Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul imtahanlarının nəticələri elan olunub Featured

Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinə 2024–2025-ci tədris ili üçün qəbul imtahanlarının nəticələri elan olunub. İmtahanın nəticələri barədə namizədlərə “MyCulture” vahid şəxsi kabinet (my.culture.az) və elektron poçt vasitəsilə müvafiq bildirişlər göndərilib.

 

“Ədəbiyyat və incəsənət” portalı Mədəniyyət Nazirliyinə istinadən xəbər verir ki, namizədlər vətəndaş məmnunluğunun və məlumatlandırma səviyyəsinin yüksəldilməsi məqsədilə alternativ kimi yaradılmış https://imtahan.culture.az resursuna daxil olaraq imtahan nəticəsi ilə bağlı məlumat əldə edə bilərlər.

 

Mayın 6-dan 31-dək davam edən elektron qeydiyyat mərhələsi zamanı musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul olmaq istəyən 16 280 nəfərin müraciəti “my.culture.az” vahid şəxsi kabinet vasitəsilə qeydə alınıb. Müraciət edənlərin 12 196 nəfəri, yəni 75 faizi bu imtahanlarda uğurlu nəticə əldə edərək musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul olunub. İmtahan nəticələrinə görə, ödənişsiz yerlərə qəbul olunanların sayı 9 428, ödənişli yerləri qazananların sayı isə 2 768 olub.

 

Bu il məktəblərə qəbul olunan şagirdlərin sayı ötən illə (10 215) müqayisədə, 2 000 nəfərə yaxın daha çoxdur.

 

Uğurlu nəticə göstərmiş şagirdlər avqustun 15-dək elektron qəbul prosesini öz şəxsi kabinetləri vasitəsilə tamamlamalıdır. Bunun üçün istifadəçi “my.culture.az” vahid şəxsi kabinetinə daxil olub, "Təhsilalanların yerləşdirilməsi” bölməsindən zəruri məlumatları əlavə etməklə və tələb olunacağı təqdirdə təhsil haqqını müvafiq qaydada ödəməklə qəbul prosesini tamamlayır. İmtahan nəticələri ilə bağlı apellyasiya müraciətlərinə iyulun 15-dən 17-dək baxılacaq.

 

Qeyd edək ki, mədəniyyət sahəsində islahat tədbirlərinin əsas məramı şəffaf və effektiv idarəetmə, rəqəmsal həllərin tətbiqi və vətəndaş məmnuniyyətinin təmin olunmasıdır. Musiqi, incəsənət məktəb və mərkəzlərinə qəbul prosesi “e-Culture” rəqəmsal inkişaf strategiyası çərçivəsində icra olunur ki, bu da çevik və birbaşa kommunikasiya və şəffaflığın təmin olunmasında vacib əhəmiyyət daşıyır.

 

“Ədəbiyyat və incəsənət”

(11.07.2024)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.