xəbər bilənə.
Mən aşiqəm, üzünə,
Üzü üzdü, üzü nə.
İstəyi var gəlməyə
Üzü gəlmir özünə.
Mən aşiqəm, çölünə,
Qırov düşüb telinə.
Gələn yarın özüdü,
Çiçək verdim əlinə.
Mən aşiqəm, xalına,
Dodağında balına.
Özgəsinə inanma,
Yad yanarmı halına?
Sənsiz
Gecəni gündüzə qatmışam, oof!
Göydən tutub, göyə çatmışam, oof!
Əcəlin tərinə batmışam, oof!
Bu minvalla səni gəzirəm, sənsiz.
Baxanım baxmadı oysanıb burda,
Oxşayır dərəsi kimsəsiz qurda.
Nəfəsin dəymir nə vaxtdı bu yurda,
Yaxşı ki, salamat dözürəm, sənsiz.
Gedişin zülməti ərşə dayanır,
Eşqin harda susub, məndən yayınır?!
Gecələr gözümün didəsi yanır,
Göydə ulduzları süzürəm, sənsiz.
Hərdən yuxu gördüm, məhəbbət sayaq,
Can cana möhtacmış, can cana dayaq,
Bu eşqin yığvalın de, hara qoyaq?
"Can" dediyin kəsi üzürəm, sənsiz.
Hardasan?
O vaxtdan salmırsan yadına məni,
Tamarzı qoymusan dadına məni,
Gəl, qonaq elə o qadına məni,
Mənim tanıdığım adam, hardasan?
Günahımmı mənim adam olmağım?
Qalıb sənnən xeyir-dua almağım.
Bəs elədi mənə sadiq qalmağım,
Mənim tanıdığım adam, hardasan?
Dağımı yanıltdın, cod adam kimi,
Cismimi üşütdün, od adam kimi,
Eh! Əndişələndin, yad adam kimi,
Mənim tanıdığım adam, hardasan?
Sən olmayan yerdə əli yalınam,
Bəlkə mən deyiləm, bəlkə yalanam?
Sənin balacanam, sənin balanam,
Mənim tanıdığım adam, hardasan?
“Ədəbiyyat və incəsənət”
(11.07.2024)